Məhkəmə qərarları › İş №2(1-8)-1435/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1435/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1435/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh tərəfindən iddiaçıya əlyazma ilə ona 38.300 manat borcu olduğuna dair yazılı qəbz təqdim edilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2024-cü il tarixli rəyi ilə bu qəbzdəki yazılar və qəbzin sonundakı imzanın Cavabdeh tərəfindən icra olunduğu təsdiq edilmişdir.

3. Cavabdeh tərəfindən bu məbləğdən 650 manat və 900 manat olmaqla, cəmi 1550 manat ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 44.500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu aldadaraq oğlunu işə düzəldəcəyini və müxtəlif ehtiyaclarının olduğunu bildirərək ondan ümumilikdə pul vəsaitləri almış, götürdüyü öhdəlikləri yerinə yetirməmiş, aldığı vəsaitləri geri qaytarmamış və nəticədə ona maddi ziyan vurmuşdur. Bu əsasla iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh Cavabdeh 45.050 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qədirova Şəbnur) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 11.850 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə oğlunu işə düzəltmək məqsədilə ümumilikdə 45.050 manat pul verməsi və həmin məbləğin bu əsasla cavabdeh tərəfindən qaytarılmaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, polis araşdırması zamanı alınmış izahatlar, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri pulun verilmə məbləği, tarixi və iştirak edən şəxslər baxımından bir-biri ilə ziddiyyət təşkil etmiş, buna görə də iddiaçının bu hissədəki tələbi sübuta yetirilməmişdir. Bununla yanaşı, məhkəmə cavabdehin iddiaçıdan ümumilikdə 12.500 manat borc pul aldığını etiraf etdiyini, lakin həmin borcun tam qaytarıldığını təsdiq edən mötəbər sübut təqdim etmədiyini nəzərə alaraq, iddiaçının etiraf etdiyi 650 manat çıxılmaqla 11.850 manat məbləğində borcun mövcud olduğu qənaətinə gəlmişdir. Bu əsasla məhkəmə iddianı qismən təmin edərək cavabdehdən 11.850 manatın iddiaçının xeyrinə tutulmasını, qalan hissədə isə iddianın rədd edilməsini qərara almışdır.

9. Bundan əlavə daxil olmuş şikayət ərizəsi üzrə verilmiş izahatların təhlilindən də görünür ki, şikayətçi tərəfin göstərmiş olduğu şəxslərin izahatlarında ziddiyyətlər vardır. Belə ki, şikayətçinin və digər şəxslərin izahatlarında göstərdikləri xüsusatlar bir-birinə uyğun gəlmir. Bu da obyektiv səbəblər və daxili inama əsaslanaraq, şikayətin qərəzli olmasına işarə edir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 448.1 və 739.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Hər iki tərəf apellyasiya şikayəti verərək, cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, iddiaçı isə qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ondan ümumi olaraq 44.500 manat pul almış, həmin pulun bir qismini hissə-hissə qaytarmış, yerdə qalan 38.300 manatı qaytara bilməmiş və bununla bağlı öz xətti ilə qəbz yazaraq öz borcunu etiraf etmiş, sonda isə öz öhdəliklərinin icrasını təmin etməmişdir. Məhkəmə iclaslarında cavabdeh həmin qəbz onun tərəfindən yazılmadığını, ümumiyyətlə həmin məbləğdə borcunun olmadığını qeyd etmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş rəyə əsasən qəbzin məhz cavabdeh tərəfindən tərtib edilərək imzalanması təsdiq olunaraq sübuta yetirilmişdir. Buna baxmayaraq məhkəmə nədənsə bu cür mötəbər sübuta heç bir hüquqi qiymət verməmış, qərardad üzrə təyin etdiyi ekspertiza üzrə təqdim edilmiş rəyin nəzərə alınmamasını qanunla nəzərdə tutulmuş qaydada qətnaməsində əsaslandırmamışdır. Daha sonra mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən şahid ifadələri də təhrif edilmiş, guya izahatlar arasında ziddiyyətlər olduğuna, cavabdehin iddiaçıya borcunun çox hissəsini qaytarmağını özündə ehtiva edən hər hansı bir sübut növünün mövcud olmadığı halda cavabdehin və onun vəkilinin yalnız şəxsi mülahizələrinə istinad edərək öz daxili inamına əsaslanıb qətnamə qəbul etməsi halı qəbul edilməzdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan sələmə pul almış, lakin həmin pulu faizləri ilə birlikdə qaytarmışdır. Belə ki, iddiaçıya məxsus “xxxx” ASCyə aid və Səyarə Baxşəliyevaya məxsus “xxxx” ASC-nin əmək haqqı kartları iddiaçıda olmuşdur. Iddiaçı həmin kartla faizə verdiyi pulları götürmüşdür. Banklara sorğu göndərilsə də sorğular cavablandırılmamışdır. Məhkəmə bu məlumata diqqət yetirməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər Isgəndərov Akif (sədrlik edən və məruzəçi), Səlimova Səadət və Rüstəmli Məhəmməd) iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 18.850 manat pulun tutulması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 3.000 manatdan artıq məbləğdə borc münasibətinə dair yazılı müqavilə bağlanmadığından mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən normalarının tətbiqi mümkün deyildir. Kollegiya hesab etmişdir ki, bu halda hüquq münasibəti etibarsız əqd nəticəsində yaranmış əsassız varlanma kimi qiymətləndirilməlidir.Məhkəmə sübutların qiymətləndirilməsi nəticəsində iddiaçının cavabdehə oğlunun işə düzəldilməsi məqsədilə əlavə pul verməsini mötəbər sübutlarla təsdiq edə bilmədiyi, bu barədə şahid ifadələrinin bir-biri ilə ziddiyyət təşkil etdiyi qənaətinə gəlmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyi ilə təsdiq edilmiş əlyazmanı, polis araşdırmasının materiallarını və tərəflərin izahatlarını birlikdə qiymətləndirərək cavabdehin iddiaçıdan 19.500 manat məbləğində pul almasının sübuta yetirildiyini, həmin məbləğin 650 manatının qaytarıldığını, qalan 18.850 manat məbləğində isə cavabdehin iddiaçının hesabına əsassız varlandığını müəyyən etmişdir. Bu əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək iddianın 18.850 manat hissəsində təmin edilməli olduğu nəticəsinə gəlmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Iddiaçı İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Həmçinin cavabdeh Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

20. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Bu baxımdan məhkəmənin sübut kimi qəbul etdiyi ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təhlil edildikdə görünür ki, cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixdə polisə məlumat verərək qonşusu X1 faizə verdiyi pulu ödəməsinə baxmayaraq sonuncunun ona borclu qaldığını deyib, dəfələrlə narahat etdiyini və öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Həmin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul borc götürərək ona 19.500 manat məbləğində pul borclu qalmışdır. Lakin bu qərarda, Cavabdeh ##.##.2020-ci il tarixdə polisə verdiyi məlumat əsasında alınmış izahatlar əksini tapmamış, yalnız təhqiqatçının gəldiyi nəticə əksini tapmışdır. Başqa sözlə, bu qərarın sübut kimi qəbul edilməsi, polis təhqiqatçısının gəldiyi nəticənin sübut kimi qəbul edilməsi deməkdir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi sübutlara obyektiv baxılması, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Bu baxımdan, cinayət işi başlanmasının rədd olunması haqqında ##.##.2020-ci il tarixli qərar qəbul edilərkən təhqiqatçının əsaslandığı izahatların məzmunu məlum olmadığı halda, onun gəldiyi nəticənin düzgün və əsaslı olmasını, qərarın mötəbərliyini müəyyən etmək mümkün olmayacaqdır. Bundan başqa, iddiaçının təqdim etdiyi, mülki işin 61-ci vərəqində olan, dəftər vərəqi üzərində cavabdehin iddiaçıya 38.300 manat borcu olması barədə yazdığı qəbzin nəyə görə mötəbər sübut kimi qəbul edilməməsi aydın şəkildə əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 39-40-cı bəndlərində qəbzdən bəhs olunsa da, nəticə etibarilə məhz nəyə görə qəbzin sübut kimi qəbul edilmədiyi aydın deyil, halbuki, qəbzin cavabdeh tərəfindən yazılması və imzalanması ekspertiza yolu ilə müəyyən edilib və məhkəmə kollegiyasının özünün də qeyd etdiyi kimi cavabdeh bununla bağlı apellyasiya instansiyası məhkəməsində əlavə və ya təkrar ekspertiza təyin edilməsini də tələb etməyib.

21. Məhkəmə bu qəbzin polisdə olan şikayətlərin araşdırılması zamanı təhqiqatçıya təqdim edilməməsi faktını qeyd etsə də, bu xüsusatın həmin qəbzin mötəbərliyinə təsirini izah etməyib. Cavabdeh bu qəbzi nə üçün yazdığını, həmin borcu nə vaxt qaytardığını izah etməli və məhkəmə bu sübutla bağlı qiymətləndimə aparmalı, gəldiyi nəticəni aydın izah etməlidir.

22. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin 12.500 manat faizlə pul alıb, faizlərlə birlikdə 19.500 manat qaytardığını bildirməsi, onun 19.500 manat aldığı barədə nəticəyə gəlməyə əsas vermir.

d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər Mərdanova Xumar (sədrlik edən və məruzəçi), Sadıqov Vahid və Səmədov Rəşid) iddiaçı İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 36.750 manat pul tutulması və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir.

24. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş əlyazmada “Cavabdeh X3 38.300 (otuz səkkiz min üç yüz) manat borcum var” qeydi var. Cavabdeh kollegiyanın iclasında verdiyi izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş qəbz 2020-ci ildə onun tərəfindən imzalanmışdır. Imza atarkən iddiaçının təkidi ilə boş vərəqi imzalamışdır. Göründüyü kimi cavabdeh tərəfindən qeyd edilən əlyazma ilə iddiaçıya olan borcunu qəbul etmiş və bununla da tərəflər arasında olan borc münasibətləri təsdiq edilmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, istinad edilən əlyazmanın mövcudluğu tərəflər arasında müqavilənin olmasını ehtiva edir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh həmin əlyazmada olan imza və xətti birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirmiş, bununla bağlı ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2024-cü il tarixli rəyi ilə qəbzdəki yazıların və qəbzin sonundakı imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh Cavabdeh 45.050 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, işin faktiki halları ilə cavabdehin 38.300 manat borcunun olması müəyyən edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına hüquqi qiymət verməmış, qərardad üzrə təyin etdiyi ekspertiza üzrə təqdim edilmiş rəyin nəzərə alınmamasını qanunla nəzərdə tutulmuş qaydada qətnaməsində əsaslandırmamışdır.

26. Iş materiallarından görünür ki, iddiaçı özü cavabdeh tərəfindən 650 manat qaytarılmasını etiraf etmişdir. Həmçinin də işə əlavə olan qəbzlərdən müəyyən edildi ki, cavabdehin anası tərəfindən iddiaçının həyat yoldaşına bank vasitəsilə 900 manat məbləğində vəsait köçürülmüşdür (i.v.185-187). Məhkəmə Kollegiyası qeyd edilən 900 manat vəsaitin məhz cavabdehin iddiaçıdan aldığı vəsaitə görə ödəniş olması qənaətinə gələrək cavabdehin dəlilləri ilə qismən razılaşmışdır.

27. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfindən təqdim edilən “cinayət işi başlanmasının rədd olunması haqqında ##.##.2020-ci il tarixli qərara” münasibətdə qeyd etmişdir ki, həmin qərar cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Bu halda həmin qərarın yeni sübut kimi qəbul edilməsinin mümkünlüyünü MPMnin 372.2-ci maddəsinin şərtləri əsasında araşdırmalıdır. Belə ki, MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki iş üzrə isə cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı iştirak etsə də, qeyd edilən qərarı birinci instansiya məhkəməsində təqdim etməmiş də həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə Kollegiyası “cinayət işi başlanmasının rədd olunması haqqında ##.##.2020-ci il tarixli qərarı” sübut kimi qəbul etmir. Belə ki, qərarda cavabdehin anasının izahatında oğlunun iddiaçıya borcu olmasının etiraf etməsi iddianın etirafı kimi qiymətləndirilə bilməz. Bu izahat işin digər halları ilə təsdiqləndiyi halda sübut əhəmiyyətli sayıla bilərdi. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf iddiaçıdan aldığı vəsaitin qaytarılmasını bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, həmçinin qeyd olunanlara işin halları ilə öz təsdiqini tapmamışdır.

28. Göründüyü kimi işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehin öz imzası ilə təsdiq etdiyi əlyazmaya əsasən iddiaçıya 38.300 manat borcunun olmasını qəbul etmiş, eyni zamanda həmin vəsaitdən iddiaçının qəbul etdiyi 650 manat hissəsi ödənilmiş, həmçinin sonradan 900 manat hissəsi də ödənilmişdir ki, bununla da həmin ödənilən vəsaitlər 38.300 manatdan çıxılmalıdır. Məhkəmə Kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya borcu cəmi 38.300 manat qəbul edilməli və həmin məbləğdən 650 manatın ödənildiyi iddiaçı tərəfindən etiraf olunduğundan və 900 manat vəsait sonradan ödənildiyindən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 36.750 manat (38.300-650-900) müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, onun iddiaçıdan sələmə pul alma və həmin pulu faizləri ilə birlikdə qaytarması faktı təsdiqini tapmır. Araşdırma zamanı cavabdehin anasına məxsus işə əlavə edilmiş Səyarə Baxşəliyevaya məxsus “xxxx” ASC-nin əmək haqqı kartlarından çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda ümumilikdə 900 manat ididaçının arvadı X5 göndərilmişdir.

29. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı köçürülən pullarla razılaşmasa da, müəyyən edilir ki, qeyd edilən köçürmələr borcdan ödənilmiş pullar olmuşdur. Belə ki, cavabdehin anasının iddiaçı tərəflə bu borcla bağlı məsələdən başqa digər münasibətlərinin olması müəyyən edilməmişdir. Iddiaçı tərəf də bununla bağlı verilən suala cavabı tam aydınlıq gətirə bilməmişdir .

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 329.2, 385,1, 448.1, 739.1, 740.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 372.2, 107 və 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmadığı halda borc münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, etibarsız əqdin nəticələri, əsassız varlanma institutunun tətbiqi və sübutetmə qaydaları ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Şikayətdə göstərilmişdir ki, iddiaçı 44.500 manat məbləğində pulun cavabdehə verilməsini mötəbər sübutlarla təsdiq edə bilməmiş, iddiaçının izahatları və şahid ifadələri ziddiyyətli olmuş, məhkəmə isə bu ziddiyyətlərə lazımi hüquqi qiymət vermədən yalnız ekspertiza rəyinə üstünlük vermişdir.

33. Bundan başqa, kassator qeyd etmişdir ki, məhkəmə çəkişmə, tərəflərin bərabərliyi və sübutların hərtərəfli araşdırılması prinsiplərini pozaraq səs yazılarından ibarət elektron sübutu, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarları, bank köçürmələrinə dair qəbzləri və digər mühüm sübutları lazımi qaydada araşdırmamış, banklardan tələb olunan məlumatların əldə edilməsini təmin etməmişdir. Eyni zamanda, cavabdehin iddiaçıdan götürdüyü 12.500 manat borcu faizləri ilə birlikdə tam qaytardığı, iddiaçının isə cavabdehin imzasından sui-istifadə edərək və öyrədilmiş şahidlərdən istifadə etməklə əsassız varlanmağa çalışdığı, bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğu irəli sürülmüşdür.

34. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 331.1, 407, 1091, 337 və 1091-ci maddələrini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarını düzgün tətbiq etməmişdir. Kassator iddia etmişdir ki, tərəflər arasında qanunun tələb etdiyi yazılı borc müqaviləsi bağlanmadığından borc öhdəliyinin mövcudluğu sübuta yetirilməmiş, iddiaçının təqdim etdiyi sübutlar mötəbər olmamış, əlyazma sənədi etibarlı borc müqaviləsi hesab edilə bilməz və məhkəmə ilk növbədə həmin əqdin etibarlılığını qiymətləndirməli idi. Eyni zamanda bildirilmişdir ki, cavabdeh iddiaçıdan yalnız 12.500 manat borc almış, həmin məbləği faizlə birlikdə ümumilikdə 19.500 manat qaytarmış, iddiaçının isə ziddiyyətli izahatlara və etibarsız sübutlara əsaslanaraq əlavə pul tələb etməsi hüquqdan suiistifadə və əsassız varlanma cəhdi kimi qiymətləndirilməlidir. Kassator şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 337, 407, 739.1, 739.2, 740 və 1091-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 14, 88, 103, 175.1, 217 və 218-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 60-cı maddəsinin, Insan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6cı maddəsinin, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli Qərarının poxzulduğu qeyd edilmişdir.

35. Iddiaçı da həmçinin kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 272.1 və 372.7-ci maddələrinin tələblərini düzgün tətbiq etməmiş, iş üzrə toplanmış sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət verməmişlər.

37. Iddiaçı qeyd etmişdir ki, cavabdeh 38.300 manat məbləğində borcu öz əli ilə yazdığı və imzaladığı qəbzlə təsdiq etmişdir. Həmin qəbz iş materiallarına əlavə edilmişdir. Borcun qalan 6.200 manat hissəsi üzrə cavabdeh yazılı sənəd tərtib etməkdən imtina etmişdir. Bundan başqa, cavabdehin 900 manat məbləğində vəsaitin iddiaçının həyat yoldaşının bank hesabına köçürüldüyünə dair istinad etdiyi sənəd həqiqəti əks etdirmir və sübut kimi qəbul edilə bilməz. Məhkəmə baxışı zamanı hakimin həmin sənədin sübut hesab edilmədiyini bildirməsinə baxmayaraq, sonradan qətnamədə həmin sənədə istinad edilməsi prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur.

38. Şikayətdə həmçinin göstərilmişdir ki,birinci və apellyasiya instansiyası məhkəmələrində dindirilmiş iki şahidin ifadələri məhkəmə iclası protokollarında öz əksini tapmamışdır. Halbuki, məhkəmə iclası protokolu prosessual hərəkətlərin rəsmi təsbit forması olmaqla, iclas zamanı baş vermiş bütün mühüm halları, o cümlədən şahid ifadələrini və məhkəmənin onlara münasibətini əks etdirməlidir. Bu prosessual pozuntu işin düzgün həllinə təsir göstərmişdir.

39. Iddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularını aradan qaldırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də ziddir. Həmin qərara əsasən, məhkəmələr qərarlarını yalnız tərəflərin təqdim etdikləri, məhkəmə iclasında araşdırılmış və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş sübutlara əsaslandırmalıdırlar.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuş, etiraz ərizəsində iddiaçı tərəf cavabdehin kassasiya şikayətinin əsassız olduğunu bildirərək, apellyasiya instansiyası məhkəməsinin cavabdehin iddiaçıya ən azı 38.300 manat borclu olması barədə gəldiyi nəticənin iş üzrə toplanmış sübutlarla, xüsusilə cavabdehin öz əli ilə yazıb imzaladığı borc qəbzi və məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq edildiyini qeyd etmişdir. Eyni zamanda, ##.##.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın mötəbər sübut hesab edilə bilməyəcəyi, çünki həmin qərarın əsaslandığı izahatların məzmununun məlum olmadığı, həmçinin cavabdehin borcu tam ödəməsi və ya iddiaçının həyat yoldaşının hesabına 900 manat köçürülməsi barədə dəlillərin sübuta yetirilmədiyi irəli sürülmüşdür. Bu əsaslarla iddiaçı cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, öz kassasiya şikayətinin təmin edilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

43. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

46. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

47. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (əvvəlki redaksiyada).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə hər iki tərəfin kassasiya şikayəti əsasında tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməlidir.

53. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

54. Işə yenidən baxmış apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında sübutlar üzrə yenidən araşdırma və qiymətləndirmə aparılaraq iddianın 36.750 manat hissədə əsaslı olduğu müəyyən edimişdir.

55. Iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillərin əksəriyyəti sübutlara düzgün qiymət verilməməsi ilə bağlı olduğundan MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya baxışının predmeti deyil.

56. Iddiaçının həyat yoldaşının hesabına cavabdehin anası tərəfindən köçürülmüş 900 manat pulla bağlı qəbzlərin hazırkı iş üzrə sübut kimi qəbul edilməli olmadığına dair dəlillə bağlı kollegiya qeyd edir ki, MM-nin 529.2-ci maddəsinə əsasən həyat yoldaşı tərəfindən cavabdehin anasından qəbul edilmiş pul məbləğinin başqa bir öhdəliklə bağlı olduğunu sübutetmə yükü iddiaçının üzərində düşdüyü halda iddiaçı onun həyat yoldaşı ilə cavabdehin anası arasında hər hansı öhdəlik olduğunu sübut edə bilmədiyindən apellyasiya məhkəməsi tərəfindən bu ödənişin tərəflər arasındakı borc öhdəliyinin icrası kimi qəbul edilməsi qanuni və əsaslıdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçının dəlilləri iddianın rədd edildiyi hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.

57. Cavabdehin kassasiya şikayətinin dəlillərinin də əksər hissəsi işin faktiki hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə bağlı olduğundan kassasiya baxışının predmeti olmayan həmin dəlillərə münasibət bildirilmir.

58. Kassasiya baxışının predmeti olan dəlil bundan ibarətdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından məhkəmə mübahisəni MM-nin 739.1, 739.2, 740-cı maddələrini tətbiq edərək həll etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

59. Kollegiya bu dəlili əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllədə yazılı müqavilənin hər iki tərəfin imzaladığı sadə yazılı formada və tərəflər arasında aksept və oferta olaraq yazılı sənəd mübadiləsi yolu bağlanması nəzərdə tutulur. Hazırkı halda cavabdeh kreditora yazılı qəbz təqdim etmək yolu ilə onunla borc müqaviləsi bağladığını qəbul və təsdiq etdiyindən, o cümlədən verdiyi qəbzdə aldığı borcun məbləğini qeyd etdiyindən qanunla müəyyən edilmiş forma şərtinə riayət edildiyi müəyyən edilir.

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar