Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1444/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, borc müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2019-cu il tarixdə yazılmış və Cavabdeh, İddiaçı və X4 tərəfindən imzalanmış iltizamda göstərilmişdir: “Mən Cavabdeh yazıb təsdiq edirəm ki, həqiqətən də dostum İddiaçı ## ####### 2019-cu il tarixində 87 600 (səksən yeddi min altı yüz) dollar və 1 080 (bir min səksən) manatı borc olaraq 9 aylıq müddətə götürmüşəm. Bu məbləğə o razılıqla verilib ki, bu məbləğin 45 000 (qırx beş min) dolları 9 ay müddətinə tanışım Məmmədov Laçın … oğluna Gürcüstandakı layihəsinə verilir və o, bunun müqabilində hər ay 975 $ ödəniş edir və bu məbləğin hamısını İddiaçı verilir. 9 ayın sonunda borc götürülən məbləğ dollar olaraq geri qaytarılır. Məbləğin qalan hissəsini isə yəni 42600 (qırx iki min altı yüz) dolları və 1080 (bir min səksən) manatı mən öz şəxsi biznesimin inkişafı üçün gəlirdən heç bir ödəniş etməmək şərti ilə borc olaraq 9 aylıq götürürəm. Sonda mənə aid olan hissənin dollar məbləğini 1.702 məzənnə ilə geri qaytarıram. Bütün məbləğlərin tam olaraq qaytarılmasını 9 ayın sonunda öz öhdəliyimə götürürəm və girov olaraq adımda olan istənilən mülk və şəxsi bizneslərimdə olan payımı qoyuram.”
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 126675,2 (bir yüz iyirmi altı min altı yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində borc, 28336,57 (iyirmi səkkiz min üç yüz otuz altı manat əlli yeddi qəpik) manat məbləğində faiz, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 446 (dörd yüz qırx altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehdan tutulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil3 məhkəməyə elektron qaydada iddia tələbinin azaldılması barədə ərizə göndərərək, 108525,2 (yüz səkkiz min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində borc, 25034,44 (iyirmi beş min otuz dörd manat qırx dörd qəpik) manat məbləğində faiz, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 424 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ####### 2019-cu il tarixində cavabdehə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat məbləğində borc vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı borc məbləğini 9 (doqquz) ay müddətinə geri ödəməli olmuşdur. Lakin buna baxmayaraq cavabdeh verdiyi borcdan 2019-cu ildə 1000 (bir min) manat, 2020-ci ildə 12000 (on iki min) manat, 2021-ci ildə 10000 (on min) manat və 2022-ci ildə 1500 (bir min beş yüz) manat məbləğində pulu ona geri ödəmişdir. Beləliklə də, borc verdiyi gündən bu günə qədər cavabdeh ümumilikdə ona 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul ödəmişdir. Borcun 9 (doqquz) ay müddətinə geri qaytarılmalı olmasına baxmayaraq üzərindən 5 (beş) ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh bu günə qədər borcunu tam şəkildə ödəməmişdir. Hazırda cavabdehin 126675,2 (bir yüz iyirmi altı min altı yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində borcu qalmışdır. Son iki il ərzində isə cavabdehlə əlaqə saxlamaq demək olar ki, mümkün olmamışdır. Əlaqə yarada bildikdə isə cavabdeh hər dəfə borcunu ödəyəcəyi vəd etsə də, bu günə qədər borclu olduğu məbləği ödəməmişdir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar aparılsa da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh borcun ödənilməsini 5 (beş) il müddətində gecikdirdiyi üçün o, cavabdehdən öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik beş faiz məbləğində pulun ödənilməsini də tələb etmək niyyətindədir. Borcun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 28336,57 (iyirmi səkkiz min üç yüz otuz altı manat əlli yeddi qəpik) manat təşkil edir. Beləliklə də faizlə birlikdə cavabdehin ümumi borcu 155011,77 (bir yüz əlli beş min on bir manat yetmiş yeddi qəpik) manat təşkil edir.
5. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı 2019-cu ilin sentyabr ayında onunla əlaqə saxlayaraq bildirmiş ki, onun təxminən 150.000 manat pulu var və həmin pulu aktiv investisiyada istifadə edərək gəlir əldə etmək istəyir. O, isə Anara, qeyd olunan pulu investisiya edə biləcəyi bir neçə biznes təklif etmişdir. ##.##.2019-cu il tarixdə İddiaçı 85700 ABŞ dolları və 1080 AZN pulu investisiya məqsədilə (borc olaraq yox) ona vermişdir. O, qeyd olunan pul vəsaitindən 45.000 ABŞ dollarını tanışı Laçın Məmmədova vermiş və o, həmin pulu Gürcüstanda olan biznesinə investisiya etmişdir. Bu barədə İddiaçı öncədən həm məlumatı, həm də razılığı olmuşdur. Bu məqsədlə o, iddiaçının bacısı ilə yazılı müqavilə bağlamış, ancaq həmin müqavilə münasibətləri tam düzgün əks etdirmir. Yazılı müqavilədə qeyd edilənlərin əksinə İddiaçıla danışıqları sübut edir ki, göstərilən vəsait borc məqsədilə deyil, investisiya məqsədilə təqdim edilmişdir. Buna görə də o, 45.000 ABŞ dollarını investisiya məqsədilə Laçın Məmmədova vermiş, sonuncu isə həmin məbləği Gürcüstandakı biznesinə yatırım etmişdir. Eyni zamanda yazılı müqavilədə göstərilənlərdən fərqli olaraq əsas məbləğin 9 ay müddətinə yox, 7 il müddətinə şərtli qaytarılması nəzərdə tutulmuşdur. Qeyd olunan razılaşma ilə bağlı İddiaçı aylıq 1000 ABŞ dolları da ödənilmişdir. Daha sonra X10 biznesi bağlanmış və onun yatırdığı pullar batmışdır. Bununla bağlı Laçın Məmmədov məhkəməyə müraciət etmiş və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. X5 şahid kimi iştirak edərək bunu təsdiq edə bilər. İddiaçı aldığı və Laçın Məmmədova verdiyi məbləğdən geri qalan məbləği isə başqa bir biznesə yatırmışdır. Ancaq pandemiya dövrünə təsadüf etdiyindən işlər gözlədiyi kimi alınmamışdır. Nəticədə direktoru və təsisçisi olduğu şirkət "xxxx" MMC adından "X1" MMC-yə qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış və hakim Leyla Əliyevanın ##.##.2022-ci il tarixli, e- *-*(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq 77242 manat vəsait cavabdehdən tutulmuşdur. Ancaq bugünədək məhkəmə qətnaməsi icra olunmamışdır. Məlumat üçün onu da bildirmək istəyir ki, o, özü sahibkar kimi fəaliyyət göstərir. İddiaçı qeyd olunan məbləği aldığı dövrdə (2019-cu il) onun istər vergi borcu, istər banklara kredit borcu və başqa heç bir borcu olmamışdır. Bir sözlə, onun İddiaçı puluna ehtiyacı olmamışdır. Anar ondan pulunun passiv qalmaması üçün investisiya edilməsini xahiş etmişdir. O da Anarın adından, onun tapşırığı ilə pul vəsaitini şəriklik (investisiya) məqsədilə bir neçə yerə yatırmışdır. Həmçinin iddiaçının onunla telefonla əlaqə saxlaya bilməməsi tam yalandır. Telefonunda olan votsap tətbiqindəki səsyazı və yazışmalarla bunu tam sübut edə bilər. Onunla İddiaçı arasında olan bağlanmış müqavilə borc yox, şəriklik-tapşırıq müqaviləsi kimi qiymətləndirilməlidir. Çünki iddiaçı ilə aralarındakı danışıqlar, yəni iddiaçının səs yazıları və yazışmaları sübut edir ki, o pul vəsaitini ona borc məqsədilə deyil, yatırım edərək qazanc əldə etmək məqsədilə vermişdir. Buna görə də iddiaçı və cavabdeh arasında şəriklik-tapşırıq münasibətləri qurulmuşdur. Yazılı borc müqaviləsi isə yalan əqdin pərdələyən əqdi olduğuna görə etibarsızdır və əsl əqd, yəni pərdələnən əqd üzrə hüquqi nəticə əsas götürülməlidir. Aralarındakı danışıqlardan görünür ki, iddiaçı pul vəsaitinin investisiyası məqsədilə ondan məsləhət alır və ona bir neçə biznes təklif edir. Daha sonra isə ona tapşırıq verir ki, pulu investisiya etsin. Onun pul vəsaitinin bir hissəsini dostu laçın Məmmədova təqdim etməsi barədə də iddiaçı öncədən məlumatlı və razı olmuşdur. Bu halda o, iddiaçıya münasibətdə tapşırıq alan Laçın Məmmədova münasibətdəisə səlahiyyətli nümayəndə kimi çıxış edir. Bu müddət ərzində sözügedən şifahi müqavilə əsasında, Laçın Məmmədovla iddiaçı arasında onun vasitəsilə şəriklik münasibəti qurulmuşdur. Səs yazılarından da göründüyü kimi pul vəsaitləri borc məqsədilə deyil, investisiya (şəriklik) məqsədilə təqdim edilmişdir. Eyni zamanda göstərmişdir ki, iddaçı tərəf iddia həcmini azaltsa da, onun etdiyi ödənişlər tam olaraq nəzərə alınmamışdır. Hesab edir ki, xeyli ödənişlər etməsinə baxmayaraq iddiaçı ondan yenə də çox pul tələb etməkdədir. Iddiaçıdan 150000 manat pul almış və həmin pulun hamısını iddiaçıya qaytaracaqdır. Bunun nəticəsidir ki, iddiaçıya pulun bir hissəsini geri qaytarmışdır. Lakin hal-hazırda iddiaçının ondan tələb etiyi əsas borc məbləği ilə və faiz borc məbləği ilə razı deyildir. Hesab edir ki, onun etdiyi ödənişlər tam nəzərə alınmamışdır.
6. Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 104105,2 (yüz dörd min yüz beş manat iyirmi qəpik) manat məbləğində pulun, 400 (dörd yüz) manat vəkil xidmət haqqının və 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 87600 ABŞ dolları və 1080 manat borc pul verdiyini iddia etdiyi üçün bu halda birincisi, 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması aspektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir. Birinci aspektlə bağlı məhkəmə bildirmişdir ki, borc müqaviləsinin anlayışını verən MM- 8. nin 739.1-ci maddəsinin mənasına görə borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.
9. Hazırkı işdə iddiaçı İddiaçı cavabdehə ümumilikdə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat pul verməsini cavabdeh Cavabdeh imzaladığı ##.##.2019-cu il tarixli iltizamı ilə təsdiq etməkdədir. Həmin iltizamın cavabdeh Cavabdeh tərəfindən imzalanmaması isə cavabdehin tərəfindən mübahisələndirilməmiş, əksinə cavabdeh həmin iltizamı imzalanmasını məhkəmə iclasında etiraf etmişdir.
10. Cavabdeh 87600 ABŞ dolları və 1080 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmiş, əksinə, cavabdeh Cavabdeh tərəfindən imzalanmış iltizamda tez-tez borc ifadəsindən istifadə etmiş, pulu öz şəxsi biznesini inkişaf etdirmək üçün borc məqsədi ilə aldığını etiraf etmişdir. Bundan başqa, cavabdehin bildirdiyi kimi 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verildiyi təqdirdə, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
11. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 87600 ABŞ dolları və 1080 manat məbləğində pul cavabdehə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verilməklə iddiaçı pula olan mülkiyyət hüququnu cavabdehə faktiki olaraq keçirmiş, sonradan cavabdeh müəyyən qədər ödənişlər etmiş və həmin pulun müəyyən hissəsi ödənilməmiş qalmışdır.
12. Məhkəmə 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə münasibətdə isə qeyd etmişdir ki, 87600 ABŞ dolları və 1080 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmiş, başqa sözlə, həmin məbləğdə pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa görə borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
13. Məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqaviləsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etibarsız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.
14. Məhkəmə iddia tələbinin əsas borca aid hissədə qismən təmin edilməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iş materiallarına əlavə edilmiş iltizamla iddiaçının cavabdehə 87600 ABŞ dolları və 1080 manat borc verməsi işin mübahisəsiz halıdır və bu halı cavabdehdə qəbul etməkdədir. Lakin cavabdeh iddiaçıya müəyyən qədər ödənişlər etdiyini bildirmiş, iddiaçı tərəf isə iddia ərizəsində cavabdeh tərəfindən 24500 (iyirmi dörd min beş yüz) manat ödənilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı 24500 manat deyil, 24500 ABŞ dollarının cavabdeh tərəfindən ödənildiyini qeyd etmiş və bu səbəbdən iddia tələbini azaltmışdır. Cavabdeh isə məhkəmədə iddiaçıya 24500 ABŞ dolları deyil, 27100 ABŞ dolları ödədiyini qeyd etmiş, iddiaçının vəkili və nümayəndəsi isə həmin məbləğlə razılaşmış və həmin hissədə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Göründüyü kimi iddiaçı cavabdehin 24500 ABŞ dolları ödəməsini nəzərə alaraq cavabdehdən 108525,2 manat borc tələb etmişdir. Məhkəmə zamanı isə cavabdehin ödədiyi məbləğin 27100 ABŞ dolları olması ilə razılaşmışdır. Belə olduğu təqdirdə 27100 ABŞ dolları (27100 X 1,70) qətnamə çıxarılan günə manatla hesablanan zaman 46070 manat edir. 24500 ABŞ dolları isə (24500 x 1,70) qətnamə çıxarılan günə manatla hesablanan zaman 41650 manat edir. Bu halda 46070-41650=4420 manat fərq iddiaçının tələb etdiyi 108525,2 manatdan çıxıldıqda yerdə qalan məbləğ 104105,2 manat edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Iddiaçının faiz borcu tələbi ilə bağlı məhkəmə bildirmişdir ki, iddiaçı faiz borcunu məhz MM-in 445.7-ci maddəsinə əsasən tələb etdiyinə görə tələb həmin hissədə rədd edilməlidir. Belə ki, MM-nin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırkı halda tərəflər arasında olan iltizamda (razılaşmada) cavabdeh 87600 ABŞ dolları və 1080 manat borcu 1.702 məzənnə ilə geri qaytaracağını öhdəsinə götürmüşdür. Iddiaçı isə cavabdehdən pulu həmin məzənnə ilə tələb etmək hüququnun olmasına baxmayaraq bu hüququndan istifadə etməmişdir. Belə olduğu təqdirdə isə iddia tələbi gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.
16. Həmçinin məhkəmə o halı da nəzərə almışdır ki, borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilmədiyindən, yəni borc müqaviləsi etibarlı olmadığından da iddia tələbi həmin hissədə təmin edilməməlidir.
17. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçı ilə aralarında olan münasibətlərin tapşırıq müqaviləsindən irəli gəldiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir ki, tapşırıq müqaviləsi bir qayda olaraq əvəzsiz əqddir. Vəkalət verən yalnız vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
18. Tapşırıq müqaviləsinə zərurət o halda yaranır ki, mülki hüquq subyektləri müəyyən üzrlü səbəblərdən şəxsən əqd bağlaya və digər hüquqi əhəmiyyətli hərəkətləri edə bilmirlər. Bu halda onlar səlahiyyətli nümayəndə vasitəsi ilə həmin hərəkətləri həyata keçirirlər. Buna görə də tapşırıq müqaviləsi nümayəndəlik və etibarnamə institutları ilə sıx bağlıdır. Bir qayda olaraq tapşırıq müqaviləsinin bağlanması ilə bərabər etibarnamə də verilir, çünki vəkalət alanın etməli olduğu elə hərəkətlər olur ki, bu hərəkətləri etibarnaməsiz həyata keçirmək mümkün olmur. Hal-hazırda işin araşdırılan halları ilə iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsinin şərtlərinin olmadığı müəyyən edilməkdədir.
19. Hazırkı halda iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iddia verilən zaman ödənilmiş 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumu cavabdeh Cavabdeh alınıb iddiaçıya verilməlidir.
20. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 400 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab etmişdir.
21. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 104.105,2 (yüz dörd min yüz beş manat iyirmi qəpik) manat məbləğində pul, 400 (dörd yüz) manat vəkil xidmət haqqı və 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1. 329.2, 331.1, 337.1, 337.5, 445.7, 739.1, 739.2, 777.1, 772.2, 778.2, 783.2-ci maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarına, MPM-in 4.1, 14.2, 76, 77.1, 78.1, 80, 88, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Iddiaçı apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddianın həmin hissədə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR MM-nin 445.7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. O, isə qeyd edilən maddənin tələblərini əsas tutaraq cavabdehin borclu olduğu pul məbləğini gecikdirdiyi müddət üçün gecikdirilmiş məbləğə münasibətdə ondan illik beş faiz tələb etmişdir. Lakin məhkəmə ona aydın olmayan səbəbdən iddianı həmin hissədə təmin etməmişdir. Həmçinin məhkəmənin iddianı həmin hissədə təmin etməməsinin səbəbini əsaslandırmamışdır. Hesab edir ki, məhkəmənin iddianı həmin hissədə təmin etməməsi tamamilə əsassız olmaqla AR MM-nin 445.7-ci maddəsinin tələblərini və onun hüquqlarını pozur.
25. Cavabdeh apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, işə baxan məhkəmə tərəfindən işə hərtərəfli, tam və obyektiv baxılmamış, ona görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
27. Aşağıdakı səbəblərə görə qətnamə əsassızdır, işə baxan məhkəmə işə hərtərəfli, tam və obyektiv şəkildə baxılmasını təmin etməmişdir.
28. Ilk növbədə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, Mülki Prosessual Məcəllənin (MPM) müddəaları üzrə mübahisənin məhkəməyə aidiyyəti məsələsinə düzgün və əsaslandırılmış hüquqi qiymət verilməmişdir. Belə ki, işin faktiki halları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, mübahisə üzrə tərəflərin hər ikisi–cavabdeh Cavabdeh (VÖEN: **********) və iddiaçı İddiaçı (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyatdadırlar. Həmçinin tərəflər arasında baş vermiş münasibətlərin sırf kommersiya xarakteri daşıdığı, bu münasibətlərin sahibkarlıq fəaliyyəti və investisiya məqsədlərinə əsaslandığı cavabdeh tərəfindən təqdim olunmuş səs yazıları və yazışmalarla da təsdiq olunur. Bütün bu hüquqi və faktiki əsaslara baxmayaraq, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi” barədə vəsatəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmamış, onun hüquqi əsaslarını lazımi şəkildə qiymətləndirməmişdir. Belə ki, məhkəmənin qeyri-obyektiv yanaşması nəticəsində-işin kommersiya mübahisəsi kimi ixtisaslaşdırılmış (kommersiya) məhkəmənin-Şəki Kommersiya Məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyətində saxlanılması MPM-nin aidiyyəti normativ müddəalarının pozulması ilə nəticələnmişdir. Məhkəmənin qiymətləndirməsində nəzərdən qaçırılmış digər vacib hüquqi əsas ondan ibarətdir ki, tərəflər arasında formalaşmış münasibətlər tərəflərin iradə ifadəsinin həqiqi məzmunundan çıxış edilməklə borc müqaviləsi kontekstində deyil, investisiya məqsədli tapşırıq və şəriklik münasibətləri çərçivəsində qiymətləndirilməli idi. Xüsusilə də, birinci instansiya məhkəməsi tərəfindən müqavilənin təfsiri zamanı müqaviləyə qədərki danışıqlar, tərəflərin faktiki fəaliyyəti, işgüzar adətlər və sonrakı davranışları da nəzərə alınmalı idi. Hazırkı iş üzrə iddiaçının vəsaiti təqdim etməsi, cavabdehin həmin vəsaitin bir hissəsini üçüncü şəxsə–Laçın Məmmədova yönəltməsi, bununla bağlı iddiaçının məlumatlandırılması və etiraz etməməsi tərəflər arasında faktiki olaraq şəriklik münasibətləri yarandığını açıq şəkildə göstərir. Hüquq nəzəriyyəsində bu kimi münasibətlər ortaqlıq hesab olunur və onların hüquqi qüvvəsi yazılı müqavilənin olubolmamasından
29. deyil, tərəflərin fəaliyyətində mənfəət məqsədinin, investisiya risklərinin və qarşılıqlı öhdəliklərin olub-olmamasından asılıdır. Bu isə o deməkdir ki, cavabdehə təqdim olunmuş vəsaitin şərtsiz və qeyd-şərtsiz qaytarılması tələb oluna bilməz. Həmçinin tərəflər arasında mövcud olmuş investisiya razılaşmasında öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilmişdir. Bu fakt cavabdeh tərəfindən təqdim edilmiş danışıqlar, yazışmalar ilə də təsdiq edilir. Buna baxmayaraq, razılaşdırılmış müddət bitmədən kreditor (iddiaçı) tərəfindən, icranın vaxtından əvvəl həyata keçirilməsi–borclu (cavabdeh) tərəfindən vəsaitin qaytarılması tələbi irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi bu hüquqi aspektlərə də qiymət verməmiş, obyektiv və əsaslı hüquqi təhlil aparmadan qərar vermişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, kommersiya fəaliyyəti və investisiya münasibətləri, risk daşıyan sahələrdir. Bu risklər əvvəlcədən qəbul olunmuş, tərəflər arasında qarşılıqlı razılığa əsaslanmışdır. Tərəflərin faktiki fəaliyyəti, o cümlədən iddiaçıya müəyyən dövrlərdə ödənişlərin verilməsi, biznes sahəsinə yönəldilmiş vəsaitə dair məlumatlılıq və razılıq, bu risklərin bölüşdürülməsi və şəriklik münasibətlərinin faktiki icrası kimi dəyərləndirilməli idi.
30. Qeyd etdiklərindən də göründüyü kimi tərəflər arasında müqavilə bağlandığı işin mübahisəsiz halıdır. Mübahisəli hal tərəflərin müqavilə bağlamaları ilə bağlı deyil, bağlanmış müqavilənin növü ilə bağlıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış münasibətlər hüquqi cəhətdən borc münasibəti kimi qiymətləndirilmiş, tərəflər arasındakı səs yazıları və yazışmalar nəzərə alınmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaiti borc məqsədi ilə deyil, yatırım edərək qazanc əldə etmək məqsədilə verilmiş, bu isə özlüyündə onlar arasında investisiya xarakterli şəriklik-tapşırıq münasibətlərinin qurulduğunu sübut etmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən müqavilənin hüquqi mahiyyəti, onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə və tərəflərin iradəsinə görə müəyyənləşdirilməli idi. Qanunvericiliklə müəyyən olunmuş tapşırıq müqaviləsini tənzimləyən normaların məzmunundan aydın şəkildə görünür ki, bu münasibət çərçivəsində tapşırıq alan (vəkalət alan) şəxs yalnız tapşırığın məzmunu daxilində məsuliyyət daşıyır və onun əldə etdiyi və təqdim etdiyi nəticələr tapşırıq verənə (vəkalət verənə) aiddir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu norma, tapşırıq münasibətlərinin əsas hüquqi xüsusiyyətini müəyyən edir və bu münasibət üzrə risk və məsuliyyətin məhz konkret nəticəyə deyil, tapşırığın düzgün və vicdanla yerinə yetirilməsinə bağlandığını göstərir. Hazırkı iş üzrə faktiki hallardan və tərəflər arasında olan danışıqlardan aydın şəkildə görünür ki, iddiaçı cavabdehə maliyyə vəsaitini məhz investisiya məqsədilə təqdim etmiş və onu müəyyən sahələrə yönəltməyi tapşırmışdır. Cavabdeh isə, öz növbəsində, bu tapşırığın icrası məqsədilə həmin vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etmiş və bu barədə iddiaçını əvvəlcədən məlumatlandırmışdır. Nəticədə, iddiaçı və Laçın Məmmədov arasında cavabdehin vasitəçiliyi ilə şəriklik münasibətləri formalaşmışdır. Belə ki, hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər. Iddiaçının bu fəaliyyətə etiraz etməməsi və razı qalması da onun bu tapşırıq münasibətini qəbul etdiyini təsdiqləyir. Qeyd etməyi zəruri hesab edirlər ki, bu vəsaitin kommersiya məqsədləri üçün istifadə olunması barədə tərəflər arasında razılıq olmuşdur. Bu səbəbdən, cavabdehin məsuliyyəti ona verilmiş tapşırığın məqsədəuyğun icrası ilə məhdudlaşmalıdır. Cavabdeh tərəfindən investisiyadan konkret gəlir və ya nəticə əldə ediləcəyinə dair hər hansı bir təminat verilməmişdir. Şəriklik sinallaqmatik (hər iki tərəfə öhdəlik yükləyən) müqavilə olduğu üçün həmin müqavilə üzrə təqdim edilmiş pul vəsaitinin qeyd-şərtsiz geri qaytarılması nəzərdə tutula bilməz. Belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən ona şəriklik-tapşırıq münasibətləri çərçivəsində təqdim edilmiş pul vəsaitinin daha sonra borc qismində ondan tələb olunması Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəaları ilə ziddiyyət təşkil etməkdədir.
32. Müqavilənin onu bağlayan tərəflər üçün geniş imkanlar (hüquqlar və öhdəliklər) yaratdığı məlumdur. Bu imkanlar o dərəcədə böyükdür ki, tərəflər nisbi olmaq (yalnız bir-birinə qarşı tələb irəli sürə bilmək) və imperativ (məcburedici) qaydalara zidd olmamaq şərti ilə qanunvericilikdə göstərilməyən öhdəliklər müəyyən edə və yaxud da normativ hüquqi aktda müəyyən edilmiş normanı dəyişə bilərlər. Mülki hüquqi öhdəliyin yaranma mənbəyinin qanun və müqavilə olduğu Mülki Məcəllənin 386-cı maddəsində də öz əksini tapmışdır. Bu qədər geniş səlahiyyət təmin edən müqavilənin ancaq aydın iradə ifadəsi əsasında yarana bilməsi də hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhz buna görə də Mülki Məcəllənin 404-cü maddəsində müəyyən edilir ki, “Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır”. Ona görə də hüquqi müəyyənliyin təmin edilməsi, tərəflərin qəbul etdiyi öhdəliklərin, onların hüquqlarının həqiqi mahiyyətinin, həcminin bilinməsi və tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsi üçün məhkəmə ilk əvvəl onun hansı növ müqavilə olmasını (hansı qaydaların tətbiq edilməli olduğunu) aydınlaşdırmalı, şərtlərini təfsir etməlidir. Bu maddə həm də onu deməyə əsas verir ki, tərəflərin müqaviləyə hansı adı verməsindən asılı olmayaraq o yalnız öhdəliklərin və digər şərtlərin mahiyyəti əsasında bilinir. Bununla da həmin müqaviləyə hansı normaların tətbiq edilməli olduğu aydınlaşdırılır. Mülki Məcəllənin 404.2-ci maddəsində qeyd edilir ki, "bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır". 2019-cu ildən başlayaraq, tərəflərin Laçın Məmmədovla birlikdə şərikli qazanc əldə etmək məqsədilə investisiya fəaliyyəti ilə məşğul olmaları faktiki olaraq müqavilə öncəsi danışıqlar və iddiaçı ilə cavabdeh arasındakı qarşılıqlı münasibətlərdə yaranmış praktika kimi qiymətləndirilməlidir. Tərəflər arasındakı işgüzar adətlər və onların münasibətlərində yaranmış praktika elə formalaşmışdır ki, iddiaçı müəyyən məbləği qazanc əldə etmək məqsədilə cavabdehə təqdim etmiş, cavabdeh isə həmin vəsaitin müxtəlif investisiya istiqamətlərinə yönəldilməsini təmin etməklə öz üzərinə öhdəlik götürmüş və onu tam şəkildə yerinə yetirmişdir. Tərəflər arasında müqavilənin bağlanması işin mübahisəsiz halıdır və bu, tərəflərin qarşılıqlı razılığı ilə təsdiq olunur, lakin həmin müqavilənin mahiyyətinə dair tərəflər arasında fikir ayrılığı mövcuddur. Iddiaçı, müqaviləni borc müqaviləsi kimi qiymətləndirərək, cavabdehə təqdim etdiyi məbləğin müəyyən hissəsinin geri qaytarılmasını tələb etmişdir. Iddiaçı iddia edir ki, verilmiş vəsait cavabdehin borcudur və cavabdeh tərəfindən mütləq geri ödənilməlidir. Cavabdehin mövqeyinə görə isə, təqdim edilmiş vəsait borc məqsədi ilə deyil, investisiya məqsədilə verilib və bu, tərəflər arasında şərikli fəaliyyətin başlanğıcıdır. Belə ki, müvafiq öhdəliklər və hüquqlar yalnız müəyyən investisiya fəaliyyətinin həyata keçirilməsi və onun nəticəsində əldə olunan mənfəətin paylaşılması əsasında müəyyənləşir. Məhkəmə qarşısında duran əsas məsələ müqavilənin mahiyyətini düzgün müəyyən etmək və tərəflər arasındakı münasibətlərin hüquqi statusunu dəqiq təyin etməkdir. Bu, tərəflərin hüquqlarının və öhdəliklərinin müəyyənləşdirilməsi, həmçinin iddianın əsaslandırılmış olubolmamasının
33. qiymətləndirilməsi üçün vacibdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilənin mahiyyəti onun xarici formalardan deyil, tərəflərin iradə ifadəsinin həqiqi məzmunundan və onların birgə fəaliyyətinin məqsədindən çıxış etməklə müəyyən edilir. Bu səbəbdən, tərəflərin qarşılıqlı yazışmaları, danışıqları və onların əməli fəaliyyətləri nəzərə alınaraq müqavilənin hüquqi xarakteri və ona tətbiq olunacaq normalar müəyyən edilməlidir.
34. Işin mübahisəsiz halları bundan ibarət olmuşdur ki, iddiaçı 2019-cu ilin oktyabr ayında cavabdehə müraciət edərək, pulunu aktiv investisiyada istifadə edərək gəlir əldə etmək istədiyini bildirmiş və nəticədə ##.##.2019-cu il tarixdə 85700 ABŞ dolları və 1080 AZN pul investisiya məqsədilə iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Cavabdeh 45.000 ABŞ dollarını iddiaçının razılığı əsasında X10 biznesinə investisiya etmişdir. Tərəflər arasında aparılmış səs yazıları və yazışmalar da bu faktı təsdiqləyir. Həmçinin tərəflər arasında razılaşma nəticəsində iddiaçıya aylıq 925 ABŞ dolları da ödənilmişdir. Iddiaçı tərəfindən cavabdehə investisiya məqsədilə təqdim edilən məbləğin geri qalan hissəsi isə iddiaçının razılığı əsasında digər biznes sahəsinə yönəldilmişdir.
35. Yuxarıda sadalanan və tərəflər arasında mübahisə doğurmayan hallara əsasən, birinci instansiya məhkəməsi işə baxarkən tərəflər arasındakı müqavilənin hüquqi xarakterini – yəni onun növünü, şərtlərini və tərəflərin öhdəliklərini dəqiq müəyyən etməli idi. Lakin məhkəmə bu vəzifəni icra etmək əvəzinə, "iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsinin şərtlərinin mövcud olmadığı müəyyən edilməkdədir" və "borc müqaviləsinin forma və məzmun baxımından qanuni tələblərə tam uyğun olmasa da, bu hal onun predmeti olan pul vəsaitinin geri qaytarılmasını istisna etmir" mövqeyindən çıxış etmişdir. Nəticə etibarilə, məhkəmə tərəflər arasındakı münasibətləri formaca və məzmunca borc münasibəti kimi qiymətləndirmiş və bu mövqe əsasında qərar qəbul etmişdir. Lakin bu yanaşma həm hüquqi cəhətdən, həm də işin faktiki hallarına əsasən qənaətbəxş və əsaslı sayıla bilməz. Belə ki, təqdim olunmuş sübutlar tərəflərin uzunmüddətli ortaqlıq praktikasında formalaşmış işgüzar adətlər və investisiya fəaliyyətinə dair razılaşmalar–bu münasibətlərin borc münasibəti deyil, məhz şəriklik və tapşırıq xarakteri daşıdığını aydın şəkildə ortaya qoyur. Məhkəmə, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu, müqaviləyə qədərki danışıqların və qarşılıqlı fəaliyyətin məntiqi davamı kimi formalaşmış iş münasibətlərini nəzərə almalı, bu münasibətlərə düzgün hüquqi qiymət verməli idi.
36. Qanunvericiliyin 428.3-cü maddəsinin müddəalarına əsasən “ Əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər.” Belə ki, tərəflər arasında kommersiya fəaliyyətindən gəlir əldə edilməsinə yönələn iş investisiya razılaşması mövcud olmuş və öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilmişdir. Bu müddət ərzində vəsaitin geri qaytarılması yalnız gəlirin əldə olunması və kommersiya fəaliyyətinin uğurla nəticələnməsi şərtilə nəzərdə tutulmuşdur. Bu fakta cavabdeh tərəfindən təqdim edilmiş danışıqlar, yazışmalar, tərəflərin uzun müddətli əməkdaşlığı ilə də təsdiq edilir. Buna baxmayaraq, razılaşdırılmış müddət bitmədən kreditor (iddiaçı) tərəfindən icranın vaxtından əvvəl həyata keçirilməsi – borclu (cavabdeh) tərəfindən vəsaitin qaytarılması tələbi irəli sürülmüşdür. Bununla da Mülki Məcəllənin 428-ci maddəsinin bir başa təsbit etdiyi – borclunun hüquqlarının müdafiəsi prinsipi pozulmuşdur. Belə ki, qanunun bu maddəsi kreditorun icra müddəti müəyyənləşdirildikdə, həmin müddət başa çatmadan öhdəliyin icrasını tələb etmək hüququna malik olmadığını birmənalı şəkildə təsbit edir. Həmçinin qeyd edilməlidir ki, kreditor öhdəliyin vaxtından əvvəl icrasını yalnız o hallarda tələb edə bilər ki, borclunun əmlak vəziyyəti pisləşmiş və öhdəliyin icrasına təhlükə yaranmış olsun. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən borclunun (cavabdehin) əmlak vəziyyətinin pisləşdiyinə dair heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış razılaşmanın mahiyyəti baxımından bu münasibətlər kommersiya fəaliyyəti ilə bağlıdır. Kommersiya fəaliyyətinə yatırım edilən vəsait üzrə risklər — yəni gəlirlə yanaşı zərərin də ola biləcəyi halları — tərəflər arasında əvvəlcədən qəbul olunmuş, bu risklər razılaşdırılmışdır. Bu isə investisiya münasibətlərində gəlirin qeyrimüəyyənliyini və risklərini nəzərə almağı zəruri edir. Odur ki, investisiyanın zərər etməsi halında belə cavabdehin tam məsuliyyət daşıması hüquqi baxımdan əsaslı sayıla bilməz. Nəticə etibarilə, öhdəliyin icra müddəti müəyyən olunmasına baxmayaraq, iddiaçının bu müddətdən əvvəl vəsaitin geri qaytarılmasını tələb etməsi AR Mülki Məcəlləsinin 428.3-cü maddəsi ilə ziddiyyət təşkil etmiş və bu hüquqi norma işə baxan məhkəmə tərəfindən tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən kreditorun vaxtından əvvəl irəli sürdüyü tələbin hüquqi əsasları, o cümlədən öhdəliyin müddətli xarakteri və risk bölgüsü prinsipi nəzərə alınmamışdır.
37. Vergi Məcəlləsinin 137-ci maddəsində göstərilən norma, ilkin məqsəd etibarilə vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranmış münasibətlərin tənzimlənməsinə xidmət edir. Lakin bu maddənin mübahisəyə aid kontekstinə istinad etməyimiz yalnız vergi hüququ baxımından deyil, həm də mülki hüquqi münasibətlərin mövcud formasını izah etmək məqsədi daşıyır. Belə ki, həmin maddədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin bölüşdürülməsi qaydası açıq şəkildə göstərilmişdir. Işin hallarından göründüyü kimi, iddiaçı investisiya məqsədi üçün cavabdehə pul vəsaitini təqdim etmiş və bu vəsaitin konkret sahələrə yönəldilməsi ilə bağlı ona tapşırıq vermişdir. Cavabdeh isə, verilmiş tapşırığın icrası məqsədilə həmin vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etmişdir. Nəticədə, cavabdehin vasitəçiliyi ilə tərəflər arasında birgə sahibkarlıq fəaliyyəti çərçivəsində münasibətlər formalaşmışdır. Qanunvericiliyin müddəalarına əsasən, bu fəaliyyət nəticəsində əldə edilən mənfəəti, tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq bölürlər. Belə bölüşdürmə tərəflərin yazılı və ya faktiki razılığına əsasən həyata keçirilir və tərəflərin kommersiya məqsədi ilə bu fəaliyyətə qoşulması şəriklik münasibətlərinin mövcudluğunu təsdiq edir. Mövcud hallarda iddiaçının vəsaiti təqdim etməsi, cavabdehin isə bu vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etməsi nəticəsində iddiaçı ilə Laçın Məmmədov arasında cavabdehin vasitəçiliyi ilə kommersiya məqsədli birgə sahibkarlıq münasibətlərinin yaranması iddiaçının bu münasibətləri qəbul etdiyini və şəriklik çərçivəsində gəlirin bölüşdürülməsinə razı olduğunu göstərir. Hüquq nəzəriyyəsində bu cür hüquqi şəxs yaradılmadan formalaşan əməkdaşlığa “ortaqlıq” münasibətləri deyilir və bu münasibətlərin qurulması üçün tərəflər arasında yazılı müqavilənin olması mütləq şərt deyil. Tərəflərin iradəsi, fəaliyyətdə iştirakı, mənfəət məqsədi və risklərin bölüşdürülməsi bu cür münasibətlərin mövcudluğunu müəyyən etmək üçün yetərlidir. Nəticə etibarilə, bu norma və ona əsaslanan izahlar ilə məhkəməyə çatdırılmaq istənilən əsas fikir ondan ibarətdir ki, işin mahiyyətində sahibkarlıq təcrübəsində geniş yayılmış, birgə fəaliyyət mövcuddur. Məhkəmənin bu aspektə ümumiyyətlə münasibət bildirməməsi, işin hərtərəfli, obyektiv, tam qiymətləndirilməməsinin göstəricisidir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, */**** nömrəli rəyə əsasən, İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə cavabdeh Cavabdeh ## #### 2020ci il ildən ##.##.2024-cü il tarixədək, 104.105,2 manat məbləğində pulun illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 21.950,28 manat təşkil edir.
39. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər T.Musayev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və E.Isayev) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin qismən, yəni iddianın rədd edilmiş 21950,28 manata və 21,95 manat dövlət rüsumuna dair hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, cavabdeh Cavabdeh 21950,28 (iyirmi bir min doqquz yüz əlli manat iyirmi səkkiz qəpik) manat məbləğində pul və 21,95 (iyirmi bir manat doxsan beş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ödənilməsi, Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci cavabdeh Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi ilk öncə iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
41. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddiaçının cavabdehin borclu olduğu pul məbləğini gecikdirdiyi müddət üçün gecikdirilmiş məbləğə münasibətdə ondan illik beş faiz tələbini məhkəmənin təmin etməməsinin tamamilə əsassız olmaqla AR MM-nin 445.7-ci maddəsinin tələblərini və onun hüquqlarını pozmasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehdən öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik beş faiz tələbinə aid hissədə gəldiyi nəticə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə yanaşı, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
42. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə borcun qaytarılmaması, yəni öhdəliyin yerinə yetirilməməsi ilə bağlıdır.
43. Iş materiallarında olan iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında (X4 iştirakı ilə) ## ###### 2019-cu il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh ## ####### 2019-cu il tarixdə 9 ay müddətinə qaytarılması şərti ilə 87600 dollar və 1080 manat borc pul verilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliyin şərtləri pozulmuş, həmin məbləğin bir qismi iddiaçıya qaytarılsa da, 104105,2 manat məbləğində pul qaytarılmamışdır.
44. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
45. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Icranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
46. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).
47. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.
49. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
50. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab etmişdir ki, iddiaçının cavabdehin borclu olduğu pul məbləğini gecikdirdiyi müddət üçün gecikdirilmiş məbləğə münasibətdə ondan illik beş faiz tələb etməsi, yəni 21950,28 manat məbləğində pul tələb etməsi haqlı olmuş, birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı rədd etməklə əsassız nəticəyə gəlmiş, həmin hissədə gəlinmiş nəticə üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
51. Belə ki, məhkəmə kollegiyasının ## ####### 2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, */**** nömrəli rəydən görünür ki, İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə cavabdeh Cavabdeh ## #### 2020-ci il ildən ##.##.2024-cü il tarixədək, 104.105,2 manat məbləğində pulun illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 21.950,28 manat təşkil edir.
52. Kollegiya cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, onun apellyasiya şikayətinin dəlilləri əsassızdır.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, Mülki Prosessual Məcəllənin (MPM) müddəaları üzrə mübahisənin məhkəməyə aidiyyəti məsələsinə düzgün və əsaslandırılmış hüquqi qiymət verilməməsi, mübahisə üzrə tərəflərin hər ikisi–cavabdeh Cavabdeh (VÖEN: **********) və iddiaçı İddiaçı (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyatda olması, tərəflər arasında baş vermiş münasibətlərin sırf kommersiya xarakteri daşıdığı, bu münasibətlərin sahibkarlıq fəaliyyəti və investisiya məqsədlərinə əsaslandığı cavabdeh tərəfindən təqdim olunmuş səs yazıları və yazışmalarla da təsdiq olunması, bütün bu hüquqi və faktiki əsaslara baxmayaraq, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi” barədə vəsatətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmaması, məhkəmənin qeyri-obyektiv yanaşması nəticəsində-işin kommersiya mübahisəsi kimi ixtisaslaşdırılmış (kommersiya) məhkəmənin-Şəki Kommersiya Məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyətində saxlanılması MPM-nin aidiyyəti normativ müddəalarının pozulması ilə nəticələnməsinə dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, eyni zamanda “Elektron məhkəmə” sistemi ilə axtarış edilmiş və bu zaman iddiaçı İddiaçı fərdi sahibkar statusuna malik olması müəyyən edilməmişdir, yəni adına VÖEN aşkar edilməmişdir. Cavabdeh Cavabdeh isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. Bundan sonra məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş Idarəsinə sorğu göndərilərək iddiaçı İddiaçı VEÖNün olub-olmaması, əgər aktiv deyilsə, bağlanma və ya dayandırma səbəbləri və tarixi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli məktubdan görünür ki, iddiaçı İddiaçı vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir.
54. Iddia tələbinin mahiyyəti və məhkəmə tərəfindən araşdırılan hallardan məlum olur ki, mübahisə predmetini təşkil edən tələb hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməməkdədir. Həmçinin araşdırma zamanı iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında formalaşmış münasibətlər tərəflərin iradə ifadəsinin həqiqi məzmunundan çıxış edilməklə borc müqaviləsi kontekstində deyil, investisiya məqsədli tapşırıq və şəriklik münasibətləri çərçivəsində qiymətləndirilməli olması, birinci instansiya məhkəməsi tərəfindən müqavilənin təfsiri zamanı müqaviləyə qədərki danışıqlar, tərəflərin faktiki fəaliyyəti, işgüzar adətlər və sonrakı davranışların nəzərə alınmaması, iş üzrə iddiaçının vəsaiti təqdim etməsi, cavabdehin həmin vəsaitin bir hissəsini üçüncü şəxsə–Laçın Məmmədova yönəltməsi, bununla bağlı iddiaçının məlumatlandırılması və etiraz etməməsi tərəflər arasında faktiki olaraq şəriklik münasibətlərinin yarandığının açıq şəkildə göstərməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış və hər iki tərəfin təsdiq etdiyi ##.##.2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh ## ####### 2019-cu il tarixdə 9 ay müddətinə qaytarılması şərti ilə 87600 dollar və 1080 manat məbləğində borc pul verilmişdir. Cavabdeh Cavabdeh həmin pulu borc olaraq qəbul etmişdir. Həmin razılaşmada verilmiş pulun şəriklik məqsədilə verilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin həmin pul iddiaçı İddiaçı tərəfindən Laçın Məmmədova deyil, hazırkı iş üzrə cavabdeh Cavabdeh verilmişdir.
56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 87600 ABŞ dolları və 1080 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verdiyini bildirsə də, bu halı təsdiq edəcək mötəbər sübutları təqdim edə bilməmiş, əksinə, cavabdeh Cavabdeh tərəfindən imzalanmış razılaşmada həmin pulu öz şəxsi biznesini inkişaf etdirmək üçün borc məqsədi ilə aldığını qeyd etmiş və 9 ayın tamamında həmin pulun tam olaraq qaytarılmasına dair öhdəlik götürmüşdür. Həmin razılaşma tərəflər arasında bağlanmış borc müqaviləsi kimi qəbul edilməlidir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında mövcud olmuş investisiya razılaşmasında öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilməsi, bu faktın cavabdeh tərəfindən təqdim edilmiş danışıqlar, yazışmalar ilə də təsdiq edilməsi, buna baxmayaraq, razılaşdırılmış müddət bitmədən kreditor (iddiaçı) tərəfindən, icranın vaxtından əvvəl həyata keçirilməsi–borclu (cavabdeh) tərəfindən vəsaitin qaytarılması tələbi irəli sürülməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında mövcud olan ##.##.2019-cu il tarixli razılaşmadan görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı tərəfindən ona verilmiş 87600 dollar və 1080 manat məbləğində pulun 9 ayın sonunda iddiaçıya qaytarılması barədə öhdəlik götürmüş və bundan sonra tərəflər arasında əlavə hər hansı razılaşmanın olması barədə məhkəməyə mötəbər sübut təqdim olunmamış, tərəflər arasında mövcud olmuş telefon danışıqlarına dair səs yazılarında da tərəflər arasında imzalanmış razılaşmanın hüquqi qüvvəsini itirəcək hər hansı əlavə razılaşmanın olmasını təsdiq edəcək faktlar olmamışdır.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müqavilənin hüquqi mahiyyəti, onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə və tərəflərin iradəsinə görə müəyyənləşdirilməli olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, həmin müqaviləni hər iki tərəf imzalamış, cavabdeh özü könüllü şəkildə 87600 dollar və 1080 manat məbləğində pulu borc olaraq aldığını, 9 ayın tamamında isə həmin pulun tam şəkildə qaytarılmasına dair öhdəlik götürmüşdür.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehə maliyyə vəsaitini məhz investisiya məqsədilə təqdim etməsi və onu müəyyən sahələrə yönəltməyi tapşırması, cavabdehin isə, öz növbəsində, bu tapşırığın icrası məqsədilə həmin vəsaitin bir hissəsini Laçın Məmmədova təqdim etməsi və bu barədə iddiaçını əvvəlcədən məlumatlandırması, nəticədə, iddiaçı və Laçın Məmmədov arasında cavabdehin vasitəçiliyi ilə şəriklik münasibətlərinin formalaşması, cavabdehin məsuliyyətinin ona verilmiş tapşırığın məqsədəuyğun icrası ilə məhdudlaşmalı olması, belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən ona şəriklik-tapşırıq münasibətləri çərçivəsində təqdim edilmiş pul vəsaitinin daha sonra borc qismində ondan tələb olunması Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəaları ilə ziddiyyət təşkil etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, tapşırıq müqaviləsi bir qayda olaraq əvəzsiz əqddir. Vəkalət verən yalnız vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Tapşırıq müqaviləsinə görə mülki hüquq subyektləri müəyyən üzrlü səbəblərdən şəxsən əqd bağlaya və digər hüquqi əhəmiyyətli hərəkətləri edə bilmirlər. Bu halda onlar səlahiyyətli nümayəndə vasitəsi ilə həmin hərəkətləri həyata keçirirlər. Hal-hazırda işin araşdırılan halları ilə iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsinin şərtlərinin movcudluğu müəyyən olunmur.
60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.
61. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında birgə sahibkarlıq fəaliyyəti çərçivəsində münasibətlərin formalaşması, birgə fəaliyyət mövcud olması, eyni zamanda iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin movcud olması müəyyən olunmamışdır. Qeyd olunan hallarla bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş tərəflər arasında olan ##.##.2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh ## ####### 2019-cu il tarixdə 9 ay müddətinə qaytarılması şərti ilə 87600 dollar və 1080 manat məbləğində pul verilmişdir. Cavabdeh Cavabdehda həmin pulu borc olaraq qəbul etmiş və 9 ayın tamamında bütün məbləğlərin tam olaraq qaytyarılmasına dair öhdəlik götürmüşdür. Həmin razılaşmada verilmiş pulun şəriklik məqsədilə verilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin həmin pul iddiaçı İddiaçı tərəfindən tam olaraq cavabdeh Cavabdeh verilmişdir.
62. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
63. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmamış və hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
64. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir.
65. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 445.7, 448.1, 448.2, 739.1, 740.1, 740.2, 777.1, 777.2, 778.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-in 9.1, 9.3, 14.2, 76.1, 77.1, 80, 106.1, 119.1, 2171, 217.2, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
66. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı ##.##.2026-cı tarixli qətnaməsinin ləğv edilməsi, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi, aidiyyət qaydalarının pozulmadığı qənaətinə gəlinəcəyi təqdirdə iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
67. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 60-cı, MPM-in 9, 13.7, 24.2, 77.1, 217, 372.1, 385.1.1 və 386-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi borc müqaviləsinin təfsiri ilə bağlı qanunun tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa görə borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbarsız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Cavabdeh iddia ilə bağlı izahat və şikayətində iddiaçı ilə borc münasibətində deyil, gəlir əldə etmək məqsədilə birlikdə iş görülməsi barədə razılaşdıqlarını bildirmişdir. Bu barədə vatsap yazışmalarını da məhkəməyə təqdim etmişdir. Məhkəmə qətnamənin 79-81-ci bəndlərində qeyd edir ki: “Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda yazılı formada bağlanmalı olmasını tələbi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunda borc müqaviləsinin bağlanma qaydası müəyyən edildiyinə baxmayaraq, apellyasiya instansiyası qanunun tələblərinə zidd olaraq, qanunu səhv təfsir edib kağız parçasına borc müqaviləsi statusu verərək, cavabdehin təqdim etdiyi dəlillər üzrə heç bir əsaslandırma aparmadan düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrkən belə düzgün qərar qəbul etməmişdir. Əgər məhkəmənin mövqeyinə görə həqiqətən də borc münasibətləri varsa məhkəmənin istinad etdiyi “borc müqaviləsi”nə nəzər salaq. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 3 nəfərin imzası olan kağızda qeyd olunur ki,##.##.2019cu ildə 87.600 dollar və 1080 manatı borc olaraq götürülür. Bu məbləğ o razılıqla verilib ki, bu məbləğin 45.000 dolları 9 ay müddətində X11 layihəsinə verilir və o, bunun müqabilində hər ay 975 dollar ödəniş edir və bu məbləğin hamısı X2 verilir. Göründüyü kimi həmin məbləğ gəlir əldə etmək məqsədilə işə yatırılıb. Lakin məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş kağızda yazılan həmin hissəyə ümumiyyətlə toxunmamışdır. Məhkəmənin həmin kağızda qeyd olunanların borc münasibətlərinə aid mövqeyindən yanaşılsa cavabdehə verilən borc 87.600 ABŞ dolları deyil, 42.600 ABŞ dolları və 1080 manat təşkil edir. Çünki yazının ardında qeyd olunur ki, məbləğin qalan hissəsini yəni 42.600 dolları və 1080 manatı mən öz şəxsi biznesimin inkişafı üçün gəlirdən heç bir ödəniş etməmək şərti ilə borc olaraq 9 aylıq götürürəm. Sonda mənə aid olan hissənin dollar məbləğini 1.702 məzənnə ilə geri qaytarıram. Belə vəziyyətdə borc məbləği 42.600x1.7=72.420 manat + 1080=73.500 manat. Bundan da 27.100 ABŞ dollarının qaytarıldığını nəzərə alsaq 42.600-27.100= 15.500 dollar. 15.500x1.7=26.350 manat+1080 manat = 27.430 manat qalıq hesablanmalı idi. Göründüyü kimi tərəflər arasındakı razılaşmanın borc deyil, yatırım edib gəlir əldə etmək olmasına baxmayaraq, məhkəmə tərəfindən borc müqaviləsi kimi dəyərləndirilərkən düzgün hesablama aparılmamışdır. Istər birinci, istər apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozularaq, cavabdehin Konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təmin edilməmişdir.
68. Işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normaları pozulmuşdur.
69. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Normaya əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli ** nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Bu qaydalar apellyasiya icraatına da şamil edilir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Işin faktiki halları ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və gəlir götürülməsi təsdiq olunduğu halda aidiyyətlə bağlı qaydalar pozulmuş, cavabdehin prosessual hüquqlarının pozulması ilə yanaşı işə baxmağa səlahiyyəti olmayan məhkəmə tərəfindən qərar qəbul etməsi ilə nəticələnmişdir.
70. Işdə olan cavabdehin vəkilinin ərizəsindən görünmüşdür ki, vəkil, məhkəmə tərəfindən təyin edilmiş 18 fevral saat 14:10-a təyin edilmiş məhkəmə iclası daha əvvəl təyin edilmiş digər proseslə eyni vaxta düşdüyü üçün iclasın təxirə salınmasını xahiş etməsinə baxmayaraq, məhkəmə, səbəbin üzürlü olmasına baxmayaraq, cavabdeh tərəfin iştirakını təmin etmədən, həmin tarixdə iclası keçirib, yekun qərar qəbul etməklə çəkişmə prinsipini pozmuşdur.
71. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və qanunun tələblərinə zidd olaraq aidiyyət qaydalarına əməl etməmiş, cavabdehin təqdim etdiyi sübutları tədqiq etməmiş, onun iştirakını təmin etmədən qətnamə çıxarmış, bununla da prosessual qanunvericiliklə birlikdə həm də iddiaçının konstitusion hüququnu pozmuşdur. Beləliklə də məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin məcburi olan hüquqi mövqeyini nəzərə almayaraq hüququn tətbiqində səhvə yol vermiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-cu il tarixli məhkəmə qətnaməsi haqqında ** nömrəli qərarının qətnamənin qanuni və əsaslı olmasına dair tələbini də pozmuşdur.
72. Işdə iddianı təsdiq edəcək qanunun tələbinə uyğun və mötəbər sübut mövcud olmamasına baxmayaraq, məhkəmə cavabdehin dəlillərini tədqiq etmədən əsassız nəticəyə gəlmiş, nəticədə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmamış və cavabdehin qanunla qorunan mənafeyi bərpa edilməmişdir.
73. Istər izahatlarında, istərsə də məhkəmə təqdim etdiyimiz səs yazılarında tərəflər arasında olan mübahisə üzrə hüquq münasibətinin xarakterinin məhkəmənin qiymətləndirdiyi kimi borc münasibətləri deyil, gəlir əldə edilməsi məqsədi ilə fəaliyyət təşkil etdiyi təsdiq olunur. Məhkəmədə həmin səs yazıları tədqiq edilmədi. Lakin məhkəmə qətnamənin 83-cü bəndində qeyd etmişdir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında mövcud olmuş investisiya razılaşmasında öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilməsi, bu faktın cavabdeh tərəfindən təqdim edilmiş danışıqlar, yazışmalar ilə də təsdiq edilməsi, buna baxmayaraq, razılaşdırılmış müddət bitmədən kreditor (iddiaçı) tərəfindən, icranın vaxtından əvvəl həyata keçirilməsi–borclu (cavabdeh) tərəfindən vəsaitin qaytarılması tələbi irəli sürülməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında mövcud olan ##.##.2019-cu il tarixli razılaşmadan görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı tərəfindən ona verilmiş 87600 dollar və 1080 manat məbləğində pulun 9 ayın sonunda iddiaçıya qaytarılması barədə öhdəlik götürmüş və bundan sonra tərəflər arasında əlavə hər hansı razılaşmanın olması barədə məhkəməyə mötəbər sübut təqdim olunmamış, tərəflər arasında mövcud olmuş telefon danışıqlarına dair səs yazılarında da tərəflər arasında imzalanmış razılaşmanın hüquqi qüvvəsini itirəcək hər hansı əlavə razılaşmanın olmasını təsdiq edəcək faktlar olmamışdır. Həmin səs yazılarından 13-də iddiaçı, 4-də isə cavabdehin gəlir əldə edilməsi ilə bağlı danışıqları əks olunmasına baxmayaraq, apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə əlavə etdikləri sübutları məhkəmədə təqdiq etməmiş, dəlillərinə qiymət verməmişdir. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
74. Cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarında tərəflər arasında mənfəət əldə edilməsi ilə bağlı danışıqlar aparılması, razılaşma əldə edilməsi, iddiaçıya pullar ödənilməsi sübut olunur. Belə ki, ticarət fəaliyyətdən əldə edilən gəlirin ilk məbləğini götürmək üçün iddiaçının bacısı gəlmiş, həmin vaxt, ##.##.2019-cu il tarixli kağız parçası cavabdehin ofisində çap edilərək imzalanmışdır. Imzalanarkən iddiaçı ümumiyyətlə Azərbaycanda deyil, Ukrayna Respublikasında olmuşdur. Yəni həmin kağızın heç bir hüquqi qüvvəsi də yoxdur. Buna baxmayaraq cavabdeh məhkəməyə səs yazıları ilə birlikdə, vatsap yazışmalarının ekran görüntülərinin şəkillərini də həm kağız formada, həm də diskdə təqdim etmişdir. Lakin həmin sübutlar tədqiq edilməmişdir. Misal olaraq qeyd olunan şəkillərdən birini məhkəmənin nəzərinə çatdırırıq: ## ### 2021-ci il tarixdəki yazışmada iddiaçı cavabdeh tərəfindən ona göndərilən məbləğin 2 aylıq olmasını dəqiqləşdirərək, təsdiq cavabını alır. Məhkəmənin mövqeyinə əsaslansaq sual yaranır: Bu necə 9 aylıq borcdur ki, iddiaçı 1 il 7 aydan sonra cavabdehdən qazancın neçə aylıq hissəsinin göndərildiyini soruşur. Qeyd olunan ona dəlalət edir ki, tərəflər arasında borc münasibəti deyil, yatırım edib gəlir əldə etməklə bağlı fəaliyyət olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin dəlillərini tədqiq etmiş olsaydı işin icraatına xitam verməli idi. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən hamıya bəlli olan halların sübuta ehtiyacı yoxdur. 2020-ci ildən etibarən pandemiya səbəbindən həm Azərbaycanda, həm başqa ölkələrdə o cümlədən Gürcüstanda iş dayandı. Bu fors major halı sayılır. Bu hal hər kəs kimi hazırkı iş üzrə tərəflərin gördükləri işə də təsirsiz ötüşməmişdir. Belə ki, X10 biznesi bağlanmış və onun yatırdığı pullar batmışdır. Bununla bağlı Laçın Məmmədov məhkəməyə müraciət etmiş və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh İddiaçı aldığı və Laçın Məmmədova verdiyi məbləğdən geri qalan məbləği isə başqa bir biznesə yatırmışdır. Ancaq pandemiya dövrünə təsadüf etdiyindən işlər gözlədiyi kimi alınmamışdır. Nəticədə direktoru və təsisçisi olduğu şirkət "xxxx" MMC adından "X1" MMC-yə qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış və hakim Leyla Əliyevanın ##.##.2022-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq 77242 manat vəsait cavabdehdən tutulmuşdur. Ancaq bugünədək məhkəmə qətnaməsi icra olunmamışdır. Kommersiya fəaliyyətinə yatırım edilən vəsait üzrə risklər, yəni gəlirlə yanaşı zərərin də ola biləcəyi halları tərəflər arasında əvvəlcədən qəbul olunmuş, bu risklər razılaşdırılmışdır. Belə vəziyyətdə gəlir əldə edilməsi üçün yatırım edilərək mənfəət götürülmüş vəsaiti, bütün dünyada baş verən krizis səbəbindən zərər çəkmiş cavabdehdən tələb etmək, hüquqdan sui-istifadə olmaqla mülki qanunvericiliyin prinsiplərinə ziddir. Ikincisi, məhkəmənin borc müqaviləsi adlandırdığı kağız formal xarakter daşımışdır. Həmin qeydə diqqət yetirsək görərik ki, ##.##.2019-cu ildə tərtib edilmişdir. Faktiki olaraq 2019-cu ilin #######ın #-dən etibarən iddiaçı ilə cavabdeh arasında investisiya qoyub, Laçın Məmmədovla birlikdə şərikli qazanc əldə etmək məqsədilə biznes fəaliyyəti ilə məşğul olunmasına dair razılaşma olmuş, iddiaçı müəyyən məbləği qazanc əldə etmək məqsədilə cavabdehə təqdim etmiş, cavabdeh isə həmin vəsaitin müxtəlif investisiya istiqamətlərinə yönəltmişdir. Tərəflər arasında kommersiya fəaliyyətindən gəlir əldə edilməsinə yönəlmiş investisiya razılaşması mövcud olmuş və öhdəliyin icra müddəti konkret olaraq 7 il müəyyən edilmişdir. Danışıqlarla təsdiq olunur ki, vəsaitin geri qaytarılması gəlirin əldə olunması və kommersiya fəaliyyətinin uğurla nəticələnməsi şərtilə nəzərdə tutulmuşdur. Lakin məhkəmə, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2019-cu il tarixli kağız parçasına qədərki danışıqların və qarşılıqlı fəaliyyətin məntiqi davamı kimi formalaşmış iş münasibətlərini nəzərə almamış, bu münasibətlərə və sübutlara düzgün hüquqi qiymət verməmiş, beləliklə də qanunsuz qətnamə çıxarmışdır.
75. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsini ləğv edib, işin icraatına xitam verməli, aidiyyət qaydalarının pozulmadığı qənaəti halında iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarmalı olduğu halda, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qətnaməni qismən ləğv edərək, iddiaçının apellyasiya şikayətini təmin etmiş, cavabdehin əsaslı şikayətini təmin etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
76. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
77. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
78. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
79. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
80. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
81. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
82. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
83. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
84. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
85. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
86. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikasının Mülki Məcəlləsi
87. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
88. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
89. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
90. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
91. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
92. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
93. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
95. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
96. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
97. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
98. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
99. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
100. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
101. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
102. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
103. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
104. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
105. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
106. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
107. Məhkəmə kollegiyası kassasiya şikayətinin vəkilin, məhkəmə tərəfindən təyin edilmiş 18 fevral saat 14:10-a təyin edilmiş məhkəmə iclası daha əvvəl təyin edilmiş digər proseslə eyni vaxta düşdüyü üçün iclasın təxirə salınmasını xahiş etməsinə baxmayaraq, məhkəmə, səbəbin üzürlü olmasına baxmayaraq, cavabdeh tərəfin iştirakını təmin etmədən, həmin tarixdə iclası keçirib, yekun qərar qəbul etməklə çəkişmə prinsipini pozduğu barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə (iş v. 67, 68) təsdiq edilir ki, cavabdeh və vəkili ## ###### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişdir. Cavabdehin vəkili ## ###### 2026-cı il tarixdə məhkəməyə müraciət edərək 18 fevral saat 14:10-a təyin edilmiş məhkəmə iclası daha əvvəl təyin edilmiş digər proseslə eyni vaxta düşdüyü üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Həmin ərizəyə təsdiq edici sənədlərin əlavə edilməsi iş materialları ilə təsdiqlənmir.## ###### 2026-cı il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının və cavabdehin vəkil və nümayəndəsinin ərizələri apelyasiya məhkəməsi tərəfindən müzakirə olunaraq məhkəmə baxışının tərəflərin iştirakı olmadan davam etdirilməsi qərara alınmışdır.
108. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ## ###### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasını təxirə salmamaqla prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
109. Belə ki, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəində əsasən 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
110. Göstərilən maddədən məlum olur ki, hətta tərəf üzürlü səbəblərdən gəlmədiyi hallarda belə işin baxılmasının təxirə salınması məhkəmənin vəzifəsi deyil, hüquq kimi təsbit olunmuşdur.
111. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən digər hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
112. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
113. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh Vezir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh Vezir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.