Məhkəmə qərarları › İş №2(1-8)-1451/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1451/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1451/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əsassız varlanma; sübutların qiymətləndirilməsi; müqavilənin etibarsızlığı, pulun geri qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Cavabdeh iddiaçının keçmiş kürəkəni olmaqla iddiaçının qızı Ilahə ilə qeyri rəsmi faktiki nikaha daxil olmaqla evlənmiş və onlar bir müddət birgə təsərrüfat aparmışlar.

2. Daha sonra cavabdeh Cavabdeh toy zamanı borc aldığını yodaşı Ilahəyə bildirəndə iddiaçının qızı Ilahə Ibrahimova anasından 3300 manat pul alaraq cavabdehə borclarını qaytarması üçün vermişdir.

3. Daha sonra cavabdeh Rusiya Federasiyasına gedəcəyini bunun üçün daha 6000 manat pul lazım olduğunu həyat yoldaşı Ilahəyə bildirmişdir. Bu zaman iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə “xxxx” ASC-dən illik 19.40 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit götürərək qaytarmaq şərtilə cavabdehə vermiş, lakin tərəflər arasında həmin borca dair müqavilənin yazılı formada bağlanılması ilə bağlı tələbə riayət olunmamışdır.

4. Daha sonra cavabdeh Cavabdehla iddiaçının qızı arasında ailə münasibətəri soyumuş və faktiki nikahları pozulmuşdur. Cavabdeh iddiaçının qızından ayrıldıqdan sonra iddiaçı ilə cavabdeh arasında verilmiş pulların geri qaytarılması ilə bağlı mübahisə yaranmış və həmin mübahisə zəminində iddiaçı cavabdehi polis orqanlarına şikayət etmişdir.

5. Cavabdeh Şəmkir Rayon Polis X1 Bölməsində verdiyi izahatında bildirmişdir ki, o hal-hazırda Şəmkir rayonu Mahmudlu kəndində yaşayır. Gəncə şəhər sakini İddiaçı onun haqqında yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. İddiaçı belə tanıyır ki, 2023-cü il tarixdə qeyri-rəsmi olaraq qızı Ilahə Yaqub qızı ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra təxminən 5-6 gün keçəndən sonra aralarında narazılıq yarandı həmin narazılığa da belə izah verə bilər ki, X7 toy gecəsi baş vermiş müəyyən çatışmamazlıqlara görə narazılıqları oldu. Ancaq buna baxmayaraq 2-3 ay birgə yaşayası oldular. Həmin yaşadıqları müddətdə onun toy ərəfəsində borclu olduğu üçün X7 eşitdi ki, onun 3300 manat borcu qalıb ondan xəbərsiz valideynlərindən həmin pulu alaraq ona gətirmişdir. X7 alıb ona gətirdiyi 3300 manatdan müxtəlif vaxtlarda bir qismini Ilahəyə vermişdir ki valideyninə versin qalan 1100 manatı isə Ilahənin qardaşı Ceyhunun kartına göndərmişdir. İddiaçı ondan başqa ondan iddia etdiyi məbləğlər yalan və böhtan xarakterli iddiadır. İddiaçı hazırda iddia etdiyi məbləğ qızı Ilahəyə verdiyi cehiz əşyalarına aid olan məbləğdir. X5 ailə münasibətinin pozulmağına belə izah verə bilər ki, ona məxsus olan mobil telefonunda bir neçə şəxsin yəni kişi cinsli şəxslərin mobil nömrələri tərəfindən aşkar edilmişdir. 070-903-70- 71 Vüsal, 055-538-80-49 Mənsur, 055-938-80-74 Eltac, 070-542-99-02 Şamil adlı şəxsərin mobil nömrələrini gizlətdiyi aşkara çıxartmışdır. X7 bu halları gördükdə qonşu otağa keçərək anasına zəng edib bildirdi ki, Mahir onun telefonundan başqa şəxslərin mobil nömrələrini aşkar etmişdir. Həmin hadisəni yəni telefon nömrələrini aşkarladıqdan sonra Ilahə Yaqub qızı çıxaraq evlərinə getmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, Şəmkir rayonu Mahmudlu kəndinin 3-cü küçəsində qeydiyyatda olaraq yaşayan cavabdeh Cavabdeh vermiş olduğu 3300 (üç min üç yüz) manat məbləğində pul və xxxx ASC-dən almış olduğu 6000 (altı min) manat faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində vermiş olduğu ümumilikdə 11.256 (on bir min iki yüz əlli altı) manat məbləğində pul və məhkəməyə ödədiyi dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qızı X7 Şəmkir rayon Mahmudlu kənd sakini cavabdeh Cavabdeh el adəti ilə elçilik edərək istədi ən başda qızı Mahiri tanımadığına görə yox dedi. Sonradan elçilər yenə gəldilər və onlar ## ###### 2023-cü ildə razılığa gəldilər hə dedilər. Belə ki, ## ###### 2023-cü ildə qız toyu, ## ###### 2023-cü ildə oğlan toyu oldu. Cavabdeh məxsus Şəmkir rayonu Mahmudlu kəndində yerləşən ev tamamilə boş olduğuna görə o və həyat yoldaşı qızına görə evi cehiz əşyaları ilə tamamilə doldurdular. 2 ay 10 gün qızı həyat yoldaşı ilə mehriban yaşadılar.Toy oldu bitdi, cavabdeh Cavabdeh qızı Ilahəyə bildirdi ki, toydan sonra toya görə 3300 (üç min üç yüz) manat məbləğində borcu var, borc sahibi onu sıxışdırır. Qızı Ilahə ona dedikdə o dedi ki, o onun həyat yoldaşı yəni cavabdeh olan Mahirə pulu borc verər əllərində toydan yığılan pulları var idi. Amma Mahir işləsin tez zamanda borcunu ödəsin. Mahir hə dedikdən sonra 3300 manat pulu Mahirə verdi. Biraz vaxt keçdikdən sonra Mahir onlara bildirdi ki, Rusiyaya getmək istəyir, lakin əlində pul yoxdur, bilet ala bilmir, getmək üçün 6000 (altı min) manat məbləğində pul lazımdır. Bundan başqa onlara bildirdi ki, Rusiyaya getməsə işləyə bilməyəcək ondan aldığı borcları 3300 (üç min üç yüz) manat məbləğində pulu ödəyə bilməyəcəkdir. O da qaynana olaraq düşündü ki, qızına almış olduğu cehiz əşyaların pulunun bir hissəsini verməmişdir. Mahirin ondan aldığı 3300 manat məbləğində pulla borcunu bağlayacaq. Düşündü ki, Mahir getsin, işləsin ona olan borcunu ödəsin ki, o da qızının cehiz əşyalarına olan borc pulunu ödəyə bilsin. O da məcbur qalaraq, xxxx ASC-dən kredit pul götürmüş 6000 (altı min) manat məbləğində pulu Mahirə vermişdir. 6000 (altı min) manat məbləğində pul faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat etdi və həmin kredit qrafikini Mahirə vermişdir. Mahir pulu ondan aldıqdan sonra Rusiyaya getmişdir. Qızı Ilahə ilə daim mehriban idi, əlaqə saxlayırdı. Lakin, ##.##.2024-cü il tarixdən etibarən Mahir qızı Ilahədən soyumağa başladı, qızının əvvəlcə mesajlarına cavab vermədi sonra internet şəbəkəsində guya internet olmadığını dedi. Sonrada, qızı Ilahəyə heç bir səbəb olmadan ani bir anda mesaj yazaraq Mahir dedi ki, o hər şeyi bilir get cehizlərini götür evi boşalt ondan ayrılır, ondan şübhələnir, o toy gecəsi bakirə deyildi, cərrahi əməliyyat etdirib ona ərə gəlmiş deyərək qızı Ilahəyə ağır ittihamlı şər böhtan ataraq yalandan ibarət sözlər deyərək insanlığa sığışmayan puldan ötrü yollara əl atdı. O Ilahənin anası olaraq əmindir ki, Mahir pulları min bir bəhanə ilə ondan alaraq bu yola əl atdı. Hazırda məcburiyyət qarşısında qalıb məhkəməyə pul tələbi ilə müraciət etməli olmuşdur.

8. Iddiaçı İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, ##.##.2023-cü ildə qızı ilə cavabdeh arasında el adəti ilə toy olmuşdur. Toydan sonra cavabdeh ona toya görə 3300 manat borcu olduğunu bildirmiş və o da cavabdehə o pulu vermişdir. Sonra o, Rusiya Federasiyasına getmək üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O xxxx ASC-dən kredit götürmüş və ona vermişdir. Pulu verən zaman onun oğlu yanlarında olmuşdur. O, Rusiyaya getdikdən sonra qızı onlarla qalmışdır. Cavabdeh Rusiyadan toya gələcəydi və o zaman qayıdanda qızını da aparacaydı. Lakin cavabdeh sənədlərində problem olduğunu bildirərək xalası oğlunun toyuna gəlməyəcəyini bildirmiş və onların kartına toya yazılmaq üçün 500 manat pul göndərmişdir. Toydan sonra cavabdehin xalası və xalası qızı Rusiyaya Federasiyasına gedəsi oldular. Həmin vaxtıda cavabdeh qızı Ilahəyə demişdir ki, sənədlərini düzəltsin və o da onlarla gəlsin. O da Ilahəyə passport çıxartdırmışdır. Lakin cavabdeh sonra bəhanələr gətirərək qızını aparmadı. Cavabdeh sonra qızı ilə əlaqəni kəsmiş və ona qız olmadığı yazaraq çıxıb getməsini demişdir. Cavabdeh Rusiya Federasiyasında meyvətəvəz alışı-satışı ilə məşğuldur. O cavabdehə 3300 manat toydan sonra, 6000 manat isə Rusiya Federasiyasına gedəndə vermişdir. Hazırda cavabdehin ona 11256 manat borcu var. Borcundan 650 manat ödəmişdir. Cavabdeh 1100 manat pul göndərmiş, o puldan 500 manat toya yazılmaq üçün və 650 manat isə borcundan göndərmişdir. Ona görə də iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdehin keçmiş qaynanasıdır. Cavabdeh İddiaçı qızı X7 ilə 2023-cü ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra 2-3 ay birlikdə yaşamışlar. Cavabdeh Rusiya Federasiyasında işlədiyi üçün oraya getmişdir. Toydan sonra cavabdehin borcu qalmışdı. Ona görə də arvadı Ilahə Ibrahimova bu borcdan məlumatı olduğu ondan xəbərsiz valideynlərindən 3300 manat borc pul almış və cavabdehə vermişdir. O isə borcunu vermiş və Rusiyaya getmişdir. Cavabdeh sonradan həmin 3300 manat pulun 1100 manatını Ilahənin qardaşı Ceyhunun kart hesabına göndərmişdir. Qalan pulu isə müxtəlif vaxtlarda Ilahənin özünə vermişdir ki, anasına versin. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Bununla bağlı Şəmkir RPŞ-nin X3 araşdırma aparılmış, cavabdeh həmin vaxt da izahat vermişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Mahir onun keçmiş həyat yoldaşıdır. Iddiaçı anasıdır. Mahir toydan sonra ona toya görə 3300 manat borcu olduğunu bildirmişdir. O da Mahirə həmin pulu anasından almasını və sonra qaytarmasını demişdir. Anası 3300 manat və 6000 manat pulu Mahirə onun yanında vermişdir. Mahir onu Rusiyaya aparmamışdır. Mahir Rusiyadan onlara 500 manat toya yazılmağa, 650 manat isə borcundan onun anasına qaytarmaq üçün pul göndərmişdir.

11. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçı onun anasıdır. 6000 manat pulu o aparıb Mahirə vermişdir. Həmin pulu Rusiya Federasiyasına gedəndə almışdır. 3300 manat pul Mahirə daha əvvəl verilmişdi. Qəbzdə qeyd edilən kart onun kartı deyil, onun bir dənə kartı var o da Unibank tərəfidən bağlanmışdır.

12. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir (hakim Nazlı Heydərova).

13. Birinci instansiya məhkəməsi mübahisəyə dair mövqeyini əsaslandırarkən ilk növbədə işin faktiki halları baxımından müəyyən etmişdir ki, cavabdehin iddiaçıya aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə iddiaçının cavabdehdən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir.

14. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Iddiaçı İddiaçı Mirəzli qızı cavabdeh Cavabdeh 3300 manat pul verməsi təsdiq olunur. Belə ki, cavabdeh hətta polis bölməsində vermiş olduğu izahatında da bildirmişdir ki, iddiaçıdan 3300 manat borca pul almışdır. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da, etirazındada göstərmişdir ki, cavabdeh iddiaçıdan 3300 manat borca pul almışdır. Bu hal öz təsdiqini iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tam olaraq tapır.

15. Məhkəmə iddiaçının cavabdehə 6000 manat pulu borc verməsini və həmin pulun faizi ilə birlikdə 7956(yeddi min doqquz yüz əlli altı) manat məbləğdə cavabdehdən tutulması tələbini əsaslı hesab etməyərək, qeyd etmişdir ki, iddiaçı cavabdehə 6000 manat pul verməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Bu halı məhkəmə iclasında iddiaçının ailə üzvləri təsdiq etmişdir ki, məhkəmə həmin hissədə onların izahatını mötəbər və qərəzsiz sübut növü kimi qəbul etmir.

16. Məhkəmə həmçinin müəyyən etmişdir ki, 3300 manat pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu hal nəticəsində cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öz etirazında borca aldığı 3300 manat puldan 1100 manatını kart vasitəsi ilə, qalan borcunu isə başqa vaxtlarda tamamilə qaytardığını bildirsədə, bu halı təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Cavabdeh hesab nömrəsindən çıxarış təqdim etmişdir ki, həmin çıxarışda pulun göndərildiyi şəxsin fərdi məlumatlarını müəyyən etmək olmur. Bundan əlavə iddiaçı özü və iş üzrə dindirilmiş şahidlər təsdiq etmişlər ki, cavabdeh aldığı puldan 650 manat hissəsini geri qaytarmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş yazışmalardan da, həqiqətən cavabdehin iddiaçıdan 6000 manat pulu borca aldığı müəyyən edilmir. Odur ki, hazırki halda iddiaçı iddia tələbinin cavabdeh tərəfindən ödənilməmiş borcun əvəzi qismində 2650 manat məbləğində pul tutulması hissəsinin əsaslılığını sübuta yetirmişdir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında 3300 manat pul manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh özü izahatı ilə iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun tamamilə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1, 1091.2 1092.1 və 1093.1-ci; Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 14.2, 52.2, 52.5, 77.1, 88, 106.3, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Iddiaçı apelyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmənin qətnaməsindən narazıdır. Işin mahiyyəti ondan ibarətdir ki, cavabdeh Cavabdeh qızı Ilahənin keçmiş əridir. Onlar 2023-cü ilin dekabr ayında el adəti ilə ailə qurmuşdular, ## ###### 2023-cü il tarixdə qız toyu, ## ###### 2023-cü il tarixdə oğlan toyu olmuşdur. Toydan sonra cavabdeh iddiaçının qızı Ilahəyə bildirmişdir ki, toydan 3300 manat borcu qalıb, borc sahibi onu sıxışdırır. Onun əlində toydan yığılan pul olmuşdur. O, qızına demişdir ki, “Mahirə borc verər, ancaq bir şərtlə ki, Mahir işləyib tez bir zamanda pulunu qaytarsın”. Mahir onun şərti ilə razılaşdığı üçün o, Mahirə 3300 (üç min üç yüz) manat borc pul vermişdir. Bir müddət sonra Mahir bildirmişdir ki, işləmək üçün Rusiyaya getmək istəyir, lakin pulu yoxdur və ondan yenə borc pul istəmişdir. O, özündə pul olmadığı üçün “xxxx”dan 6000 (altı min) manat pul götürüb Mahirə vermişdir. Həmin kredit faizləri ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat etmişdir. Bankdan ona verilən qrafiki o, Mahirə təqdim etmişdir. Mahirə Rusiyaya getdikdən sonra yalnız bir dəfə 1100 (min yüz) manat pul göndərmişdir. Həmin pulun beş yüz manatını öz qohumunun toyuna yazdırmaq üçün, 600 (altı yüz) manatını isə ona olan borcundan göndərib. Bundan başqa Mahir ona borclu olduğu puldan hər hansı ödəniş etməyib. Işə baxan birinci instansiya məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə yalnız cavabdehə verdiyi 3300 manat puldan cavabdeh tərəfindən ödənilməmiş qalmış 2650 manat pulun alınıb iddiaçıya verilməsini qət etmişdir. Onun cavabdehə Rusiyaya getmək üçün vermiş olduğu 6000 manatın faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manatın alınıb ona verilməsi hissəsində isə təmin etməmişdir. Həmin hissədə iddianı təmin etməməsini məhkəmə onunla əsaslandırmışdır ki, o, cavabdehə 6000 (altımin) manat pulu borc verməyinə dair mötəbər sübutlar təqdim etməmişdir. Iddiaçı məhkəmənin mövqeyi ilə razı deyildir. Belə ki, onun 6000 manat pulu Bankdan götürüb Mahirə verməyini məhkəmə iclasında dindirilmiş şahidlər X7 və X6 təsdiq etdilər. Lakin məhkəmə əsassız olaraq onların ifadələrini ailə üzvləri olduğuna görə mötəbər hesab etməmişdir. O, bununla razı deyildir. Belə ki, şahidlər onun ailə üzvü olduğu kimi, Cavabdeh da bir vaxtlar onun ailə üzvü idi, qızının əri idi. Buna görə borcun verilməsi də ailə içində olub. elə olan halda da, təbii ki, onun şahidləri ailə üzvləri olacaqdır. Cavabdeh onun qızının əri olduğu üçün o, cavabdehə qəbz imzalada bilməzdi, borc müqaviləsi bağlamaq üçün notariusa apara bilməzdi. Belə etsəydi bu qızı ilə əri arasında söz-söhbətə səbəb ola bilərdi. Çünki həmin vaxt onlar mehriban yaşayırdılar. Cavabdeh Rusiyaya getdikdən bir müdddət sonra cavabdehlə qızı arasında soyuqluq yarandı. O, bunları gözə alaraq, Mahirə borcu öz ailələrinin içində vermişdir. Işin halları ilə təsdiq olunmuşdur ki, Mahir ondan aldığı 3300 manatı pulu olmadığı üçün qaytara bilməmişdir. Əgər Mahirin onun 3300 manatını qaytarmağa pulu yox idisə, bəs Rusiyaya getmək üçün və orada alver etmək üçün pulu hardan aldı? Bundan başqa məhkəmə ondan əlavə sübutlarının olub-olmamasını da soruşmadı və özü də, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Belə ki, o, iddia ərizəsində də, məhkəmədə verdiyi ifadəsində də bildirmişdir ki, pulu “xxxx”dan götürüb cavabdehə Rusiyaya getmək üçün vermişdir. Məhkəmə onun xxxxdan həmin məbləğdə kredit götürüb-götürməməyini, iddiaçının kredit götürdüyü tarixlə cavabdehin Rusiyaya getməsi tarixləri arasında uyğunluq olub-olmamasını və s. halları araşdırmamışdır. Nəticədə iş üzrə yalnış nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirmişdir ki, 2023-cü ilin dekabr ayında qızı Ilahə ilə Mahir ailə həyatı qurmuşdular. Toydan sonra qızı anasına bildirmişdir ki, Mahirin 3300 manat borcu var. Ondan köməklik etməsini istəmişdi. O, da razılaşıb 2024-cü il yanvar ayında 3300 manatı vermişdir. Bir müddət sonra qızı ona Mahirlə Rusiya Federasiyasına gedəcəyini və 6000 manat pul lazım olduğunu bildirmişdir. Iddiaçı isə fevral ayında bankdan 6000 manat pul götürüb Mahirə vermişdir. Ondan sonra Cavabdeh Rusiya Federasiyasına tək gedəcəyini və Ilahəni aprel ayında qohumunun toyuna gəldiyi zaman aparacağını bildirmişdir. Mart ayının 1-də 2024-cü ildə Mahir Rusiya Federasiyasına getmiş, daha sonra Ilahə ilə əlaqə saxlamışdır. Kartında və sənədlərində problem yarandığını və aprel ayında gələ bilməyəcəyini, Ilahənin xalası qızı ilə birlikdə gəlməsini bildirmişdir. Daha sonra isə onun qızına gəlməməsini bildirmişdir. Rusiya Federasiyasında olan zaman Ilahə cavabdehdən pul istəmiş, o da, 500 manat toya, 650 manat isə Ilahəyə göndərmişdir. O, sə 500 manatı anasına krediti ödəmək üçün vermişdir. Bir müddət sonra sonra Mahir Ilahəyə onu istəmədiyini bildirmiş, pulu aldıqdan sonra iddiaçının qızına şər atmışdır.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, qarşı tərəf ona şər atır o, heç kimdən pul istəməmişdir. Ilahə Ibrahimova anasından ondan xəbərsiz pul istəmiş, iddiaçı isə qızına 3300 manat pul vermişdir. Daha sonra Ilahə həmin pulu ona vermişdir. Verilən pul isə ona borc kimi verilməmişdir. Lakin, iddiaçının ona verdiyini iddia etdiyi digər pul məbləğindən məlumatı olmadığını bildirmişdir. Toydan bir həftə sonra problemləri başlayıb və o, iddiaçının qızına gəlib onu aparmaqlarını bildirmişdir. O, mart ayında Rusiya Federasiyasına getmiş və iddiaçıya 500 manat və 650 manat pul olmaqla 1150 manat pul göndərmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Nümayəndə apelyasiya şikayətinin dəllilərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının qızı ilə cavabdeh faktiki olaraq ailə münasibətində olmuşlar. Toydan sonra Cavabdeh borcu yaranmışdır və yoldaşı özü anasından 3300 manat pul alıb gətirmişdir. Mahir isə onu borc kimi qəbul etdiyini bildirmişdir. Həmin pulu götürüb borclarını ödəmişlər. Sonra Cavabdeh Rusiya Federasiyasına gedib iddiaçının da qeyd etdiyi kimi 650 manat və 500 manat pul qardaşının kartına, qalan pulu isə dost tanışlara göndərməklə borcu tam şəkildə ödəmişdir və onun borcu qalmamışdır. Həmçinin, tərəflər polis şöbəsində olmuş və izahatları alınmışdır.

25. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən, “iddiaçının “xxxx” ASC-dən almış olduğu 6000 (altı min) manatın faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi hissəsində” ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilərək iddia tələbinin həmin hissədə təmin edilməsi, cavabdeh Cavabdeh 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətrnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (Hakimlər hakimləri-X9 (sədrlik edən məruzəçi), X10 və X4 ibarət tərkibdə).

26. Birinci instansiya məhkəməsinin mübahisəyə dair hüquqi mövqeyi ilə qismən razılaşan apellyasiya instansiyası məhkəməsi öz mövqeyinə, eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh iddiaçının keçmiş kürəkəni olmuşdur. Cavabdeh iddiaçının qızı ilə 2023-cü ilin dekabr ayında el adəti ilə evlənmiş və bir müddət birgə təsərrüfat aparmışlar. Bundan sonra cavabdeh Cavabdeh toy zamanı borc aldığını bildirəndə iddiaçının qızı Ilahə Ibrahimova anasından 3300 manat pul alaraq cavabdehə borclarını qaytarması üçün vermişdir. Bundan sonra cavabdeh Rusiya Federasiyasına gedəcəyini bunun üçün daha 6000 manat pul lazım olduğunu bildirmişdir. Bu zaman iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə “xxxx” ASC-dən illik 19.40 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit götürərək qaytarmaq şərtilə cavabdehə vermiş, lakin tərəflər arasında həmin borca dair müqavilənin yazılı formada bağlanılması ilə bağlı tələbə riayət olunmamışdır. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

27. Iddiaçının cavabdehə 6000 manat pulu borc verməsi və həmin pulun faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğdə cavabdehdən tutulması tələbi hissəsində birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayan apelyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iş materiallarında olan cavabdeh Cavabdeh ilə iddiaçının qızı Ilahə Ibrahimova arasındakı whatsapp yazışmalarından görünür ki, cavabdeh Cavabdeh iddiaçının qızına “kart at mən o kreditin pulunu atım borcumu qurtarım hansı karta atım” sözlərini yazmış, Ilahə ona kartın şəklini göndərmiş, o isə “7 mindir eləmi” cümləsini yazandan sonra, Ilahə yenidən ona kredit müqaviləsinin şəklini göndərmiş, “ödəniləcək məbləğ ödəniş cədvəlinin altında qeyd edilib” yazmış, Mahir isə isə cavabında “ok” yazması müəyyən edilmişdir.

28. Kollegiya həmçinin vurğulamışdır ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının ona verdiyini iddia etdiyi digər pul məbləğindən məlumatı olmadığını bildirsə də, iş materiallarında olan “whatsapp” yazışmaları cavabdehin həmin dəlilini təkzib edir. Belə ki, digər bir yazışmada isə X11 Hüseynova “niyə belə elədin. Ağlıma gəlir bəlkə pula görə belə elədin. Toydan sonra sənə 3300 verdik qalan borcunu ödəyəsən deyə, sonra da 6000 bankdan götürdük faizlə 8000 edir onu ödəməyəsən deyə belə etdin” sualına, cavabdeh “kağızı ala bilmədin, dedinə bəs göstərəcəm” daha sonra “mənim etdiklərimin yanında siz heçnə etməmisiniz mənim pulumun nömrəsi yoxdu”, “qaldı ki, pul məsələsinə hamısını ödəyəcəm nə qədər borcum var” sözlərini yazmışdır. Daha bir yazışmada Cavabdeh Ilahə Ibrahimovaya “Mən gəlməyəcəm Azərbaycana, əşyalarınızı adam göndərin yığıb aparsınar, Afizə zəng etsinlər, Afiz hər şeyi edəcək pulunuzu da, deyəcəm verəcək” sözlərini yazmışdır. Bununla da, onun qeyd olunan kredit müqaviləsindən məlumatlı olması və kredit müqaviləsi üzrə borcu ödəməyi öhdəsinə götürməsi təsdiqini tapmışdır.

29. Bundan başqa məhkəmə kollegiyası iddianın təmin edilməyən 650 manat hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həm tərəflər, həm də, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti ilə dindirilmiş şahidlər iddiaçının cavabdehə verdiyi 3300 manat puldan 650 manat hissəsini geri qaytarmasını təsdiq etmişlər. Ona görə də, kollegiya həmin hissədə apellyasiya şikayətini əsassız hesab etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.5, 385.1, 442, 739.1, 739.2, 1091.1, 1091.2 və 1092.1-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 384 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, kassasiya gikayətində qeyd edilən iş üzrə əhəmiyyət kəsb edən halların nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçı MəlahətIbrahimova qarşısında borc müqaviləsindən irəli gələn öhdəliklərinin yarandığını, həmin öhdəlikləri yerinə yetirməli olduğu, iddiaçı İddiaçı isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd etmiş olsa da, maddi hüquq normaları pozulmaqla tətbiq edilmişdir. Belə ki, Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdə borcu yaranmamış, Cavabdeh 3300 manat pulu iddiaçının qızı gətirib evlərində vermiş və anasından aldığını bildirmişdir. Cavabdeh iddiaçıdan ümumiyyətlə borc pul istəməmiş və ondan borc pul almamışdır. Ona verilən pulu isə borc kimi qəbul etməmişdir. Sonradan ailədə aralarında narazılıq yarandığından iddiaçının qızının ona verdiyi 3300 manat puldan 1150 manat pulu qaytarmışdır. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı borc almasa da, qızının ona gətirdiyi puldan qaytarmış və qalan 2150 manat pulu da qaytaracaq. Mülki Məcəllənin 442-ci maddəsinə istinad edilməklə cavabdehin iddiaçı İddiaçı qarşısında öhdəliyini icra etməməsi və iddiaçının Banka olan kredit borcunu ödəməyi bütövlükdə Cavabdeh üzərinə götürməsi nəticəsinə gəlinmişdir. Halbuki, tərəflər arasında elə bir razılaşma və öhdəlik münasibəti mövcud olmamışdır.

33. Məhkəmə qətnaməsində iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmadığından şifahi əqdin etibarsız olması, etibarsız əqd nəticəsində isə cavabdehin əsassız varlanmış olmasını müəyyən etmişdir. Halbuki, cavabdeh Cavabdehla iddiaçı arasında belə bir müqavilə əsası ümumiyyətlə mövcud olmamışdır. Belə ki, Cavabdeh iddiaçının qızı ilə olmamışdır. Belə ki, Cavabdeh iddiaçının qızı ilə faktiki evli olmuş və ailədə pula ehtiyac olduğundan iddiaçının qızı Ilahə özü ondan xəbərsiz 3300 manat pul gətirmişdir. Cavabdeh Cavabdeh heç vaxt iddiaçıdan borc pul istəməmiş və ondan borc pul götürməmişdir. Cavabdeh Cavabdeh iddiaçının hesabına əmlak əldə etmək niyyəti olmamışdır. Sonradan tərəflər arasında ailə münasibətləri pozulduğundan iddiaçı Şəmkir rayon X2 şikayət ərizəsi ilə müraciət etdikdə, Cavabdeh iddiaçının qızı Ilahə tərəfindən ona 3300 manat pul verildiyini bildirmişdir. Bu halı məhkəmə iclaslarında iddiaçının özü də təsdiq etmişdir. Iddiaçı isə cavabdehə həmin məbləğdə pulu birbaşa aralarında olan şifahi borc müqaviləsi əsasında borc verməsinə, ümumiyyətlə Cavabdeh ondan borc pul istəməsinə və ona iki dəfə müxtəlif məbləğlərdə borc pul verməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmamış və cavabdeh Cavabdeh iddiaçı qarşısında üzərinə hər hansı öhdəlik götürməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamışdır. Məhkəmənin qətnamədə qeyd etdiyi arqumentlərindən görünür ki, məhkəmə iddia ərizəsində və birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin xeyrinə olan arqumentləri qətiyyən araşdırmamış, bu arqumentlərə obyektiv hüquqi qiymət verməmişdir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızının vasitəsilə 2024-cü il yanvar ayında 3300 manat, bir müddət sonra qızının Mahirlə Rusiya Federasiyasına getməsi üçün isə fevral ayında bankdan 6000 manat pul götürüb verdiyini bildirmiş olsa da, ikinci dəfə Cavabdeh 6000 manat borc verməsi barədə mötəbər sübutlarını iddiaçı məhkəməyə təqdim edə bilməsə də bunun əksinə olaraq məhkəmə iddiaçının qeyd etdiyi ziddiyyətli, absurd və əsassız mövqeyini əsas tutaraq qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

43. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

44. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

46. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Kassator-cavabdeh qətnaməni qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı da həmin mübahisələndirilən hissədə yoxlanılır.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar