Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1453/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İsmayılov Malik Nadir oğlu və Balayev İlham Temir oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, zaminlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İsmayılov Malik Nadir oğlu və Balayev İlham Temir oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Malik İsmayılov (vəkil Vəkil/Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC İsmayılov Malik Nadir oğluna 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 6.400 ABŞ dolları məbləğində kredit vermişdir.
2. İsmayılov Malik Nadir oğluna kredit verilərkən Balayev İlham Temir oğlu ilə İddiaçı ASC arasında *********/ZM nömrəli ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
3. Kredit Müqaviləsi üzrə bağlanmış * nömrəli ##.##.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana 6.400 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6.400 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti ##.##.2017-ci il tarixədək təyin olumuşdur.
4. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı 3.497,3 ABŞ dolları kredit öhdəliyinin qalığı (“restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1,50 AZN) 5.245,95 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2022-ci il tarixədək uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) cavabdehlər İsmayılov Malik Nadir oğlu və Balayev İlham Temir oğluna (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14.805,72 manat - bundan 4.623,82 manat əsas, 3.307,78 manat faiz, 6.204,04 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 670,08 manat faiz borcu və iş üzrə ödənilmiş 134,42 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin Xırdalan filialı ilə cavabdeh Malik İsmayılov arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 18 ay müddətinə illik 28 % dərəcəsi ilə 6.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Malik İsmayılova kredit verilərkən İlham Balayev ilə Bank arasında *********/ZM nömrəli ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit Müqaviləsi üzrə bağlanmış * nömrəli ##.##.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana 6.400 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6.400 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti ##.##.2017-ci il tarixədək təyin olumuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı 3.497,3 ABŞ dolları kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1,50 AZN) 5.245,95 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2024-cü il tarixə Malik İsmayılovun kredit üzrə cəmi borcu 14.805,72 manat təşkil edir. Bundan 4.623,82 manat əsas, 3.307,78 manat faiz, 6.204,04 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 670,08 manat faiz borcu təşkil edir.
7. Cavabdeh Malik İsmayılov ##.##.2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini və iddia əsassız olduğundan, iddia tələbi üzrə üç illik müddət keçdiyindən iddia müddətinin tətbiq edilməsi ilə məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)- ****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Kredit Müqaviləsinə əsasən İddiaçı ASC-nin Xırdalan filialı ilə cavabdeh Malik İsmayılov arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 18 ay müddətinə illik 28 % dərəcəsi ilə 6.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh Malik İsmayılov və İlham Balayev müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında ##.##.2015ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı kredit və faiz borcunu tələb edir, cavabdeh isə iddia müddətini tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı bank tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Yəni cavabdehlə kredit müqaviləsinin bağlanması, kredit müqaviləsi üzrə hesabdan çırarışda əks olunmuş ödənişlər, maliyyə arayışında əks olunmuş - kreditin verilmə tarixi, müddəti, faiz dərəcəsi, məbləği, əsas borcdan ödənilən məbləğ, faizdən ödənilən məbləğ, cəmi ödənilən məbləğ, son ödəniş tarixi, əsas və faiz borcu barədə sübutlar məhkəməyə təqdim etmişdir. Lakin iddia müddəti keçdiyindən, iddiaçı Bankın cavabdehlər Malik İsmayılov və İlham Balayevə qarşı borc tələbinə dair iddiası təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi mövqeyinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 337.1, 337.2, 337.5, 386.1, 425.1, 442, 448.1, 448.2, 745.5, 739.1, 739.2, 467, 743.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. İddiaçı Bank apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Bərdə Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. İddiaçı Bank tərəfindən cavabdehlər Malik İsmayılov və İlham Balayevə qarşı “borc tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında saxlanılan elektron ərizədən çıxarışa əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi ##.##.2025-ci il kimi qeyd edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, iddiaçı Bank ilə cavabdeh Malik İsmayılov arasında bağlanmış ********* saylı ##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 6.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin müqaviləyə ##.##.2015-ci il tarixdə ** saylı Əlavə saziş və ##.##.2017-ci il tarixdə * saylı Əlavə Saziş bağlanaraq dəyişiklik edilmiş, kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, sonuncu dəfə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi ##.##.2022-ci il tarixdir. Beləliklə, iddia müddətinin son günü ##.##.2025-ci il tarixdir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ##.##.2025-ci il tarixdə, yəni iddia müddətini ötürmədən vaxtında müraciət etmişdir. Yuxarıdan göründüyü kimi, bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, lakin buna baxmayaraq məhkəmə qeyd edilən xüsusatları nəzərə almayaraq iddia tələbini əsassız olaraq rədd etmişdir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh Malik İsmayılov müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Əkrəm Qəhramanov və Rəhman Muradov) pellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdeh Malik İsmayılovndan 4.623,82 manat əsas, 3.307,78 manat faiz, 46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 670,08 manat faiz borcu, cəmi borcu 8.647,68 manat və iş üzrə ödənilmiş 78,51 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı Bank ilə cavabdeh Malik İsmayılov arasında ##.##.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 18 ay müddətinə illik 28 % dərəcəsi ilə 6.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Malik İsmayılova kredit verilərkən İlham Balayev ilə Bank arasında *********/ZM nömrəli ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit Müqaviləsi üzrə bağlanmış ** nömrəli ##.##.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana 6.400 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6.400 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti ##.##.2017-ci il tarixədək təyin olumuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı 3.497,3 ABŞ dolları kredit öhdəliyinin qalığı (“restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 ABŞ dolları = 1,50 AZN) 5.245,95 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2022-ci il tarixədək uzadılmışdır. Belə olan halda iddia müddətinin son günü ##.##.2025-ci il tarixdir. İddiaçı kredit təşkilatı isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
16. Hazırkı tələbdə kreditor həm borcluya, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə tələb irəli sürmüşdür. Belə olan halda, borclu və zaminlərə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığına dair ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır.
17. Məhkəmə kollegiyası ilk növbədə zaminliyə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı işin hallarından isə görünür ki, kreditor İddiaçı ASC ilə zamin İlham Balayev arasında bağlanmış ##.##.2015-ci il tarixli zaminlik müqaviləsinin 5.1.4cü bəndində qeyd edilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia sürülmədiyi halda zaminliyə xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı Bank ilə Malik İsmayılov arasında bağlanmış ##.##.2017-ci il tarixli Əlavə sazişlə tərəflər, o cümlədən zaminlə razılaşmışlar ki, 5245.95 manat məbləğində kredit borcu qalığı ##.##.2022-ci il tarixədək ödənilməlidir. Lakin iddiaçı bank zamin İlham Balayevə qarşı ##.##.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından cavabdeh İlham Balayev kredit müqaviləsi üzrə öhdəliyin icrasına görə məsuliyyət daşımır. Ona görə də, iddia tələbi ona münasibətdə təmin edilə bilməz.
18. Məhkəmə kollegiyası iddianın əsas borclu Malik İsmayılova münasibətdə hissəsində isə qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış və iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Belə ki, işin hallarından müəyyən olunur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə tam ödəməmiş və bununla da, iddiaçının hüquqları pozulmuşdur. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də əsas və ona hesablanmış faiz borcunun kredit müqaviləsi üzrə borcludan tələb edilməsi əsaslıdır. Nəticədə borcalanın kreditora 4623,85 manat əsas, 3081,52 manat faiz, 46 manat dəbbə və gecikdirilmiş borc üçün illik beş faiz hesablanmaqla 664 manat faiz borcu yaranmışdır.
19. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında olan müqavilədə dəbbə pulunun nəzərdə tutulması və cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin müqavilə üzrə 46 manat məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir.
21. Bundan əlavə, kreditor borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etməkdə də haqlıdır. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
22. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizin ödənilməsini tələb etməkdə haqlıdır. Hazırkı işin hallarından görünür ki, kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti ##.##.2022-ci il tarixdə başa çatmış, lakin borclu həmin tarixə iddiaçıya qaytarmalı olduğu borcunu ödəməmişdir. Bu halda borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması qanuni və əsaslı sayılır. Eyni zamanda, iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin məbləğ isə 664 manat təşkil edir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.1, 462.1,472.1, 472.2, 477.0.4, 739.1, 739.2, 740.1, 740.2, 742.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh Malik İsmayılov (vəkil Məmmədbəyli Elşən Elbrus oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinə dair hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373 və 377-ci maddələrinin tələblərinə əsasən müqavilə tələbləri üzrə ümumi iddia müddəti üç ildir və bu müddət hüququn pozulduğu andan hesablanır. İş materiallarından görünür ki, kredit müqaviləsi ##.##.2015-ci il tarixdə 18 ay müddətinə bağlanmış, öhdəliklərin icrası isə ən geci 2016-cı ildə pozulmuşdur. Buna baxmayaraq, məhkəmələr iddia müddətinin başlanğıcını bankla borcalan arasında sonradan bağlanmış restrukturizasiya sazişinin bitmə tarixi ilə əlaqələndirmişlər. Halbuki, həmin saziş yalnız ödəniş şərtlərinin dəyişdirilməsini nəzərdə tutur, yeni öhdəlik (novasiya) yaratmır və iddia müddətinin hesablanmasına təsir göstərmir. Bu səbəbdən iddia müddəti ən geci 2020-ci ildə başa çatmış, ##.##.2025-ci il tarixdə məhkəməyə verilmiş iddia isə qanunla müəyyən edilmiş müddət keçdikdən sonra irəli sürülmüşdür. Bundan əlavə, məhkəmə borcun məbləğinin müəyyən edilməsi zamanı sübutları tam və obyektiv araşdırmamışdır. Bank tərəfindən təqdim edilmiş hesablamalarda əsas borcun formalaşması, müqavilə və gecikmə faizlərinin hesablanma qaydası, cərimələrin hüquqi və iqtisadi əsasları açıqlanmamış, hesablamaların metodologiyası göstərilməmişdir. Mübahisə predmeti olan borc məbləği əsas borc, faizlər, cərimələr, gecikmə faizləri və valyuta çevrilməsi kimi xüsusi iqtisadi bilik tələb edən elementlərdən ibarət olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin etmədən, xüsusi bilik tələb edən məsələləri özü qiymətləndirmiş, bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozaraq sübutları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Bu prosessual pozuntu iş üzrə düzgün nəticəyə gəlinməsinə mane olmuş və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm maddi hüquq normaları (iddia müddətinin tətbiqi), həm də prosessual hüquq normaları (sübutların qiymətləndirilməsi və ekspertiza təyin edilməməsi) kobud şəkildə pozulduğundan, qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia isə rədd olunmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır.
28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
34. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
35. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
41. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
42. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
43. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
44. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
45. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
46. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
47. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
48. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
49. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
50. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
59. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Malik İsmayılov tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Malik İsmayılov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.