Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1455/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh1, X3 və cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Şəmkir rayon Icra və Probasiya Şöbəsinin icraatında olan Şəmkir Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə ipoteka ilə yüklü edilmiş ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi hərrac yolu ilə tələbkar "xxxx” QSCyə satılmışdır. Icra sənədinə əsasən əldə olunmuş məbləğin borcun ödənilməsi kifayət etmədikdə qalıq borcun borclulardan müştərək qaydada alınması göstərilsə də, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi göstərilməmişdir (##.##.2023-cü il tarixli Şəmkir Rayon Icra və Probasiya şöbəsinin tərəfindən verilmiş məktubuna əsasən).
2. ünvan 1 ünvanda yerləşən əmlak İddiaçı QSC Şəmkir filialının tam mülkiyyətindədir.
3. ünvan 3 ünvanında yerləşən mərhum X1 adına Dəllər qəsəbə IƏD üzrə nümayəndəliyində ** saylı "Ev təsərrüfatlarının uçotu kitabı"-nin **** saylı şəxsi hesabı üzrə təsərrüfat üzvlərinin cavabdeh4, cavabdeh1, X3, cavabdeh3, cavabdeh5, X6, X2, X5, X4 qeyd edilmişdir (##.##.2022-ci il tarixli ** nömrəli Şəmkir rayon Icra Hakimiyyəti Başçısının Dəllər qəsəbə IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş məktuba əsasən).
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC (bundan sonra – “iddiaçı” və ya “bank”) iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh1, X3 və cavabdeh3 Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43,3 m2 yaşayış, 51,0 m2 yardımçı, 94.3 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə (bundan sonra – “mübahisəli əmlak”) istifadə hüquqlarının itirməklə onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlərdən kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın hərrac yolu ilə satılması qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Sonradan ipoteka predmeti olan fərdi yaşayış evi hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmiş, lakin evdə qeydiyyatda olan və yaşayan cavabdehlər əmlakı könüllü boşaltmadıqlarından bankın mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətmişlər.
6. Şəmkir Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – H.Məhəmmədi) ilə iddia tələbi təmin edilərək cavabdehlərin mübahisəli əmlakdan istifadə hüququna xitam verilməsi, həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Belə ki, mübahisəli əmlak kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Kredit müqaviləsi üzrə yaranmış öhdəlik lazımınca icra edilmədiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutma ipoteka predmetinə yönəldilmişdir. Ipoteka predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi satılması üçün açıq hərraca çıxarılmış, satılmadığı üçün ipoteka saxlayan kimi iddiaçı həmin yaşayış evini borcun əvəzinə almaqla, mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan da cavabdehlərin həmin yaşayış evi və torpaq sahəsi üzərində mövcud olmuş mülkiyyət və digər əşya hüquqları itirilmişdir. Ona görə də iddiaçının mülkiyyətində olan mübahisəli əmlak üzərində cavabdehlərin sahibliyi qanunsuzdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 (İ hissə), 29 (İ və II hissələr), Mülki Məcəlləsinin 139.1, 146, 157.1, 157.2, 157.4, 178.1, 205.2, “Ipoteka haqqında” Qanunun 59.3, 59.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh doğulduğu vaxtdan ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evində yaşamış, həmin ev kredit öhdəliyinin təminatı kimi ipotekaya qoyulmuş və sonradan məhkəmə qətnaməsi əsasında hərrac yolu ilə satılaraq bankın mülkiyyətinə keçmişdir. Cavabdehin mübahisəli evdən başqa yaşayış yeri yoxdur, həmin ev yeganə yaşayış sahəsidir və ev bankın mülkiyyətinə keçsə də, ondan istifadə hüququnu itirməmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Ş.Rzaquliyev – sədrlik edən və məruzəçi, İ.Həsənov və R.Məcidov).
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, bank mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etdiyindən və cavabdeh cavabdeh3 həmin əmlaka dair hər hansı mülkiyyət hüququ olmadığından və sonuncunun iddiaçıya məxsus evdə yaşamaqda davam etməklə mülkiyyət hüququ pozulduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikasının Konstitusiyasının 13 (İ hissə), 29 (İ və II hissələr), Mülki Məcəlləsinin 139.1, 146, 157.1, 157.2, 157.4, 205.2-ci maddələri üzrə - iddiaçının hüquqları ilə yanaşı cavabdehin mənafeyi də nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Belə ki, cavabdeh cavabdeh3 mübahisəli fərdi yaşayış evinda doğulub, böyümüş və daimi olaraq həmin fərdi yaşayış evində yaşamışdır. Onun həmin evdən başqa yaşayış sahəsi yoxdur. Lakin məhkəmə qeyd olunan halların heç birini nəzərə almadan yekun nəticəyə gəlmişdir. Halbuki cavabdeh cavabdeh3 mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, onun həmin evdən istifadə hüququ vardır.
15. MPM-in 9.1, 9.3, 13.7, 77.1, 88, 217.1 və 217.3-cü maddələri üzrə - apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq sübutlara MPM-in 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
32. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
35. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.