Məhkəmə qərarları › İş №2(1-8)-1461/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1461/2026

01.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1461/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı “su boru xəttindən qanunsuz istifadənin aradan qaldırılması və həmin su boru xətlərinin bərpası” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması (neqator tələb), su xəttinin ləğv edilməsi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Ünvan ünvanında istifadədə olan 0,8582 ha torpaq sahəsində yerləşən 1853,45 kv.m ümumi, 1460,27 kv.m əsas, 393,18 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (X12) tam mülkiyyət hüququ üzrə Iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Ordubad Bələdiyyəsinin ** nömrəli, ## ######## 2002-ci il tarixli qərarı ilə Ordubad şəhəri, XXX küçəsində yaşayan 13 nəfər vətəndaş:XXXnun, X5 (şərik X26), X2, cavabdeh6 nun, X37, X3, X8, X1, X4, X9, X7, X10 və cavabdeh3 ərizəsi nəzərə alınaraq, onlara yeni su xəttinin çəkilişinə icazə verilməsi, yeni çəkilən su xəttinin adları yuxarıda qeyd olunan vətəndaşlara məxsus olması qərara alınmışdır.

3. Iddiaçı cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh3, cavabdeh4, cavabdeh2 vəXXXnun ünvanlarına ## ### 2025-ci il tarixdə xəbərdarlıq barədə ərizə ilə müraciət edərək, zavodun su xəttinə qanunsuz qoşulmanı aradan qaldıraraq, su xəttinin bərpa edilməsi, əks təqdirdə tərəfindən müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirərək 10 gün müddətində tələbinin təmin edilməsini xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı cavabdehlər X7, cavabdeh8, cavabdeh4, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh3, XXXna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan X12 150-lik dəmir boru ilə gələn içməli su xəttindən qanunsuz istifadənin aradan qaldırılması və həmin su xəttinin bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. CavabdehXXX ## ### 2024-cü il tarixdə öldüyündən arvadı cavabdeh1 cavabdeh qismində mülki işə cəlb edilmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, Naxçıvan MR-da Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı aparılan islahatlar zamanı 2005-ci ildə satışa çıxarılan X12 57647870 manata almışdır. Hazırda həmin X12 Naxçıvan MR Iqtisadi Inkişaf Nazirliyinin verdiyi Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ilə iddiaçının toxunulmaz mülkiyyətidir. O, həmin əmlakı aldıqdan sonra mülkiyyətinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. X12 hazırda mülkiyyətindədir və fəaliyyətini davam etdirir. X12 alarkən Zavodun ## ####### 2005-ci il tarixə olan əsas vəsaitlərinin adlı siyahısı tərtib olunaraq qiymətləndirilmiş və həmin qiymətlər əsasında Zavodun inventarına daxil olan qeyd olunan vəsaitləri pul ödəyərək almışdır. X12 fəaliyyət göstərdiyi dövrdə 2015-2016-cı illərdə su təchizatını Zavodun balansında (X12 alınan əsas vəsaitlərin adlı siyahısındakı 58-ci vəsait - 36158 manat, 59-cu vəsait - 12546 manat) olan kəhriz su xətti və çaydan gələn su xətti ilə işlətdiyi suyu təmin edirdi. 2015-2016-cı illərdə Ordubad Rayon Icra Hakimiyyəti tərəfindən aparılan tikinti-təmir və abadlıq işləri vaxtı Ordubad rayon X35 Istismarı Idarəsinin əməkdaşları da təmir-tikinti adı altında Zavoda çaydan gələn 300-lük dəmir boru və kəhrizdən gələn 150-lik dəmir borudan ibarət su xəttini sökərək daşıyıb aparmışlar və sonradan da eşitmişdir ki, satmışlar. Həmin su xətləri onun tərəfindən Zavodun digər inventarları kimi alınmışdır və onun toxunulmaz mülkiyyəti sayılır. Buna baxmayaraq, qeyd olunan dövrdəki abadlıq təmir-tikinti adı ilə Ordubad rayon X35 Istismarı Idarəsi tərəfindən mülkiyyətində olan su xətləri zorla sökülüb aparılmışdır. Sonradan Zavodun texniki suyu bərpa olunsa da, 150-lik dəmir borudan ibarət içməli su xətti bu günədək bərpa olunmamışdır. Zavodunun mülkiyyəti sayılan 150-lik dəmir boru ilə gələn içməli su xətti Ordubad rayon X35 Istismarı Idarəsi Zavodun qonşuluğunda yerləşən 12 evə (sonradan bəlli olan məlumata əsasən 14 evə) paylayaraq, onlardan illərdir ki, su pulu yığır. Bununla bağlı qanunsuz olaraq qeyd olunan su xəttinə qoşularaq istifadələrinin dayandırılması ilə bağlı ünvan sahibləri olan cavabdehlərə ərizə ilə müraciət etmişdir. Lakin, bu günədək heç bir nəticəsi olmamışdır. Mülkiyyətinə qəsd edilib, zavodunun mülkiyyətində olan su xətti onun icazəsi və razılığı olmadan qanunsuz olaraq cavabdehlər tərəfindən istifadə olunur və bununla da iddiaçının su təchizatı pozulur. Ona görə də, cavabdehlər tərəfindən mülkiyyətində olan X12 içməli su xəttinə qanunsuz qoşulma aradan qaldırılmalı və su xətti bərpa edilməlidir.

7. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh7 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, həyətinə 1982-ci ildən su gəlir. 150-dən yuxarı çeşmə var. Onlar icazə alıb suyu çəkib gətirmiş və istifadə edirlər, kəhrizlər satılmır. 19 quyu da 36000 qiymət edilə bilməz, hər biri böyük çeşmələrdir, hamısı tarixi abidədir, istifadəyə verilə bilər amma satıla bilməz.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh6 iddiaya etiraz edərək göstərmişdir ki, 53 yaşı var, 30-35 ildən çoxdur ki, suyu istifadə edirlər. Bu su onların öz suyudur, bələdiyyədə bu su ilə bağlı sənədləri var. Lazım olduqda çeşməni təmizlətmişlər.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh5 iddiaya etiraz edərək göstərmişdir ki, onların həyətinə su çoxdan gəlir. Çeşmə batmışdı, onlar çeşməni yenidən bərpa etmişlər su xətlərini təzələmişlər və su konserv zavodunun suyu deyil.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 iddiaya etiraz edərək göstərmişdir ki, onlar 1970-ci ildən bu suyu işlədirlər. 300-lük truba ilə zavodun suyu ayrı olub. Bu su öz sularıdır, bələdiyyədə bu su ilə bağlı sənədlər var. Bu su 1986-cı ildən 13 nəfərə verilib.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, onların həyətinə 1978-ci ildən su gəlir. 30-35 ildən çoxdur ki, suyu istifadə edirlər. Bu su onların öz suyudur, bələdiyyədə bu su ilə bağlı sənədləri var. Konserv zavodunun suyu ayrı idi. Bu suyu öz pulları ilə truba alıb çəkmişlər. Hər 3-5 ildən bir çeşməni təmizlətmişlər. Su konserv zavodunun suyu deyil, Iqtisadiyyat Nazirliyi çeşmə suyunu qiymət edib ona sata bilməz. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı eyni zamanda iddia müddətini ötürmüşdür, məhkəmə iddia müddətinin ötürülməsinə münasibət bildirməlidir.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, o, 30 ildir ki, gəlin gəlmiş və illərdir sudan istifadə edir. Bu su onların öz suyudur, çeşməni təmizlətmək üçün hamı kimi pul vermişlər.

13. Ordubad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim T.Haqverdiyev) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əsas arqumenti su xətlərinin onun mülkiyyətinə aid olması və cavabdehlərin icazəsiz istifadəsidir. Lakin cavabdehlər tərəfindən verilən izahatlardan görünmüşdür ki, onlar uzun illərdir ki, bu su xətlərindən istifadə edir və suyun bələdiyyə sənədləri ilə istifadəsi mövcuddur.

15. Eyni zamanda, məhkəmə iclasında cavabdeh cavabdeh2 tərəfindən bildirilmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Yəni, iddiaçının mülkiyyət hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etdiyi tarix ilə müvafiq hadisələr arasında qanunla müəyyən edilmiş müddət aşılmışdır.

16. Ilk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Iddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə mübahisələndirilən su xəttindən istifadəsinə qadağa qoyulması ilə bağlı olan məsələdir. Bu hüquqi dəyərləndirmənin başlanması üçün isə ən vacib şərt belə bir iddia irəli sürməkdən ötrü hüquqi imkanların tükənməməsidir. Lakin məhkəmə hesab etmişdir ki, növbəti addım kimi ikinci hüquqi əsası araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının həmin iddianı vermək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü bildirir.

17. Işin mübahisəsiz hallarından da görünmüşdür ki, Ordubad şəhəri, XXXndə yerləşən X12 ## ###### 2006-cı il tarixdə Iddiaçı almışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddia edilən X12 150-lik dəmir boru ilə gələn su xəttindən, uzun illərdi hətta 1986-cı ildə o xətti təmir etdirməklə istifadə etdiklərini qeyd etmişdirlər, iddiaçı 2006-cı ildən qeyd olunan zavoda sahiblik edən dövrdə artıq ona məlum olmuşdur ki, həmin su xəttindən istifadə edənlər kimlərdir. Yəni hazırkı iş üzrə cavabdehlərin o dövrdə sudan istifadə etdiyi iddiaçıya məlum idi. Iddiaçı isə bu barədə iddia ərizəsini ## #### 2025-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə təqdim etmişdir.

18. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsini, o illərdə Naxçıvan Muxtar Respublikasında olan rəhbər şəxslərin buna imkan verməməsi və özünün də ehtiyat etməsi ilə əsaslandırmışdır. Lakin, məhkəmə qeyd etmişdir ki, bu iddia müddətinin ötürülməsi üçün əsas deyil.

19. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

20. Iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. Iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

21. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 377-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi mülkiyyət sənədlərinə diqqət etməmişdir. Iddia ərizəsində bərpasını tələb etdiyi su boru xətti zavodun inventarına daxildir. Yəni alınan əsas vəsaitlərin adlı siyahısındakı bütün inventarlar birlikdə X12 təşkil edir. Bu səbəbdən də onun iddiası pozulmuş mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan burada iddia müddəti tətbiq edilə bilməzdi. Işə baxan birinci instansiya məhkəməsi əsas qanunun ziddinə olaraq, eyni zamanda Mülki Məcəllənin tam ziddinə olaraq onun mülkiyyət hüququna dair iddiasına iddia müddətini tətbiq etmiş və belə bir qətnamə qəbul etmişdir. Məhkəmə ciddi maddi hüquq pozuntusuna yol vermişdir.

25. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi ilə (hakim M.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər S.Qarayev və Z.Aliyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

27. Əvvəla iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlərdən yalnız cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının həmin iddianı vermək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü bildirmiş, birinci instansiya məhkəməsi isə həmin ərizə əsasında bütün cavabdehlərə münasibətdə iddia müddəti tətbiq edərək, iddianı rədd etmişdir.

28. Iş materialları ilə müəyyən olunmuşdur ki, digər cavabdehlər tərəfindən iddia müddətinin tətbiqinə dair hər hansı ərizə verilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı bütövlükdə rədd etmiş, digər cavabdehlərə münasibətdə iddia müddətinin tətbiq olunub-olunmaması məsələsini ayrıca araşdırmamış və bununla bağlı əsaslandırılmış hüquqi mövqe bildirməmişdir.

29. Beləliklə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi digər cavabdehlərə münasibətdə iş üzrə halları tam və hərtərəfli araşdırmalı və sübutlar əsasında mahiyyəti üzrə qərar qəbul etməli idi.

30. Eyni zamanda qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsini əsaslandırarkən iddia müddətin tətbiqinə istinad etməsi də apellyasiya instansiyası tərəfindən düzgün hesab edilmir. Belə ki, baxılan işdə mübahisə iddiaçının mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. Mülkiyyət hüququnun tanınması və onun qanunsuz məhdudlaşdırılmasının aradan qaldırılması tələblərinə münasibətdə isə iddia müddətinin tətbiqi yolverilməzdir.

31. Beləliklə apellyasiya şikayətində göstərilən “mübahisə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz” dəlilinə münasibətdə kollegiya həmin hissə ilə razılaşmış və qeyd etmişdir ki, mülkiyyət hüququnun pozuntusunun aradan qaldırılması barədə tələblərə, o cümlədən neqator xarakterli iddialara iddia müddətinin tətbiqi yolverilməzdir. Bu baxımdan birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinə dair hüquqi əsaslandırması yuxarıda qeyd olunduğu kimi düzgün hesab edilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əsas məsələlərdən biri ilk olaraq sübutetmə yükünün düzgün müəyyən edilməsi və təqdim olunmuş sübutlara qanunauyğun hüquqi qiymət verilməsidir. Iddianın əsassızlığı halı özlüyündə iddia müddətin tətbiqini də istisna edir.

33. Hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülən tələb mahiyyət etibarilə mülkiyyət hüququnun müdafiəsi – yəni iddiaçının mülkiyyətində olduğunu bildirdiyi su xəttinə qanunsuz qoşulmanın aradan qaldırılması barədə neqator xarakterli iddiadır. Belə tələbin təmin edilməsi üçün iddiaçı aşağıdakı halları məcmu şəkildə sübuta yetirməlidir: mübahisə predmetinə dair əmlakın (konkret olaraq 150-lik dəmir boru ilə gələn içməli su xəttinin) onun mülkiyyətində olmasını; həmin əmlakın faktiki olaraq mövcud olmasını və hüquqi cəhətdən müəyyən edilə bilən obyekt təşkil etməsini; cavabdehlərin məhz həmin əmlaka qanunsuz müdaxilə etməsini və ya ondan icazəsiz istifadə etməsini; bu müdaxilə nəticəsində iddiaçının hüquqlarının pozulmasını.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutetmə yükü bu halların hər biri üzrə iddiaçının üzərinə düşür və həmin hallar ehtimallarla deyil, mötəbər və kifayət qədər mötəbər sübutlarla təsdiq olunmalıdır.

35. Iş materiallarına əsasən iddiaçı tələbinin əsasını təşkil edən sübut qismində Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətini, zavodun onun adına dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışı və əsas vəsaitlərin adlı siyahısını təqdim edərək, mübahisə predmetinə dair əmlakın onun mülkiyyətində olmasını, eyni zamanda həmin əmlaka cavabdehlər tərəfindən müdaxilə edilməsini iddia etmişdir.

36. Apellyasiya kollegiyası həmin sübutlara MPM-in sübutların qiymətləndirilməsi ilə bağlı normalarının tələblərinə uyğun qiymət verərək qeyd etmişdir ki, Naxçıvan MR Iqtisadi Inkişaf Nazirliyinin verdiyi ## ###### 2005-ci il tarixli ****** nömrəli Şəhadətnaməyə əsasən Ordubad şəhəri, XXXndə yerləşən X12 Iddiaçı satılması və bu əsasla ona Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ## ###### 2013-cü il tarixli ************-***** nömrəli Çıxarış əsasında tam mülkiyyət hüququnun verilməsi öz təsdiqini tapsa da, həmin sənədlərlə iddiaçının iddia etdiyi kimi mübahisə olunan 150-lik dəmir boru ilə gələn içməli su xəttinin Zavodun balansında olması (iddiaçının mülkiyyətində olması) öz təsdiqini tapmamışdır.

37. Belə ki, Naxçıvan MR Iqtisadi Inkişaf Nazirliyinin verdiyi Şəhadətnamənin məzmununa nəzər saldıqda aydın olmuşdur ki, həmin sənəddə yalnız zavodun iddiaçı tərəfindən alınması ifadə olunmuş, bu zaman zavoda məxsus hər hansı inventarın olması və iddiaçıya satılması orada öz əksini tapmamışdır. Eyni zamanda, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda yalnız Ünvan ünvanında istifadədə olan 0,8582 ha torpaq sahəsində yerləşən 1853,45 kv.m ümumi, 1460,27 kv.m əsas, 393,18 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi X12 tam mülkiyyət hüququ üzrə Iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı göstərilmişdir. Iddiaçının Zavodun ## ####### 2005-ci il tarixə əsas vəsaitlərinin adlı siyahısına istinad edərək iddia etdiyi 150-lik dəmir boru ilə gələn içməli su xəttinin Zavodun balansında olmasına dair sübuta gəlincə, həmin adlı siyahının məhz X12 direktoru və maddi məsul şəxsi (hazırkı iş üzrə iddiaçı) tərəfindən tərtib olunaraq imzalandığı aydın olur ki, həmin sənədin hansı tarixdə tərtib edildiyinin müəyyənləşdirilə bilməməsi və sənədin iddiaçı tərəfindən tərtib olunması, həmçinin qeyd olunan aktın zavodun öz möhürü ilə təsdiq edilməsi onun iddianın əsasını təşkil edən mötəbər sübut qismində qəbul olunmasını istisna edir.

38. Bununla yanaşı, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı müraciətində özü etiraf etmişdir ki, 2015-2016-cı illərdə Ordubad Rayon Icra Hakimiyyəti tərəfindən aparılan təmir-tikinti və abadlıq işləri zamanı Ordubad rayon X35 Istismarı Idarəsi tərəfindən zavoda gələn su xətləri sökülmüş, sonradan 300-lük texniki su xətti bərpa olunsa da, hazırda mübahisələndirilən 150-lik dəmir boru su xətti bərpa olunmamışdır. Hətta iddiaçı qeyd etmişdir ki, sonradan ona məlum olmuşdur ki, həmin sökülən bu su xətti işçilər tərəfindən daşınaraq, satılmışdır. Belə olan halda isə Kollegiya qeyd etmişdir ki, iddiaçının bu göstərdiyi faktlar hazırda cavabdehlərin istifadə etdiyi su xəttinin məhz iddiaçının mülkiyyətində olmuş və söküldüyü iddia edilən həmin xətt olmasını sübutetmə predmetinə çevirir. Bu faktın özü də onu deməyə əsas vermişdir ki, iddia olunan 150-lik su xəttinin sonradan bərpa olunmadığı halda cavabdehlərin bu xətdən istifadə etməsi mümkünsüzdür.

39. Həmçinin, iş materiallarında olan Ordubad Bələdiyyəsinin ## ######## 2002-ci il tarixli ** nömrəli qərarından aydın olmuşdur ki, şəhərin XXX küçəsinin bir qrup sakini tərəfindən daxil olmuş ərizə müzakirə olunmuş, məlum olmuşdur ki, 13 nəfər vətəndaşın uzun illərdən bəri istifadə etdiyi su xətti yararsız vəziyyətə düşmüşdür. Sudan istifadə edən vətəndaşlar onlara məxsus olan su xəttini yenidən təmir etmək və qısa məsafədən yeni su xəttini çəkmək barəsində verdikləri ərizəyə əsasən Ordubad bələdiyyəsi həmin ərizəyə baxış keçirmişdir. Məlum olmuşdur ki, həqiqətən su xətti yararsız vəziyyətdədir və onun bərpası məqsədəuyğun deyil. Digər tərəfdən 500 metr ümumi uzunluğu olmaqla yeni su xəttinin 200 metri yeni istiqamətdə, 300 metri əvvəlki istiqamətdə çəkilməklə su xəttinin bərpası mümkündür. Ordubad bələdiyyəsi yuxarıda qeyd olunanları nəzərə alaraq qərara almışdır ki, Ordubad şəhəri, XXX küçəsində yaşayan 13 nəfər vətəndaşa - X13, X5 (şərik X30), X2, cavabdeh6 , X37, X3, X8, X1, X4, X9, X7, X10, cavabdeh3 ərizəsi nəzərə alınsın və onlara yeni su xəttinin çəkilişinə icazə verilsin. Yeni su xəttinin mənbəyi “X31” məxsus binanın altından dibində çayın üst hissəsində axan su mənbəyinə birləşdirilsin. Yeni çəkilən su xəttinin smetik planı hazırlansın. Quyunun keyfiyyəti barəsində Ordubad rayon X31 sertifikat alınsın. Yeni çəkilən su xətləri yuxarıda qeyd olunan vətəndaşlara məxsusdur. Bu su xəttinə gələcəkdə qoşulanlar və ya kənar qazma ilə yeni su xəttinə qoşulmasına yalnız Ordubad bələdiyyəsinin rəsmi icazəsi olduqdan sonra həyata keçirilə bilər.

40. Məhkəmə araşdırması zamanı izahatı dinlənilən cavabdehlər hazırda iddiaçının iddia etdiyi su xəttinin onlara heç bir aidiyyətinin olmadığını, hazırda istifadə etdikləri su xəttinin 30-35 ildən çoxdur ki, istifadələrində olduğunu, 2002-ci ildə isə qeyd olunan bu Bələdiyyə qərarı ilə su xəttini öz vəsaitləri hesabına yeniləyərək istifadə etdiklərini, bu su xəttindən iki xətt vasitəsilə hazırda da Zavoda su getdiyini bildirmişlər. Apellyasiya baxışı zamanı sualları cavablandıran iddiaçının nümayəndəsi hazırda cavabdehlərin istifadə etdikləri bu su xəttini həqiqətən pul yığaraq çəkdiklərini, özünün bu işə həmin vaxt rəhbərlik etdiyini, lakin xəttin yenə də zavoda məxsus olduğunu bildirmişdir.

41. Beləliklə, iş materiallarından aydın olmuşdur ki, iddiaçının göstərdiyi hallar sübuta yetirilməmişdir. Belə olan halda isə məhkəmə ehtimala əsaslanaraq nəticə çıxara bilməz.

42. Nəticə etibarilə, mübahisə predmetinə dair əmlakın (konkret olaraq 150-lik dəmir boru ilə gələn içməli su xəttinin) iddiaçının mülkiyyətində olması, məhz həmin əmlakın faktiki olaraq mövcud olması və hüquqi cəhətdən müəyyən edilə bilən obyekt təşkil etməsi, cavabdehlərin həmin əmlaka qanunsuz müdaxilə etməsi və ya ondan icazəsiz istifadə etməsi, bu müdaxilə nəticəsində iddiaçının mülkiyyət hüququnun pozulması halları öz təsdiqini tapmamışdır. Bütün bu qeyd olunan faktlar isə təsdiqini tapmadığından sübutetmə yükü yerinə yetirilməmiş hesab olunur. Bu isə iddia tələbinin əsassızlığına dair nəticəyə gəlməyə kifayət edir.

43. Beləliklə, kollegiya apellyasiya şikayətinin: iddia müddətinin tətbiqinin yolverilməzliyi ilə bağlı hissəsini əsaslı, lakin təqdim edilmiş mülkiyyət sənədlərinin mübahisəli su xətti üzərində iddiaçının hüququnun pozulduğunu tam və birmənalı şəkildə sübuta yetirməsi barədə dəlillərini əsassız hesab etmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 13, 139, 152, 157, 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

45. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-ci maddələrinin tələbləri pozulmuşdur.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin 10-cu səhifəsində verilmiş Şəhadətnamədə yalnız zavodun iddiaçı tərəfindən alınmasının qeyd olunduğunu, bu zaman zavoda məxsus hər hansı inventarın olması və iddiaçıya satılması orada öz əksini tapmamışdır deyə qeyd etmişdir. Bununla bağlı onu qeyd etmək lazımdır ki, həmin Şəhadətnamədə satılmış əmlakın ümumi inventarlarla birlikdə dəyəri qeyd edilmiş, həmçinin həmin dəyər zavodun möhürü ilə təsdiq olunmuş ## ####### 2005-ci il tarixli əsas vəsaitlərin siyahısında da eyni rəqəmlə öz əksini tapmışdır. Şəhadətnamədə alıcının, yəni fiziki şəxsin adı qeyd olunmuş, inventarlar siyahısı isə həmin tarixdə zavodun direktorunun imzası və zavodun möhürü ilə təsdiq olunmuşdur. Zavodun həmin sənəddə möhürünün olması həmin siyahıda qeyd olunan inventarların zavoda məxsus olduğunu təsdiq edir və eyni zamanda həmin zavodun inventarlarla birlikdə iddiaçı tərəfindən alınması da alqı-satqı təsdiq edən, mülkiyyət sənədi sayılan Şəhadətnamə ilə bir daha təsdiqlənir. Bütün bunlar isə onu deməyə əsas verir ki, həmin siyahıda qeyd olunanlar iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan əmlaklardır. Iddiaçı məhkəmədə iddia qaldıran zaman öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş, iddianın əsasını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi zavodun möhürü vurulmuş, həmin vaxt direktoru olmuş şəxs tərəfindən imza ilə təsdiq olunmuş inventarlara aid adlı siyahını nəzərə almamış, həmin sənədin mötəbərliyini şübhə altına atmışdır. Həmin siyahıya maddi məsul şəxs kimi hazırkı iş üzrə iddiaçı imza etmiş və bu da bir daha həmin vaxt iddiaçının daşınmaz əmlakla (əmlak kompleksi) ilə bərabər onun inventarlarını da aldığını bir daha təsdiqləyir. Iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərdə - Çıxarış, Texniki pasport və Şəhadətnamədə əmlakın adı “əmlak kompleksi kimi müəssisə” olaraq qeyd olunur. Bu isə o deməkdir ki, burada sadəcə daşınmaz əmlakdan yox, həmin əmlak və əmlakın daxilində, balansında olan inventarlar da nəzərdə tutulur.

48. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

49. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

50. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

51. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

52. Azərbaycan Respublikasının Konstitusiyasının: 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

57. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan dəmir boru ilə gələn içməli su xəttinin iddiaçının mülkiyyətində olması, cavabdehlərin həmin su borusuna qanunsuz müdaxilə etməsi və bu müdaxilə nəticəsində iddiaçının mülkiyyət hüququnun pozulması işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlarla müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddianı rədd etmişdir.

58. Işin hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi və gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar