Məhkəmə qərarları › İş №2(1-8)-1475/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1475/2026

08.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1475/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh ASC (vəkil Vəkil İlham oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. ##.##.2023-cü il tarixli, RPA********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən, İddiaçı məxsus olan Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən yaşayış yeri Cavabdeh ASC-də 1 il müddətinə - ## ######## 2024-cü il tarixədək sığorta edilmişdir. Sığorta məbləği 15.000 manat, azadolma məbləği (franşiza) 150 manat müəyyən edilmişdir.

2. Sığorta edilmiş evə təbii fəlakət nəticəsində zərər dəymişdir. Daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ##.##.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, məsul şəxs tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən yaşayış evinə baxış keçirilmiş, baxışın nəticələrinə dair akt tərtib olunmuşdur.

3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** saylı məktubu ilə təqdim olunmuş, Quba rayonu Aşağı Tüləkəran kəndi ərazisinin mühəndis-geoloji şəraiti haqqında arayışda qeyd olunmuşdur ki, X1 Cavabdeh ASC tərəfindən daxil olmuş # ###### 2024-cü il tarixli, ****/C-********** nömrəli məktuba əsasən Agentliyin mütəxəssisi Xətai Mirzəyev ## ######## 2024-cü il tarixdə ünvan 1 sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Tektonik cəhətcə Təngi-Beşbarmaq antiklinoriumu ilə Şahdağ-Xızı sinklinoriumunun hüdudlarında yerləşən ərazinin geoloji quruluşunda Alt Təbaşirin Alp mərtəbəsinin (K1al) mergelləri, argillitləri, gilləri, bəzi yerlərdə qumdaşları, qravelitləri, tufqumdaşları və tufkonqlomeratları iştirak edirlər. Bu süxur kompleksi kəndin əksər sahələrində Holosen yaşlı elüvial-delüvial mənşəli sarımtıl-boz rəngli gilcələrlə örtülmüşdür. Aşağı Tüləkəran kəndi rayon mərkəzindən 16-17 km cənub-şərqdə, mütləq yüksəkliyi 850-900 m olan ərazidə yerləşir. İddiaçı məxsus fərdi yaşayış sahəsi (41°16'30.47", 48°25'51.35" koordinatlarında) mailliyi 20-22° olan yamacda yerləşir. Baxış keçirilən ərazinin geomorfoloji, hidrogeoloji və geoloji-litoloji şəraiti burada ekzogen geoloji prosesin yaranmasına zəmin yaratmışdır. Vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, 2024-cü ilin may-iyun aylarında atmosfer çöküntülərinin təsiri nəticəsində fərdi tikilinin yerləşdiyi ərazidə yamac istiqamətində torpaq qatında müxtəlif ölçülü çatlar və çökmə prosesi baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatlar, künc hissələrdə aralanmalar və deformasiya prosesi qeydə alınmışdır. # ### 2024-cü il tarixdə sözügedən ünvanda ekzogen geoloji proseslər nəticəsində çatların yaranması ilə əlaqədar sorğuya cavab olaraq bildirilmişdir ki, X1 vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndisi-geoloji baxış keçirilir. X1 ünvan 1 sakini İddiaçı məxsus ünvandan # ### 2024-cü il tarixdə ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olmamışdır.

4. Cavabdeh ASC-nin ##.##.2024-cü il tarixli, ****/C saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixdə təşkilata müraciət edərək, Cavabdeh ASC-də RPA********** saylı “Daşınmaz Əmlakın İcbari Sığortası” üzrə sığortalanmış Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən yaşayış evinə zərər dəydiyini bildirmişdir. Cəmiyyətə məlumat daxil olan kimi dərhal ASC tərəfindən sığorta araşdırmasına başlanılmış, ASC-nin əməkdaşı hadisə yerinə getmiş, foto çəkilişlər etmiş və hadisəyə dair ilkin akt tərtib etmişdir. Sığorta araşdırması ilə bağlı ASC tərəfindən aidiyyəti orqana müvafiq sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 sorğuya cavab olaraq ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** saylı məktubunda ərazidə çökmə prosesinin baş verdiyi göstərilmişdir. Məlumat üçün nəzərə çatdırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalanmışdır. Lakin çökmə prosesi həmin hallara aid edilməmişdir. Bu səbəbdən də, çökmə nəticəsində əmlaka dəyən zərərlər sığorta təminatı ilə əhatə olunmur və sığorta hadisəsi hesab edilmir. Mülki Məcəllənin 922.1-ci, 935.1.8-ci maddələrinə, “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununa istinad edərək ##.##.2024-cü il tarixli müraciət üzrə Cavabdeh ASC-nin məsuliyyətinin yaranmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun Quba rayonu, Tüləkəran kəndində yerləşən, torpaq sürüşməsi nəticəsində yararsız hala düşmüş evinə dəymiş faktiki ziyanın (müstəqil ekspertiza təyin edib) müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Yuxarı Tüləkəran kəndi ərazisində 97 kv.metr olan ümumi sahəsi olan fərdi yaşayış evi onun və ailəsinin yaşadığı ünvan və yaşayış yeridir. Həmin ev cavabdeh ASC-də sığortalamışdır. Evin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş vermiş və sürüşmə nəticəsində yaşadıqları ev tam yararsız hala düşmüşdür. Həmin evdə yaşamaq təhlükəli olmaqla ev hər an sürüşmənin təsiri nəticəsində qəzaya uğraya bilər. Evdə yaşamaq olduqca təhlükəlidir. Onlar sürüşmə baş verən kimi dərhal evlərini sığortalayan şirkət olan Cavabdeh ASC-yə müraciət edib, evlərinə külli miqdarda ziyan dəydiyini bildirmişdir. Onun müraciətindən sonra cavabdeh təşkilat öz nümayəndəsini hadisə yerinə göndərmişdir. Nümayəndə hadisə yerinə baxış keçirib hadisəyə dair ilkin akt tərtib etmiş və uzun müddət keçdikdən sonra ## ####### 2024-cü il tarixdə cavabdeh təşkilat ona məktubla ərazidə sürüşmə deyil, çökmə prosesinin baş verdiyini, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası sığorta hadisəsinə səbəb ola biləcək halların sadalandığını, lakin çökmə prosesinin həmin hallara aid edilmədiyini, bu səbəbdən çökmə nəticəsində əmlaka dəyən zərərlərin sığorta təminatı ilə əhatə olunmadığını və sığorta hadisəsi hesab edilmədiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisəni sığorta hadisəsi hesab edilməsi halında sığorta ödənişinin verilməsinə imtina edildiyini bildirib ona sığorta nəticəsində dəymiş real ziyanın ödənilməsindən imtina edilmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi hadisə yerindən çəkilmiş fotoşəkillərdən aşkar olur ki, hadisə nəticəsində çökmə deyil, məhz sürüşmə baş vermişdir. Lakin cavabdeh təşkilat əsassız olaraq onun iştirakı olmadan hadisə yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 rəyinə əsaslanıb ona sığorta ödənişi etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilat iddia ərizəsində istinad etdiyi qanunun tələblərini pozaraq əsassız olaraq ona sığorta ödənişi ödəməkdən imtina etmişdir.

7. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin # ###### 2025-ci il tarixli **/**** saylı rəyində qeyd olunmuşdur ki, Quba rayonu, Yuxarı Tüləkəran kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evi üzrə sahələri 50,4 kv.metr (9,0x5,6 m), 15,1 kv.metr (2,7x5,6 m) və 10,0 kv.metr (4,0x2,5 m) olan tikililərin konstruktiv elementləri üzrə, yəni divarlarında iri həcmli çatların olduğu, divarlarla tavanın birləşmə hissələrinin bir-birindən aralandığı, döşəmə ilə divarların birləşmə hissələrinin bir-birindən aralandığı, evin xarici divarlarında iri həcmli üfüqi və şaquli çatların olduğu müəyyən edilmişdir (tədqiqat hissədə fotocədvəldə ətraflı göstərilmişdir) (1-ci sual üzrə). Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir (2-ci sual üzrə).

8. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ƏEM/N**-***/** saylı ekspert rəyində qeyd olunmuşdur ki, Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən evə dəyən zərərin aradan qaldırılması üçün ümumilikdə inşasına çəkilmiş xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 43.523 manat təşkil edir.

9. Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəməyə ##.##.2025-ci il tarixdə iki mülahizə təqdim etmişdir. Həmin mülahizələrdə qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. ASC olaraq bu ekspertizanın təyin olunmasına etiraz etmişlər. Bu qərardada cavab olaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən # ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi daxil olmuşdur. Ekspert rəyi ilə tanış olmuşlar. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Quba rayonu, Yuxarı Tüləkəran kəndində yerləşən mənzilə ziyan dəymişdirmi? Həmin mənzilə zərər dəymişdirsə, bu zərərin aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işləri aparılmalıdır? Bu suallar üzrə ekspert rəydə qeyd olunan nəticəyə gəlmişdir. Ekspert qarşısında “Quba rayonu, Yuxarı Tüləkəran kəndində yerləşən mənzilə ziyan dəymişdirmi?” məzmununda sualın qoyulmasının məqsədi cavabdeh tərəfə aydın deyildir. Çünki mübahisənin predmetini yaşayış evində ziyanın mövcud olubolmaması deyil, ziyanın səbəbi təşkil edir. İddiaçı yaşayış evinə ##.##.2024-cü il tarixli sürüşmə nəticəsində zərər dəydiyini iddia edir, cavabdeh isə bu sahədə ixtisaslaşmış səlahiyyətli dövlət orqanının arayışına istinad edərək bunu inkar edir. Ümumiyyətlə, ziyanın səbəbi ilə bağlı da hər hansı əlavə araşdırma aparılmasına zərurət görmürlər. Çünki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 ərazidə tədricən çökmə prosesinin baş verdiyi və bunun davamı olaraq çatların yarandığı qənaətinə gəlmişdir. Yəni səlahiyyətli dövlət orqanının ziyanın səbəbi barədə rəsmi mövqeyi mövcuddur. Nəticə etibarı ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində sığorta hadisəsinə səbəb ola biləcək halların sadalandığını və çökmə prosesinin həmin hallara daxil olmadığını nəzərə alaraq, mövcud sənədlərlə iddia rədd olunmalıdır. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1ində yerləşən yaşayış evi “Daşınmaz əmlakın İcbari Sığortası” üzrə sığortalanmışdır. ##.##.2024-cü il tarixində nümayəndə2 Cəmiyyətə müraciət edərək yaşayış evinə zərər dəydiyini bildirmişdir. Müraciət dərhal qeydiyyata alınmış və sığorta araşdırmasına başlanmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən hadisənin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Vətəndaşın iddia etdiyi hadisə barədə zamanlı məlumat verməməsinə baxmayaraq (3 ay sonra məlumat vermişdir), sığortaçı olaraq vətəndaşa bütün zəruri dəstək göstərilmişdir. Sığorta araşdırması çərçivəsində yaşayış evində yaşayan nümayəndə2 ərizə və yazılı izahat alınmışdır. Vətəndaşın verdiyi məlumata əsasən ##.##.2024-cü il tarixdə baş vermiş sürüşmə nəticəsində yaşayış evinə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2-ci maddəsinin tələbini və vətəndaşın verdiyi bu məlumatı nəzərə alaraq, aidiyyəti üzrə səlahiyyətli dövlət orqanına – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 ##.##.2024-cü il tarixli ****/C-********** nömrəli sorğu məktubu ünvanlanmışdır. Sorğuya cavab olaraq X1 təqdim etdiyi ##.##.2024-cü il tarixli *-**-**/*-***/**** nömrəli məktuba əlavə olunan arayışa əsasən məlum olmuşdur ki, Agentliyin mütəxəssisi tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirilmişdir. Vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, 2024-cü ilin may-iyun aylarında atmosfer çöküntülərinin təsiri nəticəsində fərdi tikilinin yerləşdiyi ərazidə yamac istiqamətində torpaq qatında müxtəlif ölçülü çatlar və çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatlar, künc hissələrdə aralanmalar və deformasiya qeydə alınmışdır. Nəticə etibarı ilə vətəndaşın ##.##.2024-cü il tarixli sürüşmə hadisəsi öz təsdiqini tapmamışdır. Əksinə, səlahiyyətli dövlət orqanı tədricən çökmə prosesinin baş verdiyi və bunun davamı olaraq çatların yarandığı qənaətinə gəlmişdir. Məlumdur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalanmışdır, çökmə prosesi isə həmin siyahıda mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Vətəndaşın iddia etdiyi hadisənin (##.##.2024-cü il tarixli sürüşmənin) baş verməsi öz təsdiqini tapmadığına görə və ümumiyyətlə, səlahiyyətli dövlət orqanı (X1) tərəfindən çatların yaranma səbəbi kimi çökmə prosesi (sığorta təminatına daxil deyil) müəyyən edildiyinə görə İddiaçı ##.##.2024-cü il tarixli ****/C nömrəli sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş göndərilmişdir. Göründüyü kimi, cavabdeh ASC qanunvericilik və müqavilə üzrə bütün vəzifə və öhdəliklərini düzgün və tam icra etmiş, sığorta ödənişinin verilməsindən imtina etməyə isə haqlı olmuşdur.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişinin, iddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş 400 manat xidmət haqqının və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka sürüşmə nəticəsində zərər dəyməsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur Belə ki, cavabdehin imtinaya əsas kimi istinad etdiyi X1 təqdim etdiyi ##.##.2024-cü il tarixli 3-14-18/2- ***/**** nömrəli məktuba əlavə olunan arayış ərazinin mühəndis- geoloji şəraiti haqqında olmaqla, prosesin baş verməsi təsvir edilsə də, hadisənin torpaq sürüşməsi olmaması kimi də qiymətləndirilə bilməz.

12. İnternet resurslarında olan elmi araşdırmaların nəticələri barədə məlumatlarına əsasən torpaq sürüşməsi - ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsinə deyilir. Həmçinin torpaq qatında müxtəlif ölçülü çatlar, çökmə və s. müşayiət olunan prosesə elmi ədəbiyyatda torpaq sürüşməsi deyilir. Çökmə başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsinə aid hadisədir. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və sair təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir. Sürüşmənin xarakteri və onun təhlükəlilik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir. Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar. Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir. Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur. İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır. Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır. Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.

13. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalansa da, konkret olaraq çökmə prosesi isə həmin siyahıda mövcud olmaması, başqa sözlə sığorta təminatına daxil olmaması sığorta hadisəsinin baş verməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin təqdim etdiyi arayışdan da aydın görünür ki, fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatlar, künc hissələrdə aralanmalar və deformasiya qeydə alınması faktı iddiaçının evinə zərərin dəyməsinin təsdiqidir və bu zərərin məhz ərazidə baş vermiş torpaq sürüşməsi nəticəsində deyil, çökmə prosesinin baş verdiyi və bunun davamı olaraq çatların yaranması kimi ifadə olunması sığorta ödənişinin imtinasına əsas ola bilməz.

14. Məhkəmə onu da qeyd etmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olmuş) və çatışmazlığını, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdırması, onun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir. Sığortaçı müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Başqa sözlə, həm Mülki Məcəllədə, həm də “İcbari Sığortalar haqqında” qanunda sığorta məbləği və sığorta ödənişi sığortaçının öhdəliyinin son həddi kimi göstərilmişdir. Yəni sığortaçının məsuliyyətinin son həddi qanunla imperativ qaydada müəyyən olunmuşdur. Həm Mülki Məcəllənin, həm “İcbari Sığortalar haqqında” qanunun mənasına görə sığortaçının öhdəliyinin son həddi konkret olaraq qabaqcadan qanunla və ya müqavilə azadlığı prinsipinə görə razılaşdırılmış, müəyyənləşdirilmişdir. Hazırkı vəziyyətdə sığorta öhdəliyinin yaranma əsası delikt (mülki hüquq pozuntusu) deyil, məhz tərəflər arasında bağlanmış müqavilədir və müqavilə ilə tərəflər arasında olan qarşılıqlı öhdəliklərin həcmi və həddi müəyyənləşdirilmişdir.

15. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının evinə zərər məhz ərazidə baş vermiş torpaq sürüşməsi nəticəsində vurulmuşdur və bu hadisənin də mahiyyət etibarilə sığorta hadisəsi olmaması kimi qiymətləndirməyə tutarlı əsas yoxdur (qadağa edən norma da yoxdur). Ona görə də, sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyan (sığorta ödənişi) ödənilməlidir. Cavabdehin bu ödənişi verməkdən imtina etməsi əsaslı olmamışdır. Sığorta hadisənin baş verməsinə və iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, sığorta şirkəti sığorta ödənişini ödəməkdən yayınmış, bununla da bir növ sığorta ödənişini ödəməkdə marağının olmamasını nümayiş etdirmiş və bu da son nəticədə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

16. Belə olan halda məhkəmə hesab etmişdir ki, sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edildiyi üçün sığorta ödənişi 14.850 manatdan çox ola bilmədiyinə görə iddia tələbi qismən təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14.2, 21.1, 21.2, 390.1, 390.2, 883.1, 898.1, 922.1, 926.1, 926.2-ci, “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1, 6.2, 8.1, 10.1, 10.2, 15.1, 18.1, 20.4, 56, 58.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Cavabdeh ASC apellyasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə naməlum internet resurslarına istinad edərək “torpaq sürüşməsinin ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsinə deyildiyini” qeyd etmiş, bunun davamı olaraq heç bir əsas olmadan “çökmənin başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsi olduğu” fikrinə gəlmişdir. Yəni məhkəmə X1 rəyini düzgün təhlil etməmiş, öz təşəbbüsü ilə çökmənin torpaq sürüşməsinin tərkib hissəsi olduğunu əsaslandırmağa cəhd etmişdir. Qeyd edilməlidir ki, “çökmə” və “sürüşmə” elmi ədəbiyyata aid olan, geoloji elmə və texniki biliyə əsaslanan proseslərdir. Məhkəmənin subyektiv mülahizəsi əsasında xüsusi bilik tələb edən proseslər ilə bağlı terminoloji ifadələrin eyniləşdirilməsi qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh ASC tərəfindən isə hadisənin sığorta hadisəsi olubolmaması

19. araşdırılarkən bu sahədə səlahiyyətli dövlət orqanının – X1 rəyi alınmışdır. Rəydə nəinki yer sürüşməsinə, ümumiyyətlə, hər hansı sürüşməyə istinad olunmamışdır. Məhz çökməyə istinad olunmuşdur. Formalaşmış təcrübəyə əsasən də qeyd olunmalıdır ki, sürüşmə baş verdikdə X1 öz rəyində “sürüşmə” ifadəsinə bilavasitə istinad edir. Nəticə etibarı ilə məhkəmə müstəqil hadisə hesab olunan “çökmə”ni “sürüşmə” kimi təqdim edərək əsassız olaraq sığorta hadisəsinin baş verməsi qənaətinə gəlmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq mövqeyinə dair qeyd etmişdir ki, iddiaçının yaşadığı evə hansısa bədbəxt hadisə və ya cinayət nəticəsində deyil, məhz evin yerləşdiyi torpaq sahəsində baş verən təbiət hadisəsi nəticəsində ziyan dəymişdir. Evə ziyan dəyməsi iş materialları ilə sübut olunur və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir. Lakin cavabdeh tərəf həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının yaşadığı evə dəymiş ziyan sığorta müqaviləsində göstərilməyən – torpaq çökməsi nəticəsində baş vermişdir. Cavabdeh bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 verilmiş rəyə əsaslanır və qeyd edir ki, müqavilədə torpaq çökməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya sığorta ödənişi ödənilməmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 rəyi olduğu halda, internet resurslarından əldə edilmiş anlayışlara istinad edərək, “çökmənin başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsi olduğu” fikrinə gəlmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin bu dəlilləri ilə bağlın qeyd etmişdir ki, sığorta müqaviləsində ayrıca olaraq “çökmə” terminindən istifadə edilməsə də, lakin müqavilənin “Sığorta riskləri” bölməsində sadalanan “təbii fəlakətlər” terminindən istifadə edilmişdir. Məlum olduğu kimi, təbiətdə baş verən təbii fəlakətlər təkcə müqavilədə sadalanan - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi kimi hadisələrdən ibarət deyil, digər formalarda da ola bilər və bu formaların da hər birinin fərqli növləri ola bilər. Lakin bütün bu təbii fəlakətlərin hər birinin ümumi oxşar cəhətləri var. Tərəflər arasında sığorta müqaviləsi imzalanarkən “təbii fəlakətlər” terminindən istifadə edilmiş və təbii fəlakətlərin ən çox yayılan zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi kimi hadisələr sadalanmışdır. İddiaçının evinin zədələnməsi də məhz torpaqda baş verən təbii fəlakətlə bağlı olmuşdur. Yəni bu hadisənin baş vermə səbəbi istər “sürüşmə”, istərsə də “çökmə” adlandırılsa da, son nəticədə bu torpaqla bağlı təbii fəlakət nəticəsində baş vermişdir. Bundan əlavə, əgər torpaqda baş verən “sürüşmə” və “çökmə” kimi təbiət hadisələrinin fərqi cavabdeh üçün vacib önəm daşıyırsa, o, hansı sığorta hadisəsi üçün iddiaçıya sığorta pulu ödənilməyəcəyini müqavilədə xüsusi qeyd etməli idi. İndiki halda isə sığortalının yaşadığı evin yerləşdiyi torpaq sahəsində təbii fəlakət baş vermiş, həmin evə bunun nəticəsində maddi ziyan dəymiş, cavabdeh isə müxtəlif frazeoloji terminlərin fərqini diqqətə çatdıraraq, sığorta ödənişindən yayınmaq istəyir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, çökmə başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsinə aid hadisədir və sığorta hadisəsi iddiaçının yaşadığı evin yerləşdiyi torpaq sahəsində baş vermiş bu təbii fəlakətlə bağlı olmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 926.1, 926.2-ci, “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1, 6.2, 8.1, 10.1, 10.2, 15.1, 18.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdeh ASC (vəkili Vəkil İlham oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə mövcud sübutlara qanunun tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi yalnız icbari sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində sığorta ödənişinin verilməsi üçün əsas kimi nəzərdə tutulmuş, müqavilənin qüvvədə olduğu müddətdə baş vermiş hadisə hesab edilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən isə baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina etməlidir. Eyni qayda “İcbari sığortalar haqqında” Qanunun 36.1.8-ci maddəsində də öz əksini tapmışdır. Həmin normaya əsasən daşınmaz əmlakın yalnız zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və yer sürüşməsi nəticəsində zədələnməsi və ya məhv olması sığorta hadisəsi hesab edilir. Göründüyü kimi, qanunverici sığorta təminatı verilən riskləri dəqiq və məhdud şəkildə müəyyən etmiş, “çökmə” hadisəsini həmin siyahıya daxil etməmişdir. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının əmlakına dəyən zərər torpaqla bağlı baş vermiş təbii fəlakətin nəticəsi olduğundan, hadisənin “sürüşmə” və ya “çökmə” adlandırılmasının hüquqi əhəmiyyəti yoxdur. Bu nəticə qanunvericiliyin mahiyyətinə ziddir. Çünki tərəflər arasında bağlanmış daşınmaz əmlakın icbari sığorta müqaviləsində sığorta riskləri qanunun tələblərinə uyğun olaraq konkret və məhdud şəkildə sadalanmışdır. Məhkəmənin həmin siyahını geniş şərh etməsi və qanunda nəzərdə tutulmayan hadisəni sığorta təminatına daxil etməsi sığorta müqaviləsinin və icbari sığorta institutunun hüquqi mahiyyətini dəyişdirir, məhkəmənin qanunvericinin iradəsini əvəz etməsi ilə nəticələnir. Apellyasiya Məhkəməsi göstərmişdir ki, əgər “sürüşmə” və “çökmə” hadisələrinin fərqləndirilməsi sığortaçı üçün əhəmiyyət kəsb edirdisə, bu hal müqavilədə ayrıca qeyd edilməli idi. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilə sərbəst razılaşma əsasında tərtib edilmiş mülki-hüquqi müqavilə deyil, icbari sığorta müqaviləsidir. Bu münasibətlər bilavasitə “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması və məzmunu isə Azərbaycan Respublikası Mərkəzi Bankının ## ##### 2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmişdir. Buna görə də sığortaçının müqaviləyə əlavə şərtlər daxil etmək və ya qanunla müəyyən edilmiş sığorta risklərini dəyişdirmək səlahiyyəti mövcud deyildir. Odur ki, məhkəmənin bu əsaslandırması hüquqi cəhətdən əsassızdır. Apellyasiya Məhkəməsi daha sonra “çökmə” hadisəsinin “yer sürüşməsi” prosesinin tərkib hissəsi olduğunu qeyd etmişdir. Halbuki belə nəticəyə gəlmək xüsusi geoloji bilik tələb edən məsələdir və məhkəmə bunu öz mülahizəsi ilə müəyyən edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar başqa sübutlarla təsdiq edilə bilməz. Yer sürüşməsi və çökmənin eyni geoloji proses olub-olmaması yalnız bu sahədə xüsusi biliyə malik mütəxəssislərin rəyi ilə müəyyən edilə bilər. Məhz buna görə də cavabdeh ASC tərəfindən hadisənin hüquqi qiymətləndirilməsi zamanı səlahiyyətli dövlət orqanı olan X1 rəyi alınmışdır. Həmin rəydə hadisənin yer sürüşməsi deyil, məhz çökmə olduğu göstərilmiş, hər hansı sürüşmə prosesinin baş verməsi müəyyən edilməmişdir. Elmi baxımdan da yer sürüşməsi və çökmə müxtəlif geoloji proseslərdir. Yer sürüşməsi torpaq və ya süxur kütlələrinin ağırlıq qüvvəsinin təsiri ilə yamac boyunca maili istiqamətdə hərəkəti olduğu halda, çökmə yer səthinin şaquli istiqamətdə aşağı enməsi ilə xarakterizə olunur və adətən yeraltı boşluqların çökməsi, torpağın sıxlaşması və ya yeraltı suların təsiri nəticəsində baş verir. Deməli, bu anlayışların eyniləşdirilməsi nə elmi, nə də hüquqi baxımdan əsaslı hesab oluna bilməz. Belə olan halda, hadisənin sığorta təminatına daxil olan “yer sürüşməsi” deyil, qanunla sığorta riski kimi nəzərdə tutulmayan “çökmə” olduğu xüsusi biliyə malik səlahiyyətli dövlət orqanının rəyi ilə təsdiq edildiyi halda, məhkəmənin həmin sübutu nəzərə almaması, onu öz subyektiv mülahizəsi ilə əvəz etməsi MPM-in sübutların qiymətləndirilməsinə dair tələblərinin pozulması deməkdir. Nəticə etibarilə, iş üzrə sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, “İcbari sığortalar haqqında” Qanunun sığorta təminatına dair imperativ normaları geniş şərh edilərək qanunda nəzərdə tutulmayan risk sığorta hadisəsi kimi qəbul edilmişdir. Bundan əlavə, apellyasiya instansiyasının mövqeyi formalaşmış məhkəmə təcrübəsinə də ziddir. Belə ki, analoji hüquqi münasibətlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda “yer sürüşməsi” və “çökmə” hadisələrinin bir-birindən fərqlənən müstəqil geoloji proseslər olduğu, çökmə nəticəsində dəymiş zərərin daşınmaz əmlakın icbari sığortası üzrə təminat dairəsinə daxil edilmədiyi və belə hallarda sığorta ödənişinin verilməsi üçün hüquqi əsasın yaranmadığı birmənalı şəkildə ifadə edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası həmin hüquqi yanaşmadan əsassız olaraq kənara çıxmış və nəticədə qanunun düzgün tətbiqini təmin etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

30. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

31. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

32. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İcbari Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu.

33. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.

34. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.

35. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

36. Maddə 10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

37. Maddə 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

38. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

39. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

40. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

41. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi.

42. Maddə 74. (##.##.2013-cü il tarixə kimi qüvvədə olan redaksiyada) Sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qərar iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar