Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1487/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı X1 cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ümumi istifadə sahəsinə yaradılan maneçiliyə son qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(103)-*868/*0*5 nömrəli iş üzrə ##.##.*0*6-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Tərəflər qonşudur.
3. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Elşad Bünyadov, *6 saylı ev X1 məxsusdur;
4. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin *1.1*.*005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi, R.Imanov küçəsində zəbt etdiyi 198,5 kv.metr torpaq sahəsinin Cavabdeh satılması və müvafiq qaydada alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Buzovna Bələdiyyəsinin ərazisində olan 198,5 m* torpaq sahəsi Cavabdeh satılmışdır;
5. Bakı şəhəri Xəzər Rayon Icra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Eldar Pəncəliyevə ünvanlanmış *3.11.*0*3-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh iştirakı ilə birlikdə tərəflərindən sözügedən əraziyə baxış keçirilmişdir. Cavabdeh izah olunmuşdur ki, qapılarının qarşısındakı ərazi dövlətə məxsusdur və hər iki qonşu həmin ərazidən istifadə edə bilər. Həmin ərazidə abadlıq işləri aparılarkən gül bitkilərini əkilməsini elə təşkil etməli idi ki, həmin ərazidə maşın saxlanılması mümkün olsun. Tərəflərindən vətəndaş Cavabdeh bildirilmişdir ki, əkdiyi gül bitkilərinin yerlərini dəyişdirsin ki, qonşunun narazıçılığına səbəb olmasın və maşın saxlanılması mümkün olsun.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı məhkəməyə müraciət edərək ünvan * ünvanındakı darvazanın qarşısında yerləşən ərazinin (dalanın) əvvəlki vəziyyətə qaytarılması, həmin darvazanın qarşısındakı yol kənarı dirəyin (bordürün) cavabdehin hesabına sökülməsi, mübahisəli ərazinin təmizlənərək ondan istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, qonşusu olan cavabdeh onun darvazasının qarşısında yerləşən dalandakı keçid yoldan istifadə etməsinə mane olur. Bundan başqa darvazasının qarşısında heç bir tikinti normalarına əməl etmədən qanunsuz yol kənarı dirəklər yerləşdirmiş, bu əməllə dalandakı keçid yolu daraltmışdır. Yol daraldığından həmin dalanda yalnız bir nəqliyyat vasitəsi saxlamaq mümkün olur. O həmin dalanda avtomobilini saxlayanda isə cavabdeh öz fərdi yaşayış evinə daxil ola bilmir, cavabdeh öz avtomobilini saxlayanda isə o, öz avtomobilini darvazasının qarşısında saxlaya bilmir. Texniki pasportdan da göründüyü kimi torpaq sahəsi üzrə darvazanın qarşısı dalan, kənarı isə yoldur. Cavabdehin hərəkətlərinə görə o, avtomobilini evdən çox kənarda saxlayır. Hasarın kənarı üzrə gedən yol kənarında saxlamaq isə başqaları üçün təhlükəli, həm də qanunsuzdur. Həmçinin, övladlarından biri serebral iflicdir və o, daimi əlil arabasında gəzir. Onun sağlamlığı yerində olmadığından tez-tez xəstəxanaya aparmalı olur. Bu zaman isə nəqliyyat vasitəsinin ona məxsus fərdi yaşayış evinin darvazasının qarşısında olan keçid yolda saxlaya bilmədiyindən onun vaxtında xəstəxanaya çatdıra bilmir. Cavabdehə mübahisə ilə bağlı dəfələrlə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır.
8. Cavabdeh etirazı belə əsaslandırmışdır ki, iddiaçı öz avtomobilini darvazasının qarşısında sərbəst saxlaya, habelə həyətinə maneəsiz daxil olub çıxa bilir. Əksinə, iddiaçının avtomobilini darvazasının qarşısında saxlaması cavabdehin öz darvazasına yaxınlaşmasına çətinlik yaradır. Mübahisəli ərazi əvvəllər zibillik olmuş, o isə öz vəsaiti hesabına həmin sahədə abadlıq işləri aparmış, daş döşəmiş və yaşıllıq salmışdır. Iddiaçı evi *0*1-ci ildə alarkən bu abadlıq işlərinin böyük hissəsi artıq görülmüşdür. Bundan əlavə, cavabdeh qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Buzovna Bələdiyyəsinin *1.1*.*005-ci il tarixli *** saylı sərəncamı ilə ona satılmış, həmin sahəyə görə müəyyən edilmiş ödəniş edilmiş və o, torpaq vergisini mütəmadi olaraq ödəməkdədir. Buna görə də iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququ yoxdur.
9. Iş üzrə verilmiş ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsi *6 saylı evin giriş-çıxış qapısı fərdi yaşayış evinin texniki pasportuna və layihə sənədlərinə uyğundur. Qeyd olunan giriş - çıxış darvazası qonşu ilə ümumi istifadədə olan dalana açılır. Faktiki olaraq iddiaçının qonşusu (cavabdeh Cavabdeh) həmin dalanda abadlıq işləri apararaq iddiaçının mülkiyyətində olan ərazisinə giriş-çıxışına narahatçılıq yaradır. Iddiaçı X1 məxsus evin giriş-çıxış qapısındakı həmin yolun eni 4 metr təşkil edir. Mülki iş materiallarında olan, Buzovna Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş, “Cavabdeh ayrılan torpaq sahəsinin sxemi və xəritədən çıxarış"da torpaq sahəsinin koordinatları, istinad nöqtələri, istinad nöqtələrindən torpaq sahəsinə qədər məsafələr qeyd olunmadığından ünvan * saylı ünvanda iddiaçıya məxsus evin giriş-çıxış yolunun qarşısında yerləşən mübahisəli torpaq sahəsinin Buzovna Bələdiyyəsinin verdiyi sxemə (Cavabdeh adına) uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. 10.Məhkəmənin yerli baxış protokolunda qeyd edilmişdir ki, iddiaçıya məxsus olan ünvan avtomobil yolunun kənarında yerləşir. Mübahisə predmetinə daxil olan dalan həmin avtomobil yolun kənarında olmaqla iddiaçıya və cavabdehə məxsus yaşayış evlərinin darvazaları orada yerləşir. Dalana daxil olduqda təxminən * metr sonra solda iddiaçıya məxsus darvaza yerləşir, dalanın sol hissəsində uzununa iddiaçının yaşadığı ev, evin qurtaracağı hissədə, yəni dalanın giriş hissəsinin qarşısında cavabdehə məxsus yaşayış evinin dəmir darvazası yerləşir. Dalanın sol hissəsi təxminən eni 4 metrdən, örtüyü aqlay daşlardan ibarət olan yoldan, sağ hissəsi isə hündürlüyü təxminən 10 sm olan beton dirəklərlə (bordürlara) əhatə olunmuş sahədən ibarətdir. Həmin sahənin örtüyü kiçik ölçülü daşlardan ibarətdir, sahənin sərhədlərində olan dirəklərin yanında isə bitki kolları əkilmişdir (abadlaşdırılmışdır). Həmin sahə cavabdehə məxsus divardan başlamaqla sonu təxminən iddiaçıya məxsus darvazanın sol dirəyində bitir. Həmçinin müəyyən olunur ki, həmin dalanın qarşısında olan avtomobil yolunun kənarı eni təxminən * metr olan səkidən ibarətdir. Hətta dalanın abadlaşdırılmış hissəsinə düşən həmin səkinin hissəsi təxminən 3-4 metr olar. Sökülməsi tələb olunan dirək (bordür) isə iddiaçıya məxsus darvazanın qarşı hissəsinə düşən abadlaşdırılmış sahənin dirəklərindən ibarətdir. 11.Xəzər Rayon Məhkəməsinin *7.0*.*0*5-ci il tarixli, *(003)-93/*0*5 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: E.Məmmədli). 12.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin əsaslı hesab edilməsi üçün həqiqətən də mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya manəçiliyin törədilməsi halı mövcud olmalı idi ki, hazırkı iş üzrə bu hal müəyyən edilmir. Belə ki, cavabdehin darvazası iddiaçıya məxsus darvazadan sonra yerləşir və cavabdeh özünə aid nəqliyyat vasitəsini öz darvazasının qarşısında saxlayır və bu zaman iddiaçıya hər hansı bir maneə törədilmir. Əksinə iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı özünə məxsus nəqliyyat vasitəsini dalanda, darvazasının qarşısında saxladığı vaxtı cavabdeh avtomobili ilə öz həyətinə daxil ola bilmir. 13.Həmçinin, iddiaçının nəqliyyat vasitəsinin saxlanılması üçün bir neçə seçimi olduğu halda, o, bu seçimlərdən istifadə etmək niyyətində deyil və onun istəyi məhz dalanda olan və cavabdeh tərəfindən abadlaşdırımış sahənin kənarında olan dirəklərin sökülməsidir. Halbuki, iddiaçı nəqliyyat vasitəsini darvazasının tam qarşısında və ya abadlaşdırılmış sahənin qarşısında (iş materiallarında olan fotoşəkillərdə əks olunmuş “Toyota Prius” markalı avtomobilin saxlanıldığı yer), və ya həyətində saxlamaq imkanı vardır. Lakin onun bu imkanların olmasına baxmayaraq, o bu imkanlardan istifadə etmək istəmir. Ona görə də məhkəmə, “iddiaçının avtomobili dalanda olduğu zaman cavabdeh avtomobili ilə evinə daxil ola bilməməsi, cavabdehin avtomobili dalanda olması səbəbindən iddiaçı öz avtomobilini darvazasının qarşısında saxlaya bilməməsi və bu səbəblərə görə iddiaçının nəqliyyat vasitəsinin yaşadığı evdən çox kənarda saxlaması” əsasını cavabdeh tərəfindən əmlakdan istifadəyə törədilən maneə kimi qəbul edilməsini mümkün və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməsini düzgün hesab etməmişdir. 14.Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan dalanda cavabdeh tərəfindən iddiaçıya əmlakından istifadə etməsi barədə mötəbər və əsaslı dəlillər təqdim edilməmiş, həmçinin bu hal məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə predmeti olan dalanda yerləşən daşınmaz əmlakından istifadə edilməsinə cavabdeh tərəfindən iddiaçıya manəçiliyin törədilməsi halı mövcud deyil. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyində cavabdeh tərəfindən dalanda abadlıq işləri aparılaraq iddiaçının mülkiyyətində olan ərazisinin giriş çıxışına narahatçılıq yaradıldığı göstərilsə də, bu hal hər hansı bir ekspertiza tədqiqatı ilə əsaslandırılmamış, ümumiyyətlə bu sual üzrə hər hansı bir araşdırmanın aparılması, narahatçılığın nədən ibarət olması ekspert rəyində göstərilməmişdir. 15.Bundan başqa məhkəmə qeyd etmişdir ki, *5.10.*001-ci il tarixli Dövlət Şəhərsalma Norma və Qaydalarının 9-cu cədvəlinə əsasən məhəllə daxilində yerləşən küçədə hərəkət zolağının eni *,75-3,0 metr və səkinin piyada hissəsinin eni isə 0-1,0 metr olması müəyyən edilmişdir. Faktiki vəziyyətdə yol kimi qeyd edilməklə tutulmuş sahə Dövlət Şəhərsalma Norma və Qaydaların 9-cu bəndi üzrə qiymətləndirilməlidir (yəni kəndlərdə tətbiq edilən cədvəl). 16.Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında qonşuluq münasibətləri mövcuddur və sözügedən sahə məhəllə arası yol kimi qiymətləndirilməlidir. Sözügedən normanın 9-cu cədvəlinə uyğun olaraq isə məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi əsasən hərəkət zolağının eni *,75-3 metr, səkinin piyada hissəsi 0-1 metr, yəni maksimum 4,0 metr (səkinin piyada hissəsinin eni ilə birlikdə) müəyyən edilmişdir. Hazırki halda isə görünür ki, tərəflərin yaşadığı küçənin maksimum eni 4 metr nəzərdə tutulmuşdur ki, mübahisəli ünvanda yerləşən yolun eni 4 metrdir. Yəni, qanunvericikdə göstərilən cədvəl göstəricilərinə münasibətdə yolun eni maximum olmalı məsafəni tamamlamaqla qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisəli yolun kənarında sahənin abadlaşdırılması iddiaçının hüquqlarını pozmur. 17.Həmçinin cavabdeh tərəfindən abadlaşdırma işlərinin aparıldığı torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququ olmadığından məhkəmə hesab etmişdir ki, dalanın həmin hissəsi ilə bağlı iddiaçının iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsinin hissəsinin cavabdehin qanuni sahibliyində olub-olmamasından asılı olmayaraq iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüquqi bağlılığı yoxdur. Bu torpaq sahəsində tikinti norma və qaydalarına uyğun olmayan hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi, aparılmış tikintinin sökülməsi və ya aparılmış abadlıq işlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddia irəli sürmək müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aid məsələlərdən ibarətdir. Hazırkı işdən isə görünür ki, Xəzər Rayon Icra hakimiyyəti tərəfindən iş üzrə tərəflərin darvazalarının qarşısındakı ərazi dövlətə məxsus olması və həmin ərazidə hər iki tərəfin maşın saxlanılması mümkün olması üçün gül bitkilərinin yerlərinin dəyişdirilməsi yalnız şifahi qaydada bildirilmiş və bu halın qanunsuz olması müvafiq qaydada mübahisələndirilməmişdir. 18.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, *9-cu maddələrinə, Mülki Məcəllənin 15*.1, 15*.5, 157.4, 170.*, 180.1, 180.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlillərinə əsasən, cavabdehin dalanda apardığı abadlıq işləri nəticəsində iddiaçının evinə giriş-çıxışı və avtomobil saxlamaq imkanı məhdudlaşdırılmışdır. Iş materiallarından, yerində baxışdan və ekspert rəyindən görünür ki, iddiaçıya məxsus giriş-çıxış qapısı texniki pasport və layihə sənədlərinə uyğun olaraq ümumi istifadədə olan dalana açılır və cavabdehin həmin ərazidə yaratdığı maneələr iddiaçının istifadəsinə narahatlıq törədir.Bundan əlavə, Xəzər Rayon Icra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyi tərəfindən cavabdehə izah edilmişdir ki, qapıların qarşısındakı ərazi dövlət mülkiyyətindədir və hər iki qonşu həmin ərazidən istifadə etmək hüququna malikdir. Həmçinin abadlıq işlərinin digər qonşunun istifadəsinə mane olmayacaq qaydada təşkil edilməsi tövsiyə olunmuşdur.Ekspert rəyində də iddiaçının giriş-çıxışına maneənin mövcudluğu təsdiq edildiyi halda, birinci instansiya məhkəməsi həmin rəyə lazımi hüquqi qiymət verməmişdir. Məhkəmənin iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə də əsassızdır. Belə ki, iddiaçı abadlaşdırılmış sahənin bütövlükdə sökülməsini deyil, yalnız onun istifadə hüququna mane olan hissəsinin aradan qaldırılmasını tələb etmişdir.
21. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### *0*5-ci il tarixli mütəxəssis rəyində torpaq sahəsinin statusu ilə bağlı qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş 0,0*3 ha torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur), sözügedən sahə bazada yol parseli kimi göstərilib, sahədən cənub-şərqdə təqribən 40.0 metr aralı məsafədə ləğv olunmuş neft quyusu mövcuddur, həmçinin, sahədən şərqdə yolboyu 3*5.0 mm-lik qaz daşıyıcı xətlərin baza məlumatı vardır (təqribən *.9 m məsafə).
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.*0*6-cı il tarixli, *(103)- *868/*0*5 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmışdır (hakimlər: F.Qasımov – məruzəçi, M.Rüstəmli, G.Axundova).
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov, *6 saylı evin mülkiyyətçisi olduğundan və mübahisə predmeti olan ərazi ona məxsus evin giriş qapısının qarşısında yerləşdiyindən onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ vardır.
24. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən, qeyd etmişdir ki, cavabdehin darvazası iddiaçıya məxsus darvazadan sonra yerləşir və cavabdeh özünə aid nəqliyyat vasitəsini öz darvazasının qarşısında saxlayır və bu zaman iddiaçıya hər hansı bir maneə törədilmir, əksinə iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı özünə məxsus nəqliyyat vasitəsini dalanda, darvazasının qarşısında saxladığı vaxtı cavabdeh avtomobili ilə öz həyətinə daxil ola bilmir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu əsaslandırma iddiaya etirazın əsasları ilə eyniyyət təşkil edir və işin halları ilə uyğun gəlmir.
25. Cavabdeh iddiaya etirazın əsası kimi mübahisə predmeti olan torpaq sahəsinin Buzovna Bələdiyyəsinin *1 dekabr *005-ci il tarixli *** saylı sərəncamı ilə ona satıldığını iddia edir. Lakin mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsində yerləşsə də cavabdehin istinad etdiyi sərəncamda torpaq sahəsinin ünvanı kimi “Buzovna qəsəbəsi, R.Imanov küçəsi” qeyd olunmuşdur.
26. Həm ünvanlar arasında olan fərq, həm də vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olması, bazada yol parseli kimi göstərilməsi onu təsdiq edir ki, cavabdehin həmin torpaq sahəsi üzərində hər hansı bir hüququ mövcud deyildir.
27. Bundan başqa, mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisəli ərazi yol kənarı boş ərazi olmuş, dalan kimi istifadə edilmişdir. Hər iki qonşunun həmin əraziyə giriş-çıxışı darvazası olmuş, hazırda da darvazaları mövcuddur. Cavabdeh həmin ərazidə abadlaşdırma işləri aparmışdır (dekorativ kollar əkmişdir). Bu səbəbdən keçid yolu daralmışdır. Həmin keçid yolunda bir avtomobil dayandıqda digəri keçə bilmir.
28. Məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin yerində müayinəsi aparılarkən mütəxəssis rəyində qeyd olunan xüsusatlar tam olaraq təsdiqini tapmışdır, yəni, keçid yolunun daralması, həmin yolda bir avtomobil dayandıqda digərinin keçə bilməməsi, bununla da iddiaçının hüquqlarını məhdudlaşdırıldığı aşkardır. Qeyd olunan xüsusatlar iddianın təmin olunması üçün əsas təşkil etsə də, birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməyərək iddianın rədd olunması qənaətinə gəlmişdir.
29. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 5.3, 6.3, 14.1, 16.1, 15*.1. 15*.5, 15*.6, 157.4, 170.*-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (vəkil:vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Şikayətin əsaslandırmasına görə, yerli baxış zamanı müəyyən edilmişdir ki, dalanın bir hissəsi avtomobil yolu kimi istifadə olunur, digər hissə abadlaşdırılmış sahədən ibarətdir və mübahisəli bordürlər yolu tam bağlamamışdır. Beləliklə, iddiaçının həyətinə giriş tam bağlanmamışdır. Işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının istifadəsinin hansı formada məhdudlaşdırıldığını əsaslandırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
35. Maddə 15*.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
36. Maddə *39.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 14.*. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.*. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisənin obyekti olan torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağı olmaqla bazada yol parseli kimi göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin yerində müayinəsi aparılarkən mütəxəssis rəyində qeyd olunan xüsusatlar tam olaraq təsdiqini tapmışdır, yəni, keçid yolunun daralması, həmin yolda bir avtomobil dayandıqda digərinin keçə bilməməsi, bununla da iddiaçının hüquqlarını məhdudlaşdırıldığı aşkardır.
47. Belə olan halda iddiaçının darvazasının qarşısında yerləşən dövlət mülkiyyəti torpağından ümumi qaydada istifadəsinə törədilən maneçiliyin aradan qaldırıması yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(103)-*868/*0*5 nömrəli iş üzrə ##.##.*0*6-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.