Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1512/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi və kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- iddiaçı) məhkəmədə cavabdeh X1 (bundan sonra- cavabdeh) qarşı “maddi zərər” tələbinə dair iddia və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, cavabdehdən maddi zərərə görə 828.843 manat, göstərilmiş hüquqi yardıma görə 6.840 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddianın qismən təmin edilərək, cavabdehdən maddi zərərə görə 30.000 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı və cavabdeh ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tərəflərin ayrı-ayrılıqda vermiş olduqları apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ## ###### 2026-cı il tarixdə iddiaçının, həmçinin iddiaçının nümayəndəsi və vəkili vəkil1 Tacir oğlunun şəxsi elektron kabinetlərinə yerləşdirilməklə, qətnamə iddiaçı tərəfə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir.
6. ## ##### 2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili vəkil1 Tacir oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir.
7. İddiaçı, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəni onunla əsaslandırmışdır ki, mart ayının ortalarından etibarən elektron məhkəmə sistemində olan yenilənmə və texniki imkanların genişləndirilməsi işləri ilə bağlı elektron məhkəmə sistemində müəyyən işlər üzrə problemlər yaranmış və bəzi işlər ümumiyyətlə sistemdə görünməmiş, məhkəmə aklarına və prosessual müddəti özündə ehtiva edən sənədlərə çatımlılıqda problemlər yaranmışdır. Məhz hazırda şikayət verdiyi məhkəmə aktının mövcud olduğu dosyeyə çıxışı olmamışdır və prosessual müddəti təqib etmək və şikayət vermək hüququ texniki olaraq məhdudlaşdırılmışdır. e-məhkəmə sisteminin qaynar xəttinə müraciətinin nəticəsi olaraq ## ##### 2026-cı il tarixində bu işlə bağlı texniki çatımlılıq məsələsi həll edilmişdir.
8. Cavabdehin vəkili vəkil2 ərizəyə etirazını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı tərəf qanunla nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi üçün 2 aylıq prosessual müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Belə ki, müddətin bərpası barədə ərizədə iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sisteminin işləməməsini əsas gətirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Diqqətə çatdırmaq istəyir ki, elektron məhkəmə informasiya sistemində nasazlıq dəyişiklikdə sonrakı 2 3 gün olmuş, daha sonra nasazlıq aradan qaldırılmışdır və apelyasiya və kassasiya şikayətlərinin verilməsində heç bir problem olmamışdır. Bunu bir vəkil olaraq və elektron sistemlə hər gün işləyən biri olaraq əminliklə bildirə bilər. Bu səbəbdən hesab edir ki, prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə əsassız olduğundan təmin edilə bilməz.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən, məruzəçi), Ələddin Məcidov və Taleh Musayev) həmin məhkəmənin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili vəkil1 Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” İnformasiya Sisteminin yeni versiyasının tətbiqinə ## #### 2026-cı il tarixdən sonra, yəni “Novruz” bayramından sonrakı tarixlərdə başlanılmış, ## #### 2026-cı il tarixədək olan dövrdə “Elektron məhkəmə” İnformasiya Sisteminin əvvəlki versiyası tam işlək olmaqla elektron sənəd dövriyyəsində, o cümlədən işlərin sistemdə görünməsində, məhkəmə aklarına çatımlılıqda, kassasiya şikayətlərinin imzalanmasında heç bir problemlər olmamışdır. Yəni iddiaçının 2 aylıq müddətin başa çatdığı ## #### 2026-cı il tarixədək (həmin tarix də daxil olmaqla) qətnamədən kassasiya şikayətini verə bilməsi üçün elektron sistemdə heç bir maneə olmamışdır. “Elektron məhkəmə” İnformasiya Sisteminin yeni versiyasının tətbiqi ilə bağlı kassasiya şikayətlərinin imzalanmasındakı çətinliklər isə “Novruz” və “Ramazan” bayramlarından sonrakı ilk iş günlərinə təsadüf etmişdir.
11. Beləliklə, məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkar olunmaz səbəblər müəyyən etməmişdir.
12. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 128.3-cü, habelə MPM-nin 130.1, 133.1, 135.5, 135.6, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apelyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək müddətin bərpa edilməsi, kassasiya şikayətinin mümkün hesab edilməsi və mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində yeniləmələr hələ də davam etməkdədir, bu proses mart ayından başlamış, hələ də müəyyən sistem problemləri olanda Məhkəmə Hüquq Şurasında əlaqələndirici şəxsi ilə əlaqə saxlamaqla məsələnin həllinə nail olunur. Nəticə olaraq böyük informasiya daşıyıcısı sisteminin yenilənməsi və yenidən qurulması prosesi zamanı informasiya çatımlılığında, sənədlərə və dosyelərə çıxışda problem ola bilər. Əsas olan bu keçid mərhələsini anlayışla dəf etməkdir. Konkret bu işlə bağlı, xüsusilə də Şəki Məhkəmə Kompeksi ilə əlaqəli işlərdə, bu günə qədər problemlər yaşanır və işlər sistemə əlavə edilmir və ya edilən işlərdə tam dosyeni görmək mümkün deyil. Hazırkı işlə bağlı texniki problemlərdən dolayı dosyeyə çıxış mart ayı və aprel ayı ərzində mümkün olmamışdır. Qətnamənin sistemə yerləşdirilməsinə dair məlumatı əldə etmək mümkün olmamışdır. Sistemdə olan problemlər mövcud istifadəçiyə nisbətdə fərdi yanaşılmalıdır. Hələ də sistemdə problemlər yaşanmaqdadır. Şəki Regionu üzrə olan işlərin hamısı demək olar sistemə bu günə qədər vurulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
17. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
18. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
23. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
24. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
25. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
26. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
29. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
30. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. İddiaçının kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
38. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, “Elektron məhkəmə” İnformasiya Sisteminin yeni versiyasının tətbiqinə ## #### 2026-cı il tarixdən sonra, yəni “Novruz” bayramından sonrakı tarixlərdə başlanılmış, ## #### 2026-cı il tarixədək olan dövrdə “Elektron məhkəmə” İnformasiya Sisteminin əvvəlki versiyası tam işlək olmaqla elektron sənəd dövriyyəsində, o cümlədən işlərin sistemdə görünməsində, məhkəmə aklarına çatımlılıqda, kassasiya şikayətlərinin imzalanmasında heç bir problemlər olmamışdır. Yəni, iddiaçının 2 aylıq müddətin başa çatdığı ## #### 2026-cı il tarixədək (həmin tarix də daxil olmaqla) qətnamədən kassasiya şikayətini verə bilməsi üçün elektron sistemdə heç bir maneə olmamışdır.
40. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir “Elektron məhkəmə” İnformasiya Sisteminin yeni versiyasının tətbiqi ilə bağlı kassasiya şikayətlərinin imzalanmasındakı çətinliklər “Novruz” və “Ramazan” bayramlarından sonrakı ilk iş günlərinə təsadüf etmişdir.
41. Ona görə də apellyasiya məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, habelə müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkar olunmaz səbəblər müəyyən etməmişdir.
42. Göstərilənlərə əsasən kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual normaların tətbiqində səhvə yol verməmiş və prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.