Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1544/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “xxxx” KB ASC -nin ##.##.2021-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında Bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün ##.##.2023-cü il tarixində 35 ay müddətinə illik 27,6 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit xətti açılmışdır.
2. Cavabdeh ##.##.2023-cü il tarixində ərizə-anket imzalamaqla ərizə “xxxx” KB ASC-nin rəsmi internet səhifəsində (www.xxxx.az) yerləşdirmiş, Bankın ##.##.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir.
3. Müqavilə üzrə Bank tərəfindən Cavabdeh 9.136,26 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 9.136,26 borc manat məbləğində kredit borcu hesablanması barədə BANK/PİKMD/1258880 nömrəli, ##.##.2025-ci il tarixli arayış tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 9.136,26 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9.136,26 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 111,37 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC-nin ##.##.2021-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün ##.##.2023-cü il tarixində 35 ay müddətinə illik 27,6 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh ##.##.2023-cü il tarixində ərizəanket imzalamaqla iddiaçı Bankın rəsmi internet səhifəsində (www.xxxx.az) yerləşdirilmiş ##.##.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X5 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə 9.136,26 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9.136,26 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia təmin edilmiş, cavabdehin qəbul etdiyi İddiaçı ASC-nin ##.##.2021-ci il tarixli kütləvi ofertası əsasında 9.136,26 manat əsas borc məbləği, 0 manat komisyon borcu, 0 manat cərimə olmaqla, cəmi 9.136,26 manat əsas borc məbləği və 111,37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır və iddia tələbləri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
8. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddianın qismən təmin edilməsi, ondan cəmi 1.300 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin pul ona birbaşa verilməmiş, kredit limiti ayrılmaqla, ona bank kartı təqdim edilmişdir. Həmin kartdan isə iradəsi xaricində 8.500 manat məbləğində pul talanmışdır. Belə ki, əvvəlcədən tanıdığı X2 övladının təhsil haqqını ödəyə bilmədiyini bildirməklə, bu məqsədlə ondan 1.300 manat məbləğində borc pul istəmişdir. Qızının təhsildən yayınmaması üçün ona borc vermək istəsə də, pulu olmadığından ona kömək edə bilməyəcəyini bildirmiş, Aydın Məmmədov cavabdehə “LeoBank”dan (“Uniban”kın layihəsi) kredit kartı almaq imkanı barədə danışmış, rahatlıqla kart vasitəsilə kredit ayrıla biləcəyini, həmin kartdan 1.300 manatını ona verəcəyi təqdirdə, həmin məbləği və bu məbləğə hesablanmış faizləri özünün ödəcəyini bildirmişdir. Ona inanıb, dediyi formada banka müraciət etmiş, kart hazır olduqdan sonra onu götürən zaman, soruşduqda bank əməkdaşları ayrılan kredit məbləğini kartı bankomata salmaqla öyrənə biləcəyini söyləmişlər. Lakin kartdakı məbləği öyrənmədən, kartı götürdüyünü Aydın Məmmədova bildirmiş, o da kartın son səkkiz rəqəmini və nömrəyə gələn SMS-dəki şifrəni ona söyləməyi istəmiş, ona verməyi vəd etdiyi 1.300 manatı xüsusi proqramla özünə köçürəcəyini bildirmişdir. Həmin məlumatları ona verdikdən 2-3 dəqiqə keçməmiş telefonuna hesabından 8.000 manat məbləğində pul çıxarıldığına dair SMS gəlmişdir. X3 zəng vurmuş, pulu dərhal geri qoymağını tələb etmişdir. Bu hadisənin səhəri gün isə hesabından daha 1.800 manatın çıxarıldığına dair SMS almışdır. Bundan sonra o, ona SMS gəlməsin deyə özünə yüklədiyi xüsusi proqramda, hesabının bağlı olduğu telefon nömrəsini dəyişmiş, hər ay hesabına faizləri qaytarıb, yenidən hesabından pul çəkmişdir. Bir müddət sonra, bank əməkdaşları əlaqə saxlayaraq, kredit ödənişini etməyini tələb etmişdir. Onlara vəziyyəti izah etsə də, Aydın Məmmədovun kartından pulu oğurladığını bildirsə də, bank əməkdaşları pulu tələb etməyə davam etmiş və daha sonra məhkəməyə müraciət edilmişdir. O da öz növbəsində kartından pulun talanması ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət etmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, həmin qərar Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş, qərar araşdırmanın davam etdirilməsi üçün Xətai rayon prokurorluğuna göndərilməklə, işdə yol verilən pozuntular Xətai rayon prokurorunun diqqətinə çatdırılmışdır. Lakin dəfələrlə işlə bağlı maraqlansa da, bugünədək qəbul edilmiş yekun qərar barədə ona məlumat verilməmişdir. Adına açılmış kartdan onun razılığı əsasında yalnız 1.300 manat məbləğində pul çıxarılmışdır. Qalan məbləğ isə cinayət yolu ilə talanmışdır. Buna görə də ona ayrılan kredit məbləğinin yalnız 1.300 manatlıq hissəsi cavabdeh tərəfindən alınmış hesab edilə bilər. Buna görə də hesab edir ki, o, yalnız ayrılmış kreditin 1.300 manatlıq hissəsini ödəməyə görə məsuliyyət daşıyır. Həmin məbləği də ödəməyə razıdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Azad İmanov ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisə üzrə öhdəlik münasibətlərinin tərəfləri Bank və cavabdeh Cavabdehdir. Cavabdeh pul vəsaitinin onun iradəsindən kənar götürüldüyünü iddia etsə də, bu fakt iddiaçının cavabdehə qarşı tələb irəli sürmək hüququna məhdudlaşdırmır. Belə ki, Bank kredit borcunu borcalan qismində cavabdehə vermiş, Bank qarşısında öhdəliyin icrasına görə məsuliyyəti məhz cavabdeh üzərinə götürmüşdür.
13. Məhkəmə kollegiyası izah etmişdir, iddia etdiyi hallar öz təsdiqini tapdığı təqdirdə cavabdehim həmin şəxsdən ödədiyi vəsaiti tələb etməklə bağlı reqress hüququ vardır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 462.1, 739.1, 739.2-ci və Mülki Prosessual Məcəllənin 376.2, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
15. Qətnamədən cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın qismən təmin edilməsini, yəni cavabdehdən 1.300 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə yalnız kredit müqaviləsinin mövcudluğunu əsas götürərək kredit məbləğinin tam həcmdə kassator tərəfindən əldə edildiyi və onun tam məbləğ üzrə öhdəlik daşıdığı nəticəsinə gəlmişdir. Halbuki iş materiallarından görünür ki, kredit vəsaiti cavabdehin sərbəst iradəsi ilə istifadə edilməmiş, onun adına açılmış kartdan yalnız 1.300 manat məbləğində vəsaitin verilməsinə razılıq verilmiş, qalan məbləğ isə üçüncü şəxs tərəfindən aldadılma və etibardan sui-istifadə yolu ilə mənimsənilmişdir. Bununla bağlı hüquqmühafizə orqanlarına müraciət edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar məhkəmə tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün prokurorluğa qaytarılmışdır. Bu hal kredit vəsaitinin tam həcmdə kassator tərəfindən qəbul edilmədiyini təsdiq edən mühüm hüquqi əhəmiyyətli faktdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin hallara hüquqi qiymət vermədən, yalnız formal müqavilə münasibətlərinə istinad etməklə cavabdehin kredit borcunun tam məbləği üzrə məsuliyyət daşıdığı qənaətinə gəlmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1 və 746.1-ci maddələrinin düzgün tətbiq edilməməsinə səbəb olmuşdur.
17. Apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Belə ki, cavabdehin kart hesabından vəsaitin iradəsi xaricində çıxarılması, bununla bağlı polis və prokurorluq orqanlarına müraciət edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məhkəmə tərəfindən ləğv olunması və əlavə araşdırmanın aparılması barədə qəbul edilmiş məhkəmə qərarı iş materiallarında mövcud olsa da, apellyasiya məhkəməsi həmin sübutlara heç bir hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə mübahisənin nəticəsinə birbaşa təsir göstərə biləcək cinayət xarakterli halların mövcudluğunu nəzərə almamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə əməl etməmişdir. Nəticədə iş üzrə əhəmiyyətli hallar tam araşdırılmadan qətnamə qəbul edilmiş, bu isə qanuni və əsaslı məhkəmə aktının qəbul edilməsinə mane olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (münasibətin yarandığı zaman qüvvədə olan redaksiyada)
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (münasibətin yarandığı zaman qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
34. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
44. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.