Məhkəmə qərarları › İş №2(1-8)-1562/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1562/2026

08.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1562/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: maddi zərər, əldən çıxmış fayda, delikt, istifadə hüququna müdaxilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Alıcı qismində İddiaçı ilə satıcı qismində Cavabdeh arasında ##.##.2022-ci il tarixində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzilin alğı-satqısı barədə müqavilə bağlanmış, mənzil 124.000 manata satılmışdır.

2. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ** saylı mənzil (Yeni qaydalarla: AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16, M14, m3) İddiaçı xüsusi mülkiyyət hüququ ## ###### 2022-ci il tarixində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, *V saylı evin ** saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 kv.m. olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, *V saylı evin ** saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 kv.m. olan mənzili boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, *V nömrəli evin ** nömrəli mənzilindən ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək olan dövrdə faktiki istifadəyə görə 19.200 manat haqqın alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

5. ##.##.2024-cü il tarixli iltizamda qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzildə Cavabdeh məxsus olan əmlaklar siyahıya alınaraq İddiaçı səlahiyyətli nümayəndəsi olan Dadaşov İlkin Tofiq oğluna saxlanca verilmiş və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzili Dadaşov İlkin Tofiq oğlu ##.##.2024-cü il tarixində təhvil almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.400 manat zərərin və dövlət rüsumu kimi ödənilmiş 136,20 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2022-ci ildə reyestrdə 4Ə-196 nömrəsi ilə qeyd olunmaqla təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, ünvan 3, mənzil 82 ünvanında yerləşən və ümumi sahəsi 145 kv.m. olan 3 otaqlı mənzili ona satıb və mənzilin satış qiyməti notariusun bankda olan depozit hesabı vasitəsilə cavabdehə ödənilib. Onun mənzilə mülkiyyət hüququ ##.##.2022ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınıb və mənzil hazırda iddiaçının mülkiyyətindədir. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə istinadən cavabdeh mənzili ##.##.2022-ci ilədək onun faktiki sahibliyinə vermədiyi üçün o, cavabdehə qarşı əmlakın qanunsuz sahiblikdən alınması (mənzildən çıxarılma) tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib və həmin məhkəmənin e-*(***)-***/**** nömrəli, ##.##.2024cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq cavabdehin mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi qət olunub. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi verilərək icraya yönəldilib və cavabdehin özünün də iştirakı ilə ##.##.2024-cü ildə mənzil ona təhvil verilmiş, lakin mənzildəki əşyalar çıxarılmayıb. Binəqədi rayon şöbəsinin icra məmurlarının və tərəflərin iştirakı ilə tərtib olunmuş ##.##.2024-cü il tarixli aktla cavabdehin mənzildən çıxarkən götürməkdən imtina etdiyi özünə məxsus əmlaklar siyahıya alınaraq saxlanılması üçün ona verilib. 10 aydan artıq vaxt keçməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh özünə məxsus olan əşyaları mənzildən çıxarmaqdan imtina edib. Ona saxlanca verilən əmlakların israf olunmasına, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə görə cinayət məsuliyyəti daşıdığı üçün o, mənzili həmin əmlaklar oradan çıxarılmadan icarəyə vermək və icarədən gəlir əldə etmək imkanından məhrum olunub.

8. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli 104/Mİ/24 saylı mütəxəssis rəyinə əsasən mənzilin icarə qiyməti aylıq 1.100 AZN olub. İddiaçı mənzili aylıq 1.100 manata icarəyə versəydi, 2024-cü ilin iyun ayından 2025-ci ilin avqust ayınadək olan 14 ay ərzində 15.400 manat gəlir əldə edə bilərdi.

9. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, sözügedən əmlak ilə bağlı mübahisə mövcuddur. Həmin əmlakı Cavabdeh satmamışdır. İddiaçı əri İlkin Dadaşov Yaşarı aldatmışdır. Hazırda da Binəqədi rayon Prokurorluğunda bununla bağlı iş vardır. İddiaçı tərəfindən ona mənzildə olan əşyaların çıxarılması barədə müraciət edilməmişdir. Həmçinin həmin əşyaların orda qalması, cavabdeh tərəfindən iddiaçıya mənzili kirayə verməsinə razılıq da bildirilmişdir. Lakin iddiaçı qəsdən mənzili kirayəyə vermir ki, cavabdehə qarşı iddia qaldırsın.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı tələb icra məmuru tərəfindən iddiaçının nümayəndəsi qismində Dadaşov İlkin Tofiq oğluna verilmiş əşyaların saxlanması xərclərinin ödənilməsi barədədir, iddiaçı həmin əşyaların onun evində qaldığı dövrdə öz mənzilindən istifadə edə bilmədiyinə və həmin evin Dadaşov İlkin Tofiq oğlu ilə birgə əmlakı olduğuna əsaslanaraq, cavabdehdən əldən çıxmış fayda qismində zərəri tələb edir. İşin müəyyən olunmuş hallarından isə göründüyü kimi, qeyd olunan əşyalar icra məmuru tərəfindən mənzilin mülkiyyətçisi olan iddiaçı İddiaçı deyil, əri Dadaşov İlkin Tofiq oğluna saxlanca verilmiş, mübahisəli mənzil isə sonuncu tərəfindən təhvil alınmışdır. Saxlanca vermə barədə aktda əşyaların məhz mübahisəli evdə saxlanılmalı olması qeyd edilməmişdir. Dadaşov İlkin Tofiq oğlu əşyaların saxlayıcısı olduğundan, saxlanılmağa verilmiş əşyalar cavabdeh tərəfindən deyil, icra məmuru tərəfindən saxlayıcıya həvalə edildiyindən, həmçinin cavabdeh mənzildən çıxmaqla onu təhvil verdiyindən və bu münasibətlərdə hər hansı bir mübahisə olmadığından, saxlamadan irəli gələn hüquq münasibətlərində cavabdehin iştirakı istisna olunur. Yəni hazırkı tələb hüququ iddiaçıya deyil, saxlayıcıya məxsusdur, bu tələbə cavab verməli olan subyekt isə həmin əşyaları saxlanca vermiş icra məmurudur. Digər tərəfdən, hüquq münasibəti olmadan mənzildən istifadə edilməməsinə əsaslanaraq mütəmadi olaraq cavabdehdən zərərin tutulması hüquqdan sui-istifadə olmaqla, həm də əsassız varlanmaya gətirib çıxaran haldır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 560.1, 560.2, 560.3.3, 823.1, 823.2, 824.1, 825.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 4.2, 52.1, 52.2, 79.1, 81.1, 81.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 124.2 və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, mənzilin mülkiyyətçisidir və mülkiyyətçi kimi mənzili icarəyə verib ondan gəlir götürmək hüququna malikdir. Məhkəmə tərəflər arasındakı mübahisəli hüquq münasibətinin mahiyyətini düzgün müəyyən etməyib və qətnamədə iddia tələbinin icra məmuru tərəfindən onun nümayəndəsi qismində Dadaşov İlkin Tofiq oğluna verilmiş əşyaların saxlanması xərclərinin ödənilməsi barədə olması qənaətinə gəlib. Halbuki iddia ərizəsində tələbin əsası kimi istinad olunan hallardan və maddi hüquq normalarından aydın görünür ki, iddia cavabdehin təqsirli hərəkətsizliyi (icra sənədinə əsasən əmlaklarını mənzildən çıxarmalı olduğu halda çıxarmaması) ilə əlaqədar mülkiyyətçinin mənzili icarəyə verməklə ondan gəlir götürmək imkanından məhrum olunması nəticəsində məruz qaldığı zərərin ödənilməsi tələbindən ibarətdir. Məhkəmə hesab edib ki, “mənzildəki əşyalar icra məmuru tərəfindən iddiaçı İddiaçı deyil, əri İlkin Dadaşova saxlanca verilib, mənzili də sonuncu tərəfindən təhvil alıb, yəni İlkin Dadaşov əşyaların saxlayıcısı olduğundan, saxlanılmağa verilmiş əşyalar cavabdeh tərəfindən deyil, icra məmuru tərəfindən ona həvalə edildiyindən hazırkı tələb hüququ iddiaçıya deyil, saxlayıcıya məxsusdur, bu tələbə cavab verməli olan subyekt isə həmin əşyaları saxlanca vermiş icra məmurudur.” Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı iddia əsl olmayan iddiaçı tərəfindən əsl olmayan cavabdehə qarşı verilib. Məhkəmənin bu mövqeyi də səhvdir. Belə ki, İlkin Dadaşov icra icraatında müstəqil tərəf və ya saxlayıcı kimi deyil, tələbkar İddiaçı nümayəndəsi kimi iştirak edib. Bu, icra barədə aktdan və iltizamdan da aşkar görünür. Bundan başqa, hazırkı iddia saxlanc muzdunun ödənilməsi ilə bağlı deyil. Odur ki, bu iddianın İlkin Dadaşov tərəfindən icra məmuruna qarşı verilməli olması barədə qətnamədə göstərilənlər əsassızdır. Məhkəmə onun təqdim etdiyi videogörüntüyə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli 17/68№******/****-** saylı məktubuna sübut kimi qiymət verməyib.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 izahatında qeyd etmişdir ki, həmin qətnamənin qəbul olunmasında iki nəfər şahidin bilə-bilə yalan ifadə verməsi ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Onların mövqeyi ondan ibarətdir ki, cinayət işi başlanıldığı təqdirdə artıq bu yeni açılmış hallarla bağlı müraciət edə bilmələri üçün əsasdır. Bakı şəhəri Binəqədi rayon prokurorluğu bu faktla bağlı cinayət işinin başlanılmasını rədd edib, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həmin qərar ləğv edilib, apellyasiya məhkəməsi tərəfindən həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bu gün həmin əşyaları götürmək imkanımız yoxdur, cavabdehin yaşayış yeri yoxdur, 16 kv.m. sahəsi olan 2 otaqlı mənzildə yaşayır. Bir evi olub, oradan da çıxıb. Qarşı tərəf əşya evdə olarkən yaşaya və kirayəyə də verə bilər.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş və İddia tələbi qismən təmin edilərək cavabdehdən 11.200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında ##.##.2022-ci il tarixində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzilin alğı-satqısı barədə müqavilə bağlanmış, İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək, əmlakın dəyərini satıcıya ödəməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və adıçəkilən mənzildən çıxmamışdır. Nəticə olaraq, iddiaçı İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, *V saylı evin ** saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 kv.m. olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, *V saylı evin ** saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 kv.m. olan mənzili boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İddiaçı daha sonra, cavabdehin ona məxsus əmlakdan çıxmadığı dövrdə əmlakından istifadə edə bilmədiyi üçün əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh 19.200 (on doqquz min iki yüz) manat dəymiş ziyan tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi icra edilərkən iddiaçı tərəf Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzili ##.##.2024-cü il tarixində təhvil almış və cavabdehə məxsus əşyalar icra məmuru tərəfindən iddiaçının həyat yoldaşı (nümayəndəsi) Dadaşov İlkin Tofiq oğluna saxlanca verilmiş və əşyalar sonuncu tərəfindən saxlanca qəbul edilmişdir. Bu səbəbdən hazırkı iş üzrə iddiaçı cavabdehdən alğı-satqı müqaviləsi ilə aldığı mənzildən cavabdehin öz əşyalarını çıxarmadığı üçün həmin mənzili icarəyə verə bilmədiyini, buna görə də gəlirdən məhrum olduğunu iddia edərək cavabdehin hərəkətsizliyi nəticəsində əldən çıxmış fayda qismində ona zərər dəydiyini, bu zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Göründüyü kimi, iddianın predmeti əşyaların saxlanmasına görə xərclərin ödənilməsi deyil, cavabdehin hüquqa zidd hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun məhdudlaşdırılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ əmlakdan fayda götürmək imkanını ehtiva edir. Mənzilin kirayəyə verilməsi isə mülkiyyətçinin həmin əmlakdan gəlir əldə etməsinin ən tipik və qanuni formalarından biridir. Birinci instansiya məhkəməsi isə qeyd olunan tələbə icra məmuru tərəfindən iddiaçının nümayəndəsi qismində Dadaşov İlkin Tofiq oğluna verilmiş əşyaların saxlanması xərclərinin ödənilməsi barədə olduğunu hesab edərək mübahisəli hüquq münasibətlərinin mahiyyətinə yanlış hüquqi qiymət vermişdir.

18. Məhkəmə kollegiyası həmçinin hazırkı tələb hüququnun iddiaçıya deyil, saxlayıcıya məxsus olduğunu, tələbə cavab verməli olan subyektin isə həmin əşyaları saxlanca vermiş icra məmuru olduğunu qeyd edərək mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Beləliklə, mübahisəli hüquq münasibətinin mahiyyətinin düzgün müəyyən edilməməsi maddi hüquq normalarının səhv tətbiqinə səbəb olmuşdur.

19. İddiaçı mənzili aylıq 1.100 manata icarəyə verməklə, 2024-cü ilin iyun ayından 2025ci ilin avqust ayınadək olan 14 ay ərzində 15.400 manat gəlir əldə edə biləcəyini iddia edərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. İş materiallarında olan CD diskə məhkəmə kollegiyasının iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi kimi cavabdehə məxsus əşyalar iddiaçıya satılmış həmin mənzildə olduğu kimi qalmışdır. Video görüntüyə nəzər saldıqda müəyyən olunmuşdur ki, mənzil mebel və digər əşyalarla doludur. Cavabdeh hətta geyim əşyalarını belə mənzildən götürməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, *V saylı evin ** saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 kv.m. olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 3024-cü məhəllə, *V saylı evin ** saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi 16, M14, m3) ümumi sahəsi 145 kv.m. olan mənzili boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. ##.##.2024-cü il tarixli iltizamdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzildə Cavabdeh məxsus olan əmlaklar siyahıya alınaraq İddiaçı səlahiyyətli nümayəndəsi olan İddiaçı saxlanca verilmiş və Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzili Dadaşov İlkin Tofiq oğlu ##.##.2024-cü ildə təhvil almışdır. ##.##.2024-cü il tarixli aktdan görünür ki, cavabdeh mənzildən çıxarkən özünə məxsus əmlakları götürməkdən imtina edib və həmin əmlaklar siyahıya alınaraq saxlanılması üçün tələbkarın səlahiyyətli nümayəndəsi olan Dadaşov İlkin Tofiq oğluna verilib. Beləliklə, iltizam və aktdan müəyyən edilmişdir ki, iddiaçı tərəf Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzili ##.##.2024-cü il tarixində təhvil almış və cavabdehə məxsus əşyaları saxlanca qəbul etmişdir. Mübahisələndirilən mənzilin alğı-satqı müqaviləsi ##.##.2022-ci il tarixdə bağlanmasına baxmayaraq, cavabdeh iddiaçıya satdığı mənzildən nəinki əşyalarını çıxarmış, ##.##.2024-cü il tarixədək özü də mənzildən çıxmamış, iddiaçı mənzildən çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə tələbi təmin edilərək icraya yönəldikdən sonra cavabdeh mənzildən çıxsa da bütün əşyaları həmin mənzildə qalmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili cavabdehin həmin əşyaları götürməyə hazırda imkanının olmadığını bildirmişdir. Bu səbəbdən mənzilin boşaldılması ilə bağlı qətnamənin icrası zamanı cavabdehin əşyaları icra məmuru tərəfindən hazırkı iş üzrə iddiaçının nümayəndəsinə saxlanca verilmişdir. Nəticədə cavabdehin əşyaları hələ də həmin evdə qalmaqdadır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, icra zamanı cavabdehin əşyalarının iddiaçının nümayəndəsinə icra məmuru tərəfindən saxlanca verilməsi cavabdehin ilkin hüquqa zidd əməlini aradan qaldırmır. Əksinə, əşyaların həmin mənzildə qalması iddiaçının öz mənzilini kirayəyə verib faydalanmasına maneə yaratmışdır. Beləliklə, icra icraatı çərçivəsində tətbiq edilən saxlanc barədə razılaşma cavabdehin mülki-hüquqi məsuliyyətini istisna edən əsas deyil, məhz onun hüquqa zidd hərəkətsizliyinin davamlı xarakter daşıdığını təsdiq edən sübut kimi qiymətləndirilməlidir.

21. İşin halları ilə müəyyən edilir ki, iddiaçının özü başqa - ünvan 1 ünvanında yaşamaqla, hazırda cavabdehin əşyalarını çıxarmaqdan imtina etdiyi Bakı şəhəri, ünvan 3, mənzil 82 ünvanında yerləşən mənzili məhz kommersiya niyyəti ilə, kirayəyə verərək gəlir əldə etmək üçün almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər anlayışı iki tərkib hissədən ibarətdir: real zərər və əldən çıxmış fayda (itirilmiş gəlir). Real zərər dedikdə şəxsin əmlakının itirilməsi, zədələnməsi və ya xərclər çəkməsi başa düşülür. Əldən çıxmış fayda isə hüquq pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində və normal təsərrüfat fəaliyyəti nəticəsində əldə edə biləcəyi, lakin hüquq pozuntusu səbəbindən əldə edə bilmədiyi gəlirlərdir. Cavabdeh tərəf izahatında bildirdi ki, iddiaçı tərəf mənzildə əşya ola-ola yaşaya və kirayəyə verə də bilər. Bu müstəvidə qeyd edilməlidir ki, mənzildə olan əşya bir iki ədəd olsa idi, həmin əşyanı mənzilin bir hissəsində saxlayıb mənzildən sərbəst istifadə edilməsi mümkün ola bilərdi. Lakin hazırkı halda mənzil əşya ilə doludur. Bundan əlavə, əşyalar saxlanca verilərkən iddiaçının nümayəndəsi cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Cinayət Məcəlləsinin 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının nümayəndəsi tərəfindən həyata keçirilməsi cinayət əməlidir. Göründüyü kimi iddiaçı mənzili cavabdehə məxsus əşyalarla birlikdə başqasının istifadəsinə verməkdən əsaslı olaraq çəkinir. Cavabdehin öz əşyalarını mənzildən çıxarmaması ilə bağlı hərəkətsizliyi, iddiaçının həmin mənzildən sərbəst istifadə etmək hüququnu məhdudlaşdırmış, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı həmin mənzili iddia tələbində göstərilən 2024-cü ilin iyun ayından 2025-ci ilin avqust ayınadək 14 ay müddətində kirayəyə verərək gəlir əldə etmək imkanından məhrum etmişdir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

22. Cavabdehdən vurulmuş ziyanının əvəzi olaraq tutulmalı olan məbləğlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli 104/Mİ/24 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzilin aylıq kirayə haqqı 2022-ci ilin may ayı üçün 650 AZN, iyun ayı üçün 650 AZN, iyul ayı üçün 650 AZN, avqust ayı üçün 650 AZN, sentyabr ayı üçün 700 AZN, oktyabr ayı üçün 700 AZN, noyabr ayı üçün 700 AZN, dekabr ayı üçün 700 AZN, 2023-cü ilin yanvar ayı üçün 700 AZN, fevral ayı üçün 800 AZN, mart ayı üçün 800 AZN, aprel ayı üçün 800 AZN, may ayı üçün 800 AZN, iyun ayı üçün 700 AZN, iyul ayı üçün 700 AZN, avqust ayı üçün 700 AZN, sentyabr ayı üçün 900 AZN, oktyabr ayı üçün 900 AZN, noyabr ayı üçün 900 AZN, dekabr ayı üçün 900 AZN, 2024-cü ilin yanvar ayı üçün 1.100 AZN, fevral ayı üçün 1.100 AZN, mart ayı üçün 1.100 AZN, aprel ayı üçün 1.100 AZN, may ayı üçün 1.100 AZN qiymətləndirilmişdir.

23. Məhkəmə kollegiyası “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli 104/Mİ/24 saylı mütəxəssis rəyini təkzib edən hər hansı bir sübutun təqdim edilməməsini, onun hazırlanma metodologiyasını, bazar təhlilinə əsaslanmasını, analoji obyektlərin müqayisəli təhlilini və rəyin əsaslandırma hissəsinin dolğunluğunu, nəzərə alaraq hesab etmişdir ki, qeyd olunan rəy vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilər.

24. Məhkəmə kollegiyası zərərin məbləğini müəyyən edərkən ədalətlilik və ağlabatanlıq meyarlarını rəhbər tutaraq qeyd etmişdir ki, iddia tələbi 2024-cü ilin iyun ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə etsə də, 2025-ci ilin müvafiq dövrü üzrə konkret bazar göstəricilərini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu səbəbdən əvvəlki illərin dinamikası və bazar dəyişkənliyi nəzərə alınaraq 2024-cü ilin iyun ayından 2025-ci ilin avqust ayınadək 14 ay üçün ortalama hər ay 800 manat olmaqla cəmi 11.200 manat əldən çıxmış fayda qismində zərərin müəyyən edilməsi, ağlabatan və işin faktiki halları baxımından qanuni və ədalətli hesab edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5-ci və Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən, aldatma, zorakılıq, hədə-qorxu, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, habelə şəxsin ağır vəziyyətindən istifadə edilməklə onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İş materiallarından görünür ki, Cavabdeh tikinti işlərini başa çatdırmaq məqsədilə təcili maliyyə vəsaitinə ehtiyac duyduğundan borc almaq üçün Dadaşov İlkin Tofiq oğluna müraciət etmiş, ilkin razılaşma mənzilin girov qoyulması müqabilində borc verilməsi barədə olsa da, sonradan ona girov müqaviləsi əvəzinə alğı-satqı müqaviləsinin bağlanacağı bildirilmiş və ağır maliyyə vəziyyətindən istifadə edilməklə bazar dəyəri təxminən 450.000 manat olan mənzil cəmi 124.000 manata iddiaçının adına rəsmiləşdirilmişdir. İş materiallarında mövcud olan səs yazıları, mesajlar və digər sübutlar həmin münasibətlərin alğı-satqı deyil, faizlə borc münasibətlərindən irəli gəldiyini göstərməsinə baxmayaraq, məhkəmələr bu sübutlara lazımi hüquqi qiymət verməmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müqavilənin etibarlılığı yalnız onun formal məzmunu ilə deyil, tərəflərin həqiqi iradəsi və hüquqi niyyətləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Müqavilənin təfsiri zamanı məhkəmə yalnız müqavilədə işlədilən söz və ifadələrin hərfi mənasına deyil, həm də tərəflərin həqiqi iradəsinə və münasibətlərin faktiki məzmununa hüquqi qiymət verməlidir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin həqiqi mahiyyətini araşdırmadan yalnız formal alğı-satqı müqaviləsinə istinad etməklə nəticəyə gəlmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan başqa, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallardan biri də ondan ibarətdir ki, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Əliyev İlham Qaçay oğlu sonradan Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı məhkəmədə biləbilə yalan

29. ifadə verdiyini etiraf etmişdir. Həmin hal iş üzrə qəbul edilmiş məhkəmə aktlarının əsaslandığı sübutların etibarlılığına birbaşa təsir göstərməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu fakta heç bir hüquqi qiymət verməmişdir.

30. Eyni zamanda, iş materiallarında Dadaşov İlkin Tofiq oğlunun faiz müqabilində pul verməsi ilə bağlı səs yazıları və digər sübutlar mövcud olduğu, həmçinin şahidin yalan ifadə verməsini etiraf etdiyi halda, məhkəmələr proses iştirakçılarının əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasını araşdırmamış, müvafiq prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarılması məsələsini də müzakirə etməmişdir. Halbuki məhkəmə baxışı zamanı cinayət əlamətləri müəyyən edildikdə məhkəmə həmin materialları aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin 11.200 manat məbləğinin tutulması barədə gəldiyi nəticə də kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə həmin məbləğin hansı hesablamalar əsasında müəyyən edilməsini qərarda izah etməmiş, əgər bu nəticə “xxxx” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsaslandırılmışdırsa, nəzərə alınmalıdır ki, xüsusi bilik tələb edən hallarda mütəxəssis rəyi məhkəmə ekspertizasını əvəz etmir və belə rəy digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, Cavabdeh mənzilin əşyalarla birlikdə kirayəyə verilməsinə etiraz etməmiş, lakin iddiaçı bundan istifadə etməmişdir. Bu hal da iddiaçının iddia etdiyi zərərin həcminin formalaşmasına birbaşa təsir göstərməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamışdır.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamış, iş materiallarında olan mühüm sübutlara hüquqi qiymət verməmiş, tərəflərin hüquq münasibətlərinin həqiqi mahiyyətini müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanuni və əsaslı hesab edilə bilməyən qərar qəbul etmişdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəalarına əsasən, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak və ya əmlak xarakterli fayda əldə edən şəxs həmin varlanmanı geri qaytarmalıdır.

34. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi bu hüquqi prinsipi nəzərə almamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh mənzilin əşyalarla birlikdə kirayəyə verilməsinə razılığını bildirmiş, bununla bağlı hər hansı maneə yaratmamışdır. Buna baxmayaraq, iddiaçı həmin imkandan istifadə etməmiş, sonradan isə bu halı cavabdehin üzərinə qoyaraq ondan 11.200 manat məbləğində pul tələb etmişdir.

35. Eyni zamanda, iş materialları ilə təsdiq olunur ki, cavabdeh ağır maliyyə vəziyyətindən istifadə edilməklə bazar dəyəri təxminən 450.000 manat olan mənzilini cəmi 124.000 manat müqabilində özgəninkiləşdirmişdir. Belə bir şəraitdə iddiaçının əlavə olaraq 11.200 manat məbləğində pul əldə etməsi, işin faktiki halları və mülki qanunvericiliyin əsas prinsipləri baxımından hüquqi əsas olmadan varlanmasına səbəb olur.

36. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin təmin edilməsinin əsassız varlanmaya gətirib çıxaracağını nəzərə almamış, işin bütün hallarını tam və obyektiv araşdırmadan, maddi hüquq normalarını düzgün tətbiq etmədən qanunsuz nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Nümayəndə etirazı daxil olmuşdur.

38. Kassasiya şikayətinə etirazda göstərilmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarlılığına dair məsələ əvvəlki məhkəmə icraatında araşdırılmış, həmin müqavilənin etibarlılıq şərtlərinə cavab verdiyi müəyyən edilərək qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilmişdir. Bununla yanaşı, cavabdehin məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi tam icra etməməsi, mənzildə ona məxsus əşyaların qalması və bunun nəticəsində iddiaçının mənzildən istifadə və onu icarəyə vermək imkanından məhrum olması səbəbindən əldən çıxmış faydanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyətin şərtlərinin mövcud olduğu bildirilmişdir. Etirazda həmçinin qeyd edilmişdir ki, iddia edilən zərərin məbləği mütəxəssis rəyi ilə müəyyən edilmiş, həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamış, qiymətləndirmənin ekspertiza predmeti deyil, qiymətləndirmə fəaliyyətinin tərkib hissəsi olduğu nəzərə alınaraq mütəxəssis rəyinə istinad edilməsi qanunauyğun hesab edilmişdir. Eyni zamanda, iddiaçının tələbinin mülkiyyət hüququndan irəli gələn istifadə və gəlir əldə etmək hüququnun müdafiəsinə yönəldiyi, bu səbəbdən də həmin tələbin əsassız varlanma kimi qiymətləndirilə bilməyəcəyi irəli sürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

43. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

44. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

45. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

55. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar