Məhkəmə qərarları › İş №2(1-8)-1587/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1587/2026

15.07.2026 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1587/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İsayev Ceyhun Oqtay oğlunun cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqaviləyə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsayev Ceyhun Oqtay oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Mənzil mülkiyyətçisi” İsayev Ceyhun Oqtay oğlu ilə Cavabdeh MTK arasında bağlanmış “Əvəzləşdirilmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” ##.##.2024cü il tarixli müqavilənin: 1.1-ci bəndinə əsasən “xxxx” MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43, 45 və **/** nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş ** saylı binanın 11-ci mənzilinin əvəzinə (##.##.2015-ci il tarixli çıxarışa əsasən) və ** saylı binada istifadəsində olan zirzəmi sahəsinin əvəzinə (##.##.2018-cü il tarixli çıxarışa əsasən) mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə (74 kv.m + 14.8 kv.m (20%) + 60 kv.m (zirzəmi sahəsi) = 148.8 kv.m, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa edəcəyi * saylı yaşayış binasının 6-cı mərtəbəsindən, ümumi sahəsi 79 kv.m olan 1 ədəd 2 (iki) otaqlı *B-** saylı təmirsiz mənzili, * saylı yaşayış binasının 6-cı mərtəbəsindən ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı *A-** saylı təmirsiz mənzili və * saylı yaşayış binasının 6-cı mərtəbəsindən ümumi sahəsi 94 kv.m olan 1 ədəd 3 (üç) otaqlı *A-** saylı təmirsiz mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş şərtlər əsasında “Mənzil mülkiyyətçisinin mülkiyyətinə verməyi, “Mənzil mülkiyyətçisi” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, daxili sahəsi 74 kv.m (Çıxarışa əsasən 69.3 kv.m) olan söküləcək ** saylı mənzilini və 60 kv.m (Çıxarışa əsasən 32.9 kv.m) olan söküləcək zirzəmi sahəsini “Kooperativ”ə təhviltəslim aktı əsasında təhvil verməyi və “Tərəflər” arasında müəyyən edilmiş qrafik əsasında ödənişləri ödəməyi öhdələrinə götürmüşlər.

2. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Mənzil Mülkiyyətçisi” “Kooperativ” tərəfindən müvəqqəti yaşayış üçün ona veriləcək 900 manat mənzilə görə və 500 manat (zirzəminin anbar olaraq istifadəsinə görə verilən) kirayə haqqından imtina edərək (1400 manat x 36 ay) = 50.400 manatından və ona veriləcək mənzilin təmiri üçün nəzərdə tutulan (148.8 kv.m x 220 azn) = 32.736 manatından imtina edir, əvəzində isə (50400 manat + 32736 manat) = 83.136 manat, “Kooperativ”dən (83.136 manat : 1.600 manat) = 51.96 kv.m sahə alır. (148.8 kv.m + 51.96 kv.m = 200.76 kv.m) “Kooperativ” tərəfindən əlavə olaraq 17.24 kv.m əvəzsiz sahə verilməklə (200.76 kv.m + 17.24 kv.m = 218 kv.m) 1 ədəd 2 otaqlı mənzil təmirsiz ümumi daxili sahəsi 69 kv.m olan, 1 ədəd 2 (iki) otaqlı təmirsiz mənzil, ümumi daxili sahəsi 67 kv.m olan və 1 ədəd 3 otaqlı təmirsiz mənzil ümumi daxili sahəsi 82 kv.m olan təmirsiz mənzil, bu müqavilənin şərtlərinə uyğun olaraq verilir. (Bu müqavilə üzrə “Kooperativ tərəfindən ** saylı mənzilə görə “Mənzil Mülkiyyətçiləri”nə əvəzsiz olaraq verilən əlavə kvadrat sahəsi (14.8 kv.m (20%) + 17.24 kv.m) = 32.04 kv.m təşkil edir).

3. Müqavilənin 6.6-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilənin şərtlərinə əsasən “Mənzil mülkiyyətçisinin mülkiyyətinə veriləcək 1 ədəd 2 otaqlı *B-** saylı mənzilin hesablanmış ümumi sahəsi 79 kv.m; 1 ədəd 2 otaqlı *A-** saylı mənzilin hesablanmış ümumi sahəsi 78 kv.m və 1 ədəd 3 otaqlı *A-** saylı mənzilin ümumi sahəsi 94 kv m həmin ərazidə inşa ediləcək yaşayış binalarının tikintisi üçün təsdiq edilmiş layihəyə uyğun olaraq, onların oxdan-oxa, (mənzilin daxili arakəsmələri tam və qonşuya düşən divarlarının 50% hesablanmaqla) yəni xarici oxlardan hesablanmış sahələridir. “Mənzil mülkiyyətçisi”nə veriləcək 1 ədəd 2 otaqlı *B-** saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 69 kv.m, 1 ədəd 2 otaqlı *A-** saylı hesablanmış ümumi daxili sahəsi 67 kv.m və 1 ədəd 3 otaqlı *A-** saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 43 kv.m təşkil edir.

4. İsayev Ceyhun Oqtay oğlunun Cavabdeh MTK-ya ünvanladığı ##.##.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən aralarında olan “Əvəzləşdirilmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” ##.##.2024-cü il tarixli müqavilənin 6.6-cı bəndində olan səhvə düzəliş edilməsi və ona təqdim olunan mənzilin, daxili divarları hesablanmaqla - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 79 kv.m, - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 78 kv.m, - 1 ədəd 3 otaqlı mənzil ümumi daxili sahəsi 94 kv.m təşkil etməsi qeyd olunmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İsayev Ceyhun Oqtay oğlu (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh MTK (bundan sonra- cavabdeh) qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında “Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” ## ####### 2024-cü il tarixli müqavilənin 6.6cı bəndində olan səhvə düzəliş edilməsi və iddiaçıya təqdim olunan mənzilin daxili divarları hesablanmaqla - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 79 kv.m, - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 78 kv.m, - 1 ədəd 3 otaqlı mənzil ümumi daxili sahəsi 94 kv.m göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, ona verilməli olan cəmi 251 kv.m sahənin verilməsi, müqavilənin 1.2-ci maddəsinə əsasən müvəqqəti yaşayış üçün veriləcək hər ayda nəzərdə tutulan 900 manat kirayə haqqı və 500 manat anbardan istifadəyə görə istifadə haqqı olaraq, ümumi 1400 manat məbləğin 36 ay üçün cəmi olaraq 50.400 manat və 148.8 kv.m sahənin təmir pulu olaraq 220 manatdan hesablamaqla 32.736 manat məbləğin tərəfindən imtina etməklə, cəmi 83.136 (50.400 +32.736) manat məbləği, kv.m dəyəri 1600 azn olmaqla əvəzləşdirmə apararaq, əlavə 51.96 kv.m olmaqla nəzərdə tutulmuşdur. Bununla bağlı müqavilənin 2.2.10 və 2.2.1 ci bəndlərində təhvil veriləcək mənzillərin 1 ədəd 2 otaqlı *B-** saylı təmirsiz mənzil, 1 ədəd 2 otaqlı *A-** saylı təmirsiz mənzil və * saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan 3 otaqlı *A-** saylı təmirsiz mənzil olması göstərilmişdir. Aralarında bağlanmış müqavilə əsasında onun tərəfindən cavabdehə təhvil verilmiş əmlak aşağıdakılardan ibarət olmuşdur: - Bakı şəhəri, Nizami rayonu, K. Balakişyev küçəsi, ** saylı 3 mərtəbəli Stalin layihəli binanın 1ci mərtəbəsində yerləşən hüquqi sənəd üzrə 3, faktiki olaraq 4 otaqlı, ümumi sahəsi 92,51 kv.m olan təmirli ** saylı mənzil; - Bakı şəhəri, Nizami rayonu, K. Balakişyev küçəsi, ** saylı 3 mərtəbəli Stalin layihəli binanın, zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 32,86 kv.m olan qeyri-yaşayış sahəsi; - Bakı şəhəri, Nizami rayonu, K. Balakişiyev küçəsi, ** saylı 3 mərtəbəli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 20,19 kv.m ** saylı mənzilin tərkib hissəsi olan 2-ci zirzəmi; - Bakı şəhəri, Nizami rayonu, K. Balakişyev küçəsi, ** saylı 3 mərtəbli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 23,54 kv.metr olan ** saylı mənzilin tərkib hissəsi olan 3-cü zirzəmi. Qeyd olunan yaşayış və qeyri yaşayış sahələri cavabdehə təhvil verilmiş və onların əvəzi olaraq, eyni zamanda 36 aylıq kirayə haqqı və təmir haqqı üzərinə gəlməklə aralarında olan razılaşmaya əsasən, ona ümumi sahəsi 79 kv.m olan 2 otaqlı *B-** saylı, ümumi sahəsi 78 kv.m olan 2 otaqlı *A-** saylı təmirsiz mənzil, ümumi sahəsi 94 kv.m olan 3 otaqlı *A-** saylı təmirsiz mənzili, cəmi 251 kv.m sahənin ona verilməsi nəzərdə tutulmuşdur. Onun yaşayış tərzi onun üçün çox rahat və əlverişli səviyyədə olduğundan arada olan razılaşma qısa müddət ərzində tələm-tələsik, ona və ailəsinə müxtəlif təzyiqlər göstərilməklə, eyni zamanda yaşadığı mənzilin Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli qərardadına əsasən, (hansı ki, sonradan məlum olmuşdur ki bu qərardad qeyri qanuni olduğundan Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur) onun iradəsinə zidd olaraq boşaldılacağı, onu və ailəsinin məcburi olaraq köçürüləcəyi, binaya girişin qadağan olacağı, həmin ərazinin çəpərlənəcəyi hədələri altında, gərginlik və məcburiyyət qarşısında belə bir müqavilənin bağlanması mümkün olmuşdur. Yəni, nəticədə (uzun sürən mübahisələrdən sonra) verdiyi əmlakın müqabilində, gələcəkdə, ümumi sahəsi 251 kv.m sahədən ibarət mənzillərin əldə olunması barədə razılıq əldə olunmuşdur. Bununla belə, sonradan, ona məxsus əmlakı tərk edərək ailəsi yerləşdirdikdən, arada olan gərginlik aradan qalxdıqdan və hüquqi yardim məqsədi ilə peşakarlara müraciət etdikdən sonra məlum olmuşdur ki, aralarında olan razılaşmaya əsasən, ona verilən mənzil 251 kv.m deyil, ümumiyyətdə 179 kv. m təşkil edir. Ondan da 51.96 kv.m sahə kirayə haqqı və təmirin pulu təşkil edir, belə çıxır ki, tərəfindən təqdim olunan əmlakın əvəzinə ona cəmi 127 kv.m (179 kv.m - 51.96 = 127) təqdim olunur. Belə ki, cavabdeh tərəfindən tərtib olunan müqavilənin 6.6cı bəndində qeyd olunmuşdur ki, ümumi sahəsi 79 kv.m olan 2 otaqlı *B-** saylı, ümumi sahəsi 78 kv.m olan 2 otaqlı *A-** saylı təmirsiz mənzil, ümumi sahəsi 94 kv.m olan 3 otaqlı *A-** saylı təmirsiz mənzil xarici oxlardan hesablanmaqla, ona veriləcək sahə 1 ədəd 2 otaqlı *B-** saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 69 kv.m, 1 ədəd 2 otaqlı *A-** saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 67 kv.m, 1 ədəd 3 otaqlı *A-** saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 43 kv.m təşkil edir (cəmi 179 kv.m). Hesab edir ki, aralarında olan razılaşma - ümumi sahə 251 kv.m olduğu halda və hər yerdə bu qeyd olunduğu halda, ona cəmi 179 kv.m sahənin təklif olunması absurtdur və aldatmadan başqa bir şey deyildir. Digər tərəfdən, yaşadığı “Stalinka” tipli binanın qalınlığı iki daş olmaqla 45-50 sm olduğu halda ona məxsus əmlak daxili divarlarla hesablandığı halda, təklif olunan əmlak xarici divarlarla hesablanır. Bu nə deməkdi və hansı məntiqli hesablamalardan irəli gəlir? Halbuki, çoxmənzili binalarda mənzillərin sahəsinin hesablanması AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşmələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Lakin bununla belə cavabdeh tərəfindən, müxtəlif yalanlara, təzyiq və böhtanlara məruz qoyaraq, tikinti ilə bağlı bütün sənədlərin hazır olmaqla məhkəmə qərardadına əsasən məcburən çıxaracağı barədə hədələri nəticəsində tələm-tələsik müqavilə bağlayaraq onu ailəsi ilə oranı tərk etməyə sövq etməsi aldatmadan başqa bir şey deyildir.

7. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ** saylı evin 11-ci mənzilində yerləşən 69.3 kv.m mənzili və 32.9 kv.m qeyri yaşayış (zirzəmi) sahəsi vardır. Artırmalar da nəzərə alınmaql onun mənzilinin sahəsini fakitiki 74 kv.m, zirzəmisinin sahəsi isə faktiki 60 kv.m olduğu qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ## ####### 2024-cü il tarixli müqavilənin 1.1 bəndinə əsasən cavabdeh mülkiyyətçiyə aşağıdakıları təklif etmişdir: Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində inşa ediləcək * saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 79 kv.m (daxili sahəsi 69 kv.m) olan 1 ədəd 2 otaqlı *B-** saylı, həmin binanın 6-cı mərtəbəsində ümumi sahəsi 78 kv.m (daxili sahəsi 67 kv.m) olan 1 ədəd 2 otaqlı *A-** saylı mənzil və həmin binanın 6-cı mərtəbəsində ümumi sahəsi 94 kv.m (daxili sahəsi 82 kv.m) olan 1 ədəd 3 otaqlı *A-** saylı təmirsiz mənzil təklif edib. Bütün mənzillərin təmirsiz olaraq mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, hər ay üçün veriləcək kirayə haqqı (1.400 manat x 36 ay = 50.400 manat) və təmirə görə ayrılmış hər kv.m üçün (148 kv.m x 220 manat) 32.736 manat toplamda 83.136 mant (50.400 + 32.736 = 83.136 manat) fərqə görə ona əlavə olaraq 51.96 kv.v sahə də ona təklif olunan mənzillərin sahəsinə əlavə edilmişdir (83.136 manat: 1600 manat= 51,96 kv.m). Bundan başqa, cavabdeh tərəfindən əvəzsiz olaraq mülkiyyətçiyə 17.24 kv.m sahə verilməklə toplamda 218 kv.m sahəsi olan yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur (148.8 kv.m + 51,96 kv.m + 17.24 kv.= 218 kv.m). Həmin sahəyə həm də cavabdeh tərəfindən verilən əlavə 20% də daxildir. Yəni, ümumi daxili sahəsi 69 kv.m olan 1 ədəd 2 otaqlı təmirsiz mənzil və ümumi daxili sahəsi 67 kv.m olan 1 ədəd 2 otaqlı təmirsiz mənzil, eləcə də ümumi daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı təmirsiz mənzillərin verilməsi razılaşdırılmışdır. Qeyd etmək istəyir ki, müqavilənin 6.6-cı bəndində yanlışlığa yol verilmişdir və 3 otaqlı mənzilin sahəsi 82 kv.m əvəzinə 43 kv.m göstərilmişdir. Həmin hissədə iddianı qəbul edir və müqavilədə müvafiq düzəlişin aparılmasına etiraz etmirlər. Tərəflər arasında azad şəkildə, heç bir məcbur etmə aldatma və digər neqativ hallar olmadan sərbəst, könüllü müqavilə bağlanmış və hər iki tərəf bu müqaviləni qanunla müəyyən olunan qaydada təsdiq etmişdir. Ona görə də 43 kv.m sahənin 82 kv.m ilə əvəz olunması istisna olmaqla, qalan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müqavilənin qanunun tələb etdiyi şərtlərə uyğun olaraq tərtib edildiyi, müqavilənin şərtlərinin aydın şəkildə müəyyənləşdirildiyi, tərəflər arasında bu şərtlərlə bağlı hər hansı bir anlaşılmazlıq və ya yanıltma hallarının olmadığı, tərəflərin müqaviləni bağlarkən müqavilə azadlığı prinsipinə riayət etdikləri, şəxsi əqdi bağlamağa məcburetmə, aldatma, zorakılıq, hər hansı hədə təsiri müəyyən olunmamışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı halda müqavilənin şərtlərinin dəyişdirilməsi məhkəmədənkənar qaydada tərəflərin razılaşması yolu ilə mümkündür. Məhkəmə qaydasında müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında mümkündür.

11. Məhkəmə cavabdehin nümayəndəsinin müqavilənin 6.6-cı bəndində göstərilən səhvə düzəliş edilməsi tələbini, həmin bənddə mənzilin ümumi daxili sahəsinin 43 kv.m göstərilməsinin texniki səhv olduğunu qəbul etməsinə münasibətdə qeyd etmişdir, müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqlıqların aparılması yolu ilə həll edilir. Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Müqavilənin 6.6-cı bəndindəki mənzilin ümumi daxili sahəsinin 43 kv.m göstərilməsinin texniki səhv nəticəsində yazılmağı ilə bağlı tərəflər arasında mübahisənin olmamasını nəzərə alaraq, məhkəmə qeyd etmişdir ki, bu məsələnin məhkəmə vasitəsilə həllinə ehtiyac yoxdur. Hər iki tərəf, müqavilə şərtlərinə uyğun olaraq, danışıqların aparılması yolu ilə bu düzəlişi həyata keçirə bilərlər.

12. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

13. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 390.1, 390.2, 405.1, 421.1, 421.2, 422.1-ci maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “ AR Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023cü il tarixli Qərarına, habelə MPM-nin 14.2, 52.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli sədrlik edən, məruzəçi, Fərrux Qasımov və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçı cavabdeh tərəfindən aldatmaya, təzyiqə məruz qaldığını, həmçinin müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığına istinad edir. Göstərilənlərə əsasən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ona təqdim ediləcək mənzillərin sahələri ilə bağlı şərtlərinə dəyişikliyin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar mülki qanunvericiliyə əsasən iddiaçıya cavabdeh tərəfindən təqdim ediləcək mənzillərin sahələri ilə bağlı şərtlərin dəyişdirilməsi üçün deyil, etibarsız sayılması üçün əsasdır.

19. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində iddiaçının mülkiyyətində olmuş mənzil və zirzəminin sahələrinə münasibətdə “daxili sahə”, ona təqdim ediləcək mənzillərin sahələrinə münasibətdə isə “ümumi sahə” ifadələrindən istifadə edilmiş, müqavilənin 1.2-ci bəndində isə iddiaçıya təqdim ediləcək mənzillərin “ümumi daxili sahəsi” 69, 67 və 82 kv.m göstərilmişdir.

20. Həmçinin, mübahisəli müqavilənin 6.6-cı bəndində mənzillərin “ümumi sahəsi”nin oxdanoxa hesablandığı, “ümumi daxili sahə”nin isə 69, 67 və 43 kv.m olduğu açıqlanmışdır.

21. Məhkəmə kollegiyası mübahisəli müqaviləyə münasibətdə qeyd etmişdir ki, mənzillərdən birinin sahəsinin 43 kv.m qeyd olunmasının texniki səhv olduğu cavabdeh tərəfindən məhkəmə iclasında qəbul edilmişdir və bununla bağlı tərəflər arasında mübahisə mövcud olmamışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzillərin ümumi və daxili sahələri ilə bağlı müqavilə şərtləri müqavilədə aydın şəkildə müəyyənləşdirilmiş, bununla bağlı bəndlər müqavilədə “qalın” şriftlə göstərilmişdir. Əlavə olaraq cavabdehin nümayəndələri tərəfindən həmin ünvanda digər şəxslərlə bağlanmış müqavilələri təqdim etmiş, həmin müqavilələrdə də iddiaçı ilə bağlanılmış müqavilədə mənzillərin sahələri ilə bağlı göstərilən şərtlər əks olunmuşdur.

23. Məhkəmə kollegiyası müqavilə bağlanarkən iddiaçının cavabdeh tərəfindən aldadıldığını və ya hansısa təzyiqə məruz qaldığını ağlabatan hesab etmir.

24. Mübahisəli müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı barədə iddiaçının dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçının bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi halı nəzərdən keçirilə bilər.

25. Tərəflər arasında müqavilə ##.##.2024-cü il tarixdə bağlanmış, lakin iddiaçı öz yazılı pretenziyasını cavabdehə bir neçə ay sonra- ##.##.2025-ci il tarixində təqdim etmiş, məhkəməyə isə hazırki tələblə ##.##.2025-ci il tarixdə müraciət etmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 324.2, 339.1, 339.2, 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3, 347.3.347.6, 347.7, 354.2, 389.1, 390.1, 405.1-ci, habelə MPM-nin 50.3, 149.2.2, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil İsayev Ceyhun Oqtay oğlu) kassasiya şikayəti verərək, iş üzrə apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin adıçəkilən qətnaməsi qanunsuz olmaqla birtərəfli qaydada qəbul edilmiş, qətnamənin əsaslandırıcı hissəsi nəticəvi hissəsi ilə ziddiyyət təşkil etmiş, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, həmin sübutlar səhv təfsir edilərək hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Bu səbəblərdən qətnamənin ləğv edilməli olduğu göstərilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında ## ####### 2024-cü il tarixdə “Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, iddiaçının mülkiyyətində olan 74 kv.m yaşayış sahəsi, 14,8 kv.m (20%) əlavə sahə və 60 kv.m zirzəmi sahəsi olmaqla, ümumilikdə 148,8 kv.m sahənin əvəzinə cavabdeh müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş şərtlərlə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa ediləcək * saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən: ümumi sahəsi 79 kv.m olan 2 otaqlı *B-** saylı təmirsiz mənzili; ümumi sahəsi 78 kv.m olan 2 otaqlı *A-** saylı təmirsiz mənzili; ümumi sahəsi 94 kv.m olan 3 otaqlı *A-** saylı təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin mənzillərin ümumi sahəsi 251 kv.m təşkil etmişdir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən, iddiaçıya verilməli olan 251 kv.m sahənin əvəzləşdirilməsi zamanı müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş aylıq 900 manat kirayə haqqı və anbardan istifadəyə görə aylıq 500 manat olmaqla, 36 ay üzrə ümumilikdə 50.400 manat məbləğdə və 148,8 kv.m sahənin təmir xərcləri üçün 220 manat hesabı ilə müəyyən edilmiş 32.736 manat məbləğdə ödənişdən imtina edilmişdir. Ümumilikdə 83.136 manat məbləğdə əvəzləşdirmə aparılmış və həmin məbləğin kvadrat metri 1600 manat hesablanmaqla əlavə 51,96 kv.m sahənin nəzərdə tutulduğu göstərilmişdir. Müqavilənin 2.2.10-cu və 2.2.1-ci bəndlərində də təhvil veriləcək mənzillərin *B-** saylı 2 otaqlı təmirsiz mənzil, *A-** saylı 2 otaqlı təmirsiz mənzil və *A-** saylı 3 otaqlı təmirsiz mənzildən ibarət olduğu göstərilmişdir. Müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə aşağıdakı əmlaklar təhvil verilmişdir: ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən, hüquqi sənədlərə əsasən 3, faktiki olaraq 4 otaqlı, təmirli ** saylı mənzil – ümumi sahəsi 92,51 kv.m; həmin ünvanda yerləşən zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsi – ümumi sahəsi 32,86 kv.m; ** saylı mənzilin tərkib hissəsi olan 2-ci zirzəmi – ümumi sahəsi 20,19 kv.m; ** saylı mənzilin tərkib hissəsi olan 3-cü zirzəmi – ümumi sahəsi 23,54 kv.m. Göstərilən yaşayış və qeyri-yaşayış sahələri cavabdehə təhvil verilmiş və həmin əmlakların, eləcə də 36 aylıq kirayə haqqı və təmir xərclərinin əvəzində iddiaçıya ümumi sahəsi 251 kv.m olan üç ədəd təmirsiz mənzilin verilməsi barədə razılıq əldə edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçıya təqdim olunması nəzərdə tutulan mənzillərin faktiki sahəsi 251 kv.m deyil, 179 kv.m təşkil etmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş müqavilənin 6.6cı bəndində qeyd olunmuşdur ki, ümumi sahəsi 79 kv.m olan *B-** saylı, ümumi sahəsi 78 kv.m olan *A-** saylı və ümumi sahəsi 94 kv.m olan *A-** saylı mənzillərin sahəsi xarici oxlar üzrə hesablanmışdır. Həmin hesablamaya əsasən: *B-** saylı mənzilin daxili sahəsi 69 kv.m; *A-** saylı mənzilin daxili sahəsi 67 kv.m; *A-** saylı mənzilin daxili sahəsi 43 kv.m təşkil etmişdir. Beləliklə, mənzillərin daxili sahələrinin cəmi 179 kv.m olmuşdur. Nəzərə alınmışdır ki, 51,96 kv.m sahə kirayə haqqı və təmir xərclərinin əvəzləşdirilməsi hesabına formalaşmışdır. Bu halda iddiaçı tərəfindən təqdim olunmuş əmlakların əvəzinə faktiki olaraq ona təqdim edilən sahə 127 kv.m təşkil etmişdir (179 kv.m- 51,96 kv.m = 127 kv.m). İddiaçı hesab etmişdir ki, tərəflər arasında əldə olunmuş razılaşmada və müqavilənin müddəalarında ümumi sahə 251 kv.m göstərildiyi halda, faktiki olaraq 179 kv.m sahənin təklif olunması razılaşmanın mahiyyətinə zidd olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Digər tərəfdən, onun əvvəlki yaşayış yeri olan “Stalinka” tipli binanın xarici divarlarının qalınlığı 45-50 sm təşkil etmiş, həmin əmlakın sahəsi daxili divarlar üzrə hesablanmışdır. Lakin yeni təqdim edilən mənzillərin sahəsinin xarici divarlar üzrə hesablanması fərqli yanaşma olmuşdur. Halbuki, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının ## ###### 2012-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”na uyğun aparılmalıdır. Həmin Qaydalara əsasən, mənzilin ümumi sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşaq, mətbəx, dəhliz, yığnaq yeri), həmçinin balkon, lociya, terras, şüşəbənd və eyvanların müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanmış sahələrinin cəmindən ibarət olmuşdur. Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində ölçülməli olmuşdur. Bu səbəbdən otaqların sahəsi daxili divar səthlərindən hesablanmalı, mənzilin daxilində yerləşən arakəsmə divarların tutduğu sahələr ümumi sahəyə əlavə edilməməlidir. Bununla belə, cavabdeh tərəfindən müxtəlif yanlış məlumatlar verilmiş, təzyiq və hədələr nəticəsində iddiaçı müqaviləni qısa müddətdə bağlamaq və ailəsi ilə birlikdə həmin ərazini tərk etmək məcburiyyəti yaradılmışdır. Ona tikinti ilə bağlı bütün sənədlərin hazır olduğu, məhkəmə qərardadına əsasən məcburi çıxarılacağı, yaşadığı əmlakdan istifadə hüququnun məhdudlaşdırılacağı barədə məlumatlar verilmiş və nəticədə müqavilənin bağlanmasına nail olunmuşdur. Bu hallar isə iddiaçı tərəfindən aldatma və iradəsinə zidd şəraitdə müqavilə bağlanması kimi qiymətləndirilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

34. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

35. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

36. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

37. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:

38. Maddə 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;

39. Maddə 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;

40. Maddə 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

41. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.

42. Maddə 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir.

43. Maddə 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

53. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

55. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçı cavabdeh tərəfindən aldatmaya, təzyiqə məruz qaldığını, həmçinin müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığına istinad etmişdir. Göstərilənlərə əsasən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ona təqdim ediləcək mənzillərin sahələri ilə bağlı şərtlərinə dəyişikliyin edilməsini xahiş etmişdir.

56. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar mülki qanunvericiliyə əsasən ona cavabdeh tərəfindən təqdim ediləcək mənzillərin sahələri ilə bağlı şərtlərin dəyişdirilməsi üçün deyil, etibarsız sayılması üçün əsasdır.

57. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində iddiaçının mülkiyyətində olmuş mənzil və zirzəminin sahələrinə münasibətdə “daxili sahə”, ona təqdim ediləcək mənzillərin sahələrinə münasibətdə isə “ümumi sahə” ifadələrindən istifadə edilmişdir, müqavilənin 1.2-ci bəndində isə iddiaçıya təqdim ediləcək mənzillərin “ümumi daxili sahəsi”nin 69, 67 və 82 kv.m olduğu göstərilmişdir. Həmçinin, müqavilənin 6.6-cı bəndində mənzillərin “ümumi sahəsi”nin oxdan-oxa hesablandığı, “ümumi daxili sahə”nin isə 69, 67 və 43 kv.m olduğu açıqlanmışdır.

58. Apellyasiya məhkəməsi sözügedən müqaviləyə münasibətdə qeyd etmişdir ki, mənzillərdən birinin sahəsinin 43 kv.m qeyd olunmasının texniki səhv olduğu cavabdeh tərəfindən məhkəmə iclasında qəbul edilmişdir və bununla bağlı tərəflər arasında mübahisə yoxdur və mənzillərin ümumi və daxili sahələri ilə bağlı müqavilə şərtləri müqavilədə aydın şəkildə müəyyənləşdirilmiş, bununla bağlı müvafiq bəndlər müqavilədə “qalın” şriftlə göstərilmişdir. Əlavə olaraq cavabdehin nümayəndələri tərəfindən həmin ünvanda digər şəxslərlə bağlanmış müqavilələri təqdim etmiş, həmin müqavilələrdə də iddiaçı ilə bağlanmış müqavilədə olduğu kimi mənzillərin sahələri ilə bağlı göstərilən şərtlər əks olunmuşdur.

59. Apellyasiya məhkəməsi müqavilə bağlanarkən iddiaçının cavabdeh tərəfindən aldadıldığını və ya hansısa təzyiqə məruz qaldığını ağlabatan hesab etməmişdir.

60. Həmçinin müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması barədə iddiaçının dəlilləri ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçının bağlamağı arzuladığı əqdin məzmunu barədə səhv etməsi halı nəzərdən keçirilə bilər.

61. Bundan başqa, tərəflər arasında müqavilə ##.##.2024-cü il tarixdə bağlanmış, lakin iddiaçı öz yazılı pretenziyasını cavabdehə bir neçə ay sonra- ##.##.2025-ci il tarixində təqdim etmiş, məhkəməyə isə hazırki tələblə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi edilməsinə əsas ola bilməz.

62. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İsayev Ceyhun Oqtay oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar