Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5879/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil - Tikinti Kooperativinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə (açar sözlər: müqaviləyə dəyişikliklərin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil - Tikinti Kooperativinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2(004)-1483/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilimiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 34 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 103 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü icraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, sifarişçi İddiaçı mülkiyyətində olan 2 otaqlı, 11 nömrəli, 38,8 m2 sahədən ibarət mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 m2 mənzil sifarişçiyə təhvil verilməlidir.
2. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən icraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq sifarişçiyə təhvil verilənə kimi icraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 3473/2023 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X3 Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməmiş, qətnamədən verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025ci il tarixli bildirişlə inşa edilmiş 5 nömrəli binanın, 1-ci giriş, 1-ci mərtəbəsində iddiaçıya ayrılmış 2 otaqdan ibarət 6 nömrəli mənzil tam təmir olunmuş və istifadəyə hazır olduğu bildirilmiş, mənzili qəbul etmək təklif edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə dəyişikliklər və əlavələr edilməsi, o cümlədən dəqiq hansı mənzilin verilməsi, onun şəraiti, bloku, mərtəbəsi və nömrəsinin müqavilədə göstərilməsi və notarial qaydada təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, əvvəlki mənzilinin sökülməsi və yeni inşa olunacaq binada mənzil verilməsi barədə müqavilənin müzakirəsi və imzalanması ərəfəsində, danışıqlar nəticəsində cavabdeh ilə xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçının mənzili sökülərək 1 il ərzində əvəzində təmirli ev verilməli idi. Cavabdeh tərtib edilmiş müqavilə bir qırağa, şifahi qaydada aparılmış danışıqlara məhəl qoyulmayaraq iddiaçını aldadaraq verdiyi vədlərə əməl etməmiş, o ipoteka ilə yüklü olan mənzilin ipoteka borcunu müqavilədən sonrada ödəmək məcburiyyətində qalmış, yəni həm 50000 manatı ödəmiş, həm də mənzilsiz qalmışdır. Bundan başqa, bina MTK tərəfindən tikilib vaxtında təhvil verilməmiş, tikinti hansısa səbəbdən başa çatdırılmamış, cavabdeh təşkilat tərəfindən verilmiş vədlərin hamısı yalan çıxmışdır. Beş nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcbur olaraq kirayələrdə yaşayırlar. Cavabdeh tərəf kirayədə yaşadığına görə hər ay 500 manat pul ödənişini aparmış, mənzilin mülkiyyətçisi olaraq mənzilin cavabdeh təşkilat tərəfindən verilməsinə razılaşmışdır. Bina mənzili söküləndən sonra cavabdeh təşkilat tərəfindən çirkin, dözülməz olan oyunlar başlamış, gələcəkdə tikilib ona veriləcək mənzilin 2 otaqlı, 60 m2 sahədən ibarət olacağı ona şifahi qaydada bildirildiyi halda söküntü işləri başlayandan sonra tikinti şirkəti aralarında olan danışıqları, mövcud qanunvericiliyin tələblərini və işgüzar adətləri kobud şəkildə pozmuş və bu günə kimi pozmaqda davam edir. Cavabdeh təşkilat tərəfindən pozuntular aşağıda qeyd olunanlardan ibarətdir: Belə ki, cavabdeh ilə müqavilə imzalandıqdan təxminən 10 gün sonra şirkətin təsisçisinə yaxınlaşaraq ondan verdiyi sözə əməl etməsini, yəni notarial qaydada müqavilə bağlanmasını xahiş etmişdir. Lakin təsisçi birdən birə heç bir razılaşmanın olmadığını bildirməyə başlamışdır. Uzun mübahisədən sonra yenə də söz vermişdir ki, binanın fundamenti qoyulanda bütün sakinləri və notariusu ofisə dəvət edəcək və sakinlərin hamısı ilə notarial qaydada müqavilələr bağlanacaqdır. Mənzilin mülkiyyətçisi olaraq, qeyri-qanuni olaraq mənzilini məcbur olaraq tərk etmiş, mənzildən çıxartdıqdan sonra, yəni 1 il keçdikdən sonra binanı, mənzilləri sökməyə başlamışlar. Beləliklə, cavabdehin ona verilmiş bütün vədləri yalan çıxmış, məqsədləri onu aldatmaq olmuşdur. Mülkiyyətçi olaraq, yeni tikilən binanın sakin olduğuna görə ona bəzi güzəştlərin olacağı barədə cavabdeh tərəf dəfələrlə vədlər vermişdir. Vədlərdən biri budur ki, ona 3 otaqlı mənzil istədiyi halda, mənzilin təmirindən imtina edəcəyi halda 3 otaqlı mənzilin verilməsinin mümkünlüyünə söz verilmiş, lakin yerinə yetirilməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2(004)- 1483/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləni imzalamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 103 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsünün icraçı "xxxx" MMC tərəfindən həyata keçirilməsi, sifarişçi İddiaçı mülkiyyətində olan 2 otaqlı, 11 nömrəli, 38,8 m2 sahədən ibarət mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil sifarişçiyə təhvil verilməsi razılaşdırılmışdır. İddiaçı müqavilə bağlanan zaman müqavilə tərəfi ilə aralarında şifahi razılaşmalar olduğunu (misal üçün 3 otaqlı mənzilin verilməsi), bu razılaşmalar barədə bəndlərin müqaviləyə daxil edilməyərək aldadıldığını irəli sürür. Bu səbəblə də müqaviləyə dəyişiklik və əlavələr edilməsini, dəqiq hansı mənzilin verilməsi, onun şəraiti, bloku, mərtəbəsi və nömrəsinin müqavilədə göstərilməsini və müqavilənin notarial qaydada təsdiq edilməsini tələb edir İlk öncə qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi mövcuddur və tərəflər müqavilə şərtlərini sərbəst, könüllü, azad şəkildə müəyyənləşdirirlər. Artıq bağlanmış müqavilənin şərtlərinin sonradan dəyişdirilməsi də yalnız tərəflərin razılaşması ilə mümkündür. Bunun yeganə istisnası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halıdır ki, bu halda təktərəfli, məhkəmə qaydasında müqavilənin şərtlərinin dəyişdirilməsi mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Hazırkı halda tərəflərin müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığı olmamışdır, iddiaçı isə hər hansı şəraitin sonradan dəyişməsi halına istinad etməmişdir. Digər tərəfdən, müqavilə predmeti mənzilə dair bəzi dəqiq fərdiləşdirici şərtlərin müqaviləyə daxil edilməli olması, müqavilənin notarial təsdiq edilməsi öhdəliyinin qoyulması kimi tələblər istinad olunan müqavilənin etibarlılıq şərtləri ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən müqavilənin predmeti və məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlərdən əlavə, tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır və yalnız mühüm şərtlər barədə razılıq əldə olunarsa, müqavilə qurulmuş hesab olunar Hazırkı halda müqavilənin notarial təsdiqi forma şərti olmaqla, bu növ müqavilələr üçün məcəllədə xüsusi göstərildiyi halda əhəmiyyət kəsb edər. Mənzilin mərtəbəsi, nömrəsi və s. məlumatlar isə müqavilə tərəfi olaraq iddiaçı bu barədə xüsusi razılıq əldə etmək niyyətini bildirərdisə, müqavilənin mühüm şərti hesab olunardı. Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə isə qeyd olunan nüanslara münasibət bildirilmiş, xx.xx.2021-ci il tarixli müqavilənin etibarlılığı öz təsdiqini tapmışdır Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində sadalanan dəlillərlə bağlı qeyd edilmişdir ki, bu kateqoriya müqavilələr üzrə notarial təsdiqə ehtiyac yoxdur. Həmçinin, müqavilə şərtləri aydın və anlaşılandır. Göründüyü kimi, iddiaçı tərəfin iddianın təmin edilməsi yönündə istinad etdiyi hallar maddi-hüquqi əsaslar baxımından öz təsdiqini tapmır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.2, 405.1, 421.1, 421.2, 422.1, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətlərinin dəlillərinə görə, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak mülkiyyət hüququ ilə iddiaçıya və ailəsinə məxsusdur. 2020-ci ilin təxminən oktyabr-noyabr aylarında onların yaşadıqları ünvana cavabdeh təşkilatın əməkdaşları gələrək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 noyabr 2020-ci il tarixli, 255 №-li Sərəncamına əsasən yaşadıqları ünvanın daxil olduğu Həmid Sultanov (keçmiş İ.Qutqaşınlı), Eldar Ağayev (keçmiş Qızıl-Şərq) və Tağı Şahbazi küçələrinin əhatə etdiyi ərazi, yəni həmin ərazidə istismar müddəti başa çatmış yaşayış binalarının və digər tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin Cavabdeh Mənzil - Tikinti Kooperativinə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) həvalə edilməsi bildirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının adı gəldikdə və 23 noyabr 2020-ci il tarixli 255 №-li Sərəncamı ilə tanış olduqda razılaşmama olmamışdır. İddiaçının evinin əvəzinin qarşılığında pul məbləği və ya həmin binada hansı mənzilin hansı blokda mərtəbədə verilməsinə dair müqavilənin müzakirəsi və imzalanması qalmışdır. Evin mülkiyyətçisi həmin Cavabdeh MTK-nın ("xxxx" MTK-nın) rəhbərləri və nümayəndələri ilə danışıqlara başlanılmışdır. Çox çəkməyən danışıqlar nəticəsində Cavabdeh MTK ("xxxx" MMC) ilə 29 yanvar 2021-ci il tarixli müqavilə imzalanmış və bina həmin binada yerləşən mənzilinin sökülərək 1(bir) il ərzində əvəzində təmirli ev verilməli idi. Cavabdeh MTK ("xxxx" MMC) tərəfindən tərtib edilmiş müqavilədən əlavə aralarında şifahi qaydada aparılmış danışıqlara məhəl qoyulmayaraq, iddiaçını aldadaraq verdiyi vədlərə əməl etməyərək, ipoteka ilə yüklü olan mənzilinin ipoteka borcunu müqavilədən sonra da ödəmək məcburiyyətində qalmış, yəni həm ipoteka məbləğini - 50000 manat pul məbləğini ödəmiş, həm də mənzilsiz qalmışdır. Cavabdeh Mənzil - Tikinti Koooperativi tərəfindən tikilib, vaxtında təhvil verilməmiş, tikintisi hansısa səbəbdən başa çatdırılmamış, cavabdeh təşkilat tərəfindən verilmiş vədlərin hamısı yalan çıxmış, sadə insanları aldatmışlar, öhdəliklərinə əməl etməmişlər. İddiaçı beş nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcbur olaraq kirayələrdə yaşayır. Cavabdeh tərəf iddiaçıya kirayədə yaşadığına görə hər ay bizə 500 manat pul ödənişini aparırdı. İddiaçı mənzilin mülkiyyətçisi olaraq mənzilin cavabdeh təşkilat tərəfindən verilməsinə razılaşmışdı. Gələcəkdə tikilib iddiaçıya təhvil veriləcək mənzilin iki otaqlı, 60 m2 sahədən ibarət olacağını iddiaçıya şifahi qaydada bildirildiyi halda, söküntü işləri başlayandan sonra tikinti şirkəti aralarında olan danışıqları, mövcud qanunvericiliyin tələblərini və işgüzar adətləri kobud şəkildə pozmuş və bu günə kimi pozmaqda davam edir. 29 yanvar 2021-ci il tarixli müqavilənin bağlanması üçün əsas olan sənədlər tam şəkildə araşdırılmamışdır. Müqavilə imzalandıqdan təxminən 10 (on) gün sonra iddiaçı şirkətin təsisçisinə yaxınlaşaraq ondan verdiyi sözə əməl etməsini xahiş etmişdir. Yəni, aralarında olan razılaşmanın notarial qaydada müqavilə bağlanmasını xahiş etmişdir. Lakin təsisçi birdən-birə heç bir razılaşmanın olmadığını bildirməyə başlamışdır. Uzun mübahisədən sonra iddiaçıya yenə də söz verdi ki, binanın fundamenti qoyulanda bütün sakinləri və notariusu ofisə dəvət edəcək və hamı ilə, yəni sakinlərin hamısı ilə notarial qaydada müqavilələr bağlanacaqdır. İddiaçı mənzilin mülkiyyətçisi olaraq, ailəsi ilə birlikdə qeyri-qanuni olaraq mənzilini məcbur olaraq tərk etdi. Mənzildən onları çıxartdıqdan sonra, yəni 1 (bir) il keçəndən sonra binanı, mənzilləri sökməyə başlamışlar. Hansı ki, binanın özülünün qoyulmasına icazə 03 noyabr 2022-ci il tarixində verilmişdir. Bundan sonra cavabdeh təşkilatın rəhbərliyi tərəfindən notarial qaydada müqavilənin bağlanılmasına məhəl qoyulmamış və nəticədə ümumilikdə imtina edilmişdir. İddiaçının mənzilinin bankda ipotekada olduğu nəzə alınmamış, qanunvericiliyin tələblərinə zidd olaraq heç bir razılaşma olmadığı halda sökülmüşdür. Bu barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə şifahi və yazılı məlumat vermişdir. Çoxsaylı müraciətlərdən sonra bankın hüquqşünası onu qəbul edərək dinləmiş, qüvvədə olan qanunvericiliyin pozulmasını etiraf etmiş, lakin heç bir prosessual hərəkət, adi müraciət belə etməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin açıq şəkildə biganəliyini və hərəkətsizliyini görəndən sonra 22 avqust 2022-ci il tarixində "xxxx" ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə yazılı surətdə müraciət etmiş, lakin bu müraciəti də cavabsız qalmışdır. Dəfələrlə məhkəmə iclaslarının keçirilməsinə, təxirə salınmasına, müvafiq sənədlərin tələb olunmasına baxmayara, cavabdehin nümayəndəsi keçirilmiş məhkəmə iclaslarında iştitak etməmiş, o cümlədən məhkəmə tərəfindən işin araşdırılmasına tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, lazım olan sənədlər təqdim edilmədən, işi tam olaraq araşdırmadan mübahisəli müqavilənin düzgün və qanuni hesab etmək mümkün deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. İş materiallarından müəyyən olunur ki, İddiaçı "xxxx" MMC ilə 29 yanvar 2021-ci il tarixli müqaviləni imzalamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 103 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsünün icraçı "xxxx" MMC tərəfindən həyata keçirilməsi, sifarişçi İddiaçı mülkiyyətində olan 2 otaqlı, 11 nömrəli, 38.8 m2 sahədən ibarət mənzilin əvəzinə, yeni inşa olunacaq binada 2 otaqlı 60 m2 mənzilin sifarişçiyə təhvil verilməsi razılaşdırılmışdır.
21. Lakin İddiaçı müqavilə bağlanan zaman müqavilə tərəfi ilə aralarında şifahi razılaşmalar olduğunu, həmin razılaşmalar barədə bəndlərin müqaviləyə daxil edilməyərək, aldadıldığını irəli sürür. Bu səbəblə də müqaviləyə dəyişiklik və əlavələr edilməsini, həmçinin dəqiq hansı mənzilin verilməsi, onun şəraiti, bloku, mərtəbəsi və nömrəsinin müqavilədə göstərilməsini və müqavilənin notarial qaydada təsdiq edilməsini tələb edir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə əsasən tərəflər müqavilə şərtlərini sərbəst, könüllü, azad şəkildə müəyyənləşdirirlər. Artıq bağlanmış müqavilənin şərtlərinin sonradan dəyişdirilməsi də yalnız tərəflərin razılaşması ilə mümkündür. Bunun yeganə istisnası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halıdır ki, bu halda təktərəfli, məhkəmə qaydasında müqavilənin şərtlərinin dəyişdirilməsi mümkündür.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Lakin hazırki mübahisə üzrə tərəflərin müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığı olmamışdır, iddiaçı isə hər hansı şəraitin sonradan dəyişməsi halına istinad etməmişdir.
24. İddiaçı apellyasiya şikayətində o dəlili irəli sürmüşdür ki, cavabdehlə aralarında olan razılaşmanın notarial qaydada müqavilə bağlanmasını xahiş etmişdir. Lakin Cavabdeh Mənzil - Tikinti Kooperativinin rəhbərliyi tərəfindən notarial qaydada müqavilənin bağlanılmasına məhəl qoyulmamış və nəticədə ümumilikdə imtina edilmişdir.
25. Birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq qeyd etmişdir ki, müqavilənin predmeti olan mənzilə dair bəzi dəqiq fərdiləşdirici şərtlərin müqaviləyə daxil edilməli olması, müqavilənin notarial təsdiq edilməsi öhdəliyinin qoyulması kimi tələblər istinad olunan müqavilənin etibarlılıq şərtləri ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən müqavilənin predmeti və Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlərdən əlavə, tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır və yalnız mühüm şərtlər barədə razılıq əldə olunarsa müqavilə qurulmuş hesab olunar. Hazırkı halda müqavilənin notarial təsdiqi forma şərti olmaqla, bu növ müqavilələr üçün Məcəllədə xüsusi göstərildiyi halda əhəmiyyət kəsb edər. Mənzilin mərtəbəsi, nömrəsi və sair məlumatlar isə müqavilə tərəfi olaraq iddiaçı bu barədə xüsusi razılıq əldə etmək niyyətini bildirərdisə, müqavilənin mühüm şərti hesab olunardı.
26. Odur ki, birinci instansiya məhkəməsi düzgün araşdırma və qiymətləndirmə apararaq hazırkı iddianı rədd etməkdə haqlı olmuşdur, buna görə də məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2(004)- 1483/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e-2(004)- 1483/2025 nömrəli qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.