Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6752/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə (Açar sözlər: müqaviləyə dəyişiklik edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri X3 və Nümayəndə4 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4363/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Mənzil mülkiyyətçisi" İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış “Əvəzləşdirilmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” xx.xx.2024-cü il tarixli, 3/6/2B-36, 3/6/2A-37, 3/6/3A-38 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən "xxxx" MTK, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında və bu müqavilənin icrası ilə əlaqədar olaraq, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən köhnə 39, 41, 43, 45 və 47/13 nömrəli binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada “Mənzil mülkiyyətçisi”nin söküntüsü nəzərdə tutulmuş 41 №-li binanın 11 №-li mənzilinin əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, **********84-05101-093026 reyestr nömrəli Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) və 41 saylı binadakı istifadəsində olan zirzəmi sahəsi və 41 saylı binadakı istifadəsində olan zirzəmi sahəsi əvəzində (********** qeydiyyat nömrəli, xx.xx.2018-cü il tarixli, **********84-05101- 083001 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) mənzilin ümumi sahəsinə şirkət tərəfindən 20% əlavə edilməklə (74 kv.m + 14.8 kv.m (20%) + 60 kv.m (zirzəmi sahəsi) = 148.8 kv.m, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa edəcəyi 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 79 kv.m olan 1 ədəd 2 (iki) otaqlı 2B-36 saylı təmirsiz mənzili, 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A-37 saylı təmirsiz mənzili və 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 94 kv.m olan 1 ədəd 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş şərtlər əsasında “Mənzil mülkiyyətçisinin mülkiyyətinə verməyi, “Mənzil mülkiyyətçisi" isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, daxili sahəsi 74 kv.m (Çıxarışa əsasən 69.3 kv.m) olan söküləcək 11 saylı mənzilini və 60 kv.m (Çıxarışa əsasən 32.9 kv.m) olan söküləcək zirzəmi sahəsini “Kooperativ”ə təhvil-təslim aktı əsasında təhvil verməyi və “Tərəflər” arasında müəyyən edilmiş qrafik əsasında ödənişləri “Kooperativ”ə ödəməyi öhdələrinə götürürlər.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Mənzil Mülkiyyətçisi” “Kooperativ” tərəfindən müvəqqəti yaşayış üçün ona veriləcək 900 azn mənzilə görə və 500 azn (zirzəminin anbar olaraq istifadəsinə görə verilən) kirayə haqqından imtina edərək (1400 azn x 36 ay) = 50400 manatından və ona veriləcək mənzilin təmiri üçün nəzərdə tutulan (148.8 kv.m x 220 azn) = 32736 manatından imtina edir, əvəzində isə (50400 azn + 32736 azn) = 83136 (səksən üç min bir yüz otuz altı) “Kooperativ”dən (83136 azn : 1600azn) = 51.96 kv.m sahə alır. (148.8 kv.m + 51.96 kv.m = 200.76 kv.m) “Kooperativ” tərəfindən əlavə olaraq 17.24 kv.m əvəzsiz sahə verilməklə (200.76 kv.m + 17.24 kv.m = 218 kv.m) 1 ədəd 2 (iki) otaqlı mənzil təmirsiz ümumi daxili sahəsi 69 kv.m olan, 1 ədəd 2 (iki) otaqlı təmirsiz mənzil ümumi daxili sahəsi 67 kv.m olan və 1 ədəd 3 (üç) otaqlı təmirsiz mənzil ümumi daxili sahəsi 82 kv.m olan təmirsiz mənzil, bu müqavilənin şərtlərinə uyğun olaraq verilir. (Bu müqavilə üzrə “Kooperativ tərəfindən 11 saylı mənzilə görə “Mənzil Mülkiyyətçiləri”nə əvəzsiz olaraq verilən əlavə kvadrat sahəsi (14.8 kv.m (20%) + 17.24 kv.m) = 32.04 kv.m təşkil edir).
3. Müqavilənin 6.6-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilənin şərtlərinə əsasən “Mənzil mülkiyyətçisinin mülkiyyətinə veriləcək 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi sahəsi 79 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı mənzilin hesablanmış ümumi sahəsi 78 kv.m və 1 ədəd 3 otaqlı 3A-38 saylı mənzilin ümumi sahəsi 94 kv m həmin ərazidə inşa ediləcək yaşayış binalarının tikintisi üçün təsdiq edilmiş layihəyə uyğun olaraq onların oxdan-oxa, (mənzilin daxili arakəsmələri tam və qonşuya düşən divarlarının 50% hesablanmaqla) yəni xarici oxlardan hesablanmış sahələridir. “Mənzil mülkiyyətçisi”nə veriləcək 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 69 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı hesablanmış ümumi daxili sahəsi 67 kv.m və 1 ədəd 3 otaqlı 3A-38 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 43 kv.m təşkil edir.
4. İddiaçı Cavabdeh MTK-ya ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubuna əsasən aralarında olan “Əvəzləşdirilmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” xx.xx.2024-cü il tarixli, 3/6/2B-36, 3/6/2A -37, 3/6/3A-38 nömrəli Müqavilənin 6.6-cı bəndində olan səhvə düzəliş edilməsi və ona təqdim olunan mənzilin, daxili divarları hesablanmaqla - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 79 kv.m, - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 78 kv.m, - 1 ədəd 3 otaqlı mənzil ümumi daxili sahəsi 94 kv.m təşkil etməsi qeyd olunmasını xahiş etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTK arasında olan “Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair” 3/6/2B36, 3/6/2A-37, 3/6/3A-38 nömrəli, 24 oktyabr 2024-cü il tarixli müqavilənin 6.6-cı bəndində olan səhvə düzəliş edilməsi və iddiaçıya təqdim olunan mənzilin daxili divarları hesablanmaqla - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 79 kv.m, - 1 ədəd 2 otaqlı mənzil ümumi daxili sahəsi 78 kv.m, - 1 ədəd 3 otaqlı mənzil ümumi daxili sahəsi 94 kv.m göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aramızda “ Əvəzləşdirmə ilə köçürülənlərin mənzil tikintisinə və müvəqqəti yaşayışına dair ” № 3/6/2B-36, 3/6/2A -37, 3/6/3A- 38 saylı, 24 oktyabr 2024- cü il tarixli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, cavabdeh, mülkiyyətində olan 74 kv.m (+14,8 kv.m (20%)) + 60 kv.m (zirzəmi sahəsi) = 148.8 kv.m sahənin əvəzinə hazırkı müqavilənin 1.2-ci bəndlərində nəzərdə tutulmuş şərtlərlə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində inşa ediləcək: - 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 79 kv.m olan 2 (iki) otaqlı 2B-36 saylı təmirsiz mənzil, -3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A-37 saylı təmirsiz mənzil, -3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzili onun mülkiyyətinə verməyi (cəmi 251 kv.m olmaqla) öhdəsinə götürmüşdür. Ona verilməli olan cəmi 251 kv.m sahənin verilməsi, müqavilənin 1.2-ci maddəsinə əsasən müvəqqəti yaşayış üçün veriləcək hər ayda nəzərdə tutulan 900 azn kirayə haqqı və 500 azn anbardan istifadəyə görə istifadə haqqı olaraq, ümumi 1400 azn məbləğin 36 ay üçün cəmi olaraq 50.400 azn və 148.8 kv.m sahənin təmir pulu olaraq 220 azndən hesablamaqla 32.736 azn məbləğin tərəfindən imtina etməklə, cəmi 83.136 (50.400 +32.736) azn məbləği, kv.m dəyəri 1600 azn olmaqla əvəzləşdirmə apararaq, əlavə 51.96 kv.m olmaqla nəzərdə tutulmuşdur. Bununla bağlı müqavilənin 2.2.10 və 2.2.1 ci bəndlərində də təhvil veriləcək mənzillərin 1 ədəd 2 (iki) otaqlı 2B-36 saylı təmirsiz mənzil, 1 ədəd 2 otaqlı 2A-37 saylı təmirsiz mənzil və 3 saylı yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzil olması göstərilmişdir. Aralarında bağlanmış müqavilə əsasında onun tərəfindən cavabdehə təhvil verilmiş əmlak aşağıdakılardan ibarət olmuşdur: - ünvan 1 ünvanda inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən hüquqi sənəd üzrə 3, faktiki olaraq 4 otaqlı, təmirli, 11 saylı mənzil- ümumi sahəsi 92,51 kv.m, ünvan 1 ünvanda inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın, zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi - 32,86 kv.m, - ünvan 2 ünvanda inşa edilmiş 3 mərtəbəli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən, 11 saylı mənzilin tərkib hissəsi olan 2-ci zirzəmi, ümumi sahəsi - 20,19 kv.m, - ünvan 1 ünvanda inşa edilmiş 3 mərtəbli Stalin layihəli binanın 1-ci mərtəbəsində yerləşən, 11 saylı mənzilin tərkib hissəsi olan 3-cü zirzəmi, ümumi sahəsi - 23,54 kv.m. Qeyd olunan yaşayış və qeyri yaşayış sahələri cavabdehə təhvil verilmiş və onların əvəzi olaraq, eyni zamanda zamanda 36 aylıq kirayə haqqı və təmir haqqı üzərinə gəlməklə aramızda olan razılaşmaya əsasən mənə, ümumi sahəsi 79 kv.m olan 2 (iki) otaqlı 2B-36 saylı, ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A-37 saylı təmirsiz mənzil, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzili, cəmi 251 kv.m sahənin mənim verilməsi nəzərdə tutulmuşdur. Onun yaşayış tərzi onun üçün çox rahat və əlverişli səviyyədə olduğundan arada olan razılaşma qısa müddət ərzində tələm-tələsik, ona və ailəsinə müxtəlif təzyiqlər göstərilməklə, eyni zamanda yaşadığı mənzilin Nizami Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadına əsasən, (hansı ki, sonradan məlum olmuşdur ki bu qərardad qeyri-qanuni olduğundan Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur) onun iradəsinə zidd olaraq boşaldılacağı, onu və ailəsinin məcburi olaraq köçürüləcəyi, binaya girişin qadağan olacağı, həmin ərazinin çəpərlənəcəyi hədələri altında, gərginlik və məcburiyyət qarşısında belə bir müqavilənin bağlanması mümkün olmuşdur. Yəni, nəticədə (uzun sürən mübahisələrdən sonra) verdiyi əmlakın müqabilində, gələcəkdə, ümumi sahəsi 251 kv.m sahədən ibarət mənzillərin əldə olunması barədə razılıq əldə olunmuşdur. Bununla belə, sonradan, ona məxsus əmlakı tərk edərək ailəsi yerləşdirdikdən, arada olan gərginlik aradan qalxdıqdan və hüquqi yardim məqsədi ilə peşakarlara müraciət etdikdən sonra məlum olmuşdur ki, aralarında olan razılaşmaya əsasən, ona verilən mənzil 251 kv.m deyil, ümumiyyətlə 179 kv. m təşkil edir. Ondan da 51.96 kv.m sahəsi kirayə haqqı və təmirin pulu təşkil edir, belə çıxır ki, tərəfindən təqdim olunan əmlakın əvəzinə ona cəmi 127 kv.m (179 kv.m - 51.96 = 127) təqdim olunur. Belə ki, cavabdeh tərəfindən tərtib olunan müqavilənin 6.6-cı bəndində qeyd olunmuşdur ki, ümumi sahəsi 79 kv.m olan 2 (iki) otaqlı 2B-36 saylı, ümumi sahəsi 78 kv.m olan 2 (iki) otaqlı 2A-37 saylı təmirsiz mənzil, ümumi sahəsi 94 kv.m olan 3 (üç) otaqlı 3A-38 saylı təmirsiz mənzil xarici oxlardan hesablanmaqla, ona veriləcək sahə 1 ədəd 2 otaqlı 2B-36 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 69 kv.m, 1 ədəd 2 otaqlı 2A-37 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 67 kv.m, 1 ədəd 3 otaqlı 3A-38 saylı mənzilin hesablanmış ümumi daxili sahəsi 43 kv.m təşkil edir (cəmi 179 kv.m). Hesab edir ki, aralarında olan razılaşma ümumi sahə 251 kv.m olduğu halda və hər yerdə bu qeyd olunduğu halda, ona cəmi 179 kv.m sahənin təklif olunması absurtdur və aldatmadan başqa bir şey deyildir. Digər tərəfdən, yaşadığı “Stalinka” tipli binanın qalınlığı iki daş olmaqla 45-50 sm olduğu halda ona məxsus əmlak daxili divarlarla hesablandığı halda, təklif olunan əmlak xarici divarlarla hesablanır. Bu nə deməkdi və hansı məntiqli hesablamalardan irəli gəlir? Hal bu ki, çoxmənzili binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması44 qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşmələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Lakin bununla belə cavabdeh tərəfindən, müxtəlif yalanlara, təzyiq və böhtanlara məruz qoyaraq, tikinti ilə bağlı bütün sənədlərin hazır olmaqla məhkəmə qərardadına əsasən məcburən çıxaracağı barədə hədələri nəticəsində tələm-tələsik müqavilə bağlayaraq onu ailəsi ilə oranı tərk etməyə sövq etməsi aldatmadan başqa bir şey deyildir.
7. Cavabdehin nümayəndələri iddiaya qarşı etiraz verərək qeyd etmişlər ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 69.3 kv.m mənzili və 32.9 kv.m qeyri yaşayış (zirzəmi) sahəsi vardır. Artırmalar da nəzərə alınmaqla MTK onun mənzilinin sahəsini fakitiki 74 kv.m, zirzəmisinin sahəsini isə faktiki 60 kv.m olduğunu qəbul etmişdir. Tərəflər arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli müqavilənin 1.1 bəndinə əsasən MTK mülkiyyətçiyə aşağıdakıları təklif etmişdir: Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev küçəsində inşa ediləcək 3 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 79 kv.m (Daxili sahəsi 69 kv.m) olan 1 ədəd 2 otaqlı 2B-36 saylı, həmin binanın 6-cı mərtəbəsində ümumi sahəsi 78 kv.m (Daxili sahəsi 67 kv.m) olan 1 ədəd 2 otaqlı 2A-37 saylı mənzil və həmin binanın 6-cı mərtəbəsində ümumi sahəsi 94 kv.m(Daxili sahəsi 82 kv.m) olan 1 ədəd 3 otaqlı 3A-38 saylı təmirsiz mənzil təklif edir.Bütün mənzillərin təmirsiz olaraq mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, hər ay üçün veriləcək kirayə haqqı (1.400 Azn x 36ay = 50.400 manat) və təmirə görə ayrılmış hər kv.m üçün (148 kv.m x 220 manat) 32.736 manat toplamda 83.136 mant (50.400 + 32.736 = 83.136 manat) fərqə görə ona əlavə olaraq 51.96 kv.v sahəsi də ona təklif olunan mənzillərin sahəsinə əlavə edilmişdir (83136 manat: 1600 azn = 51,96 kv.m). Bundan başqa, Kooperativ tərəfindən əvəzsiz olaraq mülkiyyətçiyə 17.24 kv.m sahə verilməklə toplamda 218 kv.m sahəsi olan yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur (148.8 kv.m + 51,96 kv.m + 17.24 kv.= 218 kv.m). Həmin sahəyə həm də şirkət tərəfindən verilən əlavə 20% də daxildir. Yəni, ümumi daxili sahəsi 69 kv.m olan 1 ədəd 2 otaqlı təmirsiz mənzil və ümumi daxili sahəsi 67 kv.m olan 1 ədəd 2 otaqlı təmirsiz mənzil, eləcə də ümumi daxili sahəsi 82 kv.m olan 1 ədəd 3 otaqlı təmirsiz mənzillərin verilməsi razılaşdırılmışdır. Qeyd etmək istəyir ki, müqavilənin 6.6-cı bəndində yanlışlığa yol verilmişdir və 3 otaqlı mənzilin sahəsi 82 kv.m əvəzinə 43 kv.m göstərilmişdir. Həmin hissədə iddianı qəbul edir və müqavilədə müvafiq düzəlişin aparılmasına etiraz etmirlər. İddianın digər hissəsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ilə Kursus- Nizami MTK arasında azad şəkildə, heç bir məcbur etmə aldatma və digər neqativ hallar olmadan sərbəst, könüllü müqavilə bağlanmışdır və hər iki tərəf bu müqaviləni qanunla müəyyən olunan qaydada təsdiq etmişdir. Ona görə də 43 kv.m-nın 82 kv.m ilə əvəz olunması istisna olmaqla, qalan hissədə iddianın təmin edilməsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 4363/2025 nömrəli qətnaməsi ilə (hakim A.Oruclu) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müqavilənin qanunun tələb etdiyi şərtlərə uyğun olaraq tərtib edildiyi, müqavilənin şərtlərinin aydın şəkildə müəyyənləşdirildiyi, tərəflər arasında bu şərtlərlə bağlı hər hansı bir anlaşılmazlıq və ya yanıltma hallarının olmadığı, tərəflərin müqaviləni bağlarkən müqavilə azadlığı prinsipinə riayət etdikləri, şəxsi əqdi bağlamağa məcburetmə, aldatma, zorakılıq, hər hansı hədə təsiri müəyyən olunmamışdır.
10. Həmçinin, istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqeyə əsasən yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir, Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
11. Göründüyü kimi, hazırkı halda müqavilənin şərtlərinin dəyişdirilməsi məhkəmədənkənar qaydada tərəflərin razılaşması yolu ilə mümkündür. Məhkəmə qaydasında müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında mümkündür.
12. Məhkəmə cavabdehin nümayəndəsinin müqavilənin 6.6-cı bəndində göstərilən səhvə düzəliş edilməsi tələbini, həmin bənddə mənzilin ümumi daxili sahəsinin 43 kv.m göstərilməsinin texniki səhv olduğunu qəbul etməsinə münasibətdə qeyd etmişdir, müqavilənin 5.1-ci və 5.2-ci bəndinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqlıqların aparılması yolu ilə həll edilir. Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Müqavilənin 6.6-cı bəndindəki mənzilin ümumi daxili sahəsinin 43 kv.m göstərilməsinin texniki səhv nəticəsində yazılmağı ilə bağlı tərəflər arasında mübahisənin olmamasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, bu məsələnin məhkəmə vasitəsilə həllinə ehtiyac yoxdur. Hər iki tərəf, müqavilə şərtlərinə uyğun olaraq, danışıqların aparılması yolu ilə bu düzəlişi həyata keçirə bilərlər.
13. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
14. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.2, 405.1, 421.1, 421.2, 422.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, müqavilə bağlanarkən müqavilənin şərtlərinin aydın şəkildə müəyyənləşdirilməmiş, anlaşılmazlıq və ya yanıltma halları baş vermiş, aldatma, hədə təsirləri baş vermişdir. Məhkəmə tərəflər arasnda şəraitin dəyişdirilməsi kimi halların mövcud olmadığı hallarına istinad etməkdə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Maddə 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Maddə 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İddiaçı iddia edir ki, o, tərəflər arasında müqavilə bağlanarkən cavabdeh tərəfindən aldatmaya və təzyiqə məruz qalmışdır. İddiaçı həmçinin müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığına istinad edir. Göstərilənlərə əsasən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ona təqdim ediləcək mənzillərin sahələri ilə bağlı şərtlərinə dəyişikliyin edilməsini xahiş edir.
27. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi hallar mülki qanunvericiliyə əsasən iddiaçıya cavabdeh tərəfindən təqdim ediləcək mənzillərin sahələri ilə bağlı şərtlərin dəyişdirilməsi üçün deyil, etibarsız sayılması üçün əsaslardır.
28. Lakin nəzərə alınmalıdır ki, hüquqi mahiyyət etibarilə iddiaçı tələbi bu formada qoymaqla müqavilədə ona təqdim ediləcək mənzillərin sahələri ilə bağlı şərtlərin etibarsız hesab edilməsini, onların tərəflər arasında həqiqətdə nəzərdə tutulmuş şərtlərlə əvəz edilməsini xahiş edir.
29. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində iddiaçının mülkiyyətində olmuş mənzil və zirzəminin sahələrinə münasibətdə “daxili sahə”, ona təqdim ediləcək mənzillərin sahələrinə münasibətdə isə “ümumi sahə” ifadələrindən istifadə edilmiş, müqavilənin 1.2-ci bəndində isə iddiaçıya təqdim ediləcək mənzillərin “ümumi daxili sahəsi” 69, 67 və 82 kv.m göstərilmişdir.
30. Həmçinin, müqavilənin 6.6-cı bəndində mənzillərin “ümumi sahəsi”nin oxdanoxa hesablandığı, “ümumi daxili sahə”nin isə 69, 67 və 43 kv.m olduğu açıqlanmışdır. Qeyd edilməlidir ki, mənzillərdən birinin sahəsinin 43 kv.m qeyd olunmasının texniki səhv olduğu cavabdeh tərəfindən məhkəmə iclasında qəbul edilmişdir və bununla bağlı tərəflər arasında mübahisə mövcud deyil.
31. Göründüyü kimi, mənzillərin ümumi və daxili sahələri ilə bağlı müqavilə şərtləri müqavilədə aydın şəkildə müəyyənləşdirilmiş, bununla bağlı bəndlər müqavilədə “qalın” şriftlə göstərilmişdir.
32. Məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdehin nümayəndələri tərəfindən həmin ünvanda digər şəxslərlə bağlanmış müqavilələr təqdim edilmiş, həmin müqavilələrdə də iddiaçı ilə bağlanılmış müqavilədə mənzillərin sahələri ilə bağlı göstərilən şərtlər əks olunmuşdur.
33. Odur ki, məhkəmə kollegiyası müqavilə bağlanarkən iddiaçının cavabdeh tərəfindən aldadıldığını və ya hansısa təzyiqə məruz qaldığını ağlabatan hesab etmir.
34. Məhkəmə kollegiyası müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı barədə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçının bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi halı nəzərdən keçirilə bilər.
35. Lakin qeyd edilməlidir ki, müqavilənin bu əsasla mübahisələndirilməsi üçün mülki qanunvericilikdə 1 aylıq kəsici müddət müəyyən edilmişdir (MM 354.2-ci maddə).
36. İşdən görünür ki, tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmış, lakin iddiaçı öz yazılı pretenziyasını cavabdehə bir neçə ay sonra – xx.xx.2025-ci il tarixində təqdim etmiş, məhkəməyə isə hazırki tələblə xx.xx.2025-ci il tarixində müraciət etmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4363/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: