Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1597/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi hüquq normasının pozulması, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Cavabdeh və Iddiaçı1 ## ###### 2021-ci il tarixdə nikaha daxil olmuş, nikahlar ## ######## 2023-cü il tarixdə pozulmuşdur.
2. ## ### 2021-ci il tarixli kredit limiti müqaviləsi ilə “xxxx” ASC tərəfindən iddiaçı1 50000 manat məbləğində 120 ay müddətə kredit limiti ayrılmışdır. Həmin müqavilə üzrə iddiaçı1 göstərilən tarixdə 10000 manat kredit verilmişdir. Müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən iddiaçı1 10000 manat əsas və 2220,32 manat faiz borcu olmaqla, cəmi 12220,32 manat ödəməlidir.
3. iddiaçı1 atası iddiaçı2 ## ######## 2021-ci il tarixli kredit limiti müqaviləsi ilə “xxxx” ASC-dən 19700 manat kredit götürmüş, həmin müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən o, 19700 manat əsas və 6032,31 manat faiz borcu olmaqla, cəmi 25732,31 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh ilə “Whatsapp” yazışmalarına əsasən sonuncu 3 ay avtomobili idarə etdiyi üçün hər ay 500 manat olmaqla, cəmi 1500 manat, iddiaçı1 işdənçıxma müavinəti olan 3400 manat, götürülmüş kreditlər və qızıl-zinət əşyalarına görə borcu olduğunu etiraf etmiş və imkan olduğu zaman ödəyəcəyinə vəd vermişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə və iddia tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş kredit borcuna görə 12220 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, avtomobilin idarə edilməsinə görə 1500 manat, həmin məbləğin cəminə hesablanmış faizə görə 4498 manat, vurulmuş mənəvi zərərə görə 3000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat olmaqla, cəmi 29218 manat və ödənilmiş dövlət rüsumuna görə 177 manat pulun alınıb iddiaçı iddiaçı1 ödənilməsi və ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca hesablanmış faizə görə 5403 manat, vurulmuş mənəvi zərərə görə 2000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 190 manat, cəmi 33625 manat pulun alınıb iddiaçı iddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı1 cavabdeh ilə ## ###### 2021-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdeh Iran vətəndaşı XXX ilə rəsmi nikahda olduğu halda, özünü subay şəxs kimi təqdim edərək, heç zaman evli olmadığını, Iran vətəndaşı ilə nişanlı olub ayrıldığını söyləyərək, iddiaçı1 aldatmaqla onunla nikaha daxil olmağa nail olmuşdur. Belə ki, ## ###### 2021-ci il tarixində baş tutmuş toylarından bir müddət sonra, ## ###### 2021-ci il tarixində birlikdə Irana səfər edərkən, Iranlı xanımı tərəfindən Iranda məhkəməyə verilməsindən xəbərdar olmuşdur. Daha sonra Iranlı xanım ailəsi ilə əlaqəyə keçərək toy görüntülərini, rəsmi nikah sənədlərini təqdim etmişdir. Cavabdeh 2 ilə yaxın müddətdə həm iddiaçı1, həm Iran vətəndaşı ilə rəsmi nikahda olmuşdur. Cavabdeh iddiaçı1 ilə evlənmək niyyətinin olduğunu deyərkən özünü iş adamı kimi təqdim etmiş, etibarlı biri olduğuna inandırmışdır. Lakin, daha sonra iddiaçıya onun əsl niyyətinin maddi maraq olduğu məlum olmuşdur. Belə ki, toyları üçün çəkilmiş xərclərin hamısını iddiaçıdan almış, özünün işlərinin yubandığını, sonradan çəkilmiş xərcləri ona qaytaracağını demişdir. Hətta iddiaçının qızıllarını toydan bir neçə gün sonra ondan almışdır. Bundan əlavə, cavabdeh toy ərəfəsində “xxxx” ASC-dən iddiaçının adına 10000 manat məbləğində, toydan sonra isə atasının adına 19700 manat məbləğində krediti götürərək özü ödəyəcəyini demiş, lakin ödəməkdən boyun qaçırmışdır. iddiaçı1 hər ay cavabdehin götürdüyü kreditlərin aylığını (1500 manat) ödəmişdir. Həmçinin, cavabdeh iddiaçının işləməyini istəmədiyini deyərək, onu işdən çıxarmış və işdən çıxmağı ilə əlaqədar ona ödənmiş 3400 manat məbləğində son haqq-hesabı da əlindən almışdır. Qeyd etdiyi məsələlər barədə səs yazıları, “Whatsapp” və “mail” yazışmaları mövcuddur. Bundan əlavə, cavabdehin ailəsi də məsələni bilərəkdən gizlətmiş, ## #### 2021ci il tarixində baş tutmuş elçilik mərasimində cavabdehin atası XXX “Cavabdeh heç zaman evli olmayıb, toyu olmayıb” deyərək onları cavabdehin subay şəxs olduğuna inandırmışdır. Cavabdehin Irandakı arvadı Iran vətəndaşı XXX ilə əlaqəsi yarandıqdan sonra onlara məlum olmuşdur ki, cavabdeh onu da eyni məqsədlə aldatmış, özünü ona Rusiya Respublikasında diplomat və iş adamı kimi təqdim etmiş, həmin qadının da külli miqdarda pullarını ələ keçirmişdir. Ümumilikdə cavabdeh iddiaçıya bank faizləri ilə birlikdə 12220 manat iddiaçının adına, 3400 manat işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesab, 5000 manat dəyərindəki qızıllarını ələ keçirmiş, eyni zamanda avtomobilini idarə etdiyi üçün 1500 manat ödəyəcəyini bildirsə də, bundan da yayınaraq iddiaçı1 maddi ziyan vurmuşdur. Eyni zamanda cavabdeh toydan sonra iddiaçı iddiaçı2 adına 19700 manat məbləğində krediti götürərək özü ödəyəcəyini demiş, lakin ödəməkdən boyun qaçırmışdır. O, hər ay cavabdehin götürdüyü kreditlərin aylığını ödəmişdir. Nəticədə həmin kreditə görə 25732 manat ödəniş etmişdir. Qeyd etdiyi məsələlər barədə səs yazıları, “Whatsapp” və “mail” yazışmaları mövcuddur. Dəfələrlə onlara dəymiş ziyanın ödənilməsini tələb etsələr də, cavabdeh hər dəfə bir bəhanə gətirərək ziyanı ödəməkdən yayınmışdır. Bundan əlavə, məsələnin məhkəmədənkənar həll edilməsi üçün keçirilən ilkin mediasiya sessiyasında da cavabdeh tərəf iştirak etmədiyindən mediasiya prosesi də baş tutmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən yenə də heç bir tədbir görülməmiş, borcun ödənilməsi təmin edilməmişdir. Iddiaçı iddiaçı1 münasibətdə cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün iki faiz bəndi əlavə edilməklə illik beş faiz tətbiq edilməli və ödənilməsi 3 il gecikdirilmiş pul məbləğinə 5+2=7 faiz ödəmə hesablanmalıdır (20500 manat x illik 7 faiz = 1435 manat x 3 il = 4305 manat). iddiaçı2 münasibətdə isə cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün iki faiz bəndi əlavə edilməklə illik beş faiz tətbiq edilməli və ödənilməsi 3 il gecikdirilmiş pul məbləğinə 5+2=7 faiz ödəmə hesablanmalıdır (25732 manat x illik 7 faiz =1801 manat x 3 il = 5403 manat). Göstərilənlərə əsasən cavabdeh tərəfindən törədilən mülki hüquq pozuntusu və borclu olduğu halda, ona hədə-qorxu gəlməsi, eləcə də cavabdehdən məhkəmə orqanlarına etdiyi şikayətlərə əsasən həmin orqanlara çağırılmağı, maddi itkilərlə yanaşı, orada saatlarla gözləməklə və sinirlənməklə həyəcan və narahatlıq keçirməyi, buna baxmayaraq nəticədə onun tərəfindən borcunun qaytarılmaması özünü zəif, köməksiz, çarəsiz və cəmiyyətdən təcrid olunmuş hiss etməyinə və buna görə şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaqla mənəvi sarsıntı keçirməyinə əsasdır. Məhz buna görə də həmin halların əlavə sübutlarla müəyyən edilməsinə ehtiyac yoxdur. Buna görə də cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş və onun tərəfindən mənəvi zərərə məruz qalmışdır. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş sözügedən əməlin nəticələrinin heç nə ilə aradan qaldırıla və kompensasiya edilə bilinməməsini nəzərə almaqla zərərin məbləğini ədalətli olaraq ən azı iddiaçılardan iddiaçı1 nisbətdə 3000 manat, Iddiaçı2a nisbətdə isə 2000 manat həcmində müəyyən edilməsini ağlabatan hesab edəcək və o, həmin məbləği tələb edir.
7. Cavabdeh birinci instansiya məhkəməsində ərizə ilə müraciət edərək qeyd etmişdir ki, tərəflərin münasibətləri 2022-ci ilin fevralında pozulmuşdur. Iddiaçının iddia qaldırmaq üçün iddia müddəti bitmişdir. Mülki Məcəllədə iddia müddəti əsassız varlanma üzrə 2 ildir. Eyni zamanda iddiaçılar borcu guya ona 2021-ci ildə vermişlər. Beləliklə, həm əsassız varlanma üzrə, həm də borc tələbləri üzrə 3 illik iddia müddəti ötmüşdür. Iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbi qismən təmin edilərək, cavabdehdən ödənilmiş kredit borcuna görə 12220 manat, həmin məbləğə gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 1539,72 manat, qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, avtomobilin idarə edilməsinə görə 1500 manat və hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat olmaqla, cəmi 23259,72 manatın və ödənilmiş 159,78 manat dövlət rüsumunun əvəzi iddiaçı1 xeyrinə tutulması, cavabdehdən ödənilmiş kredit borcuna görə 25732 manat, həmin borca gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 1495 manat və hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat, cəmi 27527 manatın və ödənilmiş 172,58 manat dövlət rüsumunun əvəzi iddiaçı2 xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı1 ## ### 2021-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-dən 10000 manat götürmüş, həmin pulu cavabdehə vermiş və həmin pul məbləği faizləri ilə birlikdə ümumilikdə 12220,32 manat iddiaçı1 tərəfindən ## ### 2023-cü il tarixdə tam şəkildə Banka ödənilmişdir.
10. Cavabdeh həmin krediti ona verilməsini və qaytaracağını “Whatsapp” yazışmalarında etiraf etmiş və ödəyəcəyinə vəd vermişdir.
11. Cavabdeh iddia barədə məlumatlı olsa da, yazılı və ya şifahi etiraz, həmçinin tələbin rədd edilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
12. Ona görə də iddia tələbi cavabdehdən ödənilmiş kredit borcuna görə 12220 manatın iddiaçı1 xeyrinə tutulmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir.
13. Bununla yanaşı, məhkəmə iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün hesablanmış məbləğin cavabdehdən tutulmasını qismən əsaslı hesab etmişdir.
14. Belə ki, iddiaçı tərəfindən tələb olunan 12220 manat ## ### 2023-cü il tarixdə ödənildiyindən, ## ### 2023-cü ildən hazırkı tarixə, yəni ## ###### 2025-ci il tarixinə 2 il 6 ay 3 gün müəyyən olunur, budakı 903 gün təşkil edir. Qeyd olunanlara əsasən illik 5% götürüldükdə, yəni 5%/360=0,014% (yuvarlaq), bununla da 0,014% x 903 günə = 12,6% təşkil edir. Iddia tələbinin 12220 manatı x 12,6% = 1539,72 manat məbləği müəyyən olunur. Odur ki, cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 1539,72 manat iddiaçı iddiaçı1 xeyrinə tutulmalıdır.
15. Eyni zamanda, cavabdehin iddiaçı1 aldığı və qaytaracağına vəd verdiyi qızıl-zinət əşyalarının dəyəri, həmçinin işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba dair pulun, 3 ay müddətinə avtomobilin idarə edilməsinə görə hər ay 500 manat olmaqla, cəmi 1500 manat məbləğində pulun cavabdeh tərəfindən “Whatsapp” yazışmalarında qaytaracağına vəd verməsi onun bu öhdəliyi qəbul etməsini sübut edir.
16. Ona görə də cavabdehdən qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat və avtomobilin idarə edilməsinə görə 1500 manat iddiaçı1 xeyrinə tutulmalıdır.
17. Məhkəmə, iddiaçı iddiaçı2 aid iddia tələbinə dair hissədə isə belə nəticəyə gəlmişdir ki, iddiaçı2 ## ######## 2021-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” ASC-dən 19700 manat götürmüş, cavabdehə vermiş və həmin pul məbləği faizləri ilə birlikdə ümumilikdə 25732,31 manat iddiaçı2 tərəfindən tam şəkildə Banka ödənilmişdir.
18. Cavabdeh həmin krediti ona verilməsini və qaytaracağını “Whatsapp” yazışmalarında etiraf etmiş və ödəyəcəyinə vəd vermişdir. Ona görə də iddia tələbi cavabdehdən ödənilmiş kredit borcuna görə 25732 manatın iddiaçı2 xeyrinə tutulmasına dair hissədə əsaslı olduğundan təmin edilməlidir.
19. Bununla yanaşı, məhkəmə iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün hesablanmış məbləğin cavabdehdən tutulmasını qismən əsaslı hesab etmişdir.
20. Belə ki, iddiaçı tərəfindən tələb olunan 25732 manat ## ######## 2024-cü il tarixdə ödənildiyindən, ## ######## 2024-cü ildən hazırkı tarixə, yəni ## ###### 2025-ci il tarixinə 1 il 1 ay 25 gün müəyyən olunur, budakı 415 gün təşkil edir. Qeyd olunanlara əsasən illik 5% götürüldükdə, yəni 5%/360=0,014% (yuvarlaq), bununla da 0,014% x 415 günə = 5,81% təşkil edir. Iddia tələbinin ödənilmiş kredit borcuna görə 25732 manatı x 5,81% = 1495 manat məbləği müəyyən olunur. Odur ki, cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış 1495 manat iddiaçı iddiaçı2 xeyrinə tutulmalıdır.
21. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdikləri fiziki və mənəvi sarsıntıları sübut etməlidirlər. Hazırkı halda iddiaçılar cavabdehin hərəkəti nəticəsində mənəvi ziyana düşmələrini göstərsələr də, həmin zərərin real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişlər.
22. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehə qarşı iddiasının maddi-mənəvi ziyanın ödənilməsinə dair hissədə iddia tələbi rədd edilməlidir.
23. Qeyd olunanlarla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdeh ## #### 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçılar tərəfindən ona qarşı iddia qaldırmaq üçün iddia müddətini ötürmələri səbəbindən iddianın rədd olunmasını xahiş etmişdir.
24. Lakin, iddiaçı iddiaçı1 ilə cavabdeh arasında nikaha ## ######## 2023-cü il tarixində xitam verilmiş, iddiaçı1 ## ######## 2023-cü il tarixdə cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmış, Füzuli Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddia baxılmamış saxlanılmışdır.
25. Bundan sonra iddiaçılar ## ### 2025-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi iddiaçılar iddia müddətlərini ötürməmişlər.
26. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 367, 385, 386, 427, 439, 442, 443, 445, 448, 1091, 1092-ci, Ailə Məcəlləsinin 34-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2020-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
27. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia müddəti məsələsi düzgün araşdırılmamışdır. Tərəflər arasında faktiki münasibətlərin ən geci 2022-ci ilin ortalarında başa çatdığı iddiaçı tərəfindən də etiraf olunur. Füzuli Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı ## ###### 2023-cü il tarixdə “nikahın etibarsız hesab edilməsi” tələbi ilə artıq bir dəfə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə təqdim edilmiş ## ###### 2022-ci il tarixli iddia ərizəsinin məzmununda iddiaçı açıq şəkildə göstərmişdir ki, ailə münasibətləri aylardır pozulmuşdur, nikah formal xarakter daşıyır, cavabdeh tərəfindən aldadıldığını hesab edir, cavabdehin ona qarşı maddi və mənəvi öhdəliklərini yerinə yetirmədiyini, bank kreditləri, qızılların qaytarılmaması və digər zərərlər barədə məhz həmin dövrdə məlumatlı olduğunu bəyan etmişdir. Beləliklə, iddiaçının öz yazılı izahatlarından aydın şəkildə görünür ki, o, ən geci 2022-ci ilin ortalarından etibarən nikahın formal xarakter daşıdığını və hüquqlarının pozulduğunu bildiyini etiraf etmişdir. Qeyd olunan mülki iş üzrə ## ### 2023-cü il tarixli qərardadla iddia, iddiaçının öz ərizəsi əsasında baxılmamış saxlanılmışdır. Lakin, iddianın baxılmamış saxlanılması iddia müddətini kəsmir və iddiaçıya iddia müddəti keçdikdən sonra eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququ vermir. Bu baxımdan, iddiaçının ## ### 2025-ci il tarixdə pul tələbi ilə iddia qaldırması ilə hüquqlarının pozulduğunu bildiyi gündən (2022-ci ilin ortaları) 3 il keçməsi məlum olur. Birinci instansiya məhkəməsi *(***)-***/**** nömrəli iş üzrə mövcud olmuş bu prosessual faktlara və iddiaçının əvvəlki iddia ərizəsində hüquqlarının pozulduğunu bildiyini açıq şəkildə göstərməsinə hüquqi qiymət verməmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Iddiaçılar bu iddianı ## ### 2025-ci ildə, yəni müddətin bitməsindən 1 il 3 ay sonra qaldırmışlar. O, iddiaçı1 həmin iddiasını elektron kabinetə əlavə etmişdir. Bununla, həmin iş üzrə əsassız varlanma üzrə iddia müddətinin keçməsi sübut olunur. Məhkəmə qətnaməsini yalnız “Whatsapp” yazışmalarına əsasən əsaslandırmışdır, lakin bu mülki qanunvericiliyin tələblərinə ziddir. Iş materiallarında tərəfindən imzalanmış heç bir borc sənədi yoxdur. Bank kreditləri iddiaçıların adınadır və onların şəxsi mülkiyyətində olan vəsaitlərdir. Bu vəsaitlərin ona verilməsi barədə bank köçürməsi və ya qəbz yoxdur. Tərəflər arasında borc münasibətləri yoxdur. Bu ən yaxşı halda əsassız varlanma hesab oluna bilər. Birincisi, əsassız varlanma olsa belə, artıq sübut edilmişdir ki, iddia müddəti keçib. Ikincisi, iddiaçıların cavabdehə pulu verməsini sübut edən heç nə yoxdur. “Whatsapp” yazışmalarının ona aid olmasına dair şəkillər ilə iddia qaldırmaq hüquqi baxımdan əsassızdır. Həmin yazışmaların ona aid olması sübut olunmur. Füzuli Rayon Məhkəməsində baxılmış *(***)-***/**** nömrəli mülki işdə iddiaçı iddiaçı1 tərəfindən təqdim edilmiş iddia ərizəsinin məzmunundan açıq şəkildə görünür ki, iddiaçı qızıllarla bağlı iddialarında bir-birini təkzib edən və cavabdehin məsuliyyətini istisna edən hallar göstərmişdir. Həmin iddia ilə qızılların ona verilməsini təsdiq edir. Bu hal bir neçə mühüm hüquqi nəticə doğurur: sübutetmə yükü iddiaçının üzərindədir. Iddiaçı cavabdehin qızılları ona hədiyyə etdiyini bildirir. Deməli cavabdehin qızılları verməsi faktı mübahisəsiz sübut olunur. Lakin həmin qızılları ondan geri aldığını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Qızılların cavabdeh tərəfindən verilməsi faktı sübut olunsa belə, iddiaçı onların cavabdeh tərəfindən geri alındığını sübut edə bilmir. Bu isə iddiaçının iddiasının sübuta yetirilmədiyini göstərir. Iddiaçının öz izahı hədiyyə faktını istisna edir. Iddiaçı iddiaçı1 əvvəlki iddia ərizəsində verdiyi izahatdan görünmüşdür ki, o, özü də bilirdi və etiraf edirdi ki, qızıllar ona hədiyyə edilməmiş, qızıllar yalnız müvəqqəti istifadə üçün götürülmüş, istifadə bitdikdən sonra geri qaytarılmışdır. Hətta fərziyyə olaraq cavabdehin qızılları geri qaytarmadığı qəbul edilsə belə, iddiaçının öz izahatına əsasən qızıllar ona məxsus olmamış, üçüncü şəxsə məxsus olmuşdur. Belə olan halda, iddiaçı həmin qızılları mülkiyyətçi kimi deyil, yalnız istifadəçi (kirayəçi) qismində götürmüşdür. Bu isə o deməkdir ki, iddiaçı həmin qızılların qaytarılmasını cavabdehdən tələb etmək hüququna malik deyildir, çünki həmin qızılların mülkiyyətçisi özü deyil. Bu halda Mülki Məcəllənin 666-cı maddəsinə uyğun olaraq, mülkiyyət hüququnun keçməsi (hədiyyə) baş vermədiyindən, iddiaçının qızıllara dair mülkiyyət iddiası irəli sürmək hüququ yoxdur. “Whatsapp” yazışmalarının məhz iddiaçı1 ilə cavabdeh arasında baş tutduğunu, yazışmanın başqa şəxs tərəfindən saxtalaşdırılmadığını, telefon nömrəsinin və hesabın cavabdehə məxsus olduğunu sübut etmək iddiaçının üzərinə düşür. Istənilən şəxs telefonunda başqa bir nömrəni “Cavabdeh” adı ilə yadda saxlayıb yazışma apara və bunu “sübut” kimi təqdim edə bilər. Bu ehtimal aradan qaldırılmadan həmin material sübut sayıla bilməz. Kredit və borc tələbləri üzrə sübutların düzgün qiymətləndirilməməsi və prosessual pozuntular barədə məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasına şərait yaratmalıdır. Məhkəmə araşdırması ilə kreditlərin nikahdan əvvəl götürülməsi faktına hüquqi qiymət verilməyib, kreditlərin nikah dövründə ümumi vəsait hesabına ödənilməsi nəzərə alınmayıb, birgə nikah mülkiyyəti məsələsi araşdırılmayıb, borcun hüquqi mahiyyəti (borcdur, ailə xərci, yoxsa hədiyyə) müəyyən edilməyib. Kredit borclarının kim tərəfindən götürüldüyü, kim tərəfindən xərcləndiyi, hansı məqsədlə istifadə edildiyi müəyyən edilmədən qərar qəbul olunub. Əvvəla, iddiaçılar kreditlərin banklardan götürülüb ona verilməsini, o cümlədən son haqqhesabın, qızılların verilməsini sübut edə bilmir. Həmçinin guya avtomobili idarə etdiyinə görə 1500 manat pul verməli olduğunu iddiaçı iddiaçı1 sübut edə bilmir. 10000 manat kredit tələbi üzrə ziddiyyətlər və hüquqi qiymətləndirmənin olmaması - hətta fərz edilsə iddiaçılar krediti götürüb ona veriblər, bu halda belə əsassız tələb irəli sürürlər. Belə ki, iddiaçı iddiaçı1 iddia ərizəsində göstərmişdir ki, guya ## ### 2021-ci il tarixdə “xxxx” ASC-dən onun adına 10000 manat kredit götürülmüş və həmin məbləğ cavabdehə verilmişdir. Halbuki, tərəflər ## ###### 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, bank arayışından açıq görünmüşdür ki, sözügedən kredit nikahdan əvvəl rəsmiləşdirilmişdir. Həmin kredit nikah dövründə mərhələli şəkildə ödənilmiş, hazırda isə tam bağlanmışdır. Iddiaçının öz mövqeyinə əsasən belə, kredit üzrə ödənişlər birgə nikah dövründə əldə edilmiş vəsait hesabına həyata keçirilmişdir. Iddiaçının ödədiyi məbləğlərin cavabdehin payına düşən hissəsi də, həmin ümumi vəsaitdən formalaşmışdır. Bu isə 10000 manat məbləğin cavabdehdən ayrıca qaydada tələb edilməsini hüquqi cəhətdən əsassız edir. Borcun mövcudluğu faktı sübuta yetirilməmişdir. Cavabdeh iddiaçıdan nikahdan əvvəl və ya sonra hər hansı məbləğdə borc almamış, borc münasibətinin mövcudluğunu təsdiq edən heç bir yazılı müqavilə, qəbz, bank köçürməsi və ya etibarlı sübut mövcud deyildir. Iddiaçı cavabdehin pul almasını təsdiq edən heç bir birbaşa və mötəbər sübut təqdim etməmişdir. Iddiaçı X1 guya ## ######## 2021-ci il tarixdə “xxxx” ASC-dən 19700 manat kredit götürmüş, bu məbləği iddiaçı iddiaçı1 vermiş, sonuncu isə həmin pulu cavabdehə ötürmüşdür. Bu iddia zəncirvari ehtimallara əsaslanır, cavabdehin X1 hər hansı məbləğ almasını təsdiq edən heç bir yazılı sübutla təsdiqlənmir, nə bank sənədi, nə pul köçürməsi, nədə borc müqaviləsi təqdim olunmamışdır. Hətta fərz edilsə ki, X2 vasitəsilə cavabdehə bankdan pul götürüb vermişdir, bu halda həmin məbləğin yarısını digər iddiaçı iddiaçı1 ödəməlidir. Çünki həmin məbləğ birgə nikah dövründə əldə olunmuşdur. Iddiaçı iddiaçı1 tələbinə görə avtomobilini idarə etdiyi üçün 1500 manat ödəyəcəyini bildirsə də, bundan da yayınaraq ona maddi ziyan vurmuşdur. Avtomobili sürmüşdürsə, maddi ziyan yaranıbsa, 1500 manat zərər varsa, bunların hamısını iddiaçı1 sübut etməli idi. Ümumiyyətlə avtomobili cavabdehin idarə etdiyini müəyyən etmək üçün video və ya foto sübut (məsələn, sükan arxasındadır), yol polisi protokolu (cavabdeh sürücü kimi qeydə alınmışsa), etibarnamə (cavabdehə etibarnamə verilmişdirsə), şahid ifadələri (konkret tarix, vaxt, yer göstərilməklə), GPS/ texniki məlumatlar (avtomobilin cavabdehə verildiyini göstərən) heç biri təqdim olunmayıb. Avtomobili idarə etməyə hüququnun olduğu. Əgər iddia edirsə ki, cavabdeh sürmüşdür, bunu da sübut etməli idi, sürücülük vəsiqəsi var, həmin kateqoriya ilə avtomobil idarə edə bilərdi və iddiaçının avtomobilinə dair etibarnaməsi vardır. Bu da sübut olunmayıb. Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh onun işləməsinə mane olduğunu, onu işdən çıxmağa məcbur etdiyini və işdən çıxarkən ödənilmiş 3400 manat məbləğində son haqq-hesabı əlindən aldığını iddia etsə də, bu iddiaları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Iddiaçı cavabdehin onu işdən çıxmağa məcbur etdiyini sübut etmək üçün işəgötürənin əmri, yazılı göstəriş, əmək müfəttişliyi aktı və ya şahid ifadəsi təqdim etməmişdir. Eyni zamanda, cavabdehin işdən çıxma prosesində hər hansı iştirakını təsdiq edən rəsmi sənəd və ya hüquqi əsas mövcud deyildir. Son haqq-hesabın cavabdeh tərəfindən alındığını sübut etmək üçün isə bank köçürməsi, pul qəbzi, borc sənədi və ya yazılı razılaşma təqdim olunmalı idi. Iddiaçı tərəfindən həmin məbləğin cavabdehə verildiyini təsdiq edən heç bir maliyyə sənədi mövcud deyil. Həmçinin, son haqq-hesabın məhz cavabdehin təzyiqi ilə alındığını göstərən səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir. Bu iddialar yalnız iddiaçının subyektiv izahlarına əsaslanır və obyektiv sübutlarla təsdiqlənmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu tələbləri sübuta yetirilməmiş halda qəbul etmişdir.
29. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qətnaməsi ilə (hakim T.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Əliyev və C.Imanov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən gecikdirilmiş vaxt üçün hesablanmış faizlərə görə 1539,72 manat və 1495 manat faizlərin tutulması hissələrində ləğv olunması və iddianın həmin hissələrdə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
30. Apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfindən sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş “Whatsapp” yazışmalarının aidiyyəti və etibarlılığının sübuta yetirilməsi hissədə tədqiq edən apellyasiya kollegiyası həmin dəlilləri əsassız hesab etmişdir. Cavabdeh bildirmişdir ki, birinci instansiya məhkəməsi yalnız “Whatsapp” yazışmalarına aid olduğu iddia edilən fotoşəkillərə əsaslanmaqla qətnamə qəbul etmişdir. Halbuki, həmin yazışmaların iddiaçı iddiaçı1 ilə cavabdeh arasında baş tutması, yazışmaların dəyişdirilməməsi və cavabdehə məxsus olması MPM-in 76 və 77-ci maddələrinin tələblərinə uyğun olaraq sübuta yetirilməmişdir.
31. Iş materiallarının 1-ci cild 50-62-ci vərəqlərində yer alan “Whatsapp” yazışmalarını iddiaçı cavabdehlə aralarında yaranan mübahisə üzrə sübut kimi birinci instansiya məhkəməsinə təqdim etmişdir. Qeyd edilməlidir ki, hazırkı işdən əvvəl də, iddiaçılar eyni sübutları məhkəməyə təqdim etməklə hazırkı tələblə çıxış etmişlər. Füzuli Rayon Məhkəməsi tərəfindən həmin tələb üzrə ## #### 2024-cü ildə qəbul edilmiş *(***)-**/**** nömrəli qətnamədə təqdim olunmuş “Whatsapp” yazışmaları sübut kimi qəbul olunmuş və iddia təmin edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə ləğv edilmiş, iddia ərizəsi tərəflər arasında mediasiya prosesi tətbiqinə dair sübutların verilməməsi əsası ilə baxılmamış saxlanılmışdır. Dolayısı ilə cavabdeh həm bundan öncə ona qarşı qaldırılan pul tələbinə dair iddia üzrə, həm də hazırkı halda qaldırılan iddia tələbi üzrə iddiaçıların istinad etdikləri sübutların “Whatsapp” yazışmaları olmasından məlumatlı olmuşdur. Bununla belə, birinci instansiya məhkəməsində cavabdeh hazırkı mübahisəyə baxılarkən həmin sübutların həqiqiliyini şübhə altına alan məlumatlar verməmiş, ümumiyyətlə “Whatsapp” yazışmalarının ona aid olmadığını bildirməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilini apellyasiya məhkəməsi əsaslı hesab etməmiş, həmin yazışmaları sübut kimi qəbul edib qiymətləndirən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
32. Apellyasiya şikayətinin dəlillərini cavabdehin iddiaçıdan nikahdan əvvəl və ya sonra hər hansı məbləğdə borc almaması, borc münasibətinin mövcudluğunu təsdiq edən heç bir yazılı müqavilə, qəbz, bank köçürməsi və ya etibarlı sübutun mövcud olmaması hissədə araşdıran Kollegiya, həmin dəlilləri də əsassız hesab etmişdir. Belə ki, yuxarıda istinad olunan “Whatsapp” yazışmalarında cavabdeh kreditləri, maaşı ödəyəcəyini, qızılın alınacağını, avtomobili sürməyə görə ödəmə edəcəyini dəqiq məbləğlərlə bildirir.
33. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçılar bankdan götürdükləri kreditləri müqavilələrdə nəzərdə tutulan qaydada faizləri ilə birlikdə qaytarmaq məcburiyyətində qaldıqlarından, ödəmiş olduqları faizləri də, real zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşlar.
34. Apellyasiya şikayətinin dəlillərini mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməməsinin əsassız olması hissədə tədqiq edən kollegiya həmin hissədə də, dəlilləri əsassız hesab etmişdir.
35. Belə ki, cavabdeh bildirmişdir ki, iddiaçı ## ### 2025-ci il tarixdə pul tələbi ilə iddia qaldırması ilə hüquqlarının pozulduğunu bildiyi gündən (2022-ci ilin ortaları) 3 il keçməsi məlum olur. Birinci instansiya məhkəməsi *(***)-***/**** nömrəli iş üzrə mövcud olmuş bu prosessual faktlara və iddiaçının əvvəlki iddia ərizəsində hüquqlarının pozulduğunu bildiyini açıq şəkildə göstərməsinə hüquqi qiymət verməmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma üzrə iddia müddəti şəxsin öz hüququnun pozulmasını bildiyi vaxtdan 2 ildir. Iddiaçılar isə bu iddianı ## ### 2025ci ildə, yəni müddətin bitməsindən 1 il 3 ay sonra qaldırmışlar.
36. Apellyasiya məhkəməsi qeyd olunan hissədə apellyasiya şikayətinin dəlilinə qiymət verərək hesab etmişdir ki, əsassız varlanma hissədə (alınmış kreditlər, son haqq-hesab, avtomobildən istifadəyə görə ödənilməyən haqq) iddia müddətinin axımı tərəflərin birgə ərizəsi əsasında nikahlarının rəsmi şəkildə pozulduğu ## ######## 2023-cü il tarixindən hesablanmalıdır. Belə olan halda isə ## ### 2025-ci ildə məhkəmədə qeydiyyatdan keçmiş iddia üzrə 2 illik müddət ötürülməmiş olur. Qızıl-zinət əşyalarına münasibətdə isə həmin tələb mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsi iddia müddətinin tətbiqini istisna edir.
37. Apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin əsaslılığı iddianın təmin olunan hissələrində yoxlanıldığından, Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən 12220 manat kredit borcuna gecikdirilmiş vaxt üçün hesablanmış 1539,72 manat faizin, 25732 manat kredit borcuna görə hesablanmış 1495 manat faizin cavabdehdən tutulmasını əsaslı hesab etməmişdir.
38. Hazırkı işdən iddia üzrə iddiaçı tərəfindən əldən çıxmış faydanın tutulması hissədə tələb əsaslandırılmamış və həmin əsaslandırmanı təsdiq edən sübutlar təqdim edilməmişdir. Odur ki, qeyd olunan hissədə apellyasiya şikayəti əsaslı hesab olunmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, Mülki Məcəllənin 2, 14, 21, 157, 225, 372, 373, 377, 379, 384, 386, 666, 668, 1091, 1092, 1095-ci, Ailə Məcəlləsinin 34-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2009-cu il tarixli və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarlarının istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
40. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373, 1091, 1092, 1095-ci, Ailə Məcəlləsinin 34-36-cı, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 97, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi alınmış kreditlər, son haqq-hesab, avtomobildən istifadəyə görə ödənilməyən haqqa dair iddia tələblərinə qanunvericiliyin əsassız varlanmaya aid olan müddəalarını tətbiq etməsinə baxmayaraq, iddia müddətini AR Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9.6 və 9.8-ci maddələrinə istinad edərək 3 illik iddia müddətini hazırkı mübahisəyə tətbiq etmişdir. Bununla da, apellyasiya instansiyası 3 illik müddəti tərəflərin nikahının pozulduğu gündən, yəni ## ####### 2023-cü ildən hesablamışdır. Əgər apellyasiya instansiyası tərəflər arasındakı münasibətlərə əsassız varlanma kimi qiymət veribsə, o zaman iddia müddətinin axımı iddiaçı tərəfindən ilk dəfə məhkəməyə müraciət etdiyi tarixdən, yəni ## ###### 2022-ci il tarixindən hesablamalı idi, çünki tərəfə artıq bütün hallar həmin tarixdən və hətta ## ######## 2022-ci il tarixli Iran Islam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsindən verilmiş arayışı aldığı vaxtdan məlum idi. Bundan başqa, cavabdeh tərəfindən verilmiş iddia ərizəsindən də görünür ki, o, cavabdehin digər nikahı barədə ## ###### 2021-ci il tarixində birlikdə Irana səfər edərkən öyrənmişdir. Bu da onu göstərir ki, tərəf artıq həmin tarixdən bu barədə məlumatlı idi. Məhkəməyə isə 1 il sonra ## ###### 2022-ci ildə müraciət etmişdir. Hazırkı mübahisəyə əsassız varlanmaya aid hüquq normaları tətbiq olunursa, o zaman iddiaçının bildiyi tarix ## ###### 2021-ci ildən hesab olunmalıdır. Əgər, məhkəmə bu mübahisəni ər-arvad arasındakı əmlak mübahisəsi kimi dəyərləndirirsə o zaman götürülən kredit borclarının tərəflər arasında bölünməsini təmin etməli idi. Iddia ərizəsində “iddiaçı iddiaçı1 hər ay cavabdehin götürdüyü kreditlərin aylığını (1500 manat) ödədiyini, həmçinin cavabdehin iddiaçının işləməyini istəmədiyini deyərək onu işdən çıxardığını və işdən çıxmağı ilə əlaqədar ona ödənmiş 3400 manat məbləğində son haqq-hesabı da əlindən aldığını” bildirmişdir. Lakin bunu yuxarıda qeyd olunan ifadələri isə sübut edə bilməmişdir. Məhkəmədə də həmin ifadələr iddiaçı1 tərəfindən müdafiə olunmuşdur. Həmin kredit ödənişləri birgə nikah dövründə ödənilmiş və bu məbləğin hamısının cavabdehdən tutulması ağlabatan deyildir. Bundan başqa, iddiaçı1 “cavabdehin onu aldatdığını əslində başqa bir şəxslə ailəli olduğunu” bildirmişdir. Halbuki, cavabdehin nikahı Füzuli Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və ## #### 2021-ci il tarixində nikahın pozulmasına dair tərəfə şəhadətnamə verilmişdir. Tərəflər isə nikaha ## ###### 2021-ci il tarixində daxil olmuşlar. Yəni cavabdehin nikahı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən pozulmuşdur. Bundan başqa, tərəflər nikah münasibətlərinə daxil olarkən bir yerdə müraciət üçün Səadət Sarayına getmişlər. Işin mübahisə olunmayan halıdır ki, nikaha daxil olan zaman tərəflər anket məlumatlarını doldururlar və həmin anket məlumatlarında şəxsin neçənci evliliyi olması sualı da qeyd olunmuşdur. Cavabdeh həmin anketi dolduran zaman 2-ci evliliyi olduğunu qeyd etmiş və onunla birgə bu anketi dolduran iddiaçı iddiaçı1 də bundan xəbərdar olmuşdur. iddiaçı1 həmin anketi şəxsən öz xətti ilə doldurmuşdur. Həmçinin, məhkəmə qətnaməsi ilə pozulmuş bir nikahın gizlədilməsi faktı isə mümkün deyildir. Cavabdehin Azərbaycan Respublikası ərazisində pozulmuş nikahının Iran Islam Respublikasında tanıtmaması onun iddiaçı iddiaçı1 aldatması anlamına gəlmir, çünki nikaha daxil olan zaman iddiaçı1 əvvəlki nikahdan xəbərdar idi və bu münasibətlərə Mülki Məcəllənin “Əsassız varlanma” ilə bağlı müddəalarının tətbiq olunması əsaslı deyildir. Iddia ziddiyyətlidir və məhkəmə tərəfindən tam araşdırılmamışdır. Münasibətlərdə aldatma faktının olub-olmaması, aldatma faktının olmadığı təqdir də münasibətlərə əsassız varlanmanın tətbiqi məsələsi mübahisəlidir. Məhkəmə yalnız tərəfin ifadələri və yazışmalar əsasında qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı iddiaçı1 adına rəsmiləşdirilmiş kredit xətti müqaviləsi ## ### 2021-ci il tarixində, yəni nikahdan əvvəl rəsmiləşdirilmişdir. Iş materiallarında hər iki kredit müqaviləsi üzrə əldə olunmuş məbləğlərin cavabdehə verilməsinə dair heç bir sübut mövcud deyildir. Xüsusi ilə də, ## ######## 2021-ci il tarixli müqavilə barədə “Whatsapp” yazışmalarında belə heç bir məlumat yoxdur. Toy ərəfəsində götürülmüş kreditlərin iddiaçının toy hazırlıqlarına xərcləməsi (cehiz əşyaları, toy və s.) daha məntiqli görüldüyü halda bunun cavabdeh tərəfindən toy hazırlıqlarına xərclənməsini düşünmək ağlabatan deyildir. Məhkəmə öz qətnaməsində yazışmalarda cavabdehin dəqiq etirafının olduğunu bildirsə də həmin yazışmalar da belə söhbət kreditlərdən deyil hansısa kreditdən gedir. Yazışma mövzusu olan kredit isə nikahdan əvvəl iddiaçı tərəfindən götürülmüş kreditdir. Kreditin ödənişinə dair yazışmalarda qeyd olunan “krediti ödəyəcəm” ifadəsi bütün borcun cavabdeh tərəfindən ödənilməsini və yaxud da kreditin onun tərəfindən istifadə edilməsini özündə ehtiva etmir. Bu ifadə aylıq borc ödənişi ilə və yaxud da kreditin bir qisminin ödənilməsi ilə də bağlı ola bilərdi. Həmçinin nikah münasibətlərində olan şəxsin “yaxşı, ödəyərəm” ifadəsinə gəldikdə isə, bu, rəsmi bir borc etirafı deyil. Həmin vaxt ailəli olan şəxsin, həmin zaman ikinci nikahla bağlı yaranmış ailə daxili gərginliyi yatırtmaq və xanımını sakitləşdirmək məqsədilə deyilmiş etik və emosional sözlərdir. Apellyasiya instansiyası zamanı cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə dair vəsatət verilmiş, vəsatət məhkəmə tərəfindən təmin olunmasa da, onun niyə təmin olunmaması əsaslandırılmamışdır. Halbuki, yazışmaların düzgünlüyünün yoxlanılması məsələsi birinci instansiya məhkəməsinin icraatı zamanı da mübahisələndirilmişdir. Bundan başqa, cavabdeh tərəfindən verilmiş digər vəsatətlər də təmin olunmamış. Sadəcə əsası müəyyən edilməmiş yazışmalar əsasında qətnamə qəbul olunmuşdur. Halbuki, aşağıdakı vəsatətlər işin tam ədalətli baxılması üçün təmin olunmalı olsa da, məhkəmə təmin etməmişdir.
43. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
44. Iddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
45. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qətnamə qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normalarının müddəalarına tam əməl olunmuşdur.
Kassasiya baxışının hədləri:
46. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən iddianın rədd olunan hissəsində mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin cavabdehin kassasiya şikayəti üzrə iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
48. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.5-ci maddəsinə əsasən nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 384.0.4-cü maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının, habelə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
53. Belə ki, hazırkı iddiadan müəyyən olunur ki, irəli sürülən və aşağı instansiya məhkəmələri tərəfindən təmin olunan tələblər bir neçə hissədən ibarətdir: iddiaçı iddiaçı1 tələbi üzrə a) kredit borcuna görə 12220 manat, b) qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, c) işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, d) avtomobilin idarə edilməsinə görə 1500 manat; iddiaçı iddiaçı2 tələbi üzrə - ödənilmiş kredit borcuna görə 25732 manat.
54. Iddiaçılar ümumi olaraq həmin məbləğlərin cavabdehə verilməsini sonuncu ilə aparılan “Whatsapp” yazışmaları ilə təsdiq olunduğunu qeyd etməklə, bu vəsaitlərin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişlər.
55. Apellyasiya məhkəməsi də iddianı mübahisələndirilən hissədə əsaslı hesab edərkən, əsassız varlanma ilə bağlı maddi hüquq normalarına istinad etmiş, həmçinin iddia müddətinin axımını iddiaçı iddiaçı1 ilə cavabdehin nikahlarının pozulduğu tarixdən hesablamaqla, qızıl-zinət əşyalarına görə pul tələbinə isə iddia müddətinin tətbiqini ümumiyyətlə istisna etməklə, cavabdehin bununla bağlı dəlillərini rədd etmişdir.
56. Lakin, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini tam araşdırmamış, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərini düzgün müəyyən etməmiş və bu münasibətlərə uyğun maddi hüquq normalarının tətbiqini təmin etməmişdir.
57. Belə ki, öhdəliyin yaranması əsasları Mülki Məcəllənin 386.1-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin normanın təhlili göstərir ki, öhdəliyin yaranması üçün ilk olaraq tərəflər arasında müqavilənin olub-olmaması araşdırılmalı, bu müəyyən edilmədikdə öhdəliyin zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş başqa əsaslardan əmələ gəlməsinin mümkünlüyünə hüquqi qiymət verilməlidir.
58. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas (qanuni və ya müqavilə əsası) olmamalıdır.
59. Iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçıların tələb etdikləri pul vəsaitlərindən “kredit borcuna görə” kimi göstərilən müvafiq olaraq 12220 manat və 25732 manat məbləğləri iddiaçıların “xxxx” ASC-dən aldıqları və cavabdehə verilən 10000 manat və 19700 manat, habelə həmin kreditə banka ödənilmiş faizlər təşkil edir.
60. Göründüyü kimi, hazırkı halda cavabdehin iddiaçıların hesabına 10000 və 19700 manat pul vəsaitlərini əldə etməsi işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edilsə də, bu hissədə əsassız varlanmanın üçüncü şərti ödənilməsini əsaslandırmamışlar. Bu səbəbdən ki, iddianın məzmunundan müəyyən olunur ki, iddiaçılar qeyd olunan məbləği özləri cavabdehin sərəncamına verməklə, onların buna iradə ifadələri mövcud olmuşdur.
61. Belə olan halda, araşdırmalı olan məsələ tərəflər arasında müqavilə münasibətlərinin olub-olmaması, olduğu halda – hansı müqavilənin: borc, bağışlama, tapşırıq və s. olmasıdır.
62. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bu vəsaitlərin verilməsi şərtləri ilə bağlı hər hansı yazılı müqavilə mövcud deyildir. Lakin, bu hal tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını istisna etmir.
63. Belə ki, mülki münasibətlərin tənzimlənməsində Konstitusiya normalarına əsaslanan mülki qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq mülki hüquq münasibətləri şəxslərin hüquqi bərabərliyi, iradə sərbəstliyi və əmlak müstəqilliyi əsasında formalaşır və bu yanaşma Mülki Məcəllənin 1.1, 2.2 və 5.3-cü maddələrində təsbit edilmiş müddəalardan irəli gəlir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər, bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
64. Göründüyü kimi, iddia tələbinin 10000 və 19700 manat hissəsində qanuni əsasını müqavilə münasibətləri olmaqla, mübahisə bu müqavilənin mahiyyəti və şərtləri müəyyən edilməklə, məhkəmə tərəfindən həll olunmalıdır.
65. Qeyd olunan tələbin qalan hissələri (müvafiq olaraq 12220-10000=2220 manat və 25732-19700 manat=6032 manat) iddiaçıların aldıqları kreditə görə banka ödədikləri faizdir. Iddianın bu hissəsinin qanuni əsası kimi, yuxarıda qeyd olunan halların araşdırmasının nəticəsindən asılı olaraq, ya müqavilə, ya da ki, ziyan (əldən çıxmış fayda) nəzərdən keçirilə bilər.
66. Bu hissə məhkəmə kollegiyası həmçinin hesab edir ki, banka edilən ödənişlərin tarixinin və hansı vəsait hesabına edilməsinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh şikayətlərində ödənişlərin birgə nikah dövründə həyata keçirilməsinə istinad etməklə, iddianın rədd edilməsini xahiş edir.
67. Lakin, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlili üzrə ümumiyyətlə əsaslandırma aparmamışdır.
68. Iddiaçı iddiaçı1 digər tələblərinin (qızıl-zinət əşyalarının dəyərinə görə 4300 manat, işdən çıxmağı ilə əlaqədar ödənilmiş son haqq-hesaba görə 3400 manat, avtomobilin idarə edilməsinə görə 1500 manat) faktiki əsasları ümumiyyətdə iddia ərizəsinin məzmunundan müəyyən olunmur və apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı araşdırma aparmamışdır.
69. Hər bir halda, həmin vəsaitlər iddiaçının öz iradəsinə uyğun cavabdehə verilməməsi müəyyən ediləcəyi təqdirdə, bu tələblərə də yuxarıda qeyd olunanlar tətbiq oluna bilər.
70. Apellyasiya məhkəməsinin iddia müddətinin tətbiqindən imtinanın əsaslandırılması ilə də kassasiya kollegiyası razılaşmır.
71. Belə ki, ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımının nikahın mövcud olduğu dövrdə dayandırılmasını tənzimləyən Mülki Məcəllənin 379.5-ci maddəsi yalnız iddiaçı iddiaçı1 iddiasına şamil oluna bilər. Lakin, apellyasiya məhkəməsi bu normanı həmçinin X1 tələbinə də aid etməklə, bu maddi hüquq normasını da pozmuşdur.
72. Həmçinin, apellyasiya məhkəməsi tələbin 4300 manat hissəsi üzrə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etməklə, bu tələbə ümumiyyətlə iddia müddətinin tətbiq olunmalı olmamasını göstərmişdir. Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı tələb iddiaçının mülkiyyətində olan qızıl-zinət əşyalarının qaytarılması barədə deyil, pulun ödənilməsi barəsindədir.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin münasibətlərə uyğun hansı qanunun tətbiq edilməli olduğunu müəyyən etmədiyindən, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmadığından Mülki Prosessual Məcəllənin 217.3, 218.1, 372.7-ci maddələrini pozmuşdur.
74. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən tərəflər arasında olan hüquq münasibətlərini dəqiq müəyyən edərək, mübahisəyə onlara aid maddi hüquq normalarını tətbiq etməli, o cümlədən tələblərə iddia müddətlərin axımının başlanılması, kəsilməsi və nəticə olaraq tətbiq olub-olmamasını araşdırmalı, araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.