Məhkəmə qərarları › İş №2(1-8)-1615/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1615/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1615/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı “xxxx” QSC-nin cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh1, cavabdeh9 Eldəniz qızı, cavabdeh3, cavabdeh8, X1 və cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh1, cavabdeh9 Eldəniz qızı, cavabdeh3, cavabdeh8, X1 və cavabdeh6 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026cı ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış 67.381,38 manat məbləğində borcun, dövlət rüsumu və xidmət haqlarının müştərək qaydada tutulması, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi, həmin əmlakların hərracda satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən tutulması, həmçinin ipoteka predmetləri satıldıqdan sonra həmin evlərdə yaşayan şəxslərin istifadə hüququna xitam verilməsi, evdən çıxarılması və əmlakın alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh5 İddiaçı QSC ilə bağlanmış kredit xətti müqaviləsi və kredit razılaşması əsasında bankdan 40.000 manat kredit götürmüş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq ödənişləri vaxtında həyata keçirməmiş, ## #### 2020-ci il tarixdən etibarən kredit və faiz borclarını ödəməmişdir. Nəticədə onun 30.473,14 manat əsas borcu, 10.134,63 manat faiz borcu və 26.773,61 manat cərimə borcu yaranmışdır. Kredit öhdəliklərinin icrasının təminatı kimi cavabdehlərlə zaminlik və ipoteka müqavilələri bağlanmış, Ucar rayonu və Yevlax şəhərində yerləşən daşınmaz əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu öhdəliklərini yerinə yetirmədiyindən bank tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər göndərilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Ucar rayon Məhkəməsinin *(***)-*/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə əsas borca görə 29 472 manat 49 qəpik, faiz borcuna görə 10 134 manat 63 qəpik, dəbbə puluna görə 700 manat, cəmi 40 307 manat 12 qəpik, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına görə 20 manat və xidmət haqqına görə 60 manat, cəmi 110 manat məbləğində pul tutularaq iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb ipoteka predmetləri olan cavabdeh5 mülkiyyətində olan Ucar rayonu, Qazyan kəndində xüsusi mülkiyyətdə olan 0.65 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 56 000 manat və 12 000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələri boşaldılması, satışdan əldə edilən məbləğlər iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin tələbindən artıq olarsa, artıq məbləğlər cavabdehlər cavabdeh5 və cavabdeh1 qaytarılması qət edilmişdir (Hakim- Xəlilov Hilal).

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğv edərək, iş üzrə ədalətli, qanuni və əsaslı yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsi MK-nın *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi “, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 56 000 manat və 12 000 manat məbləğində müəyyən edilməklə ” hissəsində dəyişdirilərək, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 101 000 manat (Ucar rayonu Qazyan kəndində cavabdeh cavabdeh5 xüsusi mülkiyyətində olan 0,65 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri) və 22 000 manat (Yevlax şəhərinin Məhsəti Gəncəvi küçəsində cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan 0,0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ** nömrəli fərdi yaşayış evinin likvid dəyəri) məbləğində müəyyən edilməsi qət edilmişdir. (Hakimlər Sadiqov Zülfüqar (sədrlik edən və məruzəçi), Hüseynov Elçin və Kərimov Əyyubdan ibarət tərkibdə).

6. Həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdeh tərəfindən ərizə verilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakimlər - Sadiqov Zülfüqar (sədrlik edən və məruzəçi), Hüseynov Elçin və Kərimov Əyyubdan ibarət tərkibdə).

8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh5 səlahiyyətli nümayəndəsi nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə # ###### 2025-ci il tarixdə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası MPMin 10-1-ci maddəsinin, habelə “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27 və 28ci maddələrinin tələblərinə əsasən elektron kabinetə daxil edilən məhkəmə aktı tərəfə lazımi qaydada təqdim olunmuş hesab edilir və nümayəndəyə təqdim edilmə tərəfin özünə təqdim edilmə ilə eyni hüquqi nəticələri yaradır. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş iki aylıq prosessual müddət # ###### 2026-cı il tarixdə başa çatmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən ilk kassasiya şikayəti yalnız # ###### 2026-cı ildə təqdim edilmiş, lakin buraxılmış müddətin bərpası barədə MPMin 130.3-cü maddəsinə uyğun vəsatət verilməmişdir. Bu əsasla Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış, həmin qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin # ##### 2026-cı il tarixli qərarı ilə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Sonradan ## ###### 2026-cı ildə müddətin bərpası barədə ərizə ilə yenidən verilmiş kassasiya şikayəti üzrə də məhkəmə prosessual müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən halların mövcud olmadığını müəyyən etmişdir.

10. Apellyasiya məhkəməsi əlavə olaraq vurğulamışdır ki, cavabdehin yeni nümayəndəsi olan vəkil nümayəndə1 etibarnamə ## ###### 2026-cı ildə verilmiş olduğundan, onun kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə təqdim edilməsi üçün kifayət qədər imkanı olmuşdur. Kollegiya həmçinin Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edərək qeyd etmişdir ki, məhkəmə aktlarının əldə olunması və prosesin gedişi ilə maraqlanmaq prosessual tərəfin öz məsuliyyətidir və yalnız məhkəmənin üzərinə düşən vəzifə kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsipini əsas götürərək kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün hüquqi əsasların mövcud olmadığı nəticəsinə gəlmişdir.

11. Qeyd olunmalıdır ki, prosessual müddətin bərpası yalnız şəxsin iradəsindən asılı olmayan və prosessual hərəkətin vaxtında həyata keçirilməsinə mane olan üzrlü səbəblərin mövcudluğu hallarında mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, belə səbəblər şəxsin öz imkanları ilə aradan qaldıra bilmədiyi və prosessual hüquqların həyata keçirilməsinə real maneə yaradan hallarla bağlı olmalıdır. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, şikayət müəyyən edilmiş müddət ötürüldükdən sonra verildikdə qəbul edilmir, lakin müddətin buraxılmasına səbəb olan hallar göstərilməklə onun bərpası barədə vəsatət verilə bilər; məhkəmə isə bu vəsatəti müddətin şəxsdən asılı olmayan səbəblərdən buraxıldığı qənaətinə gəldiyi halda təmin edir, əks halda rədd edir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh cavabdeh5 şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsinin qəbul etdiyi qərardad qanuni, əsaslı və ədalətli hesab oluna bilməz. Belə ki, məhkəmə prosessual müddətin bərpası məsələsini qiymətləndirərkən işin bütün faktiki hallarını, xüsusilə kassatorun ağır sağlamlıq vəziyyətini, əvvəlki vəkili ilə əlaqələrinin pozulmasını və məhkəmə qərarının təqdim olunması ilə bağlı yaranmış obyektiv anlaşılmazlığı nəzərə almamışdır. Kassator qeyd etmişdir ki, o, məhkəmə qətnaməsini yaşayış ünvanına poçt vasitəsilə ## ###### 2025-ci il tarixdə aldığını hesab etmiş, bu səbəbdən kassasiya şikayətinin verilməsi müddətinin ## ###### 2026-cı il tarixdə başa çatdığını düşünmüşdür. Məhz həmin yanlış anlaşılma nəticəsində kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdən cəmi 5 gün sonra təqdim edilmişdir. Kassator hesab edir ki, belə qısa müddətli gecikmə ona hər hansı prosessual üstünlük qazandırmadığından və obyektiv səbəblərlə bağlı yarandığından, müddətin üzrlü hesab edilərək bərpası mümkün idi.

13. Kassator əlavə olaraq bildirmişdir ki, onun xroniki böyrək çatışmazlığı, davamlı dializ prosedurlarından keçməsi və həkim tərəfindən uzaq səfərlərin qadağan edilməsi ilə bağlı tibbi sənədlər məhkəməyə təqdim olunsa da, həmin sübutlara məhkəmə tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. Şikayətdə vurğulanmışdır ki, prosessual müddətlərin tətbiqi zamanı formal yanaşma deyil, şəxsin sağlamlıq vəziyyəti, faktiki imkanları və məhkəməyə çıxış hüququ nəzərə alınmalıdır. Kassatorun mövqeyinə görə, məhkəmənin yalnız formal prosessual qaydalara əsaslanaraq müddətin bərpasından imtina etməsi Azərbaycan Respublikası Konstitusiyası, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsi, eləcə də Avropa Məhkəməsinin presedent hüququ ilə təmin olunmuş ədalətli məhkəmə araşdırması və məhkəməyə çıxış hüququnun mahiyyət etibarilə məhdudlaşdırılması ilə nəticələnmişdir.

14. Şikayətdə həmçinin qeyd edilmişdir ki, iş üzrə əsas mübahisə predmeti olan kredit və faiz borclarının hesablanması məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddiaçının təqdim etdiyi hesablamalara formal istinad edilməklə qətnamə qəbul edilmişdir. Kassator hesab edir ki, tələb olunan faiz və cərimə məbləğləri şişirdilmiş, cavabdehin maddi vəziyyəti və öhdəliyin icra edilməməsinin səbəbləri nəzərə alınmamışdır. Bu səbəbdən o, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, prosessual müddətin bərpa olunmasını və iş üzrə yaranmış ziddiyyətli halların mahiyyəti üzrə yenidən araşdırılmasını xahiş etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

23. Iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin səlahiyyətli nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və bununla da məhkəmə aktı tərəfə rəsmi qaydada təqdim edilmiş hesab olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 10-1-ci maddəsinin tələblərinə əsasən elektron kabinet vasitəsilə məhkəmə sənədlərinin təqdim edilməsi hüquqi nəticə doğuran rəsmi təqdimetmə hesab olunur.

24. Kassator tərəfindən irəli sürülən sağlamlıq vəziyyəti, əvvəlki nümayəndə ilə münasibətlərin pozulması, habelə məhkəmə aktının poçt vasitəsilə alınması ilə bağlı dəlillər məhkəmə kollegiyası tərəfindən qiymətləndirilmiş, lakin həmin halların kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə təqdim edilməsinə obyektiv maneə yaratdığı təsdiq olunmamışdır. Cavabdehin xroniki və digər xəstəlikləri ilə bağlı təqdim etdiyi sənədlər isə 2021ci ilə aid olmaqla, prosessual müddətin başladığı və bitdiyi ##.##.2025-ci ildən ##.##.2026-cı ilədək olan dövr ərzində şikayət verilməsinə maneə yaradan xəstəliyi barədə sübut təqdim edilməmişdir.

25. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, hər bir şəxsin məhkəməyə müraciət etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnun (məhkəməyə əlçatımlılıq) təmin edilməsi “ədalətli məhkəmə araşdırması hüququ”nun elementlərindən biri olsa da, bu hüquqların qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində həyata keçirilməsi də hüquqi müəyyənlik və işlərə ağlabatan müddətlərdə baxılması prinsiplərinin təmin edilməsi məqsədi daşıyır. Prosessual müddətin ötürülməsinin səbəbi o zaman üzrlü hesab edilə bilər ki, işdə iştirak edən şəxs həmin halların baş verməsi səbəbindən özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmək imkanından məhrum olur. Hazırkı halda məhkəmə tərəfindən düzgün olaraq cavabdehin müddətin ötürülməsi səbəbi kimi istinad etdiyi hallar şikayətin vaxtında təqdim edilməsinə maneə olan hallar kimi qiymətləndirilməmişdir.

26. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli, 2(107)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar