Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1616/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Tərəflər arasındakı mübahisə yol-nəqliyyat hadisəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
2. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, ##.##.2025-ci il tarixdə, saat 20:01-də Cavabdeh Qax rayonu Heydər Əliyev prospektində X1 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı idarə etdiyi Hyundai Santafe markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hər iki avtomobilə ziyan dəymişdir. Hadisə ilə bağlı Cavabdeh barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Inzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir.
3. Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərar Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı məhkəməyə müraciət edərək, 7.560 manat maddi ziyan və 97 manat məhkəmə xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh yol-nəqliyyat hadisəsi törədərək onun avtomobilini yararsız hala salsa da, dəymiş ziyanı ödəməkdən yayınır. Ziyan 7560 manatdır. Bu barədə akt təqdim olunub.
6. Iddiaçı tərəfin təqdim etdiyi akta görə, avtomobilə dəymiş ziyan 7560 manat dəyərində olmuşdur.
7. Iddiaçı izahatında bildirmişdir ki, o, Ilisu kəndi istiqamətində hərəkət edərkən cavabdeh sağ solaqdan anidən geriyə manevr etmiş, iddiaçı isə onu görə bilmədiyi üçün qəza baş vermişdir.
8. Cavabdeh izahatında bildirmişdir ki, ziyan iddiaçının günahı ucbatından – yüksək sürəti səbəbilə baş vermişdir. Eyni zamanda, dəymiş ziyan o qədər ola bilməzdi. Müəyyən məbləğdə kömək edə biləcəklərini iddiaçıya bildirsələr də razılıq əldə edə bilməmişlər.
9. Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Mirheydər Zeynalov) 10.Məhkəmə mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1097.1, 1115-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, iddiaçıya məxsus avtomobilə cavabdeh tərəfindən 7560 manat maddi ziyan dəyməsi məhkəməyə təqdim olunmuş ziyan aktı, Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh barədə qərarı və tərəflərin izahatları ilə sübuta yetirilmişdir. Cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın iddiaçının təqsiri ucbatından dəydiyini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübut təqdim etməmiş, ziyan məbləği ilə razılaşmasa da ziyan aktında göstərilən məbləği təkzib edəcək hər hansı bir qiymətləndirici rəyi, sübut təqdim etməmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11.Cavabdeh аpellyаsiyа şikаyəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti belə əsaslandırmışdır ki, qüvvədə olan heç bir inzibati qərarla cavabdehin yol hərəkəti qaydalarını pozduğu təsdiq edilməmişdir. Belə ki, inzibati tənbeh haqqında qərar ləğv edilmişdir. Buna baxmayaraq, məhkəmə hadisə sxemi, videoyazı, şahid ifadələri və ya ekspert rəyi olmadan yalnız ehtimala əsaslanaraq cavabdehin təqsirli olduğu nəticəsinə gəlmişdir. Digər dəlilə görə, işdə ziyanın məbləğini təsdiq edən yeganə sənəd "Qax Avtoservis 343" tərəfindən tərtib olunmuş ziyan aktı olmuşdur. Halbuki, o, məhkəmə ekspertinin rəyi deyildir, cavabdehin iştirakı ilə tərtib edilməmişdir. Belə olduğu halda, sübut kimi mötəbər hesab edilə bilməzdi. Buna baxmayaraq ekspertiza təyin olunmamış, xüsusi bilik tələb edən sahə üzrə ekspertin rəyi alınmamışdır. 13.Cavabdeh izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin ekspertiza keçirilməsini zəruri hesab etdiyi halda, hansı səbəbdən rəyin alınmasına maraqlı olmadığı anlaşılan deyil. Inzibati orqanın qərarı məhkəmə qaydasında ləğv edilib geri göndərilmişdir. Cərimə silinmədiyi üçün məcbur qalıb cəriməni ödəmişdir. 14.Iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, avtomobili ekspertiza təyin ediləcək deyə düzəltdirməmişdir. Oğluna avtomobili idarə etmək üçün vermişdir. 15.Iş üzrə verilmiş mütəxəssis rəyində iddiaçının avtomobilinə dəyən ziyanın həcmi 7150 manat müəyyən edilmişdir. 16.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - yəni iddia tələbinin təmin edilmiş cavabdeh Cavabdeh 410 manat və 6 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi аpellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Isayev – məruzəçi, T.Musayev, E.Mehdiyev). 17.Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1097.1, 1115-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, mütəxəssis rəyi nəzərə alınmaqla (7150 manat), iddiaçı İddiaçı avtomobilinə dəymiş maddi zərər cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18.Cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 19.Şikayət belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən delikt məsuliyyəti yalnız təqsirli və hüquqa zidd əməl olduqda yaranır. Hazırkı işdə cavabdehin təqsirini müəyyən edən qanuni qüvvəyə minmiş inzibati qərar və ya digər mötəbər sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi sübut kimi TP ******* nömrəli inzibati qərara istinad etmişdir. Halbuki həmin qərar Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Ləğv edilmiş inzibati akt sübut kimi qəbul edilə bilməz. 20.Digər dəlilə görə, tərəflər hadisənin başvermə səbəbi barədə ziddiyyətli izahat vermişlər. Belə halda sürət, toqquşmanın mexanizmi və hər bir sürücünün hərəkətlərinin qiymətləndirilməsi yalnız avtotexniki ekspertiza ilə müəyyən edilə bilərdi. Məhkəmə həmin halları ekspertiza olmadan müəyyən etmişdir. 21.O cümlədən, iddiaçının özü məhkəmədə yolun icazə verilən sürət həddini aşdığını etiraf etmiş, videogörüntülər və digər materiallar da onun yüksək sürətlə hərəkət etməsinə işarə etmişdir. Bu hal zərərin yaranmasına təsir edən mühüm fakt olsa da məhkəmə tərəfindən qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 24.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 26.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 27.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 32.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
33.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçıya məxsus avtomobilə cavabdeh tərəfindən 7150 manat maddi ziyan vurulması Cavabdeh barəsində tərtib olunmuş inzibati tənbeh barədə qərarı, mütəxəssis rəyi və tərəflərin izahatları ilə sübuta yetirilmişdir. Cavabdeh ziyan məbləği ilə razılaşmasa da, ziyan aktında göstərilən məbləği təkzib edən hər hansı sübut təqdim etməmişdir.
37. Kollegiya baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olmaması barədə kassatorun dəlilini əsaslı saymır, ona görə ki, cavabdehin sözügedən hadisəsində təqsirli olması ilə bağlı barəsində Inzibati Xətalar Məcəlləsinin 332.2-ci və 327.1-ci maddələrinə müvafiq olaraq TP ******* nömrəli, ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar IXM-in 332.2-ci maddəsinə aid hissədə Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə ləğv olunsa da, cavabdeh digər maddə ilə təqsirli bilinməsinə dair hissədə qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair sübut təqdim etməmişdir.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.