Məhkəmə qərarları › İş №2(1-8)-1639/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1639/2026

23.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1639/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha. torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilməmiş, mübahisələndirilməmiş və hazırda da 0,02 ha. torpaq sahəsi İddiaçı mülkiyyətində və istifadəsindədir;

3. ##.##.2021-ci il tarixdə cavabdeh2 mülkiyyətində qalmış 0,06 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini cavabdeh1 satmış, cavabdeh1 adına olan alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış da etibarsız hesab edilməmiş, hazırda qüvvədədir;

4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı cavabdehlərin cavabdeh2 mülkiyyətində olan ünvan 2 sahə 17 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin zəbt edilmiş 0,02 ha hissəsindən çıxarılması, həmin 0,02 ha torpaq sahəsinin cavabdeh1 təhvil verilməsi tələbi barədə iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X1 iddiaçı cavabdeh2 mülkiyyətində olan ünvan 1 döngə, sahə 17 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin zəbt edilmiş 0,02 ha hissəsindən çıxarılması qət edilmişdir;

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı cavabdeh1 cavabdehlər İddiaçı və X1 qarşı torpaq sahəsinin boşaldılması və sair tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X1 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 138-ci Binə 4cü döngə 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılması, iddiaçı cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında 0,02 ha torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikilinin cavabdeh İddiaçı hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir;

6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə (üçüncü şəxs cavabdeh1) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərdən 25.000 manat maddi zərərin, 10.000 manat mənəvi zərərin, faiz və dəbbə pulu kimi 7.500 manatın, ümumilikdə, 42.500 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ##.##.2021-ci il tarixdə cavabdeh2 iddiaçının həmin torpaq sahəsini guya zəbt etdiyini, torpaq sahəsinin cavabdeh1 Səttarxan oğluna məxsus olduğunu, həmin sahəni ##.##.2021-ci il tarixdə cavabdeh1 satdığını, habelə iddiaçının həmin ərazidə qanunsuz olaraq yaşayış evi tikdiyini bildirərək, bacısının həyat yoldaşı cavabdeh1 Səttarxan oğlu ilə birlikdə iddiaçının torpaq sahəsindən çıxarılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən iddia tələbi rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair hüquqlarını itirmiş və icra qaydasında həmin torpaq sahəsindən çıxarılmışdır. Nəticədə, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən, habelə həmin sahədə təxminən 20.000 manat vəsait xərcləyərək tikdirdiyi yaşayış evindən məhrum olmuşdur. Cavabdehlər torpaq sahəsinin alınması üçün iddiaçının ödədiyi 5.000 manat məbləği, eləcə də yaşayış evinin tikintisinə çəkdiyi təxminən 20.000 manat məbləğində xərci geri qaytarmaqdan imtina edirlər. Göstərilən hallar nəticəsində iddiaçıya ciddi maddi zərər vurulmuş, həmçinin iddiaçı mənəvi zərərə məruz qalmışdır.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, o, mülkiyyətində olan torpaq sahəsinin 0,02, ha hissəsini İddiaçı satmaq üçün Natiqin qardaşı Ceyhuna etibarnamə vermişdir ki, qardaşlar alqı-satqını özləri rəsmiləşdirsinlər. Lakin, sonradan alqı-satqı müqaviləsinin bağlanılmasında özü iştirak etmiş, müqavilə ilə 0,02 ha torpaq sahəsini Natiqə satmışdır. Alqı-satqıdan sonra Ceyhuna verdiyi etibarnaməyə ehtiyac qalmadığı üçün etibarnaməni ləğv etdirmişdir. O, yalnız qardaşlardan Natiqə 0,02 ha torpaq sahəsini satmışdır. Qardaşlara başqa torpaq sahəsi satmamış və başqa ödəniş almamışdır. Lakin, Natiq və Ceyhun özbaşına onun torpağının qalan hissəsini zəbt etmişdir. Zəbt edilən torpaq sahəsi cavabdeh1 olmuşdur. Torpaq sahəsində ev tikilməsinə, ustaların işlməsinə razı olması barədə iddiaçının bildirdikləri satılan torpaq sahəsinə aiddir. Icra sənədi üzrə icraata xitam verilməsinə razı olması isə sonradan torpağı satması və artıq həmin hissənin ona aidiyyətinin olmaması ilə bağlı olmuşdur.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(011) ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim: Leyla Şövkətli-Mənsimli).

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin etirazını təkzib edən, iddiaçının iddia tələbini əsaslandığı halları təsdiq edən sübutlar iş materiallarında aşkar olunmamışdır. Həmçinin, iddiaçı ona həqiqətən 0,04 ha. torpaq sahəsi satılmasına razılaşmışlarsa, niyə yalnız 0,02 ha. torpağın alqı-satqısının müqavilə ilə rəsmişləşdirilməsi, qalan 0,02 ha. torpağın alqı satqısının özünün iddia etdiyi kimi hansı zərurətdən etibarnamə ilə həyata keçirilməsini məntiqli izah edə bilməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə də iddiaçının iddia tələbini əsaslandığı hallara hüquqi qiymət verilmiş və həmin halların mövcud olmadığı təsdiq edilmişdir. Belə ki, sadalanan məhkəmə aktları ilə ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh2 mülkiyyətində qalan 0,06 ha. torpaq sahəsindən 0,02 ha. torpaq sahəsini İddiaçı satmaması, həmin torpaq sahəsinə görə şifahi razılaşmaya əsasən 5.000 manatın ödənilməsinin sübut olunmaması, torpaq sahəsinin cavabdeh1 satılması, lakin, İddiaçı və X1 tərəfindən zəbt edilməsi müəyyən olunmuş, odur ki, onların cavabdeh1 məxsus torpaqdan çıxarılması, torpaq sahəsində inşa edilmiş tikilinin İddiaçı hesabına sökülməsi qət edilmişdir.

12. Belə olan halda məhkəmə hesab etmişdir ki, maddi və mənəvi zərərin, faiz və dəbbə pulunun ödənilməsi tələbi əsassız olduğundan iddia təmin edilməməlidir.

13. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 442, 443.1, 1091.1, 1091.2, 1093.1, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti bu dəlillərlə əsaslandırılmışdır: məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh2 mülkiyyətində olmuş 0,08 ha. torpaq sahəsinin 0,02 ha. sahəsini alqı satqı müqaviləsi ilə o, digər 0,02 ha. sahəni isə etibarnamə əsasında qardaşı X1 almışdır. Hər iki sahədə ev tikdirmişdir. Hər iki torpaq sahəsi hazırda da onların mülkiyyətindədir. Lakin, etibarnamə ilə ##.##.2020-ci il tarixdə aldıqları 0,02 ha. torpaq sahəsinə dair etibarnaməni cavabdeh2 sonradan Ceyhunun həbs olunduğunu bildikdən sonra ləğv edərək, həmin torpağı cavabdeh1 satmışdır. Əslində bu alqı-satqı formal xarakter daşıyaraq pulunu verib aldığı torpağı onun əlindən çıxarmaq üçün iki qohumun planlaşdırdığı oyundur. Məhkəmələr isə torpağın daha əvvəl etibarnamə ilə ona satılmasına düzgün qiymət vermədən onun həmin sahədən çıxarılmasına qərar vermişdir. Halbuki, həmin torpaq sahələri bir-biri ilə həmsərhəddir, həmin torpaq sahələrində aparılan tikinti işləri əvvəl gündən cavabdehlərin gözü qarşısında olmuş, ancaq tikinti başa çatana qədər heç bir şikayət olunmamış, əksinə, cavabdeh cavabdeh2 hər gün orada işləyən fəhlələrə su, çay və digər zəruri ləvazimatları çatdırmışdır. Iddiaçının qardaşı həbs olunandan sonra cavabdehlər ayaqlanmış və birləşərək torpağı onlardan almağa çalışmışlar və ədalətsiz məhkəmə qətnamələri ilə buna nail olmuşlar. Xətai Rayon Məhkəməsində işə baxılarkən bütün bu xüsusatlar nəzərə alınmamış, həmçinin, məhkəmə digər cavabdehi məhkəmə icraatına cəlb etməmiş, işin əsl hallarını araşdırmamış, cavabdehlərin heç bir əsaslı sübut təqdim etməməsinə baxmayaraq iddiaçının tələbi təmin olunmamışdır. Cavabdeh qardaşı Ceyhuna etibarnamə verdikdən sonra o həmin əmlaka sahiblik və istifadə hüququ əldə etmiş, buna arxayın olaraq tikinti işlərinə başlamışlar və bütün işlər cavabdehin gözü qarşısında baş vermişdir.

16. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Rəşid Səmədov).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Iddiaçı (vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti məzmun etibarilə apellyasiya şikayəti ilə eyni qaydada əsaslandırılmışdır. Kassator əlavə etmişdir ki, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, onlara düzgün qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilməmişdir (§ 11).

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar