Məhkəmə qərarları › İş №2(1-8)-1727/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1727/2026

18.08.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1727/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı5, iddiaçı4 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payın müəyyən olunması, mirasın qəbul edilməməsi, münasibətlərin yaranma vaxtı, tətbiq edilən hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı5, iddiaçı4 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, atadan miras qalmış əmlakda məcburi payların müəyyən edilməsi, dövlət reyestrində qeydə alınması və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 Əli oğlunun kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar qardaşdır, cavabdeh isə qardaşlardan birininin oğludur.

2. İddiaçıların valideynləri – Həsənov Əli Məhərrəm oğlu və Həsənova (Rəhimova) Rəfiqə Həsən qızının nikahından aşağıdakı övladları olmuşdur: iddiaçı3, iddiaçı2, iddiaçı5, iddiaçı4, iddiaçı1, Həsənov Məhərrəm, Həsənova Rəhilə və Həsənov Sərdar. Tərəflərin atası Həsənov Əli Məhərrəm oğlu ##.##.1985-ci ildə, anası X5 ##.##.1987-ci ildə vəfat etmişlər.

3. Həsənov Məhərrəm Əli oğlu ilə X6 nikahından X16, X10 və Cavabdeh doğulmuşdur.

4. Salyan rayon Aqrar İslahat Komissiyasının ## ######## 1998-ci il tarixli, ** saylı qərarı ilə Salyan rayonu, Yenikənd kəndində 1.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Həsənov Məhərrəm Əli oğlu, X7, X16, X10 və Cavabdeh mülkiyyətinə verilmişdir. Bu barədə mülkiyyət hüququnu təsdiq edən Torpağın mülkiyyətə verilməsinə dair JN:236 KOD ******** nömrəli Dövlət Aktı verilmişdir. Salyan rayon Aqrar islahat Komissiyasının ## ######## 1998-ci il tarixli, ** saylı qərarı ilə Salyan rayonu, Yenikənd kəndində Həsənov Məhərrəm Əli oğluna (ailə üzvlərinə) 0,38 hektar (yaşayış evinin sahəsi isə 128.09 kv.m) torpaq sahəsi ayrılmış, bu barədə onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 221F, kod № ******** olan şəhadətnamə verilmişdir. Salyan rayon Aqrar islahat Komissiyasının ## ######## 1998-ci il tarixli, ** saylı qərarı ilə Salyan rayonu, Yenikənd kəndində iddiaçı1 0.19 hektar torpaq sahəsi ayrılmış, bu barədə onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 219F, kod № ******** olan şəhadətnamə verilmişdir.

5. Həsənov Məhərrəm Əli oğlu ## ###### 2009-cu il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN- 221F, kod № ******* olan şəhadətnamənin əsasında mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. ünvan 7 ünvanında yerləşən 0.38 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Həsənov Məhərrəm Əli oğlu, Cavabdeh, X7, X16 və X10 adına, həmin torpaq sahəsində yerləşən 140.4 kv.m. olan fərdi yaşayış evi üzrə mülkiyyət hüququ və torpaq sahəsi üzrə ümumi birgə mülkiyyət hüququ Həsənov Məhərrəm Əli oğlunun adına rəsmiləşdirilmişdir. Bu barədə mülkiyyət hüququnu təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ### 2024-cü il tarixli Çıxarış verilmişdir.

6. Qanun üzrə vərəsəllik hüququ haqqında ## ### 2024-cü il tarixli şəhadətnaməyə görə, ##.##.2009-cu il tarixdə vəfat etmiş Həsənov Məhərrəm Əli oğlunun vərəsəsi Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olan arvadı X7r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Həsənov Məhərrəm Əli oğluna verilmiş 809013065399-***** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evindən və həmin evin ümumi sahəsi 0.38 ha olan torpaq sahəsinin ona məxsus hissəsindən ibarətdir. Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 7 ünvanında yerləşən 0.38 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzrə Cavabdeh, X16 və X10 hər biri 1/5 paya, X7 isə 140.4 kv.m. olan fərdi yaşayış evi bütövlükdə və torpaq sahəsi üzrə 2/5 paya mülkiyyət hüquqları qeydə alınmış, bu barədə müvafiq olaraq mülkiyyət hüquqlarını təsdiq edən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli çıxarış verilmişdir.

7. Salyan rayon İcra Hakimiyyəti başçısının yanında Salyan rayon Yenikənd kənd inzibati ərazi nümayəndəsinin ## #### 2024-cü il tarixli arayışından görünür ki, X7 Salyan rayonunun Yenikənd kəndində özünə məxsus 0.38 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş sahəsi 140.40 kvm olan fərdi yaşayış evi (reyestr nömrəsi: 13065399-*****, qeydiyyat nömrəsi:1324012396, qeydiyyat tarixi ##.##.2024) var. Həmin evdə özü- 1955-ci il təvəllüdlü X7, oğlu 1979-ci il təvəllüdlü Cavabdeh, oğlu 1976-cı il təvəllüdlü X10 və nəvəsi 2007-ci il təvəllüdlü X8 qeydiyyatdadır. Daşınmaz əmlakın bağışlanmasına dair ## #### 2024-cü il tarixli müqavilədən görünür ki, hədiyyə verən X7, X16 və X10 rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.38 ha olan torpaq sahəsinin onlara məxsus hissələrini hədiyyə alan Cavabdeh mülkiyyətinə verirlər. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və həmin evin ümumi sahəsi 0.38 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdan keçmiş, bu barədə mülkiyyət hüququnu təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinin ## #### 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına özəlləşdirilən Salyan rayonu, Yenikənd kəndində 0.38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, Salyan regional “Asan xidmət” mərkəzinin notarat ofisinin ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən ##.##.2024-cü il tarixli qeydiyyat nömrəli 809013065399-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyalı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət üzrə qeydiyyata alınmışdır. Salyan rayonu, Yenikənd kəndində yerləşən, 1.5569 ha kənd təsərrüfatı torpaq sahəsi X4 xidmət mərkəzinin notariat ofisinin ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xususi mülkiyyət üzrə qeydiyyata alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası X11 filialının ## ### 2025 ci il tarixli arxiv arayışından görünür ki, X11 filialında mühafizə olunan Salyan rayon Yenikənd kənd X12 (XDS) İcraiyyə Komitəsinin arxiv sənədlərində, o cümlədən, 1980-1982-ci illərə aid təsərrüfatbaşına kitabın *** nömrəli təsərrüfatında Həsənov Əli Məhərrəm oğlunun torpağının cəmi (hektarın yüzdə biri ilə) 0,25 ha qeyd edilmişdir.

8. Salyan rayon İcra Hakimiyyəti Başçısının yanında Salyan rayon Yenikənd kənd inzibati ərazi nümayəndəsi tərəfindən ## ######## 2025-ci il tarixdə iddiaçı3 verilmiş arayışdan görünür ki, anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı ##.##.1987-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonunun Yenikənd kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: (oğlu) 1947-ci il təvəllüdlü Həsənov Məhərrəm Əli oğlu ##.##.2009-cu ildə vəfat etmiş, (gəlini) 1955-ci il təvəllüdlü X7, (nəvəsi) 1979-ci il təvəllüdlü Cavabdeh. Mərhum Rəhimova (Həsənova) Rəfiqə Həsən qızının ailə tərkibindən qeydiyyatdan çıxıb gedən ailə üzvləri aşağıdakılardır: (oğlu) 1949-cu il təvəllüdlü iddiaçı3, (qızı) 1951-ci il təvəllüdlü X2, (oğlu) 1953-cü il təvəllüdlü iddiaçı2, (oğlu) 1955-ci il təvəllüdlü X1, (oğlu) 1957-ci il təvəllüdlü iddiaçı5, (oğlu) 1960-ci il təvəllüdlü iddiaçı4 və (oğlu) 1962-ci il təvəllüddlü iddiaçı1 adlı ailə üzvləri qeydiyyatdan çıxmışlar. Mərhum Rəhimova (Həsənova) Rəfiqə Həsən qızının qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil Qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 1, mənzil *** saylı ünvanında qeydiyyatda olan iddiaçı1 və onun ailə üzvləri barəsində yaşayış yeri, ailə tərkibi haqqında arayışa əsasən– Həsənova Sevinc Həsənxan qızı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 1, mənzil *** saylı evdə yaşayır və ailə üzvləri 1962-ci il təvəllüdlü həyat yoldaşı iddiaçı1 və 1992-ci il təvəllüdlü oğlu X3 ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Həsənov Məhərrəm Əli oğlunun adına: 1. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla Salyan rayonu, Yenikənd kəndi ərazisində ümumi birgə mülkiyyət üzrə 1.5569 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 2. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 809013065399-***** reyestr nömrəli çıxarışla ünvan 5 ünvanda ümumi birgə mülkiyyət üzrə 0.38 ha torpaq sahəsində ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Sözügedən hər iki daşınmaz əmlak müvafiq olaraq Salyan regional “Asan xidmət” mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə, ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə, ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə, ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən özgəninkiləşdirilmişdir. Həsənov Əli Məhərrəm oğlunun adına hər-hansı daşınmaz əmlak barədə məlumat Ərazi İdarəsində aşkar olunmamışdır. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, ##.##.1962-ci il təvəllüdlü iddiaçı1 ##.##.1991ci il tarixdən ##.##.2018-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, massiv 1, ev 7-də, ##.##.2018-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı5, iddiaçı4 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi üzərində onların payının olmasını, cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlaka dair məcburi paylarının müəyyən edilməsi, həmin payların dövlət reyestrində qeydiyyata alınmasının, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləvğ edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi ataları Həsənov Əli Məhərrəm oğlunun mülkiyyətinə aid olmuşdur. (X11 filialından əldə olunmuş Salyan rayon Yenikənd kənd X12 (XDS) İcraiyyə Komitəsinin arxiv sənədlərindən, təsərüfatbaşına kitabdan çıxarışların surətləri iddia ərizəsinə əlavə edilmişdir). Mülkiyyətçi Həsənov Əli Məhərrəm oğlu ##.##.1985-ci il tarixində və həyat yoldaşı ##.##.1987-ci il tarixində vəfat etdikdən sonra qardaşları Həsənov Məhərrəm Əli oğlu sözügedən mülkü qanunsuz olaraq oğlu vərəsələrin yəni onların icazəsi olmadan öz adına keçirmişdir. Həsənov Məhərrəm Əli oğlu ##.##.2009-cu il tarixində vəfat etmişdir. Vəfat etdikdən sonra qanunsuzluq davam etmiş və X4 Xidmət Mərkəzində ##.##.2024-cü il tarixli rəsmiləşdirilmiş 2V-*** reyestrli vərəsəlik işi açılmış və sözügedən mülk həyat yoldaşı X7 və övladları X17, X10, Cavabdeh keçmişdir. Daha sonra isə X7, X16, X10 ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mülkdən olan paylarını Cavabdeh hədiyyə vermişlər. Bununla da həmin daşınmaz əmlak ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət üzrə cavabdehin mülkiyyətinə keçmişdir. Odur ki, ünvan 3 ünvanında torpaq sahəsi üzərində onların payının olmasını nəzərə alaraq adıçəkilən cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlak qeydiyyata alınmasının, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrində ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləvğ edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçılar iddiaçı3, iddiaçı4 və iddiaçı1 ##.##.2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəmyə müraciət edərək bildirmişlər ki, cavabdeh Cavabdeh qarşı ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi üzərində onların paylarının olmasını nəzərə alaraq adıçəkilən cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlaka dair onların məcburi paylarının müəyyən edilməsi, həmin payların dövlət reyestrində qeydiyyata alınmasının, ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair 2(011) ****/**** saylı mülki iş vardır. Həmin mülki iş üzrə hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, iddia tələbində “809013065399-*****” reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinin” qeyd edilməsi əvəzinə ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qeyd edilmişdir. Qeyd olunan texniki səhvin nəzərə alınmasını xahiş etmişlər. Odur ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi aşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi üzərində onların paylarının olmasını nəzərə alaraq adıçəkilən cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlaka dair onların məcburi paylarının müəyyən edilməsi, həmin payların dövlət reyestrində qeydiyyata alınmasının, 809013065399-***** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 sayı Ərazi İdairəsinə həvalə edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Cavabdeh Cavabdeh iddiaya qarşı etiraz edərək bildirmişdir ki, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Belə ki, mərhum atası Həsənov Məhərrəm Əli oğlunun sağlığında ona məxsus olmuş daşınmaz əmlak üzrə hüquqlar səlahiyyətli dövlət orqanları tərəfindən sonradan rəsmiləşdirilmiş, ## ### 2024-cü il tarixdə notariat qaydasında vərəsəlik işi açıldıqdan sonra əmlak onun yeganə vərəsəsi olan anası X7 mülkiyyətinə keçmişdir. Daha sonra, ## #### 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin əmlak ona bağışlanmış və bu müqavilə əsasında ## #### 2024-cü il tarixdə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılardan iddiaçı1 mübahisəli daşınmaz əmlakda yaşaması və onu faktiki qəbul etməsi barədə iddialar da əsassızdır. Belə ki, vəkil sorğusu əsasında alınmış rəsmi cavabdan da görünür ki, iddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşayış yeri üzrə qeydiyyatdadır və faktiki yaşayış yeri də həmin ünvandır. Bu hal onun mübahisəli daşınmaz əmlakda yaşamadığını və mirası faktiki qəbul etmədiyini təsdiq edir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Vəsilə Əliyeva)

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı5, iddiaçı4 və iddiaçı1 mərhum valideynlərindən miras qalmış əmlaka pay hüququnun tanınmasını tələb etməsinə baxmayaraq, işdən görünür ki, iddiaçıların atası Həsənov Əli Məhərrəm oğlu 1985-ci ildə, anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı isə 1987-ci ildə vəfat etmişlər. Həmin zaman, yəni mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSRİ Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, iddia müddəti 3 il müəyyən edilmişdir. Mirasın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı mübahisə maraqlı şəxs tərəfindən miras açıldıqdan sonra 3 il ərzində qaldırılmalı olduğu halda, iddiaçılar bu müddətdə mirası qəbul etmək hüququndan istifadə etməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Belə olan halda, iddiaçılar miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbini irəli sürə bilərdilər ki, bu hal da məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçılar valideynləri vəfat etdikdən sonra mübahisəli evdə yaşamamış, miras əmlaka faktiki sahiblik və ya onu idarəetmə əlamətləri nümayiş etdirməmiş, mirası faktiki qəbul etdiklərini təsdiq edən sübutlar təqdim etməmişlər. Belə olan halda, iddiaçılar tərəfindən həmin miras əmlakın faktiki qəbul edilməsindən söhbət gedə bilməz.

15. Bununla yanaşı, iddiaçılar tərəfindən mübahisəli daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi tələbi irəli sürülsə də, məhkəmə tələbin bu hissəsini də əsassız hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli çıxarış vərəsəlik hüququnu təsdiq edən sənədlər və notariat qaydasında bağlanmış bağışlama müqaviləsi əsasında verilmişdir. Məhkəmə tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı müəyyən edilmədiyi, habelə çıxarışın saxtalığını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyi nəzərə alınaraq, çıxarışın ləğvi üçün hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlinmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi ##.##.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü, hazırda qüvvədə olan Mülki Məcəlləsinin 1145, 1146, 1193, 1196, 1202.1, 1243.2, 1272 və 1176.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçılar da Həsənov Məhərrəm Əli oğlu kimi birinci dərəcələri vərəsələrdir.Belə ki, ataları Həsənov Əli Məhərrəm oğlu ##.##.1985-ci il tarixdə, anaları Rəfiqə isə ##.##.1987-ci il tarixdə vəfat etdikdən sonra böyük qardaş Həsənov Məhərrəm Əli oğlu və kiçik qardaşı iddiaçı1 ailə üzvlərilə birlikdə valideynlərindən miras qalmış torpaq sahəsini və fərdi yaşayış evini faktiki olaraq qəbul etmişlər və uzun müddət bu evdə yaşamışlar. 2023-cü ildə qardaşı Sərxan ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. Hazırda ona məxsus bütün əşyalar ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evindədir. Sonradan böyük qardaş Həsənov Məhərrəm Əli oğlu müvafiq orqanların əməkdaşları ilə miras əmlakları ilə bağlı sənədləri saxtalaşdıraraq, sözügedən mülkləri onlar vərəsələrin xəbəri, icazəsi olmadan qanunsuz olaraq öz adına keçirmişdir. Salyan rayon Aqrar islahat Komissiyasının ## ######## 1998-ci il tarixli, ** saylı qərarına əsasən, Həsənov Məhərrəm Əli oğluna verilmiş JN - 221F, kod № ******* olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,38 hektar, yaşayış evinin sahəsi isə 128.09 kv.m göstərilmişdir. ƏMDK-nın yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə Həsənov Məhərrəm Əli oğluna verilmiş ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda, Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 140.4 kv.m olan, torpaq sahəsi ümumi sahəsi isə 0.38 ha qeyd edilmişdir. Birinci instansiya məhkəməsində yerində baxış keçirilməsi və müvafiq ekspertizanın təyin olunması barədə vəsatətlər qaldırılmış, lakin məhkəmə qərəzli şəkildə əsassız və qanunsuz olaraq vəsatətləri təmin etməmişdir. Saxta sənədlər verilmiş, Salyan rayon Yenikənd kəndinin İcra nümayəndəsinin, Notariat kontorunun və Dövlət Reyestr Xidmətinin əməkdaşlarının məhkəməyə çağırılmaları barəsində də vəsatəti təmin olunmamışdır. Həsənov Məhərrəm Əli oğlu ##.##.2009cu il tarixdə vəfat etdikdən sonra qanunsuzluqlar davam etmiş və X4 xidmət mərkəzində ##.##.2024-cü il tarixdə vərəsəlik işi açılmış və sözügedən mülklər vəfat etmiş qardaşı Məhərrəmin həyat yoldaşı X7 və övladları X16, X10, Cavabdeh keçmişdir. Daha sonra isə X7, X16, X10 ##.##.2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlaması müqaviləsi ilə mülklərdə olan paylarını Cavabdeh hədiyyə vermişlər. Birinci instansiya məhkəməsi əsassız, qanunsuz qətnamə qəbul edərək, iddiaçıların, yəni vərəsələrin qanunla qorunan hüquqlarını pozmuşdur.

19. Şikayətdə qeyd edilmişdir ki, ##.##.1965-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəlləsinin 73, 76 və 82-ci maddələrinin tələbləri pozulmuşdur, belə ki, ataları Həsənov Əli Məhərrəm oğlu ##.##.1985-ci il tarixdə, anaları isə ##.##.1987-ci il tarixdə vəfat etdikdən sonra böyük qardaşı Həsənov Məhərrəm Əli oğlu sözügedən mülkləri qanunsuz olaraq vərəsələrin xəbəri, icazəsi olmadan öz adına keçirmişdir. Belə ki, qardaşı Mərərrəmdə kiçik qardaşı Sərxan kimi, vaxtında miras əmlaklarının qəbul edilməsi üçün müvafiq orqanlara (notariat kontoruna, məhkəməyə) müraciət etməmişdir, yəni o da Sərxan kimi, qanunla nəzərdə tutulan müddəti ötürmüşdür. ##.##.1965-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin 527 və 552-ci maddələri də pozulmuşdur, belə ki, həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 6 ay müddətinə edilməlidir. Valideynləri vəfat etdikdən sonra miras qalmış fərdi yaşayış evində böyük qardaşı Məhərrəm və kiçik qardaşı Sərxan ailə üzvlərilə birlikdə daima yaşamışlar, yəni hər iki qardaşı miras əmlaklarını (torpaq sahəsini və evi) faktiki olaraq qəbul etmişlər. Digər qardaşlar isə mütəmadi olaraq, tez-tez ata yurduna gəlib getmişlər. 2023-cü ildə kiçik qardaşı Sərxan ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə köçmüşdür. Göründüyü kimi, hər iki qardaşı həm Məhərrəm, həm də Sərxan miras əmlaklarını faktiki qəbul etmişlər və uzun müddət orada ailə üzvlərilə birlikdə yaşamışlar.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026 -ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov, Tofiq Heydərov)

21. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçılar ataları Həsənov Əli Məhərrəm oğluna ayrılmış 0,25 ha torpaq sahəsi ilə bağlı, həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətində atanın adına qeydə alınması ilə bağlı hər-hansı sübut təqdim etməmişlər. Bu barədə müvafiq qaydada müraciət edildiyi də müəyyən edilmir.

22. Bundan başqa, iddia edilən, cavabdehə məxsus torpaq sahəsinin iddiaçıların atası üçün ayrılmış torpaq sahəsi ilə əlaqəliliyi müəyyən edilmir. İddiaçıların atası üçün ayrılan sahə 0,25 ha olduğu halda, cavabdehin ailə üzvlərinə ayrılan sahə 0,38 ha olmuşdur.

23. Məhkəməyə təqdim edilmiş, tərəflərin istinad etdikləri, Torpağın mülkiyyətə verilməsinə dair JN- 221F, kod № ******** olan şəhadətnamədən görünür ki, iddia edilən 0,38 hektar (yaşayış evinin sahəsi isə 128.09 kv.m) torpaq sahəsi cavabdehin atasına və ailə üzvlərinə Salyan rayon Aqrar islahat Komissiyasının ## ######## 1998-ci il tarixli, ** saylı qərarı ilə ayrılmışdır. İddiaçılar tərəfindən isə sözügedən şəhadətnamə, texniki sənədlər və Salyan rayon Aqrar islahat Komissiyasının ## ######## 1998-ci il tarixli, ** saylı qərarı mübahisələndirilməmişdir.

24. Digər tərəfdən, hüquq münasibətlərinin yarandığı (mirasın açıldığı) zaman qüvvədə olmuş Mülki Məcəllənin müddəlarına əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.

25. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

26. Beləliklə, qanunun tələbinə görə miras vərəsə tərəfindən altı ay müddətində ya notariat orqanına ərizə vermək yolu ilə, ya da miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla qəbul edilməlidir. İddiaçıların mirasın qəbul etməsi ilə bağlı notariat orqanına ərizə vermələri, yaxud mirası faktiki qəbul etmələri müəyyən edilmir.

27. Bundan əlavə, Salyan rayon İcra Hakimiyyəti başçısının yanında Salyan rayon Yenikənd kənd inzibati ərazi nümayəndəsi tərəfindən ## ######## 2025-ci il tarixdə iddiaçı3 verilmiş arayışdan da görünür ki, iddiaçıların anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: (oğlu) 1947-ci il təvəllüdlü Həsənov Məhərrəm Əli oğlu ##.##.2009-cu ildə vəfat etmiş, (gəlini) 1955-ci il təvəllüdlü X7, (nəvəsi) 1979-ci il təvəllüdlü Cavabdeh.

28. Belə ki, həmin arayışdan bəlli olur ki, iddiaçılar anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı ölənədək onunla yaşamamışlar, ana ölməmişdən əvvəldən həmin ünvandan qeydiyyatdan çıxıb başqa yaşayış yerinə köçmüşlər.

29. Beləlliklə, apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı mahiyyəti üzrə əsassız hesab edib rədd etsə də, hazırki iddia üzrə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına deyil, hazırda qüvvədə olan maddi hüquq normalarına istinad etmiş, eləcə də düzgün olmayaraq ##.##.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin iddia müddətinin tətbiqi barədə normaya əsaslanmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar istər atasına məxsus olmuş və miras hesab etdikləri əmlakla bağlı, istərsə də mübahisə etdikləri əmlaka dair mirasın qəbul edilməsi ilə bağlı tələblərini əsaslandıra və sübuta yetirə bilməmişlər. Odur ki, iddia əsassız olduğuna görə rədd edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mirasda payın müəyyən edilməsi tələbi təmin edilmədiyindən iddia digər hissədə də əsassız hesab edilərək təmin edilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 157.4-cü və tələb üzrə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 532, 538 və 552-ci, maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı iddiaçı1 (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli münasibətlər 1985-1987-ci illərdə, yəni valideynlərin vəfatından sonra yarandığı üçün bu münasibətlərə ##.##.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 73-cü maddəsinə əsasən Hüququ pozulmuş şəxsin iddiası üzrə, onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və sair kooperativ və ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Köhnə Mülki Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. İddiaçının atası Həsənov Əli Məhərrəm oğlu ##.##.1985-ci il tarixdə, anası isə ##.##.1987-ci il tarixdə vəfat etdikdən sonra böyük qardaşı Həsənov Məhərrəm Əli oğlu sözügedən mülkləri qanunsuz olaraq vərəsələrin xəbəri, icazəsi olmadan öz adına keçirmişdir. Ata mülkləri olan miras əmlak ##.##.2024-cü ilə böyük qardaşları Həsənov Məhərrəm Əli oğlunun ailə üzvləri qanunsuz olaraq vərəsəlik qaydasında öz adlarına keçirmişdir. Cavabdeh tərəfindən ata mülkləri olan miras əmlaklarının vaxtında qəbul edilməsi üçün müvafiq orqanlara (notariat kontoruna, məhkəməyə) müraciət edilməmiş, yəni qanunla nəzərdə tutulan müddəti ötürmüşdür. Bu məlumatı əldə etdikdən sonra o və digər qardaşları ilə birlikdə “miras əmlakda payların müəyyən edilməsi və çıxarışın ləğvi” iddia tələbi ilə Salyan rayon məhkəməsinə müraciət etmişdir. Lakin nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara hüquqi qiymət verməmiş və nəticədə hüquqlarını pozan qətnamə qəbul edilmişdir. Həmçinin, iddiaçı valideynlərin ölümündən sonra miras əmlakı faktiki qəbul etmişdir, orada böyük qardaşı Məhərrəmlə birlikdə uzun illər yaşayıb və yalnız 2023-cü ildə müvəqqəti olaraq Bakı şəhərinə köçüb. 2023-cü il tarixdə başqa bir ünvana yaşamağa köçməyi onun mirası faktiki qəbul etmə faktını aradan qaldırmır. Apellyasiya instansiyası qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, Həsənov Əli Məhərrəm oğlunun adına hər hansı daşınmaz əmlak barədə məlumat Ərazi İdarəsində aşkar olunmamışdır. Lakin məhkəmə eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası X11 filialının ## ### 2025-ci il tarixli arayışını qəbul etmişdir. Həmin rəsmi sənədə əsasən, 1980-1982-ci illərə aid təsərrüfatbaşına kitabın *** nömrəli təsərrüfatında Həsənov Əli Məhərrəm oğlunun torpağının cəmi 0,25 ha qeyd edildiyi təsdiq olunub. Apellyasiya kollegiyasının "atanın adına mülkiyyət hüququnu təsdiq edən çıxarış yoxdur" əsası ilə miras əmlakda məcburi payı müəyyən edilməsi və s. barədəki iddiaları rədd etməsi kökündən yanlışdır, çünki sovet dövründə və müstəqilliyin ilk illərində torpaqlar üzərində hüquqlar məhz təsərrüfatbaşına kitablar və yerli sovetlərin qərarları ilə rəsmiləşdirilirdi. Apellyasiya kollegiyası işin bu faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, MPM-in 217-ci maddəsinin tələblərini (qətnamə qanuni və əsaslı olmalıdır) pozmuşdur. Çıxarışın ləğv edilməməsi isə, onun mübahisəli əmlakda qanuni vərəsəlik paylarını tanınmasına birbaşa maneə törədir. O cümlədən apellyasiya instansiyasında iclas zamanı onun həqiqətəndə Yenikənd kəndində ata evində qeydiyyatda olmağı və yaşamağı barədə Salyan Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazı üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli və ## ### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli arayışları sübut qismində təqdim etmək istəsə də buna imkan yaradılmadı. Hesab edir ki, məhkəmə mülki işə baxarkən, heç bir sübut araşdırmamış, onlardan istifadə etməmiş, hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmayaraq, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, düzgün olmayan əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həm birinci insatansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində tərəfindən yerində baxış keçirilməsi və ata mülkünə böyük qardaşı Həsənov Məhərrəm Əli oğluna Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinin eyni yerlər olduğunu sübut etmək məqsədilə müvafiq ekspertizanın təyin olunması barədə vəsatətlər qaldırılmışdır. Lakin məhkəmə əsassız olaraq vəsatətlərini təmin etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllə (Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il ########ın ##-də qəbul edilmiş, 1965-ci il ####ın #-də qüvvəyə minmiş və ## ######## 2000-ci il tarixədək qüvvədə olmuşdur) Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin... Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar... Maddə 538. Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

41. İşdən görünür ki, iddiaçının atası ##.##.1985-ci ildə, anası isə ##.##.1987-ci il tarixdə vəfat etmişdir. İddiaçı valideynlərindən qalan torpaq sahəsi və ev üzərində miras payının müəyyən edilməsini istəyir.

42. İşə baxan apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan əmlakın, ümumiyyətlə, iddiaçının valideynlərinin miras kütləsinə aid olmamasını müəyyən etmişdir.

43. Həmçinin Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını, buna uyğun olaraq, hüquq münasibətlərinin yarandığı vaxtı müəyyən edərək, mübahisəyə 1964-cü il Mülki Məcəlləsinin normalarını tətbiq etməklə iddianı təmin etməyərkən düzgün nəticəyə gəlmişlər.

45. Belə ki, 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

46. İşin müəyyən edilən halına görə iddiaçı həmçinin mirası nə faktiki, nə də notariat orqanına bu barədə ərizə verməklə də qəbul etməyib.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsini və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı sayır.

48. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, onları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iddiaçının mirası hər hansı formada qəbul etmədiyini müəyyən edərək, nəhayət əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.

49. Bu baxımdan hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

50. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmundadır. Qeyd edildiyi kimi, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verib və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı iddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar