Məhkəmə qərarları › İş №2(1-8)-1789/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1789/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1789/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdehlər cavabdeh2 və cavabdeh1 Səid qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Bank “xxxx” ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank “xxxx” ASC-nin “Promo” filialı ilə cavabdeh cavabdeh2 arasında ## ###### 2017-ci il tarixli əsas kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 100.000 AZN məbləğində kredit xətti açılmışdır. Sonradan tərəflər arasında ## #### 2019-cu il tarixli əlavə kredit müqaviləsi bağlanaraq cavabdehə illik 19 faiz dərəcəsi ilə 36 ay müddətinə 100.000 AZN məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 2 (yeni ünvan **) saylı fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yükləmiş və ipoteka dövlət qeydiyyatına alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən ödənişlər etsə də, əsas borcun və faizlərin ödənilməsi ilə bağlı öhdəliklərini tam icra etməmiş, bankın dəfələrlə etdiyi şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. Bankın hesablamasına görə # ### 2025-ci il tarixinə cavabdehin banka kredit borcu mövcuddur. Iddiaçı həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2022-ci il tarixli ekspert rəyi və “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə razı olduğunu bildirmişdir. Bu əsaslarla iddiaçı cavabdehdən əsas borcun, faiz və cərimə borcunun, habelə ödənilmiş dövlət rüsumunun tutulmasını, tələbin ipoteka predmetinə yönəldilməsini, ipoteka ilə yüklü fərdi yaşayış evinin açıq hərracda satılmasını, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsini, həmin vəsait kifayət etmədikdə isə qalan borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cəbrayıl Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli # ### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 66.804.67 AZN məbləğində əsas kredit borcu, 561.91 AZN məbləğində faiz borcu, 3.300 AZN məbləğində cərimə borcu, ümumilikdə 70.666.58 AZN məbləğində kredit borcu, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 287.84 AZN məbləğində dövlət rüsumu və 0.40 AZN məbləğində xidmət haqqı tutularaq, iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələbin cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 saylı (yeni ünvan ** saylı) fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 180.000 AZN məbləği olmaqla, açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri, digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri və fərdi yaşayış evini boşaltmaları qət edilmişdir (Hakim- Tərlan Nüsrətov).

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Cəbrayıl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 66804.67 AZN məbləğində əsas kredit borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi və cavabdeh1 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş ünvan 1 saylı (yeni ünvan ** saylı) fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) hissəsində dəyişdirilərək cavabdeh cavabdeh2 65492.63 AZN məbləğində əsas kredit borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi və ünvan 1 saylı (yeni ünvan ** saylı) fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid dəyəri) 550.000 AZN müəyyən edilməsi qət edilmişdir (hakimlər Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), Aytən Novruzova və Mahir Əsədlidən ibarət tərkibdə).

6. Həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdeh cavabdeh2 tərəfindən ərizə verilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026cı il tarixli, 2(106) ****/**** saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair cavabdehlərin ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (Hakimlər Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), Aytən Novruzova və Mahir Əsədlidən ibarət tərkibdə).

8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin nümayəndəsi tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq prosessual müddət ötürülmüşdür və həmin müddətin bərpası üçün göstərilən səbəblər üzrlü hesab edilə bilməz. Məhkəmə müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ##.##.2026-cı il tarixdə nümayəndənin “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi üzrə elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdən etibarən kassasiya şikayətinin verilməsi müddəti hesablanmağa başlanmışdır. Buna baxmayaraq, kassasiya şikayəti yalnız ##.##.2026-cı il tarixdə təqdim edilmişdir ki, bu da qanunla müəyyən edilmiş müddətin başa çatmasından sonradır.

9. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, elektron məhkəmə sistemində müvəqqəti texniki çətinliklərin olması kassasiya şikayətinin gecikdirilməsini əsaslandırmır. Çünki iş materiallarından görünür ki, nümayəndə ilə vəkillik müqaviləsi də prosessual müddət bitdikdən sonra bağlanmış, şikayət də həmin gün verilmişdir. Bu səbəbdən gecikmə texniki problemlərdən deyil, nümayəndənin vaxtında hərəkət etməməsindən irəli gəlmişdir. Nəticədə məhkəmə MPM-in 133-cü və 408.1.4-cü maddələrini rəhbər tutaraq müddətin bərpasından imtina etmiş və kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul etmişdir.

10. Qeyd olunmalıdır ki, prosessual müddətin bərpası yalnız şəxsin iradəsindən asılı olmayan və prosessual hərəkətin vaxtında həyata keçirilməsinə mane olan üzrlü səbəblərin mövcudluğu hallarında mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, belə səbəblər şəxsin öz imkanları ilə aradan qaldıra bilmədiyi və prosessual hüquqların həyata keçirilməsinə real maneə yaradan hallarla bağlı olmalıdır. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, şikayət müəyyən edilmiş müddət ötürüldükdən sonra verildikdə qəbul edilmir, lakin müddətin buraxılmasına səbəb olan hallar göstərilməklə onun bərpası barədə vəsatət verilə bilər; məhkəmə isə bu vəsatəti müddətin şəxsdən asılı olmayan səbəblərdən buraxıldığı qənaətinə gəldiyi halda təmin edir, əks halda rədd edir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehlər cavabdeh2 və cavabdeh1 şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 130.1, 133 və 405.0.1-ci maddələrini, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrini düzgün tətbiq etməmişdir. Şikayətdə göstərilmişdir ki, MPM-in 405.0.1-ci maddəsinə əsasən kassasiya şikayətinin verilməsi müddəti məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən hesablanmalıdır. Kassatorun mövqeyinə görə, işdə tərəf olan cavabdehlərə qətnamə yalnız # ##### 2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş və kassasiya şikayəti də həmin tarixdən etibarən qanunla müəyyən olunmuş müddətdə verilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi müddətin hesablanmasını nümayəndənin elektron kabinetinə sənədin yerləşdirildiyi tarixdən aparmaqla prosessual hüquq normalarını yanlış tətbiq etmişdir.

12. Kassator daha sonra qeyd etmişdir ki, nümayəndə və vəkil prosesin digər iştirakçısıdır və MPM-in 50 və 61-ci maddələrinə əsasən tərəf hesab edilmir. Buna görə də nümayəndənin elektron kabinetinə məhkəmə aktının yerləşdirilməsi tərəflərə rəsmi təqdimetmə ilə eyniləşdirilə bilməz. Bundan əlavə, hər məhkəmə instansiyası üzrə vəkillə ayrıca hüquqi yardım müqaviləsi bağlanmışdır və kassasiya instansiyası üçün müqavilənin sonradan bağlanması prosessual müddətin hesablanmasına təsir göstərməməlidir. Kassator hesab etmişdir ki, məhkəmə bu halları nəzərə almamış və əsassız nəticəyə gəlmişdir.

13. Şikayətdə həmçinin göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi "Elektron məhkəmə" informasiya sistemində aparılan texniki yenilənmələr nəticəsində şikayətlərin təqdim edilməsində çətinliklərin yarandığını qəbul etsə də, bu halı prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirməmişdir. Kassatorun fikrincə, məhkəmə ərizədə göstərilən üzrlü səbəbləri araşdırmaq əvəzinə, kassasiya şikayətinin vaxtında verilib-verilməməsini qiymətləndirmiş və bununla MPM-in 133-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir.

14. Bundan başqa, kassator Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarına istinad edərək bildirmişdir ki, məhkəməyə müraciət etmək və yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ Konstitusiyanın təmin etdiyi məhkəmə müdafiəsi hüququnun ayrılmaz hissəsidir. Onun qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin prosessual müddətin bərpasından imtina etməsi cavabdehlərin kassasiya instansiyasına müraciət etmək hüququnu əsassız məhdudlaşdırmışdır. Buna görə də kassator Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Cavabdeh tərəfindən ötürülmüş müddətin bərpası barədə irəli sürülmüş əsaslar məhkəmə tərəfindən düzgün qiymətləndirilmiş, hər hansı prosessual pozuntuya yol verilməmişdir.

23. MPM-in 405.0.1-ci maddəsinə əsasən kassasiya şikayətinin verilməsi müddəti məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən hesablanır. Bu normadakı “işdə iştirak edən şəxslərə” ifadəsi eyni zamanda həmin şəxslərin nümayəndələrini də ehtiva edir.

24. Hər bir şəxsin məhkəməyə müraciət etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnun (məhkəməyə əlçatımlılıq) təmin edilməsi “ədalətli məhkəmə araşdırması hüququ”nun elementlərindən biri olsa da, bu hüquqların qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində həyata keçirilməsi də hüquqi müəyyənlik və işlərə ağlabatan müddətlərdə baxılması prinsiplərinin təmin edilməsi məqsədi daşıyır. Prosessual müddətin ötürülməsinin səbəbi o zaman üzürlü hesab edilə bilər ki, işdə iştirak edən şəxs həmin halların baş verməsi səbəbindən özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmək imkanından məhrum olur.

25. Iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdehlərin etibarnamə ilə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq məhkəmə aktının rəsmi təqdim edildiyi tarixi həmin tarix hesab edərək müddətin ötürüldüyünü, bərpası üçün isə üzürlü səbəblər olmadığını müəyyən etmişdir.

26. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası MPM-nin 414-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən birgə verilmiş verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar