Məhkəmə qərarları › İş №2(1-8)-1884/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1884/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1884/2026 30.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı “xxxx” KB ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 9081,62 manat əsas, 1657,79 manat faiz, 594,9 manat cərimə borcu olmaqla, cəmi 11334,31 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 124,41 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 9081,62 manat əsas borc, 945,28 manat faiz borcu, 159,24 manat cərimə olmaqla, cəmi 10186,14 manat məbləğində borcun iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması, ödənilmiş 124,41 manat dövlət rüsumunun 111 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdeh tərəfindən kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmiş, həmçinin qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir.

8. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ## ##### 2026-cı il tarixdə cavabdehin etibarnamə əsasında nümayəndəsi, vəkil Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir.

9. Belə olan halda, Mülki Prosessual Məcəllənin 128.3, 129.1 və 405.0.1-ci maddələrinə əsasən həmin cavabdehə münasibətdə qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı ## ##### 2026-cı ildən başlamış və son tarixi ## #### 2026-cı il olmuşdur. Həmin tarixin bazar günə təsadüf etməsi nəzərə alınmaqla, kassasiya şikayətinin verilməsi müddəti ## #### 2026-cı il tarixdə bitmişdir.

10. Hazırkı iş üzrə cavabdeh tərəfindən isə kassasiya şikayəti ## #### 2026-cı il tarixdə verilmişdir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi ilə müəyyən olunan prosessual müddət ötürülmüş və bu müddətin üzrlü səbəblərdən buraxılmaqla bərpa edilməsi üçün müvafiq vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edilməmişdir.

11. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi cəmi 11334,31 manat pulun ödənilməsi ilə bağlıdır.

12. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən həmin tələblə bağlı 124,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. Lakin, kassasiya şikayəti üzrə cavabdeh tərəfindən cəmi 56 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayəti verilməsi üçün 62 manat məbləğində rüsum ödənilməlidir.

15. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti verilərkən 56 manat məbləğdə dövlət rüsumunun ödənilməsi, kassasiya şikayətinə görə də eyni məbləğdə rüsumun ödənilməsi üçün əsas ola bilməz.

16. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Yəni, qanunun bilavasitə mənasına görə kassasiya şikayətinə görə dövlət rüsumunun məbləği birinci instansiya məhkəməsinə qanuna əsasən ödənilməli olan dövlət rüsumuna münasibətdə, iddianın hansı hissədə təmin edilməsindən asılı olmadan hesablanmalıdır.

17. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi, habelə kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, həmin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar