Məhkəmə qərarları › İş №2(1-8)-2003/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2003/2026

31.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2003/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan “DAF” markalı **-BE-*** dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin talanması nəticəsində avtomaşına aldığı yeni hissələrə xərclədiyi 10.140 manat, maşının təmiri üçün xərclədiyi 100.000 rus rublu, yəni 3.500 manatın, cavabdehə verilməsi üçün arvadı Nümayəndə bank kartına köçürülmüş 680 manat və digərlərinin cavabdehin bank kartlarına köçürülmüş 850 manat, sürücü X1 xidmət haqqı kimi ödənilmiş 500 manat və onun təyyarə ilə Moskvaya uçması üçün biletə ödənilmiş 820 manat, maşının hissələri talan olduğuna görə maşının boş dayanması səbəbindən əldən çıxmış fayda olan 17.000 manatın, dövlət rüsumu kimi ödənilmiş 180 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Tovuz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) (hakim Zaur Hünmətov) iddianın qismən təmin edilməsi, “DAF” markalı **-BE-*** dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin sıradan çıxması nəticəsində avtomaşına alınmış yeni hissələrə xərclənən 10.140 manat, maşının təmiri üçün xərclənmiş 3.500 manat və əldən çıxmış faydaya görə 17.000 manat, cəmi 30.640 manat, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 181 manat 92 qəpik pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən cavabdeh Cavabdeh (vəkil Vəkil) ##.##.2026-cı il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Həmçinin kassasiya şikayətinə, kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edilib bərpa olunması və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Tovuz rayonu, Qovlar şəhərində qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır. Onun giriş-çıxışları yoxlanılsa, hər şey bəlli olar. Hələ də Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ona çatmamışdır və Tovuz Rayon Məhkəməsinin qətnaməsi də icra zamanı ona məlum olmuşdur. Bütün bunlar iş materiallarında öz təsdiqini tapır. Cavabdeh işlətdiyi nömrələrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ona heç bir bildiriş gəlməmişdir, iş icraya yönəldikdən, oradan bildiriş gəldikdən sonra qətnamədən məlumatlı olmuşdur.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, # ### 2026cı il tarixli qərardadı ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Günay Cavadova və Tural Məmmədov) cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi, apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair cavabdehin nümayəndəsi və vəkil Vəkil verdiyi ərizənin kassasiya şikayəti ilə birlikdə geri qaytarılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının MPM-in 405.0.1-ci maddəsinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilir. Bu normadan göründüyü kimi, kassasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır.

10. Mülki Prosessual qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ##.##.2025-ci il tarixdə (saat 15:20) cavabdehin nümayəndəsi olan vəkil Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin nümayəndəsi və vəkil Vəkil isə ##.##.2026-cı ildə elektron sistem vasitəsilə kassasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edərək, üzürlü səbəbdən müddəti ötürdüyünü bildirərək ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

11. Göründüyü kimi, cavabdehin nümayəndəsi (vəkil) Vəkil həmin qətnamədən məlumatlı olmuş, lakin qətnamənin qəbul edilməsindən 2 aylıq müddət bitəndən sonra kassasiya şikayətini vermişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi olan vəkil Vəkil tərəfindən ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (“xxxx” ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2006-cı il tarixli qərar).

12. Qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra kassasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib səhlənkarlığı nəticəsində məhkəmə aktından vaxtında şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 33.1, 128.3, 129, 133.1, 133.2, 133.3, 133.4, 133.5, 134.1.5, 135.2, 135.5, 135.6, 135.7, 227.4, 402.2.2, 405.0.1, 408.1.4, 408.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

14. Qərardaddan cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilərək, apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayətinə kassasiya qaydasında baxılmasına dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edərkən əsas kimi qətnamənin cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsini və kassasiya şikayətinin qanunla müəyyən edilmiş iki aylıq müddət keçdikdən sonra təqdim edilməsini göstərmişdir. Lakin həmin nəticə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Belə ki, MPM-in 405.0.1-ci maddəsinə əsasən kassasiya şikayətinin verilməsi müddəti qətnamənin işdə iştirak edən şəxsə rəsmi qaydada təqdim edildiyi gündən hesablanır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə qanunla müəyyən edilmiş qaydada təqdim edilməmiş, yalnız onun nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. MPM-in 61-ci maddəsinə əsasən nümayəndə və vəkil iş üzrə tərəf deyil, prosesdə iştirak edən digər şəxslər hesab olunur. Buna görə də qətnamənin nümayəndənin elektron kabinetinə yerləşdirilməsi onun cavabdehə rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilə və prosessual müddətin başlanğıcı hesab edilə bilməz. İş materiallarından da görünür ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız icra mərhələsində məlumat əldə etmişdir. Həmçinin cavabdehin istifadə etdiyi əlaqə vasitələrinə məhkəmə tərəfindən hər hansı bildiriş göndərilməmiş, qətnamə də ona rəsmi qaydada təqdim edilməmişdir. Tətbiq edilən hüquq: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

16. Maddə 3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

18. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

19. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar

20. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

22. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

26. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

27. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

28. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

29. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

30. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

31. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

34. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

35. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

37. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

44. Qeyd olunmalıdır ki, cavabdeh Cavabdeh (Vəkili Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehə qanunla müəyyən edilmiş qaydada təqdim edilməməsi, yalnız onun nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsi, MPM-in 61-ci maddəsinə əsasən nümayəndə və vəkilin iş üzrə tərəf olmaması, prosesdə iştirak edən digər şəxslər hesab olunması, buna görə də qətnamənin nümayəndənin elektron kabinetinə yerləşdirilməsinin onun cavabdehə rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilə və prosessual müddətin başlanğıcı hesab edilə bilməməsi, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız icra mərhələsində məlumat əldə etməsi ilə əsaslandırmışdır.

45. “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə ## ###### 2025-ci il tarixdə saat 15:20-də yerləşdirilmişdir.

46. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdeh tərəfə rəsmi qaydada verilmiş, yəni cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yüklənmişdir.

47. Göründüyü kimi cavabdeh Cavabdeh apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi onun nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yükləndiyi, yəni bu halda cavabdehə rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, kassasiya şikayəti verilməsi üçün son müddət ##.##.2026-cı il tarix olduğu halda, kassasiya şikayəti yalnız ## #### 2026-cı il tarixdə 1 ay 18 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.

48. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin qətnamənin cavabdeh Cavabdeh rəsmi qaydada çatdırılmaması barədə dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh Cavabdeh müqavilə bağladığı vəkil Vəkil onun həm də nümayəndəsi olduğundan, cavabdeh Cavabdeh aldığı vəkalətə uyğun olaraq tapşırıq müqaviləsinin şərtlərinə uyğun olaraq qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək vəzifəsi də daxil olmaqla, etibarnamədə göstərilən müddət ərzində cavabdeh Cavabdeh qarşısında digər vəzifələrini icra etməyə də borclu olmuşdur. Etibarnamə isə vəkil Vəkil ##.##.2024-cü il tarixdə iki il müddətinə ##.##.2026-cı il tarixə kimi verilmişdir. (cild 1. i.v. 149)

49. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

50. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

51. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

54. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”.

55. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

57. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdehin nümayəndəsi və vəkili Vəkil isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizədə, cavabdehin qətnaməni rəsmi qaydada almasına baxmayaraq, müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.

58. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh Cavabdeh ərizəsində qeyd olunan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz. Bu faktlar isə keçən müddət ərzində cavabdeh Cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili Vəkil hərəkətsizlik göstərməsi, müddəti üzürsüz səbəbdən ötürməsini təsdiq etməklə, onu şikayəti verməsi üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir. Odur ki, kassasiya şikayətinin dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsassızdır.

59. Kassasiya şikayətinin ##.##.2025-ci il tarixli qətnaməni cavabdehə qanunla müəyyən edilmiş qaydada təqdim edilməməsi, yalnız onun nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsi, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız icra mərhələsində məlumat əldə etməsi barədə dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilin kassasiya şikayətinə əlavə edilməsi şikayət müəllifinin hüquqi savadsızlığına dəlalət etməklə, hər hansı əhəmiyyət kəsb etmədiyindən əsassızdır.

60. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar