Məhkəmə qərarları › İş №2(1-8)-208/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-208/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-208/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı verdiyi kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. # ###### 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı İddiaçı məxsus 2023-cü il buraxılışlı “Mercedes-Benz G63 AMG” markalı avtomobil zədələnmişdir.

2. Bakı şəhəri Nərimanov RPI DYPI-nin # ###### 2023-cü il tarixli qərarı ilə cavabdeh Cavabdeh hadisənin törədilməsində təqsirli bilinmiş və Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir.

3. “Meyar Ekspertiza” MM-nin ## ######## 2025-ci il tarixli **** №-li hesabatına əsasən toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Mercedes-Benz G63 AMG” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 14882 manat məbləğdə müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci təxminən 14210,64 manat, yol-nəqliyyat hadisəsindən əvvəlki orta bazar qiyməti isə təxminən 490 000 manat təşkil edir və zədələnmə nəticəsində əmtəə dəyərinin təxminən 5 faiz (24 500 manat) azalması istisna edilmir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 11896,68 manat məbləğində pulun, avtomobilin bazar dəyərini itirdiyinə görə 47300 manat məbləğdə fərqin əvəzinin, ümumilikdə 59196,68 manat məbləğdə pulun və iddia qaldırılması üçün ödənilmiş 267,59 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi xahiş edilmişdir

6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, # ###### 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı İddiaçı məxsus “Mercedes-Benz G63” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Cavabdeh təqsiri ucbatından zədələnmişdir; bu hal müvafiq polis arayışı və inzibati qərarla təsdiq edilmişdir. Rəsmi diler tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilin təmir xərci 16896,68 AZN təşkil etmiş, icbari sığorta üzrə “xxxx” ASC tərəfindən yalnız 5000 AZN ödənildiyindən iddiaçının üzərində 11896.68 AZN əlavə xərc qalmışdır. Bundan başqa, qəza nəticəsində avtomobilin bazar dəyərinin təxminən 10% azalması səbəbindən iddiaçı 47300 AZN məbləğində dəyər itkisi yaranmışdır.

7. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh barəsində Bakı şəhəri Nərimanov Rayon Dövlət X1 tərəfindən qəbul edilmiş # ###### 2023-cü il tarixli inzibati tənbeh haqqında qərardan məhkəməyə şikayət verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə həmin şikayət təmin edilərək inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta üzrə icraata xitam verilmişdir. Qərardan apellyasiya şikayəti verilmədiyindən o, qanuni qüvvəyə minmişdir. Nümayəndə qeyd etmişdir ki, bu səbəbdən cavabdehin yol-nəqliyyat hadisəsində təqsiri müəyyən edilmədiyindən onun iddiaçıya dəymiş zərərə görə mülki-hüquqi məsuliyyət daşıması üçün əsas yoxdur və buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilir.

8. Cəbrayıl Rayon Məhkəməsinin 2024-cü il # ### tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Nüsrətov Tərlan).

9. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya məxsus “Mercedes-Benz G63 AMG” markalı avtomobilin zədələnməsi ilə bağlı ilkin qiymətləndirmə aktında 16896.68 AZN məbləğində zərər göstərilmiş, lakin sonradan inzibati qaydada cavabdehin təqsirli bilinməsi barədə yol polisi qərarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilmiş və həmin qərar ## ###### 2023-cü ildə qanuni qüvvəyə minmişdir. Həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən avtomobilin təmir-bərpa xərci təxminən 14210,64 AZN, avtomobilin hadisədən əvvəlki orta bazar dəyəri isə təxminən 490000 AZN müəyyən edilmiş, zədələnmə nəticəsində əmtəə dəyərinin maksimum 5% (təxminən 24500 AZN) azalmasının mümkünlüyü qeyd edilmişdir; iddia qaldırılması üçün iddiaçı tərəfindən 267,59 AZN dövlət rüsumu ödənilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbi ilə çıxış etmək üçün hüquqi əsaslarını və mübahisəli halları mötəbər sübutlarla təsdiq edə bilməmiş, sübutetmə yükünü yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh tərəf etirazlarını kifayət qədər əsaslı və mötəbər sübutlarla təsdiq etmişdir. Bu səbəbdən iddia tələbi rədd edilmiş, həmçinin ilkin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 50 AZN məbləğində xərcin iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.1, 21.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Iddiaçı İddiaçı apellyasiya ikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilməsi barədə qərar Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə ləğv edildiyinə görə iddianın rədd edilməsi düzgün sayılmışdır. Lakin həmin qərardan apellyasiya şikayəti verildiyi və onun ləğv olunma ehtimalı olduğu qeyd edilmişdir. Eyni zamanda göstərilir ki, Cavabdeh cəriməni ## ###### 2023-cü ildə ödəməklə faktiki olaraq yol-nəqliyyat hadisəsində təqsirini qəbul etmişdir. Cavabdehin nümayəndəsi isə bildirmişdir ki, avtomobil artıq təmir olunub, lakin təmirin vaxtı və xərcləri barədə sübutlar təqdim edilməyib. Ekspert rəyi 2025-ci il qiymətlərinə əsaslanır, qüsur aktı hüquqi əsas sayılmır və göstərilən xərclər şişirdilmişdir. Bundan əlavə, iddiaçı tərəf təmir və ehtiyat hissələri üzrə qəbz təqdim etməmiş, bəzi göstərilən zədələrin qəza ilə bağlı olması da əsaslandırılmamışdır.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, 2025-ci il # ###### tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 11896 (on bir min səkkiz yüz doxsan altı) manat 68 (altmış səkkiz) qəpik, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 267 (iki yüz altmış yeddi) manat 59 (əlli doqquz) qəpik, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş rüsumun əvəzi olaraq 133 (yüz otuz üç) manat 80 (səksən) qəpik, cəmi 12298 (on iki min iki yüz doxsan səkkiz) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Əhmədov Pərviz (sədrlik edən və məruzəçi), Əsədov Ilham və Heydərov Tofiqdən ibarət tərkibdə).

15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh IXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Bakı Şəhəri Nərimanov RPI DYPI-nin TP ******* saylı ## ###### 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından müəyyən edilir ki, şikayət təmin edilmiş, Cavabdeh barəsində IXM-in 327.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Cavabdeh və vəkili vəkil1 şikayət ərizəsi təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli ##.##.2023-cü il tarixli Inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. “Meyar Ekspertiza” MM-nin ## ######## 2025-ci il tarixli **** №-li hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Mercedes- Benz G63 AMG” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 14882 manat məbləğdə müəyyən olunmuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, “Meyar Ekspertiza” MM-nin ## ######## 2025-ci il tarixli **** №-li hesabatına əsasən “Mercedes-Benz G63 AMG” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 14882 manat məbləğdə müəyyən olunsa da, iddia tələbində vurulmuş zərərin əvəzi olaraq 11896 manat 68 qəpik məbləğində pul vəsaiti tələb olunduğundan iddianın tələb həddində qət edilməsi mümkün olmuşdur.

19. Məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi avtomobilin bazar dəyərini itirdiyinə görə 47300 manat məbləğində fərqin ödənilməsi tələbi əsassızdır. Belə ki, iş materiallarından avtomobilin qəzadan əvvəlki və sonrakı real bazar dəyərləri müəyyən edilməmiş, bu barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-nin 21.1, 21.2, 1096.1, 1096.2ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxsə vurulmuş zərər tam həcmdə ödənilməlidir və zərərə həm real zərər, həm də əmlakın dəyərinin azalması daxildir. Ekspert rəyi ilə avtomobilin zədələnməsi nəticəsində bazar dəyərinin 5% azalması müəyyən edilsə də, bu azalma üzrə 24.500 manat məbləğində zərərin ödənilməməsi göstərilən maddələrin tələblərinin pozulması kimi əsaslandırılmışdır.

23. Kassasiya şikayətində göstərilir ki, cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya məxsus “Mercedes-Benz G63 AMG” markalı avtomobilə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci 14.210,64 manat, qəzadan əvvəlki bazar dəyəri 490.000 manat müəyyən edilmiş və zədələnmə nəticəsində avtomobilin bazar dəyərinin 5% (24.500 manat) azalmasının mümkünlüyü göstərilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianı tam təmin etməmiş və ekspert rəyini düzgün qiymətləndirməmişdir. Şikayətdə bildirilir ki, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə görə vurulmuş zərər tam həcmdə ödənilməli olduğu halda, məhkəmə zərəri qismən təmin etməklə bu prinsipi pozmuş, həmçinin iddiaçıdan əlavə sübut tələb etməklə sübutetmə yükünü əsassız şəkildə artırmışdır.

24. Kassasiya şikayətində həmçinin göstərilir ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və qərarını həmin sübutlara əsaslandırmalıdır. Iş üzrə təqdim edilmiş ekspert rəyi, qüsur aktı və təmir smetası bir-birini tamamlayan mötəbər sübutlar olduğu halda, apellyasiya məhkəməsi onları düzgün və birgə şəkildə qiymətləndirməmiş, formal yanaşma tətbiq edərək ekspert rəyini nəzərə almamış və bununla da sübutların hərtərəfli və birgə qiymətləndirilməsi prinsipini pozmuşdur.

25. Kassasiya şikayətində qeyd olunur ki, MPM-in 76.1, 76.2 və 77.1-ci maddələrinə əsasən tərəflər iddia və etirazlarını sübut etməlidirlər və iddiaçı öz tələbini kifayət qədər sübutlarla əsaslandırmışdır. Iş üzrə təqdim olunmuş ekspert rəyi avtomobilin təmir xərclərini, qəzadan əvvəlki bazar dəyərini və zədələnmə nəticəsində dəyərin 5%-ə qədər azalmasını müəyyən etmiş mötəbər sübutdur. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddiaçının avtomobilin qəzadan əvvəlki və sonrakı bazar dəyərini müəyyən etmədiyini göstərərək əlavə sübut tələb etmiş, bununla da sübutetmə yükünü əsassız şəkildə artırmış və iş materiallarına zidd nəticəyə gəlmişdir.

26. Kassasiya şikayətində göstərilir ki, MPM-in 372.1, 384 və 385.1.1-ci maddələrinə görə məhkəmə qətnaməsi qanuni, əsaslı və sübutlara uyğun olmalıdır. Lakin apellyasiya məhkəməsi ekspert rəyinə formal yanaşmış, sübutları hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Halbuki apellyasiya instansiyası maddi hüquq pozuntularını aradan qaldırmalı və sübutları yenidən qiymətləndirməli olduğu halda bu vəzifəni yerinə yetirməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Qətnamə iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən qətnamə mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə yeni baxışa göndərilməlidir.

39. Iddiaçının yol nəqliyyat hadisəsindən sonra avtomobilin bazar dəyərini itirdiyinə görə 47300 manat məbləğində fərqin ödənilməsi tələbini əsassız hesab edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən avtomobilin qəzadan əvvəlki və sonrakı real bazar dəyərləri müəyyən edilməmiş və bu barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

40. Məhkəmənin qeyd edilən mövqeyindən aydın olur ki, nəqliyyat vasitəsinin qəzadan sonra dəyər itirməsi məhkəmə tərəfindən mülkiyyətçiyə real ziyan dəyməsinə əsas olan hal kimi qəbul edilsə də, bu tələbin əsaslı olduğuna dair mötəbər sübutların olmaması əsası ilə iddia rədd edilmişdir.

41. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın rədd edildiyi hissədə sübutların qiymətləndirilməsi ilə bağlı prosessual normaların tələblərinə riayət etməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus 2023-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış “Mersedes-Benz G63 AMG” markalı avtomobilin yolnəqliyyat hadisəsindən əvvəlki orta bazar qiyməti təxminən 490000 manat təşkil edir və zədələnmə nəticəsində əmtəə dəyərinin təxminən 5 faiz (24 500 manat) azalması istisna edilmir.

42. MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübutlardan biridir və 103.1-ci maddəsinə əsasən bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilməlidir. MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün gətirdiyi əsaslar göstərilməlidir.

43. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, birinci instansiya qaydasında işə baxılarkən hadisədən sonra iddiaçıya məxsus nəqliyyat vasitəsinin dəyərinin azalma faizi ekspert rəyi ilə müəyyən edildiyi halda apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə qeyd edilən rəyə sübut kimi qiymət verilməmiş, həmin rəyin məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsinin səbəbi əsaslandırılmamış, nəticədə rədd edilmiş iddia tələbi ilə bağlı işdə hər hansı sübut olmadığına dair əsaslandırma düzgün olmamışdır.

44. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- iddianın rədd edildiyi hissədə ləğv edilərək həmin hissədə yeni baxışa qaytarılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən- iddianın rədd edildiyi hissədə ləğv edilsin. Iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar