Məhkəmə qərarları › İş №2(1-8)-231/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-231/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-231/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. cavabdeh3 AA******* saylı şəxsiyyət vəsiqəsinin arxasına ##.##.2024-cü il tarixində yazdığı notarial qaydada təsdiq olunmuş əlyazma qəbzinin surətindən görünür ki, o, İddiaçı ##.##.2024-cü ildə 64 000 manat pulu bir şərtlə götürmüşdür ki, 36 ay müddətinə hər ay 1 800 manat ödəyəcəkdir. Ödəyəcəyi vəsait onun həyat yoldaşı cavabdeh1 müavinəti ilə maaş kartı və cavabdeh4 aliment kartı vasitəsilə 300 manat verməklə ödəniləcəkdir. O, bu məsuliyyəti bilə-bilə üzərinə götürdüyünü, özü öz əli ilə yazdığını qeyd etmişdir. Həmin qəbzi cavabdeh3, cavabdeh2, cavabdeh4 və X1 imzaları ilə təsdiq etmişlər.

2. cavabdeh4 və cavabdeh2 şəxsiyyət vəsiqələrinin arxasına ##.##.2024-cü il tarixində yazdıqları notarial qaydada təsdiq olunmuş əlyazma qəbzlərin surətindən görünür ki, Sevinc borcunu ödəməsə, adı çəkilən şəxslər həmin borcun ödənilməsini öhdəliklərinə götürmüşlər.

3. Tərtər Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, aparılmış araşdırma zamanı tərəflərin izahatları alınmış, və müəyyən edilmişdir ki, 2024-cü ilin avqust ayında Tərtər rayon Qaradağlı kəndində yaşayan cavabdeh3 Gəncə şəhər sakini X1 4 000 manat borc pul götürmüş, lakin geri qaytarmamışdır. Bundan sonra cavabdeh3 tanışı İddiaçı borclarını bağlamaq məqsədilə ümumilikdə 64 000 manat borc pul götürüb, həmin pul məbləğinin 4 000 manat hissəsini geri qaytarsa da, digər 60 000 manat hissəsini qaytarmaqdan imtina etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 ona olan 60 000 manat məbləğində borcun və vəkilə hüquqi xidmətlər üçün ödənilmiş 350 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdehlər 64 000 manat pulu ondan aldıqdan sonra aralarında olan razılıq əsasında 4 ədəd kartı təqdim etmiş və həmin kartdan cəmi 4 000 manat borc pulu hissə-hissə geri almışdır. Bundan sonra cavabdehlər kartı hərtərəfli bağlamış və kartlardan pul çəkmək qeyri-mümkün olmuşdur. Borcdan ödənməmiş 60 000 manat pul qalmışdır. Dəfələrlə o, cavabdehlərdən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini, borc pulunu geri tələb etsə də, cavabdehlər borclarını qaytarmaqdan imtina etmişlər.

6. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahatında göstərmişdir ki, həyat yoldaşı Sevinc, onun bacısı Sevda və anası Səadət Azayın evinə getmişlər. Oradan onunla görüntülü danışmışlar və çəkilişdə iştirak etmişdir. O, Qubaddan onlara pul verməsini xahiş etmişdir. Pulu Azayın evindən almışdır. Qubadın pulunu qaytarmamışlar. Qubaddan 29 000 manat pul götürmüşlər və puldan 4 ay qaytarmış, lakin sonradan qaytarmamışlar.

7. Tərtər Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Rzayev).

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi yazılı qəbzlər cavabdehlər tərəfindən heç bir zor tətbiq edilmədən və yaxud etibardan sui–istifadə edilməklə yazılmamışdır. Cavabdehlər həmin qəbzi sərbəst şəkildə öz xətti ilə əlverişli şəraitdə yazmaqla sərbəst iradələrini ifadə etmişlər. Ona görə də həmin yazılı qəbzlər mötəbər sübut kimi qəbul edilməli və işə baxılan zaman nəzərə alınmalıdır.

9. Məhkəmə hesab etmişdir ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəf cavabdehlərə aralarında olan razılaşmaya əsasən 64 000 manat pul vermiş, cavabdeh tərəf həmin pulun yalnız 4 000 manat hissəsini qaytarmış, lakin 60 000 manat hissəsini qaytarmamışdır. Beləliklə, cavabdehlər iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişlər.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 78.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qeyd edilən sələm müqaviləsinə onun adı saxtakarlıqla yazılıb çünki müqavilə imzalandıqda o, Azərbaycanda olmamışdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi Türkiyədə olmuşdur. Onunla video zənglə danışıblar və əgər sənəddə adı varsa, onun yerinə özləri imza atıb. Məhkəmə işə baxarkən bunu nəzərə almamış və imzanın onun olub-olmamasına dair xətşünaslıq ekspertizası təyin etməmiş, qətnamə çıxararkən nə onu, nə də digər cavabdehləri borcla bağlı yetərincə dinləməmişdir. Qeyd edilən sələmi həyat yoldaşı cavabdeh3 İddiaçı Elmidar oğlundan yox, onun vasitəçiliyi ilə məşhur sələmçi X1 götürmüşdür. Hakim işə baxarkən qərəzli qərar çıxarmışdır və işi dəqiq araşdırmamışdır. Götürülməsində onun iştirak etmədiyi sələm borcu ilə bağlı onu cavabdeh qismində qəbul etmişdir və sələmin məbləği ilə bağlı Ismayılov Qubadın səs etirafı olmasına baxmayaraq işə qərəzli yanaşmış borc məbləğinin miqdarı ilə bağlı araşdırma aparmamış, onların məhkəmədə təqdim etdikləri Ismayılov Qubadın səs yazısını araşdırmamışdır.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi cavabdeh cavabdeh1 aid hissədə təmin edilməmişdir (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, M.Mustafayev və A.Bayramov).

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında iddia üzrə qeyd olunan borca dair münasibətin olmasını təsdiqləyən hər hansı dəlil mövcud deyildir. Yəni cavabdeh1la iddiaçı arasında hər hansı məbləğdə pul alınıb verilməsinə dair halın mövcudluğu aşkar olunmamışdır.

15. Iddiaçı isə digər cavabdehlərlə bərabər cavabdeh1 da borclu olduğunu iddia etsə də, təqdim etdiyi iş materiallarından nə həmin borca dair cavabdeh1 öz üzərinə hər hansı öhdəlik götürməsi, nə də qeyd olunan pul məbləğinin hamısının və ya hər hansı bir hissəsinin ona verilməsi halı öz təsdiqini tapmamışdır.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 390.1, 442, 448.1, 739.1, 739.2, 740.2-ci və MPM-in 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı və Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci (İ hissə) maddələri üzrə - apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə lazımi qaydada müfəssəl hüquqi qiymət verilmədən maddi hüquq normalarının tələblərinə uyğun olmayan qətnamə çıxarılmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş diskdən və Tərtər Rayon Məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 göstərmişdir ki, həyat yoldaşı Sevinc, onun bacısı Sevda və anası Səadət yaşadıqları Tərtərdən Gəncə şəhərində yaşayan Azayın evinə getmişlər. Oradan onunla görüntülü danışmışlar. Görüntülü çəkilişdə iştirak etmişdir. Xahiş etmişdir ki, borc pul ver, vəziyyətləri ağırdır.

19. Işin həqiqi halları ondan ibarətdir ki, cavabdeh cavabdeh1 görüntülü danışarkən arvadı cavabdeh3 borc pul verməsini xahiş etmiş və borcu qaytaranda birlikdə ödəyəcəklərini öhdəsinə götürməklə söz vermişdir. Həmçinin apellyasiya şikayətində də cavabdeh1 işlə bağlı Türkiyədə olmasını bildirmişdir. X2 evində aparmış və Samirin yoldaşına pul verilərkən onunla video zəng vasitəsilə əlaqə saxlamışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh cavabdeh1 arasında iddia üzrə qeyd olunan borca dair münasibətin olmasını görüntülü çəkilişdə aparılmış danışıqlar təsdiqləyir. Məhkəmə isə bu sübutları hərtərfəli və obyektiv araşdırmamışdır.

20. MPM-in 8, 14.2, 77 və 88-ci maddələri üzrə - cavabdeh cavabdeh1 görüntülü danışarkən borc pul verməsinə dair etirafı apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh cavabdeh1 kassasiya şikayətinə qarşı etirazını apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmaqla kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

30. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

35. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

42. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar