Məhkəmə qərarları › İş №2(1-8)-248/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-248/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-248/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında ##.##.2024-cü il tarixdə yazılı bağlanılmış və notarial təsdiq edilmiş borc müqaviləsinə əsasən, “Borc verən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borc alana” 12000 manat pul borc verir. “Borc alan” borcu ##.##.2024-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Hazırda İddiaçı Cavabdeh 12.000 manat məbləğində pulun tutulmasını xahiş edir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, cavabdeh Bakı şəhəri * saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ## #### 2024-cü il tarixli 8I2417 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2024-cü il tarixli, reyestrdə 3M-26 nömrə ilə qeyd edilən kredit müqaviləsinə əsasən, cavabdeh Cavabdeh 12000 manat məbləğində pulun və 126 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Bakı şəhəri * saylı notariat kontorunda ##.##.2024-cü il tarixli, reyestrdə 3M-26 nömrə ilə qeyd edilən borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən “Borc verən” “Borc alana” 12000 manat məbləğində pul notariusun depozit hesabı vasitəsilə borc verir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən “Borc alan” krediti ##.##.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən “Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər”. Həmin müqavilənin 8-ci maddəsinə əsasən, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilə öhdəliklərini qərəzli yerinə yetirməmiş, ##.##.2024-cü il tarixədək 12000 manat pulun iddiaçıya ödənilməsindən yayınmışdır. Iddiaçı İddiaçı tərəfindən, həmçinin anası vasitəsilə cavabdeh Cavabdeh dəfələrlə borcun geri qaytarılması tələb edilməsinə baxmayaraq cavabdeh onun tərəfindən pulun ödənilməsi ilə bağlı hər-hansı hərəkət edilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. Cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddiaçıya 12000 manat borcu olmadığını, iddiaçının onu aldatdığını, başqa şəxsləri də belə qaydada aldatdığını və bununla bağlı şahidlərini olduğunu, iddiaçının kartına pul göndərdiyini, hətta bir dəfə 2700 manat ödəniş etdiyini və qəbzləri olduğunu bildirmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli 2(002)- ***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 12.000 manat pul vəsaitinin və tələbin təmin edilmiş hissəsinə uyğun 126 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim G.Aslanova).

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında ##.##.2024-cü ildə yazılı və notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1ci bəndinə görə, borc verən borc alana 12.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir. 2-ci bəndinə görə, “Borc alan” borcu ##.##.2024-cü il tarixədək “Borc verənə” notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddiaçının üzərində düşən sübutetmə yükünü icra etməsini, cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməsi barədə etiraz və etirazının əsaslarına dair sübut təqdim etməməsini, eyni zamanda, tərəflərin ümumi borc məbləğindən ödəniş etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, 12.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424, 448, 465, 739, 743-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 76.1, 77.1 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddiaçıya 12.000 manat borcu olmadığını, iddiaçının onu aldatdığını, başqa şəxsləri də belə qaydada aldatdığını və bununla bağlı şahidlərini olduğunu, iddiaçının kartına pul göndərdiyini, hətta bir dəfə 2.700 manat ödəniş etdiyini və qəbzləri olduğunu bildirmişdir. Lakin məhkəmə tərəfindən heç bir əsas gətirilmədən ərizə təmin edilməmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə sadəcə cavabdehin məhkəməyə ərizə təqdim etdiyini qeyd etmiş, ərizəni hansı dəlilərə, sübutlara istinad edərək rədd etdiyini əsaslandıra bilməmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi-vəkili məhkəməyə ərizə ünvanlayaraq, mülki iş materialları ilə tanış olmaq istədiyini və işin təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən yenə ərizə heç bir əsas göstərilmədən rədd edilmiş, vəkilə iş materialları ilə tanış olmağa hər-hansı imkan yaradılmamışdır. Iş üzrə cavabdehdən iddiaçının xeyrinə əsassız şəkildə tutulmuş və əhəmiyyətli məbləğ təşkil edən vəsait şübhəsiz ki, cavabdehin maddi rifahına, gündəlik yaşayış şəraitinə və ləyaqətli həyat səviyyəsinə ciddi təsir göstərəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinə və Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ toxunulmazdır və bu hüquq yalnız qanunla nəzərdə tutulan əsaslar və zərurət hallarında məhdudlaşdırıla bilər. Lakin hazırkı işdə məhkəmə tərəfindən belə bir məhdudiyyət üçün nə hüquqi, nə də faktiki əsaslar göstərilmədən cavabdehin mülkiyyət hüququna müdaxilə edilmişdir. Bu hal, mülkiyyət hüququnun qanunla qorunan toxunulmazlığı prinsipinə və hüquqi müəyyənlik tələbinə zidd olmaqla, həm milli, həm də beynəlxalq hüququn fundamental normalarının pozulması kimi qiymətləndirilməlidir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir (hakimlər: X.Mərdanova (məruzəçi), V.Sadıqov və S.Bəhramzadə).

12. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında ##.##.2024-cü il tarixdə yazılı bağlanılmış və notarial təsdiq edilmiş borc müqaviləsinə əsasən, “Borc verən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borc alana” 12.000 manat pul borc vermiş, “Borc alan” borcu ##.##.2024-ci il tarixədək “Borc verənə” notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüş və həmin öhdəliyi icra etməmişdir.

13. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, cavabdeh iddiaçıya 12.000 manat borcu olmadığını, iddiaçının onu aldatdığını, başqa şəxsləri də belə qaydada aldatdığını və bununla bağlı şahidlərin olduğunu, iddiaçının kartına pul göndərdiyini, hətta bir dəfə 2.700 manat ödəniş etdiyini və qəbzləri olduğunu bildirsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423, 448, 465, 739, 743-cü, Mülki Prosessual Məcəlləsinin 14, 77, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil vəkil2 Rəfail oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 218.1-ci maddələrinə istinad edilməklə, apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin iddiaçıya iddia edilən pul məbləğini qaytarmasına dair sübutlar vardır. Lakin bu sübutları iki məhkəmə icraatında təqdim etmək cavabdehdən asılı olmayan səbəblərdən mümkün olmamışdır.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

22. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar