Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-272/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № *(1-8)-272/2026 (Açar sözlər: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. X2 (bundan sonra – “iddiaçı”) 17.000 manat məbləğində pulu Cavabdeh (bundan sonra – “cavabdeh”) verdiyini bildirir, sonuncu isə bunu inkar edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 17.000 manat əsas pulun, etibarnaməyə görə ödənilmiş 18 manat rüsumun, 141 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödədiyi 500 manat pulun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təxminən 1 il öncə ondan iş qurması üçün 17 000 manat borc pul istəmiş, sonradan işi alınmadığı üçün pulunu geri tələb etdikdə ödəməkdən yayınmışdır. Bununla bağlı, dəfələrlə ona müraciət edilmiş, borcunu qəbul etsə də, aylıq 200 manat olmaqla qaytaracağını bildirmişdir. Lakin belə gec olacağı üçün iddiaçı razılaşmamışdır.
4. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh bildirmişdir ki, iddiaçı onun həmkəndlisidir. Təxminən 2018-ci ildə ondan 3 000 manat borc pul almış, həmin pulu tam həcmdə geri qaytarmışdır. Sonradan yenidən 6 000 manat faizə pul almış, borcunu hissə-hissə qaytarmış, hətta kredit götürərək faiz məbləğini də ödəmişdir. Lakin buna baxmayaraq, iddiaçı ona məxsus maaş kartını 2 ay artıq özündə saxlamışdır. Bununla bağlı polis şöbəsinə müraciət etmiş, araşdırma aparılmış, hər ikisi izahat vermişlər. Polis əməkdaşları tərəfindən kartı alınaraq ona verilmiş, aralarında olan mübahisə aydınlaşdırılmış və heç bir alacaq-verəcək münasibətlərinin olmaması müəyyən edilmişdir. Lakin hazırda izahatların surətini ona vermirlər. Belə ki, o, iddiaçının tələb etdiyi 17 000 manatı qəbul etməmişdir. Onun belə bir borcu yoxdur. Iş materiallarına əlavə edilmiş videogörüntülərə münasibətdə isə qeyd etmişdir ki, çəkiliş onun xəbəri olmadan aparılmışdır. Arxa otaqda qonağı olduğu üçün məsələni çox uzatmamağa çalışmış və iddiaçının dedikləri ilə razılaşmışdır.
5. Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Ismayılov).
6. Məhkəmə qeyd etmişdir ki, CD disk vasitəsilə təqdim edilmiş videogörüntü əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bu məsələ müzakirə olunmuş, iddiaçının “Sənan, sən gəldin evimə, pul istədin”, “sənə pislik etmədim ki? Əlindən tutdum, borc verdim”, “gəlib “mənə dəstək ol, gəl apteki şərikli işlədək, xeyrin yarısı sənin, yarısı mənim” dedin, mən də sənə borc verdim, 1 ildir mənə heç nə verməmisən”, “faizə pul vermədim ki?”, “mənə artıq pul lazım deyil, öz pulumu qaytar”, “17 000 manat pulu hissə-hissə nə vaxta kimi ödəyəcəksən”, “biz qohumuq, həmkəndliyik, məhkəməyə müraciət edim indi?” kimi sual və fikirlərə qarşılıq olaraq cavabdeh “bəli, mən istədim”, “yox, sən faizə vermədin”, “düz deyirsən, çox səhvlərim oldu, səni aldatdım“, “kreditimə az qalıb, qurtarım, qaytaracam”, “yaxınlarda 200 manat verəcəm, sonra kredit götürüb, ödəyərəm” kimi cavablarla qarşılıq vermiş, bununla da 17 000 manat borcunun olmasını mübahisələndirməmiş, inkar etməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə şərik olmaqla xeyir qazanacağını ehtimal edərək 17 000 manat məbləğində pulu cavabdehə ödəmiş, lakin cavabdeh pulu mənimsəməsinə baxmayaraq iddiaçıya heç bir xeyir ödəməmiş, nəticədə cavabdeh iddiaçının hesabına işlə bağlı maddi ehtiyaclarını qarşılamaq məqsədilə heç bir qanuni və ya müqavilə əsası olmadan 17 000 manat əldə edərək varlanmışdır.
8. Məhkəmə cavabdeh tərəfin CD diskdə qeydə alınmış görüntülərinə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən CD diskdə qeydə alınmış görüntü qanunvericiliyin tələbinə uyğun olaraq əldə edilmiş və hazırkı mübahisənin qiymətləndirilməsində mötəbər sübut kimi qəbul edilir.
9. Bundan başqa cavabdeh məhkəmə iclasında izahat verərkən Füzuli Rayon Polis Şöbəsinə iddiaçı barədə şikayət etməsini, məsələnin araşdırılaraq onun borcunun olmamasının aydınlaşdırılmasını bildirsə də, cavabdehin izahatı əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsinə sorğu göndərilmiş və həmin orqanın ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu əsasında müəyyən olunmuşdur ki, iddiaçı barədə Şöbəyə hər hansı müraciət daxil olmamış və araşdırma aparılmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 739.1, 739.2 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında pulun alınması ilə bağlı olaraq hər hansı bir razılaşma olmamış və bu gün də yoxdur. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsi və hər hansı bir öhdəlik yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmişdir. Belə ki, 17 000 manat pulun verilməsinə dair mülki işin materiallarına hər hansı bir sübut əlavə olunmamışdır. Bu hala məhkəmə heç bir əhəmiyyət verməmişdir. Iş materiallarına əlavə edilmiş diskdəki səs yazısı isə 3-cü bir şəxsin təhriki ilə əldə olunmuşdur. Belə ki, iddiaçının vəkilinin məhkəmə vaxtı dediyinə görə həmin səs yazısını o təşkil etmişdir. Bu isə qanunvericiliyin tələbinə görə yolverilməzdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Heydərov – sədrlik edən və məruzəçi, M.Əsədli və A.Novruzova).
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən hesab etmişdir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni cavabdehin iddiaçıdan 17000 manat pul alması, həmin pulu qaytarmaması tam təsdiq olunur.
15. Həmçinin Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinə əsasən formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan kollegiya qeyd etmişdir ki, iddiaçı şərikli iş görmək məqsədilə cavabdehə 17 000 manat pul vermiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, nəticədə o, qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıya məxsus əmlak hesabına, yəni qaytarılması gözlənilən və müəyyən məqsədə verilən pul vəsaitini qaytarmayaraq əsassız varlanmışdır və buna istinad edən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını, yeni cavabdeh tərəfindən qaytarılmayan 17 000 manat pul vəsaitini geri tələb etməkdə haqlı olmuşdur.
16. Məhkəmə kollegiyası cavabdehin məhkəməyə təqdim etdiyi vəsatətə münasibətdə vurğulamışdır ki, cavabdeh verdiyi vəsatətdə iddiaçı tərəfindən 3 ilə yaxın müddət ərzində onun əmək haqqı kartından pul çəkilməsinin sübut olunması üçün banka sorğu verilməsini tələb etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qardaşı Kənan Quliyevin şikayəti əsasında polisdə araşdırma aparılmış, həmin araşdırmanın nəticələri müzakirə olunmamışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vəsatətdə göstərilən X1 iş üzrə tərəf deyil, ikincisi, prosessual qanunvericilik yalnız işdə tərəf olan şəxslərin mübahisə üzrə təqdim etdiyi sübutlara əsasən hüquqi dəyərləndirmə aparır. Daha sonra nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən MPM-in 78.4 və 372.2-ci maddələrinin tələblərinə uyğun təqdim edilir. Iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin baxış iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (banka sorğu verilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Nümayəndə Vəkil Yelmar oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Mülki Məcəllənin 739.1 və 740.2-ci maddələri üzrə - tərəflər arasında nəinki borc barədə yazılı müqavilə, borc razılaşmasının bağlandığı vaxt və yer, müqavilənin qüvvədə olma müddəti, tərəflərin öhdəlikləri və digər şərtlər barədə hər hansı razılıq olduğu, eləcə də qətnamədə tələb olunan 17 000 manat pulla bağlı hər hansı bir sübutun olması müəyyən edilməmişdir.
21. Mülki Məcəllənin 560.1-ci maddəsi üzrə - disk tərəflərin qarşı-qarşıya danışıqları zamanı yazılmamışdır. Iddiaçının və ya onun səsi ilə kiminsə danışıb-danışmamasının müəyyən edilməsi iş üzrə məlum deyildir. Digər tərəfdən də iddiaçının özü, ümumiyyətlə, diskdəki çəkilişdə görünmür. Cavabdeh isə sanki kimdənsə qorxurmuş kimi görünür. Bu hala da məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir.
22. MPM-in 81-ci maddəsi və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.1, 2.2 və 2.4-cü bəndlərinin tələbləri üzrə - borc müqaviləsinin olmamasına baxmayaraq 17 000 manat pulun iddaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı hər hansı bir sübutun, o cümlədən də pulun nə vaxt verilməsinin qeyd olunmadığı halda, məhkəmənin əsassız varlanmadan bəhs edən Mülki Məcəllənin normalarını tətbiq etməsi də qətnamənin qanunsuz və əsassız olaraq qəbul edildiyini açıq-aydın göstərir. Qətnamədə borc verilmiş pulla bağlı heç bir araşdırılma aparılmamışdır. Iddiaçının 17 000 manat pulu cavabdehə verdiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
23. MPM-in 14.2 və 77.1-ci maddələri üzrə - iş materiallarına əlavə edilmiş diskdəki səs yazısı isə 3-cü bir şəxsin təhriki ilə əldə olunmuşdur. Belə ki, iddiaçının vəkilinin məhkəmə vaxtı dediyinə görə həmin səs yazısını o təşkil etmişdir. Bu isə qanunvericiliyin tələbinə görə yolverilməzdir. Digər tərəfdən də işin materiallarına əlavə edilmiş diskdəki səs yazısında borcun nə vaxt verilməsi qeyd edilməmişdir. Füzuli Rayon Polis Şöbəsinə sorğu edilərək materialın tələb edilməsi barədə verilən vəsatət təmin edilməmiş və orada qeyd edilən məsələlər araşdırılmamışdır. Belə ki, iddiaçının vəkilinə verilən məktubda araşdırılmanın aparılmadığı, cavabdehin vəkilinə verilən cavabda isə araşdırılmanın aparıldığı bildirilmişdir. Lakin araşdırılma zamanı əldə olunmuş izahatlar verilməmişdir. Məhz buna görə də vəsatət hansısa səbəbdən təmin olunmamışdır. Bu hal şübhəli olaraq qalmaqdadır. Ən başlıcası da odur ki, qətnamələrdə iddiaçının təxminən 1 il öncə iş qurması adı ilə cavabdehə 17 000 manat pul verməsi qeyd olunmuşdur. Bu isə işin halları ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdehin qardaşı 2024-cü ilin aprel-may ayında intihar cəhdi ilə bağlı Füzuli Rayon Polis Şöbəsinə şikayət etmişdir. Həmin şikayət vaxtı 17.000 manat pulla bağlı araşdırmanın aparılıbaparılmaması ziddiyyətli olaraq qalmaqdadır. Digər tərəfdən 2024-cü ilin aprel-may ayından sonra əmək haqqı kartının iddiaçıdan alınaraq cavabdehə verilməsindən sonra isə 17 000 manat pulun verilməsinin özünün də şübhəli olması məsələsi araşdırılmamışdır. 10 səhifəlik məhkəmə qətnaməsinin ilk məhkəmə baxışının keçirildiyi ##.##.2025-ci il tarixdə şəxsi kabinetə yüklənməsinin özü də apellyasiya şikayətinin araşdırılmadığından xəbər verməkdədir. Bir sözlə, qətnamənin məhkəmə baxışından əvvəl hazır olması, şikayətin təmin edilməyəcəyini göstərmişdir. Bu da nəticədə heç bir sübutun məhkəmə üçün qabaqcadan hüquqi qüvvəsinin olmamasının şübhə altına alınmasına gətirib çıxarmışdır.
24. MPM-in 76-cı maddəsi üzrə - 17.000 manat pulun verilməsi faktı barədə işin materiallarına hər hansı bir sübut təqdim olunmamışdır. Ümumiyyətlə, məhkəmələr tərəfindən bu məsələyə toxunulmamışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır...
30. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
40. Kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.
41. Məhkəmə kollegiyası 17 000 manat məbləğində pulun cavabdehə verilməsi ilə bağlı sübutların təqdim edilməməsi, səs yazısında iddiaçının kimliyinin bilinməməsi və cavabdehin kimdənsə qorxurmuş kimi davranması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, ## ###### 2025-ci il tarixində keçirilmiş birinci instansiya məhkəməsinin baxış iclasında cavabdeh izahatında (bax: iş materialları İ cild, 24-25-ci səhifələr, həmçinin bu qərarın §4) bildirmişdir ki, çəkiliş onun xəbəri olmadan aparılmışdır. Arxa otaqda qonağı olduğu üçün məsələni çox uzatmamağa çalışmış və iddiaçının dedikləri ilə razılaşmışdır.
42. Göründüyü kimi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdeh videogörüntüdəki şəxsin iddiaçı olduğunu qəbul etmiş və çəkiliş zamanı ona qarşı hər hansı təzyiq edildiyini bildirməmişdir.
43. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən hazırkı iş üzrə təqdim edilmiş sübutun, yəni cavabdehin iddiaçıdan 17000 manat pulu alması, həmin pulu qaytarmamasının təsdiq olunması ilə bağlı gəldiyi qənaət doğru olmuş, maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin Mülki Məcəllənin 739.1 və 740.2-ci maddələri üzrə dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normaları təşkil edir və aşağı instansiya məhkəmələri də iş üzrə müəyyən etdiyi hallara həmin normaları (1091 və 1092.1-ci maddələr) tətbiq etməklə doğru nəticəyə gəlmişlər. Göründüyü kimi məhkəmələr tərəfindən iddia tələbinin hüquqi əsası kimi borc müqaviləsi ilə bağlı normalar müəyyən edilmədiyindən cavabdehin bu dəlillərə istinad etməsinin hüquqi əhəmiyyəti yoxdur.
45. Məhkəmə kollegiyası şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
46. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.