Məhkəmə qərarları › İş №2(1-8)-295/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-295/2026

02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-295/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları:

1. ## #### 2023-cü il tarixli əmək müqaviləsi ilə Cavabdeh Iddiaçı MMC-də satıcıkassir vəzifəsinə işə qəbul olunmuş, ## #### 2023-cü il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən administrator vəzifəsinə keçirilmiş və həmin tarixdə onunla “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır.

2. Əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işəgötürənin ## ###### 2024-cü il tarixli əmri ilə xitam verilmişdir.

3. Iddiaçı MMC tərəfindən faktiki mövcud olan maddi ehtiyatların ## ###### 2023-cü il tarixinə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” ## ###### 2023-cü il tarixli, **** nömrəli əmr imzalanmışdır.

4. Cavabdeh ünvanlanmış ## ###### 2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən XXX 4 (769) mağazasında ## ###### 2023-cü il tarixdə Inventarizasiya yoxlaması aparılması və həmin yoxlamada iştirak etməsi bildirilmişdir.

5. ## ###### 2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsinin aparılması zamanı ümumi olaraq 6786,3 manat zərər vurulması müəyyən edilmişdir. Həmin aktda Cavabdeh nun qarşısında “üzləşmənin nəticələri ilə tanış oldum” hissəsində onun imzası yoxdur.

6. Cavabdeh ünvanlanmış ## ###### 2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən Iddiaçı MMC-də çalışdığı XXX 4 (769) mağazasında ## ###### 2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil-təslim) nəticəsi ilə tanış olub, maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması mütləqdir. Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur.

7. ## ###### 2024-cü il tarixli imtina aktına əsasən Iddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən XXX (769) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə ## ###### 2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (6786,30 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etdiyi aktda qeyd edilmişdir.

8. ## ###### 2024-cü il tarixli arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ## ###### 2023-cü il tarixində 6786,30 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə, qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 6659,49 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh ## ###### 2024-cü il tarixinə Iddiaçı MMC-yə olan ümumi borcu 6659,49 manat təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı Iddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6659,49 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat və 60 manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, ## ###### 2023-cü il tarixdə Iddiaçı MMC-nin XXX mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə yekun 6786,30 manat zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olmuşdur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra, cavabdehin ümumi olaraq 6659,49 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

11. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim N.Paşayev) iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir.

13. Məhkəmə, belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibəti işçinin işəgötürənə vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı fərdi əmək mübahisədir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçıya ziyanın həqiqətən vurulduğu aşkar olmalı, cavabdehin əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı, cavabdehin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsində göstərilən şərtlər məcmu halında mövcud olmadığına görə iddianın rədd edilməsi üçün hüquqi əsasdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçıya ziyanın həqiqətən vurulduğu aşkar olunmuş, cavabdehin qanunda nəzərdə tutulmuş qaydada üzrlü səbəb olmadan ## ####### 2023-cü il tarixdə ölkə ərazisini tərk etməklə əmək vəzifələrinin kobud şəkildə pozması qanuna zidd olmuş, lakin vurulmuş ziyanla cavabdehin qanuna zidd hərəkəti arasında səbəbli əlaqənin olması, yəni ziyanın məhz cavabdeh tərəfindən vurulması iddiaçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.

15. Məhkəmə göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında ## #### 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh ## #### 2023-cü il tarixdən Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş, əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. Lakin, cavabdeh ## ####### 2023-cü il tarixdən ölkə ərazisini tərk etmişdir. Bununla da, o, üzrlü səbəb olmadan əmək vəzifələrini yerinə yetirməmişdir. XXX 4 (769) mağazasında Inventarizasiya yoxlaması isə 2 aydan çox müddət keçdikdən sonra, yəni ## ###### 2023-cü il tarixdə aparılmışdır. Iddiaçıya vurulmuş 6786,3 manat məbləğində ziyan da məhz həmin tarixdə aparılmış Inventarizasiya yoxlaması nəticəsində aşkar olunmuşdur.

16. Göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən, həmçinin XXX 4 (769) mağazasında ## ###### 2023-cü il tarixdə Inventarizasiya yoxlaması aparılarkən cavabdeh ölkə xaricində olmuş, yəni faktiki olaraq həmin tarixdən üzrlü səbəb olmadan işə gəlməmiş, lakin onun barəsində işəgötürən tərəfindən qanunda nəzərdə tutulmuş qaydada heç bir tədbir görülməmişdir. Halbuki, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bununla belə, iddiaçı tərəfindən həmin hallara qiymət verilməmiş, nə də işin araşdırılması zamanı nəzərə alınmamışdır.

17. Eləcə də, iddiaçı ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehin yazılı izahatını almalı olduğu halda, onu etməmiş, həmçinin cavabdehin əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla cavabdehin hərəkətləri arasındakı səbəbli əlaqəni müəyyən etməmişdir.

18. Bununla da, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş, yəni cavabdehin iştirakı olmadan akt tərtib edilmiş, cavabdehin yazılı izahatı alınmamış, araşdırmaların (yoxlamanın) gedişində onun yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüquqları pozulmuş, iddiaçı cavabdehi yoxlamanın nəticələri ilə tanış etməmişdir. Belə olan halda iddiaçının istinad etdiyi, XXX 4 (769) mağazasında aktivlər üzrə Inventarizasiya nəticələrinə dair ## ###### 2023-cü il tarixdə tərtib edilmiş yekun akt qanunda nəzərdə tutulmuş qaydada əldə edilmədiyinə görə sübut növü kimi qəbul edilə bilməz. Bu da o nəticəyə gəlmə əsas vermişdir ki, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən vurulması sübut olunmur. Ona görə də iddiaçının məhz cavabdehə qarşı ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaranmamışdır. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 191, 192, 194, 200, 203, 288-ci, Mülki Məcəllənin 21.1, 1096.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Iddiaçı Iddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və E.Isayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı Iddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin Cavabdeh hazırda Iddiaçı MMC-yə ümumilikdə 6659,49 manat borcunun qalmaqda olması, cavabdehin vəzifə borcunu yerinə yetirməməsinin iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsi, məhkəmənin gəldiyi qənaətlə işçini bu vəzifədən azad etməsi, məhkəmənin cavabdeh barəsində keçirilmiş audit yoxlamasına lazımi diqqət yetirməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Iddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş XXX mağazasında ## ###### 2023-cü il tarixdə keçirilmiş növbədənkənar inventarizasiya nəticələrinə dair aktdan göründüyü kimi inventarizasiyanın aparılmasında cavabdeh iştirak etməmiş, inventarizasiyanın nəticələrinə dair həmin sənəd yalnız iddiaçı təşkilatın nümayəndələri tərəfindən tərtib edilməklə iddiaçı təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır. Həmçinin, iş materiallarında olan ## #### 2025-ci il tarixli auditor hesabatından və auditor rəyindən göründüyü kimi audit yoxlamasında iştirak edən 4 şəxsdən 3-ü iddiaçı təşkilatın nümayəndəsi, dördüncüsü isə sərbəst auditordan ibarət olmaqla, audit rəyinin verilməsində məhz ## ###### 2023-cü il tarixdə keçirilmiş inventarizasiya nəticələrinə istinad edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Iddiaçı təşkilatın ## ###### 2023-cü il tarixdə tərtib etdiyi akt iddiaçının öz mövqeyini əks etdirən sənəd olmaqla, həmin aktın tərtib edilməsində qanunla müəyyən olunmuş qaydada əldə edilmiş hər hansı bir məlumata, yəni sübuta istinad edilməmişdir.

24. Kollegiya qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı Iddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh tərəfindən ona 6659,49 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, cavabdeh Cavabdeh tərəfindən də iddia tələbi etiraf edilməmişdir.

25. Apellyasiya kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı kontekstində qiymətləndirməməsi, cavabdeh Cavabdeh tərəfindən imzalanmış “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması müəyyən edilmədiyi halda cavabdehin vəzifə funksiyalarının qiymətləndirilməsi, onun “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərə münasibət bildirilməsi zərurəti müəyyən edilməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 192.1, 192.2, 194.1, 194.2, 199, 200, 296-cı, Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. Iddiaçı Iddiaçı MMC kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsi, 199-cu maddəsinin “a” bəndi, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.2, 77.1, 88, 89.1, 217.1, 217.3, 217.4-cü maddəsinin tələbləri pozulmuşdur.

30. Belə ki, işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı kontekstində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki, cavabdehin vəzifə təlimatı üzrə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol verib-verməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi. Məhkəmə iş materiallarında olan və cavabdeh Cavabdeh ilə iddiaçı Iddiaçı MMC arasında rəsmiləşdirilmiş “Tam maddi məsuliyyət haqqında müqavilə”yə, həmçinin cavabdehin müqavilədə göstərilmiş öhdəliklərinə münasibət bildirməmişdir. “Tam maddi məsuliyyət haqqında” müqavilənin 3.3-cü bəndində göstərilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. Işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Məhz bununla bağlı 5 nəfər komissiya üzvlərindən ibarət tərkibdə və öz imzaları ilə təsdiq edilmiş “Imtina aktı” tərtib edilmişdir. Bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, cavabdehin aktı imzalamaması onu maddi məsuliyyətdən azad etmir. Işin düzgün həlli üçün önəmli olan halların varlığını (ziyanın mövcudluğu və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu) təsdiq edən yazılı sübutlar (cavabdehin imzaladığı əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə, vəzifə təlimatı, inventarizasiya sənədləri, auditor rəyi), məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutları düzgün qiymətləndirməmiş, təqdim edilən yoxlama sənədlərinin natamam və ya yolverilməz olduğunu konkret normativ-hüquqi aktların müddəaları ilə əsaslandırmamış, habelə işçinin işəgötürənə vurduğu ziyanın hansı qaydada müəyyən edilməli və sənədləşdirilməli olduğunu əsaslandıra bilməmişdir. Bundan başqa, dəymiş ziyanın həcmini müəyyən etmək üçün kənar Auditor da təyin edilmiş və audit yoxlamasının nəticəsində audit rəyində də göstərilmişdir ki, iddiaçı təşkilata həqiqətən də 6659,49 manat dəyərində ziyan dəymişdir. Bu səbəbdəndir ki, qəbul edilmiş qətnamə ziddiyyətli və natamamdır. Göründüyü kimi, məhkəməyə hansı sənəd təqdim edilməyindən asılı olmayaraq, məhkəmə sübutları obyektiv qiymətləndirməmiş və həmçinin kadr sənədlərinə (əmək müqaviləsinin bağlanması və vəzifə dəyişikliyi ilə bağlı sənədlər, tam maddi məsuliyyət haqqında müqavilə, vəzifə təlimatı və audit rəyi və s.) düzgün hüquqi münasibət bildirməmişdir.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Iddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin birinci hissəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı şikayətinə oxşar apellyasiya şikayətinin dəlilləri ətrafında araşdırma aparmış, toplanmış sübutlara müfəssəl hüquqi qiymət vermişdir (bax bənd 22-27). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

41. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçi və işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilənin imzalanması tələbin təmini üçün yeganə əsas ola bilməz. Hər bir halda iddia olunan ziyana görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarı).

42. Hazırkı halda isə apellyasiya məhkəməsinə təqdim olunmuş sübutlarla iddiaçıya ziyanın vurulması, belə ziyan mövcud olduğu halda belə cavabdehin hər hansı qanuna zidd əməli ilə səbəbli əlaqədə olması sübut olunmamışdır.

43. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddia tələbinin həlli sübutların qiymətləndirilməsindən asılı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, toplanmış və iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.

44. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Kassasiya şikayətinin digər dəlilləri işin həqiqi hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ######## 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Iddiaçı Iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar