Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-326/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit borcu tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları:
1. İddiaçı BOKT ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdeh2 24 ay müddətinə, illik 36% hesablanmaq şərti ilə 12.600 manat kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi *** saylı evin *** saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-nə təqdim etmiş və bu barədə ##.##.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.
3. İpoteka müqaviləsi ##.##.2022-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilərək ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 81.000 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xxxx” BOKT ASC-nin (bundan sonra- iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra- cavabdehlər) qarşı tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh cavabdeh2 əsas kredit borcu üzrə 7910,90 manat qalıq, ona hesablanmış 1.845,51 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1.000 manat dəbbə pulu, cəmi 10.756,41 manat borcun tutulması, tələbin digər cavabdeh cavabdeh1 mülkiyyətində olan mübahisəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 81.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bank cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən Bank tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir.
6. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyinə əsasən, Bakı şəhər, Xətai rayonu, General Mehmandarov küçəsi, *** saylı evin 2 otaqlı, ümumi sahəsi 50,63 kv.metrdən ibarət *** saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 96.000 manat, 10% azalma əmsalı tətbiq edilməklə, həmin mənzilin likvid dəyəri təqribən 86.400 manat olduğu müəyyən edilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə İddiaçı BOKT ASC-nin cavabdeh2 və cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə” tələbinə dair iddia ərizəsinin “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmasına” dair hissəsində iş üzrə icraata xitam verilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## ######## 2024-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 6.910,90 manat əsas, ona hesablanmış 1.845,51 manat faiz, 300 manat dəbbə pulu olmaqla, cəmi 9.056,41 manat borcun tutularaq iddiaçıya ödənilməsi, tələbin digər cavabdeh cavabdeh1 mülkiyyətində olan Bakı şəhər, Xətai rayonu, General Mehmandarov küçəsi, *** saylı evin 2 otaqlı, sahəsi 50,63 kv.metr olan *** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 86.400 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 9.056,41 manatın Banka ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 kredit müqaviləsi əsasında Bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
10. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin “tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini araşdıraraq qeyd etmişdir ki, #.##.2022-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Yəni, kredit müqaviləsinin müddəti ##.##.2024-cü il tarixdə bitmişdir. Müddəti bitmiş kredit müqaviləsi ləğv edilə bilməz.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin 7.910,90 manat əsas borca münasibətdə qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli qəbzə əsasən cavabdeh cavabdeh2 1.000 manat ödədiyinə görə bu məbləğ əsas borcdan çıxılaraq, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
12. Məhkəmə iddianın 1.000 manat dəbbə pulu borcunun ödənilməsinə dair hissəni araşdıraraq qeyd etmişdir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Çünki, iddianın 6.910,90 manat əsas borca nisbətdə 1.000 manat dəbbə pulu əsassız və şişirdilmiş məbləğ olmuşdur.
13. Məhkəmə tələbin cavabdeh cavabdeh1 məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq qeyd etmişdir ki, iddianın bu hissəsi əsaslı olduğundan təmin edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlı olmuşdur.
15. Beləliklə iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir.
16. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.
17. İpoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən Bakı şəhər, Xətai rayonu, General Mehmandarov küçəsi, *** saylı evin 2 otaqlı, ümumi sahəsi 50,63 kv.metr olan *** saylı mənzilin likvid qiyməti 86.400 manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 317.1 , 319.1,385.1, 442, 462.1, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 39.3.3-cü, habelə MPM-nin 14.2, 77.1 və 103.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin “iddianın faiz borcu, dəbbə pulu, dövlət rüsumu” hissələrində ləğv edilərək, iddianın faiz borcu, dəbbə pullu və dövlət rüsumu hissələrində rədd edilməsi, qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğu və faiz borclarının dəqiq müəyyən edilməli olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, hazırkı halda kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixə olan faiz borcları əsas götürülməklə ədalətli qətnamə qəbul edilməli idi. Məhkəmənin qətnaməsinin tələbin yönəldildiyi Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, *** saylı evin *** saylı mənzilin ilkin satış qiymətinin 86.400 manat müəyyən edilməsi hissəsi ilə razı olmadığını göstərmişdir. Həmin qiymətin bazar dəyərindən xeyli aşağı olduğu vurğulanmışdır. Sözügedən mənzilin hazırkı bazar qiyməti 115.000–121.000 manat arasında olduğu halda, onun 86.400 manat qiymətləndirilməsi bazar reallıqlarına uyğun deyil. Eyni zamanda, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli rəyində qiymət müəyyən edilərkən hansı məlumat mənbələrindən və müqayisəli tədqiqat üsullarından istifadə olunduğunun göstərilmədiyi qeyd edilmişdir. Bazar qiymətinin tələb və təklifin qarşılıqlı təsiri nəticəsində formalaşdığı, bu qiymətin müəyyən edilməsi üçün isə rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi orqanlarına təqdim edilən məlumatlardan, reklam mənbələrindən və digər müvafiq informasiya resurslarından istifadə olunmalı olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasən hesab edilmişdir ki, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi barədə verilmiş rəy mötəbər sübut kimi nəzərə alınmamalı və həmin mənzil üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalı idi. Mənzilə dair məlumatların tam və dəqiq təsvir edilməməsi nəticəsində onun qiymətinin aşağı göstərildiyi iddia olunmuşdur. Bunun isə mənzilin sahibi olan ananın mülkiyyət hüquqlarını, həmçinin həmin ünvanda qeydiyyatda olan və istifadə hüququna malik şəxsin hüquqlarını pozduğu göstərilmişdir. Mənzilin aşağı qiymətə satılmasının onların yaşayış sahəsindən məhrum qalması ilə nəticələnə biləcəyi bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, onlara ümumiyyətlə dəbbə pulu hesablanmamalı idi. İddiaçıya ödənilməli vəsaitlərin böyük hissəsinin faiz və dəbbə puluna silindiyi, bunun iddiaçı tərəfindən də bildirildiyi göstərilmişdir. Dəbbə pulunun necə hesablandığının qətnamədə əks olunmadığı vurğulanmışdır. Bundan əlavə, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz dərəcədə yüksək dəbbə pulunu azalda biləcəyi qeyd edilmişdir. Məhkəmələrin nəzərə aldığı hallara görə, dəbbə pulunun göstərilən məbləğdə tutulmasının cavabdehlərin əmlak mənafelərinə zərər vura biləcəyi, lakin onun azaldılmasının kreditorun əmlak maraqlarına əsaslı təsir etmədiyi bildirilmişdir. Dəbbə pulunun gözlənilən qazanc deyil, öhdəliyin icrasını təmin edən vasitə olduğu vurğulanmışdır. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 300 manat cərimə tutulmasının ədalətsiz olduğu göstərilmişdir. Nəhayət, qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə həqiqətin müəyyən edilməsi üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə verilmiş səlahiyyətlərindən lazımi qaydada istifadə etməmişdir. Halbuki, AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına uyğun qiymət verməlidir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş, lakin ekspertizanın aparılmasından imtina olunmuş və ekspertizanın keçirilməsi üçün mülki iş materialları Auditorlar Palatasına və “xxxx” MMC-nə göndərilmiş və məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən ##.##.2022 tarixli kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixə borclu cavabdeh2 Banka əsas borc üzrə 8.805,45 manat, faizlər üzrə 1.056,65 manat borcu vardır. Müqavilənin son, yəni ## #### 2024-cü il tarixə borclu cavabdeh2 qalıq öhdəlikləri üzrə əsas borcu 8805.45 manat, hesablanmış faizlər üzrə borcu 1.849,14 manat təşkil edir. Borclu tərəfindən Bankın hesabına son ödəniş əməliyyatı 1.000 manat həcmində ## ######## 2024-cü il tarixdə həyata keçirilmişdir. Ona görə də əsas borc azaldılaraq 7.805,45 manat, faiz isə 1.849,14 manat təşkil etmişdir. Bu məbləğlər müqavilə üzrə şərtlərin məzmununu və qanunvericiliyin tələblərini düzgün əks etdirir. Kredit hesabı üzrə kredit təşkilatı tərəfindən hesablamaların (silinmələrin) qanunvericiliyə (bankdaxili qaydalara) uyğunluğunun müəyyən edilməsi zamanı aşkar edilmişdir ki, kredit müqaviləsinin 3-cü maddəsində tərəflərin məsuliyyəti hissəsində təsbit olunmuş şərtlər Mülki Məcəllənin maddələri ilə ziddiyyət təşkil edir. Belə ki, müqavilədə dəbbə pulu və faizlər hissəsində uyğunsuzluq və qeyri-müəyyənlik yaradan məqamlar vardır. Müqavilə şərtləri heç bir halda qanunvericilikdə birbaşa nəzərdə tutulan hallarla ziddiyyət təşkil etməməlidir.
22. “xxxx” MMC-nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, *** saylı evin *** saylı mənzilinin ## ######## 2025-ci il tarixə likvid dəyəri 115 000 manat təşkil edir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən, məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilərək, Bakı şəhər, Xətai rayonu, General Mehmandarov küçəsi, *** saylı evin *** saylı mənzilinin ilkin satış qiyməti 115.000 manat müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli əmlakın qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzilin ilkin satış qiyməti 86.400 manat olması hissəsində birinci instansiya məhkəməsi iddia tələbinə düzgün hüquqi qiymət verməmiş, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən verilmiş əlavə məlumatlara qiymət verilməklə mübahisəli mənzilin ## ######## 2025-ci il tarixə olan likvid dəyəri 115.000 manat təşkil etmişdir.
26. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli mənzilin ilkin satış qiymətinin 86.400 manat olması hissəsində dəyişdirilməli və mənzilin ilkin satış qiyməti 115.000 manat müəyyən edilməlidir.
27. Məhkəmə kollegiyası iddiaçının şikayət vermədiyini və iddiaya tələb həddində baxılmalı olmasını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, mübahisəli hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi auditor rəyində qeyd edilən qanunvericiliyin pozuntusu üzrə qeyd etmişdir ki, cavabdeh tərəf müqavilələrlə razılaşmış və onları mübahisələndirməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 269.1, 269.2, 269.3, 269.4, 442, 443.1, 448.1, 448.2, 462.1, 467-ci, İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.2, 34.1.2, 34.1.3, 34.1.4, 36.1, 36.2, 39.3, 39.3.1, 39.3.4, 47.4, 59.3-cü, habelə MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu və dəbbə pulu tələblərinə aid hissələrdə ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Auditorlar Palatası tərəfindən təqdim edilmiş məhkəmə-mühasibatlıq ekspertiza rəyində açıq şəkildə göstərilmişdi ki, kredit müqaviləsinin 3-cü maddəsində nəzərdə tutulan dəbbə pulu və faiz şərtləri Mülki Məcəllənin tələbləri ilə ziddiyyət təşkil edir, qeyri-müəyyən və uyğunsuz xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyində göstərilən bu ciddi hüquqi pozuntuya mahiyyəti üzrə düzgün qiymət verməmiş, yalnız cavabdehin müqaviləni imzalamasını əsas götürərək dəbbə pulunun tutulmasını qanuni hesab etmişdir. Bu yanaşma maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə yanaşı, sübutların, xüsusilə də məhkəmə ekspertizasının nəticələrinin tam şəkildə nəzərə alınmaması demək idi ki, bu da kassasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmalı olan ciddi hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli idi, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar qarşılıqlı əlaqədə təhlil olunmalı, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın şəkildə göstərilməli idi. Qeyd olunurdu ki, məhkəmə sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarında ətraflı və aydın formada əks etdirməli, proses iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul və ya rədd edilməsinin motivlərini əsaslandırmalı idi. Həmçinin, hər hansı sübuta üstünlük verilməsinin və digər sübutun rədd edilməsinin səbəbləri açıq şəkildə göstərilməli idi. İşin həlli üçün kifayət qədər əhəmiyyət kəsb etdiyindən, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsiplərini təmin etmək məqsədilə faiz borcu, dəbbə pulunun hesablanması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və nəticələrinin düzgün qiymətləndirilməsi kimi halları araşdırmalı və onları hüquqi baxımdan qiymətləndirərək işi mahiyyəti üzrə həll etməli idi.
Kassasıya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
37. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
39. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;
40. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;
41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
48. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən faiz borcu və dəbbə pulu tələbinə aid hissədə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun həmin hissədə yoxlanılması təşkil edir.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borclu cavabdeh2 24 ay müddətinə, illik 36% hesablanmaq şərti ilə 12.600 manat kredit verilib. Həmin kreditin təminatı olaraq digər cavabdeh cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi *** saylı evin 2 otaqlı, ümumi sahəsi 50,63 kv.metr olan *** saylı mənzili Bankın xeyrinə ipoteka qoyulub və bu barədə ##.##.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. ##.##.2022-ci il tarixdə ipoteka müqaviləsi qeydə alınıb və mənzilin dəyəri tərəflərin razılığına əsasən 81.000 manat müəyyən edilib.
53. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, borclu cavabdeh2 kredit müqaviləsi üzrə Bankdan kredit almaq hüququna malik olduğu kimi həmin müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olub.
54. Lakin, borclu cavabdeh2 kredit müqaviləsi üzrə Bankdan kredit almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və ona hesablanmış faiz borcunu ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
55. İşə əlavə edilmiş sübutlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borclu cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə Banka ödənilməmiş 6.910,90 manat əsas və ona hesablanmış 1.845,51 manat faiz borcu yaranıb və birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək borclu cavabdeh2 Bankın xeyrinə qeyd olunun kredit borcunu tutarkən, habelə tənasübsüz surətdə yüksək olan 1000 manat dəbbə pulunu 300 manata endirərkən düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib.
56. Bundan başqa işdən görünür ki, tərəflərin arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 81.000 manat müəyyən edilmiş və sonradan ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə yarandığı üçün qiymətləndiricinin rəyinə əsasən mənzilin ilkin satış qiyməti 86.400 manat müəyyən edilmiş, lakin ipoteka predmetinin ilkin satış qiyməti yenə də cavabdehi qane etmədiyi üçün apellyasiya instansiyası məhkəməsi qiymətləndiricinin rəyinə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətini 115.000 manat məbləğdə müəyyən etmişdir.
57. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi borclu cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.