Məhkəmə qərarları › İş №2(1-8)-372/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-372/2026

15.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-372/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 İsmayıl oğluna qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 İsmayıl oğluna qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. cavabdeh2 ilə iddiaçı1 arasında yazılı formada ##.##.2022-ci ildə bağlanmış razılaşmadan görünür ki, cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 170 kvadrat metr evinin 110 kvadrat metr hissəsini şahidlər cavabdeh3 İsmayıl oğlunun və cavabdeh1 iştirakı ilə Zəngilan rayonundan olan iddiaçı1 40.000 manata satmasını, pulu tam almasını, iki ay müddətinə, yəni ##.##.2022-ci il tarixə kimi evdən çıxmaları barədə cavabdeh2 öz üzərinə öhdəlik götürmüşdür.

2. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışdan görünür ki, ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində etibar edən (mülkiyyətçi) iddiaçı1 ilə etibar edilən X1 arasında etibarnamənin predmeti olan **-UY-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentral minik” markalı nəqliyyat vasitəsinə dair notariat hərəkətləri aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçılar iddiaçı1 və iddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 İsmayıl oğluna (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 40.000 manat məbləğində pul vəsaitinin alınaraq, onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və həyat yoldaşının tanışları olan iddiaçı2 ilə birlikdə 2022-ci ilin təxminən avqust ayında Binəqədi rayonu ərazisində ev almaq qərarına gəlmişlər. Bu məqsədlə ev axtarmağa başlamış, ev axtaran zaman tanışları olan cavabdeh1 onlara həmin ərazidə ev tapacağını bildirmişdir. Bu minvalla Şahin onları cavabdeh2 ilə tanış etmiş və onlara Ramalın evini satdığını bildirmişdir. Tanışlıqdan sonra Ramal onlara Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özünə məxsus 170 kvadrat metr olan evini göstərmişdir. Həyat yoldaşı ilə evə baxmış və evi bəyənərək almaq qərarına gəlmişlər. Lakin evin sənədi olmadığı üçün evə dair alğı-satqı aparmaq mümkün olmadığından cavabdeh2la öz aralarında razılığa gəlmişlər. Beləliklə, ##.##.2022-ci il tarixdə aralarında olan razılığa əsasən cavabdeh2 özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 170 kvadrat metr olan evinin 110 kvadrat metr hissəsini şahidlərin iştirakı ilə 40.000 manata ona satmasını, 40.000 manat pulu tam şəkildə almasını və iki ay müddətinə, yəni ##.##.2022-ci il tarixə kimi evdən çıxmaları ilə bağlı öz imzası ilə sənəd imzalamışdır. Lakin, cavabdeh2 pulu aldıqdan sonra iki ay müddət keçməsinə baxmayaraq, evdən çıxmamış, yəni üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. cavabdeh2 evi tələb etdikdə Ramal onlardan qaçmağa başlamışdır. Dəfələrlə Ramalla telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsalar da, Ramal onların telefon zənglərinə cavab verməkdən imtina etmişdir. Sonradan Ramalın onlara satdığı evi bir başqasına satdığını və həmin evdə ailənin yaşadığını öyrənmişlər. Bundan sonra cavabdehlərin onu və həyat yoldaşını aldatdığına, onlara qarşı dələduzluq edərək ev almaq üçün verdikləri 40.000 manat pulu mənimsədiklərinə tam əmin olmuşlar. Həmin pulu o, Ramala şahidlərin iştirakı ilə şəxsən özü vermişdir. Dəfələrlə cavabdehlərdən 40.000 manat məbləğində pulun qaytarılmasını tələb etsələr də, onlar bu tələblərə məhəl qoymayaraq, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişlər. Evin alınmasında həyat yoldaşı ilə birgə xərc çəkmiş, yəni evinin pulunu hər ikisi vermişlər. Evin qazı, suyu və işığı bacısı oğlunun adınadır. Cavabdehlərin onu və həyat yoldaşını aldadaraq 40.000 manat məbləğində pulu ələ keçirmələri ilə bağlı ərizə ilə polisə müraciət etmiş, lakin polisdə onlara ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığına görə məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədə müvafiq olmasını bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

5. Məhkəmə iclasında cavabdeh cavabdeh3 iddianı qəbul edərək izahatında bildirmişdir ki, 30.000 manatı iddiaçı Səxavət vermiş, 10.000 manat müqabilində isə maşın vermişdir. Səxavət onların yanında pulu Ramala vermişdir. Pul veriləndə o, Ramal, Şahin və Səxavət olmuşlar. Ramala 30.000 manat pul və maşın verilmişdir. Sonra Səxavət müəllim gəlmişdir ki, Ramal evdən çıxsın, o, evi satır, Ramal evdən çıxmamışdır. Maşının hal-hazırda harada olması barədə məlumatı yoxdur. Səxavətin artıq pulu çıxmasın deyə notariusda gedib alğı-satqını etməmişlər. Onlara 30.000 manat pul və maşın veriləndə orda olmuşlar.

6. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmşdir ki, pul veriləndə, o, Ramal, Elşən və Səxavət olmuşlar. Ramala 30.000 manat pul və maşın verilmişdir. Sonra Səxavət müəllim gəlmişdir ki, bəs o evi satır, Ramal evdən çıxsın, amma Ramal evdən çıxmamışdır. Alğı-satqı notarial qaydada olmamışdır. Ev özbaşına tikilidir. Alğı-satqı iki ilə yaxındır ki, olmuşdur. Su və qaz Səxavətin adınadır. Səxavət onların yanında Ramala 30.000 manat pul və maşın vermişdir. Maşının hansı marka olmasını isə bilmir. Səxavət maşınla bağlı ümumi etibarnamə vermişdir. Maşın barədə hal-hazırda heç nədən xəbəri yoxdur. 30.000 manatı Səxavət Ramala onların yanında vermişdir. Ramal sonra həmin evi 3-4 nəfər başqa adamlara satmışdır Ramal hal-hazırda həbsxanadadır. Ramal ilə Səxavəti o, tanış etmişdir.

7. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada 40.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar iddiaçı1 və iddiaçı2 xeyrinə ödənilməsi və cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada 210 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın alğı-satqısı tərəflər arasında alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmaqla bağlanmalı olduğu halda, tərəflər evin mülkiyyət müəyyənedici sənədi olmadığına görə cavabdehlər cavabdeh3 və cavabdeh1 vasitəçiliyi ilə iddiaçı iddiaçı1 40.000 manat pulun alınmasını təsdiq edən sadə yazılı formada razılaşmalarına baxmayaraq, cavabdeh cavabdeh2 mübahisəli evi iddiaçıya verməmiş, əldə etdiyi pulu da qaytarmamaqla yanaşı, evi başqa birinə satmışdır və cavabdeh cavabdeh2 haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan 40.000 manat pul əldə etmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 390, 442, 443.2, 448.1, 739.1, 1091.1, 1091.2, 1092.1, 1096.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, cavabdeh1 aid hissədə ləğv edilərək, cavabdeh cavabdeh1 münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş, tətbiq etdiyi maddi hüquq normasını düzgün təfsir edə bilməmişdir. Ümumiyyətlə, məhkəmə öhdəliyin yaranma əsasını və tərəflərini düzgün müəyyən edə bilməmiş, gah bu öhdəliyi əsassız varlanma hesab edərək Mülki Məcəllənin əsassız varlanmaya aid normalarını tətbiq etmiş, gah da borc münasibəti hesab edərək, borc müqaviləsinə dair maddi hüquq normalarını tətbiq etmişdir. Halbuki, tərəflər arasında konkret olaraq, iddiaçı iddiaçı1 ilə cavabdeh cavabdeh2 arasında yaranmış münasibət daşınmaz əşyanın alğı-satqısına dair hüquq münasibətidir. Daşınmaz əmlak dövlət reyestrində qeydə alınmadığı üçün burada əsassız varlanma və ya borcdan söhbət gedə bilməz, qanunun analogiyası tətbiq edilməli idi. Qeyd olunanlar ümumi iddiaya münasibətdə gəlinən nəticədir. Konkret olaraq cavabdeh cavabdeh1 münasibətdə isə məhkəmə ilk növbədə onunla iddiaçılar arasında hansı növ hüquq münasibətinin və öhdəliyin yarandığını araşdırmalı və buna müvafiq olaraq maddi hüquq normalarını tətbiq etməli idi. Araşdırılan işin hallarından görünür ki, cavabdeh cavabdeh1la iddiaçılar arasında hər hansı bir hüquq münasibəti və öhdəlik yaranmayıb, o, iddiaçılara ev tapmaqda köməklik (vasitəçilik) edib və yazılı qəbzdə də adı şahid kimi göstərilibdir. Məhkəmə özü də qətnamənin əsaslandırıcı hissəsində bu nəticəyə gəlib ki, öhdəlik iddiaçılarla Ramal arasında yaranıb. Məhkəmə iddiaçılarla cavabdeh cavabdeh1 arasında hər hansı bir hüquq münasibətinin və öhdəliyin yaranması barədə hər hansı bir nəticəyə gəlməmiş, buna baxmayaraq, ona münasibətdə də iddianı təmin etmişdir. Məhkəmə bilməli idi ki, iddiaçılarla cavabdeh cavabdeh1 arasında hər hansı bir öhdəlik münasibəti yaranmayıb və iddia olunan məbləğ cavabdeh1 tutula bilməz. Məhkəmə əsas cavabdeh olan Ramal Mehdiyevin hazırda həbsdə olmasını bildiyi halda, onun məhkəmə iclasında iştirakını təmin etməmiş, saxlandığı müəssisəyə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri göndərməmiş, həmin cavabdehin iddiaya münasibətini öyrənməmişdir. Halbuki, Ramal Mehdiyev iddia tələbini etiraf və ya təkzib edə bilərdi ki, bu da cavabdeh cavabdeh1 münasibətdə iddianın rədd edilməsi üçün əlavə əsas yaradardı. Məhkəmə iddia tələbini cavabdehlərdən cavabdeh2 münasibətdə təmin etməli olduğu halda, bütün cavabdehlərə münasibətdə təmin etmiş və tutulmalı olan pul vəsaitini bütün cavabdehlərdən iddiaçıların xeyrinə müştərək qaydada tutmuşdur. Halbuki, digər cavabdehlər (cavabdeh1 və cavabdeh3) ilə iddiaçılar arasında həmin evin alğı-satqısına dair hər hansı bir münasibət yaranmamış, onlar vasitəçi olmuşlar və iddiaçı iddiaçı1 ilə cavabdeh cavabdeh2 arasında tərtib olunmuş yazılı razılaşmada şahid qismində adları keçir. İddiaçılar iddia ərizəsində pulu birbaşa Ramala verdiklərini göstərmişlər, habelə məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişlər. Lakin sual-cavabda pulu guya Şahinə verdikləri və Şahinin də onların yanında Ramala verdiyini göstərmişlər. Belə olan halda pulu alan şəxsin Ramal olduğu və əvəzində ev verməli olduğu halda vermədiyi iş materialları ilə tam təsdiq olunur. Bundan əlavə məhkəməyə bəlli olmuşdur ki, 40.000 manat vəsaitin 30.000 manatı nağd şəkildə verilmiş, 10.000 manatının əvəzinə avtomobil təqdim olunmuşdur. Məhkəmə hətta avtomobil dəyərində verilmiş 10.000 manatı da müştərək qaydada cavabdehlərdən iddiaçıların xeyrinə tutmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin # ### 2025-ci il tarixli qətnaməsi qismən - cavabdeh cavabdeh1 qarşı iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmuş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdeh cavabdeh1 aid hissədə təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan cavabdeh2 ilə iddiaçı1 arasında yazılı formada ##.##.2022-ci ildə bağlanmış razılaşmadan görünür ki, cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 170 kvadrat metr evinin 110 kvadrat metr hissəsini şahidlər cavabdeh3 və cavabdeh1 iştirakı ilə Zəngilan rayonundan olan iddiaçı1 40.000 manata satmasını, pulu tam almasını, iki ay müddətinə, yəni ##.##.2022-ci il tarixə kimi evdən çıxmaları barədə üzərinə öhdəlik götürmüşdür.

14. Eyni zamanda, iddiaçı iddiaçı1 iddia ərizəsində pulu cavabdeh cavabdeh2 şahidlər cavabdeh3 və cavabdeh1 iştirakları ilə şəxsən özünün verdiyini qeyd etmişdir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh cavabdeh1 cavabdeh cavabdeh2 ilə iddiaçı1 arasında yazılı formada ##.##.2022-ci ildə bağlanmış razılaşma üzrə yalnız şahid qismində iştirak edərək üzərinə hər-hansı öhdəlik götürmədiyindən, pulun cavabdeh1 da tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.

16. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, göründüyü kimi iş materialları ilə cavabdeh cavabdeh1 iddiaçılar qarşısında hər-hansı məbləğdə pul vəsaiti ödənilməsinə dair öhdəlik götürməsi, həmçinin, onun iddiaçılara zərər vurması və ya mübahisə edilən əsaslar üzrə əsassız varlanması kimi hallar təqdim edilmiş sübutlar əsasında mülki işin araşdırılması və sübutların məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilməmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar cavabdeh cavabdeh1 münasibətdə pul tələbinin əsası kimi istinad etdikləri halları təsdiq edən mötəbər sübut təqdim etmədiklərindən, birinci instansiya məhkəməsinin iddianı cavabdeh cavabdeh1 aid hissədə təmin etməklə bağlı gəldiyi hüquqi nəticə düzgün olmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 329, 385.1, 386, 1091.1, 1091.2, 1092-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən iddiaçı iddiaçı1 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlara evi tapan və Ramalla tanış edən Şamxal olmuş və həmin evin pulun da onlara verməkdə Şamxal zamin durduğu halda, bu hissədə apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin qətnaməsini qismən ləğv edərək, yeni qətnamə çıxarmış və Şamxalın burada günahının olmadığın qeyd etmişdir. Lakin, əslində onlar birləşərək onu aldatmış və pulunu birlikdə götürmüşdülər. Ona görə ki, pulun verilməsinə onlar zamin duraraq bildirmişlər ki, narahat olma pulu ver evi tez zamanda onlar tərk edəcəklər. Lakin sonradan məlum oldu ki, bu ev artıq başqa şəxsə də satılıb. Burdan da məlum olur ki, birmənalı Şamxalın da burda əli var. Ona görə ki, ona həmin adamı Şamxal tapmış və onu birləşərək aldatmış və pulunu bir yerdə onu aldadaraq mənimsəmişlər. Ona görə ki, o, Şamxalı tanıyırdı, ona etibar edib pulu vermişdi. Özü də izahatında bunları etiraf etdiyi halda hakim onun apellyasiya şikayətini təmin etmişdir.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

21. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

22. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

24. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

28. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.

29. Maddə 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

33. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

34. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

35. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

36. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

46. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərə təkrar hüquqi qiymət verilməsinə lüzum yoxdur.

54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməningəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar