Məhkəmə qərarları › İş №2(1-8)-407/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-407/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-407/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması, kredit müqaviləsi üzrə faizlər, miras qoyanın kreditorlarının qarşısında olan öhdəliklərinin vərəsə tərəfindən ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh (X4 vərəsəsi) qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” ASC ilə X4 arasında bağlanmış ##.##.2022-ci il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən borc verən “xxxx” ASC borcalan X4 48 ay müddətinə, illik 18.9% ödəmək şərtilə 9100 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən ##.##.2022-ci il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsinə * nömrəli əlavə ilə borcalan X4 48 ay müddətinə, illik 18.9% ödəmək şərtilə 9100 manat məbləğində kredit götürmüş, hər ay ödəniş məbləği 271.62 manat təşkil edir.

2. Cavabdeh ##.##.1977-ci il tarixdə, X4 ##.##.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşlar. X5, anaları X11r.

3. X4 ##.##.2023-cü il tarixdə, X11 ##.##.2020-ci il tarixdə, X2 ##.##.2013-cü il tarixdə ölmüşlər.

4. Bakı şəhəri ** saylı notariat ofisinə ünvanlanmış ##.##.2023-cü il tarixli ərizəyə əsasən X8, ##.##.2023-cü il tarixində ölmüş bacısı X4 irs qalmış mirasın ona çatası hissəsindən Cavabdeh xeyrinə imtina etmişdir.

5. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən ABB Problemli Kreditlərlə Iş Departamentinə ünvanlanmış ##.##.2024-cü il tarixli, **** nömrəli cavab məktubuna əsasən Bakı şəhəri ** saylı notariat ofisində mərhum X4 vərəsəlik işi açılmışdır, lakin vərəsələr müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edə bilmədiyindən vərəsəlik şəhadətnaməsi verilməmişdir.

6. Iş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən X4 “xxxx” ASCyə ##.##.2022-ci il tarixli, CL-EE********* nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə 8438.05 manat əsas, vəfat etdiyi tarixə 47.67 manat faiz borcu yaranmışdır.

7. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsindən ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olan məktubuna əsasən X4 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə X4 arasında ##.##.2022-ci il tarixdə bağlanmış CL- EE********* nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 8.438,05 manat, borc alanan vəfat etdiyi tarixə yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 47,67 manat olmaqla, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 104,86 manatın, ödənilmiş bank xidmət haqqının əvəzinin – 0,40 manat məbləğində pulun mərhum borcalanın vərəsəsi olan bacısından, iş üzrə cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin “Nəsimi” filialı ilə X4 arasında bağlanmış CL-EE********* nömrəli, ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə 9100 manat məbləğində elektron təsdiq yolu ilə (OTP) kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kreditin məbləğini və ona hesablanan faizləri ödəməlidir. X9 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş **** nömrəli məktubdan görünür ki, X4 adına Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh X4 ##.##.2025-ci il tarixədək kredit üzrə banka borcu 8438.05 manat əsas borc, vəfat etdiyi tarixə ödənilməmiş faiz borcu 47.67 manat olmaqla, cəmi 8485.72 manat təşkil edir. Cavabdeh mərhum X4 qalmış mirası qəbulu barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə ##.##.2025-ci il tarixində *-*-**/*-****/**** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, mərhum bacısı X4 vərəsəsi olaraq notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə versə də, bacısının adına heç bir əmlak olmadığından vərəsəlik şəhadətnaməsi almadığını, miras olaraq heç bir əmlak əldə etmədiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh (X4 qanun üzrə vərəsəsi) 8438,05 manat əsas borc, 47,67 manat faiz borcu olmaqla, cəmi 8485,72 manat və dövlət rüsumu olaraq ödənilmiş 104.86 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASCyə ödənilməsi qət edilmişdir (hakim Aydan Oruclu).

12. Məhkəmə qeyd etmişdir ki, mərhumun vərəsəsi olan bacısı – iş üzrə cavabdeh, mirasın qəbulu ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etsə də, bacısının adına heç bir əmlak olmadığından “Vərəsəlik şəhadətnaməsi” almadığını, miras olaraq heç bir əmlak əldə etmədiyini bildirsə də, mirasın formal və ya qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

13. Məhkəmə daha sonra qeyd etmişdir ki, iş üzrə cavabdeh, mərhum bacısının hər hansı əmlakının olmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsə miras qoyanın kreditorlarının mənafelərini tam ödəməyə borcludur.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 399, 425, 442, 448, 739, 741, 1133, 1151, 1255, 1306, 1307-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum bacısı öldükdən sonra mirasın qəbulu ilə bağlı, o və digər bacısı X8 notariat ofisinə müraciət etmişlər. Ruhiyyə Həsənova mirasdan cavabdehin xeyrinə imtina etməsi barədə ərizə yazsa da, məlum olmuşdur ki, mərhumun adına heç bir əmlak mövcud deyildir. Bu səbəbdən də o, heç bir əmlak əldə etməmiş və “Vərəsəlik şəhadətnaməsi” almamışdır. Buna görə də o, mərhumun banka olan borcları ilə bağlı iddia tələbini qəbul etmir. Lakin Rayon Məhkəməsi qeyd edilən halları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir (hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə).

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarına və Mülki Məcəllənin 1306-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Odur ki, cavabdeh onun bacısı Lamiyə Hüseynəliyevanın sağlığında iddiaçı bank ilə bağladığı “Kredit müqaviləsi” üzrə yaranmış borcu Banka ödəməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh mərhumun adına reyestrdə qeydə alınmalı olmayan əmlakların olmadığını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1151, 1153, 1306, 1307-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətlərinin dəlilləri

21. Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri ** saylı notariat ofisinə ünvanlanmış ##.##.2023-cü il tarixli ərizəyə əsasən Cavabdeh ##.##.2023-cü il tarixdə onun Bakı şəhəri, Alatava 1 D/K ünvanda yaşayan bacısı X4 ölməsini bildirmiş, vərəsəlik işinin açılmasını xahiş etmişdir. Lakin hər hansı miras əmlakı olmadığı üçün vərəsəlik haqqında şəhadətnamə verilməmişdir.

23. Kassasiya şikayətində daha sonra qeyd edilmişdir ki, məhkəmələr Mülki Məcəlləsinin 1307.1-ci maddəsini hazırkı mübahisəyə düzgün tətbiq etməmişlər. Həmin normaya əsasən, ümumi qayda kimi miras qoyanın borclarının mirasdan çox olmasını sübut etmək vəzifəsi vərəsənin üzərinə düşür, lakin mirasın notarius tərəfindən siyahıya alındığı hallarda bu sübut yükü istisna edilir və vərəsədən belə sübutların təqdim edilməsi tələb olunmur. Beləliklə, hüquqi nəticənin tətbiqi mirasın notariat qaydasında siyahıya alınıb-alınmaması faktından asılıdır və bu hal mövcud olduqda məhkəmənin vərəsədən əlavə sübutlar tələb etməsi qanunun mahiyyətinə ziddir.

b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

28. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

29. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarında Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarına istinad edilərək qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Plenum qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edilir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

40. Hazırkı işin hallarına nəzər saldıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada və zəruri həddə araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Kassasiya şikayətinin Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinin düzgün tətbiq edilməməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən maddi hüquq normasının (hazırda qüvvədən düşmüşdür) dispozisiya şərtinə görə, vərəsələr tərəfindən kreditorların təmin edilməsi ilə bağlı mübahisələrin həlli zamanı sübutetmə yükü birmənalı olaraq vərəsənin üzərinə düşür. Həmin maddədə bu ümumi qaydadan yalnız bir istisna hal nəzərdə tutulmuşdur ki, bu da miras əmlakın notarius tərəfindən siyahıya alınmasıdır. Hazırkı işin hallarından belə siyahıya almanın olmadığı müəyyən edilir. Bu baxımdan, maddənin məzmunundan da göründüyü kimi, vərəsə miras qoyanın hər hansı miras əmlakının olub olmamasını sübut etmək vəzifəsi daşımış, lakin miras qoyanın miras əmlakının olmamasını məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Qeyd edilməlidir ki, əmlakın notarius tərəfindən siyahıya alınmaması hələ miras əmlakın mövcud olmaması anlamına gəlmir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mirasın formal və ya qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Artıq qeyd edildiyi kimi, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar