Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-481/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2008-ci il tarixli, *** saylı “Uzunmüddətli kredit müqaviləsi”nə əsasən Bank tərəfindən Cavabdeh 180 ay müddətinə 165.600 manat kredit verilmişdir.
2. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, kredit borcalan Cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının “A” blokundan ** saylı mənzilin alınması üçün verilmişdir. Həmin müqavilənin 1.4.1-ci maddəsinə əsasən alınacaq yaşayış sahəsi eyni zamanda ipoteka predmetidir.
3. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında ##.##.2008-ci il tarixdə bağlanması qeyd edilən ***/* nömrəli “İpoteka müqaviləsi” ilə həmin müqavilədə ##.##.2008-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh ayrılmış 165.600 manat kreditin təminatı üçün həmin mənzilin sonuncu tərəfindən Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi nəzərdə tutulmuşdur.
4. xxxx” MTK ilə Cavabdeh arasında ##.##.2008-ci il tarixdə bağlanması qeyd edilən ***/R nömrəli müqavilə ilə MTK, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə inşa etdiyi 2-ci yaşayış binanın “A” blokunda yerləşən ** saylı mənzili 165.600 manata Cavabdeh satmış, sonuncu isə mənzilin dəyərini MTK-ya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.
5. ##.##.2023-cü il tarixli “Maliyyə arayışına” əsasən, Cavabdeh həmin “Kredit müqaviləsinə” əsasən Banka 165.600 manat əsas borcu, 1.955 manat faiz borcu olmaqla, ümumilikdə 167.555 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı) məhkəmədə cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı, iddia tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə əsaslandırmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim F.Əlizadə) iddiaçının cavabdehə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satış qiymətinin müəyyən edilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, vəsait kifayət etməzsə, qalan borcun cavabdehdən tutulması və əmlak satılıb boşaldıldıqdan sonra onun alıcıya təhvil verilməsi” barədə iddiası rədd edilmişdir.
9. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2008-ci il tarixli, *** saylı kredit müqaviləsi üzrə 165.600 manatın məxaric edilməsi və cavabdehə təqdim edilməsi sübuta yetirilmir, bu barədə Bank tərəfindən müvafiq kassa əməliyyatlarına dair sənədlər məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, Bankın tərəfindən təsdiq edilmiş ##.##.2013cü il tarixli arayışa əsasən, cavabdehin Banka ##.##.2013-cü il tarixə hər hansı borcunun olmadığı qeyd edilmişdir. İddiaçı tərəf iddia edir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Belə olan halda ##.##.2013-cü il tarixdə Bank tərəfindən cavabdehin Banka hər hansı borcunun olmaması barədə rəsmi sənədin verilməsi anlaşılan deyildir. Əgər kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmişsə hakimin daxili inamının formalaşması nöqteyi-nəzərdən ötən 16 il ərzində öhdəliyin pozulması əsası ilə Bank tərəfindən məhkəməyə müvafiq iddia ərizəsi ilə iddia qaldırılmaması da anlaşılan deyildir.
11. İddiaçı Bankın nümayəndəsi arqument olaraq bildirmişdir ki, sözügedən kredit müqaviləsi üzrə bütün sənədlər məhv edilmiş, müvafiq məxaric qəbzləri arxivdə saxlanılmamışdır. Sözügedən arqumentə münasibətdə məhkəmə bildirmişdir ki, yalnız icra edilmiş öhdəliklər üzrə sənədlərin 5 ildən sonra məhv edilməsi yolveriləndir. İcra edilməmiş öhdəlik üzrə sənədlərin məhv edilməsi Mərkəzi Bankın müvafiq qaydalarına ziddir.
12. İddiaçı bildirir ki, İddiaçı ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş ##.##.2013-cü il tarixli arayışda həmin tarixə borcun olmaması qeyd edilmişdir. Məhkəmə arqumentə münasibətdə bildirmişdir ki, həmin tarixdə Bank deməsinə görə kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 5 il müddət idi ki, öhdəlik icra edilmirdi. Cavabdehin icra edilməmiş yüklü miqdarda kredit öhdəliyi var idisə, belə formada arayışın verilməsinin təkzib edilməsi, arayışın bilavasitə Bankın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilməsinə baxmayaraq həqiqətə uyğun olmaması, saxta sənəd olması iddiaçı tərəfindən sübuta yetirilməmiş və bu barədə əsaslı mülahizələr bildirilməmişdir.
13. Məhkəmə arayışla bağlı qeyd etmişdir ki, əgər arayış üzrə məhz müvafiq hesaba dair borcun olmaması qeyd edilirsə də, cavabdehin əgər Bankda başqa hesabı, öhdəliyi, kredit müqaviləsi var idisə, bu barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir ki, həmin arayışın mübahisə predmeti üzrə kredit müqaviləsinə deyil, başqa bir öhdəlik üzrə (kredit müqaviləsi, bank hesabı və s.) təqdim edilməsi müəyyən edilsin. İddiaçı arqument olaraq bildirir ki, 16 ildən sonra iddia ərizəsi ilə məhkəməyə ona görə müraciət edilmişdir ki, Bankın hüquqşünasları tərəfindən iddialar vaxtı çatmış öhdəliklər üzrə tərtib edilərək məhkəməyə təqdim edilir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dediyi kimidirsə, onda kredit müqaviləsi üzrə müvafiq kassa əməliyyatlarına dair sənədlər, məxaric qəbzləri məhv edilməməli, saxlanılmalı idi. Nəzərə alınır ki, 2008-ci il elektronlaşmanın geniş yayıldığı, Bank sistemində kargüzarlığa ciddi əməl edildiyi yaxın keçmişdir.
15. Bundan əlavə, İddiaçı ASC 2016-cı ildən etibarən ləğv prosesinə daxil olmuşdur. Həmin tarixə qədər və həmin tarixdən sonra Bank güclü iqtisadi aparat olaraq Bank kimi borcluların öhdəliklərini təftiş etməli və kredit müqaviləsi üzrə öhdəlik icra edilmirdisə, bu barədə müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət etməli idi. Bununla bağlı tələbin ipoteka predmetinə yönəldilməsi barədə ipoteka saxlayanın qanundan doğan müvafiq hüquqları vardır. Lakin, hər hansı hüquqi hərəkət həyata keçirilməmişdir. 16.Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən elementlərdən biri, ipoteka müqaviləsinin notarial qaydada bağlanmaması xüsusatı müəyyən edilir. Deməli, tərəflər arasında bağlanmış ## ### 2008-ci il tarixli, ***/* nömrəli ipoteka müqaviləsi notarial qaydada bağlanmadığından etibarlılıq şərti kimi forma şərtinə cavab vermir və bu səbəbdən, etibarsız hesab edilir.
17. Bundan əlavə, kredit müqaviləsi üzrə əsas öhdəlik mövcud olmadığından, ipoteka aksessor öhdəlik kimi əsas öhdəliyin təminatı olaraq qüvvəyə minməmiş, tərəflər arasında ipoteka qoyan və ipoteka saxlayan kimi hüquq münasibətləri yaranmamışdır.
18. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 307.7, 317.1, 337.1, 337.2, 337.3, 337.4, 340.1, 340.2, 739, 741-cü maddələrinə, habelə “İpoteka haqqında” AR Qanunun 34.1.1 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, “Hesabdan çıxarışdan” görünür ki, kredit borcuna görə cavabdeh tərəfindən ##.##.2008-ci ildə 1.000 manat, ##.##.2008- ci ildə 1.000 manat, ##.##.2008-ci ildə 1.000 manat, cəmi 3.000 manat ödənişlər edilmişdir. Bu hal “Mərkəzi kredit reyestrindən” verilmiş çıxarışla da təsdiq olunur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. ##.##.2008-ci il tarixli “Kredit müqaviləsi” üzrə cavabdehə kredit məbləğinin verilməsini təsdiq edən “Kassa məxaric qəbzi” və “Kredit müqaviləsi” üzrə hissə-hissə cəmi 3.000 manatın Banka ödənilməsi barədə “Kassa mədaxil qəbzləri” Bankda saxlanılan sənədlər sırasında olmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən, məruzəçi), Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, ##.##.2008-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən Bank tərəfindən cavabdehə 165.600 manat kredit vermişdir. Cavabdeh isə həmin məbləği almadığını bildirmişdir. Belə olan halda, ##.##.2008-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 165.600 manatın verilməsini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür.
23. Belə ki, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur.
24. Məhkəmə kollegiyası iddiaçı tərəfindən kredit müqaviləsi üzrə pulu cavabdehə təhvil verməsini təsdiq edə biləcək “Kassa məxaric orderi” və Banka hissə-hissə 3.000 manatın ödənilməsini təsdiq edə biləcək “Kassa mədaxil orderləri”, onların saxlama müddətləri başa çatdığı üçün ##.##.2016-cı il tarixdə məhv edilmişlər.
25. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, AR Milli Bankı ilə razılaşdırılmış və AR Nazirlər Kabineti Yanında Baş Arxiv İdarəsi tərəfindən ##.##.2001-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 2.5-ci maddəsinə əsasən, sənədlərin saxlanma müddəti kargüzarlıq başa çatdıqdan sonrakı ilin 1 yanvarından hesablanır. Müştərinin eyniləşdirilməsi və əməliyyatları təsdiq edən sənədlərin saxlanma müddəti isə münasibətlərə xitam verildikdən və ödənişlər tamamlandıqdan sonra başlanır. Təlimata əlavə edilmiş “Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə siyahı”nın 42-ci bəndinə görə, kredit müqavilələri və onların icrasını təsdiq edən sənədlər kredit ödənildikdən və ya balansdan silindikdən 5 il sonra məhv edilə bilər. Bu tələblər Bankın ##.##.2008-ci il tarixli kredit müqaviləsi üzrə mövqeyinə tətbiq edildikdə müəyyən olunur ki, qeyd olunan kassa məxaric və mədaxil orderləri məhv edilə bilməz.
26. Beləliklə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin sübutlar məhv edilibsə, bunun məsuliyyəti iddiaçı tərəfin üzərinə düşmüşdür.
27. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bankın “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutulması barədə” iddiası Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəsillərin tələbləri baxımından əsaslı hesab edilə bilməz və birinci instansiya məhkəməsi bu iddianı təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
28. Həmçinin məhkəmə kollegiyası ipoteka müqaviləsinə münasibətdə hesab etmişdir ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanması qeyd edilən ##.##.2008-ci il tarixli “İpoteka müqaviləsi” notariat qaydasında bağlanmayıb, ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmayıb. İddiaçı Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbi əsaslı hesab edilə bilməz və birinci instansiya məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 307.7, 317.1, 337.1, 337.2, 337.3, 337.4, 340.1, 340.2, 739, 741-ci maddələrinə, habelə “İpoteka haqqında” AR Qanunun 34.1.1 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, “xxxx” MTK ilə cavabdeh arasında mübahisəli mənzilin sonuncu tərəfindən alınması məqsədilə ***/R nömrəli müqavilə imzalanmışdır. Cavabdeh iddiaçıya yazılı ərizə ilə müraciət edərək ona 15 il müddətinə 165.600 manat kredit verilməsini xahiş etmişdi. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödəniş həyata keçirmək niyyəti ilə müqavilələri imzaladığı aydın olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdi ki, AR Milli Bankının İdarə Heyəti sədrinin müavini – Mərkəzi Komissiyanın sədri ilə ##.##.2001-ci il tarixdə razılaşdırılmış və AR Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi tərəfindən ##.##.2001-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 2.5-ci maddəsinə əsasən, iş və sənədlərin saxlanma müddəti onların kargüzarlıq müddəti başa çatdığı ildən sonrakı ilin yanvar ayının 1dən hesablanırdı. Məsələn, 2000-ci ildə kargüzarlıq müddəti başa çatmış işlərin saxlanma müddəti 2001-ci il ######ın #-dən hesablanırdı. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlərin saxlanma müddəti müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər başa çatdıqdan sonra hesablanırdı.Həmin Təlimata edilmiş “Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə siyahı” adlı * saylı əlavənin 42-ci bəndinin tələbinə görə, kreditlərin verilməsi üzrə sənədlər – kredit müqavilələri, ödəniş sənədləri, müqavilənin yerinə yetirilməsini təsdiq edən sənədlər və s. kredit ödənildikdən və ya balansdan silindikdən 5 il keçdikdən sonra məhv oluna bilərdi. Qeyd edilən Təlimatın və ona edilmiş * saylı əlavənin tələbləri Bankın mövqeyinə, yəni ##.##.2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməməsi iddiasına tətbiq edildikdə müəyyən olunmuşdu ki, “kassa məxaric orderləri” və Banka hissə-hissə 3.000 manatın ödənilməsini təsdiq edə biləcək “kassa mədaxil orderləri” məhv edilə bilməzdi. Əgər həmin sənədlər- sübutlar məhv edilmişdisə, bunun məsuliyyətini iddiaçı tərəf özü daşımalı idi. İş materiallarından göründüyü kimi, tərəflər arasında ##.##.2008-ci il tarixdə bağlanmış *** nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 180 ay müddətinə 165.600 manat məbləğində kredit verilmişdi. Həmin kredit müqaviləsi üzrə cavabdeh müxtəlif tarixlərdə ödənişlər etmişdi. Belə ki, iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunan hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən ##.##.2008-ci ildə 1.000 manat, ##.##.2008-ci ildə 1.000 manat və ##.##.2008-ci ildə isə 1000 manat ödənişlər edilmişdi. Buna dair bütün sübutlar, tərəflər arasında bağlanmış müqavilələr, cavabdeh tərəfindən kreditin alınması üçün yazılmış ərizələr, maliyyə arayışı, hesabdan çıxarış və Mərkəzi Kredit Reyestrindən çıxarış məhkəməyə təqdim olunmuşdu. Həmçinin qeyd edilmişdi ki, kredit müqaviləsinə əsasən cavabdehin kredit borcunun ödənilməsi istiqamətində hərəkətləri, ödəniş tarixləri və kredit vəsaitinin cavabdehə verilməsi hazırkı mülki iş üzrə təkzibedilməz sübut kimi qiymətləndirilməli idi. Bildirilmişdi ki, sözügedən ödənişlər az məbləğ təşkil etmirdi və heç bir əsas olmadan hər hansı üçüncü şəxs tərəfindən borclunun əvəzinə ödəniş edilməsinin iqtisadi və hüquqi məntiqi mövcud deyildi. Nəticə etibarilə, məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsinin əsassız olduğu qənaətinə gəlinmişdi.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
34. Maddə 307.7 İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
35. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
36. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
38. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
55. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ##.##.2008-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən Bank tərəfindən cavabdehə 165.600 manat kredit vermişdir. Cavabdeh isə həmin məbləği almadığını bildirmişdir. Belə olan halda, ##.##.2008-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 165.600 manatın verilməsini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür.
56. Belə ki, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur.
57. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən kredit müqaviləsi üzrə pulu cavabdehə təhvil verməsini təsdiq edə biləcək “Kassa məxaric orderi” və Banka hissə-hissə 3.000 manatın ödənilməsini təsdiq edə biləcək “Kassa mədaxil orderləri”, onların saxlama müddətləri başa çatdığı üçün ##.##.2016-cı il tarixdə məhv edilmişlər.
58. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, AR Milli Bankı ilə razılaşdırılmış və AR Nazirlər Kabineti Yanında Baş Arxiv İdarəsi tərəfindən ##.##.2001-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 2.5-ci maddəsinə əsasən, sənədlərin saxlanma müddəti kargüzarlıq başa çatdıqdan sonrakı ilin 1 yanvarından hesablanır. Müştərinin eyniləşdirilməsi və əməliyyatları təsdiq edən sənədlərin saxlanma müddəti isə münasibətlərə xitam verildikdən və ödənişlər tamamlandıqdan sonra başlanır. Təlimata əlavə edilmiş “Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə siyahı”nın 42-ci bəndinə görə, kredit müqavilələri və onların icrasını təsdiq edən sənədlər kredit ödənildikdən və ya balansdan silindikdən 5 il sonra məhv edilə bilər. Bu tələblər Bankın ##.##.2008-ci il tarixli kredit müqaviləsi üzrə mövqeyinə tətbiq edildikdə müəyyən olunur ki, qeyd olunan kassa məxaric və mədaxil orderləri məhv edilə bilməz.
59. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin sübutlar məhv edilibsə, bunun məsuliyyəti iddiaçı tərəfin üzərinə düşmüşdür. İddiaçı öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bankın “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutulması barədə” iddiası Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəsillərin tələbləri baxımından əsaslı hesab edilə bilməz və birinci instansiya məhkəməsi bu iddianı təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
60. Həmçinin apellyasiya instansiyası məhkəməsi ipoteka müqaviləsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanması qeyd edilən ##.##.2008-ci il tarixli “İpoteka müqaviləsi” notariat qaydasında bağlanmayıb, ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmayıb. İddiaçı Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbi əsaslı hesab edilə bilməz və birinci instansiya məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur.
61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.