Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-486/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi əsası ilə pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. ## #### 2023-cü il tarixli müqavilə ilə “xxxx” MMC (icraçı) Iddiaçı (sifarişçiyə) məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma sisteminin və yanğın təhlükəsizliyi quraşdırılmasını öhdəsinə götürmüşdür.
2. “xxxx” MMC-nin blankında tərtib olunmaqla, direktoru X2 və Iddiaçı tərəfindən imzalanmış ## #### 2023-cü il tarixli razılaşmaya əsasən ## #### 2023-cü il tarixli Müqavilə üzrə havalandırma sisteminə görə 20000 ABŞ dolları, ilkin olaraq 10000 ABŞ dolları ödənilməsi, qalan məbləğin isə iş təhvil veriləndə ödəniləcəyi razılaşdırılmışdır. Həmin razılaşmanın aşağı hissəsində əl yazısı aparılan, X2 və Iddiaçı tərəfindən imzalanmış ## ######## 2023-cü il tarixli qeyddən görünür ki, Layihənin dəyişməsinə görə işlərin ümumi məbləği 46000 manat müəyyən olunmuş, 34000 manat ilkin olaraq ödənilmiş, noyabr ayının 20-sinə kimi kondisioner və havalandırmanın tam təhvil veriləcəyi, tam məbləğin iş bitdikdən sonra ödəniləcəyi razılaşdırılmışdır.
3. “xxxx” MMC və Iddiaçı tərəfindən təsdiq edilmiş ## #### 2024-cü il tarixli akta əsasən Fiziki şəxs Iddiaçı ## ###### 2024-cü il tarixində şirkətə etdiyi müraciət əsasında “xxxx” MMC-nin ustası XXX, “xxxx” MMC-nin mühəndisi XXX və mühəndis XXXdan ibarət mütəxəssis heyətinin tərkibi təyin olunmuş, həmin heyət tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektə baxış keçirilərək, orada kondisionerləşdirmə və havalandırma işləri ilə bağlı görülən işlərin qiymətləndirilməsi aparılaraq, müvafiq cədvəl tərtib edilmiş, o cümlədən şəffaflığın təmini üçün daha öncədən obyektdə foto və video çəkiliş aparılaraq akta əlavə edilmişdir. Aktdakı cədvəldən görünür ki, həmin qeyri-yaşayış obyektində havalandırma üzrə cəmi 11895 manat, kondisionerləşdirmə üzrə isə cəmi 4650 manat olmaqla, ümumilikdə 16545 manat dəyərində işlər görülmüşdür.
4. “xxxx” MMC-nin (icraçı) direktoru X1 və fiziki şəxs Iddiaçı (sifarişçi) arasında ## #### 2024-cü il tarixdə imzalanmış müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə ona məxsus binalarda isitmə və soyutma sisteminin quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətləri qəbul etməyi və bu müqavilənin əlavələrində müəyyən edilmiş qayda və şərtlərlə onları ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin * saylı Əlavəsindən (qiymət razılaşma protokolu) görünür ki, quraşdırılacaq avadanlıqların, materialların və görüləcək işlərin dəyəri cəmi 28005,30 manat təşkil edir. Həmin müqavilənin * saylı Əlavəsindən (qiymət razılaşma protokolu) görünür ki, quraşdırılacaq avadanlıqların, materialların və görüləcək işlərin dəyəri cəmi 3966,20 manat təşkil edir.
5. “xxxx” ASC-nin ödəniş tapşırıqlarına əsasən, Iddiaçı “xxxx” MMC-nin hesabına ## ##### 2024-cü il tarixdə 28005,30 manat, ## ##### 2024-cü il tarixdə isə 3966,20 manat köçürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Iddiaçı iddia ərizəsi ilə, sonra əsl olmayan cavabdehin əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən vurulmuş 31.971,50 manat dəyərində zərərin, 27.140 manat cərimə məbləğinin, 5.000 manat mənəvi zərərin və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının, cəmi – 64.411,50 manat pulun və ödənilmiş 283,24 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə havalandırma və soyutma sistemlərinin quraşdırılmasına zərurət yarandığından “xxxx” MMC-nin direktoru X2 ilə danışıqlar aparmış və sonda XXX ona bildirmişdir ki, havalandırma sistemlərinin quraşdırılması üçün şirkətin xüsusi lisenziyası var, eyni zamanda soyutma sistemlərinin quraşdırılması da onun tərəfindən həyata keçirilir. Rəhbərlik etdiyi şirkət qeyd edilən işləri tam keyfiyyətli və zəmanətlə icra edir və sonda təsdiq edilmiş layihəni ona təqdim edəcəkdir. Iddiaçı bu təkliflə razılaşmış, aralarında ## #### 2023-cü il və ## #### 2023-cü il tarixli müqavilələr tərtib edilmişdir. Razılaşmaya əsasən ## ###### 2023-cü ilin sonuna işlər tam şəkildə təhvil veriləcək. Cavabdehin direktoru ilkin olaraq bildirmişdir ki, görüləcək işlərin dəyəri 34.000 manat təşkil edir, 17.000 manat iş başlayanda, qalan 17.000 manat isə işin yekununda ödəniləcəkdir. Iddiaçı bununla razılaşmışdır. Bir müddət sonra iddiaçı müəyyən etmişdir ki, işlər olduqca ləng gedir. Tərəfindən işlərin görülməsinə nəzarət etdiyindən məlum oldu ki, nəzərdə tutulan işlərin heç 50% görülməyib. Aydın olmuşdur ki, XXX heç də bu işin mütəxəssisi deyil, bu ümumiyyətlə ona yad bir sahədir. Bu barədə irad bildirəndə, cavabdeh tərəf göstərmişdir ki, bir az maddi çətinliklər var, qısa zamanda yekunlaşdıracaq. Ancaq iddiaçı onun bu fikri ilə razılaşmamış, işlər görülən əraziyə XXX və XXX adlı mütəxəssisləri dəvət etmişdir. Mütəxəssislər görülən işlərə baxış keçirib bildirdilər ki, görülən işlər normativ qaydalara cavab vermir. Bundan sonra razılaşdılar ki, mütəxəssislər XXX və XXX tərəfindən layihə tərtib edilsin, həmin layihə əsasında işlər davam etdirilsin. Mütəxəssislər tərəfindən layihə tərtib edilərək, XXXə təqdim edildi. XXX isə təqdim edilən layihə əsasında qiymətləndirmə hazırlayıb bildirdi ki, görüləcək işin ümumi dəyəri ilkin razılaşma olaraq müəyyən edilən 34.000 manatdan artaraq 46.000 manat təşkil edir. Bildirdi ki, 12.000 manat artıq pul ödəməlidir. Iddiaçı yenə də razılaşdı. XXX ondan işin davam etdirilməsi üçün əlavə olaraq 17.000 manat pul istədi. O da, nəzərdə tutulan işlər yarımçıq qalmasın deyə yenidən 17.000 manat pul verdi. Lakin, buna baxmayarq işlər yenə vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilmədi. Onunla yenidən görüşüb işlərin təhvil verilməsini tələb etdikdə, cavabdeh tərəf əlavə vəsaitə ehtiyac olduğunu bildirdi. Bildirdi ki, 4.000 manat olarsa işləri bir həftəyə tam şəkildə təhvil vermək olar. O, yenidən ona əlavə olaraq 4.000 manat pul verdi. Ümumilikdə iddiaçı 38.000 manat ödəniş etdi. Lakin, buna baxmayaraq XXX yenə də nəzərdə tutulan işləri razılaşdırılmış müddətdə və qaydada təhvil vermədi. X4 aralarında mübahisə yarandı. Tərəfindən yenidən həmin qeyri-yaşayış sahəsinə mütəxəssislər dəvət edildi və müəyyən edildi ki, XXX tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndini pozaraq, ümumiyyətlə nə elektrik naqillərini, nə havalandırma borularını ümumiyyətlə heç bir görülən işləri qaydalara uyğun şəkildə həyata keçirməmiş, nəticədə müqavilənin icrasını tam şəkildə yerinə yetirməmişdir. Nəticədə iddiaçıya zərər vurmuşdur. XXXin təqsiri üzündən işlər keyfiyyətsiz və yarımçıq görüldüyündən tərəfindən “xxxx” MMC ilə ## #### 2024-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” bağlanmışdır. Eyni zamanda, ## #### 2024-cü il tarixli müqaviləyə 1 və * saylı Əlavələr (Qiymət razılaşma protokolları) edilmişdir. Qiymət razılaşma protokollarına əsasən görüləcək işlərin dəyəri ümumilikdə 31.971,50 manat təşkil edir. Halbuki, ## #### 2024-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”ndə göstərilən işlərin və Qiymət razılaşma protokollarında qeyd edilən avadanlıqların alınmasına çəkilən xərclərin dəyəri XXXə ödənilmişdir. XXX ona ödədiyi pullar əsasında həmin işləri tam şəkildə ona təhvil verməli idi. Göründüyü kimi, XXXin təqsiri üzündən iddiaçıya 31.971,50 manat zərər dəymişdir. Bundan əlavə, XXX ## #### 2023-cü il tarixli müqavilə üzrə üzərinə öhdəlik götürüb ki, işləri müqavilədə göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5% həcmində cərimə ödəyir. Işin faktiki hallarından göründüyü kimi XXXlə ## #### 2023-cü il və ## #### 2023-cü il tarixli müqavilələr tərtib edilmiş, aralarında olan razılaşmaya əsasən ## ###### 2023-cü ilin sonuna işlər tam şəkildə təhvil veriləcək. Lakin, ## #### 2024-cü il tarixə kimi (“xxxx” MMC ilə müqavilə bağlanan müddətə) onun tərəfindən müqavilə üzrə öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. 46.000*0,5=230 manat (bir günə düşən faiz məbləği): 230*118 günə = 27.140 manat. Nəticədə vurulmuş zərərlə yanaşı, cavabdehin 27.140 manat cərimə borcu da yaranmışdır.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında havalandırma sisteminin quraşdırılması ilə bağlı podrat müqaviləsi bağlanmış və müqavilənin icrasını cavabdeh yerinə yetirmişdir. Həmçinin işlərin yerinə yetirilməsi zamanı sifarişçi tərəfindən əlavə tələblər irəli sürülmüş, həmin tələblər əsasında öz mütəxəssisləri layihə hazırlamış, həmin layihə əsasında işlərin icrası yenə də cavabdehə həvalə edilmişdir. Görülmüş işlər iddiaçının öz layihəsi əsasında aparılmış və xidmət ona uyğun qaydada həyata keçirilmişdir. Iddiaçı tərəfindən cavabdehin xidmətində qüsur olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Iddiaçı tərəfindən əsas kimi işlərin qaydaya uyğun yerinə yetirilmədiyi bildirilsə də, həmin qaydaların nədən ibarət olduğunu, hansı qaydaların pozulduğunu bildirməmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində isitmə və soyutma (havalandırma) sistemində görülən işlər smetada ətraflı göstərilmişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılan işlərlə iş materiallarında olan **/b saylı ## #### 2024-cü il tarixli aktda əks olan işlərlə müqayisə aparılan zaman, iş materiallarında olan **/b saylı ## #### 2024-cü il tarixli aktda göstərilən iş xidmətlərə (avadanlıqların və materialların) uyğun gəldiyi müəyyən edilir. Qeyd olunur ki, sərf edilmiş materialların həcmi smetasında ətraflı göstərilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən 19.971,5 manat məbləğində maddi zərər, 27.140 manat məbləğində cərimə, 500 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 47.611,5 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 232 manat hissəsinin tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektində havalandırma sisteminin və yanğın təhlükəsizliyinin quraşdırılması işini 46.000 manat müXXXində cavabdehə həvalə edərək, buna görə ona 34.000 manat ödəniş etmişdir. Bununla belə, cavabdeh həmin işləri göstərilən vaxtda (## ###### 2023-cü il tarixədək) yekunlaşdırmamış, iş yarımçıq qaldığından iddiaçı işin icrasını üçüncü şəxsə (“xxxx” MMC-yə) tapşıraraq, görülən işlərin əvəzində ona 31.971,50 manat məbləğində ödənişlər etmişdir.
12. Nəticə etibarilə iddiaçı arzu etdiyi nəticəni əldə etmək (sözügedən işi tamamlamaq) üçün ümumilikdə 65.971,5 manat (34.000 manat + 31.971,50 manat) məbləğində xərc çəkməli olmuşdur. Halbuki, cavabdeh işi vaxtında və qaydalara uyğun icra etsə idi, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq sözügedən işə cəmi 46.000 manat sərf etmiş olacaqdı. Bu o deməkdir ki, iddiaçı nəticədə 19,971.5 manat zərərə məruz qalmışdır.
13. Məhkəmə, iddiaçının “27.140 manat cərimə məbləğinin cavabdehdən tutulması” tələbini də əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4-cü bəndində “icraçı xidmətləri bu müqavilənin 5.1-ci bəndində göstərilən müddət ərzində yerinə yetirə bilmədikdə, hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,5 %-i həcmində cərimə ödənilməlidir” nəzərdə tutulmuşdur. Tərəflər arasındakı sonrakı razılaşmaya əsasən müqavilədə nəzərdə tutulmuş işin ## ###### 2023-cü il tarixdə tam təhvil verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin işi həmin tarixədək təhvil vermədiyi mülki işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər mübahisələndirmirlər ki, onlar həmin işin icrasını 46.000 manata razılaşmışlar. Işdən həmçinin aydın olur ki, iddiaçı həmin işləri bundan 118 gün sonra – yəni, ## #### 2024-cü il tarixdə üçüncü şəxsə (“xxxx” MMC-yə) tapşırmışdır. Həmin günlər üçün hesablanan cərimə məbləği 27.140 manat təşkil edir (46.000 manat x 0,5% = 230 manat; 230 manat x 118 gün = 27.140 manat).
14. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin “5.000 manat mənəvi ziyanın ödənilməsi” hissəsini də qismən əsaslı hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə əsasında sözügedən işlərin icrasını cavabdehə həvalə edib buna görə müvafiq ödənişlər etsə də, cavabdeh həmin işi vaxtında icra etməmiş, buna görə iş aylarla icrasız qalmış, sonradan iş üçüncü şəxsə həvalə edilmiş və iddiaçı buna görə əlavə ödənişlər apararaq itirilmiş vaxtla yanaşı maddi zərərə də məruz qalmışdır. Cavabdeh, iddiaçının zərərini könüllü ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə, hüququn ümumi prinsiplərini və daxili hüquq düşüncəsini rəhbər tutaraq, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 500 manat məbləğində müəyyən edilməsini hazırkı mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab etmişdir.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21.1, 385, 425.1, 442, 451 və 448.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli qərarlarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008ci il tarixli * saylı Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılan ## #### 2023-cü il tarixli müqaviləyə nəzər salındıqda görünər ki, həmin müqavilədə isitmə və soyutma sistemlərinin deyil, yalnız havalandırma və yanğın siqnalizasiyasının quraşdırılması razılaşdırılmışdır. Həmin müqavilə üzrə cavabdeh qeyd edilən işləri tam olaraq görmüşdür. Kondisionerlə bağlı məsələ müqavilədə əksini tapmamışdır. Havalandırma sistemi qapalı məkanlarda hava dövranını təmin etmək, çirkli havanı çıxarıb məkanı oksigenli hava ilə təmin etməkdir. Isitmə sistemi isə soyuq havalarda temperaturu artıraraq məkanda rahat şərait yaratmaqdır. Soyutma sisteminin məqsədi isə qapalı məkanın sərinləndirilməsindən ibarətdir. Kondisionerləşdirmə sistemi isə havalandırma, isitmə və soyutma sistemlərinin birləşdirdiyi kompleks iqlim nəzarət sistemidir. Lakin, iddiaçı tərəfindən “xxxx” MMC ilə ## #### 2024-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi isitmə və soyutma sistemləri ilə bağlıdır. Həmçinin, ## #### 2024cü il tarixli akt da kondisionerləşdirmə və havalandırma sistemi ilə bağlı tərtib edilmişdir. Belə olan halda, müqavilə üzrə cavabdeh tərəfindən havalandırma və yanğın siqnalizasiyası işinin görülməsi iş üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası qarşısında bu cür əhəmiyyətli suallar qoyulmamışdır. Həmçinin, ekspert rəyinə nəzər yetirdikdə görürük ki, yalnız iddiaçı tərəfindən təqdim edilmiş akta əsasən rəy vermişdir. Lakin, sözügedən qeyri-yaşayış sahəsində isitmə və soyutma sistemlərinin ## #### 2024-cü il tarixli akta və ## #### 2024-cü il tarixli müqaviləyə uyğun gəlməsi heç bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin akt havalandırma və kondisionerləşmə sistemi ilə, müqavilə isə isitmə soyutma sistemi ilə bağlı tərtib edilmişdir. Hazırkı mübahisə isə cavabdehin ## #### 2023-cü il tarixli müqavilədə əks olunan işlərin cavabdeh tərəfindən görülüb-görülməməsi ilə bağlıdır. Lakin, mülki işin araşdırma istiqaməti isə iddiaçı ilə “xxxx” MMC arasında olan müqaviləyə uyğunluğun yoxlanılması istiqamətində gedir. Ona görə də, iş üçün əhəmiyyətli olan suallara aydınlıq gətirilməsi üçün əlavə ekspertiza təyin edilməli və ekspert qarşısında müvafiq suallar qoyulmalıdır. Ilkin olaraq iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə havalandırma sistemi və yanğın siqnalizasiyası ## #### 2023-cü il tarixli müqaviləyə uyğun olub-olmadığını yoxlamaq iş üçün vacib əhəmiyyətli məsələ idi. Belə ki, iddia tələbinin predmeti ondan ibarətdir ki, guya iddiaçı müqavilə üzrə işləri tam yerinə yetirmədiyinə görə iddiaçıya ziyan dəymişdir. Həmçinin, həmin ünvanda qeyd edilən işlərin ## #### 2023-cü il tarixli müqavilənin, yoxsa ## #### 2024-cü il tarixli müqavilənin - icra müddətində yerinə yetirildiyini müəyyən etmək üçün ekspertiza qarşısında suallar qoymalı idi. Bu səbəbdən məhkəməyə vəsatətlə müraciət edilmiş və iş üçün əlavə ekspertizanın keçirilməsi zərurəti əsaslandırılmışdır. Lakin, məhkəmə tərəfindən heç bir əsaslı səbəb göstərilmədən vəsatət rədd edilmişdir ki, bu da məhkəmənin işdə qərəzli olmasını göstərən hallardan biridir. Hazırda tərəflər arasında mübahisə müqavilədən əmələ gələn öhdəliklərlə bağlı olduğundan və tərəflər arasında bağlanmış müqavilənin 7.6-cı bəndində qeyd edilmişdir ki, tərəflər arasında razılaşma olmazsa tərəflər məhkəməyə müraciət edə bilər. Lakin, iddiaçı tərəfindən cavabdehə razılıq əldə edilməsi məqsədilə heç bir pretenziya məktubu göndərilməmiş və bununla bağlı ərizəyə heç bir sübut əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iş üzrə icraat baxılmamış saxlanılır. Bu səbəbdən məhkəməyə vəsatətlə müraciət edilmiş və hazırkı iş üzrə icraatın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Lakin, məhkəmə tərəfindən yenə əsaslı səbəb göstərilmədən vəsatət rədd edilmişdir və məhkəmə bir daha işdə qərəzli olduğunu, işə iddiaçının mövqeyindən yanaşdığını göstərmişdir. Eyni zamanda, iddiaçı ərizəsində cavabdehin ona vurduğu zərərlə yanaşı 27.140 manat cərimə borcu da yarandığını qeyd edir. Lakin işin faktiki hallarından aydın olur ki, müqavilə üzrə işlərin görülməsi cavabdeh tərəfindən tam və ya lazımi qaydada icra edilməməsi barədə iddiaçı tərəfindən cavabdehə hər hansı pretenziya (əvvəlcədən xəbərdarlıq) verilməmişdir. Iddiaçı qəsdən və qərəzli şəkildə bu haldan sui-istifadə edərək, cavabdehlə bağlanmış müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi məqsədilə başqa bir şəxslə - “xxxx” MMC ilə ## #### 2024-cü il tarixli müqavilə bağlamışdır. Belə ki, əgər cavabdeh tərəfindən ## ###### 2023-cü il tarixdə işlər tam görülməmişdirsə, hansı səbəblə iddiaçı işlərin görülməsini tələb etməmiş və ya ağlabatan müddətdə işlərin görülməsi üçün digər icraçı ilə müqavilə bağlamamışdır. Bütün bunlar göstərir ki, qeyd edilən hal üzrə cərimə borcunun uzun müddətə hesablanması açıq-aşkar sui-istifadəyə yol açır. Həmçinin məhkəmə tərəfindən tənasübsüz hesablanan cərimə məbləğinin azaldılması səlahiyyəti olmasına baxmayaraq həmin məsələyə münasibət bildirməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və F.Abdıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “mənəvi zərər olaraq 500 manat məbləğində pulun tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə cərimə olaraq 27.140 manat məbləğində pulun tutulması” hissəsində dəyişdirilmiş, cavabdeh “xxxx” MMC-dən dəbbə pulu olaraq 3.000 manat məbləğində pulun iddiaçı Iddiaçı xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış münasibətlərə verdiyi hüquqi dəyərləndirmə ilə razılaşaraq qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən ona öhdəliyin icrası üçün əlavə vaxt təyin edilmiş, eyni zamanda müvafiq məbləğdə ödəniş edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi müəyyən edilmiş əlavə müddət ərzində də icra etmədiyindən, iddiaçının öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək, qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
20. Belə ki, iddiaçı, cavabdehin üzərinə götürdüyü işi vaxtında və müqavilə şərtlərinə uyğun şəkildə icra etməməsi səbəbindən işlərin tam icrası üçün digər şirkətlə (üçüncü şəxslə) müqavilə bağlamağa məcbur qalmış, bunun nəticəsində əlavə vəsait sərf etmiş, nəticə etibarilə ümid etdiyindən daha artıq maliyyə yükünə məruz qalmaqla zərər çəkmişdir.
21. Iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdehin yerinə yetirməli olduğu işlərin ümumi dəyəri 46.000 manat təşkil etmişdir. Iddiaçı cavabdeh-podratçıya faktiki olaraq 34.000 manat məbləğində vəsait ödəsə də, sonuncu tərəfindən yalnız 16.545 manat məbləğində işlər yerinə yetirilmişdir.
22. Beləliklə də, görülməmiş işlərə görə cavabdeh özündə 17.455 manat məbləğində vəsait saxlamışdır.
23. Bundan başqa, müəyyən edilmişdir ki, cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində iddiaçı qalan işlərin tamamlanması üçün üçüncü şəxs ilə müqavilə bağlamağa məcbur olmuş və bunun üçün əlavə olaraq 31.971,5 manat məbləğində xərc çəkmişdir.
24. Nəticədə, işlərin faktiki tamamlanma dəyəri 48.516,5 manat təşkil etmişdir ki, bu da müqavilənin normal icrası zamanı nəzərdə tutulmuş 46.000 manat məbləği 2.516,5 manat üstələmişdir. Göstərilən fərq cavabdehin öhdəliyi pozması nəticəsində iddiaçıya vurulmuş real zərərdir.
25. Beləliklə, apellyasiya kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 19.917,5 (17.455+2.516,5) manat məbləğində pul tutmaqla haqlı olmuşdur.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ## ######## 2023-cü il tarixində tərəflər arasında 46.000 manat müXXXində kondisioner və havalandırma işlərinin icrası barədə razılıq əldə edilmişdir. Həmin razılaşma ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ## #### 2024-cü il tarixli müqavilənin predmeti olan işlərdən əlavə digər işlərin icra ediləcəyi müəyyən edilmiş, görüləcək işlərin dəyəri yenidən hesablanmışdır. Sözügedən ## ######## 2023-cü il tarixli razılaşma hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
27. Bundan başqa, **/b saylı ## #### 2024-cü il tarixli akt ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülmüş işlər üzrə smeta tərtib edilmişdir. Həmin aktda əks olunmuş işlərin dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci tarixli rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdehin görülmüş işlərin həcminin daha çox olması, dəyərinin düzgün müəyyən edilməməsi barədə irəli sürdüyü dəlillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakteri daşıyır.
28. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğinin 27.140 manat həddində müəyyənləşdirilməsi müqavilə şərtlərinə uyğundur.
29. Hazırkı işdən göründüyü kimi tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi halı üçün müqavilədə dəbbə pulunun tətbiq edilməsini əvvəlcədən müəyyən etməklə bu mexanizmi cavabdehə münasibətdə tətbiq ediləcək maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik də, yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
30. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğini 27.140 manat həddində müəyyənləşdirmişdir. Apellyasiya kollegiyasının qənaətinə görə həmin məbləğin iddiaçıya dəymiş zərərin məbləği ilə mütənasib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Bu baxımdan kollegiya iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi üzrə belə qənaətə gəlmişdir ki, tutulması tələb edilən dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 3.000 manat məbləğinədək azaldılmalıdır.
31. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə dəbbə pulunun cavabdehdən tutulması həm ədalət və mütənasiblik prinsiplərinə, həm də Mülki Məcəllənin 466-cı maddəsinin məzmununa tam uyğundur. Belə ki, bu məbləğ cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçının məruz qaldığı maddi itkiləri nəzərə alır və eyni zamanda cavabdeh üçün əsassız və həddindən artıq maliyyə yükü yaratmır.
32. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı qeyd etmişdir ki, müqavilə şərtlərinin hər pozuntusu mənəvi təzminatın ödənilməsi tələbinin irəli sürülməsinə əsas vermir. Müqavilə münasibətlərində tərəflərin əsas marağı iqtisadi xarakter daşıdığından, qanunvericilik müqavilə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi hallarını ümumiyyətlə mənəvi zərərin kompensasiyasına əsas kimi qəbul etmir. Nəzərə alınmalıdır ki, müqavilə şərtinin pozulması o zaman mənəvi təzminatın ödənilməsinə əsas ola bilər ki, müqavilənin şərti qeyri-maddi nemətlərə toxunmuş olsun və ya belə zərərin ödənilməsi qanunvericiliklə birbaşa nəzərdə tutulmuş olsun. Hazırkı mülki işin hallarından göründüyü kimi, iddiaçı tərəf cavabdehin üzərinə düşən müqavilə öhdəliklərini icra etməməsindən narazılığını bildirsə də, bu pozuntu iddiaçının qeyri-maddi hüquqlarına müdaxilə ilə bağlı olmamışdır. Cavabdehin öhdəliyi lazımi qaydada icra etməməsi iddiaçının əmlak hüquqlarına təsir etmiş, bu isə mülki hüquqda mənəvi zərərin əvəzinin ödənilməsinin əsasını təşkil etmir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mənəvi zərərlə bağlı tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticəni əsaslı hesab etməmişdir.
33. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 425, 442, 466, 752.1, 752.2, 759-cu, Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 88, 217.1, 217.3, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
34. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın dəbbə pulu və mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Iddia ərizəsinin bu hissədə məzmunu ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 465.1-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur.
36. Həmçinin, cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 770, 773-cü, Mülki Prosessual Məcəllənin 2.1, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
38. Belə ki, müqavilənin müvafiq bəndində açıq-aşkar göstərilmişdir ki, işlər 20 noyabr tarixinə qədər təhvil verilməli və əgər sifarişçi qüsur aşkar edərsə, 2 gün ərzində həmin qüsurun aradan qaldırılmasını tələb etməli idi. Iddiaçı görülmüş işdə qüsurun olması ilə bağlı heç bir pretenziya irəli sürməmiş və işin təhvil verilməli olduğu vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra, birbaşa məhkəməyə müraciət etmişdir. Işin faktiki hallarına Mülki Məcəllənin 770-ci maddəsini tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı tərəfindən işlər qəbul edilmiş sayılmalıdır. Lakin, buna baxmayaraq apellyasiya məhkəməsi göstərilən xüsusata nəzər yetirməmişdir. Həmçinin, iddiaçı tərəfindən qəbul edilmiş işlərdə qüsur olması ilə bağlı iddiaçı tərəfindən heç bir pretenziya irəli sürülməmişdir. Iddiaçı özü etiraf edir ki, görülən işlərin qüsurlu olduğunu bilmişdir. Belə olan halda, Mülki Məcəllənin 773-cü maddəsinin tələbləri baxımından cavabdeh tərəfindən görülən işlərdə qüsur olmuş olsa belə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Cavabdehin mütəxəssis cəlb edilməsi və onlarla müqavilə bağlanılıb yeni layihənin cavabdehə təqdim edilməsini bildirsələr də, iş materiallarından görünür ki, həmin müqavilə 2024-cü ilin sentyabrında bağlanılmışdır. Həmçinin, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi və cavabdehin blankında hazırlandığı ödənişin edilməsini göstərən ## #### 2023-cü il tarixli blankın özü də, etibarsızdır. Belə ki, iddiaçının iddia etdiyinə görə həmin blankda ## #### 2023-cü il tarixli müqavilə üzrə ödəniş və görüləcək işlər razılaşdırılmışdır. Demək həmin blank müqaviləyə əlavə hesab edilməlidir. Belə olan halda, həmin əlavə necə ola bilər ki, əsas müqavilədən əvvəl tərtib edilmişdir. Ona görə də, həmin sənəd də mötəbər sübut hesab edilə bilməz.
39. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
40. Kassasiya şikayətlərinə etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən müvafiq olaraq iddianın rədd olunan və təmin olunan hissələri qarşılıqlı olaraq mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassatorların dəlilləri üzrə tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002ci il tarixli qərarına əsasən: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində tərəflərin izahatları və təqdim olunan sübutlar əlaqəli şəkildə qiymətləndirilməklə, yekun nəticəyə gəlinmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
48. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquq qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunan işlərin lazımi qaydada icra edilməsinin və sifarişçiyə təhvil verilməsinin sübutetmə yükü podratçının üzərinə düşür. Lakin, cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.
49. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
50. Odur ki, öhdəliyin tam icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş zərərin cavabdehdən tutmaqla, işin faktiki hallarını araşdıran məhkəmələr Mülki Məcəllənin 770-ci maddəsinin tələbinə riayət etmişlər.
51. Iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, məhkəmə kollegiyası onları həmçinin əsassız hesab edir.
52. Belə ki, bu dəlillər mənəvi ziyanın və dəbbə pulunun tam tutulması ilə bağlıdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə dəbbə pulunun hesablayaraq, tutulmasını xahiş etsə də, apellyasiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsini düzgün tətbiq etməklə, tələb olunan məbləği tənasübsüz sürətdə yüksək hesab etmiş və bu məbləği azaltmışdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu kimi cavabdehdən iddiaçının xeyrinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə tutulan məbləğ iddiaçının mənafelərinə uyğundur.
55. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan müqavilə münasibətlərinin mahiyyətini, cavabdehin müqavilədən irəli gələn öhdəliklərini tam icra etməsə də, bu pozuntunun iddiaçının qeyri-maddi hüquqlarına müdaxilə etməməsini nəzərə almaqla, əsaslı olaraq iddianı mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırılması Mülki Məcəllənin 21-ci maddəsinə və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2002-ci il tarixli qərarına uyğundur.
56. Işin həqiqi hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı hər iki kassasiya şikayətinin dəlilləri üzrə kassasiya kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ######## 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.