Məhkəmə qərarları › İş №2(1-8)-512/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-512/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-512/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh İbrahimov Tamerlan Fuad oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh İbrahimov Tamerlan Fuad oğluna qarşı "borc verilmiş pulun ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında tanışlıq münasibəti olmuşdur.

2. İddiaçı İddiaçı cavabdeh İbrahimov Tamerlan Fuad oğlunun ona 16000 manat və 44550 ABŞ dolları məbləğində borcunun olduğunu iddia edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh İbrahimov Tamerlan Fuad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 manat və 44550 ABŞ dolları məbləğində (ödəniləcək günün bank məzənnəsinə uyğun olaraq) borc pulun və 372,96 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi Bakı Baş Gömrük İdarəsində birlikdə işlədikləri vaxtdan tanıyır. Onunla iş yoldaşı kimi münasibətləri yaxşı olmuş, bir-birlərinə etibarları olmuşdur. Bu etibardan istifadə edən cavabdeh iddiaçıdan anasının müalicəsi üçün 2022-ci ilin aprel ayından 1000 manat, daha sonra isə hissə-hissə olmaqla, 2022-ci ilin sentyabr ayına kimi ümumilikdə 16000 manat pul borc olaraq almışdır. Bundan başqa cavabdeh iddiaçıdan borclarının qaytarılmasına köməklik edilməsi üçün 2022-ci ilin sentyabr aylarında 44550 ABŞ dolları məbləğində pulu borc alaraq almış, özünə məxsus mənzilini satıb həmin günə qədər olan pulları tam şəkildə geri qaytaracağına söz versə də, sonradan o verdiyi sözünə əməl etməmişdir. Cavabdehə verilən borc pul iddiaçının bacısının müalicə xərcləri üçün 2021-ci il tarixdən başlayaraq yığılan pullar imiş.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə İntiqam oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə verilən borc pul iddiaçının da qeyd etdiyi kimi bacısının müalicə xərcləri üçün 2021-ci il tarixdən başlayaraq iddiaçının anasının adına açılan karta yığılan pullar olub. Məhkəməyə təqdim etdikləri müxtəlif tarixlərdə olan yazışmalardan da görünür ki, cavabdeh borcunun olduğunu qəbul edir, hətta ## ###### 2023-cü il tarixli mesajda da deyir ki, 53000 ABŞ dolları pulu qaytaracaq. Cavabdeh iddiaçının zənglərinə, mesajlarına cavab vermədiyi üçün iddiaçı məcbur olub anasının telefonu ilə əlaqə saxlamışdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 16000 manat pul hissəsində iddianı qismən qəbul edir, 44550 ABŞ dolları hissəsində isə qəbul etmir. Belə ki, iddiaçı tərəf məhkəməyə 44550 ABŞ dolları borc pulun verilməsi ilə bağlı kifayət qədər sübut təqdim edə bilməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İbrahimov Tamerlan Fuad oğlundan 30000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim G.Babazadə).

8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan 30000 manat pul götürməsi barədə qismən etirafı işin mübahisəsiz halıdır.

9. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehdən 16000 manat və 44550 ABŞ dolları məbləğində pul tələb etsə də, bu barədə təqdim etdiyi vatsap yazışmalarında ## ####### 2022-ci il tarixdə “44500 $ 17260 m 3000 – 900 m %, ## ###### 2022-ci il tarixdə 13760 m, 3000 m+ 1000%”, ## ###### 2023-cü il tarixdə “sabah mütləq bankdan götürəcəm 53000 dollar”, ## ######## 2023-cü il tarixdə “saat 5 üçün 30.000 AZN sizə gətirəcəm” kimi fərqli vaxtlarda fərqli məbləğlər və faiz ifadələri qeyd edilmişdir.

10. Məhkəmə daha sonra qeyd etmişdir ki, göründüyü kimi iddia tələbində qeyd edilən məbləğdən sonra müxtəlif məbləğlər qeyd edilmiş və son olaraq isə 30000 manat qaytarılacağı bildirilmişdir.

11. Məhkəmə vurğulamışdır ki, belə olan halda məhkəmə sözügedən yazışmaları işin faktiki halını müəyyən edən mötəbər sübut kimi qəbul etmir və cavabdehin nümayəndəsi və vəkilinin 30000 manat borcun verilməsi barədə izahatını qismən etiraf olaraq qəbul edir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 406, 739.1, 739.2, 337.1, 337.4, 337.5, 386.1, 442, 445, 448.1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sübutlardan (tərəflər arasında aparılan səs yazısından) bilinir ki, iddiaçı cavabdehə “44.550 dollar, 17.260 manat pulu şəxsən vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Azad İmanov).

16. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili vatsap yazışmalarının sübut hesab edilməsi ilə bağlıdır. İddia tələbində qeyd edilən məbləğdən sonra müxtəlif məbləğlər qeyd edilmiş və son olaraq 30000 manat qaytarılacağı bildirilmişdir. Belə olan halda məhkəmə sözügedən yazışmaları işin faktiki halını müəyyən edən mötəbər sübut kimi qəbul etmir və cavabdehin nümayəndəsi və vəkilinin 30000 manat borcun verilməsi barədə izahatını qismən etiraf olaraq qəbul edir. Eyni zamanda cavabdeh tərəf borc məbləğindən 14000 manat qaytardığını bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, həmin hissədə sübutetmə cavabdeh tərəfin üzərindədir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 406, 739.1, 739.2, 337.1, 337.5, 385.1, 386.1, 442 və 445-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkil Ağababa Qədirov İntiqam oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)****/**** saylı qətnaməsinin ləğv edilməsi, şikayətin dəlilləri əsasında yenidən araşdırma aparılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, iş materiallarından açıq - aşkar göründüyü kimi iddiaçı ilə cavabdeh arasında yazışma olmuş və həmin yazışmada iş üzrə cavabdeh iddiaçıdan borc aldığı pulu tam olaraq etiraf etmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi şikayətə baxarkən işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Nəticədə məhkəmə işə baxarkən maddi pozuntulara yol vermişdir.

20. İddiaçının cavabdehdən tələb etdiyi pulun iddia tələbinin əsası kimi istinad etdiyi yeganə sübut olan, iddiaçı ilə cavabdeh arasında “WhatsApp”platfoması vasitəsilə göndərilən mesajlardan və flaş kartda olan səs yazılarından müəyyən olunur ki, ##.##.2022-ci il tarixdə iddiaçı cavabdehə yazır: “44.550 dollar, 17.260 manat və 3000 manat - 900 manat faiz”. ##.##.2022-ci il tarixdə cavabdeh iddiaçıya yazır: “Bilirəm, Emiliya bütün bunları mənə yazıb”. Göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi 44.550 dollar, 17.260 manat pul tələbi işin fakitiki halları olaraq, iş üzrə cavabdeh tərəfindən etiraf edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

23. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

24. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

25. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

26. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

41. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

49. Nəzərə alınmalıdır ki, verilən iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

50. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

51. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

53. İddiaçının tələbi cavabdehlə müqavilə münasibətləri üzrə öhdəliyin icrası barədədir. Bu halda cavabdehin öhdəliyini təsdiq edən sübutu təqdim etmək yükü iddiaçının üzərinə düşür. Lakin məhkəmələr müəyyən etmişdir ki, iddiaçı tələb olunan məbləğdə cavabdehin ona borclu olmasını təsdiq edən sübut təqdim olunmamışdır.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar