Məhkəmə qərarları › İş №2(1-8)-533/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-533/2026

08.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-533/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Mülki hüquq pozuntularından (delikt) irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Inzibati Tənbeh vermə haqqında TP******* saylı, ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmu inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

2. ##.##.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2023-cü il tarixli qərarın surətinə əsasən, Cavabdeh barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

3. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətinə əsasən, İddiaçı məxsus “Toyota Rav-4 minik” markalı, 99-GB638 dövlət qeydiyyat nişanlı minik avtomobilinə ##.##.2024-cü il tarixə dəymiş zərərin həcmi 11960 (on bir min doqquz yüz altmış) manat təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 6960 manat məbləğində maddi zərərin və ödənilmiş 90 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2023-cü il tarixdə cavabdeh idarə etdiyi Mercedes Benz minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşınla“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, iddiaçının idarə etdiyi Toyota Rav 4 minik markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq araşdırma aparılmış, cinayət tərkibi olmadığı üçün ##.##.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabeh şəxsin barəsində AR IXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. ##.##.2023-cü il tarixli TP ******* saylı qərarla cavabdeh IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, hadisə zamanı iddiaçıya məxsus olan Toyota Rav 4 minik markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomaşına 11960 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 5000 manatı sığortatərəfindən iddiaçıya ödənilib. Qalan məbləği yəni, 6960 manat pulu cavabdehdən tələb etsə də, cavabdeh iddiaçıya hər hansı bir ödəniş etməmişdir. Cavabdeh könüllü olaraq avtomaşına vurduğu zərəri ödəmək istəmir. Iddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, dəymiş maddi zərərə görə 6960 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

6. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tam əsassız olduğu üçün qəbul etmir. Sığorta şirkəti tərəfindən iddiaçıya vurulmuş ziyan ödənilmişdir. Lakin iddiaçı şişirdilmiş məbləğ tələb edir. Iddiaçının maşını köhnə maşındır, tələb etdiyi məbləğlə yeni maşın almaq olar. Məsələnin sığorta vasitəsi ilə həll olunduğunu hesab edərək bu məsələni iddiaçı ilə aralarında həll etmişlər. Lakin aylar sonra iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, o, ekspert rəyi ilə razı deyildir. Maşının təmir olunmasına etiraz etməmişdir. Iddiaçı onun xəbəri olmadan maşını təmir etdirmişdir. Tələb olunan məbləğ ağlabatan deyil. Onun sığortası tərəfindən dəymiş ziyan ödənilmişdir. Buna baxmayaraq iddiaçı ondan 6960 manat pul tələb edir. Bu səbəbdən iddia tələbini ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Toyota RAV-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10560 manat müəyyən edilir.

8. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.F. Tağızadə) iddia tələbinin qismən təmin edilərək cavabdeh Cavabdeh baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 5560 (beş min beş yüz altmış) manat məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manatın cavabdeh Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir.

10. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. Məhkəmə iddia tələbi üzrə avtomaşına vurulan zərər görə ekspert rəyini əsas tutaraq hesab etmişdir ki, maddi ziyanın əvəzi olaraq 5560 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləğini nəzərə almışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 220.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin bütünlüklə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi hüquq norması kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097 və 1111.2-ci maddələrinə istinad etmiş və qətnamədə qeyd etmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Bu nəticəyə gələn məhkəmə işdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il */**** saylı ekspert rəyinə istinad etmiş və həmin rəydə avtomobilin hissələrinin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Toyota RAV-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10560 manat müəyyən olunduğu qeyd edilmişdir. Bu rəy əsaslı sayıla bilməz, əvvəla ekspert qarşı tərəfin təqdim etdiyi siyahı üzrə qiymətləndirməni aparmış və maşına baxış keçirməmişdir, digər tərəfdən qarşı tərəf hadisə nəticəsində sıradan çıxan hissələri deyil, maşının başqa hissələrində olan detalları da həmin siyahıya salmışdır. Onu da qeyd edir ki, sığorta şirkəti tərəfindən verilən 5000 manat məbləğində vəsait həmin maşının tam təmiri üçün yetərli bir məbləğ olmuş və hətta o özü də iddiaçıya təklif etmişdir ki, həmin vəsaiti ona versin və gəlib maşını tam təmirli halda ondan qəbul etsin, lakin iddiaçı pulu almağa qərar vermiş, həmin vəsaitlə maşını təmir etdirdikdən sonra ondan əlavə vəsait qoparmaq üçün bu addımı atmışdır. Hadisə zamanı sıradan çıxan hissələrlə qarşı tərəfin təqdim etdiyi hissələr eyni deyildir, zərbə dəyən hissə ilə yanaşı qarşı tərəf digər hissələri də şişirdilmiş qiymətlərlə siyahıya salmış və maşına qoyulan qiymət əsasında həmin maşını almaq mümkündür, bu da verilmiş rəyin tam əsassız olmasına dəlalət edir. Buna görə də maşına dəymiş ziyanın yenidən qiymətləndirilməsi aparılmalı və bu qiymətləndirmə maşının foto görünüşü əsasında hadisə nəticəsində sıradan çıxan hissələrin qiymətləndirilməsi fonunda təşkil edilməlidir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. Belə ki, o qarşı tərəfin təqdim etdiyi siyahı əsasında qiymətləndirmənin aparılmasına etiraz etsə də maşına dəyən zərərin qiymətləndirilməsi qarşı tərəfin təqdim etdiyi avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat əsasında aparılmış və həmin hesabat “Toyota Rav-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ##.##.2024cü il tarixə dəymiş zərər üzrə tərtib olunmuşdur, lakin hadisə hesabatın tərtib olunduğu vaxtdan 3 ay qabaq baş vermiş və bu 3 ay müddətində iddiaçıya məxsus maşına müxtəlif səbəblərdən və müxtəlif şəraitdə də zərər dəyə bilərdi, lakin Məhkəmə Ekspertiza Mərkəzi həmin hesabatda qeyd olunanan detalların qiymətləndirilməsini aparmaqla onun əsassız olaraq yüklənməsinə səbəb olmuşdur.

19. Iddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhmkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktında qeyd edilmişdir ki, “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər yekun olaraq 5215 manat təşkil etmişdir.

21. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə hesaatına əsasən İddiaçı məxsus “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4990 (dörd min doqquz yüz doxsan) manat təşkil etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılmış qiymətləndirmə işi üzrə 350 manat xidmət haqqı Cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), A.A.Mahmudov, A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçı İddiaçı 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı alınaraq cavabdeh Cavabdeh ödənilməsi qət edilmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq mövqeyini belə əsaslandırmışdır ki, apellyator şikayətində dəymiş ziyanın məbləğini mübahisələndirmiş, dəlilləri nəzərə alan kollegiya tərəfindən iş üzrə icraat dayandırılaraq təkrar ekspertiza təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barəsində qərardadında ekspertizanın “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə, bu mümkün olmadıqda isə iş materiallarında olan “xxxx” MMC-nin “Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə” ##.##.2024-cü il tarixli hesabatında əks olunan avtomobilin bərpa olunmasının hesablanması cədvələ əsasən keçirilməsini müəyyən etmişdir. Kollegiya isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq rəyin iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktında qeyd olunan ehtiyat hissələrin və işçiliyin siyahısı nəzərə alınmaqla verilməsini qeyd etmişdir.

25. Qeyd edilən halı və eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya obyektiv və hərtərəfli araşdırmaya nail olmaq üçün iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmənin qərardadı əsasında alınmış Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə hesabatına əsasən İddiaçı məxsus “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4990 (dörd min doqquz yüz doxsan) manat təşkil etmişdir.

26. Işin mübahisəsiz, iddiaçının iddia tələbinin əsaslandırması zamanı da istinad etdiyi hal isə ondan ibarətdir ki, 5000 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda kollegiya o qənaətə gəlmişdir ki, iddiaçıya dəymiş zərər ödənildiyindən iddia təmin edilməməlidir.

27. Mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də kollegiya hesab etmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat məbləğində ekspertiza xərci, eləcə də apellyator tərəfindən mütəxəssis rəyinin əldə edilməsi zamanı ödənilmiş 350 manat məbləğində pul iddiaçıdan alınmalıdır.

28. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir.

29. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, zəruri araşdırma aparmamışdır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, bununla belə Məhkəmə kollegiyasının araşdırması zamanı iddianın əsassız olması öz təsdiqini tapmışdır.

31. Kollegiya yuxarıda maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla, ədalətli və qanuni mövqe hesab oluna bilməz.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2002-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 124.1, 124.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

33. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar. Məhkəmə maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 6960 manat məbləğində maddi zərərin və ödənilmiş 90 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

35. Iş materiallarında olan avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus “Toyota Rav-4 minik” markalı, ** GB *** dövlət qeydiyyat nişanlıminik avtomobilinə ##.##.2024-cü il tarixə dəymiş zərərin həcmi 11960 (on bir min doqquz yüz altmış) manat təşkil edir. Işə əlavə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı“Toyota RAV-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10560 manat müəyyən edilir. Apellyator şikayətində dəymiş ziyanın məbləğini mübahisələndirmiş, dəlilləri nəzərə alan kollegiya tərəfindən iş üzrə icraat dayandırılaraq təkrar ekspertiza təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barəsində qərardadında ekspertizanın “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə, bu mümkün olmadıqda isə iş materiallarında olan “xxxx” MMC-nin “Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə” ##.##.2024-cü il tarixli hesabatında əks olunan avtomobilin bərpa olunmasının hesablanması cədvələ əsasən keçirilməsini müəyyən etmişdir. Kollegiya isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq rəyin iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktında qeyd olunan ehtiyat hissələrin və işçiliyin siyahısı nəzərə alınmaqla verilməsini qeyd etmişdir. Qeyd edilən halı və eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya obyektiv və hərtərəfli araşdırmaya nail olmaq üçün iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmənin qərardadı əsasında alınmış Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə hesabatına əsasən İddiaçı məxsus “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4990 (dörd min doqquz yüz doxsan) manat təşkil etmişdir. Hesab edirik ki, təkrar olaraq alınmış rəy tamamilə qanunsuz və əsassızdır. Çünki Mərkəzi Ekspertiza Bürosu iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Akta əsasən dəymiş zərəri müəyyən etmişdir. Həmin akt və aktın əsasında verilmiş rəydən görünür ki, avtomobilin mühərriki və sürətlər qutusu nə aktda, nə də rəydə öz əksini tapmayıb. Avtomobilin mühərriki və sürətlər qutusu yararsız olduğu halda buna münasibət bildirilməyib.

36. Ilkin olaraq məhkəməyə təqdim etdikləri rəydən görünür ki, avtomobilin mühərrikinin və sürətlər qutusunun dəyəri 4500 manat təşkil edir. Mühərrikin və sürətlər qutusunun dəyəri nəzərə alınmadığı üçün rəydə qiymət 4990 manat müəyyən olunmuşdur. Işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ## ##### 2025-ci il tarixli Qərardadına əsasən “Toyota Rav4” minik markalı, ** GB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qoyulmuş sual: ##.##.2023-cü il tarixdə İddiaçı idarə etdiyi “Toyota Rav4” minik markalı, ** GB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği neçə manat (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) təşkil edir? Həmin avtomobilin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirməyə ehtiyac olması və hər birinin dəyəri ayrıayrılıqda göstərilsin. Həmin rəydə avtomobilin mühərriki və sürətlər ötürücü qutusunun yararsız olduğu qeyd olunub. Ümumilikdə isə avtomobil istifadəyə yararsız kimi qiymətləndirilmişdir.

37. Həm “xxxx”nın, həm də “Elgül Avtoservis”in qüsur aktlarında avtomobilin 28 adda ehtiyat hissələrinin və işçilik xərclərinin dəyəri müəyyən olunub. Avtomobilin mühərrik və sürətlər ötürücü qutusu yarasız olsa da, buna münasibət bildirilməmişdir. Belə çıxır ki, həmin avtomobilin mühərrik və sürətlər ötürücü qutusu yarasız olsa da iddiaçı həmin avtomobili idarə edə biləcək? Avtomobilin mühərrik və sürətlər ötürücü qutusu yarasız olduğu halda həmin avtomobili necə necə idarə etmək olar? Qısacasıməhkəmə kollegiyasının nəzərinə çatdırır ki, avtomobilin mühərrik və sürətlər ötürücü qutusu yarasızdır və həm “xxxx”nın, həm də “Elgül Avtoservis”in qüsur aktlarında bu öz əksini tapmayıb. Rəydə isə avtomobilin mühərrik və sürətlər ötürücü qutusu yararsız kimi qeyd olunsa da, onun dəyərinə münasibət bildirilməyib. Bu da həmin rəyin və qüsur aktlarının əsassız olması anlamına gəlir və bu iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

38. Hesab edirlər ki, birinci instansiya məhkəməsinə təqdim etdikləri qüsur aktına əsasən verilmiş rəy daha ədalətli idi. Apellyasiya məhkəməsi zamanı aparılmış qiymətləndirmə isə sadəcə gülüncdür. Belə çıxır ki, avtomobili üstən bəzə, mühərriki və sürət ötürücü qutusu olmasa da olar. Bu hansı məntiqə sığır??? Hesab edir ki, qətnamə qəbul olunarkən bu hallara diqqət yetirilməyib. Axı iddiaçı mühərrik və sürət ötürücü qutusu olmadan həmin avtomobili necə idarə edə bilər?

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Məhkəmə iclasında onun iştirakı təmin edilmədən mülki işə baxılmış və bununla da hüquqları pozulmuş, ədalətli araşdırma aparılmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

40. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, onun iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-in tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz

41. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.2, 9.3, 14.1, 88-ci maddələrinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

50. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

51. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 106.1 Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyator şikayətində dəymiş ziyanın məbləğini mübahisələndirmiş, dəlilləri nəzərə alan kollegiya tərəfindən iş üzrə icraat dayandırılaraq təkrar ekspertiza təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barəsində qərardadında ekspertizanın “Toyota Rav 4” markalı, **-GB- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə, bu mümkün olmadıqda isə iş materiallarında olan “xxxx” MMC-nin “Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə” ##.##.2024-cü il tarixli hesabatında əks olunan avtomobilin bərpa olunmasının hesablanması cədvələ əsasən keçirilməsini müəyyən etmişdir. Kollegiya isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq rəyin iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktında qeyd olunan ehtiyat hissələrin və işçiliyin siyahısı nəzərə alınmaqla verilməsini qeyd etmişdir. Qeyd edilən halı və eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya obyektiv və hərtərəfli araşdırmaya nail olmaq üçün iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmənin qərardadı əsasında alınmış Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə hesabatına əsasən İddiaçı məxsus “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4990 (dörd min doqquz yüz doxsan) manat təşkil etmişdir. Işin mübahisəsiz, iddiaçının iddia tələbinin əsaslandırması zamanı da istinad etdiyi hal isə ondan ibarətdir ki, 5000 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda kollegiya o qənaətə gəlmişdir ki, iddiaçıya dəymiş zərər ödənildiyindən iddia təmin edilməməlidir.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə iclasında onun iştirakı təmin edilmədən mülki işə baxılmış və bununla da hüquqları pozulmuş, ədalətli araşdırma aparılmadığı barədə dəlili ilə razılaşmır.Belə ki, apelyasiya instansiyası mhəkməsinin ## ###### 2024-cü il tarixli, ## ###### 2025-ci il tarixli, ## ##### 2025-ci il tarixli məhkəmə iclasının protokolları (iş v.104-106, 122-123, 157-158) ilə təsdiq edilir ki, iddiaçı məhkəmə iclaslarında iştirak edərək izahat vermişdir. “Elektron məhkəmə” informasiya sisteminin məlumatları və ## ###### 2025-ci il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, ## ###### 2025-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdar edilmiş( iş v. 203, 204), lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

67. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinin birinci cümləsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

68. Yuxarıda qeyd edilənlərə əsasən də kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğvinə əsas təşkil edəcək prosessual hüquq normasının pozuntusuna yol verməmişdir.

69. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

70. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar