Məhkəmə qərarları › İş №2(1-8)-537/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-537/2026

08.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-537/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: “vurulmuş maddi ziyanın ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: 6. Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. ##.##.2025-ci il tarixdə iddiaçı iddiaçı1, Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə X1, Piran məntəqəsinin özəl baytar həkimi X4, Piran kənd sakinləri X3, X8, X6 və iddiaçı2 iştirakı ilə tərtib və təsdiq edilmiş əlyazma şəklində aktın surətinə əsasən, ##.##.2025-ci il tarixdə Lerik rayonu Piran kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq iddiaçı iddiaçı1 məxsus olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Aktı tərtib edən şəxslər iddiaçının müraciətinə əsasən ərazidə olaraq, həqiqətən iribuynuzlu heyvanın elektrik cərəyanı vurması səbəbindən tələf olduğunu müəyyən etmişlər.

2. ##.##.2025-ci il tarixdə iddiaçı iddiaçı2, Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə X1, Piran məntəqəsinin özəl baytar həkimi X4, Piran kənd sakinləri X3, X8, X6 və iddiaçı1 iştirakı ilə tərtib və təsdiq edilmiş əlyazma şəklində aktın surətinə əsasən, ##.##.2025-ci il tarixdə Lerik rayonu Piran kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq iddiaçı iddiaçı2 məxsus olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Aktı tərtib edən şəxslər iddiaçının müraciətinə əsasən ərazidə olaraq, həqiqətən iribuynuzlu heyvanın elektrik cərəyanı vurması səbəbindən tələf olduğunu müəyyən etmişlər.

3. Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli yarma protokoluna əsasən, iddiaçı1 məxsus 5 yaşlı, boz-ala rəngli inəyin qaramalın cəsədi yarılmış və elektrik cərəyanı vurması diaqnozu qoyulmuşdur.

4. Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli yarma protokoluna əsasən, iddiaçı2 məxsus 4 yaşlı, qara rəngli dişi inəyin cəsədi yarılmış və elektrik cərəyanı vurması diaqnozu qoyulmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

5. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-cavabdeh ASC) qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı iddiaçı1 vurduğu 3.750 manat maddi ziyanın cavabdehdən tutulub ona verilməsi və digər iddiaçı iddiaçı2 vurduğu 3.000 manat maddi ziyanın cavabdehdən tutulub ona verilməsi, həmçinin 87,90 manat dövlət rüsumunun alınıb iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, fərdi təsərrüfatla və mal-qara saxlamaqla ailələrinin dolanışığını təmin edirlər. Izah edirlər ki, ## #### 2025-ci ildə səhər saatlarında Lerik rayonunun Piran kəndi ilə qonşu olan və Lənkəran rayonunun Şovu kəndinin nümayəndəliyinin daxilindəki Ruşnəbili kəndində mal-qaralarını örüş sahəsinə çıxardılar. Həmin gün özlərinə məxsus inəkləri örüş sahəsinə apardıqdan sonra iki baş inəklərini elektrik cərəyənının vurması və tələf olmaları ilə bağlı həmin ərazidə tanıdıqları şəxs tərəfindən mobil telefonla məlumatlandırıldılar. ## #### 2025-ci ildə günortadan sonra saat təxminən 3-4 aralığında Lənkəran rayonunun Şovu kəndinin nümayəndəliyinin daxilindəki Ruşnəbili kəndinə gəlmişlər və orada iddiaçı - iddiaçı1 məxsus bir baş boz-ala rəngli, diri çəkisi 250 kq olan 546182 identifikasiya nömrəli inəyin və digər iddiaçı (qardaşı oğlu) iddiaçı2 məxsus bir baş qara rəngli, diri çəkisi 200 kq olan inəyin elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu görmüşlər. Bundan sonra Lerik RIHB-nin Piran kənd IƏDN-ə müraciət etmişlər və yerindəcə iki ədəd akt tərtib edildi. Eyni zamanda Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsindən də müvafiq yarma protokolları onlara təqdim edildi. ## #### 2025-ci ildə Lerik RIHB-nin Piran kənd IƏDN tərəfindən akt tərtib edilərkən Icra nümayəndəsi X1, Piran məntəqəsinin özəl baytar həkimi X4, onların, Piran kənd sakinləri X3, X11 və X6 iştirakları təmin edilmiş və akt hər biri tərəfindən imzalanmışdır. ## #### 2025-ci il tarixli aktlarla müəyyən edilmişdir ki, iddiaçı1 məxsus bir baş boz-ala rəngli, diri çəkisi 250 kq olan 546182 identifikasiya nömrəli inəyin və digər iddiaçı (qardaşı oğlu) iddiaçı2 məxsus bir baş qara rəngli, diri çəkisi 200 kq olan inəyin ## #### 2025-ci il tarixində elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Hadisə Lənkəran-Lerik rayonlarının sərhədində yerləşən Ruşnəbili kəndində baş vermişdir. Müşahidə zamanı Piran kəndindən Ruşnəbili kəndinə gedən 04 kv-lıq elektrik xətt dirəyinin aşması nəticəsində iki baş inəyin tələf olması məlum olmuşdur. Daha sonra aktlara müvafiq fotoşəkillər əlavə edilmişdir. Iddia ərizəsinə əlavə etdiyi 01, 02 və ** saylı fotoşəkillərdən də görünür ki, bir baş qara rəngli və bir baş boz-ala rəngli inəklərin aşan elektrik dirəyinin yanında olan elektrik xətlərinin yanında tələf olmuş vəziyyətdə foto çəkilişi aparılmışdır. Həmçinin qeyd edirlər ki, onlara məxsus inəklərin ##.##.2025-ci il tarixində Ruşnəbili örüş sahəsində yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin yıxılması nəticəsində tələf olması barədə həkim-baytar tərəfindən yarma protokolları tərtib edilmiş və inəklərin aşağıdan (alt hissədən) yanması, köpməsi və gərginləşməsi müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, hadisə Lənkəran rayonunun Şovu kəndinin nümayəndəliyinin daxilindəki Ruşnəbili kəndində baş vermişdir. Respublika ərazisində olan elektrik dirəkləri və xətlər cavabdeh ASC-nin balansındadır. Ona görə də tərəflərindən cavabdeh “xxxx” ASC-yə qarşı iddia qaldırılmışdır. Hazırda bazarda mal ətinin bir kiloqramının qiyməti 15 manat təşkil edir. Iddia ərizəsinə əlavə etdikləri aktlardan və yarma protokollarından görünür ki, iddiaçı1 məxsus bir baş bozala rəngli inəyin diri çəkisi 250 kq, digər iddiaçı iddiaçı2 məxsus bir baş qara rəngli inəyin diri çəkisi isə 200 kq olmuşdur. Odur ki, cavabdeh ASC tərəfindən iddiaçı1 3.750 manat (15 x 250 = 3.750), digər iddiaçı iddiaçı2 isə 3.000 manat (15 x 200 = 3.000) olmaqla ümumilikdə onlara 6.750 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh ASC ərazidə quraşdırılmış elektrik dirəyinə nəzarət etməli və vaxtında yıxılmış dirəklərin təmirini həyata keçirməli olmasına baxmayaraq bunu etməmiş və mülki hüquq pozuntusu (delikt) törətməklə onlara maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh ASC-nin elektrik sahəsi üzrə plan qrafik əsasında işləri təşkil etmək və istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək öhdəliyi vardır.

7. “xxxx” MMC tərəfindən tərtib edilmiş **-M/**** nömrəli qiymətləndirmə hesabatına əsasən, iddiaçı1 məxsus 5 yaşlı, diri çəkisi 250 kq olan dişi boz-ala rəngli Şved cinsli iribuynuzlu inəyin ##.##.2025-ci il tarixə olan bazar dəyəri 3.500 manat, iddiaçı2 məxsus 4 yaşlı, diri çəkisi 200 kq olan dişi qara rəngli Şved cinsli iribuynuzlu inəyin ##.##.2025-ci il tarixə olan bazar dəyəri 2.900 manat müəyyən edilmişdir.

8. Təqdim edilmiş foto-şəkillərdən müəyyən olunur ki, elektrik dirəyinin aşması nəticəsində iddiaçılara məxsus inəklər tələf olmuşdur.

9. Cavabdeh ASC tərəfindən iddiaçılara ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ##.##.2025-ci il tarixində yağan güclü qarın təsirindən baş vermiş fors major hadisə nəticəsində iki baş iri buynuzdu heyvan gərginliyə düşərək tələf olmuşdur. Qüvvədə olan mövcud qanuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “xxxx”nın 10.02.1 maddəsində fors major hadisəsi və 10.02.2 maddəsinə əsasən hava və ya kabel elektrik verilişi xətlərinin mexaniki zədələnməsi nəticəsində dəymiş ziyana görə enerji təchizatı müəssisəsi istehlakçı qarşısında maddi məsuliyyət daşımır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia tələbi qismən təmin edilmiş, vurulmuş 3500 manat maddi ziyan cavabdeh ASC-dən iddiaçı iddiaçı1 xeyrinə tutulması, vurulmuş 2900 manat maddi ziyan və ödənilmiş 87,90 manat dövlət rüsumunun cavabdeh ASC-dən iddiaçı iddiaçı2 xeyrinə tutulması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, göründüyü kimi, ##.##.2025-ci il tarixdə Lerik rayonu Piran kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq iddiaçılar iddiaçı1 məxsus 5 yaşlı, diri çəkisi 250 kq olan dişi boz-ala rəngli Şved cinsli iribuynuzlu inəyin və iddiaçı2 məxsus 4 yaşlı, diri çəkisi 200 kq olan dişi qara rəngli Şved cinsli iribuynuzlu inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvanlar tələf olmuşdur. Nəticədə iddiaçılara maddi ziyan dəymişdir.

12. Yuxarıda adı çəkilən elektrik xəttinin cavabdehin balansında olması işin mübahisə edilməyən halıdır. Həmin elektrik xəttinin saz vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh daşıyır.

13. Ümumiyyətlə mülki hüquq nəzəriyyəsinə görə, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

14. Iddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın təmin edilərək, iddiaçılara dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlib.

15. Bu səbəbdən, elektrik xəttinin nasaz, qəza vəziyyətində olması səbəbindən iddiaçılara vurulmuş maddi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

16. Vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə hüquqi qiymət verərkən qeyd edilməlidir ki, iddiaçı iddiaçı1 məxsus 5 yaşlı, diri çəkisi 250 kq olan dişi boz-ala rəngli Şved cinsli iribuynuzlu inəyin dəyəri təqdim edilmiş qiymətləndirmə hesabatına görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətində 3500 manat, digər iddiaçı iddiaçı2 məxsus 4 yaşlı, diri çəkisi 200 kq olan dişi qara rəngli Şved cinsli iribuynuzlu inəyin dəyəri 2900 manat məbləğində qiymətləndirilmişdir.

17. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb iddiaçı iddiaçı1 vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 3500 manat, digər iddiaçı iddiaçı2 vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 2900 manat olduğunu hesab edib.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “xxxxnın” 10.1, 10.17, 10.18.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi sakinlər R.A.Əsədov,G.X.Bayramov, A.Hüseynov, M.Məmmədov, E.Ibrahimov tərəfindən ##.##.2025ci il tarixdə tərtib olunmuş akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq Idarəsinin müvafiq yarma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıb aparılmaması, heyvanların yarılması və laboratariyada araşdırılması üçün daxili orqanlarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi hallar təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.

21. Iddiaçı iddiaçı2 şikayəti əsassız hesab etdiyini, heyvanların məhz elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

22. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə ( F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), G.M.Abbasova, M.A.Məmmədov) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, göstərilmiş nəticələr işin hallarına uyğun gəlmişdir.Hazırkı iş üzrə heyvan başqa bir xəstəliyinin olması ilə əlaqədar deyil, məhz elektrik vurulması nəticəsində tələf olmuşdur. Bu hallar iş materialları ilə, habelə cvabdehin vətəndaşa ünvanladığı cavab məktubu ilə sübuta yetirilir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”-nın 10.17, 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 14.2, 76.1, 76.2., 77.1, 88, 106.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh ASC (onun vəkili AbdullayevFərid Kazım oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsin xahiş etmişdir.

27. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil etməklə, əlavə olaraq belə əsaslandırmışdır ki, apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə heyvan başqa bir xəstəliyinin olması ilə əlaqədar deyil, məhz elektrik vurulması nəticəsində tələf olmuşdur. Bu hallar iş materialları ilə, habelə cavabdehin vətəndaşa ünvanladığı cavab məktubu ilə sübuta yetirilməsi səbəbindən də heyvanın yarılmasına və sair əsaslara ehtiyac duyulmamışdır. Digər tərəfdən də iddiaçıya məxsus inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və kənd sakinlərinin izahatları ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli aktdan, nümayəndəliyin arayışından və iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər ilə, həmçinin cavabdeh ASC-nin ##.##.2024-cü il tarixli məktubu ilə təsdiq edilir. Aşağıda qeyd olunanlara əsasən apelyasiya məhkəməsinin bu mövqeyi ilə razı deyilik: Belə ki, iş materillarında olan cavabdeh ASC tərəfindən iddiaçılara ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixində yağan güclü qarın təsirindən baş vermiş fors major hadisə nəticəsində iki baş iri buynuzdu heyvan gərginliyə düşərək tələf olmuşdur. Qüvvədə olan mövcud qanuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “xxxx”nın 10.02.1 maddəsində fors major hadisəsi və 10.02.2 maddəsinə əsasən hava və ya kabel elektrik verilişi xətlərinin mexaniki zədələnməsi nəticəsində dəymiş ziyana görə enerji təchizatı müəssisəsi istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən həmçinin bu məktuba istinad etmiş, lakin məktubda qeyd olunan iş üçün əhəmiyyət kəsb edən xüsusatları, yəni konkret olaraq ##.##.2025-ci il tarixində Lerik rayonunda məhz güclü qarın yağması nəticəsində 0,4 kv-lıq elektrik xətti dirəyinin aşmasına səbəb olmasını araşdırmamış, qeyd olunan tarixdə güclü qarın yağmasını təsdiqi barədə müvafiq qurumlara sorğu göndərməmiş, baş vermiş hadisənin fors-major hadisəsi olması və ya cavabdeh tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi barədə düzgün hüquqi qiymətləndirmə aparmamışdır. Hesab edirlər ki, apelyasiya məhkəməsi iş üzrə cavabdehin baş vermiş hadisəyə görə məsuliyyətini istisna edən “xxxx”nın istinad etdikləri 10.2 və 10.2.1-ci bəndlərinin tətbiq etməli olduğu halda bunu etməmiş,bununla da maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

28. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş xxxx: 10.2, 10.2.1.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4, 218.1-ci maddəsinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”:

38. Bənd 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X12 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır.

39. Bənd 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.1. öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə; 10.18.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə;... 10.18.8. qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 106.1 Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin iş üzrə cavabdehin baş vermiş hadisəyə görə məsuliyyətini istisna edən “xxxx”nın istinad etdikləri 10.2 və 10.2.1-ci bəndlərinin tətbiq etməli olduğu halda bunu etmədiyi, bununla da maddi hüquq normalarının pozuntusuna yol verdiyi barədə dəlili ilə razılaşmır. Belə ki, göstərilən qaydaların 10.2 və 10.2.1-ci bəndələrinə əsasən fors-major hadisə ilə əlaqədar enerji təchizatı müəssisəsi dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır.

52. Həmin qaydaların 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir.

53. Iş üzrə iddiaçıların inəklərinin elektrik vurması nəticəsində ölməsi ilə əlaqədar yaranmış hüquq münasibətində isə iş üzrə iddiaçılar “xxxx”nda nəzərdə tutulmuş istehlakçı hesab edilə bilməz.

54. Məhkəmələr düzgün olaraq baş vermçiş hadisəni delikt kimi qiymətləndirərək yuxarıdakı nəticəyə gəlimşlər.

55. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar