Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-559/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçıİddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kredit borcunun qaytarılması”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Kredit müqaviləsi; Kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Həsənov Vüqar Təvəkgül oğlu hakimlərdən ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. ##.##.2024-cü il tarixli RFGT*******B*** saylı kredit müqaviləsinə əsasən, iddiaçı İddiaçı ASC (bundan sonra mətndə-iddiaçı ASC) tərəfindən cavabdeh Cavabdeh (bundan sonra mətndə-cavabdeh) kartına 59 ay müddətinə illik 20,4 % dərəcəsi ilə 15.650 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir.
2. Maliyyə arayışına əsasən, cavabdeh iddiaçı ASC-yə ##.##.2025-ci il tarixə 15.146 manat əsas borc, 1.418,36 manat faiz olmaqla, cəmi 16.564,36 manat borcunun olduğu qeyd edilmişdir.
3. Iddiaçı tərəfindən cavabdehə ünvanlanan ##.##.2025-ci il tarixli **-**-**/MH**** nömrəli məktuba əsasən, cavabdehin müqavilə üzrə ##.##.2025-ci il tarixinə əsas borc məbləği 15146 manat, faiz borc məbləği 1418,36 manat olmaqla, cəmi 16564,36 manat borcu, gecikmə günü 89 gün olmaqla 2273,12 manat məbləğində gecikmə yaranmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat:
4. Iddiaçı cavabdehə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.146 manat əsas borc, 1.418,36 manat faiz olmaqla, cəmi 16.564,36 manat pul vəsaiti və ödənilmiş 139,69 manat dövlət rüsumunun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ASC ilə cavabdeh arasında elektron qaydada bağlanmış ##.##.2024-cü il tarixli RFGT*******B*** saylı kredit müqaviləsinə əsasən, cavabdehin kartına 59 ay müddətinə illik 20,4 % dərəcəsi ilə 15.650 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq ifadə edildikdə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin ##.##.2025-ci il tarixə İddiaçı ASC-yə 15.146 manat əsas borc, 1.418,36 manat faiz olmaqla, cəmi 16.564,36 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddianın təmin edilməsi, 15.146 manat əsas borc, 1.418,36 manat faiz olmaqla, cəmi 16.564,36 manat pul vəsaiti və ödənilmiş 139,69 manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli yanlışlığın düzəldilməsi barədə qərardadı nəzərə alınmaqla).
7. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, şəxsi mülahizələrinə əsasən tez-tələsik qətnamə qəbul etməklə işi sadəcə iddiaçının xeyrinə həll etmişdir. Bu azmış kimi qətnaməni yoxlamadan imzalaması məhkəmənin işə nə qədər səthi yanaşdığını göstərmişdir. Bundan sonra məhkəmə yol verilmiş yalnışlıqları aradan qaldırılması barədə qərardad qəbul edərək apellyasiya müddətini gözləmədən işi icraya yönəltməklə yuxarıda qeyd olunanları bir daha təsdiq etmişdir. Məhkəmə iddia tələbində qeyd olunanları da yoxlamadan qətnamə qəbul etmiş, bununla maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə borc məbləğinin edilmiş ödənişlərə münasibətdə düzgün olub-olmamasını yoxlamamış, cavabdehin hüquqlarına məhəl qoymamışdır. Halbuki, məhkəmə mühasibatlıq ekspetizasının rəyinə əsasən borc məbləğinin iddiaçı tərəfindən düzgün hesablandığına çıxardığı qətnamədə qiymət verməlidir. Məhkəmə isə qeyd olunan halların üzərindən keçməklə kobud pozuntuya yol vermişdir. Cavabdeh tərəfindən kifayət qədər ödənişlər edilsə də bu məhkəmə tərəfindən nəzərə alınmamış, iş üzrə mühasibatlıq ekspertizaası keçirilməmişdir. Odur ki, qətnamə qismən ləğv edilməli olduğunu bildirmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə, (V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilərək, faiz borcu 1082,32 manat məbləğində müəyyən edilmiş və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Məhkəmə kollegiyası mövgeyini belə əsaslandırmışdır ki, cavabdeh hazırda məhkəmə tərəfindən tutulan məbləği mübahisələndirir. O, bildirir ki, etdiyi ödənişlər məhkəmə tərəfindən nəzərə alınmamış, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmədən qətnamə qəbul edilmişdir.
13. Həmçinin cavabdeh apellyasiya icraatı zamanı da eyni vəsatəti təqdim etmişdir. Lakin hər hansı icra edilmiş ödəniş barədə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən vəsatət təmin edilməmişdir.
14. Bununla belə, kollegiya faiz borcuna aid hissədə şikayətin dəlillərini qismən əsaslı sayaraq hesab etmişdir ki, həmin hissədə qətnamə dəyişdirilmədidir.
15. Belə ki, işdə olan ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçı cavabdehdən qrafikə uyğun ödəniş aparmaması səbəbindən kredit borclarının tam ödənilməsini tələb etmişdir. Bu isə o deməkdir ki, iddiaçı həmin xəbərdalıqla müqaviləyə xitam vermişdir və həmin tarixdən sonra müqavilə üzrə müəyyən olunmuş normal faiz tələb edə bilməz.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. ...Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”
17. Beləliklə kollegiya hesab etmişdir ki, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməli, müqaviləyə xitam verildiyi vaxt mövcud olmuş faiz borcu, yəni 1.081,42 manat tutulmalıdır.
18. Həmin vaxtdan sonrakı dövr üçün isə iddiaçı öhdəliyin icra edilməməsinə görə real zərər və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər ki, hazırki işdə də belə tələb yoxdur.
19. Iddia ərizəsinə əlavə edilmiş ##.##.2021-ci ildən ##.##.2025-ci ilədək olan dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh ##.##.2024-cü il tarixdə 476 manat və ##.##.2024-cü il tarixdə 476 manat olmaqla, cəmi 952 manat ödəniş etmişdir. Həmin ödənişlərin 504 manatı əsas borc, 448 manatı isə faiz borcundan silinmişdir.
20. ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək öhdəliyin icra müddəti 126 gün gecikdirilmişdir.
21. 15146 manat əsas borcun 20,4%-i 3090 manat təşkil edir. Alınmış illik faiz borcunu 12 aya böldükdə aylıq faiz borcu 257,5 manat təşkil edir. 257,5 manatı 30 günə böldükdə isə gündəlik faiz borcu 8,59 manat təşkil edir.
22. Belə olduqda, sonuncu ödəniş günündən (##.##.2024) müqaviləyə xitam verildiyi günədək (##.##.2025), yəni 126 gün üçün hesablanmış faiz borcunun 1082,34 manat təşkil etdiyi məlum olur (8,59 x 126).
23. Cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya onların formal xarakter daşıdığını və qətnamənin ləğv edilməsi əsas hesab edilmədiyini qeyd etmişdir.
24. Belə ki, qətnamədə yol verilmiş yanlışlıq aşkar mexaniki hesablama səhvi olmuşdur ki, o da birinci instansiya məhkəməsinin qərardadı ilə aradan qaldırılmışdır.
25. Icra vərəqəsinin qətnamə qanuni qüvvəsini almadan verilməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə də hər hansı pozuntu halı müəyyən edilməmişdir.
26. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin “AzeMis” Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinetlərinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin 1 ay olduğu nəzərə alınsa, icra vərəqəsi ##.##.2025-ci il tarixdə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Göründüyü kimi cavabdehin qeyd etdiyi dəlillər öz təsdiqini apellyasiya icraatı zamanı tapmamışdır.
28. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 746.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (onun vəkili-Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə barədə qərar verilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquq normalarının pozmasına göz yummaqla prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş və məhkəmə borc məbləğinin düzgün hesablandığını yoxlamaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, iddiaçının təqdim etdiyi məbləği təsdiq etməklə kifayətlənməklə pozuntuya yol vermişdir.
31. Apellyasiya instansiyası MPM-nin 386-ci maddəsində nəzərdə tutulan hüquq normalarının tələbini kobud pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır.
32. Apellyasiya şikayətinin əsas dəlili kimi mühasibatlıq ekspertizasının keçrilmədiyi göstərilsə də apellyasiya instansiyası buna məhəl qoymamış, sədəcə faiz borcuna aid hissədə dəyişiklik etməklə kifayətlənmişdir. Halbuki,məhkəmə ekspert deyil və borcun düzgün hesablaması üçün xüsusi biliklərə malik deyil. Iddiaçı əsas borcun hesablanmasında səhvə yol versə də məhkəmə buna məhəl qoymamışdır.
33. Tərəfindən kifayət qədər ödənişlər edilsə də, bu məhkəmə tərəfindən nəzərə alınmamış, iş üzrə mühasibatlıq ekspertizası keçirilməmişdir.
34. Apellyasiya məhkəməsi iş üzrə zəruri araşdırma aparmamış, şəxsi mülahizələrinə əsasən tez-tələsik qətnamə qəbul etməklə işi sadəcə iddiaçının xeyrinə həll etmişdir. Məhkəmə apellyasiya şikayətində qeyd olunanları da yoxlamadan qətnamə qəbul etmiş, bununla maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə borc məbləğinin tərəfindən edilmiş ödənişlərə münasibətdə düzgün olub-olmamasını yoxlamamış, onun cavabdeh olaraq, hüquqlarına məhəl qoymamışdır. Halbuki, məhkəmə borc məbləğinə mühasibatlıq ekspetizasının rəyinə əsasən qiymət verməlidir. Məhkəmə isə qeyd olunan halların üzərindən keçməklə kobud pozuntuya yol vermişdir.
35. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1, 418.2-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
37. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 746.1. Istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin tərəfindən kifayət qədər ödənişlər edilsə də, bunun məhkəmə tərəfindən nəzərə alınmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə cavabdehin ödənişlər etməsi barədə sübut təqdim etməsi təsdiqlənmir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməməsi barədə dəlili ilə əlaqədar qeyd edir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual, Inzibati Prosessual və Inzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.
57. Göstərilən maddənin tələbindən görünür ki, iş üzrə cavabdehin özünün də müvafiq ekspert rəyini əldə edərək məhkəməyə təqdim etmək imkanı olmuşdur. Lakin iş materialları ilə belə sübut təqdim edilməsi təsdiqlənmir.
58. Məhkəmə kollegiyası onun da qeyd edir ki, adi riyazi hesablamalar aparılmaqla işin müəyyən edilə bilən halı ilə əlaqədar ekspertiza təyin edilməsinə zərurət yoxdur.
59. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanıldın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.