Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-575/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. ##.##.2021-ci il tarixdə İddiaçı IB ilə Cavabdeh arasında qazın alqı-satqısına dair müqavilə imzalanmış və sonuncunun fərdi yaşayış evi G-4 markalı qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz etmişdir;
3. İddiaçı IB tərəfindən cavcabdehin təbii qazdan istifadə qaydalarını pozması haqqında aşağıdakı aktlar tərtib edilmişdir: ##.##.2013-cü il tarixli akt ilə 172,80 manat; ##.##.2019cu il tarixli akt ilə 658,80 manat; ##.##.2021-ci il tarixli akt ilə 756 manat; ##.##.2021-ci il tarixli akt ilə 540 manat; ##.##.2021-ci il tarixli akt ilə 540 manat; ##.##.2022-ci il tarixli akt ilə 950,40 manat; ##.##.2022-ci il tarixli akt ilə 596,16 manat; ##.##.2022-ci il tarixli akt ilə 298,08 manat; ##.##.2022-ci il tarixli akt ilə 596,16 manat; ##.##.2022-ci il tarixli akt ilə 1088,64 manat; ##.##.2022-ci il tarixli akt ilə 604,80 manat; ##.##.2022-ci il tarixli akt ilə 734,40 manat; ##.##.2023-cü il tarixli akt ilə 1468,80 manat; ##.##.2023-cü il tarixli akt ilə 1468,80 manat; ##.##.2023-cü il tarixli akt ilə 544,32 manat; ##.##.2023-cü il tarixli akt ilə 609,12 manat; ##.##.2023-cü il tarixli akt ilə 302,40 manat; ##.##.2024-cü il tarixli akt ilə 734,40 manat; ##.##.2024-cü il tarixli akt ilə 734,40 manat; ##.##.2024-cü il tarixli akt ilə 362,88 manat; ##.##.2024-cü il tarixli akt əsasında 251,71 manat olmaqla, cəmi 14013,07 manat məbləğində maddi zərər hesablanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 14013,07 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 466,02 manatın və 133,44 manat məhkəmə xərci olmaqla ümumilikdə 14612,53 manatın məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar əməkdaşlar tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi - təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş hallar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin ödənilməmiş 2011-ci ilin ayları üzrə qalıq 279,30 manat sərfiyyat borcu, 2024-cü ilin dekabr ayı üzrə 16,68 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-aprel ayları üzrə 33,37 manat sərfiyyat borcu, cəmi 329,35 manat sərfiyyat borcu qalmışdır. Cavabdehin 2012-ci il avqust ayından sayğac dəyişikliyindən sonra isə abonentin 216,70 manat və 2019-cu il mart ayından sayğac dəyişikliyindən sonra isə abonentin 210,80 manat, cəmi 427,50 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (329,35+427,50=756,85). 2013-cü ilin yanvar ayından 2025-ci ilin aprel ayına qədər cavabdeh 290,83 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 466,02 manat debitor borcu da qalmışdır.
6. Iddiaçının nümayəndəsi izahatında iddia tələbini müdafiə edərək onu da bildirmişdir ki, cavabdehə ödəniş üçün vaxt vermişlər. O isə, hər dəfə işləmədiyini, ödəmək imkanı olmadığını bildirsə də, hələ də qanunsuz qoşulma halı davam edir. Bu hallar ilə bağlı polisə mürəciət etmişlər, lakin müraciətlərinə baxılmamışdır.
7. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ##.##.2013-cü il tarixli akt üzrə 172,80 manat, ##.##.2024-cü il tarixli akt üzrə dəymiş ziyan olaraq 251,71 manat, 466,02 manat debitor borc olmaqla, cəmi 890,53 manat borc və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim: R.Mirzəliyev).
8. Məhkəmənin mövqeyinə görə, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktları olduğu halda cavabdehin bu fakt barədə hüquq-mühafizə orqanlarına məlumat vermədən yeni aktlar tərtib etməsi, həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Yəni iddiaçının əməkdaşları tərəfindən kənar qoşulma halları aşkar edildiyi halda heç bir tədbir görülməmiş, hər ayın sonunda formal olaraq aktlar yazmaqla kifayətlənmiş və nəticədə kənar qoşulma halının davam etməsinə şərait yaratmışdır.
9. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən ilk aktı əsas götürərək 172,80 manat tutmuş, lakin digər aktlar barədə hesab etmişdir ki, həmin aktların tərtib edilmə zamanı qeyd olunmamış, aktlarda cavabdehin imzası əks olunmamışdır, həmçinin cavabdehə məxsus evə baxış keçirilməsi, keçirilmişdirsə kənar xətt aşkar edildiyi halda onun qaynaqla qaz xəttindən ayrılması, aktlar tərtib olunan zamanı cavabdehin iştirakının təmin edilməsi müəyyən olunmamış, iddiaçının nümayəndələri ünvana baxış keçirilmədən hər ayın sonu akt yazmaqla kifayətlənmişlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərqaz” IB əməkdaşları tərəfindən ikinci dəfə qeyd olunan ünvanda kənar qoşulma halı aşkar edən zaman kənar xətt qaynaqla ayrılaraq inzibati orqana xəbər verilməli olduqları halda etməmiş, hər ay akt yazılmaqla kifayətlənmişlər. Bu səbəbdən məhkəmə ##.##.2013-cü il tarixdə tətbiq edilmiş aktı əsaslı hesab edərək, sonrakı tarixlərdə tərtib edilmiş aktların yazılmasını İddiaçı IB-nin özünün şərait yaratması kimi qiymətləndirərək, onları qəbul etməmişdir.
10. Məhkəmə ##.##.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı da əsaslı hesab etmişdir. Iş materiallarına əlavə olunan MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin bununla bağlı videogörüntü CD-disk formasında iş materiallarına əlavə edilmişdir.
11. Məhkəmə həmçinin debitor borc tələbini də əsaslı hesab edərək, həmin hissədə də iddianı təmin etmişdir.
12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
14. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən iddiaçının tələb etmiş olduğu ümumilikdə 14612,53 manat borc məbləğinin heç bir hissəsi araşdırılmamışdır. Iş materiallarında mövcud olan fotoşəkillər həqiqətən də, cavabdehin təqsirini sübut etməsinə baxmayaraq, onlara qiymət verilməmişdir. Qeyd olunanların araşdırılması və həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə ekspertiza təyin etməmiş, yaxud X2 mülki işi sərfiyyat məbləğinin həcminin araşdırılması üçün göndərməmişdir. Baxmayaraq ki, fakt elə Energetika Nazirliyi tərəfindən təsdiq edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: V.Sadıqov – məruzəçi, Z.Şirinov, X.Mərdanova).
16. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
17. Iddiaçı kassasiya şikayəti verərək (vəkil: Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində (13588,56 manat) ləğv edilərək, işin o hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunsuz qoşulma halları aşkarlandıqda, hər dəfə dayandırma tədbiri tətbiq edilsə də, cavabdeh sonradan yenidən kustar üsulla qoşulmuşdur. Belə olduğu halda məhkəmələrin dayandırma tədbiri tətbiq edilməməsinə istinad edərək nəticəyə gəlməsi qanuni və əsaslı hesab edilə bilməz. Nəzərə alınsa ki, 2013-cü ildən sonra qanunsuz qoşulma faktı ilk dəfə 6 il sonra 2019-cu ildə yanvar ayında, daha sonra isə 2021-ci ildə qeydə alınmışdır, bu iddiaçının cavabdehə hər hansı şərait yaratmadığını təsdiqləyir. Bununla belə, apellyasiya məhkəməsi cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi faktına da düzgün hüquqi qiymət verməmiş, sonuncunun əməlinə hüquqi qiymət verildiyini nəzərdən qaçırmışdır.
19. Şikayətin digər dəlilinə görə cavabdehin 11 ildən artıq müddət ərzində cəmi 180 manat ödəniş etməsi onun təbii qazdan qeyri-qanuni istifadə etməsi halını təsdiqləsə də, məhkəmələr buna qiymət verməmişlər.
20. Şikayətdə o da qeyd olunmuşdur ki, iş materiallarındakı qanunsuz qoşulma hallarını təsdiq edən şəkillərə də hüquqi qiymət verilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
29. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
35. Maddə 13, 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
37. Kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia tələbində qeyd olunmuş aktlardan ##.##.2013-cü il tarixli və ##.##.2024-cü il tarixli aktlar üzrə cavabdehdən pul tutulmalı, digər aktlar isə onların tərtib edilmə vaxtı və cavabdehin imzası əks olunmadığı, o cümlədən cavabdehə məxsus evə baxış keçirilməsi, keçirilmişdirsə kənar xətt aşkar edildiyi halda onun qaynaqla qaz xəttindən ayrılması, aktlar tərtib olunan zamanı cavabdehin iştirakının təmin edilməsi müəyyən olunmadığı üçün onlar əsaslı hesab edilməmişdir.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.