Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-601/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əsas borclunun ölümü halında ipotekaya tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı «xxxx» ASC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.
2. Kreditin təminatı olaraq cavabdeh1 ilə ##.##.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Bülbül prospekti, ** nömrəli binada yerləşən 160 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı * nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 680.000 manat məbləğində müəyyən edilmişdir (“xxxx” konsaltinq şirkətinin ##.##.2011-ci il tarixli, QF *** saylı ekspert rəyi).
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli iş üzrə ##.##.2023-cü il tarixli qətnaməsi ilə ##.##.2020-ci il tarixdə ölmüş Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borclu ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 426.000 manat müəyyən edilməsi və açıq hərracdan satılması, ipotekaya qoyulmuş mənzilin satışından əldə olunan pul vəsaitindən Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borcu, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsi barədə bildirişin qeydiyyat alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, qalan məbləğin ipoteka qoyan cavabdeh1 qaytarılması, ipoteka predmetinin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Müki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iddia baxılmamış saxlanılmışdır.
5. Qeyd edilən iş üzrə təqdim edilmiş “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, *** nömrəli rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ** saylı evin * saylı mənzilinin bazar qiyməti 473.600 manat, likvid qiyməti 426.000 manat təşkil etmişdir.
6. Qeyd edilən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2022-ci il tarixli */**** saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli, **** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Əliyev Cahangir Tofiq oğlunun “xxxx” ASC-yə müqavilə müddətinin bitmə tarixinə, yəni ##.##.2021-ci il tarixə olan borcu 51.551,54 manat, o cümlədən əsas borc üzrə - 44.098,83 manat, faiz borcu üzrə - 7.452,71 manat məbləğində müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “xxxx” ASC-nin Problemli kreditlərlə Iş departamentinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda göstərilir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Əliyev Cahangir Tofiq oğlunun adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 Reyestri Xidmətin tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ünvanlanmış ##.##.2024- cü il tarixli məktubundan görünür ki, Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri haqqında informasiya fərdi məlumatlar kateqoriyasına aid olduğundan, bu barədə məlumatın əldə edilməsi üçün ölən şəxsin qanuni vərəsəsi şəxsən və ya etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsilə müraciət etməlidir.
9. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən məlumatlara görə Əliyev Cahangir Tofiq oğlunun adında aşağıdakı əmlaklar aşkar edilmişdir: - ##.##.2006-cı il tarixdən “Opel Vectra” markalı, 10- SV-272 dövlət qeydiyyat nişanlı avtomobil - ##.##.2007-ci il tarixdən “VAZ-21074” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil - ümumbirgə əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-** saylı sahədə yerləşən 0.1200 ha “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi - ünvan 2zil 22 - Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, dalan 1, ev 3 (1/2 hissə) - ümumbirgə əsaslarla (arxiv əsaslarında vətəndaşın təvəllüdü aşkar edilməmişdir) ünvan 1 ünvanı - Bakı şəhəri, Sərdarov küçəsi, ev 16, mənzil 22 - «xxxx» ASC-nin Mərkəzi filialı tərəfindən verilmiş ##.##.2024- cü il tarixli maliyyə arayışının surətinə əsasən Əliyev Cahangir Tofiq oğlunun ##.##.2011-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə 41.353,96 manat əsas borcu, müqavilə müddətində ödənilməmiş 22.439,82 manat faiz borcu var. - «xxxx» ASC tərəfindən cavabdeh1 ünvanlanmış ##.##.2024-cü il tarixli kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmiş və göstərilmişdir ki, borclu Əliyev Cahangir Tofiq oğlunun vərəsələrinin olmadığı müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilməmişdir. **** nömrəli ##.##.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 41.353,96 manat əsas, 22.439,82 manat faiz borcu olmaqla ümumilikdə 63.793,78 manat borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq **** nömrəli ##.##.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməsini xahiş edirlər. Qeyd olunanlara əsasən 5 gün müddətində öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə kredit müqaviləsi üzə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı məhkəməyə müraciət edərək, Əliyev Cahangir Tofiq oğlunun 63.703,78 manat borcunun, borcun təminatı kimi çıxış edən cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən * saylı mənzilə (bundan sonra - ipoteka predmeti) yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 51 manat dövlət rüsumunun və 1,48 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər cavabdeh1 və cavabdeh2 ipoteka predmeti olan mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, iddiaçıya ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması, ödənilmiş 281,38 manat dövlət rüsumunun və 0,42 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə mülki işin baxılmamış saxlanılmağının əsası kimi prosessual hüquq varislərinin iştirakçılarının təmin edilməsi üçün ailə tərkibinə hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi və pretenziya qaydalarına riayət olunmaması qeyd olunmuşdur. Həmçinin MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu Ali Məhkəmə tərəfindən qərarda qeyd olunmuşdur. Daha sonra bank tərəfindən AR Ədliyyə Nazirliyi yanında X5 Reyestri Xidmətinə Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri haqqında məlumatın istənilməsinə dair vəkil sorğusu göndərilmiş, lakin ailə üzvləri haqqında informasiya fərdi məlumatlar kateqoriyasına aid olduğundan qeyd olunan məlumat təqdim edilməmişdir. Bundan əlavə olaraq bank tərəfindən Ədliyyə Nazirliyi yanında Ədliyyə sahəsində Xidmətlər Baş Idarəsinə Əliyev Cahangir Tofiq oğlunun vərəsələrinin olub-olmaması ilə bağlı vəkil sorğusu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə Məlumatın verilməsi” üzrə elektron xidmətlər göstərilir. Qeyd olunan portalda axtarış verilərkən Əliyev Cahangir Tofiq oğluna dair vərəsəlik işinin açılması ilə bağlı məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. X3 Tofiq oğlunun adına əmlakın olub-olmaması ilə bağlı AR Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinə və AR Iqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə vəkil sorğusu göndərilmişdir. AR Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən verilən məlumata əsasən Əliyev Cahangir Tofiq oğlunun adına ##.##.2006-cı il tarixdən “Opel Vectra” markalı, **SV*** və ##.##.2007-ci il tarixdən “VAZ- 21074” markalı **UF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatda olduğu, AR Iqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən məlumata əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-30 sahədə yerləşən torpaq sahəsi, ünvan 2 22 ünvanında yerləşən mənzil, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, dalan 1 ev 3 (1/2) ünvanında yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, B.Səfəroğlu küçəsi, ev 180 ünvanında yerləşən ** saylı mənzil və Bakı şəhəri, Sərdarov küçəsi, ev 16 ünvanında yerləşən ** saylı mənzil Əliyev Cahangir Tofiq oğlunun adına qeydiyyatdadır. Yuxarıda qeyd olunan **** nömrəli, ##.##.2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 41.353,96 manat, faiz borcu üzrə 22.439,82 manat olmaqla, cəmi 63.793,78 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 281,38 manat dövlət rüsumu və 0,42 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixdə *-*-**/*-*****/** saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətindən hər hansı tədbir görülməmişdir. Bu səbəbdən hesab edirlər ki, Əliyev Cahangir Tofiq oğlunun borcu, borcun təminatı kimi çıxış edən ipotekaya qoyulmuş cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən * saylı mənzilə yönəldilməlidir.
12. Iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırkı iş üzrə Konstitusiya Məhkəməsinin qərarına əsasən 5%-lə tələb dəqiqləşdirilmə ərizəsinin təqdim edilməsi zərurəti yaranmışdır. Belə ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Əliyev Cahangir Tofiq oğlunun 41.353,96 manat əsas, 11.070,36 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5%-lə 7.575,82 manat faiz olmaqla, ümumilikdə 60.000,13 manat borcu, borcun təminatı kimi çıxış edən cavabdeh1 məxsus Bakı şəhəri, Bül-Bül prospekti, 25 ünvanında yerləşən * saylı mənzilə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 51 manat dövlət rüsumu və 1,48 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər cavabdeh1 və cavabdeh2 ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin cavabdeh cavabdeh1 qaytarılması, ödənilmiş 281,38 manat dövlət rüsumunun və 0,42 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasında izahatı alınmış cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, məlum olur ki, iddiaçı mərhum Əliyev Cahangir Tofiq oğlunun götürdüyü kredit borcunu cavabdehlərdən tələb edir. Halbuki, mərhum fiziki şəxs Əliyev Cahangir Tofiq oğlu ##.##.2020-ci ildə vəfat etmişdir. Eləcə də, onun hüquqi varisinin olmamasına dair məhkəmə qərarı mövcuddur. Belə ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qərardadından görünür ki, Yasamal rayon məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə dayandırma qərardadının qəbul olunmasından 6 ay müddət keçdiyindən, həmin müddət ərzində iddiaçı Əliyev Cahangir Tofiq oğlunun vərəsələri müəyyən edilmədiyindən və mirasın qəbulu imkanı itirildiyindən mülki iş üzrə icraat təzələnmişdir. Həmçinin həmin qərardad ilə müəyyən olunmuşdur ki, iddiaçı Əliyev Cahangir Tofiq oğlunun ölümündən sonra vərəsəlik işi açılmamışdır. Ona görə də mülki iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə Ipoteka predmetinə yönəlmə üzrə mülki qanunvericiliyin (Ipoteka haqqında Qanununun) tələblərinə görə qeyd edilməlidir ki, borcun birbaşa ipoteka predmetinə yönəlməsi proseduru qanunvericilklə müəyyən edilmiş şəkildə (məhkəmədən kənar), ardıcıllıqla aparılaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət həddində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Bundan əlavə, qeyd edilməlidir ki, borcun birbaşa ipoteka predmetinə yönəldilməsi və tələbin ipotekaqoyana qarşı irəli sürülməsi, vərəsəliyin müəyyən edilməməsindən sonra digər prosedurlara riayət edilməsini, o cümlədən ipotekaqoyanın cavabdeh kimi cəlb edilməmişdən öncə məhkəmədən kənar rəsmi xəbərdarlıqların (müvafiq bildirişin təqdim edilməsi) və sair tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadında da yuxarıda göstərdiyi hüquqi mövqeyə istinad olunmuş, kredit müqaviləsi üzrə yaranmış borc kredit götürən şəxsin miras əmlakını qəbul edən vərəsələrə qarşı yönəlmədən, tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanıla bilməz. Göstərilənləri nəzərə alaraq cavabdeh cavabdeh1 nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə2 izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin iddianın rədd edilməsi barədə etiraz ərizəsində göstərdiyi dəlillərlə razı deyil. Kredit götürən mərhum Cahangir Əliyevin adına əmlaklar mövcuddur, bununla bağlı onların sorğusuna verilən cavabda da əmlakların olması müəyyən olunur, lakin vərəsələr həmin əmlakı hazırkı vaxtadək qəbul etməmişlər, bu səbəbdən onlar Konstitusiya Məhkəməsinin Qərarına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışlar. Gələcəkdə vərəsələr tərəfindən miras əmlakı qəbul ediləcəyi təqdirdə cavabdeh1 onlara qarşı reqress qaydada tələb irəli sürə bilər.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış ##.##.2011-ci il tarixli, **** saylı kredit müqaviləsi üzrə yaranmış 41.353,96 manat əsas borc, 7.452,71 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 7.575,82 manat faiz borcu, cəmi 56.382,49 (əlli altı min üç yüz səksən iki manat, qırx doqquz qəpik) manat borc, borcun təminatı kimi çıxış edən cavabdehcavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ** saylı evin * saylı mənzilə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 426.000 (dörd yüz iyirmi altı min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və “xxxx” ASCnin tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan cavabdeh1 qaytarılması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdehlər cavabdeh1 və cavabdeh2 həmin mənzildən çıxarılmaları, cavabdeh cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 259,15 manat və xidmət haqqı kimi ödənilmiş 0,42 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 51 manat və xidmət haqqı kimi ödənilmiş 1,48 manat, cəmi 312,05 (üç yüz on iki manat, beş qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şahin Abdulayev).
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Ipoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
18. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə ekspert rəyi ilə borcalanın kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borc iddia ərizəsində qeyd edilən 41.353,96 manat məbləğindədir. Məhkəmə həmçinin hesab etmişdir ki, kredit müqaviləsi üzrə faiz borcunun iddia ərizəsində göstərilən həddə deyil, ekspert rəyi ilə müəyyən edilən 7.452,71 manat həddində olması qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, öhdəliyin müqavilə müddəti bitdikdən sonra yaranmış faiz borcu, yəni gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 7.575,82 manat təşkil edir.
19. Məhkəmə hesab etmişdir ki, Əliyev Cahangir Tofiq oğlunun kredit müqaviləsi üzrə yaranmış borcu ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən qiymətlə (680.000 manat) deyil, qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymət ilə satışa çıxarılması əsaslı hesab edilməlidir.
20. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində cavabdehlər tərəfindən boşaldılmalı, əks təqdirdə cavabdehlər məcburi qaydada mənzildən çıxarılmalıdırlar, lakin, iddia tələbi cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir.
21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1, 445.7, 460-ci maddələrinə, “Ipoteka haqqında” Qanunun 1.0.6, 34.1, 36.1, 39.3.3, 48, 59.3, 59.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat:
22. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraatın, ölmüş borclunun mirasını qəbul etmiş vərəsələri müəyyən edilənə və prosesə cəlb edilənə qədər dayandırılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - qətnamədə də göstərildiyi kimi ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 680.000 manat məbləğində müəyyən edilmişdir. Lakin, məhkəmə qətnamə qəbul edərkən, “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli rəyə istinad etmişdir. Həmin rəydə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ** saylı evin * saylı mənzilinin bazar qiyməti 473.600 manat, likvid qiyməti 426.000 manat göstərilmişdir. Halbuki, məhkəmənin də bildiyi kimi 2011-ci ildən 2022-ci ilə kimi olan dövr ərzində Bakı şəhərinin mərkəzi Nəsimi rayonu ərazisində daşınmaz əmlakın qiymətinin ucuzlaşması halı olmamışdır. Əksinə, daşınmaz əmlakın dəyəri günü gündən bahalaşır. Həmçinin, respublika üzrə hər il illik inflyasiya məbləği müəyyən edilir və rəsmi olaraq bəyan olunur. - Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı hazırda qüvvədədir və baxılmamış saxlanılmağın əsasları aradan qalxmamışdır. Belə ki, həmin qərar prosessual hüquq varislərinin iştirakçılarının təmin edilməsini və ya iddiaçı tərəfindən mərhum kredit götürən Əliyev Cahangir Tofiq oğlunun hüquqi varisləri haqqında ailə tərkibinə dair hüquq müəyyənedici sənədlərin təqdim edilməsini, həmçinin pretenziya qaydalarına riayət olunmasını nəzərdə tutur ki, bu hal da, iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Iddiaçının özünün qeyd etdiyi kimi, mərhum Əliyev Cahangir Tofiq oğlunun adına istər daşınar, istərsə də, daşınmaz əmlaklar mövcud olduğu halda, onlar kredit borcuna görə iddia etdikləri tələbi ipoteka qoyan cavabdeh1 qarşı yönəldirlər. Eyni zamanda bu tələblərini, mərhum Əliyev Cahangir Tofiq oğlunun vəfatından sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından verilən məlumata əsasən Əliyev Cahangir Tofiq oğluna dair vərəsəlik işinin açılması ilə bağlı məlumat aşkar edilmədiyi ilə əsaslandırırlar. Halbuki, Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri arasından hüququ çatan şəxs vəfat anından sonra vərəsəlik işinin açılması barədə müraciət edə bilər. Mülki Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Halbuki, iddiaçı tərəfindən belə bir müraciətin olub-olmamasına dair heç bir sübut təqdim edilməmişdir. - Ölən şəxsin vərəsələrinin müəyyən edilməməsi, ipoteka qoyanı, sonradan müəyyən edilə biləcək vərəsələrə qarşı ödədiyi (ipoteka predmeti ilə qarşıladığı) kredit məbləği üzrə tələb etmə və məhkəmə müdafiəsi hüququndan məhrum edir. Bundan əlavə iş üzrə yekun qərar qüvvəyə mindikdən sonra, borclunun ölümü ilə bir anlıqda miras qoyanın kreditoru qarşısında birgə borcluya çevrilmiş şəxslər, işdə iştirak etmədikləri üçün (müəyyən edilib icraata cəlb edilmədikləri səbəbindən) sonradan iddiaçıya (banka) qarşı heç bir iddia (tələb) və ya etiraz irəli sürə bilməyəcək, borcun məbləğini, faiz və cərimələri mübahisələndirmək imkanları itirilmiş olacaq. - Mübahisələndirilən qətnamədə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən illik 5 % ilə tələb etdiyi məbləğin, həmçinin kredit faizinin təmin edilməsinə gəlincə, əsas tələb üzrə öhdəliyin ipoteka predmetinə yönəldilməsi ilə razılaşmadığı kimi, əlavə tələblər üzrə də təmin edilən məbləğlərə etiraz edir. Daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə ölmüş borclunun vərəsələrinin iştirakı olmadan işə baxmaqla ipoteka qoyan cavabdeh1 qanunla qorunan hüquqlarını pozmuş olur. Belə ki, ipoteka predmeti hesabına ölmüş şəxsin borcu ödənildikdə, gələcəkdə işə cəlb edilməyən vərəsələrə qarşı reqress hüququ irəli sürmək xeyli çətinləşəcək, bəlkə də qeyri-mümkün olacaq. Həmin şəxslər mütləq qaydada müəyyən edilməlidirlər ki, vərəsəlik qaydasında onlara keçmiş öhdəliyin icra edib-etməməli məsələsinə aydınlıq gətirilsin. Iddiaçı ilk növbədə öz tələbini həmin şəxsin varislərinə qarşı irəli sürməlidir (mövcud praktikada bankların borcluya bildiriş göndərməsi mövcuddur, həmin bildirişlər mirası qəbul etmiş vərəsələrə göndərilməlidir, yalnız vərəsələr öhdəliyi icra etmədikdə tələb ipotekaya qoyulmuş əmlaka yönəldilə bilər).
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə # #### 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad Imanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski).
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və mövqeyini eyni məzmunda əsaslandırmışdır.
26. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1, 445.7, 460-ci maddələrinə, “Ipoteka haqqında” Qanunun 1.0.6, 34.1, 36.1, 39.3.3, 48, 59.3, 59.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh Sultaova Sevda Əhəd qızı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda və eyni dəlillərlə əsaslandırılmışdır.
29. Əlavə olaraq qeyd edilmişdir ki, hazırkı öhdəlik üzrə əsas (şəxsi) borclu məhkəmədə iddia qaldırıldıqdan əvvəl ölüb, onun hüququ varisləri müəyyən edildikdən sonra borcun ipoteka hesabına təmin edilməsi tələb edilə bilər. Hüquqi varislər tərəfindən borcun ödənilməsi ehtimal edilməlidir, borc onlar tərəfindən tam və ya qismən ödənilmədikdə, öhdəlik pozulur və ipoteka hesabına icra edilməli olur.
30. Məhkəmə kollegiyası öhdəliyin müqavilə müddəti bitdikdən sonra yaranmış faiz borcu, yəni gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 7.575,82 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab etmişdir. Halbuki, borclu Əliyev Cahangir Tofiq oğlu ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Belə olduğu halda, məhkəmənin istinad etdiyi borclunun vicdanlılığı, öhdəliyin vaxtında icra edilməməsi, müqavilənin bitmə anı kimi müddəalara istinad edilməsi əsassız olur. Belə ki, müqavilənin müddəti ##.##.2021-ci il tarixdə bitdiyinə görə, ölüm anından sonra borclunun belə bir imkanı olmamışdır. Ona görə də, ən azından bankın müqavilənin bitmə tarixindən sonrakı 3 il 5 ay müddətinə, yəni iddia ərizəsini məhkəməyə təqdimetdiyi ana qədər illik 5 faiz dərəcəsi ilə əlavə faiz şəklində 7575,82 manat tələb etməsi əsassızdır. Apellyasiya instasniya məhkəməsi göstərilənlərlə razılaşmaqla işi düzgün həll etmək üçün əhəmiyyəti olan halları nəzərə almamışdır
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
33. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
34. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
35. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
36. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
39. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
40. Maddə 460. Öhdəliklərin icrası, girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
Ipoteka haqqında Azərbaycan Respublikası Qanunu:
41. Maddə 1.0.6. Ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur.
42. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
43. Maddə 36.1. ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
44. Maddə 48.1. Ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
45. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.
46. Maddə 59.4 bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı:
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Qərarı:
48. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 426.000 (dörd yüz iyirmi altı min) manat müəyyən edilməsinə dair düzgün nəticəyə gəlinməməklə prosesual hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə həmin hissədə ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmalıdır.
58. Apellyasiya instansiyası məhkəməsi sözügedən nəticəyə gələrkən “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, *** nömrəli rəyinə istinaq edərək göstərmişdir ki, mübahisəli əmlakın bazar qiyməti 473.600 manat, likvid qiyməti 426.000 manat təşkil edir. Kassasiya şikayətinin dəlillərinə görə, 2011-ci ildən 2022-ci ilə kimi olan dövr ərzində Bakı şəhərinin mərkəzi Nəsimi rayonu ərazisində daşınmaz əmlakın qiymətinin ucuzlaşması halı olmamışdır.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, ipoteka müqaviləsinin bağlandığı ##.##.2011-ci il tarixdə müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri “xxxx” konsaltinq şirkətinin ##.##.2011-ci il tarixli, QF *** saylı ekspert rəyi əsasında 680.000 manat məbləğində razılaşdırılmışdır. Belə olan halda, uzun illərdən sonra heç bir tutarlı əsas olmadan daşınmaz əmlakın dəyərinin ucuzlaşaraq 473.600 manata düşməsi hər hansı mötəbər sübutrlarla əsaslandırılmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ilkin satış qiymətini müəyyən edərkən tərəflər arasında əvvəllər mövcud olan mübahisə üzrə əldə edilmiş mütəxəssis rəyinə istinad etməklə kifayətlənmiş, ipoteka müqaviləsində və mütəxəssis rəyində müəyyən edilən eyni əmlakın qiymətləri arasında kəskin fərqlərin olmasına, Bakı şəhəri ərazisində daşınmaz əmlakların dəyərində əvvəlki illərlə müqayisədə getdikcə baş verən artımlara, belə bir vəziyyətdə ipoteka predmetinin dəyərinin hansı səbəbdən kəskin şəkildə düşməsi ilə bağlı sübutların (məsələn, yanğın, uçqun, qəzalı vəziyyət və sair) mövcud olmamasına, ipoteka qoyanın mütəxəssis rəyində qeyd olunan məbləği mübahisələndirməsinə keç bir əhəmiyyət verməmiş, iş üzrə yeni qiymətləndirmə keçirməli olduğu halda bunu etməmiş, birinci instansiya məhkəməsinin ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən qiymətlə (680.000 manat) deyil, qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymət ilə satışa çıxarılmasına dair mövqeyi ilə razılaşmışdır.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə əsaslı olmuş, həmin hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, “Ipoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır.
61. Habuki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4cü bəndi)
62. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi qismən – “ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 426.000 (dörd yüz iyirmi altı min) manat müəyyən edilməsi” hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.