Məhkəmə qərarları › İş №2(1-8)-612/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-612/2026

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-612/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: “pul”; Mülki mübahisənin kateqoriyası: Qanundan əmələ gələn öhdəliklər üzrə mübahisələr; Borcun qaytarılması; Öhdəliklərin icra edilməməsi; Sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” ASC-nin ödəniş qrafikinə əsasən, iddiaçı İddiaçı (bundan sonra mətndə-iddiaçı) ##.##.2025-ci il tarixli, KBEK*******C*** saylı kredit müqaviləsinə əsasən xxxx” ASC-nin Xaçmaz filialından 8000 manat kredit almışdır.

2. ##.##.2025-ci il tarixli izahata əsasən, cavabdeh Cavabdeh Xaçmaz rayon Polis Şöbəsinin icraatında olan HK-/455 və *** nömrəli təhqiqat materialı üzrə X5 Bölməsinə ## ###### 2025-ci il tarixdə verdiyi izahatında digər şəxslərlə yanaşı iddiaçıya da 8300 manat dəyərində qızıl-zinət əşyalarından borclu qaldığını etiraf etmişdir. Cavabdeh Cavabdeh izahatı təhqiqat materiallarına əlavə edilmiş və izahata araşdırmada hüquqi qiymət verilmişdir.

3. Cinayət işinin başlanmasının rədd edilməsi barədə ## #### 2025-ci il tarixli qərarına əsasən, həmin qərarda cavabdeh Cavabdeh (bundan sonra mətndə-cavabdeh) izahatına hüquqi qiymət verilərkən onun digər şəxslərlə yanaşı iddiaçıya da 8300 manat borclu olduğu qeyd edilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi ## ######## 2024-cü il tarixli, ## ####### 2024-cü il tarixli, ## ###### 2024-cü il tarixli qəbzlərinə əsasən, alıcı “Vüsalə M” qeyd edilmiş, sonluğu 9368 olan birkart hesabına qeyd edilən tarixlərdə 4 dəfəyə ümumilikdə 3490 manat pul köçürülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10455 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 106 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir ki, tanımış, onunla münasibətləri normal olmuşdur. 2024-cü ilin sonlarında cavabdeh onun yanına gələrək şəxsi problemləri ilə əlaqədar 8000 manat borc pul istəmişdir. O, cavabdehə nağd pulu olmadığını bildirmiş, lakin münasibətləri yaxşı olduğu üçün cavabdehə kömək etmək qərarına gəlmişdir. Beləliklə 2025-ci ilin yanvar ayının 6-da bankdan 8000 manat kredit alaraq cavabdehə vermişdir. Razılaşmalarına əsasən cavabdeh hər ay krediti ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh krediti ödəməmişdir. Bu səbəbdən o, cavabdehin əvəzinə aldığı kreditə görə bir ay üçün 435 manat banka özü ödəniş etmişdir. Bundan sonra da o, 24 ay hər aya görə 435 manat olmaqla cavabdehə verdiyi pula görə kredit ödənişi aparmalıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. Ona görə də cavabdehdən 10455 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 106 manat pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı iddia ərizəsində dəqiqləşmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, məhkəmədə cavabdehə qarşı 10455 manat pul tələbinə dair iddia qaldırmışdır. Iddia tələbində “xxxx” ASC-dən öz adına 8000 manat kredit alaraq cavabdehə verdiyini, həmin kreditə görə 10455 manat ödəniş etməli olduğunu göstərməklə tələbini 10455 manata görə irəli sürmüşdür. Iddia ərizəsini ötəri yanaşma ilə tərtib etmişdir. Ona görə də hazırda iddia tələbində dəqiqləşmə aparır. Belə ki, o, “xxxx” ASC-dən öz adına 8000 manat kredit alaraq həmin məbləğin üzərinə əlavə pul qoymaqla cavabdehə qızıl-ziynət əşyası alaraq vermişdir. Cavabdeh ona həmin qızıl-zinət əşyalarının dəyəri olaraq 8300 manat pul borcludur. Hazırda həmin borcu ödəməkdən yayınır. Ona görə də cavabdehdən qızıl-ziynət əşyalarının dəyəri olan 8300 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 106 manat pulun alınaraq ona verilməsini xahiş edir.

8. Iddiaçı iddia tələbini hazırkı həcmdə müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh 2024-cü ilin noyabr-dekabr aylarından qaynanası Bibxanım vasitəsilə tanımışdır. Belə ki, Fəridə onlara gəlib-getmiş, sonra aralarındakı tanışlıq sıx münasibətlərə çevrilmişdir. Belə ki, cavabdeh Xaçmaz şəhərində gözəllik salonu işlətmiş, ondan alış-veriş edərək tanışlıqları yaranmışdır. Bir-birinin evinə gediş-gəlişləri də olmuşdur. Sonra 2025-ci ilin yanvar ayında cavabdeh ona müraciət edərək kartına “Bank Respublika” tərəfindən limit qoyulduğunu, kartı açdıra bilmədiyini bildirərək ondan kartındakı limiti götürmək üçün köməklik etməsini xahiş etmişdir. Cavabdeh kartında 11.000 manat limiti olduğu, lakin həmin pulu çıxara bilməməməsi səbəbindən ondan pul istəmişdir. O, cavabdehə nağd pul verə bilməyəcəyini bildirmişdir. Qarşılıqlı razılıq əsasında 2025-ci ilin yanvar ayının 7-də “xxxx”-dan öz adına 8000 manat kredit alaraq həmin pulun dəyərində cavabdehə qızıl-zinət əşyaları vermişdir. Cavabdeh onun pulunu 1 ay ərzində qaytaracağına vəd vermiş, lakin sonradan vədinə əməl etməmişdir. Hazırda tələb etdiyi 8300 manatlıq məbləği onunla izah edir ki, bir müddət sonra cavabdeh borclu olduğu məbləğdən 2000 manat hissəsini ona qaytarmış, lakin sonra ondan təkrar qızıl istəmiş, o da özünə məxsus 2300 manatlıq qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Beləliklə də cavabdehlə aralarında olan pul haqq-hesabı ümumilikdə hal-hazırda 8300 manat təşkil edir. Hazırda cavabdehdən tələb etdiyi 8300 manat borc məbləği qızıl-zinət əşyaları ilə birgə təşkil olunan məbləğdir. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, cavabdeh pulu yaxın vaxtlarda qaytaracağına vəd versə də pulu qaytarmamışdır. Hətta Xaçmaz rayon Polis Şöbəsində cavabdeh izahat verərək ona 8300 manatlıq qızıl-zinət əşyalarından pul borclu qaldığını etiraf etmişdir. Onun bu etirafı Xaçmaz rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında da öz təsdiqini tapmışdır.

9. Iddiaçı izahatına əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş, onun kart hesabına pul köçürülmələrinə dair məlumatlar əks olunan qəbzlər 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarını əhatə edir. Həmin pulları cavabdeh borclu olduğu qaynanası Bibxanıma çatdırılması üçün karta göndərmiş və o da həmin pulları qaynanasına vermişdir. Karta köçürülmüş həmin məbləğlərin ona heç bir aidiyyatı olmamış, cavabdehlə aralarında pul və qızıl-zinət əşyaları alış-verişi ilə bağlı münasibətlər 2025-ci ilin yanvar ayından və sonrakı yaxın aylarda yaranmışdır. Ona görə də iddiasının hazırki həcmdə tam təmin olunmasını xahiş edir.

10. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 iddianı qəbul etməyərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehin iddiaçıya borcu yoxdur və iddiaçıdan borc pul almamışdır. Məsələnin mahiyyəti budur ki, Emin adlı şəxs hüquqlarını müdafiə etdiyi cavabdeh ilə birlikdə X3 qəbuluna getmiş, nazir onları qəbul etmişdir. Belə ki, Emin adlı şəxs bir neçə xanımı aldadıb qızıllar almış, qızılların pulunu qaytarmamışdır. Bununla bağlı nazirin göstərişi ilə Istintaq Bölməsində araşdırma gedir. Burada tərəflər arasında pul məsələsi olmamışdır. Iddiaçı Emin adlı şəxsə qızıl vermiş və həmin şəxs pullarını qaytarmamışdır. Onların arasında sırf qızıl alış-verişi olmuşdur. Əgər iddiaçı deyirsə bu pulu “xxxx”-dan alıb cavabdehə verib, ən azından aralarında pulun verilməsinə dair müqavilə, yaxud sadə yazılı qəbz olmalı, digər tərəfdən öhdəliyin icra müddəti müəyyən edilməli idi. Öhdəliyin icra müddətində pul ödənilmədikdə iddiaçı iki illik bankdan pul alıb vermişdirsə cavabdeh pulu ödəmədiyi təqdirdə iddiaçı pulu banka tam şəkildə ödəməli, ondan sonra onun reqres qaydada pul tələb etmək hüququ yarana bilərdi. Iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən ilk əvvəl 10455 manat pulun qaytarılmasını tələb etmiş, hazırda cavabdehdən 8300 manat qızılın pulunu tələb edir. Iddiaçının ilkin iddiasında və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizəsində ziddiyyətlər vardır, ərizələrin məzmunu fərqlənir. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatlarında fərqli ifadələr işlətmişdir. Cavabdeh iddiaçıdan 3900 manat dəyərində qızıl-ziynət əşyaları götürmüş, sonradan onun təqdim etdiyi qəbzlərdə göstərdiyi tarixlərdə həmin qızılın pulunu Vüsalənin birbank kart hesabına ödəməklə qaytarmışdır. Ona görə də hesab edir ki, iddiaçının həm əvvəlki, həm sonradan dəyişdirilmiş tələbi əsassızdır və rədd olunmalıdır.

11. Şahid qismində dindirilən iddiaçının təqdim etdiyi şahid X2 göstərmişdir ki, iş üzrə tərəfləri tanıyır. Iddiaçı ilə aralarında qohumluq münasibətləri vardır. 2025-ci ilin fevral ayında qohumu iddiaçının evinə getmiş, orada iddiaçının cavabdeh ilə telefonla danışaraq mübahisə etdiklərini görmüşdür. Telefonla danışdıqdan sonra Vüsalədən nə baş verməsini soruşduqda iddiaçı cavabdehə bankdan pul çıxarıb verdiyini, lakin pulu deyilən vaxtda qaytarmadığını, bu səbəbdən ondan pulunu tələb etdiyini bildirmişdir. Sonra iddiaçı ondan pulu tələb etmək üçün birlikdə cavabdehin yanına getməyi xahiş etmişdir. O, razılaşaraq iddiaçı ilə birlikdə cavabdehin işlədiyi mağazaya getmişlər. Iddiaçı orada cavabdehdən yenə də pulunu qaytarmasını tələb etdikdə cavabdeh iddiaçıdan xahiş edərək ona vaxt verməsini və ayın sonunadək onun pulunun hamısını qaytaracağını demişdir. Söhbət əsnasında cavabdehin iddiaçıya 8000 manat pul qaytarmalı olduğu ona məlum olmuşdur.

12. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddianın təmin edilməsi, cavabdehdən 8300 (səkkiz min üç yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 106 (bir yüz altı) manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan pul haqq-hesabı ümumilikdə hal-hazırda 8300 manat təşkil edir. Hazırda cavabdehdən tələb etdiyi 8300 manat borc məbləği qızıl-zinət əşyaları ilə birgə təşkil olunan məbləğdir. Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, cavabdeh pulu yaxın vaxtlarda qaytaracağına vəd versə də pulu qaytarmamışdır.

14. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə2 iddianı qəbul etməyərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh Cavabdeh iddiaçı İddiaçı borcu yoxdur və iddiaçıdan borc pul almamışdır. Əgər iddiaçı bankdan kreditə pul çıxarıb cavabdehə vermiş olsaydı belə o, həmin pulu bankın müəyyən etdiyi vaxtda borcu tam ödədikdən sonra reqress qaydada iddia tələbi irəli sürə bilərdi. Cavabdeh iddiaçıya hər hansı məbləğdə pul verməli olmadığından və bu hal sübuta yetmədiyindən hesab edir ki, iddiaçının həm əvvəlki, həm sonradan dəyişdirilmiş tələbi əsassızdır və rədd olunmalıdır.

15. Belə olduğu halda iddiaçı İddiaçınun üzərinə cavabdeh Cavabdeh ona verdiyi qızılzinət əşyalarının pulu ilə birlikdə ümumilikdə 8300 manat pul borclu olduğunu, lakin dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehin həmin pulu qaytarmadığını sübut etmə yükü düşür.

16. Cavabdeh Cavabdeh üzərinə isə onun hazırda iddiaçı İddiaçı hər hansı məbləğdə pul borclu olmadığını sübut etmə yükü düşür.

17. Məhkəmə tədqiqatı zamanı iddiaçı İddiaçı hazırkı tələbi cavabdeh Cavabdeh Xaçmaz rayon Polis Şöbəsinin icraatında olan HK-/455 və *** nömrəli təhqiqat materialı üzrə X5 Bölməsinə ## ###### 2025-ci il tarixdə verdiyi izahatında digər şəxslərlə yanaşı iddiaçı İddiaçı da 8300 manat dəyərində qızıl-zinət əşyalarından borclu qaldığını etiraf etməsi, cinayət işinin başlanmasının rədd edilməsi barədə ## #### 2025-ci il tarixli qərarda cavabdeh Cavabdeh izahatına hüquqi qiymət verilərkən onun digər şəxslərlə yanaşı iddiaçı İddiaçı da 8300 manat borclu olduğu barədə olan qeyd, həmçinin iddiaçının təqdim etdiyi şahidin ifadəsi ilə öz təsdiqini tapmış və sübut edilmişdir.

18. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə2 cavabdehin iddiaçı İddiaçı hazırda hər hansı məbləğdə pul qaytarmalı olmadığını, verilmiş tələblərin əsassız olduğunu göstərsə də cavabdeh tərəf öz etirazlarının əsasını təşkil edən mötəbər sübutu və sənədi məhkəməyə təqdim etməmişdir.

19. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə tədqiqatının yekunlaşmasına yaxın bank ödəniş qəbzlərini təqdim etməklə iddia tələbinə etirazın əsası kimi cavabdehin iddiaçıdan 2024-cü il ərzində 3900 manatlıq qızıl-zinət əşyaları aldığını və həmin qızılın pulunu 2024-cü ilin sentyabr-noyabr ayında iddiaçıya məxsus bank kartına ödəməklə qaytarması kimi irəli sürdüyü dəlilləri inandırıcı hesab etmir və bu hal iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının izahatı, iş materialları, əsasən də cavabdehin Xaçmaz rayon X5 Bölməsində verdiyi izahatla da təsdiq olunmuşdur ki, tərəflər arasında pul və qızıl-zinət əşyaları ilə bağlı yaranmış münasibətlər məhz 2025-ci yanvar ayından mart ayınadək olan dövr ərzində baş vermişdir. Ona görə də məhkəmə cavabdeh tərəfin iddiaya etiraz olaraq irəli sürdüyü bu kimi dəlilləri əsassız hesab etmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 385.1, 425.1, 427.3, 428.1, 442, 443.1, 445.2.1, 445.3, 448.1, 448.2 və 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 4, 14.2, 77.1, 88, 53, 119.1, 217.3, 218.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin nəticəsi barədə yekun, düzgün və ədalətli qərar qəbul edilməsi üçün aşağıdakıları qeyd etmək zəruridir: 1). Iddiaçının ilk əvvəl məhkəməyə müraciət edərək verdiyi iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ondan 2024-cü ilin sonlarında borc pul istəmiş, o da 2025-ci ilin yanvar ayının 6-da “xxxx” ASC-nin Xaçmaz filialından 8000 manat kredit alaraq cavabdehə borc vermişdir. Razılaşmaları əsasında cavabdeh hər ayın 7-də krediti onun əvəzinə 24 ay müddətdə hər ay 435 manat olmaqla ödəməli idi. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və 1 ay 435 manat ödənişi özü “xxxx”-a etmiş və ümumlikdə cavabdeh ona faiz ilə birlikdə 10455 manat və 106 manat dövlət rüsumu ödəməlidir. Sonradan iddiaçının məhkəmə hazırlıq iclasında yalanı tərəfindən üzə çıxarılmışdır. Belə ki, verdiyi suallar əsasında yalan danışdığı üzə çıxan iddiaçı bu səfər hazırlıq iclasını təxirə saldıraraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək, guya iddia tələbini ötəri yanaşma ilə tərtib etdiyini bildirmiş, qeyd etmişdir ki, “xxxx” ASC-dən öz adına 8000 manat kredit alaraq həmin məbləğin üzərinə əlavə pul qoymaqla 8300 manat dəyərində qızıl-zinət əşyası vermişdir. O, cavabdehdən 8300 manat pulun və ödədiyi 106 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Qeyd edir ki, iddia tələbi dəqiqləşdirdikdən sonrada iddiaçı məhkəmə zalında da növbəti dəfə bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə 8000 manat kredit almış və 6000 manat nəğd pul, 2300 manat dəyərində qızılzinət əşyalarını cavabdeh Cavabdeh vermişdir. Ilk iddia ərizəsindəki iddianın predmeti, əsaslandırılması, mahiyyəti ilə, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddia ərizəsini predmeti, əsaslandırıması, mahiyyəti kəskin fəqlənir. Belə ki, iddiaçı iddianın predmeti və əsasını kəskin şəkildə dəyişmiş, pulun necə alınması tamamilə dəyişdirilmiş, təhrif edilmişdir. Yəni iddiaçı hər dəfə fərqli izahatlar verərək məhkəməni aldatmağa çalışmışdır. Iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi və cavabdehə göndərdiyi ## ###### 2025-ci il tarixdə imzalanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 15 gün müddətində, yəni ##.##.2025-ci il tarixə kimi 8300 manat borcunun ödənilməsini tələb etməkdədir. O zaman belə sual meydana çıxır ki, əgər ## ###### 2025-ci il tarixdə iddiaçı tərəfindən borc və qızıl verilmişdirsə necə olur ki, 2 gün sonra iddiaçı ## ###### 2025-ci il tarixdə bu pulu tələb etməsi sual doğurur. Bu hal iddiaçının iddia ərizəsi ilə və məhkəmədə verdiyi izahatı ilə tamamilə əksini təşkil etməkdə, iddiaçının iddia ərizəsinin yalan, böhtan xarakterli olmağını sübut etməkdədir. Iddiaçı məhkəmə hazırlıq və baxış iclasında 2300 manat dəyərində olan qızıl-zinət əşyalarını cavabdehə verdiyini bildirir. Əgər qızıl-zinət əşyaları cavabdehə verilmişdirsə, həmin qızıl-zinət əşyaları, onların çəkisi, qramı, ölçüsü, istehsal ölkəsi, əyarı iddiaçının izahatında aydın əks olunmalı, iddia ərizəsində qızıl-zinət əşyaları və ya onların qaytarılması tələb olunmalı idi. 2300 manatlıq qızılzinət əşyalarının cavabdehə iddiaçının verməsi, öz haqsız tələbini məhkəmədən keçirmək üçün iddiaçının sonradan ağlına gəlmiş, öz təxəyyülü olmuşdur. Belə bir fakt mövcud deyildir. Bu iddia pul tələbi iddiası deyil, vindikasiya iddiasıdır. Iddiaçı iddia edir ki, guya cavabdehə verdiyi 6000 manat pulu bankdan alıb vermişdir. Fərz etsək ki, iş üzrə cavabdehin borcu vardır,bu zaman iddiaçı pulu banka tam şəkildə ödəməli, ondan sonra onun reqress iddia hüququ yaranmaqdadır. Işin hallarından, iddiaçının izahatında da aydın olur ki, bankdan alınan pul geri qaytarılmamışdır. Bu zamanda iddiaçının reqress tələb etmək hüququ yaranmamaqdadır. Iddiaçı məhkəməyə vəsatət verərək qeyd edir ki, Xaçmaz rayon Polis Şöbəsinin ## #### 2025-ci il tarixli qərarının 3cü səhifəsinin birinci abzasının sonuncu cümləsində cavabdeh mənə 8300 manat borclu olduğunu etiraf etmişdir. Göründüyü kimi iddiaçı bu qərarı öz xeyrinə yozmaqla üstünlük əldə etməyə cəhd etməkdədir. Həmin qərarı tam oxuyandan sonra məlum olmuşdur ki, orada Vüsalə adlı qadından qızıl alınması, yəni hadisələrin baş vermə tarixi 2024-cü ilin sentyabr ayıdır və qramı 100 manat dəyərində olmaqla 39 qram, cəmi 3900 manatlıq qızıl alınmasından söhbət getməkdədir. Orada qeyd edilmiş 8000 manatlıq borc qərarda iddiaçının etirafı ilə qəti təsdiq edilməmiş, müstəntiq əsaslanmadan həmin məbləği qeyd etmişdir. Cavabdeh isə həmin pulu karta ödədiyini öz izahatında qeyd edir və qəbzlər təqdim edir. Həmin kartın nörməsi ****-****- ****-**** nömrəli kart qərarda adı çəkilən Vüsalə adlı qadına məxsudur. Həmin qəbzlər məhkəməyə təqdim olunsa da, baxılan iddia ərizəsində isə iddiaçı 2025-ci ilin yanvar ayında 6000 manat pul və 2300 manatlıq qızıl cavabdehə verilməyini iddia etməkdədir. Bu sübut bir daha iddiaçının məhkəməyə yalançı sübut təqdim etmək cəhdindən başqa bir şey deyil. Bu qərar sübut deyildir, mahiyyəti yalnışdır. Iddiaçının məhkəməyə təqdim etdiyi dövlət rüsumu haqqında qəbzdən də aydın olur ki, iddiaçı bu iş üzrə dövlət rüsumunu ## ###### 2025-ci il tarixdə ödəmişdir. Borc pul alan adamı 2 gün sonra məhkəməyə verməyə hazırlaşmaq absurddur və böhtandır. Burdan da aydın olur ki, iddiaçının ## ###### 2025-ci il tarixdə cavabdehə 6000 manat pul və 2300 manatlıq qızıl-zinət əşyası verməsi yalandır. Məhkəmə yazır ki, “iş üzrə bundan başqa məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə tədqiqatının yekunlaşmasına yaxın bank ödəniş qəbzlərini təqdim etməklə iddia tələbinə etirazın əsası kimi cavabdehin iddiaçıdan 2024-cü il ərzində 3900 manatlıq qızıl-ziynət əşyaları aldığını və həmin qızılın pulunu 2024-cü ilin sentyabr-noyabr ayında iddiaçıya məxsus bank kartına ödəməklə qaytarması kimi irəli sürdüyü dəlilləri inindırıcı hesab etmir və bu hal iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının izahatı, iş materialları, əsasən də cavabdehin Xaçmaz rayon X5 Bölməsində verdiyi izahatla da təsdiq olunmuşdur ki, tərəflər arasında pul və qızıl-ziynət əşyaları ilə bağlı yaranmış münasibətlər məhz 2025-ci yanvar ayından mart ayınadək olan dövr ərzində baş vermişdir. Məhkəməyə tərəfindən qəbzlər verilmiş, məhkəmə isə əsassız və qanunsuz yanaşma ilə verdiyi qəbzləri heçə saymış, iddianı əsassız təmin etmişdir. Xaçmaz RPŞ-nin təhqiqat və Istintaq mtaeriallarında 2025-ci ilin yanvar ayından mart ayındadək pul və qızıl-zinət əşyalarının onun tərəfindən alınması ilə bağlı belə bir fakt yoxdur. Mülki Məcəllənin 739.2-cu maddəsinə əsasən borcun məbləği 3000 manatdan çoxdursa mütləq qaydada iddiaçı məhkəməyə yazılı sübut, yazılı müqavilə təqdim etməlidir. Əks halda iddianın prespektivi yoxdur. Onun hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada barəsində məhkəmə qərarı çıxarılmışdır. Hakim işə obyektiv, qərəzsiz və hərətfli baxmamış, sübutları araşdırmamışdır. O, öz faktlarını sübut edir.

23. Iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ona ödənilmiş 3490 manat qaynanasına məxsus qızıl əşyalarının pulu idi. Cavabdeh mütəmadi olaraq qaynanasından nisyə qızıl əşyaları almışdır.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər A.M. Süleymanovanın (sədrlik edən və məruzəçi), S. A. Qafari, F. Ə.Məmmədovdan) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində yanlışlığa yol versə də tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kollegiya araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 6000 manat nəğd pul və 2300 manat dəyərində qızıl əşyaları verdiyini iddia edərək cəmi 8300 manat pulun qaytarılmasını tələb etmişdir.

27. Cavabdeh iddiaya etiraz edərək iddiaçıya heç bir borcu olmadığını, iddianın əsassız olduğunu göstərmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı düzün nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanmaqla, apellyator tərəfindən şikayətin dəlilləri ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Odur ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

30. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Iddiaçı tərəfindən təqdim edilərək mülki iş materiallarında olan audio-disk məhkəmə araşdırma zamanı tədqiq edilmiş, diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olubolmaması öyrənilmişdir.

32. Cavabdeh həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir. Tərəflər arasında olan telefon danışıqlarının məzmunundan görünür ki, «1. Iddiaçı cavabdehə 8300 manat məbləği götürdüyünü, həmin məbləğin cavabdehin öz bacısı ilə birlikdə ödəyəcəyini bildirmiş, bu öhdəliyi icra etməkdən hansı səbəbdən boyun qaçırdığını soruşmuş, cavabdeh isə öhdəliyin icrasından boyun qaçırmadığını qeyd edərək borcun ödənilməsi üçün çalışdığını, digər şəxslər tərəfindən ona pul veriləcəyini və bundan sonra onun iddiaçıya məxsus pulu qaytacağını bildirmişdir. Cavabdeh hal-hazırda əlavə problemlərinin olması səbəbindən iddiaçı ilə aralarında olan razılığı pozduğunu qeyd edərək ayın 22-dək həm iddiaçının, həm də digər borclu olduğu şəxslərin borclarını qaytacağını bildirmiş, həmçinin, əlavə olaraq cavabdeh özünə və ailəsinə 20000 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Həmçinin, iddiaçı səs yazısında 8300 manat məbləğində pulun bankdan götürülərək cavabdehə verdiyini bildirmiş və onu geri qaytarılmasını tələb etmiş, cavabdeh isə qeyd olunan məbləğin bu ay ərzində qaytarılacağını, növbəti aya qalmayacağını bildirmişdir. Həmçinin, hal-hazırda işləmədiyini qeyd edərək aylıq banka verilməli olan 600 manat məbləği verə bilmədiyini göstərmişdir. 2. Cavabdeh iddiaçıdan pul aldığını bildirmiş, hətta bununla bağlı bacısına məlumat vermişdir. Lakin məbləğlərin çox olması səbəbindən həmin məbləğləri ödəyə bilməyəcəyini bildirmiş, iddiaçıdan əlavə başqa şəxslərə də borcunun olduğunu, iddiaçıya isə olan borcunun aylıq 2000 manatdan 5 ay ödəməklə başa çatacağını göstərmişdir. Iddiaçı pulu bankdan götürdüyünü, verilən pulun tez bir zamanda qaytarılmasını tələb etmiş, cavabdeh isə başqa şəxslərin ona pul verməli olduğunu, lakin onların həmin pulu ona vermədiyini, əmisinin və atasının köməyi ilə həmin pulu alacağını, iddiaçıya çatası məbləği qaytaracığını demişdir. Iddiaçı isə cavabdehdən pulu tələb edərək yoldaşının sabah banka ödənişin vaxtı olduğunu, pulun ödənmədiyi halda onun həyat yoldaşının adına gecikmə düşəcəyini bildirmiş, cavabdeh isə “bilirəm” demişdir. »

33. Kollegiya qeyd etmişdir ki, cavabdeh həmin danışıqlarda iddiaçının ondan 8300 manat pul tələb etməsinə, ona borcu olması barədə göstərdiklərinə etiraz etməməsinin, «öhdəliyin icrasından boyun qaçırmadığını, borcun ödənilməsi üçün çalışdığını, digər şəxslər tərəfindən ona pul veriləcəyini və bundan sonra onun məxsus pulu qaytacağı və s.» kimi fikirlər bildirməsinin səbəbini məhkəmə araşdırması zamanı izah edə bilmədi. Cavabdeh bu göstərilənlərin qarşılığında kollegiyaya yalnız iddiaçıya heç bir borcunun olmamasını göstərməklə kifayətləndi.

34. Məhkəmə kollegiyası qeyd olunan telefon danışıqlarına dair disk materiallarını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirərək hesab edir ki, həmin səs yazısındakı məlumatların əsassız olmasına dair hər hansı bir xüsusat məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən bu məlumatlar MPM-nin 76-cı maddəsinə müvafiq olaraq subut növü olaraq qəbul edilməlidir.

35. Kollegiya xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, həmin səs yazısında cavabdehin iddiaçıya 8300 manat borcu olması barədə birbaşa etirafı olmasa da, heç bir etirazını bildirməməsi kimi hallar cavabdehin iddiaçı qarşısında 8300 manat borcu olmasını təsdiq edən etirafedici hərəkətlər kimi qiymətləndirilməlidir. Bu halın əksini subut edən heç bir arqument cavabdeh tərəfindən irəli sürülməmiş, dəlil olaraq göstərilməmişdir. Bu qeyd olunanlar isə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

36. Cavabdeh apellyasiya şikayətində dəlillərində qeyd etmişdir ki, İddiaçı ## ###### 2025-ci il tarixdə bankdan kredit götürüb cavabdehə verdiyi halda iki gün sonra, yəni ## ###### 2025-ci il tarixdə bu pulu geri tələb etməsi ağlabatan deyildir. Həmçinin belə bir ehtimalın doğru olduğu halda iddiaçı yalnız reqres tələb irəli sürə bilər.

37. Kollegiya bu dəlillərlə razılaşmamış və hesab etmişdir ki, qeyd olunan dəlillər iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz.

38. Kollegiya həmçinin bildirmişdir ki, araşdırılan tələbin reqres öhdəlik kimi qiymətləndirilməsi qanunvericiliyin mahiyyəti ilə uzlaşmır.

39. Bundan başqa, iddiaçı bildirmişdir ki, cavabdehlə aralarında mübahisə yarandığı üçün o, ## ###### 2025-ci il tarixdə pulu geri tələb etmişdir.

40. Apellyatorun digər dəlili cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 3490 manat məbləğin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlıdır.

41. Kollegiya şikayətin bu dəlilini də əsaslı hesab etməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc pul verilməsi ilə bağlı münasibətlər 2025-ci ilin yanvar ayında yaranmışdır. Qeyd olunan həmin qəbzlərdən görünür ki, ## ######## 2024-cü il tarixli, ## ####### 2024-cü il tarixli, ## ###### 2024-cü il tarixli qəbzlərə əsasən alıcı “Vüsalə M” qeyd edilmiş, sonluğu 9368 olan birkart hesabına qeyd edilən tarixlərdə 4 dəfəyə ümumilikdə 3490 manat pul köçürülmüşdür. Göründüyü kimi cəmi 3490 manat pulun köçürülməsi 2024-cü ildə, yəni tərəflər arasında borc münasibətlərinin yarandığı 2025-ci ilin yanvar ayınadək olmuşdur.

42. Bu xüsusatla bağlı iddiaçı bildirmişdir ki, həmin 3490 manat onun qaynanasından cavabdehin nisyə aldığı qızıl əşyalarının pulu olmuşdur.

43. Iddiaçının bu göstərdiklərini məhkəmə kollegiyası inandırıcı və işin müəyyən edilmiş hallarına daha uyğun hesab etmişdir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır, cavabdeh heç bir qanuni əsas olmadan aldıqlarını geri qaytarmalıdır.

45. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 739.2, 1091.1, 1091.2,1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

47. Cavabdeh (vəkil-nümayəndə2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edib, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına geri qaytarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada barəsində məhkəmə qərarı çıxarılmışdır.Hər kəsin məhkəmədə ədalətli qaydada və qanunsuzluqdan müdafiə olunmaq hüququ var. Aparılan araşdırılma tam, düzgün və geniş çərçivəli olmamış, məhkəmə tərəfindən işə ədalətli yanaşılmamışdır

49. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayətində qeyd etdiyi halların araşdırılması ya təmin edilməmiş, təmin edilən hissələr isə səthi araşdırılmışdır. Məhkəmə yazır ki, “belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc pul verilməsi ilə bağlı münasibətlər 2025-ci ilin yanvar ayında yaranmışdır. Qeyd olunan həmin qəbzlərdən görünür ki, ## ######## 2024-cü il tarixli, ## ####### 2024-cü il tarixli, ## ###### 2024-cü il tarixli qəbzlərə əsasən alıcı “Vüsalə M” qeyd edilmiş, sonluğu 9368 olan birkart hesabına qeyd edilən tarixlərdə 4 dəfəyə ümumilikdə 3490 manat pul köçürülmüşdür. Göründüyü kimi cəmi 3490 manat pulun köçürülməsi 2024-cü ildə, yəni tərəflər arasında borc münasibətlərinin yarandığı 2025-ci ilin yanvar ayınadək olmuşdur. Bu xüsusatla bağlı iddiaçı bildirmişdir ki, həmin 3490 manat onun qaynanasından cavabdehin nisyə aldığı qızıl əşyalarının pulu olmuşdur.” Proses zamanı məhkəməyə dəfələrlə bildirmişdir ki, iddiaçı yalan danışır. Ondan 3900 manatlıq qızıl almışdır və 3490 manatını kartına köçürmüşdür. Onda belə bir sual ortaya çıxır ki, əgər köçürdüyü pulları İddiaçı qaynanası Bibixanım Məmmədovaya vermişdisə niyə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1295/2025,##.##.2025-ci il tarixli qətnaməsi ilə Bibixanım Məmmədova iddiaçı olmuşdur və ona pul ödəmədiyi hal-hazırkı günə qədər bildirir? Iddiaçı sadəcə 2-ci dəfə onlardan aldığı pulu təkrar alıb əsassız varlanmaq istəməkdədir.

50. Onunla bağlı münasibətləri 2025-ci ilin yanvar ayında olmamışdır. Hər iki instansiya məhkəməsi, yəni 1-ci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iddianı təmin edərkən yazır ki, İddiaçı hazırkı tələbi cavabdeh Cavabdeh Xaçmaz rayon Polis Şöbəsinin icraatında olan HK-/455 və *** nömrəli təhqiqat materialı üzrə X5 Bölməsinə ## ###### 2025-ci il tarixdə verdiyi izahatında digər şəxslərlə yanaşı iddiaçı İddiaçı da 8300 manat dəyərində qızıl-zinət əşyalarından borclu qaldığını etiraf etməsi, cinayət işinin başlanmasının rədd edilməsi barədə ## #### 2025-ci il tarixli qərarda cavabdeh Cavabdeh izahatına hüquqi qiymət verilərkən onun digər şəxslərlə yanaşı iddiaçı İddiaçı da 8300 manat borclu olduğu barədə olan qeyd, həmçinin iddiaçının təqdim etdiyi şahidin ifadəsi ilə öz təsdiqini tapmış və sübut edilmişdir. Halbuki istər Xaçmaz RPŞ-nin Təhqiqat, istərsə də Istintaq Bölməsində birmənalı olaraq qeyd etmişdir ki, İddiaçı qiyməti 100 manat olmaqla, cəmi 39 qram qızıl-zinət əşyası almışdır. Təhqiqat və Istintaq materillarında heç bir halda sübut olunmur ki, 6000 manat pul və 2300 manatlıq qızıl almışdır.

51. Apellyasiya məhkəməsində dəfələrlə bu faktı məhkəmənin diqqətinə çatdırmışdır. Təhqiqat və istintaq qərarlarının təsviri əsaslandırıcı hissəsi ilə nəticə hissəsi düzgün gəlmir, uyğunlaşmır. Bu qərarlar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qərarında qeyd edir ki, “məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş səs yazısında cavabdehin iddiaçıya 8300 manat borcu olması barədə birbaşa etirafı olmasa da, heç bir etirazını bildirməməsi kimi hallar cavabdehin iddiaçı qarşısında 8300 manat borcu olmasını təsdiq edən etirafedici hərəkətlər kimi qiymətləndirilməlidir. Bu halın əksini subut edən heç bir arqument cavabdeh tərəfindən irəli sürülməmiş, dəlil olaraq göstərilməmişdir. Bu qeyd olunanlar isə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

52. Səs yazısına məhkəmə prosesində onunla birgə iddiaçı və məhkəmə kollegiyası dinləmişdir. Orada ona 8300 manat borcunun olması, xüsusilə 6000 manat pul və 2300 manat qızıl-zinət əşyalarının verilməsi ilə bağlı hər hansı bir fakt yoxdur. Həmçinin iddiaçı ilə arasında olan münasibətlərin yanvar ayında olmasına dair heç bir hal sübut olunmamaqdadır.

53. Məhkəməyə irəli sürdüyü arqumentini məhkəmə əsaslı şəkildə araşdırmamışdır. Hesab edir ki, məhkəmə səs yazısını da düzgün araşdırmayıb, mahiyyətini düzgün analiz etməyib, düzgün qənaətə gəlməmişdir. Bəli, iş materiallarından da göründüyü kimi, digər şəxslərə və İddiaçı qohumlarına borcu olmuşdur. İddiaçı da digər qohumları kimi faizə qızıl verməklə pul qazanmaqdadır. O səs yazısına diqqətlə qulaq asılsa məhkəməyə hər şey aydın olacaqdır. Birincisi 410 manat iddiaçıya sənədlə borcu qalmışdır. Tutaq ki, 8300 manat borcu olması öz təsdiqini tapmaqdadır. Bəs 3490 manat ödədiyi pulu niyə borcundan çıxılmamaqdadır? Həmin pulun iş üzrə iddiaçının qaynanası olan Bibixanım Məmmədovaya çatdırılması həm faktlara, həm də məhkəmə qətnaməsinə əsasən sübut olunmamaqdadır. Güman edir ki, kassasiya instansiya məhkəməsi bu faktlara obyektiv baxaraq qiymət verəcəkdir.

54. Mülki Məcəllənin 1091.1 və 1092.1- ci maddələrinin mübahisəyə aidiyyatı ilə bağlı qeyd edir ki, məhkəmə bu iş üzrə tamamilə qeyri-düzgün və obyektiv olmayan, qanunvericiliyə zidd qərar qəbul etmişdir. Tərəfimdən ödənilmiş 3490 manat pulu iddiaçı tərəfindən ələ keçirilmiş, iş üzrə bu məbləğ tam sübut olunsa da əsassız şəkildə pul tələbi ilə yüklənməyinə səbəb olmuşdur. Iddiaçıdan 3900 manatlıq qızıl zinət əşyası almışdır. Onun 3490 manatını iddiaçının istifadə etdiyi karta yollamışdır. Iddiaçı deyir ki, qaynanası Bibixanım Məmmədovaya vermişdir, Bibixanım Məmmədova isə deyir ki, puldan xəbəri yoxdur və məhkəməyə müraciət edir və ona qarşı pul tələbinə dair qərar qəbul olunur. Bu fakt artıq birbaşa iddiaçının əsassız varlandığının sübutudur. Həmçinin hal-hazırda iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Iddiaçının iddia ərizəsindən və əlavə etdiyi sənədlərdən aydın olur ki, iddiaçı iddia edir ki, güya ona verdiyi pulu bankdan alıb vermişdir. Fərz edilsə ki, borcu olardısa, bu zaman iddiaçı pulu banka tam şəkildə ödəməli, ondan sonra onun reqres qaydada tələb etmək hüququ yaranmalıdır. Belə ki, ilk iddiasında guya görsədir ki, cavabdeh onunla razılaşmışdır ki, bankdan aldığı pulu 24 ay ərzində o ödəməlidir. Sonra isə iddiasını əsaslandırdığı halları müxtəlif cür dəyişdirir və yozur.

55. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və hüququnun bərpa olunmasın kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. X1 və Azadlıqları Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından bu araşdırılma obyektiv olmamışdır.

56. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi olan gün ##.##.2025-ci il tarixdə tərəflərin elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinetində qətnamənin nəticə hissəsi yerləşdirilmiş, “qətnamə qismən ləğv edilərək, yeni qətnamə çıxarıldı, iddia qismən təmin edildi” qeyd edilmişdir. Məhkəmə qətnaməsi sistemə yerləşdirilərkən məlum olmuşdur ki, apellyasiya şikayəti təmin edilməmiş, İ instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin sonradan onlara məlum olmuşdur ki, məhkəmə qətnaməsini video çəkilişlə elan etməmişdir. Ümumiyyətlə məhkəmə qətnaməsinin nəticəsi hissəsi elan edilərkən videoçəkiliş aparılmamışdır. Bu halda hüquqları kobud şəkildə pozulmuş, məhkəmə qətnaməsinin nəticə hissəsinin elanının audio-video yazısı ilə tanış olmaq imkanından məhrum etmişdir.

57. Məhkəmə onun təqdim etdiyi sübutları araşdırmamış və sübutlardan istifadə edib obyektiv nəticəyə gəlməmişdir.. Sübutlarını əsaslı hesab edib-etməməsinə hüquqi qiymət verməmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Məhkəmə tərəfindən təqdim etdiyi bütün sübutlar yalnız bir-iki cümlə ilə rədd edilmiş, hansı sübut tərəfindən təqdim edilmişdirsə məhkəmə kollegiyanın bununla razılaşmadığını, onun yazdıqlarının, dediklərinin doğru olmadığını qeyd etməklə kifayətlənmişdir.

58. Hakim işə obyektiv, qərəzsiz və hərtəfli baxmamışdır. Sübutları araşdırmamışdır. Hesab edir ki, öz faktlarını sübut etmişdir.

59. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1, 739.2, 1091.1 və 1092.1-ci maddələrinə, X1 və Azadlıqları Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 176.5-1-ci maddələrə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

61. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

62. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

63. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

64. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

65. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

66. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

67. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli Qərarı:

68. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Məhkəmə kollegiyası kassasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi olan gün, ##.##.2025-ci il tarixdə tərəflərin elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinetində qətnamənin nəticə hissəsi yerləşdirildiyi, “qətnamə qismən ləğv edilərək, yeni qətnamə çıxarıldı, iddia qismən təmin edildi” qeyd edildiyi, məhkəmə qətnaməsi sistemə yerləşdirilərkən, apellyasiya şikayətinin təmin edilmədiyi, İ instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığının məlum olduğu barədə dəlili ilə əlaqədar bildirir ki, “Elektron məhkəmə” informasiya sistemindən məlum olur ki, *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktının nəticəsi ##.##.2025-ci il tarixdə “Apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanıldı” kimi daxil edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsində də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla da dəlilin əsaslı olmadığı, “Elektron məhkəmə” informasiya sistemində aktın yekun nəticəsi ilə, qətnamədə qeyd edilmiş nəticənin fərqli olmadığı təsdiqlənir.

80. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

82. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar