Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-616/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Kreditor “xxxx” ASC ilə borcalan İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla, illik 16,5% dərəcəsi ilə 8900 manat məbləğində kredit verilmişdir.
2. “xxxx” ASC və zamin Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin “xxxx” ASC və borcalan İddiaçı arasında bağlanmış ##.##.2023cü il tarixli kredit müqavilə üzrə borcalanın öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.
3. Abşeron rayon Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X3 ##.##.2024-cü il tarixli qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Abşeron RPI-nin IŞ-nə göndərilməsinə qərar verilmişdir. Həmin qərara görə, İddiaçı Abşeron RPI-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək, tanışı Cavabdeh onu aldadaraq adına bankdan 7500 manat kredit götürdüyünü, bundan əlavə ondan hissə-hissə 6500 manat pul alaraq qaytarmadığını bildirmişdir. İddiaçı araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, “##.##.2023-cü il tarixdə dostu Kamran avtomobilinin kredit borcunu bağlamaq üçün onun adına bankdan 7500 manat kredit götürməsini xahiş etmiş, həmin vaxt Kamran mühafizə polisində işlədiyi üçün razılaşaraq həmin gün “xxxx” ASC-dən öz adına 8900 manat kredit götürüb 7500 manatını Kamrana vermişdir. Bundan bir müddət əvvəl isə Kamran ondan problemlərini həll etmək üçün ondan hissə-hissə olmaqla 6.500 manat borc pul almış, sonradan aldığı pulu və bankın kreditlərini ödəməkdən boyun qaçırmışdır”. ... “##.##.2023-cü il tarixdə qalan faizləri ödəmək üçün Raqifə (iddiaçı) Bankdan öz adına 7500 manat pul götürməsini, özünün isə ona zamin dayanacağını bildirmiş, Raqif də razılaşaraq öz adına “xxxx” ASC-dən 8.900 manat kredit götürüb 7.500 manatını ona vermiş, 1400 manatı isə özündə qalmışdır. O, həmin 7.500 manat pulu da Natiqin (Raqifin tanışı) köməkçisi Rüstəmə vermişdir. Bundan əlavə o, Raqifdən 2023-cü ilin iyun və iyul aylarında 6500 manat pul götürüb Rüstəmə faiz kimi vermiş, aldığı pulun 2500 manatını Raqifə qaytararaq 4.500 manat borclu qalmışdır”.
4. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Cavabdeh 416973********** nömrəli bank hesabına 2500 manat, 1700 manat, 1400 manat, 1400 manat pul ödənişi həyata keçirilmişdir.
5. “xxxx” ASC tərəfindən verilmiş çıxarışa əsasən ##.##.2023-cü il tarixdə iddiaçı İddiaçı banka olan 5420,78 manat ödəniş etməklə həmin bankda olan borcunu bağlamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, borcun məbləği olan 17.000 manat miqdarında vəsaitin və ödənilmiş 141 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının həmkəndlisi, həm də 7 il müddətində dostluq etdiyi bir şəxs olmuşdur. ##.##.2023-cü il tarixdə cavabdeh iddiaçıya öz istifadəsində olan avtomobilin kreditini bağlamaq istədiyini bildirmiş və təklif etmişdir ki, bankdan iddiaçı öz adına 7.500 manat məbləğində kredit götürərək cavabdehə versin. O da cavabdehlə olan dostluq münasibətinə və cavabdehin hazırda mühafizə polisində işlədiyinə, bu baxımdan sabit gəlir mənbəyinin olduğunu bildiyinə görə cavabdehin bu təklifini qəbul edərək onunla razılaşmışdır. Cavabdeh iddiaçıya bildirmişdir ki, kredit müqaviləsi iddiaçının adına olacaq, cavabdeh özü isə bankda iddiaçıya zamin olacaqdır. ##.##.2023-cü il tarixdə onlar birlikdə “xxxx” ASC-yə gedərək iddiaçının adına ümumi 8900 manat məbləğində kredit götürmüş, bu kredit pulundan 7500 manat məbləğini həmin gün cavabdehə vermiş, qalan 1400 manat pulu isə iddiaçı özündə saxlamışdır. Həmin 1400 manat məbləği isə cavabdeh iddiaçının aylıq ödəniş etməsi məqsədilə vermişdir. Daha sonra cavabdeh banka aylıq krediti ödəmədiyi üçün iddiaçı həmin pulu (1400 manat) bu məqsədlə ödəmişdir. Bundan sonra da cavabdeh tərəfindən bankda olan aylıq kredit ödənişləri ödənilmədiyi üçün bankdan cavabdeh üçün kredit aldığı 7500 manat pula görə o, “xxxx” ASC-yə faiz ilə birlikdə ümumilikdə 8900 məbləğində həmin ödənişləri məcbur olaraq ödəmiş və hazırda da ödəməkdədir. Bundan əlavə, həmin ildə, yəni 2023-cü ilin iyun və iyul aylarında cavabdeh iddiaçıdan işdə müəyyən problemləri olduğundan təcili pula ehtiyacı olduğunu bildirərək, əvvəlcə 4500 manat, daha sonra isə 2500 manat olmaqla, ümumilikdə 6500 manat məbləğində pulu da borc almışdır. 2500 manat pulu iddiaçıdan borc alan zaman cavabdeh ona bildirmişdir ki, həmin pulla Hüsniyyə adlı tanışının adına götürdüyü bank kreditini bağlayacaqdır və təkrar Hüsniyyənin adına bankdan kredit götürərək həmin kredit pulu ilə iddiaçıdan aldığı 6500 manat pulu bağlayacaqdır. 6500 manat məbləğində pulu iddiaçı cavabdehə hissə-hissə, yəni, ##.##.2023-cü il tarixdə cavabdehin adına olan **************** saylı bank hesab nömrəsinə 1700 manat, ##.##.2023-cü il tarixdə 4169738819007703 bank hesab nömrəsinə 1400 manat, ##.##.2023-cü il tarixdə eyni hesab nömrəsinə yenə də 1400 manat, daha sonra isə yenə eyni kart hesabına 2500 manat məbləğində ödəniş etmişdir. Ümumi 7000 manat məbləğində olan borc puldan cavabdeh ona 500 manat hissəsini qaytarmışdır. Bundan əlavə, iddiaçı bankın aylıq ödənişlərini etməsinə baxmayaraq, cavabdehlə hələ də münasibətləri olmuş və cavabdeh hər dəfəsində pulu tam şəkildə ödəyərək bağlayacağını bildirmişdir. Iddiaçı aralarındakı dostluq münasibətinin xətrinə cavabdehə həm əl borclu, həm də kreditlə pul vermiş, lakin indiyə kimi həmin pullarını cavabdehdən ala bilməmiş, bununla cavabdehlə aralarındakı dostluq münasibətləri pozulmuşdur. Odur ki, bu məsələ ilə bağlı ilk öncə Abşeron RPI-nin Mehdiabad PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayət Abşeron Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R X4 icraatına verilmiş, iddiaçı və cavabdehin izahatı alınmışdır. Lakin cavabdehin həqiqətə uyğun olmayan izahatını qəti şəkildə qəbul etmir. Həmin şikayətlə bağlı Abşeron Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bundan əlavə, həmin qərar qəbul edilməmişdən əvvəl iş aidiyyəti üzrə təhqiqat bölməsində baxılmış və iş Abşeron RPI-nin Mehdiabad PB-nin TŞ-nin baş təhqiqatçısı, R X3 icraatında olmuşdur. Həmin vaxt cavabdeh tərəfindən verilmiş izahatla sonrakı izahatı arasında uyğunsuzluq olmuş, cavabdeh fərqli izahatlar verərək, iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmağa çalışmışdır. Abşeron Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi tərəfindən ##.##.2024-cü il tarixli material mülki qaydada olduğunu bildirərək, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Iddiaçı hələ də banka ödəniş edir, həmçinin gecikmələr etdiyi üçün əsas borcun üzərinə faiz gəlir. Hazırda iddiaçı “X1” ASC-dən öz adına götürdüyü kredit pulu, yəni 8900 manat pulu, daha sonra 6500 manat və banka ödədiyi 1600 manat pulu cavabdehdən ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlarla bağlı şahid olan şəxslər - X5 və X2 məhkəmə zalında ifadə verməyə hazırdırlar.
8. Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, sözügedən müqavilə üzrə cavabdehin əvəzinə 1600 manat kredit ödənişi etmişdir. Bundan əlavə, cavabdeh iddiaçıdan borc məqsədilə müəyyən tarixlərdə müvafiq məbləğlərdə pul vəsaiti almış, bəzilərini qaytarmış, lakin sonuncu dəfə 2023-cü il tarixdə hissəhissə (2500+1400+1400+1700) verilmiş 7000 manat puldan sadəcə 500 manatını qaytarmış, 6500 manat məbləğdən isə heç bir ödəniş etməmişdir. Cavabdehin 2000 manat ödədiyini irəli sürdüyü məbləğ ona olan əvvəlki borclarının ödənişidir. Belə ki, onun da cavabdehə göndərdiyi əlavə çeklər vardır ki, onların hazırkı borca aidiyyəti yoxdur. Eyni zamanda cavabdehin atası da bank borcunu ödəməyi boynuna götürmüşdür.
9. Cavabdeh Cavabdeh izahatında iddia tələbi qəbul etməyərək bildirmişdir ki, ilk öncə iddiaçı cavabdehdən pul götürmüş, lakin sonra geri ödəniş edə bilməmişdir. Həmin məqsədlə kredit götürüldüyünü, bu baxımdan bank borcunun tək ona məxsus olmadığını, əvvəllər iddiaçıya olan borcların ödənildiyini bildirmiş, sadəcə 500-600 manat borcu ola biləcəyini etiraf etmişdir.
10. Cavabdehin vəkili və nümayəndəsi vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehə əlbəəl 6500 manat pul verilmiş, təxminən 2000 manat hissəsi qaytarılmışdır. Iddiaçının şikayəti əsasında başlanmış təhqiqatda cavabdehin dedikləri ifadəsində olduğu kimi qeyd olunmamış, ona təzyiq göstərilmiş, tutdurmaqla hədələnmişdir. Həmçinin qeyd etmişdir ki, “xxxx” ASC-yə birgə borcları var. Belə ki, cavabdeh zamindir, iddiaçı isə əsas borcludur.
11. Abşeron Rayon Məhkəməsinin (hakim M.M.Mirhəsənli) 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 14.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 132 manat hissəsi vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən, iddiaçı tərəfindən cavabdehə borc məqsədi ilə ##.##.2023-cü il tarixdə 2500 manat, ##.##.2023-cü il tarixdə 1700 manat, ##.##.2023-cü il tarixdə 1400 manat, ##.##.2023-cü il tarixdə 1400 manat olmaqla, ümumilikdə 7000 manat borc pul verilmiş, həmin məbləğin iddiaçının ərizəsində qeyd etdiyi və izahatında bildirdiyi kimi 500 manatın qaytarıldığını, lakin 6500 manat hissəsi qalmışdır. Cavabdehin hazırda həmin məbləğdən təxminən 2000 manat hissəsinin tərəfindən iddiaçıya qaytarıldığını irəli sürməsinə baxmayaraq, bunu təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmiş, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmamışdır. Daha sonra iddiaçı kredit götürərək, bir hissəsini cavabdehə vermiş, cavabdeh həmin məbləği qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Ümumilikdə cavabdehə kredit müqaviləsi üzrə 8900 manat kredit məbləğinin 7500 manat hissəsi verilmiş, 1400 manat hissəsi isə iddiaçıda qalmışdır. Bu hallar tərəflərin məhkəmə iclasında verdiyi izahatlarda və iş materiallarına əlavə edilmiş qərarlarda öz əksini tapan ifadələrdə öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Eyni zamanda, iddia tələbi iddiaçının adına olan kredit məbləğinə görə iddiaçının ödədiyi pulun cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, qeyd edilən müqaviləni iddiaçı öz iradəsi ilə bağlamış, həmçinin cavabdeh həmin kredit müqaviləsi üzrə zamindir və kredit müqaviləsi üzrə hər iki tərəf birgə məsuliyyət daşıyır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 329.3, 385.1, 442, 443.1, 448.2, 739, 740.1, 882.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən göründüyü kimi, tələb olunan pul vəsaiti 8900 manat iddiaçının adına götürülmüş kredit məbləği, həmin kreditin illik 16,5 %-i (8900+1468), 6500 manat borc məbləği və ödənilmiş 141 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17000 manatdan (8900+16,5%=8900+1468+6500+141) ibarətdir. Ilk öncə işə baxan məhkəmə iddia tələbini 14000 manat pul vəsaitinin tutulması hissəsində təmin edərkən, iddia tələbinin təmin olunmayan hissəsinin, yəni 3000 manat pul vəsaitinin nədən ibarət olduğunu müəyyən edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində götürülmüş 8900 manat kredit məbləğindən 7500 manatını cavabdehə verdiyini, qalan 1400 manat pul vəsaitini özündə saxladığını, sonradan götürülmüş kredit üzrə aylıq ödəniş etdiyini bildirmişdir. Belə olan halda, yalnız ehtimal etmək olur ki, iddianın təmin olunan hissəsi, iddiaçının götürülmüş 8900 manat kredit məbləğindən cavabdehə verdiyini iddia etdiyi 7500 manat və borc kimi kart hesabına köçürdüyü 6500 manatdan ibarətdir. Qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Bu həm də onun üçün konkretləşdirilməli idi ki, cavabdeh məhkəmə iclaslarında borc kimi götürdüyü məbləği, yəni 6500 manatı iddiaçıya kart hesabına köçürməklə və bir hissəsini isə iddiaçının iş yerində əlbəəl qaytardığını bildirmiş, qaytarılmış məbləğin təxminən 2940 manat hissəsinin iddiaçının kart hesabına köçürüldüyünə dair ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkilinin iddiaçıya verdiyi “cavabdeh tərəfindən Sizə əlbəəl pul vəsaiti qaytarılmışdırmı? - sualına iddiaçı tərəfindən - “bəli qaytarılmışdır” cavabı verilmiş, əlbəəl qaytarılmış borcun məbləğinə dair suala isə - cavab verilməmişdir. Götürülmüş borc məbləğindən cavabdeh tərəfindən iddiaçının kart hesabına köçürülmüş təxminən 2940 manat pul vəsaiti, eyni zamanda, əlbəəl verilmiş pul vəsaiti ilə bağlı iddiaçının etirafı məhkəmə tərəfindən nəzərə alınmamış, qətnamədə bu hala qiymət verilməmiş, həmin sübutlara qərəzli yanaşılmışdır.
16. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə “xxxx” ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının “xxxx” ASC-də olan 5420 manat kreditinin bağlandığını qeyd etməklə, “xxxx” ASC-yə ##.##.2023-cü il tarixdə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləği barədə sorğu verilməsi xahiş olunmuşdur. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin olunaraq, sorğu edilən məlumatın “xxxx” ASC-dən alınması qərara alınmışdır. Həmin iclasda vəsatətin müzakirəsi zamanı iddiaçı “xxxx” ASC-dən ##.##.2023-cü il tarixdə götürülmüş 8900 manat kredit məbləğindən 2500 manatını “xxxx” ASCdə olan digər kreditinə ödədiyini qeyd etmiş, həmin məbləğin 5420 olacağının mümkün olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Həmin iclasın audio-video yazısına baxmaqla qeyd olunanların həqiqət olduğu təsdiq olunar. Məhkəmənin həmin sorğusuna “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə verilən və məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuş cavab məktubuna əlavə edilmiş çıxarışdan göründüyü kimi, ##.##.2023-cü il tarixdə “xxxx” ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının “xxxx” ASC-də olan 5420 manat krediti bağlanmışdır. Həmin sənəd AZEMIS-də 14-cü sırada qeyd olunmaqla şəxsi kabinetə yerləşdirilmişdir. Məhkəmə tərəfindən cavabdehin vəsatəti əsasında əldə olunmuş və iş üçün əhəmiyyətli olan halların müəyyən olunmasını təmin edəcək həmin sübutun mövcudluğuna və əhəmiyyətinə qərəzli olaraq qiymət verilməmişdir. Bundan əlavə, məhkəmənin diqqətinə o da çatdırılmışdır ki, iddiaçının “xxxx” ASC-dən ##.##.2023-cü il tarixdə götürülmüş 8900 manat kredit məbləğindən 1400 manat ödəniş edilmişdir və qalan kredit məbləğinin, 7600 manat pul vəsaitinin hazırki iş üzrə iddiaçı və cavabdehdən tutulmasına dair Abşeron Rayon Icra Şöbəsinin icraatında icra sənədi mövcuddur. Həmin sübut da məhkəməyə elektron sistem vasitəsilə təqdim edilmiş və şəxsi kabinetdə 19-cu sırada yerləşdirilmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçı və cavabdehin kredit təşkilatı olan “xxxx” ASC qarşısında birgə borclu olması və kredit öhdəliyinin icra edilmədiyi nəzərə alınmamışdır. Bundan əlavə, işə baxan məhkəmə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan normanı deyil, qüvvədən düşmüş normanı tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 37-ci fəsli (o cümlədən 739-740-cı maddələr) ##.##.2023-cü il tarixli qanunla yeni redaksiyada verilmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə göz yummuş, borc müqaviləsinin hazırkı iş üzrə borcun məbləğindən asılı olaraq, yazılı formasına riayət olunmamasının həmin müqavilənin etibarsızlığına səbəb olduğunu nəzərə almamışdır. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnamədən və işin həqiqi hallarını təsdiq edən sübutlardan, mülki və mülki prosessual qanunvericiliyin hazırkı iş üzrə pozulmuş normalarından göründüyü kimi, həmin qətnamə iddianın təmin olunan hissəsində əsassız və qanunsuzdur. Hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli və iddia təmin olunan hissədə də rədd edilməlidir. Həmin normanın tələbini rəhbər tutmaqla, tərəflər arasındakı münasibətin etibarlı borc münasibəti olmadığını müəyyən etməli olduğu halda, bunu etməmiş, normanın tələbini tətbiq etməmişdir. Götürülmüş borc məbləğindən cavabdeh tərəfindən iddiaçının kart hesabına köçürülmüş təxminən 2940 manat pul vəsaiti, eyni zamanda, əlbəəl verilmiş pul vəsaiti ilə bağlı iddiaçının etirafı məhkəmə tərəfindən nəzərə alınmamış, qətnamədə bu hala qiymət verilməmiş, həmin sübutlara qərəzli yanaşılmışdır. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq, iddiaçı tərəfindən ##.##.2023cü il tarixdə “xxxx” ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının “xxxx” ASC-də olan 5420 manat kreditinin bağlandığını qeyd etməklə, “xxxx” ASCyə ##.##.2023-cü il tarixdə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləği barədə sorğu verilməsi xahiş olunmuşdur. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin olunaraq, sorğu edilən məlumatın “xxxx” ASC-dən alınması qərara alınmışdır. Həmin iclasda vəsatətin müzakirəsizamanı iddiaçı “xxxx” ASC-dən ##.##.2023-cü il tarixdə götürülmüş 8900 manat kredit məbləğindən 2500 manatını “xxxx” ASC-də olan digər kreditinə ödədiyini qeyd etmiş, həmin məbləğin 5420 olacağının mümkün olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmənin həmin sorğusuna “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə verilən və məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuş cavab məktubuna əlavə edilmiş çıxarışdan göründüyü kimi, ##.##.2023-cü il tarixdə “xxxx” ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının “xxxx” ASC-də olan 5420 manat krediti bağlanmışdır. Həmin sənəd AZEMIS-də 14-cü sırada qeyd olunmaqla şəxsi kabinetə yerləşdirilmişdir. Məhkəmə tərəfindən cavabdehin vəsatəti əsasında əldə olunmuş və iş üçün əhəmiyyətli olan halların müəyyən olunmasını təmin edəcək həmin sübutun mövcudluğuna və əhəmiyyətinə qərəzli olaraq qiymət verilməmişdir. Məhkəmə iddianın 14000 manat hissəsini təmin edərkən, həmin məbləğdən iddiaçının “xxxx” ASC-də olan kreditinin bağlanması üçün ödənilmiş 5420 manatı, o cümlədən cavabdeh tərəfindən iddiaçının kart hesabına ödənilmiş 2940 manat pul vəsaitini, iddiaçının məhkəmə iclasında cavabdeh tərəfindən ona əlbəəl də pul ödənilməsini etiraf etməsini nəzərə almamış, təmin olunan hissədə sübutları düzgün qiymətləndirməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - S.A.Qafari (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və A.M.Süleymanova) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 6.811 manat məbləğində pul və ödənilmiş 141 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar aşağıdakıları qeyd etmişdir.
19. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehə borc şəklində 17.000 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmeti üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir.
20. Işdən görünür ki, iddiaçı ##.##.2023-cü il tarixdə cavabdehlə birlikdə “xxxx” ASC-yə gedərək, iddiaçının adına ümumi 8900 manat məbləğində kredit götürdüyünü, həmin kredit pulundan 7500 manat məbləğini həmin gün cavabdehə verdiyini, qalan 1400 manat pulu isə özündə saxladığını qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, elə həmin tarixdə, yəni ##.##.2023-cü il tarixdə iddiaçı İddiaçı banka olan 5420,78 manat ödəniş etməklə həmin bankda olan borcunu bağlamışdır. Həmçinin iş materiallarında olan “M-pay” və “e-Manat” ödəniş sistemi vasitəsilə verilmiş qəbzlərə əsasən ##.##.2023-cü il tarixdə 300 manat, ##.##.2023-cü il tarixdə 250 manat kredit ödənişi edilmişdir. Məhkəmə iclasında izahatı zamanı iddiaçı həmin ödənişin cavabdeh tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Belə olan təqdirdə, bankdan götürülmüş 8900 manat məbləğində puldan 1400 manat pulu iddiaçı özündə saxladığını qeyd etdiyindən, 8900- 1400=7500 manat pul qalmış, həmin məbləğdən 5000 manat iddiaçının banka olan borcu özü tərəfindən bağlanmaqla (7500-5000=2500 manat), yerdə qalan 2500 manat cavabdehə verilmiş, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya 550 manat ödəniş edildiyini sonuncu özünün izahatı və işə əlavə edilmiş ödəniş qəbzində öz təsdiqini tapdığından, yerdə qalan (2500-550=1950) 1950 manat məbləğində pulu cavabdeh iddiaçıya qaytarmamışdır.
21. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə cavabdeh Cavabdeh məxsus (4098584462934348-“xxxx” KB (Leobank); 4169738819007703-“xxxx” ASC) bank hesab nömrələrində ##.##.2023-##.##.2024-cü il tarixədək aparılmış əməliyyatlar ilə bağlı “xxxx” KB ASC və “xxxx” ASC tərəfindən müfəssəl məlumat verilməsi üçün qərardad qəbul edilmişdir. “xxxx” KB tərəfindən verilmiş çıxarışa əsasən cavabdeh Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə 1000 manat, ##.##.2023-cü il tarixdə 340 manat, ##.##.2023-cü il tarixdə 199 manat, ##.##.2023-cü il tarixdə 500 manat, ##.##.2023-cü il tarixdə 100 manat, ümumilikdə 2139 manat pul iddiaçının istifadəsində olmuş sonu *2468 rəqəmləri ilə bitən bank kartına köçürülmüşdür. Göründüyü kimi, daha sonra iddiaçı tərəfindən cavabdehə 7000 manat məbləğində pul verildiyini, həmin pulun geri qaytarılmadığını bildirsə də, iş materiallarında olan sənədlərə əsasən cavabdeh tərəfindən müəyyən vaxtlarda iddiaçıya ümumilikdə 2139 manat qaytarılmışdır (7000-2139=4861 manat).
22. Cavabdehin iddiaçıya birinci dəfə verilmiş pul məbləği üzrə 1950 manat, ikinci dəfə verilmiş borc üzrə 4861 manat olmaqla, ümumilikdə 6811 manat məbləğində qaytarılmamış borcu qalmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya 550+2139=2689 manat məbləğində pulun qaytarılması iş materialları ilə öz təsdiqini tapmışdır.
23. Beləliklə, cavabdeh iddiaçıdan ümumilikdə 2500+7000=9500 manat pul vəsaiti əldə etmiş, həmin puldan 2689 manatını geri qaytarsa da, yerdə qalan (9500-2689=6811) 6811 manat məbləğində pulu geri qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanıb. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh, əldə etdiyi 6811 manat pul vəsaitini məhrum olanın, yəni iddiaçının hazırkı tələbi ilə ona geri qaytarmağa borcludur. Ona görə də həmin vəsait cavabdeh Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, 739, 740, 740.2, 1091.1, 1092.1-ci, MPM-in 372.1, 372.7, 384.0.2-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Iddiaçı (vəkili vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi və ya tələbin təmin olunmamış hissəsində işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Iddiaçı kassasiya şikayətini iddia tələbinin dəlillərinə uyğun əsaslandıraraq bildirmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə Mülki Məcəlləsinin 1091.1 və 1092.1-ci maddələrinə istinad etsə də, düzgün nəticəyə gəlməmişdir.
27. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə ifadəsi alınmış cavabdehin ifadəsinə əsas qiymət verməmişdir. Bankdan gələn məlumata və qəbzlərə əsaslanaraq iddianın, hər iki borc verilmiş pulun məbləğinin azaldılması barədə nəticəyə gəlmişdir. Halbuki, banka ödənilən pulun və digər pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi sübut olunmur. Həmçinin qətnamədə hər iki borcun cavabdehin qismən ödəməsi qeyd edilsə də, həmin pulların onun tərəfindən ödənilməsi anlamına gəlmir. Eləcə də Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
30. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; ...
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.