Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-628/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh na qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: alimentin məbləğinin müəyyən edilməsi, alimentin qazancın (gəlirin) hissəsi üzrə müəyyən edilərkən, başqa uşaqların mənafelərinin nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Cavabdeh və Iddiaçı ## ###### 2021-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından ## ### 2022-ci il tarixdə X4 adlı övladları doğulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli qətnaməsi ilə ## ### 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh hər ay 650 manat alimentin alınaraq, X2 verilməsi qət edilmişdir.
3. Bundan sonra Cavabdeh ## ### 2024-cü il tarixdə X1 ilə nikaha daxil olmuş, bu nikahdan ## ###### 2025-ci il tarixdə X5 adlı övladı doğulmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması, həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin və hüquqi yardım üçün ödənilmiş 325 manatın alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment ilə uşağın təminatını ödəməkdə çətinlik çəkir. Hazırda uşağın həkim və dərman xərcləri var. Cavabdeh bankda işləyir və 2023-cü ildən onun maddi vəziyyəti daha da yaxşılaşmışdır.
6. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddiaçı ilə 2021-ci il tarixdə nikah bağlamışdır. Birgə nikah münasibətlərindən ## ### 2022-ci il tarixdə X4 doğulmuşdur. Iddiaçı ilə aralarında yaranmış narazılığa görə ayrılmışlar. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanılması üçün ondan hər ay 650 manat alimentin alınaraq, iddaçıya verilməsi qərara alınmışdır. O, hazırda yenidən nikah bağlamış və həmin nikahdan bir övladı doğulmuşdur. Həmin ailənin saxlanması xərcləri onun üzərinə düşür. O, hazırda iki uşaq saxlayır. Əmək haqqı vergilər və digər tutulmalar çıxmaqla 3600 manatdır və iki uşağa görə alimentin miqdarı gəlirlərin 1/3 hissədə olması nəzərə alınmaqla hər uşağa görə 550-600 manat olur. Həmçinin valideynləri onun himayəsində yaşayırlar və onlar heç bir yerdə işləmirlər.
7. Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinə xitam verdikdən sonra, yenidən nikah bağlamış, həmin nikahdan da bir övladı doğulmuşdur. Yəni, o, hazırda faktiki olaraq iki uşaq saxlayır və bu hal birinci uşağa görə aliment təyin edildikdən sonra onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməlidir. Bundan başqa, cavabdeh hazırda bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan 2,5 dəfə artıq aliment ödəyir və məhkəmənin qənaətinə görə uşağın tələbatlarını ödəmək üçün kifayət edir.
9. Məhkəmə hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1, və 112.1-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Mustafayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Qəhrəmanov və R.Muradov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ## ### 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay tutulan 650 manat alimentin miqdarının dəyişdirilməsi, ## ### 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınaraq Iddiaçı ödənilməsi qət edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehdən hər ay əmək haqqının ¼ hissəsi məbləğində, yaxud sabit pul alimentin tutulması barədə iddia qaldırmaq hüququ qanunvericiliklə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən valideynə verilmiş hüquqdur. Alimentin hissə ilə tutulması üçün hər hansı şərtin mövcudluğu, yaxud aliment ödəyən şəxsin maddi vəziyyətinin yaxşılaşması əsas deyildir.
13. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbi alimentin tutulması qaydasının dəyişdirilməsi, yəni sabit pul məbləğində tutulan alimentin hissə ilə tutulması ilə bağlıdır və bunun üçün qanunverici hər hansı şərtin mövcudluğunu nəzərdə tutmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin sonrakı nikahdan bir övladının olmasına, yəni, cavabdehin hazırda faktiki olaraq iki uşaq saxlamasına və bu halın onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməsinə, bundan başqa, cavabdehin hazırda bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan 2,5 dəfə artıq aliment ödəməsi və məhkəmənin qənaətinə görə həmin məbləğin uşağın tələbatlarını ödəmək üçün kifayət etməsinə istinad etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
14. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2, 110.2-ci, “Yaşayış minimumu haqqında” Qanunun 1.0.1, 1.0.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 76.1, 78.1, 78.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
17. Belə ki, cavabdehin iki övladı vardır və apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən bu halı nəzərə almamışdır. Qanunvericiliyin tələbinə görə, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən, onun gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması və gələcəkdə digər uşağa görə cavabdehdən aliment tutula biləcəyini nəzərə alsaq, bu halda cavabdehin gəlirlərinin 1/3 hissəsi miqdarında deyil, qazancının daha çox hissəsi alimentə yönəlmiş olur. Lakin cavabdehin hazırkı aylıq gəlirinin məbləği, yəni xalis əmək haqqı 3986 manat, bunun da 1/3 hissəsi 1328,66 manat təşkil edir. Həmin məbləğ hər iki övladına münasibətdə bərabər şəkildə bölünərsə, hər uşağa görə 664,33 manat aliment müəyyən olunmalıdır. Cavabdehin iddiaçıya ödədiyi aliment isə həmin məbləğlə təqribən üstüstə düşür. Bundan başqa, cavabdehin valideynləri də onun himayəsindədir və bir övlad olaraq onları saxlamaq, maddi ehtiyaclarını təmin etmək cavabdehin mənəvi borcu olmaqla yanaşı, onun vəzifəsidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. Işə mahiyyəti üzrə baxmağa tam hüququ olan apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının apellyasiya şikayətinə və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Iddiaçı Iddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən cavabdehin əmək haqqını və işin sair faktiki hallarını nəzərə almışdır. Cavabdeh təhrif olunmuş məlumatlar məhkəməyə təqdim edir. Belə ki, hazırda da o ikinci ailəsi ilə birlikdə yaşayır və sonuncuya aliment qətnaməsi formal xarakter daşıyır. Birgə nikahdan doğulmuş uşaqlarının xəstəliyi var, müalicələrini özü edir.
Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini bu qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
24. BMT-nin Baş Məclisinin ## ###### 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
32. Belə ki, işin hallarına görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə birgə nikahlarından anadan olan uşaqlarının saxlanılması üçün sabit pul məbləğində 650 manat aliment tutulmuşdur.
33. Iddiaçı hazırda cavabdehin maddi vəziyyətində dəyişikliyin baş tutmasını və özünün uşağın saxlanılmasında çətinlik çəkməsini əsas gətirərək, tutulan alimentin növünün dəyişdirilməsini və alimentin cavabdehin gəlirinin ¼ hissəsində müəyyən edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin qanuni əsasını Ailə Məcəlləsinin 76.1 və 112.1-ci maddələri təşkil edir.
35. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, Ailə Məcəlləsinin 76-cı maddəsində sabit pul məbləğində müəyyən olunan alimentin, aliment ödəyən şəxsin gəlirinin hissəsi ilə dəyişdirilməsi üçün hər hansı xüsusi şərt nəzərdə tutulmamışdır. Bunun üçün alimentin verən şəxsin gəlirinin qeyri-dəyişkən (müntəzəm) olması kifayət edir.
36. Bununla belə, nəzərə alınmalıdır ki, cavabdeh iddiaya etirazını başqa nikaha daxil olaraq, bu nikahdan da bir övladının olması ilə əsaslandırmışdır.
37. Lakin, iddianı təmin edən apellyasiya məhkəməsi cavabdehin etirazının bu dəlilinə hüquqi qiymət verməmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, insanın şəxsiyyət olaraq formalaşmasında, cəmiyyətin inkişafında ailənin əvəzolunmaz rolu nəzərə alınaraq Konstitusiyanın 17-ci maddəsi ilə ailənin dövlətin himayəsində olduğu bəyan edilmişdir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
39. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ####### tarixli Qərarı).
40. “Uşaq hüquqları haqqında” Qanunun 13 və 19-cu maddələrinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
41. Aliment ailə hüququnun ən vacib hüquqi mexanizmlərindən biri olmaqla, əsas məqsədi ailə üzvlərinin bir-birinə yardım göstərməsini təmin etməkdir. Bu institut qanunvericiliklə müəyyən edilmiş hallar üzrə bir ailə üzvünün digərinə maddi dəstək göstərməsini hüquqi məcburiyyət halına gətirir (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1.1-ci bəndi və 5-ci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2025-ci il tarixli Qərardadı).
42. Bununla belə, şəxsin üzərinə aliment ödəmək öhdəliyi qoyularkən, onun maddi və ailə vəziyyəti, başqa öhdəliklərinin olması, o cümlədən himayəsində yetkinlik yaşına çatmayan başqa övladlarının olması nəzərə alınmalı, hər bir halda müəyyən olunan aliment uşağın əvvəlki təminat səviyyəsinə uyğun olmalıdır.
43. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 76-cı maddəsi aliment ödəyən şəxsin gəliri (qazancı) müntəzəm olduğu halda, uşaqlarının sayına görə bu qazancının alimentə yönələn hissəsini müəyyən edir.
44. Lakin, qanunvericilikdə xeyrinə aliment tutulan uşaqdan (uşaqlardan) əlavə, şəxsin himayəsində digər uşaqların olduğu halda alimentin məbləğinin müəyyən edilməsi konkret tənzimlənmir.
45. Bununla belə, nəzərə alınmalıdır ki, qanunvericilik alimentin məbləğinin müəyyən edilməsi zamanı uşağın mənafelərini irəli çəksə də, heç bir halda, aliment ödəyən şəxsi həddindən artıq ağır maddi duruma qoymaq məqsədini daşımır.
46. Belə ki, aliment ödəyən şəxsin gəlirinin (qazancının) müntəzəm olması, onun müəyyən olunmuş məbləğdən əlavə digər qazancının olmamasını ehtiva edir.
47. Belə olan halda, aliment ödəyən şəxsdən aliment almaq hüququ olan uşağın (uşaqların) xeyrinə aliment tutularkən, onun himayəsində olan və valideynlik hüquqlarını könüllü və mübahisəsiz icra etdiyi digər uşaqların olmasını nəzərə alınmadığı halda, həmin uşaqların bərabər maddi təminat almaq hüququnun pozulması qaçılmazdır.
48. Misal üçün, şəxsin 3 və ya daşa çox uşağa görə qazancının (başqa gəlirlərinin) ½ hissəsində aliment ödəmək öhdəliyi qoyulur. Eyni zamanda, onun himayəsində alimenti məhkəmə qaydasında tələb etməyən daha 3 uşağı vardır. Belə olan halda, şəxs qazancının (gəlirlərinin) 100 %-ni uşaqların saxlanılmasına sərf etməli, ya da ki, aliment tələb etməyən uşaqlara daha az məbləğində vəsait xərcləməlidir. Nəzərə alınmalıdır ki, hər bir şəxsin aliment öhdəliklərindən başqa, özünə və ailəsinin saxlanılmasına zəruri olan digər xərclərin olması (ailəsinin qidalanması, özünün və ailə üzvlərinin nəqliyyat xərcləri, müalicə xərcləri, yaşadığı yaşayış sahəsinin kommunal xərcləri və s.) mübahisəsizdir.
49. Göstərilənlər nəzərə alınmaqla, belə nəticəyə gəlmək olar ki, qanunverici Ailə Məcəlləsinin 76-cı maddəsində alimentin həddini aliment ödəyən şəxsin uşaqlarının ümumi sayına uyğun, onların bir və ya bir neçə nikahdan anadan olmalarından asılı olmadan müəyyən etmişdir.
50. Belə olan halda, aliment - aliment ödəyən şəxsin uşaqlarının ümumi sayına görə Ailə Məcəlləsinin müvafiq olaraq 76.1.2 və 76.1.3-cü maddələrinə uyğun müəyyən olunmalı və sonradan onların arasında bərabər bölünüb, himayələrində saxlanılan valideyninin xeyrinə tutulmalıdır.
51. Həmçinin, qeyd olunmalıdır ki, belə hesablanma aliment alan uşağın (uşaqların) mənafeyinə və əvvəlki təminat səviyyəsinə uyğun olmadıqda, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment qazancın (gəlirin) müəyyən hissəsi ilə yanaşı sabit pul məbləği ilə də müəyyən oluna bilər.
52. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 76-cı maddəsinin tətbiqi əsaslandırılmamış, Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
53. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
54. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
55. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
56. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
57. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən alimentin 76.1-ci maddəsinin tələblərinə uyğun hesablanıldığı halda, cavabdehin gəlirləri barədə sübutların təqdim edilməsi tərəflərə təklif olunmalı, zəruri bilindiyi halda müvafiq sorğular verilməli, xeyrinə alimentin tutulması tələb olunan uşağın əvvəlki təminat səviyyəsinin saxlanılıb-saxlanılmaması məsələsi tərəflərlə müzakirə edilməli, bu qaydada aliment tutulduqda uşağın təminatı aşağı düşəcəyi halda, iddianı müdafiə etməsinə dair iddiaçının mövqeyi dəqiqləşdirilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.