Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-689/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ASC (bundan sonra – “bank”) ilə cavabdeh cavabdeh4 arasında bağlanmış **** №-li ## #### 2014-cü il tarixli kredit müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən cavabdehə şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. cavabdeh4 kredit verilərkən cavabdeh3, cavabdeh2 və cavabdeh1 ilə bank arasında ## #### 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.
3. Kredit müqaviləsinə # #### 2017-ci il tarixdə * nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra – “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,40 AZN) 13256,56 manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9468,97 ABŞ dolları əsas borc, 3751,06 ABŞ dolları faiz borcu və 1209,59 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2020-ci il tarixədək uzadılmışdır.
4. Əlavə Sazişə əsasən cavabdeh3, cavabdeh2 və cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Ləğv prosesində olan bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 35023,73 manat borcun, 9450,16 manat əsas, 7838,31 manat faiz, 16346,66 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1388,60 manat faiz borcu və iş üzrə ödənilmiş 195,07 manat dövlət rüsumunun cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırmışdır ki, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
7. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində qeyd etmişdir ki, kredit üzrə son ödəniş 2015-ci ildə həyata keçirilmiş, kreditin son ödəniş müddəti isə ##.##.2016-cı il müəyyən olunduğundan bank tərəfindən ##.##.2023-cü ildə verilmiş iddia üzrə iddia müddəti ötürülmüşdür. Bank iddia müddətini formal olaraq uzatmaq məqsədilə ##.##.2017-ci il tarixli əlavə sazişlər təqdim etmiş, həmin sənədlərdəki imzalar isə ona və zaminlərə məxsus deyil. Həmçinin, məhkəməyə kredit və zaminlik müqavilələrinin, eləcə də əlavə sazişlərin yalnız kserosurətləri təqdim olunmuş, sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri verilməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının # ### 2025-ci il tarixli */**** saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş iş materiallarında öz əksini tapan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsi və həmin müqaviləyə edilmiş ##.##.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh cavabdeh4 banka olan ##.##.2020-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə - 8966,79 manat, faiz borcu üzrə 4035,06 manat; ##.##.2023-cü il maliyyə arayışında borcun hesablandığı tarixə: əsas borc üzrə - 8966,79 manat, faiz borcu üzrə - 4035,06 manat, müqavilə müddətindən sonra illik 5% hesablanmaqla faiz borcu – 1300,18 manat təşkil edir.
9. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh cavabdeh4 8966,79 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan bankın hesabına keçirilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir (hakim – Ə.Cəlilov).
10. Məhkəmə qeyd etmişdir ki, borcalan cavabdeh4 kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
11. Məhkəmə vurğulamışdır ki, kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh4 verilmiş kredit üzrə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanının (bundan sonra – “Fərman”) təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. Ilk dəfə kredit müqaviləsi restrukturizasiya edildikdən sonra cavabdeh4 əsas borcu 9468,97 ABŞ dolları olmuş, restrukturizasiyadan sonra ##.##.2017-##.##.2017-ci il tarixləri arasında həmin borcdan 6070,50 manat ödənilmiş, 8966,79 manat isə qalıq qalmışdır. Bununla da Fərmanın tətbiqindən sonra cavabdeh4 əsas borcu 8966,79 manat təşkil etmişdir.
12. Lakin Fərmanla müəyyən olunmuş müddətdə, yəni 2019-cu il ######ın ##-dək nə kredit vermiş bank tərəfindən cavabdeh4 kreditin (əsas borcun) restrukturizasiya olunması barədə təklif verilmiş, nə də bununla bağlı cavabdeh4 tərəfindən banka yaxud onun ləğvedicisi iddiaçıya müraciət olunmamışdır.
13. Qeyd olunmalıdır ki, mübahisəli kredit üzrə axırıncı ödəniş 2017-ci ilin dekabr ayında olmuş, həmin vaxtdan indiyədək heç bir ödəniş edilməmişdir.
14. Fərmana əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, vətəndaşların 10000 ABŞ dolları və ya 17000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması məqsədilə dövlət tərəfindən banklara (Mərkəzi Bank vasitəsilə) güzəştli kredit ayrılmışdır. Ona görə də banklar tərəfindən Fərmanın təsiri dairəsinə düşən problemli kreditlər üzrə faiz və cərimə borclarının vətəndaşlardan (borclulardan) tələb edilməsi qanunsuzdur (həmin borclar dövlət hesabına silinməlidir) və yalnız restrukturizasiya olunması təklif olunan əsas kredit borcları tələb edilə bilər.
15. Lakin iddiaçı cavabdehlərə qarşı irəli sürdüyü iddiada onlardan əsas borcla yanaşı, faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarına əsasən hesablanmış faiz borcunu da tələb etmişdir. Istinad edilən Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restrukturizasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur, həmin tələblərin irəli sürülməsi qeyd edilən Fərmanın tələblərinə ziddir. Eləcə də, Fərmanın tələblərinə əməl olunmadığından, iddiaçının hazırda mövcud olan 8966,79 manat məbləğində əsas borcu tələb etməsi qanuni və əsaslı olsa da, onun tərəflər arasında kredit müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli * saylı Əlavə sazişə (restrukturizasiya sazişinə) istinad etməklə cavabdehlərdən faiz borcu, cərimə və zərərin əvəzi tələb etməsi qanunsuzdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.1, 465.2, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 217.4-cü maddələrinə, eləcə də Fərmanın 3, 5 və 6-cı bəndlərinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək mübahisələndirilən hissələrdə (əsas, faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış faiz borcu) iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit müqaviləsi Fərmanın təsiri altına düşsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 1) 2012-ci il # ###### tarixindən sonra verilmiş; 2) 2019-cu il # #### tarixinə 360 gündən artıq gecikməsi olan; 3) xarici valyutada əsas kredit məbləği 10 000 ABŞ dollarından, milli valyutada isə 17 000 manatdan çox olmayan kreditlər. Hazırkı mübahisələndirilən kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il # #### tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 328 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. Bu da borcun həmin dövr üçün gecikmədə olmadığını göstərir. Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. Fərmanın heç bir maddəsində bu Fərmanın təsiri dairəsinə düşən və restrukturizasiya olunmayan kredit müqavilələri üzrə faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il ## ###### tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının məhkəmələr tərəfindən silinməsi səlahiyyətləri göstərilməmişdir. Problemli kreditlərin kompensasiyası və restrukturizasiya olunmasına dair məlumatları əks etdirən Mərkəzi Banka aid https://pk.cbar.az/az/kompensasiya saytda asanlıqla cavabdehin borcuna dair məlumatları yoxlamaq mümkündür. Həmin portaldan çıxarışa nəzər yetirilsə görünər ki, cavabdeh4 əsas kredit borcu ##.##.2015-ci il tarixinə olan devalvasiyaya düşməmişdir. Lakin ##.##.2015-ci il tarixinə isə olan 9968,97 ABŞ dolları əsas kredit borcuna (1 ABŞ dolları=0,60 manat konvertasiya edilməklə) 5981,38 manat kompensasiya hesablanmışdır. Hesablanmış həmin kompensasiya məbləğindən bankın cavabdehə etdiyi 5119,63 manat güzəşt məbləği silindikdən sonra qalıq 861,75 manat kompensasiya məbləği qalmışdır. Portaldan çıxarışdan görünür ki, qalan həmin 861,75 manat kompensasiya məbləği “xxxx” MMC vasitəsi ilə cavabdeh4 sərəncamına verilmişdir. Eyni zamanda gecikmə günü 360 gündən az olduğuna görə, yəni cavabdehin əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 328 gün təşkil etdiyindən qalıq əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamışdır. Işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 35.023,73 manat (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Lakin məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmamışdır. Qanunda cərimə məbləğinin təmin edilməməsi imperativ norma kimi qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi 16346,66 manat cəriməni təmin etməməsi ilə Mülki Məcəllənin 467-ci maddəsində göstərilən kreditorun bütün əsaslı mənafelərini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bundan başqa məhkəmə problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışı düzgün qiymətləndirməməklə borcun restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi halda, səhvən həmin siyahıya düşdüyünü ehtimal edərək əsas kredit borcunu ekspert rəyinə əsaslanaraq qismən təmin etmiş, digər borc tələblərini isə (faiz, cərimə, Kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğini), ümumiyyətlə, təmin etməmişdir. Bu da nəticədə bankın maraqlarına toxunan əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur.
19. Cavabdeh cavabdeh4 apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanuni və əsaslıdır. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh4 tərəfindən kredit müqaviləsinə ##.##.2017-ci il tarixli * nömrəli Əlavə Saziş üzrə sonuncu ödəmə tarixi ##.##.2017-ci ildir və həmin tarixdən sonra heç bir ödəniş edilməmişdir. Həmin vaxtdan qeyd olunan Fərman qəbul olunan vaxtadək olan müddət isə bir ildən, yəni 360 gündən artıqdır. Ona görə də iddiaçını apellyasiya şikayətinin dəlilləri təsdiq olunmur və əsassız hesab olunmalıdır. Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restrukturizasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur, həmin tələblərin irəli sürülməsi qeyd edilən Fərmanın tələblərinə ziddir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: L.Rəhimli – sədrlik edən və məruzəçi, A.Mahmudov və A.Hüseynzadə).
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin “mübahisəli kredit müqaviləsinin 2019-cu il # #### tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab verməməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh cavabdeh4 ##.##.2017-ci il tarixli saziş üzrə kredit borcundan son ödənişi ##.##.2017-ci il tarixində etmiş və həmin tarixdən sonra heç bir ödəniş edilməmişdir. Göründüyü kimi Fərman qəbul olunduğu tarixə gecikmə günlərin sayı 365 gündən artıq olmuşdur.
22. Beləliklə, kollegiya hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
23. Kollegiya öz mövqeyini, Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 445.7, 448.1, 448.2, 449.4, 477.0.4, 739, MPM-in 14.2, 77.1, 101.7, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətində Mülki Məcəllənin 6.2, 442, 445, 465, 467, MPM-in 88 və 418.1-ci maddələrinə, eləcə də Fərmana və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ## #### 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na istinad edilməklə apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırkı mübahisənin predmeti olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tətbiq dairəsinə düşmüşdür. Lakin qeyd edilən öhdəlik yalnız kompensasiya olunan hissə üzrə Fərmanın müddəaları ilə əhatə olunmuş, kreditin qalan hissəsi isə “restrukturizasiya olunması təklif edilən kreditlər” siyahısına daxil edilməmişdir. Göründüyü kimi Fərmandan irəli gələn müddəalar məhkəmə kollegiyası tərəfindən düzgün tətbiq olunmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh cavabdeh4 kassasiya şikayətinə qarşı etirazında iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
34. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
46. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.