Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-693/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması, kredit müqaviləsi üzrə faizlər, cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranı gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-in 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 faiz olmaqla)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***/KKX/***/*******/****** №-li ödəniş kartı üzrə kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz olmaqla 10.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bankla bağladığı ##.##.2022-ci il tarixli, ***/KKX/***/*******/****** №-li ödəniş kartı üzrə kredit xətti müqaviləsi üzrə ##.##.2025-ci il tarixə vaxtı keçmiş kredit borcu əsas borc üzrə 9999,56 manat, faiz borcu üzrə 3938,60 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər məbləği (MM-in 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 faiz olmaqla) üzrə 0 manat olmaqla, cəmi 13938,16 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə ##.##.2025-ci il tarixə banka əsas borc üzrə 9999,56 manat, ##.##.2025-ci il tarixə faiz borcu üzrə 3938,60 manat, ##.##.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-in 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5 faiz olmaqla) üzrə 0 manat olmaqla, cəmi 13938,16 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manatın İddiaçı ASC-nin xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əsas borcun hesablanma tarixinin ##.##.2025-ci il tarixi kimi qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə bağlanmış ##.##.2022-ci il tarixli, ***/KKX/***/*******/****** №-li ödəniş kartı üzrə kredit xətti müqaviləsinə əsasən Cavabdeh illik 20 faiz olmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit Cavabdeh şəxsi ehtiyac/digər məqsədi ilə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdehə kredit 36 ay müddətinə verilir və həmin müqavilənin 2.2-ci bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə * saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Cavabdeh Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə ##.##.2025-ci il tarixə banka əsas borc üzrə əsas borcu 9999,56 manat, ##.##.2025-ci il tarixə faiz borcu üzrə 3938,60 manat, ##.##.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5% olmaqla) üzrə 0 manat, cəmi 13938,16 manat məbləğində borcu yaranmışdır. Kredit üzrə borc axırıncı dəfə ##.##.2023-cü il tarixdə cəmi 200 manat məbləğində ödənilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilsə də qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir.
6. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixə banka əsas borc üzrə 9999,56 manat, faiz borcu üzrə 3938,60 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər məbləği (MMin 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5 faiz olmaqla) üzrə 0 manat olmaqla, cəmi 13938,16 manat borcun və ödənilmiş 132 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim -E.Məmmədov).
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə iddiaçı bank arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***/KKX/***/*******/****** saylı kredit müqaviləsi üzrə cavabdeh (kredit alan) üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1 və 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən borcun çox hissəsi geri qaytarılmışdır. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən belə nəticə çıxır ki, borcun yalnız çox cüzi hissəsi ödəniş edilmişdir. Qətnamədən isə görünür ki, məhkəmə cavabdehin borcunu hesabdan çıxarış əsasında müəyyən etməli olduğu halda, ancaq işin nəticəsində maraqlı olan iddiaçının tərtib etdiyi maliyyə arayışına istinad etmiş və ona görə də düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülən iddianın nə dərəcə əsaslı olmasına, yəni cavabdehin iddiaçıya olan borcun məbləğinin müəyyən edilməsinə diqqət etməli olduğu halda, məhkəmə araşdırması zamanı ancaq tərəflərin fəaliyyət qabiliyyətli olmasını araşdırmışdır. Halbuki, məhkəmə cavabdehin borcunu maliyyə arayışı əsasında deyil, hesabdan çıxarış əsasında araşdırmalı, cavabdeh tərəfindən ödənilən vəsaitlərin əsas və faiz borca düzgün silinibsilinməməsinə
10. diqqət etməli, zərurət olduqda müvafiq ekspertiza təyin etməli idi. Lakin, məhkəmə bunları etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh borcundan ödədiyi halda, əsas borc olduğu kimi qalmış və heç bir dəyişiklik olmamışdır.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməklə, faiz borcu 3799,64 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər - S.Qafari (məruzəçi), hakimlər F.Məmmədov və A.Süleymanova).
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən müddətlər üzrə deyil, məhz pretenziya məktubunun verildiyi tarixə hesablanmalı və bu zaman hesablanmış faiz borcu ##.##.2025-ci il tarixə 3799,64 manat müəyyən edilməli, ##.##.2022-ci il tarixli, ***/KKX/***/*******/****** nömrəli ödəniş kartı üzrə kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 3799,64 manat faiz borcu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətlərinin dəlilləri
15. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin Cavabdeh apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr borc məbləğlərinin düzgün və obyektiv müəyyən edilməsi üçün ekspertiza təyin etməmiş, bütün bunlar isə mahiyyəti üzrə düzgün olmayan və cavabdehin əmlak və məhkəmə müdafiəsi hüquqlarının kobud pozulmasına səbəb olan yekun məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmələr cavabdehin borcunu hesabdan çıxarış əsasında müəyyən etməli olduğu halda, iddiaçının tərtib etdiyi maliyyə arayışına əsasən müəyyən etmiş və ona görə də düzgün olmayan nəticəyə gəlmişlər.
b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə.
21. Maddə 442. Öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.