Məhkəmə qərarları › İş №2(1-8)-704/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-704/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-704/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil Vəkil Kəmaləddin oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli qəbzə əsasən iddiaçı İddiaçı götürdüyü 5.000 manat borcla bağlı, cavabdeh Cavabdeh 5.000 manat və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun alınaraq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

2. Cavabdeh Cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1.000 manat pul almış və həmin pulu ##.##.2024-cü il tarixədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

3. Cavabdeh Cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3.000 manat pul almış və həmin pulu ##.##.2024-cü il tarixədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

4. Cavabdeh Cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2.000 manat pul almış və həmin pulu ##.##.2024-cü il tarixədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.000 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdehlə aralarında yaranmış münasibətə əsasən cavabdehin ehtiyacı olduğu üçün ##.##.2024-cü il tarixdə 1.000 manat, ##.##.2024-cü il tarixdə 3.000 manat və ##.##.2024-cü il tarixdə 2.000 manat borca pul vermişdir. Cavabdeh həmin pulu qaytaracağını bildirsə də, həmin pulu qaytarmaqdan boyun qaçırır. Cavabdehin ona borcunun olması barədə öz imzası ilə sadə yazılı formada qəbzi də vardır.

7. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında qeyd etmişdir ki, cavabdeh pulu borc qismində deyil, sələm qismində verir. O, cavabdehin pulunu ödəmişdir. Qəbzdəki yazılar onun deyil. Bu imzaların onun olmaması barədə vəsatət təqdim edəcəkdir.

8. Qazax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mansırov) iddianın təmin edilməsi, cavabdehdən 6.000 manat və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İşdə olan sübutlarla ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 6.000 manat pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yerinə yetirməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2, 882.1, 882.2, 882.4, 1091.1, 1091.2 və 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəməyə iddiaçıdan # ###### 2023-cü il tarixində 5.070 manat borc pul aldığını, həmin pulu Qazax rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ####### 2023-cü il tarixli qətnaməsinə əsasən ##.##.2023-cü ildə Qazax rayonu İcra və Probasiya şöbəsində ona qaytarması və iddiaçının pulun ona qaytarılmasını təsdiq etməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizə də İcra və Probasiya şöbəsinin rəisinin möhürü ilə təsdiq olunub. İddiaçının bu barədə ərizəsini məhkəməyə təqdim etsə də, məhkəmə qətnaməsində qeyd olunan xüsusata ümumiyyətlə, toxunmamış və araşdırmamışdır. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlər saxtadır. Çox güman ki, həmin qəbzlər köhnə qəbzlər olduğundan iddiaçı bilərəkdən, qanunsuz olaraq, əsassız varlanmaq üçün qəbzlərdə öz xeyrinə düzəlişlər etmiş və ya özündən saxta qəbzlər yazaraq onun əvəzinə imzalar etmişdir. Ona görə də məhkəmədən həmin halların yoxlanılıb, ekspertiza təyin etməsini xahiş etsə də, məhkəmə qətnaməsində də həmin hala heç bir hüquqi qiymət verməmişdir.

13. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 10-cu vərəqinin üzərində “Mən Cavabdeh İddiaçı...” sözləri ilə başlayıb, “... qaytaracam söz verirəm” sözləri ilə bitən qəbzdəki əlyazmalar və imza; 11-ci vərəqində üzərində Cavabdeh İddiaçı...“ sözləri ilə başlayıb, “... ##.##.2024” qaytaracağıma söz verirəm” sözləri ilə bitən qəbzdəki əlyazmalar (“3” rəqəmindən başqa) və imza; 12-ci vərəqində üzərində “Vəlilov Vidad İddiaçın 2 min...” sözləri ilə başlayıb, “... imzamla təsdiq edirəm” qəbzdəki əlyazmalar və imza-Cavabdeh tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 11-ci vərəqində üzərində Cavabdeh İddiaçı...“ sözləri ilə başlayıb, “... ##.##.2024” qaytaracağıma söz verirəm” sözləri ilə bitən qəbzdəki “3” rəqəmi tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildirilmişdir ki, həmin rəqəmin Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Günay Cavadova və Tural Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin borc müqaviləsinin anlayışı və formasını verən 739-cu maddəsidir. Həmin normaya əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Baxılan işdə bir qəbz üzrə qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı 3.000 manat pul götürmüş və həmin pulu ##.##.2024-cü il tarixədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Digər iki qəbzə əsasən isə 1.000 manat və 2.000 manat borc götürülmüşdür. Bundan başqa, Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Baxılan iş üzrə borcalan, işdə olan hər üç qəbzdə borc pulun ödəyəcəyi barədə cavabdeh tərəfindən öhdəlik götürülsə də, borc qaytarılmamışdır.

16. Cavabdeh şikayətində iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin saxta olduğunu, həmin qəbzlərin köhnə qəbzlər olduğundan iddiaçının bilərəkdən, qanunsuz olaraq, əsassız varlanmaq üçün qəbzlərdə öz xeyrinə düzəlişlər etdiyini, ya da özündən saxta qəbzlər yazaraq onun əvəzinə imzalar etdiyini iddia etmiş və ona görə də məhkəmədən həmin halların yoxlanılıb, ekspertiza keçirilməsinin zəruri olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə-xətşünaslıq ekspertiza təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 10-cu vərəqinin üzərində “Mən Cavabdeh İddiaçı...” sözləri ilə başlayıb, “... qaytaracam söz verirəm” sözləri ilə bitən qəbzdəki əlyazmalar və imza; 11-ci vərəqində üzərində Cavabdeh İddiaçı...“ sözləri ilə başlayıb, “... ##.##.2024” qaytaracağıma söz verirəm” sözləri ilə bitən qəbzdəki əlyazmalar (“3” rəqəmindən başqa) və imza; 12-ci vərəqində üzərində “Vəlilov Vidad İddiaçın 2 min...” sözləri ilə başlayıb, “... imzamla təsdiq edirəm” qəbzdəki əlyazmalar və imza-Cavabdeh tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 11-ci vərəqində üzərində Cavabdeh İddiaçı...“ sözləri ilə başlayıb, “... ##.##.2024” qaytaracağıma söz verirəm” sözləri ilə bitən qəbzdəki “3” rəqəmi tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildirilmişdir ki, həmin rəqəmin Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul etmiş, rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Çünki ekspert tədqiqat apararkən cavabdehin imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında iddiaçıya borcunun olmamasını, borcu qaytarmasını və işdəki qəbzlərdə olan imzanın ona məxsus olmadığını israrla bildirsə də, ekspert rəyi ilə imzaların ona məxsus olduğu bir daha təsdiq olunmuşdur. Kollegiya cavabdehin “işdəki qəbzlərdə olan imzanın ona məxsus olmadığını bildirməsi” barədə izahatını inandırıcı hesab etməmiş və özünü müdafiə xarakterli hal kimi qiymətləndirmişdir.

18. Məhkəmə kollegiyası iclasında işin araşdırılmış halları və ekspert rəyi ilə cavabdehin iddiaçıya ümumilikdə, 6.000 (altı min) manat məbləğində borcunun olması sübuta yetirilmişdir.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən yaranmış mübahisənin xarakterini düzgün müəyyən etməmiş və mübahisənin əsassız varlanma hüquq münasibətlərindən qaynaqlandığı qənaətinə gəlmişdir. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsi əsası kimi prosessual qanunvericilikdə nəzərdə tutulsa da, lakin kollegiya mahiyyət etibarı ilə düzgün gəlinmiş nəticəni formal əsaslara görə ləğv edilməsini zəruri hesab etməmiş və qeyd etmişdir ki, hər bir mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərin həqiqi məzmunu müəyyən edilərək qətnamə işə aid olan maddi hüquq normaları ilə əsaslandırılmalıdır. Yəni baxılan iş üzrə mübahisə borc öhdəlik hüquq münasibətlərinə aiddir. Məhkəmə kollegiyası da həmin istiqamətdə araşdırma aparmışdır.

20. Bundan başqa, cavabdeh iddiaçıya borcunun olmamasını, əvvəlki qətnamə əsasında borcu qaytarmasını qeyd etsə də, bununla bağlı hər-hansı mötəbər sübutunu kollegiyaya təqdim etməmişdir. İşdə olan Qazax Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh 5.000 manat və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun alınaraq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi, əvvəlki qətnamə ilə cavabdehin borcu başqa qəbzə əsasən 5.000 manat təşkil etmişdir. Həmin qətnamə ilə tutulmuş borcun baxılan iş üzrə iddia tələbinə aidiyyəti yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 14.1, 14.2.7, 21.1, 21.2, 385.1, 739.1, 739.2, 739.3, 742.1-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14, 77, 88, 97.1, 103.1, 217.3, 218.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh (vəkili Vəkil Kəmaləddin oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmadan, sənədlərin texniki ekspertizasının rəyini nəzərə almadan iddiaçının təqdim etdiyi saxta sənədlər əsasında iş aparmış, cavabdeh tərəfindən verilən sübutları isə qiymətləndirməmişdir.

24. ##.##.2025-ci il tarixli rəyə əsasən “Cavabdeh” sözü ilə başlayıb “söz verirəm” sözü ilə bitən qəbzin 02-ci sətrində 3 rəqəminin alt hissəsində yerləşən rəqəmin rənginin intensivliyi sonradan üzərindən yazılmış rəqəmin rənginin intensivliyi bir-birinə yaxın olduğu üçün həmin hissədə yerləşən ilkin rəqəmin məzmununu müəyyən etmək mümkün olmamışdır. Ekspertizanın rəyi də təsdiq edir ki, qəbzdə düzəliş olunub, lakin düzəliş olan rəqəmi müəyyən etmək mümkün deyil. Məhkəmə isə qətnaməsində də həmin halı nəzərə almamışdır.

25. Cavabdeh məhkəməyə iddiaçıdan # ###### 2023-cü il tarixində 5.070 manat borc pul aldığını, həmin pulu Qazax rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ####### 2023cü il tarixli qətnaməsinə əsasən ##.##.2023-cü ildə Qazax rayonu İcra və Probasiya şöbəsində ona qaytarması və iddiaçının pulun ona qaytarılmasını təsdiq etməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizə də İcra və Probasiya şöbəsinin rəisinin möhürü ilə təsdiq olunub. İddiaçının bu barədə ərizəsini məhkəməyə təqdim etsə də, məhkəmə qətnaməsində qeyd olunan xüsusata ümumiyyətlə, toxunmamış və araşdırmamışdır. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərin saxtadır. Çox güman ki, həmin qəbzlər köhnə qəbzlər olduğundan iddiaçı bilərəkdən, qanunsuz olaraq, əsassız varlanmaq üçün qəbzlərdə öz xeyrinə düzəlişlər etmiş və ya özündən saxta qəbzlər yazaraq onun əvəzinə imzalar etmişdir. Məhkəmə iclaslarında qeyd olunan ərizənin surətini təqdim edilib, əvvəlki məhkəmə qətnaməsi barədə məhkəməyə məlumat verilsə də, bunların heç biri nəzərə alınmamışdır. Əgər iddiaçı cavabdehə əvvəllər borc olaraq verdiyi 5.000 manatı məhkəmə vasitəsi ilə alırsa, sonradan bir neçə ay keçdikdən sonra yenə də ona ümumilikdə, 6.000 manat borc verməsi inandırıcı, hətta mümkün deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

31. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə32. qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

33. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.

34. Maddə 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

35. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

51. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar