Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-732/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pul" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2023-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh MMC-yə 75.000 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığını 18 ay müddətinə “xxxx” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları və MMC-nin möhürü ilə təsdiq etmişlər.
2. Müqavilənin 2.1-ci və 2.2-ci bəndlərində də qeyd edilmişdir ki, “Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 75.000 AZN məbləği müqavilə imzalanan tarixdə borc alana verib, imzası ilə bunu təsdiq edir. Borc alan bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 75.000 AZN məbləği müqavilə imzalanan tarixdə borc verəndən alıb, möhürü və imzası ilə bunu təsdiq edir”.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 75.000 (yetmiş beş min) manat məbləgində pul, vəkilə ödənilən 500 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 347 (üç yüz qırx yeddi) manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh MMC-də hüquqşunaş vəzifəsində işləyir. 2023-cü ilin əvvəlində cavabdehin maliyyə durumu çox aşağı olmuş, işçilərin maaşlarını ödəyə bilməmiş, digər hüquqi və fiziki şəxslər qarşısında olan maliyyə öhdəliklərini qarşılıya bilməmiş və nəticədə vəziyyəti ağırlaşmışdır. Bundan başqa eyni zamanda kifayət qədər müqavilələr üzrə alacaqları da olmuş, hansılar ki müəyyən müddət ərzində hissə-hissə ödənilməli idi. Şirkət tərəfindən borc və ya kredit götürmək qərara alınmışdır. Kredit Şirkətin vəziyyətini daha da ağırlaşdacağı üçün o cavabdehə qohumlarında olan pul vəsaitindən istifadə etməyi təklif etmişdir. X3 bildirmişdir ki, aralarında 18 ay ərzində borcu geri qaytaramaq şərti ilə borc müqaviləsi bağlanılsın. Belə olan halda da şirkət işçilərin maaşlarını da ödəyə biləcəkdir. O da öz növbəsində buna razılıq vermiş və qohumlardan 75.000 manat vəsaiti götürərərk, şirkətə razılaşdırılan şərtlər əsasında ## ###### 2022-ci il tarixli borc müqaviləsi bağlanılmaqla nağd şəklində vermişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən borc alan 75.000 manat məbləği müqavilə imzalanan tarixdə borc verəndən almış, möhürü və imzası ilə bunu təsdiq etmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana 75.000 manat pul vəsaitini ən geci 18 aya qaytarmaq şərtilə maliyyə yardımı kimi borca verir, borc alan isə borcu bu Müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürür. Lakin borcu müqavilə şərtlərinə əməl etməyərək, öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və ödəniləcək pul məbləğini bu günədək ödəməmişdir. Belə ki, o, dəfələrlə 2024-cü ilin mart ayından Zaur Ismayılzadəyə bildirmişdir ki, onun pulunu qaytarmaq lazımdır, lakin borclu ona bildirmişdir ki, borcu qaytarmağa imkanı yoxdur. Elə həmin ərəfədən də onun əmək haqqını da ödəməyi dayandırmışdır. Eyni zamanda, tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi xahiş olunmuşldur. Lakin təəssüflər olsun ki, həmin məktub cavabsız qalmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh MMC-də hüquqşünas kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun tərəfindən kifayət qədər çox sənədlər imzalanması üçün direktora təqdim edilmişdir. Iddia ərizəsində şirkətin maliyyə durumu ilə bağlı qeyd etdiyi məsələlər, iddiaçının direktoru ilə aralarında sözügedən danışıqların həyata keçirilməsi, ümumiyyətlə, həqiqəti əks etdirmir. Digər tərəfdən Cavabdeh MMC ilə İddiaçı arasında hər hansısa borc müqaviləsi bağlanmamışdır. Yəni Cavabdeh MMC-nin maliyyə vəziyyəti həmin dövrlərdə heç zaman pis olmamış əksinə mənfəət əldə etmiş, çalışan işçilərin əmək haqqları vaxtında ödənilmişdir. Yəni cavabdehin heç zaman iddiaçıdan borc vəsaiti almaq niyyəti olmamışdır. Həmçinin müqavilədə olan ciddi qüsurları və qeyri-müəyyənlikləri məhkəmənin diqqətinə çatdırır: əvvəla, Müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur ki, Borc verən ( İddiaçı) bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 75 000 AZN məbləği müqavilə imzalanan tarixdə ( ## ###### 2023-cü il) Borc alana verib, bunu imzası ilə təsdiq edir. Lakin pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Nəzərə alınsa ki, cavabdeh hüquqi şəxsdir, o zaman həmin pul vəsaiti əgər iddiaçının dedikləri həqiqət idisə, şirkətin bank hesabına mədaxil edilməli və əmək haqqları və digər ödənişlər həmin hesabdan ödənilməli idi. Cavabdeh MMC-nin direktoru tərəfindən bildirilmişdir ki, İddiaçı şirkətin hüquqşünası olaraq demək olar ki, hər gün ona imza üçün saysız-hesabsız sənədlər təqdim etmişdir. Əgər ortalıqda həqiqətən bu cür borc müqaviləsi vardırsa, onun imzalanmasını direktor bilə-bilə həyata keçirməmişdir. Çünki direktoru sözügedən borc müqaviləsi ilə bağlı razılığa gəlinməsində, müqavilənin bağlanmasında, yaxud da imzalanmasında hər hansısa iradə ifadəsi nümayiş etdirməmişdir. Digər tərəfdən müqavilənin skan versiyasında direktor Ismayılzadə Zaurun imzası və Cavabdeh MMC-nin möhürü qırmızı rəngdə əks olunmuşdur. xxxx MMC-yə məxsus olan, istifadə etdiyi qanuni möhür isə həmişə mavi rəngdə olmuşdur (möhür nümunələrinin surəti qoşmaya əlavə olunur). O cür möhürdən isə heç bir vaxt istifadə olunmamışdır. Ismayılzadə Zaur nə vaxtsa, qırmızı rəngli qələmlə müqaviləyə imza atdığını xatırlamır. Lakin məhkəməyə təqdim edilmiş borc müqaviləsinin əslində isə imzalar və möhürlər mavi rəngdə əks olunmuşdur. Müqavilənin preambula-giriş hissəsinə diqqətlə nəzər salınanda, həmin hissənin arxa fonunun qara rəngdə olmasını aydın görmək olar. Həmçinin müqavilənin sonuncu səhifəsində borcalanın məlumatları kompyuter vasitəsi ilə yazılsa da, borc verənin məlumatları sonradan qələmlə əlavə edilmişdir. Əgər müqavilənin bağlanmasında iradə ifadəsi olsaydı müqavilə tərtib edilərkən iddiaçının məlumatları kompyuter vasitəsi ilə yazılardı. Bütün bunlar onu deməyə əsas verir ki, iddia ərizəsində istinad edilən borc müqaviləsi etibarsızdır və saxtalaşdırılmışdır. Bütün qeyd edilən faktlar tam şəkildə sübuta yetirir ki, iddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmişdir. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Bir daha qeyd edir ki, iddiaçı cavabdeh hüquqi şəxsdə hüquqşünas kimi fəaliyyət göstərmiş, artıq tərəflər arasında inam formalaşmışdır. İddiaçı tərəfindən şirkətlə bağlı bir neçə müqavilələr hazırlanmış və hüquqi şəxsə imzalatdırılmışdır.Yaranmış inam nəticəsində şirkət rəhbərliyi onun tərəfindən təqdim edilən sənədlərə oxumadan imzalar atmışdır. Yəni, tərəflər arasında borc müqaviləsi bağlanması ilə bağlı niyyət ümumiyyətlə formalaşmamışdır.
6. Iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından lahiyə rəhbəri işləmişdir. 2023-cü ildən icraçı direktor təyin olunmuş və 2024-cü ilin dekabr ayınadək həmin vəzifəni icra etmişdir. Şirkətin direktoru Zaur Ismayılzadə olmuşdur. İddiaçı onların şirkətində hüquqşünas işləmişdir. Şirkətin borcları olduğu üçün, kömək etmək üçün Nəsir tez-tez Zaura borc vermiş və aralarında bu səbədən pul söhbətləri olurdu. Belə ki, Nəsir Zaurdan pulunu istəyirdi, Zaur da öz növbəsində şirkətə pul gələndə qaytaracağını ona bildirmişdir. Zaur ümumiyyətlə Nəsiri şirkətdən uzaqlaşdırmaq istəyirdi, ona görə də onunla işləmək istəmədiyini ona demişdir. Nəsir də demişdir ki, pulumu qaytarsan çıxıb gedərəm. Təxmini 75.000 manat borcu olduğunu eşitmişdir. Onlar daim biryerdə olmuşlar, o, daha çox ərazidə olmuşdur. Pulunu vaxtında verməmişdir. Həm şirkət, həm də ustalar tərəfindən narazılıq yaranmışdır. Belə hallarda Nəsir həmişə şirkətə köməklik etmişdir. Zaur həmişə pulu qaytaracağını Nəsirə vəd etsə də lakin o pulu qaytarmamışdır. Onun yanında pul Zaur tərəfindən Nəsirə verilməmişdir. O, Zaurla aralarında Nəsirə olan borc barədə danışanda Zaur ona demişdir ki, Nəsirin borcuna qarışmasın. Belə ki, Zaur onun yanında borclu olduğunu ona etiraf etmişdir. Nəsirin verdiyi pullar şirkətin tələbatını ödəməyə yönəlmişdir. Amma rəsmi olubolmadığını bilmir. Zaur o pulu şirkətin adına alıb, amma şirkətə də qoymamışdır. Onlar Zaurla şirkətin daxili hesabatını yəni qeyri rəsmi hesabatdakı borcları müzakirə etmişlər. O, lahiyə rəhbəri kimi işçi qüvvəsi tapmışdır, material almışdır, işi gördürmüşdür. Materialı aldığı şirkətlərə və ustalara borclu idilər. Ustalara əmək haqqını qeyri-rəsmi və rəsmi də vermişlər. Fəhlələri işə Zaur və Nəsir götürmüşdür. O isə işin keyfiyyətinə nəzarət etmişdir. O işləri mühasibdən soruşmaq lazımdır, o bilir. O, daha çox ərazidə olmuşdur. Amma ərazinin, tikintinin problemlərini biryerdə müzakirə etmişlər. Onun yanında pul verilməmişdir. 75.000 manat məbləğin rəsmi sistemə giriş olunduğunu bilmir. O özü sonuncu haqqhesabının ödənilmədiyi üçün iddia qaldırmışdır. Şirkətin 779.000 manat abadlıqdan alacağı var idi. Nəsirin də payı var idi. Paylarını almamışlar, amma alacaqdılar. Əvvəl 4 nəfər şərik olmuşlar. Onun payı Zaurla 50 faiz olmuşdur. Nəsirə son aylarda 15 faiz ayırmışlar. Orda başqa borclar da olmuşdur, onları çıxmalı idilər. Son 3 ilin gəlir payından ona 200.000 manat çatmalı idi. Nəsirə çatmalı olan pulu hesablamamışdır.
7. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən müəyyən edilmişdir ki, iş materiallarında olan müqavilənin əslində preambula və müqavilənin 4,5,6-cı bəndləri müqaviləyə sonradan əlavə edilmişdir. Bundan başqa tərəflərin rekvizitləri göstərilən, müqavilənin sonluğundan borc alan tərəfin rekvizitləri komputer vasitəsilə daxil edilsə də, borcverən tərəfin rekvizitləri əl yazısı ilə göstərilmişdir
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Rauf Əhmədov).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddia tələbinin əsası kimi ##.##.2023-cü il tarixli borc müqaviləsini göstərmiş, cavabdeh tərəf isə həmin müqavilənin etibarsız olmasını bildirmişdir. Belə olan halda ilk olaraq mübahisə predmeti olan müqavilənin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilməli, bu hala qiymət verildikdən sonra həmin müqavilə üzrə pul tələbinə qiymət verilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində qeyd edilən hissələrin, habelə əl yazısı ilə qeyd edilən rekvizitlərin müqaviləyə borc alan-cavabdeh tərəfindən imza atıldıqdan öncə və ya sonra əlavə edilməsini müəyyən etmək mümkün olmamış və bu hal məhkəmə üçün şübhə doğurmuşdur.
11. Məhkəmə bildirmişdir ki, iddiaçının qeyd etdiyi 75.000 manat pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən sübutlar, bank hesabına mədaxil barədə arayış, mədaxil qəbzi, mədaxil orderi və.s məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin şahidin ifadəsinə qiymət verərək qeyd etmişdir ki, məhkəmənin icraatında məhkəmə iclasında ifadə verən şahid ilə cavabdeh arasında mülki məhkəmə mübahisəsi olduğundan şahidin ifadəsi məhkəmə tərəfindən mötəbər hesab edilə bilməz. Şahid öz ifadəsində cavabdehin iddiaçıya borcu olduğunu qeyd etsə də, bu hal iş materiallarında olan digər sübutlarla təsdiq olunmur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh şirkətdə hüquqşünas kimi çalışmış və şirkətin direktoruna gün ərzində bir neçə sənəd imzalatmışdır, bu sənəd də həmin sənədlərin arasında imzalanmış ola bilər. Məhkəmə hesab etmişdir ki, direktorun bu sənədə imza atması o demək deyil ki, onun belə bir iradə ifadəsi olmuşdur, belə ki, müqaviləyə müdaxilələr, habelə etirazda da göstərildiyi kimi iddiaçının şirkətin direktoruna bir neçə sənəd imzalatması halları məhkəmə tərəfindən xüsusilə nəzərə alınır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən pul tələb edərkən istinad etdiyi borc müqaviləsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmədiyindən, sözügedən pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən digər mötəbər sübutlar mövcud olmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 324.1, 329.2, 386.1, 442, 448.1, 739.1, 739.2 və 740.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər müqavilənin bağlanması məqsədilə şəxsən görüşmüşlər. Cavabdeh müqavilənin ilkin variantını özü hazırlayaraq görüşə gətirmişdir. Lakin, o, hüquqşünas olduğundan, müqavilədə bəzi dəyişikliklər təklif etmiş və tərəflər konkret borc məbləğini və ödəniş tarixini dəqiqləşdirmişlər ki, gələcəkdə hər hansı bir problemlər yaşanılmasın. Bu dəyişikliklər müqavilənin yalnız bir səhifəsində edilmiş və həmin səhifə digər printerdə yenidən çap olunmuşdur. Həmin əvəz olunan səhifə də tərəfindən saxlanılmış və məhkəməyə təqdim edilmişdir. Həmin səhifədən də görünür ki, müqavilənin mahiyyəti dəyişdirilməmiş qalmışdır. Dəyişdirilən məqamlar isə texniki və dəqiqləşdirmə xarakteri daşıyır. Müqavilənin ikinci səhifəsində isə cavabdeh özü tərəfindən gətirilmiş müqaviləyə öz rekvizitlərini kompüter vasitəsilə daxil etmiş, onun rekvizitləri üçün isə boş yer saxlamışdır. Iddiaçının rekvizitləri həmin görüş zamanı, cavabdehin iştirakı ilə, əl ilə müqaviləyə əlavə edilmişdir. Bütün məlumatlar daxil edildikdən sonra müqavilə hər iki tərəf tərəfindən imzalanmış, səhifələr sənədə tikilmişdirlər və üzərinə möhür vurulmuşdur. Bütün bunlar ən azı ona görə edilmişdir ki, cavabdeh tərəfindən ödəniş üzrə mübahisə yaratdıqda, şübhə yaradan amillər qalmasın. Əgər müqaviləyə sonradan hansısa əlavə və ya dəyişiklik edilmiş olsaydı, bu, arxa hissəsində və ya tikilmə yerində açıq şəkildə görünərdi, müdaxilə müşaiət olunardı. Lakin belə bir izə rast gəlinməmişdir. Əlavə olaraq, qeyd etmək vacibdir ki, ekspert tərəfindən məhkəmənin konkret sualına “Müqavilənin ikinci səhifəsində 'Direktor: X2' yazılmış qrafanın altındakı imza və möhür, həmin səhifədə 'İddiaçı' adına aid olan və onun aşağı hissəsində göstərilmiş şəxsi məlumatlar və imza ilə eyni gündə icra olunmuşdurmu?” – dair tədqiqat aparılmamış və bu suala ekspert tərəfindən cavab verilməmişdir. Halbuki, bu məsələ məhkəmə üçün əhəmiyyətli hüquqi fakta aydınlıq gətirə bilərdi. Bununla yanaşı, müqaviləyə müəyyən dəyişikliklərin edildiyini inkar etmirlər. Lakin bu dəyişikliklər tərəflər arasında aparılmış danışıqlar zamanı, yəni müqavilənin imzalanmasından əvvəlki mərhələdə qarşılıqlı razılıq əsasında edilmişdir. Tərəflər görüşərək konkret məbləğ, ödəniş müddəti şərtləri dəqiqləşdirmiş, sonra isə bu məlumatlar müqaviləyə daxil edilərək yekun variant razılaşdırılmış və sənəd imzalanmışdır. Beləliklə, müqavilədə olan dəyişikliklər onun imzalanmasından sonra yox, razılaşdırma mərhələsində edilmiş və tərəflərin iradəsini əks etdirən yekun sənəd kimi rəsmiləşdirilmişdir. Bu səbəbdən, sənədin etibarlılığına və hüquqi qüvvəsinə şübhə ilə yanaşmaq üçün əsas yoxdur. Üstəlik də tərəfindən ekspertin dəvət olunması xahiş edilmiş və hakim hansı suallar ekspertə veriləcəyi barədə soruşanda, bildirmişlər ki, əsas sual müqavilənin tikilişinə və ya arxa möhürü ilə təsdiq edilmiş yapışqana müdaxilənin edilib-edilməməsi müşaiət olunması sualıdır. Buna cavab isə cavabdehin nümayəndəsi bildirmişdir ki, onlar bunu mübahisələndirmirlər, açıq görünür ki, müdaxilə mövcud deyil. Tərəflər müqavilənin bağlanması məqsədilə şəxsən görüşmüşlər, bu görüş zamanı müqavilənin şərtləri ətraflı müzakirə olunmuş və razılaşdırılmışdır. Hətta cavabdeh ilkin variantını özü hazırlayaraq görüşə gətirmişdir. Tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən dəyişikliklər edilmiş və müqavilənin yekun variantı hər iki tərəf tərəfindən imzalanmışdır. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, onun qeyd etdiyi 75.000 manat pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən sübutlar – bank hesabına mədaxil barədə arayış, mədaxil qəbzi, mədaxil orderi və s. məhkəməyə təqdim edilməmişdir. Lakin bu nəticə, təqdim etdikləri əsaslı sübutların və ifadələrin düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Əvvəla, tərəflər arasında bağlanmış və həm onun, həm də cavabdeh tərəfindən imzalanmış borc müqaviləsinin əslini məhkəməyə təqdim etmişlər. Bu müqavilə açıq şəkildə 75.000 manat məbləğində borcun verildiyini və qaytarılmalı olduğunu təsdiq edir. Ikincisi, məhkəmə iclasında şahid qismində çıxış edən şəxs ifadəsində bildirmişdir ki, cavabdeh Ismayılzadə Zaurun özü dəfələrlə onun yanında borcu qaytaracağını demişdir. Yəni, cavabdeh borcun mövcudluğu və onun qaytarılması ilə bağlı öhdəlik açıq şəkildə etiraf olunmuşdur. Bu ifadə borc münasibətinin real olduğunu göstərən mühüm sübutdur. Üçüncüsü, əlavə sübut kimi digər sənədlər, o cümlədən müqaviləyə əlavə qeydlər və tərəflər arası yazışmalar təqdim olunmuşdur ki, bu da tərəflər arasında borc münasibətlərinin mövcudluğunu bir daha təsdiq edir. Dördüncüsü, tərəfindən cavabdehlə olan səs yazışmaları məhkəməyə təqdim etmişdir, hansılarına görə cavabdeh ona konkret olaraq 75.000 manat borcun etiraf edildiyi müəyyən olunur. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi təqdim etdiyi sübutları yetərli hesab etməmiş və cavabdehin borc qaytarmaq öhdəliyini rədd etmişdir. Məhkəmənin şahidin ifadəsinə verdiyi qiymətlə bağlı olaraq bildirir ki, təkcə şahidin cavabdehlə arasında mülki mübahisənin mövcud olması onun ifadəsinin mötəbərliyini şübhə altına almaq üçün əsas ola bilməz. Bundan əlavə, şahidin ifadəsi təkcə sözə əsaslanmır, iş üzrə təqdim olunmuş tərəflər arasında baş vermiş səs yazısı ilə təsdiq olunur. Həmin səs yazıda cavabdehin direktoru Ismayılzadə Zaur açıq şəkildə etiraf edir ki, ona borcu var və bu məbləği qaytaracağını bildirir. Bu fakt şahidin söylədiklərini birbaşa təsdiq edir və onun ifadəsinin əsassız olmadığını göstərir. Həmçinin şahid eyni zamanda cavabdeh olan Şirkətdə icraçı direktor vəzifəsində çalışmışdır, Şirkətin ağır maliyyə durumundan xəbərdar olmuşdur, eyni zamanda Şirkətin direktoru Zaur Ismayılzadənin ona 75.000 manat borcun olmasının şahidi olmuşdur. Əlavə olaraq onu da bildirməyi zəruri hesab edir ki, cavabdehin vəkilləri tərəfindən Şirkətin maliyyə durumunun müsbət olması həqiqətə uyğun deyil, çünki hazırda cavabdeh olan Şirkətə qarşı pul tələbləri ilə bağlı, o cümlədən işçilərin əmək haqlarının ödənilməməsi ilə bağlı çox saylı məhkəmə mübahisələri var, hansılar cavabdehin ağır maliyyə durumunu sübut edir və cavabdehin məhkəməyə yalnış məlumatların verilməsini dəlalət edir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək, iddianın təmin edilməsi, cavabdehdən 75.000 (yetmiş beş min) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, həmçinin xidmət haqqı olaraq vəkilə ödənilmiş 500 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 521 (347+174) manat olmaqla, ümumilikdə 1.021 (bir min iyirmi bir) manat pulun cavabdehdən iddiaçıya verilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 70 manat məbləğində pulun mübahisə predmeti barəsində cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev).
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdeh müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cavabdehin qanuni nümayəndəsi həmin müqaviləni imzalamaqla maddi yardım məqsədilə 75.000 manat məbləğində götürdüyü pulu 18 ay müddətində geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür.
19. Müqavilənin 2.1-ci və 2.2-ci bəndlərində də qeyd edilmişdir ki, “Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 75.000 AZN məbləği müqavilə imzalanan tarixdə borc alana verib, imzası ilə bunu təsdiq edir. Borc alan bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 75.000 AZN məbləği müqavilə imzalanan tarixdə borc verəndən alıb, möhürü və imzası ilə bunu təsdiq edir”.
20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı cavabdehlə arasında bağlanmış borc müqaviləsinə əsasən verdiyi pulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir və həmin müqaviləyə istinad edərək verdiyi pulu cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini ona qaytarmasını şərtləndirir. Cavabdeh bu müqavilə öhdəliyini icra etmədiyindən, iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiada əks olunan hallar öz təsdiqini tapdığından pulun qaytarılmasına dair sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda, cavabdeh tərəfindən verilmiş pul vəsaitinin qismən və ya tam həcmdə iddiaçıya qaytarıldığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli, cavabdeh Cavabdeh MMC-dən 75.000 (yetmiş beş min) manat məbləgində pul iddiaçı İddiaçı xeyrinə tutulmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət etmək üçün vəkilin göstərdiyi yardıma görə birinci instansiya məhkəməsində - 500 manat məbləğində xərc çəkmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti təmin edildiyindən vəkilin göstərdiyi hüquqi xidmət xərcinə görə iddiaçı tərəfindən 500 manat məbləğində ödənilmiş pul cavabdeh Cavabdeh MMC-dən alınaraq ona verilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin iştirak etdiyi iclasların və məhkəmədə etdiyi prosessual hərəkətlərin sayı az olmamışdır. Bu baxımdan vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul vəsaitinin tutulması ağlabatandır.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 337.1, 337.2, 337.3, 337.4, 385.1, 386.1, 389.1, 406.1, 425, 442, 739.1 və 740-cı maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc müqaviləsinin yaranması üçün ən əsas şərti “pul vəsaitinin faktiki verilməsidir” lakin iş materiallarından aydın olur ki, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh MMC-yə heç bir real pul verilməmişdir. Apellyasiya instansiya məhkəməsi bu əsas şərti araşdirmadan borc münasibətinin mövcud oluğunu qəbul etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi nəzərə almadığı daha bir hal odur ki, iddiaçı cavabdeh hüquqi şəxsdə hüquqşünas kimi fəaliyyət göstərmiş, və nəticədə tərəflər arasında inam formalaşmışdır. İddiaçı tərəfindən şirkətlə bağlı bir neçə müqavilələr hazırlanmış və hüquqi şəxsə imzalatdırılmışdır. Yaranmış inam nəticəsində şirkət rəhbərliyi onun tərəfindən təqdim edilən sənədlərə oxumadan imzalar atmışdır. Yəni, tərəflər arasında borc müqaviləsi bağlanması ilə bağlı niyyət ümumiyyətlə formalaşmamışdır.
28. Apellyasiya məhkəməsi həlledici əhəmiyyətə malik olan ekspert rəyinə heç bir hüquqi qiymət verməmiş və onu təkzib edən sübut göstərmədən birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Ekspert rəyində borc müqaviləsinin preambula hissəsinin sonradan dəyişdirildiyi, borcverənin məlumatlarının əlyazısı ilə əlavə edildiyi və bəzi hissələrinin kompüter vasitəsilə dəyişdirildiyi göstərilmişdir. Iddiaçı isə pulun faktiki olaraq cavabdehə verildiyini sübut etməmiş, nə bank köçürməsi, nə kassa orderi, nə də digər maliyyə sənədi təqdim etmişdir. Əgər müqavilənin özü saxtalaşdırılmışdırsa, həmin müqavilədə yer alan bəndlərin mötəbərliyi də şübhə altına düşür. Apellyasiya məhkəməsi bu bəndlərə istinad edərkən, müqaviləyə sonradan müdaxilə olunduğunu təsdiq edən ekspert rəyinə göz yummuşdur.
29. Ekspert rəyinə və iş materiallarına baxmayaraq, apellyasiya instansiya məhkəməsi iddiaçı İddiaçı sübut edilməyən dəlillərinə istinad edərək borcun mövcudluğunu qəbul etmiş, tərəflərin real münasibətlərini nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 324.1, 324.2 və 324.3.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
32. Maddə 337.1 və 337.2.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 28.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
36. Maddə 406.1.Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
37. Maddə 425.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 739.1 və 740.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində xxxx qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan reda00ksiyada)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassssiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.
47. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.