Məhkəmə qərarları › İş №2(1-8)-741/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-741/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-741/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI iş № *(1-8)-741/2026 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. Ümumi oferta müqaviləsinin 5.7.11.1-ci bəndinə əsasən bir dəfəyə minimal ödənişin ödənilməsi 120 təqvim günündən artıq davam etdiyi halda bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcu tələb etmək hüququ vardır.

3. “xxxx” Kommersiya Bankı ASC-nin ##.##.2023-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka kredit müqaviləsinə əsasən 6000 manat əsas, 950,32 manat faiz borcu, 18,70 manat cərimə borcu olmaqla, cəmi 6969,02 manat məbləğində borcu vardır.

4. Iddiaçı tərəfindən cavabdehə ##.##.2023-cü il tarixli bildiriş xəbərdarlıq göndərilmiş və kredit müqaviləsi üzrə yaranmış 6000 manat əsas, 680,80 manat faiz və 288,22 manat cərimə olmaqla, cəmi 6969,02 manat borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin ##.##.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarında qeyd olunmuşdur ki, ##.##.2023-cü il tarixdə saat 10 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə Cavabdeh məxsus “xxxx” tərəfindən verilmiş 4098584458506142 serialı bank kartından 6.046 manat 92 qəpik çıxararaq ona ümumilikdə 6.046 manat 92 qəpik maddi ziyan vurmaqla oğurluq etmiş və fakt üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ********* №-li cinayət işi başlanılması, icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin ##.##.2023-cü il tarixli cinayət işi üzrə qərarına əsasən iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, hazıradək təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yeri müəyyən etmək mümkün olmadığından icraat dayandırılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat əsas, 950,32 manat faiz borcu, 18,70 manat cərimə borcu olmaqla, cəmi 6969,02 manat borcun və 89,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün iddiaçı “xxxx” KB ASC kreditin məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, ##.##.2023 tarixində onun “Leobank”a məxsus kart hesabından naməlum şəraitdə pul vəsaiti çıxarılmışdır. Vəsaitin çıxarılmasını ##.##.2023 tarixində təsadüfən YDM-də məlumatı olmuş və dərhal Banka və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sabunçu RPI-də faktla bağlı cinayət işi başlanılıb və hal hazırda araşdırılma aparılır. Vəsaitinin çıxarılması faktına münasibətdə hesab edir ki, tərəfindən kart və hesab məlumatlarının saxlanılması şərtləri pozulmamışdır. Əksinə “Leobank” olaraq Bank sisteminin təhlükəsizliyinin qənaətbəxş olmaması səbəbindən karta dələduzlar tərəfindən müdaxilə edilmişdir. Davamlı müraciətlərinə baxmayaraq o, Bank tərəfindən araşdırmaya kömək məqsədi ilə heç bir məsul şəxslə görüşə bilməmişdir. Sorğusuna Bank tərəfdən dürüst cavab ala bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən ondan tələb edilən vəsait onun tərəfindən istifadə edilməmiş, əksinə iddiaçının hesab təhlükəsizliyini təmin etməməsi və onun iradəsindən kənar Bank tərəfindən tələb olunan vəsaitin üçüncü şəxslər tərəfindən mənimsənilməsi iddia tələbinin tam əsassız olduğuna dəlalət edir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 6000 manat əsas, 680.80 manat faiz və 18,70 manat cərimə olmaqla, cəmi 6699,50 manat borc və 89,70 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Icraat zamanı */*** saylı, ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, FIN ******* ##.##.2023-cü il tarixdə “Leobank” tətbiqinə +************ mobil nömrə ilə daxil edilmiş və həmin vaxt 5,898.46 manat həcmində MCC5814 ödəniş, 141.57 manat həcmində MCC5814 ödəniş və 6.89 manat həcmində MCC5541 ödəniş əməliyyatlar aparılmışdır. Ödənişlər “Leobank" mobil tətbiqindən deyil, “Applepay” həlli vasitəsilə həyata keçirilmişdir. Əməliyyatlar aparılan zaman “Leobank” tətbiqi “Samsung GalaxyS10+” (samsung_SM- G975N) cihazda olmuşdur. Cihazın IMEI kodu ilə bağlı məlumatları aşkarlamaq mümkün olmasa da, device_id_adjust = 225d08e1b71e74ff19fa1a5736655518 olduğu məlum olmuşdur. “device_id_adjust” istifadəçinin mobil cihazının bank tərəfindən təyin olunan identifikatorudur. Lakin bir daha qeyd olunmuşdur ki, ödəniş həyata keçirilərkən “Applepay" həllindən istifadə olunmuşdur. FIN ******* hal-hazırda “Leobank” tətbiqinə +************ mobil nömrə ilə, “Xiaomi_Redmi Note 8 Pro” mobil cihazda daxil edilib. Cihazın IMEI kodunu aşkarlamaq mümkün olmasa da Bank tərəfindən təqdim olunan məlumatlar əsasında device_id_adjust = 8b4341ad3b0f2bf28ac580cc5588ca7d olduğu məlum olmuşdur. Həmçinin qeyd edilmişdir ki, eyni “device_id_adjust” iki fərqli mobil telefon modeli kimi log-lara düşmüşdür. Belə ki, Bank tərəfindən təqdim olunan "adjust_Hüseynov_Səməd" faylında mobil cihazın modeli “Note9Pro”, "auth_Hüseynov_Səməd" faylında isə “Xiaomi_Redmi Note 8 Pro" qeyd olunub. Qeyd etmək lazımdır ki, bu iki fayl üzrə mobil cihazın modelləri fərqli qeyd edilsə də, hər ikisində device_id_adjust = 8b4341 ad3b0f2bf28ac580cc5588ca7d olmuşdur.

12. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh Cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

13. Bundan başqa Bank xidmətlərinin təqdim edilməsinə dair ##.##.2021-ci il tarixli ümumi oferta müqaviləsindən görünür ki, kartın itirilməsi, oğurlanması və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel:*7773) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır; Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək, kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə Bankı dərhal məlumatlandırmaq; Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X1 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab etmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə ondan 6000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

14. Bundan əlavə, iddiaçı borc barədə cavabdehə bildirişlə müraciət edərkən maliyyə arayışında göstərilən məbləğ barədə deyil, başqa məbləğ barədə məlumatlandırmışdır. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1-ci, 399cu, 442-ci, 739.1-ci, 743.1 və 743.2-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14-cu, 77.1-ci, 88-ci, 119-cu, 217.1-ci maddələrinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 2- 2(102) ***/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı halda, iş materiallarında olan heç bir sübut ona borc pul verilməsi faktını təsdiq etmir. Məhkəmənin istinad etdiyi ekspert rəyi ümumiyyətlə sübut əhəmiyyəti daşımır. Ekspert tərəfindən tədqiqat obyekti olaraq yalnız xxxx Kommersiya Bankının müvafiq verilənlər bazası əsas götürülmüşdür. Nəzərə alınarsa ki, “xxxx Kommersiya Bankı” hazırkı iş üzrə iddiaçıdır və işin nəticəsində bilavasitə maraqlı olan şəxsdir. Onda “xxxx” KB-nin müvafiq verilənlər bazası əsas kimi götürülməsinin nə dərəcədə sübut əhəmiyyətli olması ciddi sual doğurur. Bundan başqa, onun mobil nömrəsinin aid olduğu NAR MOBILE şirkətindən daxil olmuş cavab məktubdan müəyyən olunur ki, onun mobil nömrəsinə ##.##.2023-cü il tarixdə hər hansı SMS və ya başqa təsdiq kodu gəlməmişdir. Bu isə öz növbəsində iddianın rədd edilməsi üçün əsasdır. Işə baxan birinci instansiya məhkəməsi tərəflərin bərabərliyi prinsipinə riayət etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsaslanmışdır. “xxxx” şirkətindən daxil olmuş cavab məktubunda ##.##.2023-cü il tarixdə onun mobil nömrəsinə hər hansı SMS və ya başqa təsdiq kodu gəlməməsi faktı təsdiq olunmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi işin nəticəsində bilavasitə maraqlı olan “xxxx” KB-ın təqdim etmiş olduğu öz proqram təminatından olan məlumatları əsas götürmüşdür.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci iltarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), R.Ə.Səmədov və X.A.Mərdanova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.

20. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan faiz və cərimə məbləğinə dair hissəsi ilə də razılaşaraq qeyd etmişdir ki, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir.

21. Bununla belə, faiz və cərimə borcunun hesablanması, habelə aparılmış ödənişlərin yaranmış cərimə, faiz və əsas borc üzrə silinməsi qüvvədə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər cavabdehin bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir.

22. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin iddiaçının hesab təhlükəsizliyini təmin etməməsi və onun iradəsindən kənar Bank tərəfindən tələb olunan vəsaitin üçüncü şəxslər tərəfindən mənimsənilməsini iddia etməsinə dair etirazına əsas olaraq ##.##.2023cü il tarixdə “Applepay” həlli vasitəsilə +************ mobil nömrə ilə daxil edilmiş və həmin vaxt 5,898.46 manat həcmində MCC5814 ödəniş, 141.57 manat həcmində MCC5814 ödəniş və 6.89 manat həcmində MCC5541 ödəniş əməliyyatları aparılarkən “xxxx” Kommersiya Bankı ASC (Qaydalara uyğun olaraq) tərəfindən hər hansı bir pozuntu halına yol verilməsini müəyyən etmək üçün Mərkəzi Bankın müvafiq rəyi əldə edilmişdir.

23. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis rəyində qeyd edilmişdir ki, müştərinin bank hesabından ödəniş əməliyyatının həyata keçirilməsi zamanı qüvvədə olan “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın (Qayda) 3.8.4-cü yarım bəndinə əsasən bank real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyası üzrə emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görməli idi. Qaydanın 2.1.10-cu yarımbəndinə əsasən avtorizasiya kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından icazənin alınmasıdır. Göründüyü kimi, Qaydanın 3.8.4-cü yarımbəndi emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından ödəniş əməliyyatı üçün icazənin alınması qaydasını tənzimləyir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında “xxxx” KB ASC-də yerində həyata keçirilmiş baxış nəticəsində əldə olunmuş məlumatlara əsasən, Cavabdeh məxsus ödəniş kartının “AppIePay” xidmətinə qoşulması zamanı bank tərəfindən eyniləşdirmənin aparılması üçün müştərinin bankda qeydiyyatda olan nömrəsinə (+************) təsdiq kodu göndərilmişdir. Bank tərəfindən həyata keçirilmiş müvafiq tədbiri Qaydanın tələbinə uyğun təhlükəsizlik tədbiri kimi hesab etmək olar.

24. Məhkəmə qeyd edilən rəyə əsaslanaraq hesab etmişdir ki, iddiaçı bank tərəfindən cavabdehin ödəniş əməliyyatları aparılarkən hər hansı bir pozuntu halına yol verilməməsi mütəxəssis rəyinə əsasən də təsdiq edildiyindən, cavabdehin bu barədə irəli sürdüyü etirazın dəlilləri əsassızdır.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 432.4, 442, 443.1, 448.1, 448.2, 739-cu (əvvəlki redaksiyada) maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona dair etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti aşağıdaki dəlillərlə əsaslandırılmışdır: - Tərəflər arasında borc münasibəti olmasa da, məhkəmə mübahisəyə Mülki Məcəllənin borc münasibətləri ilə bağlı maddələrini tətbiq etmişdir. - Məhkəmə nəzərə almamışdır ki, yaranmış borc cavabdehin məsuliyyətsizliyinə görə yox, bankın proqram təminatının təhlükəsizliyinə görə yaranmışdır. Buna görə də yaranmış borca görə məsuliyyət birbaşa bankın üzərinə düşür. - Apellyasiya icraatı zamanı əldə olunan mütəxəssis rəyi iddiaçının tələbinin əsaslılığını deyil, cavabdehin etirazının əsaslılığını təsdiq edir və hazırkı halda iddianın rədd edilməsini zəruri edir. - Cavabdehin mobil nömrəsinin aid olduğu NAR MOBILE şirkətindən daxil olmuş cavab məktubdan müəyyən olunur ki, həmin nömrəyə ##.##.2023 -cü il tarixdə hər hansı SMS və ya başqa təsdiq kodu gəlməmişdir. - Işə baxan məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən imzalanmış ##.##.2022-ci il tarixli Ərizə-Anket və Imza Nümunəsi adlı sənədin 5-ci bəndində o, əlyazma imza ilə yanaşı analoq imzanın yaradılmasını təsdiq etmişdir. ##.##.2023-cü il tarixdə pul vəsaitləri naməlum şəxslər tərəfindən çıxarılarkən analoq imza ilə təsdiq etmə olmamışdır. Belə olan hal isə, ##.##.2023-cü il tarixində pul vəsaitlərinin birbaşa Bankın proqram təminatının təhlükəsizlik problemləri ilə bağlı olmasını təsdiq edir.

28. Kassasiya şikayəti AR Mülki Məcəlləsinin 386, 427.3, 442, 443.1, 448.1, 739.1, 739.2, 46.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş redaksiyada)

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

41. Ilk növbədə məhkəmə MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

42. Tərəflər arasındakı hüquq münasibətinə və iddia tələbinə işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət verilmiş, müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 6000 manat əsas, 680,80 manat faiz borcu olduğundan və kredit öhdəliyi müqavilə şərtlərinə uyğun icra edilmədiyindən bankın vaxtından əvvəl kredit borcunun və faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

43. Cavabdehin iddiaya etirazında istinad etdiyi, bank kartından vəsaitin oğurlanmasında bankın təqsirli olmasına dair mülahizə məhkəmə araşdırması zamanı təsdiq edilməmiş, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankından cəlb edilmiş mütəxəssisin rəyinə əsasən müəyyən olunmuşdur ki, kartdan pul vəsaiti çəkilməzdən əvvəl Cavabdeh məxsus ödəniş kartının “AppIePay” xidmətinə qoşulması zamanı bank tərəfindən eyniləşdirmənin aparılması üçün müştərinin bankda qeydiyyatda olan nömrəsinə (+************) təsdiq kodu göndərilmiş, Bank tərəfindən həyata keçirilmiş müvafiq tədbir Qaydaların tələbinə uyğun təhlükəsizlik tədbiri olmuşdur.

44. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual hüquq normalarının pozulduğu müəyyən edilmir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar