Məhkəmə qərarları › İş №2(1-8)-760/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-760/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-760/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “X1 Kredit Təşkilatı” MMC cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – “mənzil”) xüsusi mülkiyyət hüququ əsasında tam payda İddiaçı (bundan sonra – “iddiaçı”) məxsus olmuşdur və bu barədə dövlət reyestrində ##.##.2020-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

2. “xxxx”xxxx“MMC”) ilə borcalan X2 arasında bağlanmış ##.##.2021-ci il tarixli ****/***** nömrəli kredit müqaviləsinə əsasən borcverən 36 ay müddətinə illik 32% hesablanmaqla 11.000 manat məbləğində kredit pul vəsaitini borcalana vermişdir.

3. Müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və ##.##.2021-ci il tarixli ****/*****-IP nömrəli ipoteka müqaviləsinə əsasən Q.Cavadov bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq iddiaçıya məxsus mənzili MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlakın real bazar dəyəri ##.##.2021-ci il tarixə 90.000 manat məbləğində qiymətləndirilmişdir.

4. MMC ilə borcalan Q.Cavadov arasında bağlanmış ##.##.2021-ci il tarixli ****/***** nömrəli kredit müqaviləsinə əsasən borcverən 36 ay müddətinə illik 32% hesablanmaqla 5.000 manat məbləğində kredit pul vəsaitini borcalana vermişdir.

5. Həmin müqavilənin “Əlavə Şərtlər” adlı 4-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və ##.##.2021-ci il tarixli *M/*** nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Q.Cavadov bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq mənzili MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlakın real bazar dəyəri 90.000 manat məbləğində qiymətləndirilmişdir.

6. Bakı şəhəri * saylı Notariat Ofisinin (bundan sonra – “cavabdeh”) ##.##.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə görə iddiaçı ilə MMC arasında bağlanmış ipoteka müqavilələrinə əsasən Q.Cavadovun MMC-yə olan borcunun iddiaçıya məxsus olan mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması, icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41,42 manat pulun iddiaçıdan tutulması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyən edilir ki, MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, Q.Cavadovun cavabdehə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

8. Həmin qətnamənin 25-32-ci bəndlərindəki mövqedən görünür ki, MMC tərəfindən icra qeydinin verilməsi barədə prosedurlara əməl edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 8I-1734 № ilə qeyd edilib reyestrlə rəsmiləşdirilmiş ##.##.2022-ci il tarixli ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, icra qeydi aparılan zaman iddiaçıya heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Həm onun, həm də oğlu Q.Cavadovun adında hal-hazırda istifadə etdiyi mobil nömrələr olmasına baxmayaraq nə MMC tərəfindən, nə də notarius tərəfindən ona rəsmi məlumat verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə real mübahisə olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə faiz və cərimələr düzgün hesablanmamışdır. Faktiki olaraq oğluna həmin anda kredit verilməsi qanunvericiliyin tələblərinə əsasən qeyri-qanuni olmuşdur. Belə ki, oğlunun kredit müqaviləsi bağlanan zaman digər banklarda uzun müddətli gecikməsi olmuşdur ki, Mərkəzi Bankın tələblərinə uyğun olaraq, kredit tarixçəsi mənfi olan həmin kateqoriya müştərilərə kredit verilməsi qanunsuzdur. Real olaraq həmin kredit məbləğlərinin verilməsi müqabilində oğlundan külli miqdarda rüşvət tələb olunmuşdur, həmçinin faiz və komissiyalar oğlunun vəziyyətini ağır vəziyyətə salacaq şəkildə yüksək olmuşdur. Həmin rüşvət tələbi və digər qanuna zidd əməlləri təsdiq edən səs yazıları və digər sübutlar Azərbaycan Respublikası Prokurorluğuna təqdim olunmuşdur və iş hal hazırda Yasamal Rayon Prokurorluğunda araşdırmadadır. Bundan başqa, icra qeydində məbləğə açıq-aşkar uyğun olmayan faiz və dəbbə pulu hesablanmışdır. Həmin faiz və dəbbə pulunun müqavilə şərtlərinə uyğun hesablanmasına əmin olmaq notariusun səlahiyyətində deyil və notarius heç vaxt əmin ola bilməz ki, faiz və cərimənin hesablanması hissəsində mübahisəli hal yoxdur. Həmin hissədə məbləğin düzgün hesablanması yalnız mühasibatlıq sahəsində ekspertiza və ya mütəxəssis rəyi əsasında dəqiq məlum ola bilərdi. Kredit müqaviləsinin ilkin 9 ayında oğlu tərəfindən aylıq ödəniş cədvəlinə uyğun olaraq 700 manat toplam 6.300 manata yaxın pul vəsaiti ödənilmişdir ki, icra qeydi verilən zaman da notarius bu hissəni araşdırmaq səlahiyyətində olmamışdır. Bundan başqa tərəflər ipoteka predmeti olan mənzilin dəyəri də heç bir qiymətləndirilmə rəyi olmadan vizual olaraq 90.000 manata qiymətləndirilmişdir. 2022-ci il tarixində icra qeydi verilən zaman əmlakın real bazar qiyməti yerləşdiyi zona üzrə 140-150 min manat, hazırkı dövrdə isə 175-200 min manat dəyərində qiymətləndirilir.

11. MMC iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı X2 cavabdehə və MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, iddia tələbi təmin edilməməlidir.

12. Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e *(***)-****/**** nömrəli qərardadı əsasında keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsində təqdim olunmuş “xxxx” MMC-nin qiymətləndirmə barədə **/BD nömrəli ##.##.2025-ci il tarixli hesabatına əsasən mənzilin 2022-ci il üzrə bazar dəyəri 90.000-98.000 manat, 2025-ci il üzrə bazar dəyəri 180.000-185.000 manat təşkil edir.

13. Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e *(***)-****/**** nömrəli qərardadı əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində təqdim olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */*** nömrəli ekspert rəyinə əsasən Q.Cavadovun MMC-yə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; ##.##.2022-ci il (maliyyə arayışı verilən tarixə): əsas borc üzrə - 10.623,52 manat, faiz borcu üzrə - 1.990,56 manat; ##.##.2022-ci il (icra qeydinin tələb olunduğu tarixə): əsas borc üzrə - 10.623,52 manat, faiz borcu üzrə 1.707,75 manat ##.##.2025-ci il (ekspert rəyinin verildiyi tarixə): əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə - 5.411,98 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış ##.##.2021-ci il tarixli ****/***** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Q.Cavadovun MMCyə olan əsas və faiz borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; ##.##.2022-ci il (maliyyə arayışı verilən tarixə): əsas borc üzrə - 5.000 manat faiz borcu üzrə - 968,89 manat ##.##.2022-ci il (icra qeydinin tələb olunduğu tarixə): əsas borc üzrə - 5.000 manat faiz borcu üzrə - 1.071,11 manat. Iş materiallarından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi MMC ilə Q.Cavadov arasında bağlanmış ##.##.2021-ci il tarixli ****/***** saylı kredit müqaviləsinə borclu tərəfindən ##.##.2022-ci il tarixində 7.786,34 manat ödəniş etməsi müəyyən edilir. Tərtib edilmiş cədvəl məlumatından göründüyü kimi borclu tərəfindən ödənilmiş 7.786,34 manat məbləğində əsas və faiz borclarını çıxdıqdan sonra 646,34 manat məbləğində MMC-yə artıq ödəniş olması müəyyən edilir.

14. Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(005) ***/**** nömrəli qətnaməsi ilə (hakim - S.Ədilova) iddia təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı iddiasını üç halla əsaslandırmışdır: birincisi, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin ona çatdırılmaması, ikincisi, ipoteka predmetinin düzgün qiymətləndirilməməsi, üçüncüsü, isə oğlunun, ümumiyyətlə, kredit götürmək iqtidarında olmamasının MMC tərəfindən nəzərə alınmaması.

16. Məhkəmə iddiaçının iddiasının əsasının birinci halı ilə bağlı qeyd etmişdir ki, həmin halla bağlı iddiaçının oğlu Q.Cavadovun iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində baxılmış iş üzrə *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə qiymət verilmiş və müəyyən edilmişdir ki, MMC tərəfindən icra qeydinin verilməsi barədə prosedurlara əməl edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, digər mülki məhkəmə prosesi çərçivəsində artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş faktlara yenidən hazırkı məhkəmə prosesi çərçivəsində qiymət verilməsinə lüzum yoxdur. Belə ki, icra qeydinin verilməsi proseduru artıq yoxlanılıb, məhkəmə bununla bağlı mövqeyini bildirib və icra qeydinin verilməsi zamanı pozuntuya yol verilməsi müəyyən edilməyib.

18. Məhkəmə iddiaçının iddiasının ikinci dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçıya görə ipoteka predmeti olan mənzil dəyərindən qat-qat aşağı, 90.000 manat məbləğində qiymətləndirilmişdir. Halbuki tərəflər arasında bağlanmış hər iki kredit müqaviləsində əmlakın dəyəri müqavilə bağlanan tarixə 90.000 manat məbləğində müəyyən edilmiş və razılaşdırılmışdır. Icra qeydi verilən zaman isə ipoteka predmetinin ilkin satış qiymətinə dair hər hansı qeyd aparılmamışdır. Bununla bağlı, iş materiallarına əlavə edilməmiş və MMC-nin etiraz ərizəsində qeyd etdiyi kimi iddiaçı ilə MMC arasında sonrakı ipoteka müqavilələri bağlanmışdır ki, bu da bir daha deməyə əsas verir ki, iddiaçı qiymətləndirmənin dəyəri ilə bağlı məlumatlı olmuş və buna dair müqaviləni öz iradə ifadəsinə uyğun olaraq bağlamışdır.

19. Digər tərəfdən, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirici “xxxx” MMC-nin verdiyi qiymətləndirmə hesabatı ilə də ipoteka predmetinin icra qeydi verilən vaxta qiyməti 90.000-98.000 manat aralığında qiymətləndirilmişdir. Bundan başqa, iddiaçının qeyd edilən halları icra qeydinin ləğv edilməsi üçün əsas deyildir.

20. Iddiaçının iddiasının üçüncü halı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçının kredit əldə etmək iqtidarında olmaması hazırda araşdırılan işin halları ilə bağlı olmamaqla, icra qeydinin ləğvi üçün əsas sayılmır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Iddiaçı qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **/BD №-li verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, mübahisəli mənzilin 2022-ci il üzrə Bazar dəyəri 90.000– 98.000 manat, 2025ci il üzrə Bazar dəyəri 180.000-185.000 manat təşkil edir. Lakin tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən AS 06-***/** №-li ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, mənzilin 2022-ci il üçün ədalətli bazar dəyəri 124.300 manat təşkil edir. Iş materiallarından da məlum olur ki, həmin mənzil cəmi 54.000 manata satılmışdır. Faktiki olaraq mübahisəli olan mənzil süni surətdə olaraq qat-qat aşığı olan qiymətə satılmış və hazırkı iş üzrə 3-cü şəxs tərəfindən ələ keçirilmişdir. Belə olan halda, elə təəssürat yaranır ki, MMC-nin məqsədi iddiaçının mülkiyyətində olan mənzilin dəyərini qat-qat aşağı qiymətə satıb öz mülkiyyətinə ələ keçirmək olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, öz qətnaməsini Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsində qeyd olunan halları ilə əsaslandırmışdır. Halbuki qeyd etdiyi qətnamə iddiaçı X2 cavabdehə qarşı icra qeydinin ləğv edilməsinə dair iddia tələbi üzrə qəbul edilmiş və bu mülki mübahisə borclunun iddia tələbi üzrə aparılmışdır. Məhkəmənin bu cür yanaşması iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi mütəxəssis rəylərində göstərilən 2022-ci il üçün mübahisəli mənzil üzrə bazar dəyəri ilə bağlı fərqlərlə əlaqədar heç bir açıqlama verməmişdir. Sual yaranır ki, “əgər məhkəmə iddia tələbini təmin etməyərək digər mülki iş üzrə olan işin halları ilə əsaslanıb icra qeydin ləğvi üçün prosedurların yoxlanılmasına lüzum olmadığını göstərmiş, onda nəyə görə məhkəməmuhasibatlıq, məhkəmə əmtəəşünaslıq ekspertizaların keçirilməsi ilə bağlı qərardad qəbul etmişdir?” Bundan əlavə, iddiaçının oğluna, yəni borcluya kredit verilməsi qeyri-qanuni olmuşdur. Həmin kredit məbləğlərin verilməsi üçün iddiaçının oğlundan hazırki iş üzrə üçüncü şəxs tərəfindən rüşvət tələb olunmuşdur. Bununla bağlı hazırda istintaq orqanı tərəfindən araşdırma aparılır. Daha sonra icra qeydində faiz və dəbbə pulu düzgün hesablanmamışdır. Həmin faiz və dəbbə pulu məbləğləri hesablanması notariusun səlahiyyətində olmamışdır. Həmin hissədə məbləğin düzgün hesablanması yalnız xüsusi biliyə malik olan mütəxəssis tərəfindən hesablanmalı və rəy verilməlidir. Bu hal məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertiza ilə təsdiq olunur. Bundan əlavə icra qeydi aparılan zaman iddiaçıya heç bir məlumat verilməmiş və bildiriş çatdırılmamışdır. Faktiki olaraq hazırda 16 000 manatlıq qanunsuz verilmiş kreditə görə iddiaçı 180 000 - 200 000 dəyərində olan əmlakdan məhrum edilmişdir.

24. MMC tərəfindən apellyasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2025-ci il tarixli Qərarına əsasən qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək, məsələyə qanunun analogiyası üzrə MPM-in 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Iddiaçının eyni hüquqi mövzu və tələb üzrə verdiyi çoxsaylı iddialar artıq məhkəmələr tərəfindən əsassız hesab edilmiş və qəti məhkəmə aktları ilə rədd olunmuşdur. Ipoteka predmeti olan əmlak qanunvericiliyə uyğun olaraq hərraca çıxarılmış, MMC tərəfindən alınmış, hərracdan sonra yaranmış artıq məbləğ – 31,588.37 manat, ##.##.2025-ci il tarixində borclunun etibarnamə üzrə nümayəndəsinə ödənilmişdir. Bu hal kredit öhdəliyinin tam və qanuni qaydada başa çatdığını, həmçinin tərəflər arasında hər hansı hüquqi münasibətin artıq mövcud olmadığını təsdiqləyir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: M.Rüstəmli – sədrlik edən və məruzəçi, F.Qasımov və G.Axundova).

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının oğlu Qasım Cavadov hazırda iddiaçının mübahisələndirdiyi icra qeydini 2023-cü ildə mübahisələndirmişdir, iddiaçının isə bundan məlumatsız olması ağlabatan və inandırıcı deyildir.

27. O da qeyd edilməlidir ki, yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, notariusun icra qeydinin mübahisələndirilməsi 10 gün müddətində həyata keçirilməlidir. Iddiaçı tərəfindən isə bu müddətə əməl edilməmiş, icra qeydindən məlumatlı olmasına baxmayaraq, uzun müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır.

28. Iddiaçı bildirmişdir ki, onun oğluna hazırkı iş üzrə üçüncü şəxs tərəfindən kredit verilməsi qeyri-qanuni olmuşdur. Bununla bağlı kollegiya qeyd etmişdir ki, belə halın mövcudluğu iddiaçını qeyri-qanuni hesab etdiyi kredit müqavilələri üzrə oğlunun öhdəliklərinin icrasının təminatı qismində ipoteka qoyan qismində çıxış etməsindən çəkindirə bilərdi, lakin iddiaçı bunu etməmişdir.

29. O da qeyd edilməlidir ki, notarius tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsinə artıq Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə qiymət verilmişdir. Hazırki iş üzrə yenidən notariusun hərəkətlərinə hüquqi qiymətin verilməsinə zərurət yoxdur.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41, 76 və MPM-in 14.2, 77.1, 217.2 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

31. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əsas olaraq qeyd edilmişdir ki, mübahisəli mənzil ekspert rəylərində müəyyən edilmiş bazar dəyərindən dəfələrlə aşağı qiymətə – 54.000 manata satılmış, nəticədə iddiaçı cüzi kredit borcuna görə faktiki olaraq yüksək dəyərə malik əmlakından məhrum edilmişdir. Kreditin verilməsi, icra qeydinin aparılması, faiz və dəbbə pulunun hesablanması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmiş, apellyasiya məhkəməsi isə ekspert rəylərini və iddiaçının mülkiyyət hüququnun pozulmasına dair dəlilləri lazımi qaydada qiymətləndirmədən səhv nəticəyə gəlmişdir.

33. Kassasiya şikayəti “Ipoteka haqqında” Qanunun 36.1, 36.3, 36.4 və 38.1-ci və MPM-in 14.1, 88 və 174.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

35. Maddə 41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.

36. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir (bax: bu qərarın §26-29). Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

47. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

49. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar