Məhkəmə qərarları › İş №2(1-8)-770/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-770/2026

23.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-770/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr, təbii qazdan istifadə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2016-cı il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanıb.

2. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il ## ###### tarixli *(***)-*****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2019-cu il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş, 1.767,10 manat məbləğində hesablanmış cari borcun və təbii qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 2.683,20 manat olmaqla, cəmi 4.450,30 manat borcun tutulmasına dair iddia rədd edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı Istehsalat Birliyi (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vurduğu 21.859,20 manat zərərin və 155,58 manat ödənilmiş dövlət rüsumuna görə xərcin əvəzinin, ümumilikdə 22.014,78 manat tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2016-cı il tarixində «Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və həmin müqavilə əsasında iddiaçı abonentə fərdi istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçının Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh həmin müqavilənin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Iddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar barədə yerindəcə aktlar tərtib olunmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 6.890,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 2.518,56 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 12.450,24 manat olmaqla cəmi 21.859,20 manat məbləğində iddiaçıya maddi zərərin dəymişdir.

5. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, həmin ünvanda (Zirə qəsəbəsi, Babayev küçəsi, dalan 1, döngə 10, ev 3 ünvanında) sayğac və qazın verilməsi ilə bağlı müqavilə cavabdeh Cavabdeh adınadır. Orada ev yoxdur, yalnız yararsız vəziyyətdə olan istixana vardır. 2019-cu ildən bəri orada qazdan istifadə edilmir və həmin dövrdən qaz kəsilmişdir. Həmin ünvanda ev (yarımtikili) var, lakin yaşayış yoxdur. 2019-cu ildə də tərəflər arasında qazla bağlı mübahisələr olmuşdur və cavabdehin xeyrinə məhkəmə qətnamələri mövcuddur.

6. Məhkəmə tərəfindən iddiaçının borc hesabladığı ünvana yerli baxış keçirilmiş, yerli baxış zamanı həmin ərazidə istixananın olduğu, lakin yararsız olduğu müəyyən olunmuşdur. Həmçinin müəyyən olunub ki, həmin ünvanda yarımtikili mövcuddur, lakin həmin yarımtikili yaşayış üçün əlverişli deyildir. Qaz xətti həmin ünvandan xeyli aralıdadır. Vaxtilə qaz təminatı kəsilmişdir. Istixanaya məxsus borular yararsız vəziyyətdədir, kəsilmiş və çürümüşdür.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 2025-ci il # ##### tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı tərəfindən cavabdehə məxsus sahədə qaz itkisinə yol verildiyi aşkar olunmuş, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli aktlar tərtib olunmuşdur. Aktlarda göstərilmişdir ki, cavabdeh təbii qazdan qeyriqanuni istifadə etmişdir. Lakin məhkəmə borc hesablanmış ünvana yerli baxış keçirmiş, baxış zamanı belə bir halla rastlaşmamışdır. Belə ki, iddiaçı cavabdehin kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsini iddia etsə də, bu hal məhkəmədə sübut olunmamışdır. Həmçinin tərtib olunan aktlarda qaz işlədiciləri olaraq göstərilmiş dəmir soba, Iran istahsalı sobası, L şəkilli sobanın istixanaya aidiyyəti yoxdur.

5. Eyni zamanda, iddiaçı tərəfindən müvafiq qanunsuz qoşulma halı aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı və tərtib olunmuş aktı müvafiq icra hakimiyyəti orqanına yaxud cinayət təqibi orqanına təqdim etməli idi. Lakin iddiaçı tərəfindən göstərilən hərəkətlər edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həmin ünvanda aşkar olunmuş faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra, həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Eyni zamanda, məhkəmə təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Qətnamədən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə, paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kompleks məhkəmə-trasoloji ekspertizasının keçirilməsi təyin olunmuş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş, eyni zamanda bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin ixtisaslaşmış mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 2025-ci il ## #### tarixli *-**-*-*/*-****/**** nömrəli rəyində qeyd edilmişdir ki, 2023-cü ilin ## #### tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan İddiaçı IB-nin hesabatının həqiqi və düzgünlüyünə rəy vermək mümkün deyildir. Rəydə yalnız analogiya üzrə, hazırda qüvvədə olan qaydaların tələblərinə istinad edilərək, cavabdehin qazdan qanunsuz istifadə halı sübuta yetirildiyi halda qazpaylayıcısına dəymiş zərərin məbləğinin hesablanma qaydası göstərimişdir.

11. Həmçinin məhkəmə trasoloji ekspertizasının 2025-ci il ## ###### tarixli *-**-**/*- */****/**** nömrəli rəyində qeyd edildi ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən yaşayış olmayan ünvanda qaz sayğacı və əlavə qaz xəttinin çəkilməsi aşkar edilmədi. Rəydə həmçinin qeyd olunub ki, baxış zamanı qaz xətti qeyd edilən ünvandan təxminən 200-250 metr kənarda aşkar edildi.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və N.Ş.Cəfərov) 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı şikayətində istehlakçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli 3 akt, eyni tarixli dəymiş ziyanın bərpasına dair 3 tələbnamə və qaz təchizatının dayandırılması barədə 3 akt, birdə bir neçə vərəqdə ümumiyyətlə ünvanı, yeri, hansı şəxsə aid olduğu bilinməyən ərazidə çəkilmiş şəkillər işdə mövcud olmuşdur. Iddiaçının əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Iddiaçının əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair akt tərtib etmiş, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etməmiş və bu barədə aktda qeyd aparmamış, yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etməmişdirlər.

14. Eyni zamanda, iddiaçının tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Çünki bu aktlar yalnız iddiaçının maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Həmçinin, itirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki istehlakçının, ümumiyyətlə hansısa şəxsin qaz paylacıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

15. Göstərilənlərdən əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış Energetika Nazirliyinin Enerji məsələlərinin Tənzimlənməsi Agentliyinin rəyi iddianın və şikayətin əsaslı olduğuna dəlalət edə bilməz. Çünki Energetika Nazirliyinin Enerji Məsələləri üzrə Tənzimləmə Agentliyinin rəyində yaxud analoji işlərdəki rəylərdə istehlakçının qaz paylayıcıya zərər vurub-vurmamasının yoxlanıldığı qeyd olunmur. Başqa sözlə, bu cür rəylərdə sayğacdan kənar qoşulma halı təsdiq olunacağı təqdirdə (halında) zərər vuranın istifadə etdiyi qaz cihazlarının növü, sayı və istifadə dövrü nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin məbləğinin müəyyən edilə biləcəyi göstərilir. Demək ki, rəydə cavabdehin qazdan qanunsuz istifadə etdiyi müəyyən edilməyib. Cavabdehin həqiqətən də qanunsuz hərəkəti olmuşdursa, bu halı sübut etmək yükü qaz paylayıcının üzərinə düşür. Çünki qaz paylayıcı istehlakçının ona belə bir zərər vurması barədə aktlar tərtib edib zərər hesablamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 4, 5, 6.5-ci bəndlərinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 1096 və 1097.1-ci maddələrinə; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 13.8-1 və 13.9-cu maddələrinə; “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qnununun 3, 18 və 26-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

28. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.

29. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

30. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

31. Maddə 5.2 (## #### 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

32. Maddə 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (* nömrəli əlavə).

33. Maddə 6.5 (## #### 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

34. Maddə 6.5 (## #### 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

35. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

36. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

37. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.

39. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir.

40. Maddə 18.2. Istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

41. Maddə 26. Istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Maddə 418.4cü maddəsində

47. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

55. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar