Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-773/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, maddi ziyanın ödənilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Iddiaçı və Cavabdeh öz imzaları ilə təsdiq etdikləri “tərəflərin razılığına əsasən görüləcək iş üçün götürüləcək məbləğə dair” ## ###### 2023-cü il tarixli akta əsasən, Iddiaçı 11000 manat məbləğindəki pulu Cavabdeh vermiş, Cavabdeh göstərilən məbləği Iddiaçı almışdır.
2. Iddiaçı və Cavabdeh öz imzaları ilə təsdiq etdikləri tarixsiz qəbzə əsasən, Iddiaçı dostu Cavabdeh görəcəkləri işlə bağlı 11000 manat məbləğində pulu təhvil vermişdir.
3. Iddiaçı müharibə veteranıdır. ## #### 2024-cü il tarixli və ## #### 2024-cü il tarixli ərizələrə əsasən, iddiaçı cavabdehin onun 22000 manat pulunu mənimsədiyini qeyd edərək bu barədə dövlət orqanlarına şikayət etmişdir.
4. Qaradağ RPI-nin 38-ci Polis bölməsində qəbul edilən ## ######## 2024-cü il tarixli qərara əsasən Iddiaçı tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərara əsasən, araşdırma nəticəsində toplanmış materiala əsasən iddiaçının cavabdehə 22000 manat pul verdiyi, lakin sonuncunun pulu qaytarmadığı müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 35000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ərazidə, XXX küçəsində ev alqı-satqısı ilə məşğul olan cavabdeh dələduzluq yolu ilə iddiaçının 22000 manatını və sonradan bankdan başqa şəxsin adına rəsmiləşdirdiyi 13.000 manat pulu mənimsəyib və onu maddi ziyana salmışdır. 2023-cü ilin yanvar ayında bir tanışı onunla görüşmüş və söhbət əsnasında bildirmişdir ki, Qaradağ rayon Icra Hakimiyyətində Qarabağ əlillərinə və Şəhid ailələrinə “Jurnalistlərin binasında” Novruz bayramına kimi ev veriləcək. Əsas şərt kimi özünün seçəcəyi mənzil, mərtəbə, mebelli mənzillər götürülür və uyğun qiymətlər (pullar) verilir. Lazım olan sənədləri ## ###### 2023-cü ildə Cavabdeh vermişdir (şahidlərin iştirakı ilə) və akta imza atılmışdır. Iddiaçı cavabdehin yalan danışdığını hiss etmiş, eyni zamanda övladları kirayələrdə qaldığına görə bu işə getməyə məcbur olmuşdur. Bu günə kimi nə ev var, nə də pul qaytarılır. Bu işlə bağlı səs yazıları və yazışmalar mövcuddur.
7. Birinci instansiya məhkəməsində cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı onun atasıdır. Həqiqətən tərəflər arasında evlə bağlı pul söhbəti olmuş, iddiaçı cavabdehə cəmi 22000 manat məbləğində pul vermişdir. Lakin, ev məsələsi alınmadığına görə həmin puldan 8500 manat atası tərəfindən şəxsən iddiaçıya nağd qaydada verilmiş, sonradan atasının xahişi ilə Həsrət adlı şəxs tərəfindən iddiaçıya nağd qaydada 5000 manat, köçürmə yolu ilə 8500 manat pul ödənilmişdir. Iddiaçının 13000 manat məbləğindəki pul barədə izahatı isə həqiqətə uyğun deyildir. Iddiaçı cavabdehə cəmi 22000 manat pul vermiş, cavabdeh də həmin pulu ona qaytarmışdır. Cavabdeh pulu qaytaranda iddiaçıya inanmış, hər hansı qəbz almamışdır. Ona görə də, pulun cavabdeh tərəfindən qaytarılması barədə sübut təqdim edə bilmir.
8. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçını 2018-ci il tarixdən tanıyır. Həqiqətən iddiaçını evlə təmin etmək üçün cavabdeh iddiaçıdan 22000 manat məbləğində pul almışdır. Taksi sürücüsü kimi həmin pulu iddiaçı ilə birlikdə aparıb Cavabdeh vermişlər. Cavabdeh tərəfindən həmin pulun qaytarıldığını görməmişdir.
9. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının döyüş yoldaşı olub, həm də qonşusudur. Onun bildiyinə görə, cavabdeh iddiaçını evlə təmin etmək üçün iddiaçıdan 22000 manat məbləğində pul almış, lakin indiyə kimi qaytarmamışdır.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 22000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan onu evlə təmin etmək adı altında 22000 manat məbləğində pul almış, sonradan nə ev məsələsi həll olunmuş, nə də pul qaytarılmış, bununla da iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində həmin məbləğdə maddi ziyana məruz qalmışdır.
12. Cavabdeh tərəf həmin məbləği qaytardığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
13. Eyni zamanda, iddiaçı 22000 manat puldan əlavə cavabdehə 13000 manat pul verdiyi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin köçürmə yolu ilə ödədiyi 8500 manat məbləğində pulun qəbzləri mövcuddur və digər ödənişlərin ödənilməsinin sübutları cavabdehin iddiaçıya etibarının nəticəsində əldə olunmamışdır. Iddiaçı isə bu etibardan sui-istifadə edərək cavabdehə pul iddiası qaldırmışdır. Əgər iddiaçı əvvəllər cavabdehin ona pul qaytarmasını qəbul etmiş, qarşılığında hər hansı etiraz etməmiş və sübut tələb etməmişdisə, daha sonra bu əvvəlki davranışına zidd şəkildə pul iddiası qaldırması hüququn sui-istifadəsi kimi qiymətləndirilə bilər. Yəni, iddiaçı cavabdehin etibar etdiyi, razı qaldığını düşündüyü vəziyyəti sonradan inkar edərək hüquq tələbini irəli sürür. Bu hal Mülki Məcəllənin 560.3.4-cü maddədə qadağan edilən davranışa uyğundur və belə tələbin təmin olunması qanunvericiliyə zidd hesab edilməlidir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Bəhramzadənin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh maddi ziyanın tutulması hissəsində dəyişdirilmiş, cavabdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 13500 manat məbləğində pulun alınaraq iddiaçı Iddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin izahatını dinləyərək аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi yalnız dəymiş ziyanın məbləğinin tutulması hissəsində səhv nəticəyə gələrək, düzgün hesablama aparmamışdır. Bu səbəbdən dəymiş maddi ziyanın məbləğinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.
19. Hazırkı işin faktiki hallarına əsasən cavabdeh iddiaçıdan onu evlə təmin etmək adı altında 22000 manat məbləğində pul almış, sonradan nə ev məsələsi həll olunmuş, nə də pul qaytarılmış, bununla da iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində həmin məbləğdə maddi ziyana məruz qalmışdır.
20. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
21. Cavabdeh isə apellyasiya şikayətində göstərmişdir ki, iddiaçıdan götürdüyü puldan hamısını qaytarmış, lakin 8500 manat məbləğində ödənilən pulun qəbzləri mövcuddur, qalan hissəsinin isə nağd şəkildə versə də, etibar etdiyindən bununla bağlı hər hansı sənəd almamışdır.
22. Göründüyü kimi, cavabdehin bu mövqeyi hüquqi nəticə etibarı ilə iddiaçını qeyd edilən məbləğin verilməsini sübut etmək vəzifəsindən azad edir və cavabdehin həmin məbləğin qaytarılmasını sübut etmək vəzifəsini yaratmış olur. Başqa sözlə, qeyd edilən məbləğin qaytarılmasını sübut etmək yükü artıq cavabdehin üzərinə düşür.
23. Apellyasiya kollegiyasının iclasında cavabdeh yuxarıda qeyd edilən 8500 manat pulun qaytarılmasına dair qəbzləri təqdim etməklə, müvafiq ödənişlər etdiyini sübut etmişdir. Cavabdeh göstərilən məbləğlərin cəminin 8500 manat təşkil etdiyini qeyd edir. Cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün qəbzlərdə (2000 manat, 2000 manat, 2000 manat, 1000 manat və 1500 manat ödənişlərə dair qəbzlər nəzərə alınmaqla) göstərilən ümumi məbləğ 8500 manat təşkil edir. Həmin qəbzlərdə pul göndərən və alan şəxsin adı qeyd edilməklə də (məsələn, köçürülmə uğurla tamamlandı qeyd edilmişdir) həmin qəbzlərdə alanın kart nömrəsinin iddiaçıya aid olduğu müəyyən edilir. Qəbzlərlə bağlı məhkəmə kollegiyasının iclasında dindirilən şahid X3 həmin pulların məhz cavabdehin göstərişi ilə iddiaçının kartına göndərdiyini bildirmişdir.
24. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya qaytarılmış məbləğ qismində məhz təqdim edilmiş qəbzlər üzrə ümumi məbləğ təşkil edən 8500 manat əsas götürülməli və həmin məbləğ 22000 manatdan çıxılmaqla qalan (22000 – 8500 = 13500) 13500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 385.1, 389.1, 390.1, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
26. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1, 389.1, 390.1, 427.2, 442, 443.1, 448.1, 448.2, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 82.4, 220.4, 386-cı maddələrin tələbləri pozulmuşdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının özünün apellyasiya instansiyası məhkəməsinə elektron kabinet vasitəsilə təqdim etdiyi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki: “Cavabdeh polis bölməsində verdiyi izahatında Iddiaçı 2023-cü ilin yanvar ayının axırlarında iki dəfəyə ümumilikdə 22000 manat pul aldığını, sonradan pulun əsas hissəsini qaytardığını, 3000 manatını isə maddi vəziyyəti ağır olduğu üçün qaytara bilmədiyini, lakin sonradan rayonda yaşayan qardaşından 3000 manat pul alaraq Ismayıla göndərdiyini, hal-hazırda Ismayıla heç bir borcunun qalmadığını bildirmişdir. Beləliklə, göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin nəticəsi tamamilə qanunsuz olmaqla, maddi hüquq norması düzgün tətbiq edilməmişdir.
29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.
Kassasiya baxışının hədləri
31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan aldığı borcun mübahisələndirilən (13500 manat) hissəsində qaytarılması sübut edilməmişdir.
37. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
38. Hazırkı halda, cavabdehin iddiaçıdan 22000 manat məbləğində pul vəsaitinin alınması və bundan 8500 manatının qaytarılması işin mübahisə edilməyən halıdır. Mübahisələndirilən məsələ qalan 13500 manatının qaytarılmasıdır ki, bununla bağlı cavabdeh işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verməməsi, işin faktiki hallarının araşdırılmamasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.