Məhkəmə qərarları › İş №2(1-8)-811/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-811/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-811/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ###### 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank X1na aylıq faiz dərəcəsi 1,25% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunan ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat kredit vermişdir.

2. X1 ##.##.2022-ci il tarixdə vəfat etmişdir.

3. X1 mübahisəli kredit borcundan 4.828,14 manat ödəniş etmiş və Banka 25171,86 manat kredit borcu qalmış, ##.##.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit və faiz borcundan ibarət vəsaiti qaytarmamış və ## ###### 2023-cü il tarixə 451 gün üçün hesablanmış faiz borcu 3.905,83 manat təşkil etmişdir.

4. Bakı şəhəri, ** saylı Notariat ofisinin ## ### 2023-cü il tarixli məktubuna əsasan, cavabdeh1, cavabdeh2 və cavabdeh3 X1nun vərəsələridir və onların adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir.

5. Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadənaməyə əsasən, miras əmlak buraxılış ili 1998-ci il olan “Mercedes Benz C-230 minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir və miras əmlaka bərabər paylarda cavabdeh3, cavabdeh2 və cavabdeh1 adına vərəsəlik hüquqları tanınmışdır.

6. Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ## ###### 2022-ci il tarixli məktubu ilə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1nun adına icarə hüququ əsasında qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bankın xeyrinə 25.171,86 manat əsas, 3.905,83 manat faiz, 2.270,52 manat cərimə olmaqla, cəmi 31.348,21 manat kredit borcunun tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin 7.6-cı bəndinə əsasən, kredit ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarixdə nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilmiş və həmin gündən etibarən 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanmasına başlanılmışdır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilən düstur əsasında aparılmışdır. Müqavilənin 7.11-ci maddəsinə əsasən, faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanmışdır. Qeyd edilənlərə əsasən, bildirilmişdir ki, o, kredit borcunu və faiz kreditora qaytarmadığı üçün ## ###### 2023-cü il tarixə 451 gün üçün hesablanmış faiz borcu 3.905,83 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq, borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməli olmuşdur. ## ###### 2023-cü il tarixə 451 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2.270,52 manat təşkil etmişdir. Müqavilənin 7.32-ci bəndinə əsasən, bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı borcludan tələb etmək hüququna malik olmuşdur. AR DİN-nin Mars şöbəsi tərəfindən verilmiş arayışla X2 öldüyü Banka məlum olmuşdur. Borclunun vərəsələri olan cavabdeh2 və cavabdeh3 yetkinlik yaşına çatmayan vərəsələr olduqları müəyyən edilmiş və onların qanuni nümayəndəsi kimi cavabdeh1 çıxış etmişdir. Belə olan halda, X2 hüquq və vəzifələri arvadı cavabdeh1 keçmişdir. Həmçinin, AR Mülki Məcəlləsinin tələblərinə görə, kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilərək, tərəflər arasında ## ###### 2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 25.171,86 manat, faizə görə 3.905,83 manat, cəriməyə görə 1.500 manat olmaqla, ümumilikdə 30.577,69 manat kredit borcunun cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, borclu müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ölümündən sonra cavabdehlər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər miras əmlakı qəbul etmiş, bununla da, miras qalmış əmlaka qanun üzrə birinsi növbəli vərəsələr hesab edilmişlər. Lakin cavabdeh2 və cavabdeh3 yetkinlik yaşına çatmayan vərəsələr olduğundan, onların qanuni nümayəndəsi kimi cavabdeh1 çıxış etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, əsas borc və faizlər borcalan X2 vərəsəsi cavabdeh1 tutulmalıdır.

14. Məhkəmə iddia tələbinə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək qeyd etmişdir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və təmin edilməlidir.

15. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılmalı, 1.500 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 442, 462, 467, 739, 743, 1145, 1151, 1243, 1306-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2022-ci il tarixli məktubuna əsasən “Mercedes Benz C230” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X2 adına qeydiyyata alınmış və həmin nəqliyyat vasitəsi ilə bağlı cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, miras qoyandan qalmış əmlakın ümumi dəyəri 3.000 manatdan azdır. Buna baxmayaraq, məhkəmə həmin avtomobilin real dəyərini müəyyən etmədən, yəni cavabdehlərə düşən miras payın həcmini dəqiqləşdirmədən iddianı təmin etmiş və bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarında miras qoyandan qalan əmlakın dəyərinə dair hər hansı mötəbər sübut mövcud deyil. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, qanunvericilik normaları mübahisəyə düzgün tətbiq edilməmiş, eləcə də iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.

19. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

20. “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ######## 2025-ci il tarixli hesabata əsasən, 1998-ci il buraxılışlı “Mercedes Benz C-230 Minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin bazar dəyəri 2.600 manat, likvid dəyəri isə 2.340 manat təşkil etmişdir. Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnun dəyəri məlumatların natamam olması səbəbindən hesablanması mümkün olmamış və aylıq icarə haqqının dəyəri isə 1 sota görə 50 manat təşkil etmişdir.

21. Cavabdeh əlavə olaraq onu da qeyd etmişdir ki, miras qoyan ## #### 2022-ci il tarixdə odlu silahdan istifadə etməklə özünü vuraraq həyatına son qoymuşdur. Onun intihar etməsinin səbəbinin yalnız iddiaçıya deyil, digər Banklara və fiziki şəxslərə də xeyli borcu olması ilə əlaqədar olduğu müəyyən edilmişdir. Miras qoyanın mülkiyyətində mübahisəli minik avtomobilindən başqa hər hansı digər əmlakı mövcud olmamışdır. Miras qoyanın və ailə üzvlərinin yaşadığı - Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-8 küçəsi, ev 33 onun mülkiyyətində olmamış, həmin daşınmaz əmlak cavabdeh cavabdeh1 atası X5 mülkiyyətində olmuşdur. Hazırda cavabdeh1 miras əmlakın dəyərindən artıq olmamaq şərti ilə 3.000 manat hissədə iddianı qəbul edərək, qeyd olunan məbləği ödəməyə razı olduğunu bildirmişdir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 Sücaəddin oğlu ifadəsində qeyd etmişdir ki, o, mərhum X2 qonşusu olmaqla, onunla yaxın münasibətlərdə olmuşdur. Şahidin bildirdiyinə görə, mərhumun külli miqdarda borcları mövcud olmuş və bu səbəbdən o, intihar etmişdir. Həmçinin şahid göstərmişdir ki, mərhumun intihar etdiyi yaşayış sahəsi onun mülkiyyətində olmamış və həmin əmlak qayınatasına məxsus olmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən, məruzəçi), Günay Axundova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, tərəflər arasında ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 3.000 manat hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 184,04 manatın cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

24. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmalıdır.

25. Belə ki, AR Mülki Məcəlləsinin 1307-ci və “Notariat haqqında” Qanunun “Miras əmlakın siyahıya alınması və saxlanılmaq üçün verilməsi” adlanan 52-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd etmişdir ki, münasibətlərin tənzimləndiyi dövrdə qüvvədə olan qanunvericilikdə notariusa ancaq bir halda mirasın siyahıya alınması imkanı verilmişdir mirasın qorunması üçün. Yəni, vərəsə digər hallarda, digər əsaslarla mirasın siyahıya alınması üçün notariusa müraciət etdiyi təqdirdə notarius məhz “Notariat haqqında” Qanunun tələblərinə əsaslanaraq imtina edə bilər. Lakin AR Ali Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə bu halda sübutetmə yükü vərəsənin üzərinə düşür, yəni, vərəsə sübut etməlidir ki, miras qoyanın borcları mirasdan çoxdur.

26. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma apararaq sübutlara əsasən müəyyən etmişdir ki, miras qoyan X2 mübahisəli avtomobildən başqa heç bir miras əmlakı mövcud deyil, onun intihar etməsinin səbəbi digər şəxslərə də yüksək məbləğdə borcunun olması olmuşdur.

27. Məhkəmə kollegiyası həmçinin digər sübutlara əsaslanaraq müəyyən etmişdir ki, mərhumun özünün və ailə üzvlərinin yaşadığı ev belə ona məxsus olmamışdır. Mərhumun qeyd olunan avtomobildən başqa hər hansı bir əmlakının olmaması, yəni, miras qoyanın borcları mirasdan çox olması işin halları ilə öz təsdiqini tapmışdır.

28. “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ######## 2025-ci il tarixli hesabata əsasən mübahisəli avtomobilin bazar dəyəri 2.600 manat, likvid dəyəri 2.340 manat təşkil etmişdir. Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnun dəyəri məlumatların natamam olması səbəbindən hesablanması mümkün olmamış və aylıq icarə haqqının dəyəri isə 1 sota görə 50 manat təşkil etmişdir.

29. Məhkəmə kollegiyası miras qoyanın borcunun mirasdan çox olmasının işin halları ilə öz təsdiqini tapdığını əsas tutub miras əmlakın dəyərinin mütəxəssis rəyinə əsasən 2.600 manat təşkil etdiyinə baxmayaraq cavabdeh cavabdeh1 3.000 manat pul vəsaitini ödəməyə razı olduğunu, həmçinin iddiaçının nümayəndəsinin də bu məbləği ödəməyə razılığını nəzərə alaraq qeyd etmişdir ki, qətnamə ləğv edilməklə iddia qismən təmin olunmalıdır.

30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 7.1, 442, 443.1, 739.1, 1145, 1151.1, 1243.1, 1243.2, 1243.3, 1256, 1306.1, 1306.2, 1307, 1309, 1317.1, 1317.2-ci maddələrinə, AR Notariat haqqında Qanunun 52-ci maddəsinə, habelə MPM-in 14.2, 77.1, 88, 218.3, 372, 384 və 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları pozulduğu, tərəflər tərəfindən təqdim edilmiş sənəd və sübutlara düzgün hüquqi qiymət verilmədiyi nəzərə alınaraq, kassasiya şikayəti ilə işin faktiki hallarına toxunmaq zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 30.577.69 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184.04 manatın vərəsə cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. “xxxx” MMC qiymətləndirmə şirkətinin ##.##.2025-ci il tarixli rəyində mövcud olan kifayət qədər uyğunsuzluqlar və pozuntular işə baxan apellyasiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə bu hallara əhəmiyyət verməmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında qoyulmuş suallarla bağlı heç bir araşdırma və tədqiqat aparılmamış, həmin suallar cavablandırılmamışdır. Ekspertiza mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymət əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspert tərəfindən əsassız olaraq həddindən aşağı qiymətləndirilmişdir. Ekspert tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodu təsviri edilməli, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə edilməklə konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin məbləğinin necə alındığı göstərilməlidir. Ekspert rəyində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyəri reallığa uyğun olmayaq həddindən artıq ucuz qiymətləndirilməklə rəy verilmişdir. Ekspert tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi və s. xüsusiyyətləri nəzərə alınmamışdır. Şablon sözlərdən istifadə etməklə uzun uzadı rəyin tərtib olunması həmin rəyin əsaslı olmasına dəlalət etmir. Rəyi qısa və konkret, müqayisəli şəkildə tərtib olunmalıdır. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla yanaşı, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədənkənar rəy verilməli idi. Başqa sözlə qiymətləndirici tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti azaldılmış, obyektiv tədqiqat aparılmamış, nəticədə əmlakın bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir. “xxxx” MMC qiymətləndirmə şirkətinin rəyi o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə müqayisəli rəy verilmiş olsun. Miras mlakla bağlı “xxxx” MMC qiymətləndirmə şirkətinin rəyində qeyd etdiyi qiymət qətiyyən reallığı əks etdirmədiyindən rəy ilə razı deyil. Ekspertiza rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

42. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

43. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

44. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

45. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (## #### 2025-ci il tarixə kimi olan redaksiyada)

46. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

47. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir;

48. Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 52. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər. Əmlak idarəçisi miras əmlakın israfı və ya gizlədilməsinə görə məsuliyyət barədə, eləcə də vurulmuş zərərə görə maddi məsuliyyət haqqında xəbərdar edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

61. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərətəfli və obyektiv araşdırmayıb.

62. Belə ki, işdən görünür ki, ## ###### 2021-ci il tarixdə X2 aylıq 1,25 faiz dərəcəsi ilə 36 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat kredit götürüb və ##.##.2022-ci il tarixdə ölüb. ## ###### 2022-ci il tarixdə notariat orqanı tərəfindən X2 miras qalmış 1998-ci il buraxılışlı “Mercedes Benz C-230” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsələri- arvadı və iki övladının adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib.

63. Həmçinin işdən görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrinə mirası qoynın adına qeydə alınıb.

64. Hazırda iddiaçı, X1nun vərəsəsi, o cümlədən cavabdeh2 və cavabdeh3 qanuni nümayəndəsi kimi cavabdeh1 əsas borca görə 25.171,86 manat, hesablanmış faizə görə 3.905,83 manat, cəriməyə görə 2.270,52 manat olmaqla, cəmi 31.348,21 manat ödənilməmiş kredit borcunu tələb edir.

65. Cavabdeh cavabdeh1 isə mirası qoyanın kredit borcunun mirasdan çox, yəni miras əmlakın yalnız sözügedən avtomobildən ibarət oluduğunu göstərib, iddiaya etiraz edir.

66. Birinci instansiya məhkəməsi, vərəsələrin mirası qoyanın borcunun mirasdan çox oluduğunu sübut edə bilməməsini əsas tutub, vərəsədən (arvaddan) Bankın xeyrinə əsas borca görə 25.171,86 manat, hesablanmış faizə görə 3.905,83 manat, cəriməyə görə 1.500 manat olmaqla, ümumilikdə 30.577,69 manat tutsa da, apellyasiya məhkəməsi vərəsənin mirası qoyanın borcunun mirasdan çox olduğunu sübut etməsinə, yəni mirası qoyandan yalnız sözügedən avtomobilin miras qalmasına əsaslanaraq, ödənilməmiş kredit borcunu vərəsənin (arvadın) etiraf etdiyi 3.000 manat məbləğdə təmin edib.

67. Əvvəla, apellyasiya məhkəməsi AR Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələblərini pozaraq, sözügedən kredit borcunun mirası qoyana istehlak məqsədi ilə verilib-verilmədiyini, həmin borcun bilavasitə ailənin ehtiyacları üçün istifadə olunub-olunmadığını, başqa sözlə ödənilməmiş kreditin ər-arvadın ümumi borcu olub- olmadığını aydınlaşdırmayıb. Halbuki, AR Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir.

68. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

69. AR Konstitusiya Məhkəməsi Plenmunun ## #### 2021-ci il tarixli Qərarında da ifadə olunmuş hüquqi mövqeyə görə, AR Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə görə, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdükləri öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

70. AR Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.

71. Həmin Məcəllənin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın biri-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin, bu bölgü kreditor (kreditorlar) qarşısında ərarvadın birgə borclu olması halını aradan qaldırmır.

72. Nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir.

73. Belə ki, AR Mülki Məcəlləsinin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur.

74. Digər tərəfdən, kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər.

75. Bu baxımdan ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir.

76. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir.

77. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (AR Mülki Məcəllənin 500.2- ci maddəsi).

78. Bu baxımdan AR Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

79. O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi).

80. Göründüyü kimi, apellyasiya məhkəməsinin gəlidyi nəticə AR Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun deyil, yəni mirası qoyanın öhdəlikləri üzrə alınmış sözügedən kreditin bilavasitə ailənin ehtiyacları üçün istifadə olunmadığı, yəni ər-arvadın ümumi borcu olmadığı mülki iş materialları ilə təsdiq olunmur.

81. Belə olan halda kassasiya məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mirası qoyanın öhdəliyi üzrə alınmış kreditin ailənin ehtiyacları üçün istifadə olunub-olunmadığı, ər-arvadın ümumi borcu olub-olmadığı araşdırılmalı və bundan sonra vərəsə kimi cavabdehlərin kreditor- Bank qarşısındakı məsuliyyət hədlərinə aydınlıq gətirilməlidir.

82. Digər tərəfdən, nəzərə alınmalıdır ki, kredit müqaviləsi ikitərəfli müqavilə olmaqla, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaradır və kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

83. Müqavilədən irəli gələn öhdəliyin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.

84. Vərəsəliyə gəldikdə isə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

85. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

86. AR Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

87. Nəzərə alınmalıdır ki, imtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir.

88. Bu baxımdan mirasdan imtina institutu, mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

89. Belə ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini AR Mülki Məcəlləsinin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

90. Mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.

91. Qeyd olunmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.

92. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

93. Həmsinin mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükü barədə qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “damihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

94. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

95. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

96. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını AR MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə, onu bu vəzifədən azad edə bilməz. İstisnalar isə yalnız AR MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

97. Həmin Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

98. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi üçün əsasdır. Hazırkı işdə, apellyasiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, mirası qoyanın öldüyü məqamadək malik oluduğu bütün miras aktivinin (buraya bütün daşınmaz və daşınar əmlaklar, o cümlədən qızılzinət 99.əşyaları, qiymətli ev əşyaları və.s aiddir), habelə miras passivinin toplusunun nədən ibarət olduğunu araşdırmadan, yalnız rəsmi qeydə alınmış daşınar və daşınmaz əmlaklara münasibətdə miras aktivinin toplosunu müəyyən etməklə, miras əmlakın yalnız sözügedən avtomobildən ibarət olduğu və beləliklə də vərəsələrin miras qoyanın borcunun mirasdan çox olduğunu sübut etmələrinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş AR Mülki Məcəlləsinin 1307-ci maddəsinin mənasına görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, məhz vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

100. Vərəsələr isə mirası qoyanın başqa daşınar əşyalarının, o cümlədən qızıl-zinət, qiymətli ev əşyalarının və.s olub-olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər.

101. Belə olan halda kassasiya məhkəməsi hesab edir ki, mirası qoyandan miras qalmış əmlak notarius tərəfindən siyahıya alınmadığı, mirası qoyanın vərəsələri isə mirasın qəbulundan imtina etmədikləri üçün iddia olunan borcun mirasdan çox olduğunu sübut etmək vəzifəsi məhz vərəsələrin öhdəsinə düşür. Vərəsələr isə mirası qoyanın başqa qiymətli daşınar əşyalarının olub-olmamasına dair birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişlər.

102. Apellyasiya məhkəməsi qeyd olunan hallarla bağlı heç bir araşdırma aparmadan, mirası qoyanın sözügedən avtomobildən başqa hər hansı başqa bir əmlakının olmadığı, yəni vərəsələrin mirası qoyanın kreditorunun mənafeyini aldıqları aktivə mütənasib surətdə borclu olduqları nəticəsinə gəlmişdir.

103. Digər tərəfdən işdən görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququ da miras aktivinə aid olmaqla, mirası qoyandan miras qalmışdır.

104. Apellyasiya məhkəməsi həmin torpaq sahəsinin aylıq icarə haqqının dəyərini müvafiq qiymətləndirmə keçirməklə müəyyən etdiyi halda, sonda icarə hüququnu mirasın kütləsinə aid etməməklə AR Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələblərini pozub. Halbki, sözügedən normanın mənasına görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü maqəmadək malik olduğu bütün əmlak hüquqlarının toplusu daxildir.

105. Daha sonra, işdə miras avtomobilin bazır dəyərinə dair bir-birindən fərqli qiymətləndirici rəyləri vardır. Belə ki, vərəsənin müraciətinə əsasən verilən qiymətləndirici rəyində avtomobilin bazar dəyəri 5.500 manat müəyyən edildiyi halda, məhkəmənin müraciətinə əsasən verilən qiymətləndirici rəyində avtomobilin bazar dəyəri 2.600 manat müəyyən edilmişdir.

106. Apellyasiya məhkəməsi vərəsinin etirafını əsas tutub ödənilməmiş kredit üzrə yaranmış borcu bütövlükdə 3.000 manat məbləğdə təmin edərkən, miras avtomobilin bazar dəyərinə dair qiymətləndirici rəylər arasındakı qiymət fərqinə diqqət yetirməyib və həmin qiymətlərin avtomobilin real bazar dəyərinə uyğun olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdırmayıb, habelə qiymətləndirici rəylər arasındakı qiymət fərqini aydınlaşdırmaq üçün iş üzrə təkrar ekspertiza keçirib əsaslandırılmış rəy almayıb.

107. Bu baxımdan kassasiya məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən həm də mirası qoyanın öldüyü məqamadək malik olduğu miras aktivinin toplusu, mirasın siyahısının notarius tərəfindən tərtib edilib-edilməməsi və sair hallar aydınlaşdırılmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

108. Nəzərə alınmalıdır ki, vərəsələr miras qoyanın kreditorları qarşısında o, halda mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar ki, mirasın siyahısı notarius tərəfindən tərtib edilməklə siyahıya alınmış olsun və ya vərəsə mirası qoyanın borclarının mirasdan çox olduğunu sübuta yetirsin.

109. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

110. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı qərarında da ifadə olunub.

111. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

112. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar